Читать книгу «Mart xoruzu» онлайн полностью📖 — Отара Чиладзе — MyBook.

3

Qogiya ən axırda gedir. Çiynindən ovçu qoşalüləsi asıb, yüyənindən tutduğu qatır isə dalınca gəlir. Qatır çox qocadır. Çətini bir dəfə ayağı büdrəyənəcəndir, o saat dərəyə aparıb alnına güllə çaxacaqlar. Elə keçən il onun tayını güllələmişdilər. Nesva demişdi ki, o xəstədir, başqa atları da yoluxdura bilər. Çuyal onun üçün qəbir qazıyırdı. Qatırsa sakitcə dayanıb Çuyala baxırdı, qulaqlarını şəkləyib belin qalxıb-enməyini izləyirdi. Qatırın boynuna bağladıqları ipin ucu yerdəydi, Nesva ayağını ipin üstünə qoyub tüfəngin çaxmağıyla oynayırdı.

Bütün dəstə at belindədir, Qogiya isə dağdan düşən eniş yolu at belində düşməyə qorxur, ona görə də hamıdan dalda piyada gəlir. Qatır da taqətsiz halda onun dalınca sürünür. Qatır quyruğunu qaldırıb, gücə düşdüyü üçün quyruğunun altından cürbəcür səslər çıxır. Qabaqdakılar da maraqlanıb onlara baxırlar, görəsən orda nə naş verir?

Leytenant tələsir, həyəcanlıdır, üzü ağarıb. İşarəylə o birilərə sakit olmağı və tələsməyi işarə edir. Leytenant qorxusuna qalib gəlməyə çalışır, elə o birilərin də vəziyyəti yaxşı deyil, hamı qorxur, qorxduqları üçün də şənlənməyə, zarafatlaşmağa çalışırlar. Qogiyadan başqa hamı qorxur, çünki Qogiya onlara güvənir, onlarınsa güvənməli heç kimi yoxdur. Qogiya onların dəstəsinə qəbul olunduğu üçün qürrələnir, onlarınsa qürrələnməyə səbəbi yoxdur. Onlar adi adamlardır, xidmət edirlər, ailə saxlayırlar, yaşayırlar, həyata qarışmağa çalışırlar, bununla bərabər onların varlığı həyata heç nə əlavə etmir, çünki həyat elə onlardır, onlar var olandır, nə az, nə çox. Onların dövrü gəlib və bacardıqları kimi yaşayırlar. Dünən yox idilər, sabah da olmayacaqlar. Onlar Adəmdən bu yana növbəylə gələnlərdir; elə indi də növbəyə oxşayan sıraya düzülüblər: Leytenantın dalınca Qrdzelo, Qrdzelonun dalınca Aramindara, Aramindaranın dalınca Nesva, Nesvanın dalınca Georgi Uparaşvili – o nəinki Siqnaxidə, bəlkə də Kaxetiyada, ya da elə Gürcüstanın özündə ən qoca milisdir. Onun oğlu milis deyil, amma bu dəstədə ən çox onun milislikdən xoşu gəlir; bu da yəqin ki, çox qorxduğu adamın – dayısının ömrü boyu milisdən qorxmağından qaynaqlanır. Ona görə də indi o, atasının köhnə şalvarını və çəkmələrini geyinib çiynindən qoşalülə asaraq qatırı dalınca dartır, özünü əsil kişi işi görən kişi kimi hiss edir.

Qəflətən leytenant əlini qaldırdı və hamı dayandı. Qatırın çənəsi Qogiyanın peysərinə dəydi. Zərbə elə güclü idi ki, Qogiya özünü güclə saxladı. Dönüb hirslə qatıra baxdı, qatırsa üzünü yana çevirmişdi. Onun öz dərdi özünə bəsdir: qocalıq, oynaq ağrıları və haçansa onun üçün qazılacaq qara qəbir. Birdən-birə Qogiya yumşaldı, qatıra mehribanlıq göstərmək, onunla dostlaşmaq istədi, bunun üçün də qatırın üzünü tumarlamaq üçün əlini uzatdı, amma çiynindəki silah mane oldu, elə qatır özü də üzünü yana dartdı.

“Bəlkə atları burda qoyaq?” – leytenant Georgi Uparaşvilidən soruşdu. O isə cavabında çiyinlərini çəkdi, yəni ki, məndən nə üçün soruşursan, axı burda böyük sənsən (əlbəttə ki, çininə görə). “Heç bilmirəm bu atlar nəyə lazım idi,” – Aramindara narazılıq etdi. “Bu banditlərin hamısına göstərəcəyəm!” – leytenant hirslə dedi. “Görəsən neçə nəfərdirlər? Naskida nə demişdi?” – Qrdzelo soruşdu. Niko isə az qaldı gizləndiyi kolluqdan çıxıb qışqırsın: “O təkdir, yanında heç kim yoxdur.” “Nə olub, qorxursan?” – leytenant Qrdzeloya sataşdı. Qrdzelo isə Georgi Uparaşviliyə tərəf döndü: “Əgər vuruşmağa gəlirdiksə, gərək çox adam gətirəydik.” Amma dəstədə adam əksinə, lazım olandan daha çox idi. “Hamıdan çox sən ehtiyatlı olmalısan,” – Aramindara Qrdzeloya dedi, “Bizdən keçən sənə gələcək.” “Narahat olma, güllə nəyinisə aparsa, Naskidadan təzəsini alar.” – Qrdzelonun yerinə Nesva cavab verdi. “Bəlkə güllə elə şeyi aparacaq ki, o Naskidada yoxdur?!” Hamı gülüşdü. Leytenant hirslə dedi: “Bəsdir, zarafatlaşmaq yeri deyil. İş ciddidir, kilsədəki banditləri tutmaq lazımdır, hər neçə nəfərdilər.” “Bəlkə heç kilsədə heç kim yoxdur?” – Qrdzelo dedi. “Yox, kimsə olmalıdır axı.” Leytenant nə üçünsə həyəcanlandı. Heç kim cavab vermədi. Hamı sakit dayanmışdı. Birdən-birə hamının əhvalı korlandı. Hamı gözlərini yerə dikdi. Hava sakit idi, bitkilərin xoş rayihəsi ətrafa yayılmışdı. Atlar ayaqlarını tərpətdikcə yerdən toz qalxırdı. Kim deyərdi ki, onlar birazdan adam öldürəcəklər!

Sonra tələsə-tələsə atları Qogiyaya tapşırıb yarıuçuq kilsəni mühasirəyə aldılar. Kilsənin uçuq damından tüstü qalxırdı. Amma külək tüstünün düz qalxmağına imkan vermir, onu dağıdıb əsdiyi səmtə yayırdı. Qogiya altı atın yüyənini əlində sıxıb həyəcanla kilsəyə baxırdı. Eyni zamanda Niko da. Amma Niko Qogiyanın gördüklərindən əlavə də başqa şeylər görürdü – biri elə Qogiyanın özünü. Niko hər şeyi görürdü: Nikonu da, kilsəni də, kilsəni mühasirəyə alan milisləri də, kilsənin damından çıxan tüstünü də… Onun özünü isə heç kim görmürdü. O hər şeyi görsə də, özü görünməz idi. Atlardan biri milçəyi qovmaq üçün başını tərpədib fınxırdı. Əlində revolverini hazır saxlayan leytenant hirslə Qogiyaya baxdı. Qogiya həmin vaxt milislərlə bir yerdə olduğunu yadından çıxartıb dayısının söhbətlərini xatırlayırdı. “Ümidimizi itirmişdik ki, at arabasının zənglərini eşitdik…” Qogiyanın xəyalında həmin zənglər səslənən vaxt at fınxırdı və Qogiya leytenantın hirsli nəzərlərini üstündə hiss etdi. Özünü elə itirdi ki, heç bilmədi atları necə sakitləşdirsin. O bu saat əziyyət çəkirdi: bir tərəfdən çiynindəki qoşalülə onu əzirdi, bu biri tərəfdən də atlar yüyənlərini dartışdırırdılar.

“Təslim olun, siz mühasirədəsiniz!” – leytenant gücü gəldikcə qışqırıb kilsənin divarına bir güllə atdı.

Güllə atılan kimi atlar hürkdülər, yüyənləri elə dartdılar ki, az qala Qogiyanın qolunu qopardacaqdılar (Ah, kaş ki… kaş ki!). Qoşalülə çiynindən sürüşdü, qundağı torpağa oturdu, amma Qogiya onun qayışından tutub aşmağa qoymadı, bu tərəfdən də bu atlar. Qogiya odla su arasında qalmışdı, müvazinətini saxlamaq üçün ya tüfəngi buraxmalıydı, ya da atları. Qıraqdan ona baxan Nikonun başı gicəlləndi, bir anlıq harda olduğu da, kilsənin içindəki quldur da, bu milislərin o qulduru tutmaq üçün gəldikləri də yadından çıxdı. Güllənin səsi hələ də onun qulaqlarındaydı, kilsənin divarına dəyəndə çıxan toz hələ yatmamışdı, bu yandan leytenantın səsi gəldi: “Atəş açmayın! Atəş açmayın!” Niko özünə gəlib ətrafa baxdı: Qogiya diz üstündə oturmuşdu, onun ətrafını toz bürümüşdü, atlar görünmürdülər, kimsə ona tərəf qaçırdı. Niko axı onu görmüşdü, o qulduru görmüşdü, hətta onunla söhbət də eləmişdi. O isə başıaçıq, yaxası açıq halda Qogiya olan tərəfə qaçırdı, hamı da onu görürdü. “Atəş açmayın! Vurmayın!” – deyə leytenant qışqırırdı. Sonra hər şey qarışdı. Bu dəfə Niko güllənin səsini eşitmədi, amma quldurun vurulduğunu bütün bədəniylə hiss etdi. Güllə dəyəndə quldur səntirlədi, bir ayağı üstündə dayanmağa çalışdı, əlləri qanad kimi açılıb havada süzdü. Amma o uçaq bilmədi, torpağa yıxıldı. “Sən, görürəm ki, yaxşı oğlansan, hərdən məni yadına salarsan.” Bu quldurun axırıncı sözləriydi və o bu axırıncı sözləri məhz Nikoya demişdi. Quldur onu birinci dəfə görəndə çaşıb qalmamışdı (əslində belə olmalıydı), əksinə, elə münasibət göstərmişdi ki, elə bil Nikonu çoxdan gözləyir. Onu yaxına çağırıb ocağın yanında qızışmaq üçün oturtmuşdu. Onda Niko hələ bilmirdi ki, o quldurdur, hətta ilk baxışdan onu atasına da oxşatmışdı, hə, düzdür, əvvəl elə bilmişdi ki, ocağın yanında oturan adam onun atasıdır, amma tezliklə bunun sadəcə fərziyyə olduğunu anlamışdı. Dünyada elə bir güc yoxdur ki, çox-çox uzaqda xəstə yatan adamı bir göz qırpımında bu yarıuçuq kilsəyə gətirə bilsin. Anası da axırıncı məktubunda yazmışdı ki, ərinin sağalıb-sağalmamağı hələ sual altındadır. Niko kilsəyə baxmaqla məşğul olanda, quldur əlindəki quru budaqla ocağı qurdalayırdı. Ocağı rezinlə yandırmışdılar və Niko rezinin iyini hələ köhnə kilsəni və kilsənin uçuq damından çıxan tüstünü görməmişdən havada hiss eləmişdi, kilsəni görən kimi isə sevinmişdi ki, qızınmağa yer tapıb. Elə donmuşdu ki, evə çatmağa, ağzınacan qalandığı üçün guruldayan və istinin təsirindən yanları qızaran sobanın yanında qızınmağa səbri qalmamışdı. Buna görə də, kilsəyə girən kimi ocağın yanındakı adamdan çox ocağın özünə fikir vermişdi. Amma tezliklə həyəcanlanmağa başlamışdı. Düzdür, quldur-filan ağlına da gəlməmişdi, amma kilsəyə və ocağın yanındakı adama baxandan sonra anlamışdı ki, bu elə-belə adam deyil. Bu adam elə bil ölüb dirilmişdi. Daha doğrusu ölüydü, amma diri kimiydi. Ya da belə lap daha doğru olar, bu adam eyni zamanda həm ölüydü, həm də diri. Buna baxmayaraq eşidirdi, danışırdı, görürdü, ona deyilənləri başa düşürdü, bəlkə də haçansa quldurluqla məşğul olub, amma baxan kimi əminliklə demək olmazdı ki, bu adam quldurdur. O daha çox nağıllardakı ölü şahlara oxşayırdı. Adam deyəsən Nikonun fikirlərini başa düşmüşdü, çünki ona baxıb gülümsəmişdi. Sonra yenə çubuqla ocağı qurdalayıb yavaşdan demişdi – elə bil Nikoya yox, ocağa deyirdi: “Hə, mən nağılda olmuşam, nağıldan gəlmişəm.”

Qısası, heç kim ilk baxışdan onun kim olduğunu deyə bilməzdi – eyni zamanda milislər də. Amma o tez bir zamanda Nikonun özünə yaxın hesab elədiyi adamlardan biri olmuşdu, birincisi, ona ocağın yanında oturmağa icazə vermişdi və hər ikisi bir müddət sakitcə oturub qızınmışdılar, ikincisi də Niko onun danışdığı axırıncı adam olmuşdu – amma Niko quldurun ona etibar edib-etmədiyini bilmir, əslinə qalsa, bunun heç fərqi də yoxdur. İndisə cansız bədəni yerdə uzanıb qalıb və kimin nə deyəcəyi, kimin nə fikirləşəcəyi vecinə də deyil. Ayaqqabısının bir tayı ayağından çıxıb, ağ yun corabında ləkə var və bədəni çox məzlum görünür, adamın ona yazığı gəlir, həm də bu mənzərə adamın canına qorxu salır.

O bilirdi ki, bu gün öləcək. O bilirdi ki, bu gün onun axırıdır. Həsrətli intizar səhərdən (bəlkə də lap çoxdan!) onun ürəyini çulğamışdı. Niko gələnəcən də eləydi, ondan sonra da. Üstəlik gizləndiyi yer də onda qəribə hisslər oyadırdı. Axı nə üçün məhz burda, bu yarıuçuq kilsədə daldanacaq tapmışdı? Ola bilsin, bu elə həmin adam idi ki, Siqnaxiyə gəlib Nikonun xalasından soruşmalı idi: “Bağışlayın, şəhər mehmanxanası hardadır?” Amma o bu xarabada gizlənməyi üstün tutmuşdu. Bəyəm başqa yer yox idi? Yarıuçuq – yarıetibarlıdır. Bu həm də nə üçün gəldiyinə bağlıdır, amma o başqa söhbətdir. Kilsənin divarlarında haçansa burda yanmış kilsə şamlarının yerləri və şam tüstülərinin qaralmış izləri qalmışdı. Bəlkə o bilə-bilə buranı seçmişdi? Yəni haçansa içində şamlar yanan və ibadət olunan kilsə də xarabaya dönə bilirsə, deməli heç nə üçün təəssüflənməyə dəyməz. Bəs o nə üçün Nikonu cəzalandırdı? İndi Niko nə bu həyatda, nə də öləndən sonra daş qaladakı hakimlərin qabağında öz günahsızlığını sübut edə bilməyəcək, onlara başa sala bilməyəcək ki, o sadəcə bədbəxt ulduzun altında doğulub, tutaq ki, o qorxub dovşan kimi kolluqda gizlənməsəydi də, quldura xəbər verməyi çatdırmayacaqdı. Ən əsası, bu hadisə Nikonun gözü qabağında baş vermişdi və əgər öldürülənin ruhu da gəlib Nikoya desəydi ki: “Burda sənin günahın yoxdur, məni onsuz da haçansa öldürəcəkdilər.” – yenə də Niko sakitləşməzdi. Çünki Niko daha istədiyi kimi adam ola bilməyəcək, nə tanrının qabağında, nə də insanların. O təmiz və qorxusuz adam olmaq istəyirdi. Qor-xusuz! Çünki qorxu, hürkü hər şeydən pisdir, qorxaq adam gündə üç dəfə ölür. Müəllim Vanonun da dediyi kimi, pis adam olmaq üçün Hitler olmaq lazım deyil; birinci gün qorxursan, ikinci gün həqiqəti danırsan, üçüncü gün başqalarını aldadırsan, dördüncü gün sinif yoldaşının şeir dəftərini cırırsan – budur, sən artıq pis adamsan. Amma kindir Nikoya qulaq asan? Kimdir onu adam yerinə qoyan? Nə uşaq kimi uşaqdır, nə də kişi kimi kişi. Bircə boyu uşaq boyu deyil, əslinə qalsa, heç kişi boyu da deyil. Onu uşaqlığını istədiyi kimi yaşamağa qoymadılar, zorla dartıb uşaqlıqdan çıxartdılar, kişi olmaq vaxtı isə heç vaxt gəlməyəcək.

1
...
...
12