Amma haçan ki, o bacısına lazım oldu, onda hələ öz doğma məkanını tərk etməyən onyeddi yaşlı qız – hərdən qonşu kənddə üzüm yığmağa gedirdilər, o da qızlarla bir yerdə, – tək-tənha Batumiyə, dünyanın axırına getdi, üstəlik yolda qatardan qatara keçdi, özü də elə vaxtda ki, bilet tapmaq çətindən də çətin idi, bundan əlavə səni qatara buraxmaqları üçün gediş icazən də ol-malıydı. O başqa dünyaya düşdü. Müharibə Batumidə daha çox hiss olunurdu. Sanitar qatarları düz şəhərin içinəcən gəlib lazaretin qapısında dayanırdı. Səkilərin qırağında qanlı xərəklər qalaqlanmışdı. Poçtamtın damında qum kisələri düzülmüşdü, orda pulemyotçular üçün yer düzəltmişdilər. Kaskaları parıldayan pulemyotçular damın qırağında oturub ayaqlarını sallatmışdılar və küçədən keçən qızlara söz atırdılar. Elə xalaya da sataşmışdılar: “Bax ha, kibriti tapdalama,” – ya da buna oxşayan nəsə demişdilər, xala isə qorxmuş halda uzaqlaşmışdı, amma şəhərin üstünü alan dəhşətdən canını qurtara bilməmişdi. Heç nəyə baxmayaraq, o bacısıgilə getməmişdən qabaq, çoxdankı arzusunu yerinə yetirmişdi, sahilə gedib dənizə yaxından baxmışdı. Amma dəniz elə yaxından da rəngsiz, mənasız, heç nəyə yaramayan bir şey kimi görünürdü – vaqonun pəncərəsindən göründüyü kimi, qəhvəyi-yaşılımtıl rəngdə köpüklənən ləpələri sahili yalayırdı. Dəniz həyəcanlanmırdı, sadəcə yerində yırğalanırdı, paltar yuyandan sonra vannada qalan su kimi. Həyəcanlanırdı – həm də həyəcanlanmırdı; müharibə ona da təsir etmişdi – elə bil ləpələnməkdən boğaza yığılmışdı, amma kimdənsə qorxduğu üçün yenə ləpələnirdi, həyəcanlandığını göstərmək üçün çalışıb güc sərf edirdi. Adamsız sahil də öz növbəsində yaxşı görüntü deyil. Sahildə kiminsə dərin izləri görünürdü, elə bil hansısa böyük div burdan keçmişdi və bu sahilləri sahibsiz qoyub getmişdi. Xala dənizdən kefsiz qayıtmışdı və gedənəcən bir də dənizin adını çəkməmişdi. Təkcə qatarda Nikoya dedi ki, dənizi başqa cür təsəvvür edirdi. Bunu elə-belə, sözarası dedi və deyən kimi də bir anlıq susub dayandı, gözlərini bir nöqtəyə dikdi, elə bil gördükləriylə təsəvvür etdiklərini tutuşdururdu. Birdən-birə ağlına gəldi ki, görəsən sahildə gördüyü izlər Sosonun izləri deyildi? Axı o hər yerdə Sosonun izlərini axtarır və inanmaq istəmir ki, Soso artıq yoxdur – əgər Soso həqiqətən var idisə. Amma hər şeydən çox qatar təpənəndə, perronda qatarın yanınca gəlib onlara əl yellədən böyük bacısı artıq perrondakı adamlara qarışıb gözdən itəndə dediyi söz Nikonu heyrətləndir-di: “Papiros çəkmək istəyirsənsə, çək.” Amma Niko özünü saxladı, utandı, nə də olmasa xalasıdır axı, əvvəl Tiflisəcən, sonra Tiflisdən Tsnoriyəcən yol boyu ancaq vaqonun tualetində çəkdi. Nikonun gözləri dolurdu, tənhalıq və atılmışlıq hissi, aid olduğu yerdən bir başqa yerə köçürülməsi onu incidirdi, amma o heç kimə şikayətlənə bilmirdi (çünki o hələ küçükdür).
Qatarsa dayanmadan gedirdi. Qatar getdikcə Niko əvvəlki, müharibədən qabaqkı həyatını xatırlayırdı, onda anası – hərdən atasıyla anası bir yerdə – onu Siqnaxiyə, nənəsiylə babasının yanına aparırdılar, indiki kimi xilas olmağa yox, dincəlməyə, oynamağa, havasını dəyişməyə; özü də həmişəlik yox, cəmisi yay tətili vaxtı. Elə onda da, indiki kimi qatardan qatara keçirdilər, yerdəyişmə o vaxt da Tiflisdə olurdu, çünki, müəllim Vanonun da dediyi kimi, bütün yollar paytaxtdan keçir. Niko tək anasıyla gedəndə Tiflis vağzalında gözləməkdən lap təngə gəlirdi. Xüsusilə ana və uşaq üçün olan otaqdan zəhləsi gedirdi. Əgər ata yanlarında yox idisə, bu gözləmədən canlarını qurtara bilmirdilər. Ana və uşaq üçün olan otağa girən kimi Niko darıxmağa başlayırdı, üstəlik də qorxurdu ki, hansısa qaydanı pozar, icazə olmayan nəyisə edər, elə bil ana və uşaq üçün otaqda nə vardısa, elə-belə, baxmaq üçün qoymuşdular, işlətmək üçün yox. Anası isə elə onu qorxutmaqla məşğul idi: eləmə, dinc otur, əl vurma… Qapıda da həmişə eyni qırmızıburun qadın otururdu, elə bil müqəvva idi, sakit oturub kitab oxuyurdu, amma barmağını tərpətsən, o saat başını kitabdan qaldırıb hirsli nəzərlərlə sənə baxırdı. Niko anasına demək istəyirdi ki, bu qadın bizi güdür, amma özünü saxlayırdı. “Nə qurdalanırsan? Ayaqqabıların ayağını sıxır? Onda çıxart. Bəlkə bayıra çıxmaq istəyirsən? Bu gün heç getməmisən.” Qırmızıburun qadın isə qapının ağzında oturub səhifəni çevirir – guya oxuyur! – əslindəsə onları güdür: görəsən onlar nə pıçıldaşırlar? “Mənə heç nə lazım deyil. Əl çək məndən.” – Niko anasıyla mübahisə edirdi. Onda hələ hamı üçün yaxşı idi. Bununla bərabər, bu cansıxıcı otaqda da əyləncə tapmaq olardı. Məsəlçün, barmaqlıqla tutulmuş balaca pəncərədən bayıra baxmaq kimi. Pəncərədən uzun, ağ kərpicdən tikilmiş divar görünürdü, sonra adamla dolu küçədən qığılcım saça-saça keçən tramvay görünürdü… Niko yaşlarındakı qız uşağı böyük rezin əlcəyin içinə su doldurub aparırdı, su dolu əlcək inək yelininə oxşayırdı və qız getdikcə əlcəkdən yerə su damcılayırdı. Gözləriylə burnu tüklərinin içindən güclə görünən balaca it eyvanda dayanıb küçədən keçənlərə hürürdü, əlbəttə, o indi evdədir, heç kimdən və heç nədən qorxmur. Amma hər şeydən çox isti və susuzluq Nikonun yadında qalıb, çünki həmişə yayda səfərə çıxırdılar. Amma haçan ki atasının da vaxtı olurdu və onlarla bir yerdə gedirdi, onda bu bir neçə saat bir göz qırpımında keçirdi. Mütləq əvvəlcə restoranda yemək yeyirdilər, sonrasa mütləq faytonla şəhəri gəzirdilər. Niko atasının ayaqları arasında ayaq üstündə dayanıb ətrafa boylanırdı, gözləri tanış vitrini axtarırdı, o vitrinin dalında balaca meymun ayaqqabının qabağında oturmuşdu, elə bil əlindəki fırçayla ayaqqabını təmizləyirdi. Əslində isə meymun da gözlərini qırpmadan oturub şüşədən bayıra baxırdı, Nikonu gözləyirdi. “Hə, dostunu gördün?” – atası gülə-gülə soruşurdu. Niko cavab verə bilmirdi, gözləri dolurdu, boğazı qəhərlənirdi. Səbəbini indi də bilmir. İçi samanla doldurulmuş meymun kuklasında nə vardı axı? Nə canı vardı, nə ağlı. Faytonsa Tiflisin ən gözəl küçələrini gəzirdi. Atayla səyahət etməyin başqa ləzzəti vardı – həzzlər daha dərin, daha unudulmaz olurdu. Ata hər stansiyada harasa gedib ancaq qatar tərpənəndə kupeyə qayıdırdı, bu da anasını narahat edirdi. Anası deyinirdi, atası gülürdü, Niko isə başını kupenin pəncərəsindən çıxartıb baxırdı, o xəşbəxt idi və qatar dayanmadan gedirdi, qatarın fiti zirvəsi qara rəngli dağların ətəyindəki meşələrdə əks-səda verirdi. Budur, çayın sahilində, palçığın içində bir nəfər uzanıb çapalayır, o batırdı, elə indicə xilas ediblər. Onu xilas edən adam yanında dayanıb əynindən çıxartdığı yaş şalvarını sıxır. Qatarı görən kimi şalvarını başının üstündə yellədir. Niko pəncərədən gördüklərini heç kimə demədi. Qatar getdikcə külək pəncərədəki ağ pərdələri yellədirdi. Hər şey ağ rəngdə idi: pərdələr də, anasının paltarı da, atasının kostyumu da. Amma müharibə dövründə hər şey tamam başqa cür idi. Adamlar vaqonda bir-birinin üstündə oturmuşdular, hamının üstü-başı çirkli idi, hamının bir-birindən zəhləsi gedirdi, müharibə dövrüydü, hamı ehtiyac içindəydi, buna görə də hamı hirsli idi, xırda mübahisə üstündə göz qırpmadan öldürərdilər. “Çəkil yoldan, görmürsən ki, koram!” “Korsan get otur evində, burda nə işin var?” “Mən evdə otursam ailəmi kim dolandıracaq? Yoxsa sən?” “Hələ bunun ailəsi də varmış. Deməli o qədər də kor deyilsən.” “Özünü tülkülüyə qoyub, başımızı aldatmaq istəyir.” “Bəs nə. Get bu nağılları nənənə danış. Sən korsansa, deməli bir hamımız koruq.” Qatar getdikcə daha da sürətlə qabağa gedirdi və hər şey arxada qalırdı, – hər şey, Nikonun həyat dediyi nəsnə, anası, atası, dostları, sinif yoldaşları və Yelenitsa – onun ilk sevgisi…
Niko tualetdən çıxanda kor tamburdakı kisələrin üstündə oturub soğanla çörək yeyirdi. Alnına qaldırdığı tünd eynəyi onu kordan daha çox, əsir düşmüş pilota oxşadırdı.
“Yelenitsa, Yelenitsa, mən səni də keçmişimlə bir yerdə basdırdım,” – Niko bunu Siqnaxidəki evdə, çarpayıda uzandığı yerdədodaqaltı təkrarlayır. Hərdən yarasalar üstündən uçurlar. Onun heç bu yarasaları qovmağa da taqəti yoxdur. Ölü kimidir. Nə əlini tərpədə bilir, nə bir söz deyə bilir. Ona elə gəlir ki, elə indicə hansısa uzaq və qorxulu səfərdən qayıdıb – özü də deyəsən avtobusla. İçində təlatümlənən hisslərinin hardan qaynaqlandığını və bu hisslərə inanmaq, yoxsa inanmamaq lazım olduğunu da bilmir. Nə etməli, bircə şey qalıb, gözləmək və bu qara, ağır hisslərin onu tezliklə rahat buraxacağına ümid etmək lazımdır. Ümid – böyük gücdür. Hətta kimsə kiməsə xeyir-dua verəndə deyir: “Tanrı ümidini əlindən almasın.” Amma ümid etmək üçün nəyisə dəyişdirə biləcəyinə və nəyisə dəyişdirməyə gücün çatacağına inanmaq lazımdır. Deməli ümid üçün üç şey lazımdır: inam, arzu və bacarıq. O isə əllərini sinəsində çarpazlayıb uzanıb, hərdən də üstündən yarasalar uçur. Gözləri açıqdır, yata bilmir. Həkim deyir ki, yatsa bir az yüngülləşər, amma yata bilmir, yuxusu qaçaq düşüb! Niko yuxunun sehirli krallığına düşə bilmədi. Həkim onun yatmalı olduğunu desə də, oturduğu stulu o qədər qıcırdatdı ki, yuxu mələkləri qorxub qaçdılar. Bu da onun böyüdüyünün daha bir sübutu! Uşaqlar həmişə dərin yuxuya gedib mışıl-mışıl yatırlar. O isə dovşan kimi gözüaçıq uzanıb. Gözləri açıq, əlləri sinəsinin üstündə, bir də hərdən yarasalar uçur. Əlləri öz-özünə sinəsinin üstündə çarpazlanıb. Bu artıq sondur, o artıq əllərini tərpədə bilmir, özünüidarəni itirib, daha bacarmır – sadəcə baxır, güdür, uşaq vaxtı anasıyla vağzalın ana və uşaqlar üçün olan otağında gözləyəndə onları güdən qırmızıburun qadın kimi. Küçədəki it isə dayanmadan, həyəcanla hürür. O bütün gecəni hürüb, bir dəqiqə də dayanmayıb. Növbəylə bütün həyətləri qoruyur. Heç kim ona belə tapşırıq verməyib, o özü öz xoşuyla bu vəzifəni üstünə götürüb, amma yenə də insana yarına bilməyib. Bir halda ki, o hamınındır, onda heç kim ona yiyələnməyəcək. Onu harda görsələr yerdən daş götürüb qışqırırlar: “Rədd ol, yaramaz!” Görəsən bu gecə kimin həyətini qoruyub? Niko heç cür bunu tapa bilməyib, külək mane olur, külək əsdikcə itin səsini yayır və itin dəqiq harda hürdüyünü bilmək olmur. Əgər düzünə qalsa, hal-hazırda qorunmağa ehtiyacı olan biri varsa, o da Nikonun özüdür. Kim bilir, bəlkə də Qogiya indi onların evinin ətrafında fırlanır, öz yaramaz hərəkətinin yeganə şahidinin – Nikonun yanına girmək üçün plan qurur; o axı Nikoyla məsələni çürütmək istəyir. Niko ölü deyil, amma ölüdən də pisdir. Dava edə bilməz, dava bir yana, heç sözlə də layiqli qarşılıq verə bilməz. Onun ağzı səhra kimi qurudur. Quru deyil, qqquuuuurrrudur. Xəyalında quş görür. Niko ondan kim olduğunu soruşur, onunla mübahisə edir – əlbəttə ki, öz-özlüyündə. Şkafdan bir-birinə dəyən butulkaların cingiltisi eşidilir. “Ana, orda deyil, o biri otaqdadır” – xalası deyir. “Eh, bu saat lap başımı itirmişəm, heç bilmirəm nəyi harda axtarıram,” – bu da nənəsinin səsidir. Pıçıltıyla danışırlar, elə bilirlər Niko yatıb. Niko isə xəyalındakı quşla məşğuldur. Quş həyəcanlıdır, görəsən nə olub? Amma Niko daha quşun səsini eşidə bilmir. O hələ ölməyib, amma ölüm belə həyatdan daha yaxşıdır. Özünüz deyin, ölüm yaxşıdır, oxsa həyat? Əlbəttə, ölümlər və həyatlar başqa-başqa olur deyə cavab verəcəksiniz. Amma insan kimin qabağında və nə üçün olduğunu bilməyəndə, ölsə daha yaxşıdır. Axı bu ölüm nədir? Heç nə. Bircə nəhayətsiz gecə, spirt iyi verən, yaxınların və qohumların kölgələri oynaşan nəhayətsiz gecə. Nəhayətsiz heç nə. Qaranlıq diyar. Ruhlar diyarında böyük daş qala var, orda, daş stolun dalındakı hündür daş kreslolarda hakimlər oturublar, stolun üstündəki daş şamdanda şam yanır, hakimlərin əlində qoyunqırxan qayçı var, onlar xəbərçilərin dilini, oğrularla qatillərin əllərini kəsirlər, sonra da bişirib özlərinə yedizdirirlər. Əgər Niko orda özünü təmizə çıxarta bilməsə, onda işi yaman olacaq. Ancaq kimsə haçansa öz taleyindən qaça bilib? İndi o da əllərini sinəsində çarpazlayıb uzanıb, fikirləşir ki, bu gün köhnə kilsənin yanında, gözümün qabağında öldürülən quldur elə mən özüm idim. O ya ölüm haqqında fikirləşdiyi üçün əllərini sinəsində çarpazlayıb, ya da əllərini sinəsində çarpazladığı üçün ölüm haqqında fikirləşir. Yeri gəlmişkən, o özü də iki gün quldur olub, əgər Yevgeni Duqladzenin dəstəsi onu vaxtında tutmasaydı, onda o da bu gün öləcəkdi. İndi ğlüm haqqında fikirləşməyi elə də təəccüblü deyil. Bundan əlavə, ölüm haqqında fikirləşmək onun xoşuna gəlir: gecədir, o təkdir, hamı yatır (ya da özünü yuxuluğa vurub), bayırda yeri-göyü titrədən külək əsir. Bu saat ölümdən daha yaxşı nə ola bilər! Ölü toxunulmazdır. Hamı ölünün qabağında baş əyir, dostlar da, düşmənlər də. Çünki o artıq ölüb, hamının yerinə ölüb. Ölüm haqqında birinci dəfə həmin o iki günlük quldurluq vaxtı fikirləşməyə başlayıb. Soyuq mağarada oturub uzun-uzun ölüm haqqında fikirləşib. Ölüm hər şeyin çıxış yoludur.
Bugünkü, bəlkə də artıq dünənki (çox güman ki, gecə yarısını keçib) gün onun həyatını tamamilə silməyibsə də, əsaslı şəkildə dəyişdirib, onun həyatı təzə axara düşüb. Buna görə də o ölümü üstün tutardı. Hətta yalançı ölümü də. Mövcud olmayana heç nə edə bilməzsən. Nikodan olsaydı, ümumiyyətlə doğulmazdı, bir halda ki, istədiyin kimi yaşaya bilməyəcəksən, onda nə üçün doğulursan? Amma indi belə fikirlərlə özünü üzüb əldən salmağın mənası yoxdur, çünki geriyə yol mövcud deyil. Həyatın özü də qəribədir, yaşayırsan, birdən-birə elə bir hadisə baş verir ki, həyatının ən vacib və qəti dönüş nöqtəsi olur. Əgər bugünkü, ya da dünənki gün olmasaydı, Niko başqa yolla gedərdi (yəqin ki, daha yaxşı yolla) və tamam başqa cür adam olardı (yəqin ki, daha yaxşı adam)…
О проекте
О подписке
Другие проекты