Qogiya isə hələ də diz üstdə oturub. Onun əli və üzü qana batıb, amma bu quldurun qanı deyil, öz qanıdır, görünür yüyənləri düz tuta bilmədiyi üçün əlinin dərisi siyrilib. Aramindara onun yarasına tütün tökürdü. Qogiyanın atasıyla Nesva atları tutmağa çalışırdılar. Leytenantla Qrdzelo ölənin yanında dayanmışdılar. Ölənsə yerdə uzanıb qalmışdı, elə bil quş və ya heyvan kimi qoşalülə ilə öldürüldüyünə görə hamıdan utanırdı… Bir sözlə, artıq hər şey qurtarmışdı. Amma istədikləri kimi yox. Qrdzelo iki dəfə kilsəni gəzib başqa quldurları axtarmışdı – amma əlbəttə ki, tapa bilməmişdi, çünki olmayan şeyi tapmaq mümkün deyil. Hamı nəyləsə məşğul idi, hamı bir-birinin üzünə baxmaqdan utanırdı, elə bil yaraya tütün tökmək, atları tutmaq, kilsəni axtarmaq bu saat ən vacib işlər idi, amma ölən bir qıraqda, daşlaşmış torpağın üstündə üzü üstə atılıb qalmışdı, elə bil o heç kimə lazım deyildi, elə bil ümumiyyətlə yox idi; və əslinə qalsa, o heç quldur olmaya da bilərdi, deyək ki, Nikonun fərziyyəsincə hansısa nağıldan çıxıb gəlmiş, amma düşdüyü yeri anlamağa, ətrafına baxmağa və gəldiyi yerə qayıtmağa macal tapmadan güllələnib öldürülmüş nağıl qəhrəmanı da ola bilərdi. Bu da nağılın sonu.
Nağılı bir yana qoysaq, Niko fikirləşir ki, bu xalasına aşiq olan tsnorili Soso da ola bilərdi. Kilsədə onun yanında oturanda Niko adamın təbəssümünə fikir vermişdi, onun qəribə təbəssümü vardı (xalası da deyir ki, Sosonun təbəssümünə baxanda ağlamaq istəyirdim). Ola bilsin o istədiyi qızın, yəni Nikonun xalasının dalınca gəlirmiş, amma burda dayanıb qalıb, ayaqları getməyib, çünki hələ də xatırlandığına, hələ də gözlənildiyinə ümidi qalmayıb… Ümumiyyətlə, onun həyatında cəmisi bir dəfə gördüyü, Tsnorinin tozlu yollarında bir yerdə gəzdiyi, axşam isə evə ötürdüyü və adını soruşmağa da utandığı qızı sevgilisi saymağa haqqı var idimi? Kaş ki bu adam Soso olmayaydı. Çünki xalası hələ də möcüzə baş verəcəyinə inanır, özünü buna inandırıb və belə yaşamağa da öyrəşib. Amma bu adamın həmin Soso olub-olmadığı heç nəyi dəyişmir. Dünya Sosolar ilə doludur, müharibə hamısını evdən-eşikdən didərgin salıb, bitki kimi kökündən dartıb qopardıb, onların haçansa qayıdıb-qayıtmayacağını heç kim bilmir.
Birdən hardansa at qazalaqda oturan İoseba peyda oldu. Leytenant onu görən kimi dedi: “Vaxtında gəlmisən.” Amma İoseba meyidi görən kimi çiyninin üstündən tüpürdü və qamçını ata elə çəkdi ki, araba da atla bir yerdə yerindən götürülüb toz qopartdı.
İoseba ölülərdən qorxur, özü dediyi kimi, elə meyid görən kimi bədənini titrətmə bürüyür. Bu haqda neçə dəfə Nikonun nənəsinə danışıb. Guya ölülər olmasaydı, onda o da içkiyə qurşanmazdı, adam kimi yaşayardı. Özü də içəndən sonra hansısa ölü yadına düşür, ölünün dalınca söyür və ölülərdən elə şeylər danışır ki, sən də qorxmağa başlayırsan. Yaşlansa da bu qorxu onu tərk etməyib. Həmişə də bir hadisə danışır, heç kim bilmir ki, bu hadisə doğrudan da olub, yoxsa İoseba onu qorxusuna bəraət qazandırmaq üçün quraşdırıb.
Bu hadisə baş verəndə onun on iki yaşı vardı. Ömründə birinci dəfə atası olmadan, təkbaşına qazalağa mindi və taleyinin dönüklüyündən birinci sərnişini meyid oldu. Həmin gün atası xəstə idi, buna görə də qazalağı oğluna etibar etmişdi. “Axı hələ uşaq idim, – İoseba deyir, – ona görə də mənə yaman təsir etdi.” İki hörmətli adam – tacirlə keşiş qazalağı kirayələdilər, dedilər ki, kilsədən öz varidatımızı aparmaq istəyirik, həmin varidat isə meyid imiş. Meyid tabutda olsaydı dərd yarı olardı, amma bu meyid açıq idi və əynində sinəsi medalla dolu polkovnik, bəlkə də general mundiri vardı. Meyidin bir gözü açıq idi, bu da ona dəhşətli görkəm verirdi. “Həmin gün mən lənətləndim və həmişə qazalağa oturan kimi, o meyidin nəzərlərini kürəyimdə hiss edirəm.” İoseba qorxsa da, daha dayana bilməzdi. Qazalaq getdikcə meyid yırğalanırdı və meyidin başı qazalağa toxunub səs salırdı. İoseba bu səsə daha dözə bilmədiyi üçün qazalağı saxlayıb əynindəki yarımkürkü çıxartdı və meyidin başının altına qoydu (atası onu yola salanda öz yarımkürkünü də vermişdi ki, o yaşından böyük görünsün). Tacirlə keşiş meyidin yanında, üzü yola oturmuşdular. Amma heç biri nə üçün dayandıqlarını soruşmadı, çox güman ki, heç buna fikir də vermədilər. Ola bilsin apardıqları meyiddən daha vacib işləri vardı və hal-hazırda onları fikirləşirdilər. Ünvana çatanda tacirlə keşiş qazalaqdan düşüb üstlərini çırpdılar və bir qıraqda dayandılar. Meyidi İoseba tək daşımalı oldu. Amma yoldan keçən qadının ona yazığı gəldi və meyidi ikinci mərtəbəyə çıxartmağa kömək etdi. Bu gombul, sağlam bədənli qadın idi. İoseba bu haqda danışanda deyir: “Meyidi elə tutmuşduq ki, getdikcə əlim qadının döşünə dəyirdi,” – sonra da gülümsəyir. On iki yaşlı uşaqlar lazım olan hər şeyi bilirlər. O gün bu gündür İosebanın işləri yaxşı getmir. “Dünya dağıldı və təzədən düzəldi, axmaqlar ağıllandı, keçəllər saç çıxartdı – amma mən hələ də arabaçıyam. Həmişə o meyidi daşıyıram, əslində tək o meyid yox, bütün qəbiristanlıq mənim qazalağımdadır.” İoseba bu haqda yorulmadan, usanmadan danışır, təki bircə nəfər də olsa, ona qulaq asan adam olsun. Elə Nikonun özü bu hadisəyə azından min dəfə qulaq asıb; amma Niko qətiyyən yorulmur. İosebanın dili çox şirindir.
İosebanın qazalağı gözdən itməyə macal tapmamış korlar gəldi. Əlbəttə ki, dəstənin başında Sandro əmi addımlayırdı. Sandro, Fido, Abe, Noe, Abe, Fido, Sandro. İoseba deyir ki, Marqarita Sandronu gül kimi əkib çoxaldır, Sandrodan bir tikə kəsib dibçəyə əkir və təzə Sandro çıxır. Doğrudan da onlar bir-birinə çox oxşayırlar, yəqin ki, hamısının kor olmağındandır. Heç biri görmür və buna görə də eyni görünürlər. Hətta eyni cür danışırlar. Heç vaxt mübahisə etmirlər, həmişə bir-biriylə razılaşırlar və dörd səslə eyni şeyi deyirlər.
Korlar dayandılar və kor gözlərini göyüzünə dikib xeyli vaxt belə dayandılar. Onlar burdakılara heç nə demədilər – həmçinin burdakılar da onlara. Milislər onlara baş qoşmalı halda deyildilər. Korlar yəqin ki, burda nəsə pis bir şeyin baş verdiyini hiss etdikləri üçün getmək istəmirdilər və indi onlar üçün qalmaq da getmək qədər çətin idi. Ola bilsin, əbədi qaranlıqları içində hiss etdikləri, işdir kor olmasaydılar, indi görə biləcəklərindən daha çox idi və buna görə də, bu hiss onları tərpənməyə qoymurdu. Onlar sakitcə dayanıb göyüzünə baxırdılar. Sonra Sandro əmi papağını çıxartıb hər iki əliylə sinəsinə sıxdı. Buna bəndmiş kimi qalanları da papaqlarını çıxartdılar, amma vəziyyətlərini dəyişmədilər. Külək onların saçını yellədirdi. Deyəsən onlar Bodbisxevi bazarından, ip satmaqdan qayıdırdılar, axı ip lazımlı şeydir, bağlanmalı, asılmalı o qədər şey var ki. Onlar toxuduqları ipi bazarda satıblar, indi də təzə ip toxumaq üçün evə qayıdırlar. Onların həyatı bu axarla davam edir: bazar – ev – bazar. Hərdən Niko onların yanına, həm də emalatxana olan evlərinə gedir və onlar Nikoya icazə verirlər ki, o ip əyirən qurğunun dəstəyini fırlatsın. Nikonun getməyi xoşladığı iki yer var, biri İosebanın at tövləsidir, biri də bu korların evi. Amma korların evinə yayda getmək daha yaxşıdır, çünki yayda onlar ip əyirən qurğunu buğanaq evdən həyətə çıxartırlar və təmiz havada işləyirlər. Onlar işləyir, Niko isə onlara baxıb əylənir.
“Siz görməyə-görməyə bazara necə gedib-gəlirsiniz?” – Niko Sandro əmidən soruşur, elə-belə, sözarası soruşur, elə soruşur ki, Sandro əmi onun bura ancaq ip əyirən qurğunun dəstəyini fırlatmaq üçün gəlmədiyini bilsin, bilsin ki, o və o biri korlar da Niko üçün maraqlıdır. Sandro əmi ayağının yanına mis qabda su qoyub. O bu suda boyat çörəyi isladır. Həyəti təzə sulayıblar. Həyətdən yaş torpaq və toz iyi gəlir. Evin qabağındakı tağdan çinauri asılıb. Çinauri korların tək dostudur, gecələr onu çalırlar, hiss etdiklərini simlərə töküb dilləndirirlər. Sandro əmi ona cavab vermir, dostları kimi sakitcə oturub suda islatdığı çörəyi gəvələyir. Nikonun yanındakı kisədə (kisə Nikodan böyükdür) donuz tükü var. Yerdə, korların qabağında təzə əyirdikləri ip var, ip qız hörüklərinə oxşayır. Niko artıq cavabın gəlməyəcəyinə əmin olanda Sandro əmi cavab verir: “Elə Bodbisxevi də Siqnaxi kimidir, hər yer qaranlıqdır.” Fido da onunla razılaşır: “Düzdür.” “Gözü görənlər yolu tapmağa daha çox çətinlik çəkir,” – bunu da Noe deyir. Abe isə razılıqla başını tərpədir, daha danışmır, axı eyni şeyi dörd cür deməyin nə mənası var? Üçü bəsdir, anlayan anlayır onsuz da.
Amma bu köhnə xatirədir. İndisə korlar papaqları əllərində dayanıb göyə baxırlar və indi onlar üçün getmək də qalmaq kimi çətindir. Birdən Aramindara onlara tərəf qışqırır: “Nə var burda dayanmısınız? Öz yolunuzla gedin!” Aramindara sözünü qurtaran kimi Sandro əmi (və o biri korlar) papağını (papaqlarını) başına qoydu (başlarına qoydular), elə bil Aramindara onlara demişdi ki, papağı qoyun, yoxsa soyuq olar. İndi hamı korlara baxırdı, korlarsa göyüzünə.
Külək quldurun yarımkürkünü və saçlarını oynadırdı.
“Səhərdən axşamacan ip hörürsən, amma arvadını bağlaya bilmədin!” – Aramindara yenə qışqırdı. Uzun çəkən gərginlikdən sonra Aramindara izaholunmaz həyəcan içindəydi və indi nə dediyinin fərqində deyildi; o kimisə hirsləndirmək, dava etmək istəmirdi, sadəcə hələ özünə gəlməmişdi, baş vermiş hadisədən sonra ürəyində əməmlə gələn boşluğu ata bilmirdi. Nikonun babası havayı yerə demir ki: hirsli baş kor gözdən də pisdir. “Bəsdir!” – leytenant Aramindaranın üstünə qışqırdı, sonra korlara tərəf döndü: “Xətrinə dəyməsin, Sandro əmi.” Aramindara isə dayanmaq istəmirdi: “Nə üçün dayanıb bizə baxırlar?” Onun səsində özününkülərə qarşı üsyan var idi, yəni ki, mən sizə tərəfəm, sizsə mənə qarşı. Korlar başlarını salıb yola düzəldilər, əvvəlki kimi – bir-birinin dalınca. Aramindara özü-özünə təəccüblənirdi ki, nə üçün bu zərər-ziyansız adamlara söz atdı, amma yenə də özünü saxlaya bilməyib qışqırdı: “İoseba səni nişanlayıb, qapını bağlı görsən təəccüblənmə.” Niko gülmədi, korlarsa heç nə eşitməyiblərmiş kimi sakitcə yollarına davam etdilər. Onlar başlarını dik tutub, qürurla dağa tərəf, Siqnaxiyə gedirdilər – elə bil yoxuşla göylərə, tanrının yanına yol almışdılar.
Daha artıq dayanmaq olmazdı. Meyidi Qogiyanın qatırının üstünə aşırtdılar (çünki vurulan quş ovçuya məxsusdur, ovu başqalarıyla bölüb-bölməmək isə ovçunun işidir). Qatır getdikcə meyid yellənirdi, əli qatırın böyrünə dəyirdi, elə bil meyid lazım olan yerə tez çatmaq üçün qatırı tələsdirmək istəyirdi. Elə bil meyid bu görünüşündən utanırdı. Tezliklə meyidin bütün qanı süzülüb qatırın belini islatdı. Qogiya yenə də dəstənin axırında gedirdi, amma daha onu lap axırıncı saymaq olmazdı: o qalib idi, başqalarından fərqlənirdi. Tüfəngi sol çiynindən asmışdı, əskiylə sərinmiş sağ əlini isə tez-tez ağzına yaxınlaşdırıb üstünə hovxururdu, elə bil soyuqdan donduğu üçün isitməyə çalışırdı. Ola bilsin tütün tökülən yara həqiqətən də incidirdi, amma elə də bərk yandırmırdı, o sadəcə oyunbazlıq edirdi. Qatır narahat idi, dal ayaqlarını kiminsə yerişini yamsılayırmış kimi əyri atırdı. Meyid isə əvvəlki kimi yellənib əliylə qatırı tələsdirməyə davam edirdi. Meyidin barmağındakı üzüyün üstünə qış gününün şüası düşdükcə parıldayırdı. Qogiya üzüyü çıxartmaq üçün addımlarını yeyinlətdi, qatıra çatıb sol əlini meyidin əlinə tərəf uzatdı. Bu yerdə Niko özünü saxlaya bilməyib ayağa durdu və qışqırdı: “Qogiya, qatil! Qogiya, qatil!”
Qogiya dayandı, qorxudan böyümüş gözlərini səs gələn tərəfə çevirdi. Uzun müddət kolluqda titrəyən Niko qorxunun əslində necə bir hiss olduğunu duymuşdu və indi daha özünü saxlaya bilməmişdi. Sonra nə olduğu Nikonun yadında deyil, bircə onu xatırlayır ki, haçan kürəyindən atəş açılacağını gözləyirdi. O qaçırdı, qaçırdı və bütün varlığıyla Qogiyanın onu necə nişan aldığını hiss edirdi. Qaçırdı və qaçdıqca Qogiyanın nə üçün yubandığına, nə üçün onu vurmadığına təəccüblənirdi. Qogiyanın onu öldürəcəyinə zərrə qədər şübhəsi yox idi, Qogiya onu öldürməliydi. Axı Niko Qogiyanın əlindən öldürülmək haqqını qazanmışdı – axı təkcə o bu cinayətdən daha artıq şeyi bilirdi: Qogiya qatildir, canidir – həm də öz içində, ürəyində. Buna görə də Qogiyanın onun dalınca düşəcəyinə şübhə eləmirdi, çünki Qogiyanın başqa yolu yox idi, çünki Niko onun ən böyük sirrini bilirdi, çünki Niko ona demişdi: “Sən bu gün bir adamı həyatdan məhrum elədin, təcrübəsizlikdən və təsadüfdən yox, ona görə ki, sən təbiətən qatilsən!” Buna görə də Qogiya onu tapıb o quldur kimi – əgər o həqiqətən quldur idisə – öldürməyənəcən sakitləşməyəcək. O qaçırdı, dayanmadan qaçırdı. Ürəyi bu saat sinəsini söküb çıxacaqmış kimi bərk-bərk döyünürdü. Bir az da qaçsaydı nəfəsi kəsiləcəkdi, amma o hələ ki qaçırdı, çünki var idi, mövcud idi və sağ qalmaq, mövcud olmaq üçün qaçırdı. O heç vaxt həyatı belə başa düşməmişdi, bu cür yanğıyla yaşamaq istəməmişdi. Qəribədir ki, o boynunu sındırmadı, kol-kos gözünə girmədi, çünki o çox bərk qaçırdı, hətta qaçmaqdan əlavə uçurdu da. Elə qaçırdı ki, elə bil Qogiya doğrudan da tüfəngini qapıb onun dalınca düşmüşdü. Qaçırdı, bilmirdi hara qaçır, bilmirdi haçan çatacaq (görəsən hardadır onların lənətəgəlmiş evi?), qaçırdı və yenə də qaçmaq, gözdən itmək, havada buxarlanmaq istəyirdi… Elə bil doqquz dənizdən üzüb doqquz dağı aşmışdı. Yaxşı ki, körpünün yanında avtobusa mindi (sürücü onu tanımışdı). Daha ayaqlarını hiss etmirdi, hər dəfə nəfəs alanda ciyərləri partlamağa gəlirdi, gözləri qaralırdı, amma huşunu itirmirdi, tez özünü ələ alırdı, çünki bu vəziyyətdə də qorxu onu tərk etməmişdi…
О проекте
О подписке
Другие проекты