Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı. Əgər vəhşi qazlar gecələr səmanın yüksəkliklərinə qalxırlarsa, mantosu olmayan qadınlar ərlərinə qarşı daha nəvazişli olurlarsa, Sopi isə parkda öz skamyasında qurdalanmağa başlayırsa, bu o deməkdir ki, artıq qış qapını kəsdirib.
Sopinin dizinin üstünə sarı yarpaq düşdü. Bu, Şaxta babanın vizit kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı xeyirxah idi və yaxın vaxtlarda gəlməsi barədə onları vicdanla xəbərdar edirdi. Dörd yolayrıcında o, kartını şimal küləyinə, “Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi ki, kirayənişinlər hazırlaşa bilsinlər.
Sopi başa düşdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün vəsait və yollar axtarmaq məqsədi ilə şəxsi komitə yaratmağın vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı.
Sopinin qış planları məxsusi şöhrətpərəstlikdən xəbər vermirdi. O nə cənub səması, nə də Neapolitan körfəzində dayanmaqla Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada üçaylıq həbs – onun qəlbi bu həsrətlə alışıb-yanırdı. Üç ay etibarlı sığınacaq və yemək təminatı, polislərin və soyuğun təcavüzündən uzaq gözəl kompaniya, həqiqətən, Sopinin ən böyük arzusu idi.
Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun üçün qış mənzilini əvəz edirdi. Necə ki şəhərin xoşbəxt vətəndaşları Floridaya və yaxud Rivyeraya bilet alırdılar, Sopi də eləcə Adanı ziyarət etmək üçün o qədər çətin olmayan hazırlıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi.
Keçən gecə bazar günü çıxan üç qəzetin birini pencəyinin altına sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə bağladı – ancaq soyuqdan qoruna bilmədi: o, fəvvarənin yanındakı skamyanın üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada onun gözünə arzulanan və vaxtı çatmış sığınacaq kimi görünürdü. Sopi şəhərdə hökm sürən səfalətlə bağlı mərhəmət adına göstərilən qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan19 bir qədər mərhəmətlidir. Şəhərdə saysız-hesabsız ictimai və xüsusi xeyriyyəçilik müəssisələri var idi ki, kiçicik bir xahişlə onlardan daldalanacaq və ərzaq ala bilərdi. Amma Sopinin qürurlu təbiətinə xeyriyyəçilikdən əldə olunan bəxşişlər ağır gəlirdi. Filantropların əlindən qəbul etdiyin hər cür yaxşılığa görə pul ödəməsən də, alçalmaqla mütləq əvəzini qaytarmalısan. Hər mərhəmət çarpayısı məcburi vanna ilə, hər bir loğma çörək isə ruhuna icazəsiz soxulanlar ilə müşayiət olunurdu. Belə olduğu halda həbsxananın kirayənişini olmaq daha yaxşı deyildimi? Orada, əlbəttə, hər şey qəbul olunmuş ciddi qaydalara əsaslanır, amma heç kim centlmenin şəxsi işlərinə burnunu soxmur.
Beləliklə, qış mövsümünü Adada keçirmək qərarına gələn Sopi planını təcili olaraq həyata keçirmək məqsədi ilə işə başladı. Həbsxanaya getməyin çoxlu asan yolları var idi. Ən münasib yol isə restorandan keçirdi. Yaxşı restoranların birində gözəl nahar sifariş verirsən, doyunca yeyirsən, sonra isə borcunu ödəyə bilmədiyini bəyan edirsən. Heç bir dava-dalaşa yol vermədən səni polisə təhvil verirlər. Üzüyola hakim xeyirxah işi sona çatdırır.
Sopi qalxdı, parkdan çıxaraq Brodveylə Beşinci küçəni qovuşduran asfaltlanmış dəhlizlə addımlamağa başladı. Gur işıqları olan kafenin yanında dayandı. Üzüm suyunun, ipəkqurdu istehsalının və protoplazmanın20 verə biləcəyi yaxşı nə varsa, axşamlar burada cəmləşir.
Sopi jiletinin aşağı düyməsindən ta yuxarıya qədər özünə arxayın idi: üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə21 bir missioner qadın bağışlamışdı. Əgər diqqət çəkmədən özünü masaya yetirə bilsə, deməli, müvəffəqiyyət təmin olunmuşdur. Bədəninin masadan yuxarı görünən hissəsi ofisiantda heç bir şübhə doğurmayacaqdı. Sopi düşündü ki, əvvəlcə qızardılmış ördək və bir şüşə şərab sifariş versin. Sonra isə pendir, bir fincan qara qəhvə və siqar. Birdollarlıq siqar yerinə düşər. Hesab yüksək olmaz və kafe rəhbərliyi qisas məqsədi ilə sərt tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına səyahətə başlaya bilər.
Lakin Sopi restoranın kandarına ayaq basan kimi baş ofisiantın iti gözləri dərhal onun sürtülmüş şalvarını və əyilmiş çəkmələrini gördü. Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da ördəyin canı onun üçün hazırlanmış kədərli taledən qurtardı.
Sopi Brodveydən geri qayıtdı. Belə düşünürdü ki, onun Adaya gedən yolu qızılgüllərlə bəzədilməyəcək. Nə etməli? Cənnətə daxil olmaq üçün başqa üsullar axtarmaq lazımdır.
Altıncı küçənin axırında müxtəlif mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqları yoldan ötənlərin nəzərini cəlb edirdi. Sopi yerdən bir daş götürüb şüşəyə atdı. Tindən çıxan adamlar ora-bura qaçışdılar. İrəlidə isə polis yüyürürdü. Sopi əllərini cibinə salıb dayandı və polisin qarşısında gülümsəməyə başladı.
– Bunu kim edib? – polis tələsik xəbər aldı.
– Sizə elə gəlmir ki, bu işdə mənim barmağım var? – Sopi xəfif istehzayla, lakin öz böyük uğuruna sevinən adam təki mehribancasına soruşdu.
Polis Sopini heç fərziyyə kimi də qəbul etmək istəmədi. Mağazaların vitrinlərini daşla qıran adamlar qanun keşikçiləri ilə danışığa girmirlər. Onlar o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Polis məhəllənini axırında tramvaya çatmaq üçün qaçan adamı gördü və dəyənəyini qaldırıb onun arxasınca yüyürdü. Sopi qəlbində ikrah hissi ilə yoluna davam etdi. İkinci uğursuzluq…
Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi. O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı və havası ağır, süfrəsi bəzəksiz və şorbaları dadsız idi. Bu mədə məbədgahına Sopi öz eyibli çəkmələrini və sürtülmüş şalvarını əngəlsiz keçirə bilərdi. O, masa arxasında oturub bifşteks, bir porsiya oladya22 və bir tikə piroq yedi. Sonra isə restoran xidmətçisinin nəzərinə çatdırdı ki, lap xırda qəpiklərlə də ümumi tanışlığı yoxdur.
– Yaxşı, indi isə, – Sopi dedi, – tez olun! Polisi çağırın. Lütfən, cəld tərpənin, centlmeni gözləməyə məcbur etməyin.
– Polissiz də keçinərsən! – ofisiant yağlı bulka kimi yumşaq səslə dilləndi və kokteyldəki albalıya oxşar gözləri işıldadı, – ey, Kon, kömək elə!
İki ofisiant Sopini səliqə ilə sol qulağı üstə səkinin üstünə yıxdı. O, uzun dülgər xətkeşi kim yerdən hissə-hissə qalxdı, paltarının tozunu çırpdı. Həbs olunmaq ona xoş arzu, Ada isə əlçatmaz xəyal kimi görünürdü. İki ev aralıdakı aptekin yanında dayanan polis gülüb yoluna davam etdi.
Sopi bəxtini bir daha sınamaq üçün cəsarət toplamazdan əvvəl beş məhəllə dolaşası oldu. Ciddi və gözəl geyinmiş cavan bir qadın mağazanın vitrini qarşısında dayanmışdı, üz qırxmaq üçün ləyənçələrə və mürəkkəbqabılara baxırdı. İki addım kənarda isə zorba, zabitəli bir polis dirsəyini yanğınsöndürən krana söykəyib özünü nümayiş etdirirdi.
Sopi ikrah doğuran küçə arvadbazı rolunu oynamaq qərarına gəldi. Nişan aldığı qadının münasib xarici görkəmi və heybətli polisin yaxında olması tezliklə polisin güclü əlini çiynində hiss edəcəyinə və qış mövsümünü rahat adacıqda keçirəcəyinə təminat verirdi.
Sopi missioner xanımın hədiyyəsi olan qalstuku düzəltdi, sözə qulaq asmayan manjetini çölə çıxardı, şlyapasını rəşadətlə yan qoydu və düz gənc qadına sarı addımladı. O, şuxluqla qadına göz vurdu, qaqqıldadı, gülümsədi, öskürdü, bir sözlə, küçə avaralarına məxsus bütün klassik fəndlərdən həyasızcasına istifadə etdi. Sopi gözünün ucu ilə baxıb gördü ki, polis diqqətlə onu izləyir. Gənc qadın bir neçə addım kənara çəkildi və yenidən ləyənçələrə baxmağa başladı. Qadının arxasınca gedən Sopi sırtıqcasına onunla yanaşı dayandı və şlyapasını qaldırıb dedi:
– Ah, siz necə də gözəlsiniz! Bir az gəzişək?
Polis izləməkdə davam edirdi. Təhqir olunmuş gənc qadının barmağını qaldırması kifayət edərdi ki, polis özünü yetirsin. Sopi artıq polis məntəqəsinin istiliyini və rahatlığını canında hiss edirdi. Amma birdən Sopiyə tərəf çevrilən gənc qadın onun əlindən tutdu.
– Məmnuniyyətlə, Mayk! – qadın sevinclə dilləndi. – Pivəyə qonaq edərsən? Mən elə əvvəldən səninlə danışardım, amma polis baxırdı.
Gənc qadın sarmaşıq palıd ağacına dolaşan kimi Sopinin ətrafında dolanırdı. Beləliklə, o, qadınla əl-ələ qanun keşikçisinin yanından ötub-keçdi. Müsbət olanı o idi ki, Sopi azadlıqdan ləzzət almağa məhkum olunmuşdu. Yaxınlıqdakı küçədə o, yol yoldaşından kənarlaşıb aradan çıxdı. O, reklam işıqları ilə bəzədilmiş məhəllədə dayandı. Bu məhəllədə insanlar da, qəlblər də, musiqi də eyni dərəcədə xoşagəlimli idi. Qadınlar xəzlərində, kişilər isə isti paltolarında soyuq küləklə mehriban ünsiyyətə girmişdilər. Sopini qəfil qorxu hissi bürüdü. Bəlkə, hansısa yaman caduların hesabına o, polislərin qarşısında dişbatmaz olub? Çaşıb-qalmışdı. Polisin yanına çatdığı zaman teatrın işıqlandırılmış girişi qarşısında vüqarla dayandı və “ictimai yerdə xuliqanlıq” adlanan sonuncu saman çöpündən yapışmaq qərarına gəldi.
Sopi xırıltılı səsi ilə gücü çatdığı qədər hansısa mahnını keflilərsayağı bağırmağa başladı. O, səkinin üstündə rəqs eləyir, bağırır, ədabazlıq edir – asayişi pozmaq naminə bütün üsullardan yararlanırdı. Polis dəyənəyini fırladı və arxasını qalmaqalçıya çevirərək yoldan ötən birinə dedi:
– Bu, tələbədir. Onlar bu gün Hartford kollecinin futbol komandası üzərində çaldıqları qələbəni bayram edirlər. Səs-küy salırlar, amma bu, təhlükəli deyil. Bizi təlimatlandırıblar ki, onlara toxunmayaq.
Çarəsiz Sopi heç nəyə yaramayan canfəşanlığına son qoydu. Doğrudanmı, bir polis tapılmayacaq ki, onun yaxasından yapışsın? Adadakı həbsxana ona əlçatmaz arzu kimi görünməyə başladı. O, nazik pencəyini bərk-bərk düymələdi: soyuq bütün bədəninə işləyirdi.
Tütün dükanında Sopi qaz borucuğunda siqar çəkən cənabı gördü. O, ipək parçadan olan çətirini girişdə qoymuşdu. Sopi kandarı adladı, çətiri götürdü və yavaş-yavaş geri qayıtmağa başladı. Siqarlı adam cəld onun arxasınca düşdü.
– Bu mənim çətirimdir, – o, ciddi şəkildə dedi.
– Doğrudan? – Sopi soyğunçuluğa əlavə kimi həyasızcasına gülümsədi, – bəs nə üçün polis çağırmırsınız? Bəli, çətirinizi götürmüşəm. Ona görə də polis çağırın! Bax o, tində dayanıb.
Çətirin sahibi addımını yavaşıtdı. Sopi də həmçinin. O artıq hiss etdi ki, tale yenidən onunla amansız oyun oynayır. Polis maraqla onlara baxırdı.
– Görünür, – siqarlı adam dedi, – əlbəttə… siz… bir sözlə, belə səhvlər olur… Əgər bu sizin çətirinizdirsə… düşünürəm ki, məni bağışlayarsınız… mən bu gün onu restorandan götürmüşəm… Əgər siz onu özünüzünkü hesab edirsinizsə… nə olar… olsun.
– Əlbəttə, bu mənim çətirimdir, – Sopi hirslə dedi.
Çətirin əvvəlki sahibi geri çəkildi. Polis isə əynində dəbdəbəli manto olan hündür, sarışın qadına kömək etməyə tələsdi: ona küçəni keçməyə kömək etmək lazım idi, çünki iki məhəllə aralıda tramvay görünürdü.
Sopi təmir nəticəsində eybəcər hala salınmış küçə ilə şərqə tərəf üz tutdu. O, dəbilqəli və dəyənəkli adamlara lənətlər yağdıra-yağdıra çətiri hirslə çalaya tulladı. Onların əlinə keçməyi nə qədər arzulasa da, ona müqəddəs Roma papası kimi baxırdılar.
Nəhayət, Sopi, demək olar ki, heç bir təlaşın və səs-küyün olmadığı küçələrdən birinə çatdı və Medison bağına doğru addımladı. Görünür, insanı doğma ocağa çəkən instinkt hətta bu evi parkdakı skamya əvəz eləsə də, heç zaman ölmür.
Lakin Sopi xüsusilə sakit olan dalanların birində qəflətən dayandı. Burada sivri damı olan köhnə kilsə yerləşirdi. Pəncərənin birinin bənövşəyi şüşəsindən xəfif işıq süzülürdü. Görünür, bazar günü xoralını ifa etmək üçün içəridə adamlar toplaşmışdılar. Çünki Sopinin qulaqlarına musiqinin həzin sədaları dəyirdi və o, çuqun barmaqlıqlara sıxılaraq duruxub qaldı.
Ay sakitcə doğub gecəni işıqlandırırdı; faytonlara və yoldan ötənlərə az-az rast gəlmək olurdu; damların altında sərçələr yuxulu-yuxulu cikkildəşirdilər – düşünmək olardı ki, adam kənd qəbiristanlığındadır. Orqan alətinin müşayiəti ilə ifa olunan xoral Sopini çuqun barmaqlığa bənd etmişdi, çünki o bu musiqini əvvəllər çox eşitmişdi – o vaxtlar onun həyatında anası var idi, o vaxtlar onun həyatında cəsarətli məqsədlər, dostlar, təmiz fikirlər və təmiz yaxalıqlar var idi.
Qədim kilsənin pəncərələrindən süzülən musiqinin təsiri altında Sopinin qəlbində qəfil və qəribə dəyişikliklər baş verdi. O yuvarlandığı bədbəxtliyi, məhv olmuş ümidləri, mövcud həyatını doğuran dəyişməz səbəbləri dəhşətlə xatırladı. Ürəyi yeni əhvalına uyğun ahənglə döyün- məyə başladı. O, qəfil özündə qara taleyi ilə mübarizə aparmaq qüvvəsi hiss etdi. Çirkabdan qurtulacaq, yenidən düzgün adam olacaq, onu öz əsirinə çevirən yamanlıqlara qalib gələcəkdi. Hələ vaxt var, o cavandır. Əvvəlki saf arzularını bərpa edib onları həyata keçirmək naminə bütün qüvvəsini səfərbər edə bilər. Orqanın təntənəli, buna rəğmən şirin, doğma musiqisi onda dönüş yaratmışdı. Qəti qərara gəlmişdi: sabah səhər o, şəhərin işgüzar hissəsinə gedəcək, özünə iş tapacaq. Bu günlərdə bir xəz ustası ona yükdaşıyan yeri təklif etmişdi. Elə günü sabah onu axtarıb tapacaq və bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O…
Sopi kiminsə əlini çiynində hiss etdi. Tələsik nəzər saldığı zaman qarşısında polisin enli sifətini gördü.
– Burada nə edirsiniz? – polis soruşdu.
– Heç nə, – Sopi cavab verdi.
– Onda gedək, – deyə polis Sopinin boynunun ardından tutub itələdi.
– Üç aylığa Adaya, – ertəsi gün hakim belə bir qərar çıxardı.
О проекте
О подписке
Другие проекты
