Читать книгу «Hekayələr» онлайн полностью📖 — О. Генри — MyBook.
image

İNCƏSƏNƏTƏ SEVGİDƏN

İncəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan. İlkin şərt budur. Hekayəmiz bu şərtin, eyni zamanda da onun təkzibinin nəticəsi olaraq meydana gəldi. Bu hekayə məntiqi nöqteyi-nəzərdən orijinal və yeni, ədəbi üslubuna görə isə Böyük Çin səddindən azca qədim olacaq.

Orta Qərbin əsrlik palıd ağacları arasında və yastı düzənliklərində böyüyən Co Lerrebinin təsviri sənətə böyük yanğısı vardı. O, altı yaşında ikən kartonun üstündə şəhərin su qurğusunu və onun yanından tələsik ötən mötəbər bir sakinini təsvir etmişdi. Yaradıcılıq səyinin məhsulu olan bu şəkil çərçivəyə salınmış, dənələri tək-tək sıralanmış qarğıdalı qıçası ilə yanaşı, aptekin pəncərəsinə qoyulmuşdu. Co Lerrebinin iyirmi yaşı tamam olanda isə o, qalstukunu rahatca bağladı, kəmərini tarım çəkdi və doğma şəhərini tərk edərək Nyu-Yorka yollandı.

Diliya Keruzer Cənubda, şam ağacı ilə əhatə olunmuş kənddə yaşayırdı və onun fortepianonun altı oktavalıq dillərindən çıxardığı səslər qohumlarının qəlbində elə böyük ümid yaratmışdı ki, məhz onların köməyi ilə pul daxılına “musiqi təhsilini tamamlamaq” məqsədilə şəhərə getmək üçün kifayət qədər pul yığılmışdı. Amma təhsilini necə tamamlayacaqdı – bunu qohumlar əvvəlcədən bilə bilməzdilər… Belə ki, hekayəmiz də elə bundan bəhs edəcək.

Co və Diliya studiyada rastlaşdılar. Rəssamlığı və musiqini öyrənən cavanlar işıq və kölgə, musiqi, Rembrandtın3 əsərləri, rəsmləri, divar kağızları, Valdteyfel4 və Şopen5 barədə söhbət etmək üçün bura yığışırdılar.

Co ilə Diliya bir-birinə vurulmuşdular, ya da bir-birindən xoşlanırdılar – zövqünüzə hansı uyğundursa, onu da qəbul edin – və vaxt itirmədən izdivaca girdilər. Çünki (yuxarıda qeyd olunanı yadınıza salın) incəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan.

Mənzil kirayələyib mister və missis Lerrebilər öz təsərrüfatlarını idarə etməyə başladılar. Bu, fortepiano dillərinin ən aşağı lya-diezi kimi uzaq dalanların birində yerləşən gözdən uzaq tənha bir mənzil idi. Ər-arvad xoşbəxt idilər. Onlar bir-birinə məxsus idilər, incəsənət də onlara. Kim cavan və varlıdırsa, ona məsləhətim bundan ibarətdir: mülkünü sat və kasıblara payla… daha yaxşısı isə – bu pulları dalandara ver, qoy öz Diliyası və İncəsənəti ilə birlikdə belə bir mənzildə yaşaya bilsin. Bu mənzilin sakinləri, şübhəsiz, mənim sözlərimi təsdiqləyərlər ki, dünyanın ən xoşbəxt adamlarıdır. Xoşbəxtliyin hökm sürdüyü mənzil darısqal ola bilməz. Qoy üzüüstə yıxılmış komod bilyard masasını, buxarı lövhəsi aynanı, yazı masası qonaq otağını, əlüzyuyan isə fortepianinonu əvəz etsin! Əgər dörd divar üstünüzə gələrsə – bədbəxtlik deyil! Təki öz Diliyanızla bu divarların arasına sığışasınız. Əgər evinizdə mehribanlıq və həmrəylik yoxdursa, onda qoy o qədər nəhəng və geniş olsun ki, ora Qızıl darvazadan6 keçərək, Hatteras burnunda7 şlyapanızı, Qorn burnunda8 paltarınızı asaraq daxil ola, Labradordan9 isə çıxa biləsiniz!

Co rəssamlıq sənətini dahi Maestrinin10 özündən öyrənirdi. Siz, şübhəsiz ki, bu adı eşitmisiniz. O öz tələbələrinin üstündə möhkəm əsir, öyrədəndə isə asan öyrədirdi. Görünür, elə bu da ona effektli təzadların ustası kimi böyük şöhrət qazandırıb. Diliya isə musiqini Rozenştokdan öyrənirdi. Əlbəttə, siz fortepiano dillərinin sakitliyini pozan bu şəxsin necə böyük şöhrət sahibi olduğundan xəbərdarsınız.

Co və Diliya pullarını xərcləyib qurtarana kimi çox xoşbəxt idilər. Həmişə belə olur… lakin mən ədəbsiz görünmək istəməzdim. Qarşılarındakı məqsəd onlara tamamilə aydın idi: Co qısa zamanda elə rəsm əsərləri yaratmalı idi ki, nazik bakenbardları və qalın kisəsi olan yaşlı centlmenlər onlara sahib olmaq üçün onun emalatxanasında bir-birini qapazlasınlar, Diliya isə musiqinin bütün sirlərindən agah olmalı, ondan elə doymalı idi ki, parter və lojalarda boş yerləri görəndə şəxsi otağına çəkilərək estrada səhnəsinə çıxmaqdan imtina etməyi, qəfil baş ağrılarını onunla müalicə eləməyi bacarsın.

Amma fikrimcə, ən gözəl şey onların balaca mənzildə yaşadıqları həyatın özü idi: dərsdən qayıtdıqdan sonra edilən coşqun və maraqlı söhbətlər; ikilikdə rahat səhər və nahar yeməyi mərasimləri; bir-biri ilə saf arzuları bölüşmələri – özü də hər biri özünün yox, sevgilisinin uğuru haqda şirin xəyala dalırdı; qarşılıqlı surətdə bir-birinə kömək göstərməyə və bir-birini ruhlandırmağa hazır olmaları və – zövqümdəki iddiasızlığa görə məni bağışlasınlar – yatmazdan əvvəl qəbul etdikləri pendir və zeytunla buterbrodu.

Lakin günlər bir-birini əvəz edirdi və yüksəklərə qaldırılmış İncəsənət bayrağı hələ də öz dirəyində çarəsiz halda dalğalanırdı. Bəzən belə də olur, halbuki bayraqdarın günahı yoxdur. İşgüzarlığa üstünlük verən qaba adamların söylədiyi kimi, hər şey evdən kənara, evin içinə isə heç nə. Mister Maestri və Rozenştoka xidmət haqqını ödəmək üçün pul tapılmırdı. Amma incəsənəti sevirsənsə, heç nədən qorxmamalısan. Beləliklə, Diliya bir dəfə bəyan etdi ki, musiqi dərsi demək qərarına gəlib, çünki dolanmaq lazımdır.

Günlərlə evi tərk edib şagird aradı və nəhayət, bir axşam yüksək əhvali-ruhiyyədə evə qayıtdı.

– Co, əzizim, şagird tapmışam! – o, təntənəli surətdə bəyan etdi. – Bilirsən necə mehriban insanlardır! General… general A.B.Pinkni və qızı. Yetmiş birinci küçədə öz evləri var. Qəşəng evdir, Co! Sən bir onların giriş qapısını görəydin! Bizans üslubunda – gərək ki, sən onu belə adlandırırdın. Otaqlar! Ah, Co, mən heç vaxt belə bir şey görməmişdim! Mən onun qızı Klementinaya dərs deyəcəyəm. Təsəvvür edirsən, elə ilk baxışdan qıza bağlandım. O qədər zərif, o qədər nəzakətlidir ki… Özünü də çox sadə aparır. Başdan-ayağa ağ geyinir. On səkkiz yaşı var. Həftədə üç dəfə onunla məşğul olacağam. Sən bir özün fikirləş, Co, dərsin biri beş dollara! Bu ki möcüzədir! İki-üç belə dərsdən sonra musiqi məşğələlərimi yenidən bərpa edə biləcəyəm. Yaxşı da, əzizim, qaşqabağını sallama, gəl yaxşı bir şam yeməyi təşkil edək.

– Bunları söyləmək sənə asan gəlir, Dili, – mətbəxdə bıçaq və balta ilə “silahlanan” Co konservləşdirilmiş noxud bankasına “hücum” edərək etirazını bildirdi. – Bəs mənim vəziyyətim necə olacaq? Deməli, sən dərs dalınca qaçıb pul qazanacaqsan, mən isə yüksək incəsənət dairələrində qayğısız-qayğısız dolaşacağam? Benvenuto Çellininin11 qalıqlarına and olsun ki, buna razı olmaram! Yəqin ki, mən də qəzet satmaqla, ya da küçələrə daş döşəməklə evə əlavə pul gətirə bilərəm.

Diliya yaxınlaşıb onun boynuna sarıldı.

– Co, sevgilim, necə də axmaqsan! Axı sən rəssamlığı atmamalısan. Başa düş, əgər mən musiqini buraxıb kənar işlə məşğul olsaydım, onda başqa məsələ! Amma mən dərs deyə-deyə özüm də öyrənirəm. Mən ki öz musiqimdən ayrılmıram. Həftəyə on beş dollara milyonçu kimi yaşayarıq. Mister Maestridən uzaqlaşmağı ağlına belə gətirmə.

– Yaxşı, – Co rəfdən balıqqulağı formalı çini salatqabını götürərək dedi. – Hər halda, sənin dərs dalınca qaçmağın mənə ağır gəlir. Yox, bu, incəsənət deyil. Amma sən, əlbəttə, əsl xəzinəsən, afərin!

– İncəsənəti sevirsənsə, fədakarlıqdan qorxmamalısan, – Diliya təmtəraqla dedi.

– Maestri parkda çəkdiyim o etüddəki səma təsvirini təriflədi, – Co bildirdi. – Tinkl isə iki əsərimin vitrininə qoyulmasına razılıq verdi. Bəlkə də, hansısa pullu sarsağın gözü tutdu, onları aldı.

– Mütləq alacaqlar, – Diliya mehribancasına dedi. – İndi isə general Pinkniyə və bu dana ətinə görə taleyə şükür edək.

Növbəti həftə ərzində Lerrebi cütlüyü səhər yeməyinə erkən başladı. Co şəkil çəkdiyi mərkəzi parkda səhər işıqlarının effektlərinə aludə olmuşdu; saat yeddidə Diliya onu bura səhər yeməyi, zərif qayğılar, öpüşlər və həvəslə doyurub yola salırdı. İncəsənət – tələbkar sevgilidir. Co artıq axşamlar nadir hallarda yeddidən tez evə qayıdardı.

Şənbə günü Diliya bir az rəngi ağarmış və yorğun halda, lakin incə bir məğrurluq nümayiş etdirərək üç ədəd kağız beşdollarlığı balaca qonaq otağındakı (səkkizin on futa12) balaca masanın (səkkizin on düymə13) üstünə qoydu.

– Klementina arabir məni məyus edir, – o, bir qədər yorğun tərzdə dedi. – Deyəsən, qız o qədər də çalışqan deyil. Eyni şeyi ona bir neçə dəfə təkrar etmək lazım gəlir. Onun ağ geyimi də artıq adamı qüssələndirir. Amma general Pinkni çox qəribə qocadır! Təəssüf ki, sən onunla tanış deyilsən, Co. O, dərs vaxtı hərdənbir yanımıza gəlir. Axı o, tənha və dul kişidir! Yanımızda dayanıb keçi saqqalına oxşar çal saqqalını dartışdırır. “Hə, onaltıncıların və otuzikincilərin vəziyyəti necədir? – həmişə də belə soruşur, – dil tapa bilirsiniz?”

Ah, Co, sən onların qonaq otağındakı panelləri14 görəsən! Yun parçadan necə də yumşaq portyerlər15 varmış! Klementina yüngülcə öskürür. Ümid edirəm ki, o, göründüyündən daha sağlamdır. Bilirsən, mən, həqiqətən, ona çox bağlanmışam – o qədər mehriban, o qədər mülayim qızdır ki… Özü də yaxşı tərbiyə alıb. General Pinkninin qardaşı bir vaxtlar Boliviyada diplomatik nümayəndə olub.

Elə bu zaman Co qraf Monte Kristo16 kimi əvvəlcə cibindən on dollar, sonra beş, sonra iki, sonra da bir dollar çıxarıb – dörd əsl banknot – arvadının əməkhaqqısı ilə yanaşı qoydu.

– Obeliskli17 akvareli Peoriyadan olan birinə satdım – o, son dərəcə heyrətləndirici bir xəbər gətirmişdi.

– Zarafat edirsən, – Diliya dedi, – ola bilməz!

– Hə də, təsəvvür elə! Təəssüf ki, sən onu görmədin, Diliya. Kök, yun şərf bağlayıb və əlində də əsası. Tinklin vitrinindəki etüdüm diqqətini cəlb edib və əvvəlcə elə bilib ki, bu, yeldəyirmanının təsviridir. Amma o, yaxşı adamdır, dəyirmanın yerinə obeliski aldı və hətta yağlı boya ilə bir rəsm də sifariş verdi: Lekuon yük stansiyasının mənzərəsi. Onu özü ilə aparacaq. Oh, bircə bu musiqi dərsləri çatmırdı! Yaxşı, yaxşı, əlbəttə, onlar da incəsənətin bir hissəsidir.

– Mən çox şadam ki, sən öz işinlə məşğul olursan, – Diliya həyəcanla söylədi. – Səni uğur gözləyir, əzizim. Otuz üç dollar! Biz heç vaxt belə zəngin yaşamamışıq. Bu gün şam yeməyinə istirdiyyə olacaq.

– Bir də göbələklə can əti, – Co əlavə etdi. – Bilmirsən zeytun üçün çəngəl haradadır?

Növbəti şənbə evə birinci Co qayıtdı. O, qonaq otağındakı masanın üstünə on səkkiz dolları qoyduqdan sonra əlindəki qara boyaya oxşar ləkəni tələsik yudu.

Yarım saatdan sonra Diliya da gəldi. Bintlə möhkəm sarınmış sağ əli formasız bağlamaya oxşayırdı.

– Nə olub, Diliya? – Co arvadını öpərək soruşdu. Diliya gülsə də, bir o qədər də şən görünmürdü.

– Klementina dərsdən sonra məni qızardılmış çörəyə qonaq etmək istəyirdi, – o dedi. – Ümumiyyətlə, bu qızda qəribəlik çoxdur. Axşam saat beşdə qızardılmış çörək! General evdə idi; gərək sən görəydin o, tavanın dalınca necə cumdu, elə bil, qulluqçuları yoxdur. Klementinanın səhhətində nəsə bir problem var – o, çox əsəbidir. Əridilmiş pendirin üstünə qızardılmış çörək tökəndə yağı əlimə sıçratdı. Elə ağrıtdı ki, dəhşət! Zavallı özünü itirib göz yaşı tökməyə başladı… General Pinkni isə… bilirsən, qocanın az qaldı ki, ağlı başından çıxsın. Özü aşağıya, zirzəmiyə yüyürdü və kimisə – deyəsən, ocaqçını – aptekə məlhəm və bint dalınca göndərdi. İndi elə də ağrımır.

– Bəs bu nədir? – Co nəvazişlə onun bint sarınmış əlini qaldırdı və bintin altından görünən əsgi parçasını ehtiyatla dartışdırdı.

– Bu, yumşaq bir şeydir, üstündən məlhəm çəkirlər, – Diliya dedi. – İlahi, Co, doğrudanmı, bir dənə də etüd satmısan? – o yalnız indi masanın üstündəki pulları gördü.

– Bu barədə peoriyalı dostumuzdan soruş. O bu gün öz yük stansiyasını götürdü, deyəsən, parkdakı bir mənzərəni və Hudzonun görünüşünü sifariş vermək istəyir. Bu müsibət başına saat neçədə gəldi, Dili?

– Deyəsən, saat beşdə, – Diliya kədərli səslə dilləndi. – Ütünü… yox e, pendiri təxminən həmin vaxtda pilətənin üstündən götürdülər. Sən bir general Pinknini görəydin, Co, o…

– Yaxın gəl, Dili, – Co dedi. O, taxtın üstünə oturdu və arvadını özünə sarı çəkərək qucaqladı.

– Bu iki həftəni sən nə işlə məşğul olmusan? – o soruşdu.

Diliya sevgi və inadkarlıq ifadə edən baxışlarla cəsarətlə ərinin gözlərinin içinə baxdı və general Pinkni barədə nəsə mızıldadı… sonra başını aşağı saldı və sel kimi axan göz yaşlarından əsl həqiqət süzülməyə başladı.

– Mən dərs tapa bilmədim, – Diliya etiraf etdi. – Sənin də rəssamlıqdan uzaqlaşmağına razı ola bilməzdim. Ona görə də camaşırxanaya – İyirmi dördüncü küçədə yerləşdiyini bilirsən – köynək ütüləmək üçün işə düzəldim. Doğrudan da, bütün bunları əla fikirləşmişdim – Pinkni və Klementina barəsində – necə bilirsən, Co? Bu gün camaşırxanada bir qız ütü ilə əlimi yandırandan sonra evə gələrkən yolboyu qızardılmış çörək barədə bu hadisəni uydurdum. İncimirsən ki, Co? Axı mən işə düzəlməsəydim, bəlkə, sən də öz etüdlərini peoriyalı cənaba sata bilməzdin.

– O, əslində, Peoriyadan deyil, – o bu sözləri qısa fasilələrlə söylədi.

– Onun haradan olması vacib deyil. Amma əhsən sənə, Co! De görüm, zəhmət olmasa… yox, əvvəlcə məni öp… lütfən, de görüm, sən nədən başa düşdün ki, mən dərs demirəm?

– Mən bilmirdim… son dəqiqələrə qədər, – Co dedi. – Elə indi də bilməyəcəkdim, amma bu gün qazanxanadan yuxarı – camaşırxanaya əlini ütü ilə yandırmış hansısa qız üçün bint və məlhəm göndərəsi oldum. Artıq mən iki həftə olar ki, o camaşırxananın qazanxanasında işləyirəm.

– Deməli, sən…

– Mənim peoriyalı alıcım eynən sənin Pinknin kimidir – sadəcə, sənət əsəridir, yeri gəlmişkən, nə rəssamlıqla, nə də musiqi ilə heç bir əlaqəsi yoxdur.

Hər ikisi güldü və Co danışmağa başladı:

– Əgər incəsənəti sevirsənsə, heç bir…

Amma Dili əli ilə ərinin ağzını tutdu, sözünü tamamlamağa imkan vermədi.

– Yox, – o dedi, – sadəcə, əgər sevirsənsə…

...
7