Читать книгу «Hekayələr» онлайн полностью📖 — О. Генри — MyBook.
image

YALANÇI PARILTI

Mister Tauers Çendler otağında bayırlıq kostyumunu ütüləyirdi. Ütünün birini qızmaq üçün qaz pilətəsinin üstünə qoymuşdu, o birini isə səylə irəli-geri itələyərək istədiyi qatı almağa çalışırdı; bir azdan onun laklı çəkmə- lərindən ta jiletinin ensiz yarığının uclarınadək ox kimi necə dümdüz uzandığını görmək olacaqdı. Bizim qəhrəmanın geyimi barədə söylədiklərimiz elə bunlardan ibarətdir. Qalanlarını isə qoy alicənab səfalətin rəzil kə- ləkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz mister Çendleri ucuz mebelli otaqların pilləkənləri ilə endiyi zaman yenidən görəcəyik; səliqəli geyinmiş, özündənrazı, yaraşıqlı, zahiri görünüşcə tipik nyu-yorklu klub adamı – bir qədər darıxdırıcı görkəmi ilə əyləncə gecələrinə tələsən əyyaş.

Çendler həftəyə on səkkiz dollar alırdı. O, bir memarın kontorunda işləyirdi. İyirmi iki yaşı vardı. Arxitekturanı əsl incəsənət hesab edir və səmimi-qəlbdən inanırdı ki – amma bu barədə Nyu-Yorkda bəyanat verməyə risk etmirdi – məşhur “Ütü” göydələni23 öz memarlıq üslubu ilə Milan kilsəsindən24 geri qalır.

Çendler hər həftə maaşından bir dollar qırağa qoyurdu. Hər onuncu həftənin axırı bu üsulla topladığı kapitala simic Zaman Atanın dükanından bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi.

Özünü milyonerlərə və krallara xas reqaliyalarla25 bəzəyər, şəhərin reklam və vitrinlərinin daha gur işıq saçdığı hissəsinə gedər, ləzzət və təmtəraqla nahar edərdi. Cibindəki on dolların hesabına bir neçə saat varlı avara rolunu məharətlə oynamaq mümkün idi. Bu məbləğ yaxşı nahara, münasib etiketli bir şüşə çaxıra, çaypuluna, siqara, faytona və s.-yə kifayət edirdi. Yetmiş cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşəverici axşam vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi.

Qızların cəmiyyət içinə ilk addımı yalnız bir dəfə olur; saçları ağaranda da həmin an onun yaddaşında xoşbəxt və təkrarolunmaz bir hadisə kimi yaşayır. Çendler də hər on həftədən bir bu axşamdan ilk dəfə olduğu kimi böyük ləzzət alırdı: palma ağaclarının altında kef əhlinin əhatəsində oturub bu cənnətin sakinlərini seyr eləmək və onların baxışlarını öz üzərində hiss etmək, qat-qat paltarlı gənc debütant qızın ilk valsına dəvət almaq… Bütün bunlar müqayisəedilməz idi.

Çendler Brodvey səyyar ziyafət paltarları sərgisinin tamhüquqlu iştirakçısı kimi addımlayırdı. Bu axşam o, təkcə tamaşaçı yox, həm də ekspert idi. Növbəti altmış doqquz günü o, köhnə kostyum geyinəcək, təsadüfi barların piştaxtası arxasında mənşəyi bəlli olmayan ümumi süfrə yeməkləriylə, öz otağında isə buterbrodlarla və pivə ilə qidalanacaqdı. Lakin bu onu təşvişə salmırdı. Axı o, nəhəng zahiri parıltılı şəhərin əsl oğlu idi və Brodvey fənərlərinin işıqlandırdığı bir axşam onun qüssə içində keçirdiyi çoxsaylı axşamların yerini doldururdu.

O elə hey addımlayırdı. Budur, artıq qırxıncı küçə həzzə aparan yolun işıqları ilə kəsişməyə başladı; hələ tez idi, amma insan yüksək cəmiyyətlə yetmiş gün ərzində cəmi bir dəfə ünsiyyətə girirsə, o zaman bu ləzzətin ömrünü uzatmaq istəyir. Parlaq, qaşqabaqlı, maraq dolu, məftun, meydan oxuyan, cəzbedici baxışlar ona dikilmişdi, çünki geyimi və görkəmi onun fərəhli və həzz dolu saatların pərəstişkarı olduğunu təsdiq edirdi.

Tinlərin birində dayanıb düşünürdü ki, bəlkə, artıq geriyə qayıtmağın, bədxərc vaxtlarında nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan birinə getməyin vaxtı çatıb? Elə bu an sürətlə tini burulmaq istəyən bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. Çendler dərhal nəzakətlə ona qalxmağa kömək etdi. Qız axsaya-axsaya yaxınlaşıb divara söykəndi və utana-utana Çendlerə minnətdarlığını bildirdi.

– Deyəsən, ayağımı zədələmişəm, – qız ayağının burxulduğunu hiss edib dedi.

– Çox ağrıdır? – Çendler soruşdu.

– Yalnız ayağımı yerə bərk basanda. Məncə, bir neçə dəqiqədən sonra yeriyə bilərəm.

– Mən sizə kömək edə bilərəmmi? – gənc oğlan təklif etdi, – istəyirsinizsə, fayton çağırım, ya da…

– Təşəkkür edirəm, – qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. – Düz sözümdür, narahat olmağa dəyməz. Necə oldu axı yıxıldım?! Deyəsən, ayaqqabımın dabanları boş imiş.

Çendler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin oldu. Qız zərif və qəşəng idi, şux və mehriban baxışları vardı. Əynindəki qara rəngli sadə donu satıcıların geyindiyi paltara bənzəyirdi. Yeganə bəzəyi məxmər lent olan ucuz həsir şlyapasının altından parlaq, tünd-şabalıdı saçları görünürdü. Ona baxmaqla əsl zəhmətkeş bir qızın portretini çəkmək olardı.

Birdən gənc memarın ağlına yeni fikir gəldi. O, qızı nahara dəvət edəcəkdi. Onun təmtəraqlı, lakin tənha ziyafətində məhz bu çatışmırdı. Qısamüddətli gözəl məclisi qadınla birlikdə keçirə bilsə, bunun ləzzəti ikiqat artıq olardı. O, qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi – danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc hiss edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. Bu fikirlər ağlına batdığı üçün o, qəti qərar qəbul elədi. Bəlkə də, o, ədəb qaydalarını pozdu, amma öz zəhməti hesabına yaşayan qızlar belə vəziyyətlərdə nadir hallarda rəsmiyyətə üstünlük verirlər. On dolları ağıllı-başlı xərcləyə bilsə, ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl bir hadisə olacağını təsəvvür etmək çətin deyildi; qızın əsl heyranlığı sayəsində onun qələbəsi və aldığı həzz daha şirin olacaqdı.

– Fikrimcə, – o, ciddi şəkildə dedi, – ayaqlarınızın dincəlməsi üçün hesab etdiyinizdən daha artıq vaxt tələb olunur. Mən sizə kömək etmək istəyirəm, eyni zamanda mənə də lütfkarlıq etmiş olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla baş-başa nahar etməyə hazırlaşırdım. Gedək, rahat bir şəraitdə oturarıq, nahar edərik, söhbətləşərik. Bu müddət ərzində ayağınızın ağrısı da azalar və əminəm ki, evə asanlıqla gedib çıxacaqsınız.

Qız Çendlerin xoşagələn və aydın sifətinə ötəri nəzər saldı, gözləri alışıb-yandı və mehribancasına gülümsədi.

– Amma biz tanış deyilik… belə, deyəsən, yerinə düşmür, – qız tərəddüdlə dilləndi.

– Burada pis heç bir şey yoxdur, – o, sadəlövhlüklə dedi. – İcazənizlə, özümü təqdim edim: mister Tauers Çendler. Naharın sizin üçün mümkün qədər yaxşı keçməsinə çalışacağım. Nahardan sonra isə sizinlə vidalaşarıq, ya da icazə versəniz, evinizə qədər ötürərəm.

– Əlbəttə, amma belə paltarda, bu şlyapada! – qız Çendlerin qüsursuz kostyumuna nəzər salıb söylədi.

– Bu, vacib deyil, – Çendler sevincək dilləndi, – doğrusu, siz bu geyimdə orada olacaq istənilən dəbdəbəli qadından daha cazibədar görünürsünüz.

– Ayağım hələ də ağrıyır, – qız tərəddüdlə addım ataraq etiraf etdi. – Görünür, ziyafət təklifinizi qəbul etməli olacağam. Mənə… miss Merian deyə bilərsiniz.

– Onda getdik, miss Merian, – gənc memar şuxluqla, lakin nəzakətlə dedi. – Sizə uzağa getmək lazım gəlməyəcək. Yaxınlıqda münasib bir restoran var. Qoluma girin… bax belə… və yavaş-yavaş getdik. Təklikdə nahar etmək darıxdırıcıdır. Sürüşdüyünüzə hətta bir az sevinirəm də.

Onları yaxşı bəzənmiş masanın ətrafında əyləşdirən ofisiant qarşılarında sual verirmiş kimi dayandığı vaxt Çendler hər dəfə kübar həyata çıxarkən keçirdiyi məmnunluq hissini təkrarən yaşadı. Bu restoran onun Brodveydən bir qədər kənarda bəyənib seçdiyi restoran kimi dəbdəbəli deyildi, lakin çox az şeydə ondan geri qalırdı. Masanın arxasında varlı müştərilər oturmuşdu. Orkestrin ifası yaxşı idi və xoş söhbətə mane olmurdu, yeməklərə və qulluğa söz ola bilməzdi. Onun masa yoldaşı sadə paltarına və ucuz şlyapasına baxmayaraq, özünü ləyaqətlə aparırdı və bu onun üzünün və əndamının gözəlliyinə xüsusi məlahət verirdi. Onun özünü təmkinli aparmasına baxmayaraq, tez-tez Çendlerə baxdığı hiss olunurdu. Qız onun şən və təmiz göy gözlərinə, demək olar ki, heyranlıqla baxırdı. Elə bu zaman Çendlerin varlığına Manhettenin ağılsızlığı, mənasızlıq və şöhrətpərəstliyin azğınlığı, lovğalıq basili26, çox ucuz ədabaz- lığın yaratdığı taun hakim kəsildi. O, Brodveydədir… hər tərəfdən parıltı və dəbdəbə süzülür, tamaşaçı da nə qədər istəsən. O özünü səhnədə hiss edib birgünlük varlı bir kübar avara və ağzının dadını bilən adam rolu oynamaq qərarına gəldi. Kostyumu roluna uyğun gəlirdi və heç bir qoruyucu mələk ona bu rolu oynamağa mane ola bilməzdi.

Beləliklə, o, miss Meriana klub və banketlər, qolf və at yürüşləri, kotilyonlar27, xarici ölkələrə səyahətlər barədə yalanlar danışmağa başladı, hətta Larçmontda yaxtası olduğuna da işarə vurdu. Boşboğazlığının qızda müəyyən təəssürat oyatdığını gördükdə həvəslənib milyonlar barədə yeni yalanlar quraşdırdı və adətən, meşşanların köks ötürərək şərəflə söylədikləri bir neçə soyadı yada saldı. Bu zaman kəsiyi ona məxsus idi və ondan yaxşı hesab etdiyi nə vardısa, qoparmağa çalışırdı. Amma bu, deyəsən, qızda elə bir maraq oyatmadı.

– Sizin haqqında danışdığınız həyat tərzi, – qız dedi, – mənə çox mənasız və dəyərsiz görünür. Doğrudanmı, bu geniş dünyada özünüzə elə bir iş tapa bilmirsiniz ki, o sizin üçün maraqlı olsun?

– İş?! – o, ucadan dedi. – Əzizim miss Merian! Təsəvvür etməyə çalışın ki, hər gün nahara çıxarkən geyiminizi dəyişmək, dostlarla görüşdə iştirak etmək lazımdır; maşının sürətini isə uzunqulağın yerişindən azca yüksək etdikdə tində gözləyən polislər üstünə cumub dərhal səni məntəqəyə aparacaqlar! Yer üzünün ən işlək adamları elə bizim kimi avaralardır.

Nahar mərasimi sona çatdı, ofisiant səxavətlə mükafatlandırıldı; onlar restorandan çıxıb tanışlıqlarının baş tutduğu küçənin tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi, axsadığı, demək olar ki, hiss olunmurdu.

– Keçirdiyimiz gözəl axşama görə sizə təşəkkür edirəm, – qız səmimi-qəlbdən etiraf etdi. – Nahar çox xoşuma gəldi, mister Çendler. Yaxşı, indi isə evə qaçmalıyam.

Memar nəzakətlə gülümsəyib qızın əlini sıxdı və öz klubu barədə nəsə söylədi. Bir anlıq dayanıb şərq istiqamətində tələsik gedən qıza baxdı, sonra fayton saxlatdırıb evinə sarı yol aldı. Öz rütubətli otağında bayırlıq kostyumunu qatladı və dincəlmək üçün ona altmış doqquz gün vaxt verdi. Sonra oturub fikirləşməyə başladı.

– Bax əsl qız buna deyərəm! – o, ucadan söylədi. – Bir tikə çörəyə görə işləməli olsa belə, onun düzgün qız olduğuna başımla cavabdehəm. Kim bilir, mən bu sarsaq cəfəngiyatı uydurmaqdansa, ona düzünü söyləsəydim, bəlkə də, biz… eh, hər şey cəhənnəm olsun! Kostyuma görə məcbur oldum.

Zəmanəmizin manhettenlər qəbiləsinin28 viqvamlarında29 doğulub boya-başa çatmış yırtıcının mülahizələri bundan ibarət idi.

Kavalerindən ayrılan qız tez-tez addımlayaraq düz şərq tərəfə istiqamət götürdü və iki məhəllə keçdikdən sonra Beşinci küçəyə çıxışı olan gözəl, iri bir malikanənin yanına çatdı. O, tələsik evə daxil oldu və gözəl, gənc bir qızın dəbdəbəli ev paltarında durub narahat-narahat pəncərədən baxdığı otağa qalxdı.

– Ay səni, dəli! – o, kiçik bacısını gördüyü zaman ucadan dedi. – Sən bu cür hərəkətlərinlə bizi nə vaxta kimi qorxudacaqsan? Artıq iki saatdır ki, Merinin şlyapasında və bu cındır paltarda evdən çıxmısan. Anam dəhşətli dərəcədə təşvişə düşüb. O, bütün şəhərdə səni axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan!

O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu.

– Meri, anama söylə ki, miss Merian qayıdıb.

– Deyinmə, bacıcan. Madam Teogilə qaçdım ona deyim ki, çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul edirdi.

– Nahar artıq qurtarıb, əzizim, sən gecikmisən.

– Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim. Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər yaxındakı restorana çatdım və özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəbi bu idi.

Pəncərənin qarşısında oturan qızlar parlaq işıqsaçan fənərə və işıqları sayrışan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacının dizinə qoyub ona qısılmışdı.

– Nə vaxtsa ərə gedəcəyik, – o, xəyala dalmış vəziyyətdə dilləndi, – sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə yaxşı ailələrə düşməyə imkan verəcək. İstəyirsən, bacıcan, deyim mən necə adamı sevə bilərəm?

– Hə, söylə, boşboğaz, – böyük bacı gülümsədi.

– İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun, o, kasıb qızlara şərəf və ehtiramla yanaşsın, yaraşıqlı və xeyirxah olsun, sevgini əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun, buna əhəmiyyət vermərəm, hər şey edərəm ki, onu öz məqsədinə çatmağa köməklik göstərə bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boş-boşuna keçən avara adamlar əhatə edir; belə adamı isə mən hətta göy gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə bilmərəm.

1
...
...
7