Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, valideynlərindən və beş yaşında balaca qızından ibarət idi.
Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvranmağa başladı. Con Smoders vaxt itirmədən tez evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.
Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl, gənc bir qadın oldu.
Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ərə gedib San-Antonio kəndində yerləşdi. Bir müddət sonra qızı da ailə qurdu və aradan illər keçdikdən sonra onun da qızı gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.
Bir gecə qəribə bir hadisə baş verdi. Neçə illər bundan əvvəl Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvranmağa başladı.
Con Smit (gənc qadının əri) arvadına: “Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam”, – dedi. Arvadı: “Yox, yox, Con, getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan”, – deyə ərinin getməyinə etiraz elədi.
Beləcə, Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandı.
Bir müddət sonra Penzinin halı lap pisləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi, amma arvadı yenə də ona mane oldu.
Elə bu vaxt birdən-birə evin qapısı açıldı və haradansa gəlmiş ağ saç-saqqallı, donqar bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi. Penzi qoca kişini “Xoş gördük, baba” deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı. Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın halı həmin dəqiqə yaxşılaşdı və o sağaldı.
Sonra Con Smoders qızına: “Tramvayı gözlədiyim üçün bir az gecikdim”, – dedi.
Gecə növbəsində olan zəhmli görünüşə malik polis küçə boyunca yuxarı addımlayırdı. Yox, bu heç də göstəriş xatirinə deyildi, çünki ətrafda, demək olar, heç kəs yox idi. Saat təxminən axşam on olardı və külək sanki yağış həsrəti ilə alışıb-yanaraq qəzəblə boş küçələrdə vıyıldayırdı. Heç vaxt ehtiyatı əldən verməyən, arxasınca qapını yoxlayan, dəyənəyini əlində mürəkkəb və çevik hərəkətlərlə fırladan, ayıq-sayıq gözləri ilə tez-tez yola nəzər salan zabit özünün əzmli görünüşü və zəif təkəbbürü ilə əsl sülh keşikçisi portretini yaradırdı. Bu yerlərdə ətraf dükanlar çox erkən bağlanardı. Bu vaxtlarda yalnız siqaret mağazasının və yaxud da bütün gecə açıq olan qəlyanaltı piştaxtasının işıqlarını görmək olardı.
Həmin məhəlləyə çatanda polis qəflətən addımlarını yeyinlətdi. Xırdavat satılan qaranlıq dükanın qarşısında damağında yanmamış siqaret olan bir kişi oturmuşdu. Polis ona yaxınlaşan kimi kişi tez əl-ayağa düşdü.
– Hər şey yaxşıdır, rəis, – o özünü itirmədən dedi. – Mən, sadəcə, dostumu gözləyirəm. Bu, iyirmi il bundan əvvəl razılaşdırılmış bir görüşdür. Bir az gülməli səslənir, elə deyilmi? Yaxşı, əgər bu əhvalat sizə inandırıcı gəlmirsə, mən hər şeyi sizə danışa bilərəm. Uzun illər bundan əvvəl bu mağazanın yerində bir restoran var idi – Bredinin “Böyuk Co” adlı restoranı.
– Beş il bundan öncəyədək də var idi, – polis dedi. – Sonra isə yerlə yeksan etdilər.
Qapıda dayanmış kişi kibriti çıxarıb siqaretini yandırdı. Kibritin alovu onun solğun, dördbucaq sifətini, iti gözlərini və sağ qaşının yanındakı çapığı aydın işıqlandırdı. Onun şərfindəkı qəribə quruluşlu böyük almazdan olan sancaq da gözdən qaçmadı.
– Düz iyirmi il bundan əvvəl, elə bu gecə… – kişi sözə başladı. – Mən burda Bredinin ”Böyük Co”sunda ən yaxın dostum və dünyada ən gözəl insan olan Cimmi Velslə nahar edirdim. Biz iki qardaş kimi Nyu-Yorkda bir yerdə böyüyüb boya-başa çatmışıq. Mənim 18, Cimminin 20 yaşı var idi. Səhəri gün mən pul qazanmaq üçün Qərbə yola düşəcəkdim. Dostumu da aparmaq istəyirdim. Ancaq Cimmini buradan çəkib çıxarmaq mümkün olmadı, çünki onun üçün dünya yalnız Nyu-Yorkdan ibarət idi. Bax beləcə, biz razılaşdıq ki, harada və hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq həmin vaxtdan iyirmi il sonra yenidən bu yerdə görüşəcəyik. Artıq təsəvvür etmək olar ki, iyirmi ildə hansı yolla olursa olsun, ikimiz də öz yolumuzu seçmiş, sərvət toplamışıq.
– Çox maraqlı əhvalatdır, – polis dedi. – Bəlkə də, bu mənə elə gəlir, amma iki görüş arasında iyirmi il xeyli uzun müddətdi. Bu illər ərzində dostunuzdan heç bir xəbər eşitməmisiniz?
– Əlbəttə, bir müddət biz məktublaşdıq, – kişi cavab verdi. – Ancaq bir-iki ildən sonra izlərimizi tamamilə itirdik. Görürsünüzmü, Qərb sanki tilsimli, insanı özünə çəkən böyük bir məkandır və mən sanki onun ətrafında sıxışıb qalmışam. Ancaq bilirəm ki, əgər Cimmi sağdırsa, mənimlə görüşə gələcək, çünki o, həmişə çox dürüst və mətin oğlan olub. O heç vaxt bunu unuda bilməz. Mən bu gecə onu görmək üçün neçə yüz mil33 yol gəlmişəm, əgər mənim köhnə dostum gələcəksə, buna dəyər.
Kişi kəməri kiçik almazlarla bəzədilmiş nəfis qol saatını çıxardı.
– Ona üç dəqiqə qalıb, – o dedi. – Biz onunla burada restoranın qapısında ayrılanda saat düz on tamam idi.
– Qərbdə işlər, yəqin ki, pis getmirdi? – polis maraqlandı.
– Əlbəttə! – kişi dedi. – Ümid edirəm ki, Cimmi, heç olmasa, mənim qazandıqlarımın yarısını əldə edib. Düzdü, onun bir az avamlığı var idi, amma çox yaxşı insan idi. Mən ayağa qalxa bilmək üçün çox yollardan keçməli olmuşam. Nyu-Yorkda isə insan kötük kimi öz yerində oturmalı olur. Amma bir məsələ də var ki, Qərb adamı yontalayıb düzəldir.
Polis əlindəki dəyənəyi fırladaraq bir-iki addım atıb dedi:
– Mən daha getməliyəm, ümid edirəm ki, bu görüş baş tutacaq. Onu çoxmu gözləmək fikrindəsiniz?
– Çətin ki! – kişi dedi. – Hər halda, ona yarım saat verəcəm, əgər Cimmi bu dünyadadırsa, o, həmin vaxt burada olacaq. Sizə yaxşı yol, zabit.
– Gecəniz xeyrə, cənab, – polis gəldiyi yolla qayıdaraq dedi.
Artıq soyuq çiskin başlamış, külək isə şiddətlənmişdi. Bu vaxtlar, adətən, küçədə paltolarının yaxalığı yuxarıda, əlləri ciblərində olan çox az piyada gözə dəyir. Xırdavat dükanının qarşısında öz gənclik dostu ilə görüşmək üçün yüz mil yol gəlmiş kişi isə damağında siqaret, hələ də gözləyirdi. Təxminən iyirmi dəqiqə də keçdi və qəflətən yolun əks tərəfindən küçəni keçməyə tələsən uzun şinelli, yaxalığını qulağınadək çəkmiş hündür bir kişi peyda oldu. O, birbaşa bayaqdan burada gözləyən kişiyə yaxınlaşdı.
– Bob, bu sənsən? – o, tərəddüdlə soruşdu.
– Ah, sənsənmi, Cimmi Vels? – qapıdakı kişi qışqırdı.
– Allah, sən saxla, – təzə gələn kişi həyəcanlandı və onun hər iki əlini ovcunda bərk-bərk sıxdı. – Bob, bilirdim ki, əgər sağsansa, səni burada tapacam. Hə, yaxşı, yaxşı, iyirmi il uzun müddətdir. Artıq köhnə restorandan da əsər-əlamət qalmayıb, Bob, kaş ki o, burada olardı və biz keçmiş günlərdə olduğu kimi yenə birlikdə şam edərdik. Qərbdə işlər necədir, qoca?
– Əla, istədiyim hər şeyi Qərbdən aldım. Sən çox dəyişmisən, Cimmi. Heç vaxt düşünməzdim ki, bu qədər uzunboylu olarsan.
– Ah, iyirmi yaşdan sonra boyum çox uzandı.
– Nyu-Yorkda işlərin necə gedir, Cimmi?
– Pis deyil. Şəhər idarələrinin birində işləyirəm. Gəl, Bob, indi biz tanıdığım bir yerə gedib keçmiş günləri doyunca xatırlayacağıq.
İki dost küçəni qol-qola yuxarı qalxmağa başladı. Uğurlarından lovğalanan qərbli öz karyerasının tarixini təsvir etməkdən sanki zövq alırdı. O biri isə öz şinelinə qısılıb maraqla qulaq asırdı. Küçənin küncündə büllur çilçıraqla alışıb-yanan bir əczaxana var idi. Onlar bu çilçırağa çatanda bir-birinin üzünə daha yaxından baxmaq üçün hər ikisi eyni vaxtda çevrildi. Qərbdən olan kişi qəflətən dayandı və qolunu çəkdi.
– Sən Cimmi Vels deyilsən! – o, boğuq səslə dedi. – Düzdü, iyirmi il uzun müddətdi, ancaq insanın burnunun quruluşunu romalı burnundan34 mops burnuna35 dəyişəcək qədər yox.
– Bu müddət bəzən insanı yaxşıdan pisə də çevirir, – hündür kişi dedi. – Sən təxminən on dəqiqədir ki, həbs olunmusan, “İpək” ləqəbli Bob! Çikaqodan göndərilən teleqramda bu yerlərə gələcəyini güman edirdilər və səninlə danışmaq istədiklərini bildirirlər. İndi isə bölməyə getməzdən əvvəl mən söz verdiyim məktubu sənə çatdırmalıyam. Sən onu pəncərənin qabağında oxuya bilərsən. Bu, patrulda işləyən Velsdəndir.
Qərbli ona uzadılan kiçik kağız parçasını ehtiyatla açdı. Oxumağa başlayanda onun əlləri çox möhkəm idi, ancaq qurtaranda artıq bir az titrəyirdi. Məktub isə olduqca qısa idi: “Bob, mən vaxtında görüş yerində idim. Ancaq sən kibriti çıxarıb siqareti yandıranda mən Çikaqoda axtarılan adamın üzünü gördüm. Bir vaxtlar dost olduğumuz üçün səni həbs edə bilməzdim, ona görə də səssizcə oradan uzaqlaşdım və bu işi yerinə yetirməkçün mülki geyimli kişini göndərdim.
Cimmi”.
Rudolf Şteyner əsl macərapərəst idi. Çox nadir hallarda axşamlar qeyri-adi macəra axtarmaq üçün birnəfərlik otağından çölə çıxmazdı. Bəzən taleyi azdırmaq istəyi onu qəribə yollara gətirib çıxarırdı. İki dəfə polis şöbəsində gecələmişdi; hər dəfə cibgirlərin qurbanına çevrilirdi; xoş bir qadın diqqəti üçün saatı və pul kisəsindən keçməli olurdu. Buna baxmayaraq macəra səhnəsində qarşısına atılan hər bir əl dəsmalını36 həvəslə yerdən qaldırırdı.
Bir dəfə axşam Rudolf şəhərin qədim mərkəzi hissəsi ilə gəzişirdi. Səki boyunca iki növ insan axını keçirdi – biri evinə tələsənlər, digəri isə narahat insanlar, başqa sözlə, şamlarla bəzədilmiş yad süfrəsi üçün evini tərk edənlər. Gənc, xoş görünüşlü macərapərəst sakitcə və addımlayırdı. Gündüz royal mağazasında satıcılıq etmişdi. Macərapərəstin gənc və cəlbedici görünüşü xoş təsir bağışlayırdı, eyni zamanda ümid hissi oyadırdı. Qalstukunu sancaqla bağlamamış, halqadan keçirmişdi.
Səkidəki bərk cingilti səs onun diqqətini (heç bir daxili həyəcan keçirmədən) səs gələn tərəfə yönəltdi. İkinci baxışda gözü qonşuluqdakı qapıda diş həkimi lövhəsindəki elektrik hərflərinə sataşdı. Əyninə qırmızı naxışlı palto, sarı şalvar geyinmiş, başına hərbçi papağı qoymuş iricüssəli zənci, diş həkimi qapısının yanında durub qarşısından keçən insanlara vərəqələr paylayırdı. Diş həkiminin bu şəkildə reklam edilməsi Rudolfa tanış mənzərə idi. Adətən, o, kart paylayan adamın qarşısından keçər, ona təqdim olunan vərəqəni qəbul etməzdi. Lakin bu dəfə həmin afrikalı vərəqələrdən birini onun ovcuna elə basdı ki, Rudolf imtina etməyə macal tapmadı və onun bu hərəkətinə gülümsəməklə cavab verdi. Bir neçə addım yeridikdən sonra laqeydcəsinə vərəqəyə nəzər saldı. Təəccüblə o biri üzünü çevirdi. Sonra bir daha baxdı. Amma bu dəfə maraqla. Vərəqənin bir üzü təmiz idi, o biri üzündə isə mürəkkəblə yazılmışdı: “Yaşıl qapı”. Elə bu an Rudolf qarşıda gedən adamın ona təqdim olunan vərəqəni yerə atdığını gördü. Əyilib götürdü. Burada isə üzərində diş həkiminin soyadı, ünvanı və xidmət siyahısı yazılmışdı: “protezlər”, “körpü”, “diş qapağı” və daha bir qeyd: “dişin ağrısız çəkilməsi”.
Macərapərəst royal satıcısı küçənin tinində durub fikrə getdi. Sonra küçənin qarşı tərəfinə keçdi və geri istiqamətdə məhəlləyə tərəf addımladı, əvvəlki tərəfə keçib diş həkiminin elektrik lövhəsi asılan yerə doğru hərəkət edən axına qoşuldu. Rudolf ikinci dəfə zəncinin yanından keçəndə özünü elə apardı ki, guya onu görmür. Saymazyana yenidən ona təqdim olunan vərəqəni götürdü. On addım irəliləmişdi ki, təzə vərəqəyə nəzər saldı. Birinci vərəqədəki xətlə yazılmışdı: “Yaşıl qapı”.
Səkinin kənarında küçə ilə hərəkət edənlərin ayağı altına atılmış həmin vərəqələrdən üç dənəsi vardı. Vərəqələr hamısı yerə ağ tərəfi üstə düşmüşdü. Əyilib onları götürdü. Hamısının üzərində diş həkiminin ünvanı yazılmışdı.
О проекте
О подписке
Другие проекты
