Читать книгу «Məhşər» онлайн полностью📖 — İsa Muğanna — MyBook.
image
cover

İllər dolandıqdan sonra, «hakimiyyətdən kənar» şair, indi Fəzl xəlifəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi, dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışqırtısı ilə şahı heyrətləndirmiş Nəsimi, indi cismani kamilliyi ilə onu valeh etmişdi.

Ancaq, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xirqənin yapıncısayaq qunçları çiyinlərini boyuna münasib göstərsə də, yaxın həmdəmləri bilirdilər ki, onun çiyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta sinəsində çökəklik vardı. Yalnız sifətinin kəhrəbasında və gözlərinin işıq saçan qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda, tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.

Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb, bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi təkbaşına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim, bu əzəmətin ona yox, bir ayrısına xidmət etdiyinə təəssüflənirmiş kimi, bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə, sakit və hətta hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıdığı şair, nə vaxtdan Seyid Əli olub. Nəsimi əzəmətini daha da gözəlləşdirən məlahətlə gülümsündü.

– Yarandığım gündən Seyid Əliyəm, şahım, – dedi.

– Mənim əcdadım seyid olub. Əli isə öz övladına Əli qüdrəti diləyən bir sufinin mən dünyaya gələndə qulağıma pıçıldadığı addır.

Saraya-elçixanaya buraxılmadan, darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi, şahın heç də pis başlamadığını görüb, söhbətin ahəngini davam etdirmək niyyəti ilə:

– İmadəddin mənim ikinci adımdır. Nəsimi isə, ustad dimağının nəsimidir[33], – dedi və elə bununla da şahın üzünün dəyişməsinə səbəb oldu. İbrahim birdən-birə tutuldu.

– Mən Fəzlullahın özünü çağırmışdım, – dedi.

– Hardadır şeyx?

Şahla birgə onun sağ çiyninin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da qulaq kəsilib, elçinin bu çətin suala necə cavab verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsaslandıracağını gözlədilər.

Şahın sualı böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:

– Fəzl laməkandır[34], şahım, – dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimin özünü də diksindirdi. «Laməkan» Quran kəlməsi idi və yalnız bir olan Allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.

Amma İbrahimi diksindirən bu deyildi. Hürufilərin Fəzlullahı Allah adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü-«həq sözü», Fəzl iradəsi – «həq iradəsi» sayılırdı. Bunları İbrahim o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. «Laməkan» kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o, buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünki Nəsimi Fəzli «laməkan» adlandırmaqla ustadının Allah kimi gözəgörünməz və toxunulmaz olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, şahın onu axtartdırması əbəsdir. Başqa sözlə, Fəzli şah hüzuruna çağırmaq, Allahın özünü çağırmaq kimi bir şeydir. «Laməkan» kəlməsinin mənası belə idi. İbrahim bu mənanı dərhal anladı və dərhal da hökm verdi:

– Fəzlullaha çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!

Hələ ustadın «uca minbər qabağında namaz» barədə məktubunu oxuyub, məxfi otaqda Mahmud və Yusiflə görüşəndə, Nəsimi yoldaşlarına demişdi ki, məramını «Adıyüksəyə» çatdırmağı Fəzl yalnız ona-Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.

Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar və ehtiyatsızlığı ilə xəlifələrin hamısının narazılığına səbəb olan şair, indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?.. Nəsimi, ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xirqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıdıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o, bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin «Cavidannamə» ilə getdiyindən xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırtdırmazmı? Nəsimi bu sual qarşısında aciz qalıb, yalnız Fəzlin kitablarını salamat aparmaq xatirinə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.

Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə, dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas dəstəsi ilə qarşılaşanda və hətta indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi, kitabların ələ keçməsi deməkdi. Kitabların ələ keçməsi isə «uca minbər qabağında namazın» sirrinin açılması, elçilərin şahı hürufi etmək niyyətində olduqlarının aşkara çıxması demək idi. Odur ki, şah, Fəzl gəlməsə xəlifələrin edam olunacağını deyəndə, Nəsimi də istər-istəməz dəyişib, birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içinə dikdi:

– Dərgaha biz birgə gəlmişik, birgə də öləcəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! – dedi. Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən, hökmdar qarşısında hökmdar kəskinliyi ilə:

– Fəzlə məlumdur ki, Əlincədə döyüş meydanına atılan papaq da, məsciddə qurama sui-qəsd də sənin öz əməlindir! – dedi.

– Sənin yüksək adını və ləyaqətini xələldar edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadar edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmuruq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizimlə əlaqəni pərdələmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzli düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!

Yalnız bir neçə ən yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın «öz əməli» olduğu düşmən qulağına və hürufilərə necə çatmışdı?! İbrahim heyrətini gizlədə bilməyib, çiyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi.

– Dərgahında xəyanət var, şahım, – dedi.

– Miranşahın ordusundan çoxlu təğyirlibas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvil verəcək. İbrahim gərgin fikirdə idi.

Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm da Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındakı karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxmışdılar. Sonralar İbrahim, Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını əmr edərkən, bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: «Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açmasalar, şəhər qapılarının açıqlığından qorxmaram», – demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim, həm də xəyanətdən qorxduğu kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınınsa Miranşaha xidmət etdiyini xəbər verəndə, İbrahimin sifətini soyuq tər basdı.

Sui-qəsd haqqında danışıqda, şahla vəliəhddən başqa, cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firidun. Xain hansı idi?

İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin Hacının qəlbi gözlərində idi və İbrahim, ifrat şərabdan həmişə bir qədər süzgün baxan o xırdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!

İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.

Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxıya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda, Gülüstan sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: «Xəbərgir dərvişlər olan yerdə vəliyə nə hacət?» – demişdi.

Miranşah Şamaxıdan yola düşən günü, şəhərin dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli «Yahu, Yahu» qışqırtıları ilə,vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl-gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində əllərində silah-batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində fırladaraq, qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, fındıq, xurma, sucuq yeyə-yeyə, «Yahu, Yahu» qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda[35] və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsinə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər danışsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağı altında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb, doğrudanmı, şeyx Əzəmdi? Doğrudanmı, İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!

O, meydanda vurnuxub, gah fəal elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:

– Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, – dedi.

– Bəs sizə kim çatdırıb bu xəbərləri?

Nəsimi bu dəfə tamamilə sakitcə dedi:

– Fəzl müridi çatdırır, şahım.

– Fəzl müridi Miranşahın hüzurunda oturur?!

Nəsimi istər-istəməz gülümsünüb:

– Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, – dedi və dərhal hiss etdi ki, bundan sonra «namaz» baş tutmaya bilməz.

4

Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair, uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq», – deyib haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu. İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl[36] və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim, çancarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ikinci namazından sonra vaxtını, adətən, ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və şamdanlarda şamları yandırmağa tələsirdilər.

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar[37] öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların diblərində qollarını sinələrində çarpazlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xırdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əlifbanın baş hərfi «əlif» şəklində yüngül bir açar vardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açarı Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasətinin açarı hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim nədənsə hürufiləri də «məqbul sufi» sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: «Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılarını açırlar», – deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki[38] nöqtə vardı; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara hamının zərrəbinlə baxmasını buyuracaq və nəhayət, şeyxi həbs etməyə məcbur olduğunu bildirəcəkdi. Hər şey beləcə, əvvəlcədən düşünülmüş, Şeyx Fəzlullahın ətrafında heç bir qurtuluş yolu olmayan, möhkəm bir tor qurulmuşdu. Sui-qəsddən sonra Fəzlullahın Bakını tərk etdiyini eşidəndə də, bu gün Gövhərşahın Fəzlullah əvəzində elçilərlə gələcəyini biləndə və hətta darvaza qabağında Nəsiminin «laməkan» kəlməsindən diksinəndə də İbrahim, Şeyx Fəzlullahın tordan çıxa biləcəyinə inanmırdı. İndi isə şeyxin əvəzinə özünü tor içində görürdü.

Bu torun bir ucu burada-dərgahda, xəyanət əlində, o biri ucu Miranşahın göndərdiyi «təğyirlibas adamların» əlində idi. Amma hələ nə xain dəqiq məlum idi, nə də o adamlar. İbrahim qeyri-müəyyənlikdən, səbirsizlikdən nəfəsinin təngidiyini və tezliklə nə isə bir tədbir tökülməsə hər şeyin məhv olacağını hiss edirdi. Odur ki, Fəzl elçisinin niyyətini bilməyə də tələsib, onun yaxınlaşmasını belə gözləmədən: