Читать книгу «Məhşər» онлайн полностью📖 — İsa Muğanna — MyBook.
cover
* * *

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşları barədə şahı xabərdar etdiyi günün axşamı, ikindi namazından sonra İbrahim bu meydanda dayanmışdı.

Sarayda bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin[25] oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə[26] qalxdı.

Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, yenidən, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid, faş olmuş sirləri içərisində tək bir açılmamış sirr qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha[27] buraxılmadan, eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdi Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatını, adətən, məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun. İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluq-dan sifəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyə-də ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdırıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altıguşəli ulduzları arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarların saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının-baş darvazanın qabağında əsləhələri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerdə onun arxasınca gəzən candarları, dərbəndli ana qohumları və qayınları idilər. Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar. İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi, dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çalırdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulacqollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına göra şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasaqı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Şəki civarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənüçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarından oxumağa başlardı: «Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama…» Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birinda ah-nalə və göz yaşı yoxdu. Hamısı qaranlıq içində işıq, ümidsizlik içində ümid görmək üçün deyilmişdi və bunları oxuya-oxuya, İbrahimin nəzərində, Gövhərşah özü də ümid və işıq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl, əmisi Bəhlulla birgə silahlanıb, atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatılarından oxumuş və İbrahim, atlılar uzaqlaşıb bələni aşana qədər oğlunun səsini eşitmişdi. Səhərisi, gəzərgi qohumları Şəki civarında gizlənmiş İbrahimi tapıb, Gövhərşahın qiyamçıları Şamaxı üstünə bayatı ilə apardığını xəbər verəndə, İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhqəhə çəkib: «Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!» – demişdi.

Hakimiyyətə gələndən sonra, tacgüzarlıq gününün axırında, boz çuxa və şişpapaq əvəzində, əynində zər naxışlı, qırmızı ləbbadə, başında dörd barmaq enində, firuzə qaşlı tac, camaatın görüşünə çıxıb ənam paylayanda İbrahim, başqa qiyam başçıları sırasında Gövhərşahı da hüzuruna çağırdı, Kəsranilərin şah tövləsində Hüşəngin şəxsi atları arasındakı göydəmir atları ona bağışladı, heç kəs soruşmadı ki, tövlədə daha gözəl kəhər atlar olduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb, tirmənin arxasına da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. İbrahim isə, hələ o vaxtdan Gövhərşaha gizlin qibtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatirinə açıb demədi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində, atalıq hissindən əlavə, bu cür, mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayab bağrına basmasa rahat olmurdu.

Bununla belə, bu axşam oğlunu soyuq qarşıladı. Gövhərşahın arxasınca, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar-əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsinə, sol əllərini bürünc sinəbənddə həkk olunmuş öküz başının[28] üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun[29]başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əliboş qayıtmış bu baha-dırların heç üzlərinə da baxmadı. Öz açarçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü. Onlar üç nəfərdi.

3

Gövhərşah əvvəlcə üçünü də bir yerdə, «Şeyx Fəzlullahın xəlifələri» adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.

İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə, Yusif əslən təbrizli idi. Əvvəllər əxi[30] içində qəssab imiş; Təbriz əxiləri icma daxlində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qarışmadıqlarına görə, onlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. «Fəzl müridi» adı aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında-Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə Şirvan xəlifəsi mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi. Qəzəlləri və rübailəri Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıyırdı.

Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam-on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: «Tikandan bərgki-gül hasil olmazadeyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.

İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili, bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş, meyxanə küncünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.

Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəssədr[31] təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda Hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.

O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi,şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümlə: «Amma tikandan bərgi-gül hasil edə bilirəm,»– dedi və elə bununla, söz sərrafı olduğunu sübut etdi. O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.

Xüsusilə rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim «türkün tikanlı dilindən bərgi-gül hasil edən» bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşgünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.

Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər, Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.

O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu. O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.

Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc, bazar barısının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şeir oxuyur və «Ənəlhəq» qışqırırdı.

İbrahim dönüb Hacı Firiduna baxdı: «O gənc göydən düşüb, nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın», – dedi.

Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: «O Nəsimidir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarəyəm qadağan edim?» Nəsimi adını eşitdikdə, İbrahim istər-istəməz cilovu çəkib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.

Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağı görən kimi məsləhət verdi: «İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq».

Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: «Yox, qazi, o mənim hakimiyyətimdən kənardır»[32],– dedi.