Читать книгу «Yağış adam» онлайн полностью📖 — Леоноры Флейшер — MyBook.
image

İkinci fəsil

Onlar geri qayıdırdılar. Gecənin qaranlığında maşın əvvəlkindən də böyük sürət yığmışdı. Çarli çox əsəbi və qayğılı görünürdü, amma Susanna bunu təbii hesab edirdi. Qəfildən atasının ölüm xəbərini almış adam özünü başqa cür necə aparmalı idi ki? Şəhərə yaxınlaşanda Çarli qısaca, bir qədər də əlaqəsiz ifadələrlə planını izah etdi. İndi o, Susannanı evinə qoyacaq, qız orada gözləyəcək, pal-paltarını, uzaq yol üçün lazım olan əşyalarını yığacaq. Çarli isə onun «volvo»sunu götürüb kostyumunun dalınca gedəcək. Borc sahibləri Çarlini Los-Ancelesdə görməməlidirlər, indi çox adam onu göydə axtarır, yerdə əllərinə düşməməlidir, buna görə öz «ferrari»si ilə gəzə bilməz. Əslində, heç evinə qayıtması da düz deyil, ancaq nə etmək olar? Tez gedib-qayıdar, qalan məsələləri telefonla həll edər. Gecəni Susannagildə keçirərlər, səhər alatoranlıqda isə aeroporta yollanarlar. Sinsinnatiyə günortadan sonra çatarlar, mehmanxanaya gedərlər, ertəsi gün dəfndə iştirak edərlər və dərhal geriyə – Los-Ancelesə qayıdarlar. Palm-Sprinqsdə istirahəti isə başqa həftənin sonuna keçirərlər – Çarli buna da söz verirdi.

Çarli kostyumunu evdən götürüb qayıdanda Susanna artıq nə lazımdısa yığmışdı. O, birbaşa telefona yaxınlaşdı və birinci sinifdə iki təyyarə bileti sifariş etdi. Ardınca Sinsinnatiyə, «Brodhem» otelinə zəng vurdu və ikinəfərlik nömrə kirayələdi.

– Yox, cəmi bir gecəlik. Ertəsi gün səhər tezdən otağı təhvil verəcəyik.

Təyyarənin təkərləri Los-Ancelesin beton uçuş zolağından qopan kimi Çarli dalbadal iki kiçik stəkan viski içdi, oturacağında yerini rahladı və üzünü pəncərəyə çevirib yuxuya getdi. Susanna təklikdə balıq kürüsündən yaxma yeyə-yeyə şampan şərabı içdi. Şərab xoşuna gəlmədi, qızın özü kimi incik və sönük idi, güclə köpüklənirdi. Qədəhin dibindən qalxan hər köpük sanki Susannanı bir az da ölgünləşdirirdi: Çarli Bebbitt yenə onsuz keçinirdi.

Təyyarədə yemək paylananda da Çarli oyanmadı, Susanna isə onu qaldırmağa cəhd göstərmədi. Görünür, son günlərin gərginliyi Çarlini tamamilə əldən salmışdı. Susanna tək qalmağı ilə barışıb salatdan xırda doğranmış omar tikələrini dənlədi, qızardılmış kornuoll cücəsinin yarısını yedi.

Çarli bir də təyyarə enəndə gözlərini açdı və dərhal möhkəm aclıq hiss etdi. Gözəgəlimli sarısaç təyyarə bələdçisi artıq yemək verməyin gec olduğunu, mətbəxin bağlandığını dedi və təəssüf etdiyini bildirdi. Çarli ona «bir nömrəli» (ağlı başdan çıxaran!) gülüşü ilə cavab verdi və yumşaq səslə dedi:

– Bağışla, mənim mələyim, sənə narahatlıq yaradıram, sadəcə, bu gün səhərdən dilimə heç nə dəyməyib, acından ölürəm.

Bir neçə dəqiqədən sonra bələdçi əlində ağır məcməyi geri qayıtdı. Məcməyi dadlı yeməklərlə dolu idi: soyuq dəniz xərçəngləri, can ətindən zərif steyk («heç mənə can əti vermədilər», – deyə Susanna fikirləşdi), qızarmış kartof, salat, isti köpməcələr, şokoladlı muss, təzəcə dəmlənmiş qəhvə və konyak.

– Bu sizə bəs edərmi? – bələdçi canıyananlıq etdi.

«Bir nömrəli» təbəssüm bu dəfə Çarlinin bütün sifətinə yayıldı.

– Siz mənim cavan ömrümü xilas etdiniz, – o, şəhvətlə dedi. – Heç bilmirəm, xəcalətinizdən necə çıxım.

«Bilirsən, – Susanna iştahla yeyən Çarliyə baxıb düşündü. – Mərc gəlməyə hazıram ki, çox yaxşı bilirsən».

* * *

Mehmanxana Susannanı təəccübləndirdi. Böyük və vaxtilə kübar «Brodhem»in qədimliyi dərhal nəzərə çarpırdı. Mehmanxananın köhnə cah-calalının izləri hələ itməmişdi, amma çat vermiş mərmər döşəməsi, parlaqlığını itirmiş büllur çilçıraqları onun bugünkü nüfuzundan yox, keçmiş qüdrətindən xəbər verirdi.

Çarli Bebbitt yeniliyi, parlaqlığı, müasirliyi sevirdi. Burada isə hər şey fərqli idi.

Onları qeydiyyatdan keçirib kirayələdikləri miskin nömrəyə apardılar. Susanna yorğunluqdan güclə ayaq üstə dururdu. Yuxusu gözündən tökülürdü, yatmaqdan başqa heç nə istəmirdi. Sabah onları çətin gün gözləyirdi, hərçənd bu gün də asan olmamışdı. Suvağı tökülmüş hündür tavan, nə vaxtsa qızılı rəngdə olmuş, sürtülməkdən ağarmış karnizlər, tülək məxmər pərdələr gözləri önündə axırdı. Təkcə ikinəfərlik geniş çarpayını və az qala çarpayı boyda olan qədimi vannanı görəndə Susannanın bəbəkləri reaksiya verdi. Təcili vanna qəbul edib yatağa girdi.

Çarli onun yanında uzanmışdı. Gözləri açıq idi, siqareti siqaretə calayır və qaranlığa baxırdı.

* * *

Bazar günü də çox gözlənilməz başladı. Susanna dəfn mərasiminə uyğun – ayaqqabılarından tutmuş düymələrinə qədər qara libasda yataq otağından çıxanda Çarli güzgünün qabağında qalstukunu düzəldirdi. Nəsə, qəribə görkəmi var idi. Amma bu qəribəliyin nədən ibarət olduğunu Susanna ayırd edə bilmirdi.

Çarlinin əynindəki kostyum onun əvvəlki geyimlərindən fərqlənirdi: bəlkə, köhnə dəbdə olması ilə, bəlkə, sıx tünd zolaqları ilə seçilirdi. Amma bu paltar Çarlini dəyişmişdi. İndi o, adamın kənardan baxanda həsəd apardığı, rəğbət bəslədiyi Ancelinoya – nöqsansız, təmizliyi və dərrakəsi zərrə qədər şübhə doğurmayan gənc iş adamına çevrilmişdi. Köhnə avtomobillər alıb-satan Hollivud alverçisindən əsər-əlamət qalmamışdı. Yalnız bu gənc iş adamı həmişəki qara eynəyini gözlərinə taxanda Susanna qarşısında məhz Çarli Bebbittin dayandığına inandı.

Ən qəribəsi isə o idi ki, Çarlinin yeni siması növbəti maska deyildi, onun bütün görkəmindən süzülən ləyaqət hansısa təzə oyunun başlanğıcından xəbər vermirdi. Susannaya bu, gün kimi aydın idi.

İcarəyə götürdükləri maşın mehmanxananın fırlanan qapılarının ağzında gözləyirdi. Qara və sadə «linkoln» onların iştirak edəcəkləri mərasimin xarakterinə uyğun idi. Susanna Çarlinin dəfnə qırmızı rəngli «kadillak»da gedəcəyini düşünmürdü, bununla belə, onun təvazökarlığına təəccübləndi. Daha bir sürpriz!

Maşın Sinsinnatinin mərkəzi küçələri ilə şəhərətrafı məhəllələrə doğru irəliləyirdi. Onlar yanaşı oturub susurdular. Beton, kərpic və polad konstruksiyalar öz yerini yaşıllıqlara, kiçik birmərtəbəli evlərə verdi, sonra daha dəbdəbəli, mühafizə sistemli hündür hasarların arxasında sıra ilə düzülmüş binaların qarşısından keçdilər və nəhayət, qəbiristanlığın daş darvazasından içəri girdilər. Bura reklam prospektlərində nəşr olunan şəkillər qədər gözəl, 1835-ci ildən əsası qoyulmuş nəhəng xatirə parkı idi. Yumru təpələrin ətrafındakı yaşıl çəmənliklərdə çoxlu sərv və söyüd ağacları əkilmişdi. Onların kölgəliyində, mərmər sərdabələr və qranit sinədaşları altında uyuyan ölülər səbirlə məhşər gününü gözləyirdilər.

Dəfn mərasimi təpələrdən birinin üstündə, çox gözəl mənzərəli yerdə keçirilirdi. On-on beş nəfər ağsaç, qara paltarlı, mötəbər görkəmli qadın və kişi açıq məzarın ətrafına toplaşmışdı. Tünd-mavi rəngli yay səması, rahibin al-qırmızı mantiyası və üzərində «Senford Bebbittə» yazılmış qızılgül əklili bu ağ-qara mənzərəni canlandırırdı.

Maşın təpənin ətəyində dayandı, Çarli düşüb pencəyinin qollarını və ətəyini çəkdi. Hamının nəzərləri ona dikildi.

– Məncə, burada səni gözləyirdilər, – Susanna pıçıldadı.

Çarli çiyinlərini düzəltdi, kədərli sükut içində yamacı qalxdı. Susanna onun arxasınca, bir neçə addım geridə gedirdi. Onlar məzara yaxınlaşıb dayanan kimi mərasim başlandı. Çarli ilə Susanna səslərini çıxarmır, himn oxuyanlara qoşulmur, rahibin dediklərini təkrarlamırdılar. Yalnız rahib İncildən İsa Məsihin «Mən Dirilik və Həyatam» sözlərini şahid gətirəndə Susanna xaç çevirdi. Əli öz-özünə qalxdı.

Mərasim qısa çəkdi, çox tez qurtardı. Çarli bahalı, bürünc naxışları olan tabutun üstünə bir ovuc torpaq atdı, göz yaşı axıtmadan, heç bir söz demədən başı ilə Susannaya işarə verdi. Qız yamacla maşına tərəf getdi, amma arxada Çarlinin kimisə çağırdığını eşidib geri döndü. Mərasim iştirakçılarından biri Çarliyə yaxınlaşdı və onlar əl verib görüşdülər. Yəqin, bu, Con Muni – qoca mister Bebbittin vəkili olardı. Onların nə danışdığını Susanna eşitmədi, ancaq gördü ki, söhbətin axırında Muni cibindən bir topa açar çıxardı, açarların iki-üçünü ayırıb Çarliyə verdi. Çarli açarları döş cibinə qoydu.

Gənc mister Bebbitt geriyə baxmadan təpədən endi. Maşına əyləşdi və yalnız bundan sonra üzünü yanında oturmuş Susannaya tutdu:

– Planlar dəyişir. Biz Sinsinnatidə bir gecə də qalacağıq, yaxşı? Mənim bəzi işlərim çıxdı.

– Bəs indi hara gedirik? – Çarli maşının mühərrikini işə salanda qız soruşdu.

– Görərsən.

– Yenə də. Əvvəldən desən, pis olmaz.

– İst Volnet Hillzə.

Sinsinnatinin bu rayonunda küçələrdə nə maşın, nə adam gözə dəyirdi. Ətrafdakı nəhəng evlər əsl saraylara bənzəyirdi. Hərəsi, aşağısı, yarım hektar yer tuturdu. Belə yerdə heç kim heç kimi hasardan səsləmir, qonşu qonşudan duz istəməyə getmirdı. Buranın daş-divarları da adamın qulağına «böyük pullar» haqqında şirin nəğmələr pıçıldayırdı. Qışqırmır, məhz pıçıldayırdı. Çünki qışqırmağı ləyaqətinə yaraşdırmırdı.

– Budur, bu da mənim yurdum, doğma yuvam, – Çarli istehza ilə dedi.

Susanna maşından çıxdı. Senford Bebbittin daş sütunlu nəhəng evi onu heyrətə salmışdı. Qız ayaqlarını yerdən qopara bilmir, ağzını açıb evə baxırdı. Çarli bu sarayda böyümüşdü, lap yeniyetmə çağlarında öz həyatını qurmaq üçün yola çıxanadək burada yaşamışdı.

Çarli də maşından düşdü və çamadanı yük yerindən götürdü.

– Sən… bunu qoyub necə gedə bilərdin? – Susanna köks ötürdü.

Qız heç cür özünə gələ bilmirdi. Əvvəllər tanıdığı Çarli Bebbittlə bu cah-calalın sahibinin oğlu Çarli Bebbittin eyni adam olduqlarına inanmaqda çətinlik çəkirdi.

– Təşəkkür edirəm, – Çarli qısaca cavab verdi.

– Heç vaxt ağlıma da gətirməzdim.

Çarli qulaq asmırdı. O, çamadanı yerə qoyub çardağın altında, evdən qaraja gedən yolda qoşa dayanmış avtomobillərə tərəf gedirdi. Bunlardan biri gümüşü-şabalıdı «rolls-roys» idi. Amma Çarlinin diqqətini ikinci maşın – üstü açılıb-örtülən, 1949-cu il istehsalı olan «byüik roudmaster» cəlb etmişdi.

Bu, quyruqlu brontozavrlara bənzəyən əjdaha-maşınların yenicə meydana çıxdığı gözəl bir il idi.

Şirəli krem rəngində, qayğıkeş əllərin sürtüb parıldatdığı «byüik» bərq vururdu. Maşının bir dənə də olsa qüsuru yox idi – zil qara təkərlərindən tutmuş al-qırmızı dəri oturacaqlarına qədər, kapotun üstündəki qalxanlarından tutmuş radiatorun dişli barmaqlıqlarına qədər, quyruğundakı firma nişanından tutmuş maili qabaq şüşəsinə qədər büsbütün göz oxşayırdı. O, ecazkar idi, qeyri-adi, kübar görünüşü vardı və Çarlinin maşına baxanda ürəyi açılırdı.

Susannanın isə ikirəngli «rolls-roys»a gözü düşmüşdü.

– Atan birjada makler işləyib?

– O, investisiya bankının sahibi idi, – Çarli gözünü «byüik»dən çəkmədən cavab verdi. – Bu qəbildən olan iş adamları böyük zövqlə geyinməkləri ilə başqalarından fərqlənirlər.

Çarli məhəbbətlə «byüik»in yanlarını sığalladı. Susanna da nəzərlərini «rolls-roys»dan ayırıb «quyruqlu əjdaha»ya dikdi.

– Əla arabadır, – heyranlıqla dedi.

– Özümü tanıyandan bu maşın yadımdadır, – Çarli gülümsədi və əlavə etdi. – Amma ömrümdə cəmi bircə dəfə onun sükanı arxasında oturmuşam.

Çarlinin səs tonu Susannanı ona tərəf dönməyə məcbur etdi. Ancaq Çarli üzünü çevirib susdu.

Ətrafına daş düzülmüş, sonu görünməyən uzun ləkdə sıra ilə qızılgül kolları əkilmişdi. Susanna gülləri çox sevirdi və onlardan yaxşı başı çıxırdı. Qız ləkdə bir neçə nadir qızılgül növünün olduğunu sezdi: çoxu solmaq üzrə idi, yarpaqlarını toz basmışdı, ləçəklərinin ucları büzüşmüşdü.

– Sulamaq lazımdır. Ölürlər.

Çarli ikrahla qızılgül kollarına nəzər saldı, sanki baxışları ilə onları qurutmaq istəyirdi.

– Sən bunlara görə narahat olma, – o, Susannanın sözünü kəsdi.

Çarlidən gün ərzində daha bir gözlənilməz hərəkət! Onun bu yazıq kollarla nə düşmənçiliyi ola bilərdi?

Susanna pilləkənləri qalxdı və giriş qapısının ağzında Çarlinin arxasında dayandı. Gənc Bebbitt lazım olan açarı tapıb uzun illərdən sonra doğma evinin qapısını açdı. İçəri girən kimi Susannanın heyrətdən gözləri böyüdü. Geniş zalın ortasında ikinci mərtəbəyə aparan böyük mərmər pilləkən var idi. Divarlara hər birinin boyu üç metrə çatan, barokko üslubunda çərçivələrə salınmış güzgülərdən üz çəkilmişdi. Çərçivələr qızıl suyuna salınmışdı. Güzgülər elə yerləşdirilmişdi ki, Çarlinin və Susannanın əksləri sonsuzluğa qədər uzanırdı. Hər şey Renessans dövrünün rəsm əsərlərindəki səhnəni xatırladırdı. Ev boş idi. Senford Bebbittin xatirəsinə hörmət əlaməti olaraq dəfn günündə bütün qulluqçulara istirahət vermişdilər.

Çarli qonaq otağının qapısını itələdi. Mebel yağının qoxusu havası dəyişdirilməmiş salonun iyinə və ağır pərdələrin tozuna qarışıb burunları qıcıqlandırdı. Bu hündür pərdələri hər gün təmizləsən də, qırçınların arasına dolmuş bütün tozu sorub çıxarmaq olmurdu.

Bahalı Şərq xalçaları ilə bəzədilmiş qonaq otağının ucu-bucağı görünmürdü. Susanna sanki xalça okeanına düşmüşdü, qırmızı ağacdan əntiq mebellərin arası ilə üzürdü.

Divarlardan çoxlu rəsm əsərləri asılmışdı. Onların çərçivələri qızıl suyuna salınmışdı. Demək olmazdı ki, bunlar hamısı möhtəşəm, orijinal əsərlər idi, amma ev sahibinin keçmiş əzəməti və zəngin mirası haqqında tam təsəvvür yaradırdı, eyni zamanda evi bürümüş sükutu və kədəri daha qabarıq nəzərə çarpdırırdı. Təsəvvürə də gətirmək mümkün deyildi ki, bu nəhəng otaqda nə zamansa gülüş sədaları, uca səslər eşidilib, sevgi dolu sözlər söylənilib. Bu məkan hisslərin yaşandığı yox, hadisələrin cərəyan etdiyi bir meydana bənzəyirdi. Ancaq bir həqiqətdir ki, nə zamansa bu yerdə də hisslər, özü də çox güclü hisslər yaşanmışdı. Çarli buna şahidlik edə bilərdi.

Gənc mister Bebbitt qapıda dayanıb qonaq otağını qarış-qarış nəzərdən keçirirdi.

– Sənə nə olub? – Çarlinin sifətinin ifadəsindən heç nə başa düşə bilməyən Susanna soruşdu.

Çarli qıza baxmadı, özü ilə danışırmış kimi pıçıldadı:

– Mən ona evi tərk etdiyimi deyəndə bax burada dayanmışdım… O isə oturmuşdu… Bax, orada oturmuşdu.

Çarli başını yellədi, sanki birdən-birə qulaqlarına dolmuş səsləri, beyninə hakim olmuş xatirələri silkələyib yerə tökmək istəyirdi. Sonra o, Susannanın əlindən yapışdı, evi gəzdirdi: geniş mətbəxləri, yeməkxananı, kitabxananı, ikinci mərtəbədə sayı-hesabı bilinməyən yataq otaqlarını göstərdi. Birinci mərtəbədə iki mətbəx, hərəsinin də öz qulluqçuları, aşpazları var idi. Yeməkxananın divarlarına iri şamdanlar pərçimlənmişdi, iyirmi nəfərlik uzun masanın üstündən isə büllur çilçıraq asılmışdı. Zəngin kitabxanada tavana çatan rəflərdə dəri üzlüklü kitablar düzülmüşdü, əksəriyyətinin adı qızıl suyu ilə yazılmışdı. Hər yataq otağında buxarı, enli çarpayı, mərmər vanna, əlüzyuyan qoyulmuşdu.

Susannanın isə üçüncü mərtəbədəki kiçik otaqdan daha çox xoşu gəlmişdi. Çarli bu evdən çıxıb gedənə qədər həmin otaqda yaşamışdı. Açıq-aşkar görünürdü ki, yeniyetmə çağlarında Çarli kinolarda göstərilən yaşıdlarından fərqlənmirmiş: ensiz çarpayı, beysbol yarışlarında qazandığı diplom və mükafatlarla bəzədilmiş divarlar, hərbi təyyarələrin – MiQ və F-14-lərin maketləri…

Həmin illərdən bu otaqda heç nə dəyişməmişdi. Hətta çirkli köynəklər də on il əvvəl Çarli onları necə büküb atmışdısa, eləcə də dolabda qalmışdı.

Kiçik taxt, rəfdə qalaqlanmış «Dəfinələr adası», «Robin Qud», uşaqların sevdiyi digər klassik əsərlər Susannanın tanıdığı Çarli Bebbittin obrazına heç cür uyğun gəlmirdi. Və bu çox təsirli idi, Susannanı həyəcanlandırırdı. Onun burada gördüyü Çarli Bebbitti Los-Ancelesdə, ümumiyyətlə, kimsə tanımırdı.

Divar dolabında Çarlinin əşyalarını qurdalayan Susanna oradan köhnə bir qutu çıxardı. Döşəmədə oturub qutunu açdı. Şəkillər, üstü avtoqraflı albomlar, «Kiss» qrupunun plakatı, o vaxtın hit mahnılarının mətnləri… Sevdiyi adamın uşaqlıq illərinə səyahət Susannaya çox maraqlı gəlirdi. Qız başını qaldıranda onu diqqətlə izləyən Çarlinin dodaqlarında incə təbəssüm gördü.

– Necə də məzəlidir!

– Səni kimi gözəl qulaqları olan gənc qızın uşaq oyunları oynaması artıq gecdir, – Çarli zarafatla dedi.

– Mən uşaq oyunları oynamıram. Sadəcə, maraqlanıram. Sən onun yeganə oğlu olmusan… Sən doğulanda onun neçə yaşı vardı? Qırx beşə yaxın? Bəlkə də, fikirləşirmiş ki, daha övladı olmayacaq. – Susanna dodağını dişlədi, amma davam etdi. – Odur ki o səni sevməyə bilməzdi.

Çarli qıza tərəf əyilib onun qulaqlarının sırğalığını sığalladı. Susanna buna əhəmiyyət vermədi.

– Bəs onda niyə o sənə nifrət edirdi?