Читать книгу «Yağış adam» онлайн полностью📖 — Леоноры Флейшер — MyBook.
image

Çarli sualı eşitməzliyə vurdu.

– Çəhrayı qulaqcıqlar… balaca xalı da var… bax, burasında.

Susanna onun nəyə işarə etdiyini anlayırdı. Çarli istəyirdi ki, başqa məsələdən danışsınlar, atası ilə münasibətlərinə toxunmasınlar. İstəyirdi ki, matəm kostyumunu çıxarsın. İstəyirdi ki, elə buradaca, uşaq otağında, öz köhnə çarpayısında Susannanı sevsin. Qoy o balaca oğlan illər sonrası özünün çevrildiyi kişi ilə görüşsün.

Birdən-birə Susanna da eyni şeyi istədiyini başa düşdü.

* * *

Sonra Susanna onun köhnə, tər iyi verən köynəyini geyindi, cins şalvarını əyninə keçirdi. Çarli isə kostyumun şalvarını geyindi və qurşağa qədər çılpaq qaldı: yeniyetməlik vaxtının paltarları daha ona olmurdu. İkilikdə böyük evin bu başından vurub o başından çıxdılar, mətbəxdə soyuducularda, anbarda rəflərdə nə tapsalar yedilər: konservləşdirilmiş dəniz ilbizləri, yengəclər, albalı və vanilli dondurmalar. Onlar özlərini dünyanın ən böyük və bahalı kukla teatrında nəzarətsiz qoyulmuş uşaqlar kimi aparırdılar.

Evin içini ələk-vələk edəndən sonra Çarli ilə Susanna dama qalxdılar. Geniş və tozlu çardaq həm də işıqlı və kifayət qədər səliqəli idi. Qədimi, dəmir örtüklü sandıqlarda Bebbittlərin ailə həyatının bir çox məqamlarından xəbər verən əşyalar qorunub saxlanılırdı. O cümlədən Çarlinin keçmişi də burada mürgüləyirdi. Budur, hündür uşaq kətili – Çarlinin özü də nə vaxt onda oturduğunu xatırlaya bilmədi. Oyuncaqlarla dolu yeşiklər, içində məktublar olan metal qutular…

Onlar xoşbəxt və yorğun halda çardaqda oturub köhnə jurnalları töküşdürmüşdülər. Susanna ilə Çarli heç vaxt belə yaxın olmamışdılar.

– Həyətdə gördüyümüz maşın yadındadır? – Çarli soruşdu.

Susanna başı ilə təsdiqlədi, hiss etdi ki, Çarli ona nəsə vacib bir söz demək istəyir.

– Atamın sevimli övladı mən yox, o idi. Maşın, bir də həmin qızılgül kolları, – Çarlinin səsində acı notlar duyulurdu. – Mənə onlara yaxınlaşmaq qadağan olunmuşdu. «Bu avtomobil şedevrdir, – deyirdi, – özünə xüsusi münasibət tələb edir. Uşaq üçün deyil». – Çarli getdikcə əsəbiləşir, sifəti sərtləşirdi. Susannaya elə gəlirdi ki, Senford Bebbittin səsini eşidir. – Onuncu sinifdə idim. On altı yaşım vardı. Bir dəfə qiymət kitabçamı gətirdim, qiymətlərimin hamısı əla idi…

Qız ağzını açıb qulaq asırdı.

– Təəccüblənmə.

– Bəs nə edim? – Susanna bic-bic gülümsədi.

– Yaxşı, özün bilərsən, – Çarli də güldü. – Deməli, kitabçamı göstərib dedim: «Olarmı dostlarımı «byüik»də gəzdirim? Bu da mənim mükafatım olsun». O icazə vermədi. Buna baxmayaraq fikrimdən dönmədim. Açarları çırpışdırdım.

– Niyə? – Susanna cavab gözləyirdi.

– Çünki haqqım vardı! – Çarlinin səsi titrədi. – Mən, onun öz sözləri ilə desək, görkəmli nailiyyət əldə etmişdim. O isə ömründə, heç olmasa, bir dəfə mənimlə insan kimi davranmadı.

Susannanın ağlına kədərli bir fikir gəldi: «Hələ o vaxtdan onun özündə də eyni çatışmazlıqlar yaranıbmış». Amma qız heç nə demədi, diqqətlə qulaq asırdı.

– Kolumbiya bulvarında bizi polis saxladı. Dörd nəfər idik. O, maşının qaçırıldığı barədə polisə məlumat vermişdi. Oğlum icazəsiz maşınımı götürüb deməmişdi, oğurluq hadisəsini qeydə aldırmışdı. – Çarlinin rəngi qaralmışdı, xoşagəlməz xatirələr ona əziyyət verirdi. – Bizi mərkəzi polis idarəsinə apardılar. Başqa uşaqları ataları bir saat ərzində oradan çıxardılar. Mən iki gün məntəqədə qaldım.

– İlahi! – Susanna pıçıldadı.

– Dəhşət idi, – Çarli büzüşdü, həmin qırx səkkiz saat bir anda gözünün önündən keçdi. – Heç vaxt belə heyvani hisslər, belə qorxu keçirməmişdim. Həbsxanaya düşsəm, axırım necə olardı? Az qala şalvarımı batırmışdım… Oradan çıxandan sonra isə evdən getdim. Və bir daha qayıtmadım.

Vəssalam. Bu da Çarlinin əhvalatı. Anasız qalmış oğlan uşağına atası dözülməz həyat şəraiti yaradır. Onun fikrincə, yeganə oğlunun kifayət qədər ağlı, bacarığı yoxdur, necə deyərlər, atasının adına layiq deyil. Və valideyninin zülmündən bezmiş oğlan evdən qaçır. Bundan sonrakı həyatını yalnız bir şeyə sərf edir: atasına sübut etməyə çalışır ki, onun barəsində yanılırmış… Amma artıq gecdir. Atası daha heç vaxt oğlunun uğurlarına sevinə bilməyəcək, uğursuzluqlarına görə onu danlamayacaq. Və heç vaxt onunla fəxr etməyəcək.

Çarli qəsdən özünü şən göstərib şit-şit güldü və Susannaya baxdı. Bununla demək istəyirdi ki, «hər şey cəhənnəm olsun, heç nə vecimə deyil», amma qızın yanıqlı baxışlarına tuş gəlib üzünü çevirdi. Xatirələr onu kövrəltmiş və müdafiəsiz qoymuşdu. Çarli sıxıldı, ayağa qalxıb «keçmişinə» üstdən-aşağı nəzər yetirdi:

– Bir bu zir-zibilə bax. Kovboy papaqları, oyuncaq qatarlar… – o, başını yellədi və qəlbində qarışıq hisslər oyadan bu yerdən qaçmaq istədi. – Gedək. Mən yenə acmışam. Soyuduculara bir də hücum çəkək. – Susannanın əlindən tutub yerindən durğuzdu.

Çardağın qapısına tərəf gedəndə Çarlinin gözü nəyəsə sataşdı, donub-qaldı. Küncdəki qutulardan birindən qalın parçanın ucu çıxmışdı. Onun yaddaşının dərinliyində nəsə tərpəndi və sanki Çarlinin donunu açdı.

– Aman Allah!

Çarli uzaqdan, lap uzaqdan – illərin qaranlığından süzülüb gələn zəif bir musiqi eşitdi… “Bitlz”…

O əyilib qutunun ağzını açdı. Bu, adi uşaq yorğanı idi. Yuyulmaqdan bəzi yerləri süzülmüş köhnə yorğan.

Çarlı yorğanı qutudan çıxardı.

– Sənindir? – Susanna soruşdu, hərçənd suala ehtiyac yox idi.

Çarli cavab vermədi. Tapıntısını işığa tutub qiymətli muzey əşyası kimi ehmalca qatlarını açdı. Əli ilə süzülmüş yerləri sığalladı, sonra üzünü yorğana sürtüb iyini ciyərlərinə çəkdi. Bu yorğandan ən şirin xatirələrin iyi gəlirdi.

– Çarli, – Susanna nəvazişlə onu səslədi.

Xatirələr yox oldu.

– Lənət şeytana, birdən yadıma düşdü… Yəqin, uşaqlıqda sənin də… xəyallarında yaşayan dostların olub…

Qız başını tərpətdi. Əlbəttə, olub. Onun «xəyallarında yaşayan rəfiqəsi» müqəddəs Məryəm idi… Susanna indiyədək ürək sözlərini təkcə ona söyləyir, hərdən müqəddəs Məryəmlə elə danışır ki, sanki yanında oturub əlindən tutmuş rəfiqəsinə sirlərini açır.

– Mənim dostumun adı isə Yağış Adam idi. Hə, dəqiq. Yağış Adam. Qorxanda, ya kimsə xətrimə dəyəndə başımı yorğanımın altına soxub gizlənirdim, Yağış Adam isə mənim üçün mahnı oxuyurdu, – Çarli gülümsədi. – Yadımdadır ki, tez-tez belə olurdu. Tez-tez qorxurdum. İlahi, gör nə qədər vaxt keçib!

– Bəs o nə vaxt yoxa çıxdı? – Susanna təsirlənmişdi. – Dostunu soruşuram.

– Yadımda deyil, – Çarli etiraf etdi. – Görünür, mən böyümüşəm, o da çıxıb gedib…

O, yorğanı bir neçə saniyə də əlində saxlayıb qutuya tulladı və xatirələrə birdəfəlik son qoydu.

– Gedək, yemək axtaraq.

* * *

Axşam Susanna Çarlinin otağında çarpayıda oturub onun şəkil albomlarını vərəqləyirdi. Çarli isə atasının vəkili Con Muni ilə aşağıda qonaq otağında söhbət edirdi. Vəkil qırmızı ağacdan yonulmuş masanın üstünə qalın zərf qoydu.

– Vəsiyyətnamədir – Senford Bebbittin son iradəsi.

Çarli mister Bebbittin yeganə və şəkk-şübhəsiz varisi idi, ona görə arxayınlıqla Cona qulaq asırdı. Vəkil isə məsələni uzadırdı. Əslində, ondan bircə şey tələb olunurdu: deməliydi ki, «oğul, bütün bunların hamısı sənindir». Amma Çarli məhz bu sözləri eşitmirdi. Vəkil tələsmir, soyuqqanlığını qoruyurdu. Həyat da qumar kimi bir şeydir: bütün oyunçular öz sözünü deməmiş kartlarını açmamalısan.

– İndi keçək vəsiyyətnamənin oxunmasına. Ancaq bundan qabaq, atanızın öz istəyi ilə, mən sizə bir məktub da oxumalıyam. Etiraz etmirsiniz ki? – Con Muni eynəyinin üstündən Çarliyə baxdı.

– Niyə etiraz etməliyəm? – Çarli çiyinlərini çəkdi. Ürəyində isə fikirləşdi ki, nə yaxşı söhbət məktubdan gedir, atası onun üçün, çoxları kimi, o dünyadan videomüraciət göndərməyib. Deməli, gözlərini qocanın ekrandakı sifətinə zilləmək lazım gəlməyəcək. Sadəcə, qulaq asmaq kifayət edəcək. Amma, istənilən halda, bunsuz keçinmək daha yaxşı olardı. Çarlinin içində qəribə bir narahatlıq hissi baş qaldırdı.

Muni razılıq əlaməti olaraq başını tərpətdi və bağlı zərfi açdı.

O, zərfdən iki qalın, bahalı kağız çıxardı. Kağızların hər ikisinin üzərində mister Senford Bebbittin nişanı – adının baş hərfləri həkk olunmuşdu. Çarli atasının nişanını dərhal tanıdı.

– «Mənim oğlum Çarli Bebbittə. Əziz Çarlz, – vəkil məktubu oxumağa başladı. – Bu gün mənim yetmiş yaşım tamam olur. Mən qocayam, amma hələ o qədər qocalmamışam ki, ananla birlikdə səni doğum evindən çıxardığımız gözəl günü unudum. Sən əla uşaq idin, gülümsər və böyük ümidlər verən bir körpə idin».

Çarlinin içi əsdi. Yenə zəhləsi getdiyi bu söz: «böyük ümidlər verən»… Atasının sevimli sözü.

– «Sənin birdəfəlik məndən küsüb möhtəşəm planlarını həyata keçirmək üçün evdən getdiyin günü də xatırlayıram», – Muni davam etdi. – O zaman sən ancaq özünü fikirləşirdin».

Vəkil oxumağına ara verib Çarlinin reaksiyasını gözlədi. Amma mister Senford Bebbittin oğlunun sifəti heç nə ifadə etmirdi. Muni yenə gözlərini kağıza dikdi:

– «Sənə təklif etdiyim həyat tərzini və bizim mənsub olduğumuz dairədə yüksək qiymətləndirilən hər şeyi rədd etdiyini başa düşə və bağışlaya bilərəm»…

– Onun sözləridir, tanış ifadələrdir, – Çarli yüngülcə gülümsədi. – Elə bil səsini də eşidirəm.

Muni gözlərini kağızdan ayırmadan Çarlini dinlədi və məktubun arxasını oxudu:

– «Anasız böyüdüyün üçün daşürəkli olmağının səbəbləri də anlaşılandır. Amma sən məni sevdiyini, yaxud mənə hörmət etdiyini bir dəfə də, lap yalandan da olsa, göstərməyə çalışmadın. Hamısını keçirəm. Ancaq sən mənə heç vaxt məktub yazmadın, zəng etmədin, barışmağa kiçicik cəhd belə göstərmədin və bununla məni oğulsuz qoydun. Sənə həmişə arzu etdiklərimi indi də arzu edirəm. Həmişə sənin xeyrini istəmişəm və yenə istəyirəm».

Con Muni məktubu bitirdi, səliqə ilə qatlayıb zərfə qoydu. Açıq-aşkar görsənirdi ki, qoca vəkil təsirlənib. O, nəzakətlə öskürdü, amma Çarlidən səs çıxmadı. Çarli dinməzcə oturub işin sonunu gözləyirdi.

Bu dəfə vəkil ikinci kağızın qatını açdı və qarşısındakı gəncin üzünə baxmadan oxumağa başladı:

– «Çarlz Senford Bebbittə mənim həyatıma oğlumla eyni ildə – 1962-ci ildə daxil olmuş üstü örtülüb-açılan «byüik»i vəsiyyət edirəm. Bu maşın mənə uzun illər sədaqətlə xidmət edib. Bəlkə, ona baxanda oğlum məni xoş sözlərlə yad edər. Bundan başqa, mənim çoxsaylı mükafatlara layiq görülmüş qızılgül kollarımı da ona vəsiyyət edirəm. Ola bilsin, bu gözəl kollar ona ustalığın və daim kamilliyə can atmağın həyatda nə dərəcədə vacib olduğunu xatırladar»…

Çarlinin dumanlı şübhələri artıq gerçək cizgilər alırdı. O, burada bir kələk olduğunu bütün dərisi ilə hiss edirdi.

– «Evə, mənim digər daşınan və daşınmaz əmlakıma gəldikdə isə onlar bu vəsiyyətnaməyə əlavə edilmiş xüsusi sənəddə göstərilən qaydada idarə olunmalıdır».

Muni masanın üstündəki kağızlarını yığışdırdı.

– İdarə olunmalıdır? Xüsusi sənəd? O nə xüsusi sənəddir? Lənət şeytana, bu nə deməkdir? – Çarli tövrünü pozmadan sakit tərzdə soruşdu. – O sonuncu hissədə oxuduğunuz nə deməkdir?

– Bu o deməkdir ki, bütün vergilər ödənildikdən sonra qalan üç milyon dollarlıq varidat qəyyumluğa veriləcək. Onları anonim himayədar şəxs idarə edəcək.

– Bəs o kimdir? – Çarlinin bütün əzaları gərilmişdi, amma səsi rəvanlığını saxlayırdı. Bilmək istədiklərinin hamısını Munidən öyrənənə qədər özündən çıxmamalı idi.

Con Muni sənədləri «diplomat» çantasına qoydu.

– «Anonim» o deməkdir ki, mən bu adamın adını açıqlaya bilmərəm, – vəkil qətiyyətlə dedi. – Vəsiyyətnamə oxundu, mən öhdəmə düşən işi gördüm.

– Bu pulları kim idarə edəcək? Siz?

Muni başını buladı:

– Mister Senford Bebbitt onun adını göstərib, amma mənə bu barədə sizə məlumat verməməyi tapşırıb.

Vəkil ayağa qalxdı və əlini yumşaq şlyapasına uzatdı.

– Bu… bu idarəçilik necə olacaq? – Çarli inad etdi. Bütün bədəni gizildəyirdi. Sanki isti evin qapısını üzünə çırpmışdılar və onu şaxtalı havada lüt qoymuşdular.

– Bağışlayın, – Muni yenə başını buladı. – Bundan artıq heç nə deyə bilmərəm.

Vəkil çıxışa doğru getdi. Çarli gözünü ondan çəkmirdi. Qapıya çatanda Muni dayanıb geri döndü:

– Çox təəssüf edirəm, oğul. Görürəm ki, necə məyussunuz, amma…

– Məyusam? – Çarli bağırıb yerindən dik atıldı. – Mən niyə məyus olmalıyam? Əlimə göydən köhnə maşın düşüb, elə deyil? Hələ qızılgül kollarını demirəm! Bu lənətə gəlmiş cındır kolları da yaddan çıxarmayaq!

Qoca vəkil mərhumun oğlundan belə qeyzli hərəkət gözləmirdi, ona görə çaşdı. Çarli isə artıq hövsələsini itirmişdi, heç nə gözünə görünmürdü:

– Bu… Adına nə dediniz? «Hami»?

– Himayədar şəxs, – Muni yavaşdan dedi. – Anonim varisin himayədarı.

– Bu avara şəxs üç milyon dollara yiyələnəcək. Bəs QIZILGÜL KOLLARI ona nəsib olacaqmı? Yox, andıra qalsın o kollar! Atacığazım onları yeganə oğluna saxlayıb. O yaramaz himayədar isə buna görə acı göz yaşları tökəcək!

– Çarlz…

– Bu axmaq… – Çarlinin qan beyninə vurmuşdu, heç kimə qulaq asmaq istəmirdi, – bu fahişə qızılgül kolları!

– Lazım deyil…

– O, qəbirdə yata-yata məni qarət etdi! – Çarlini saxlamaq olmurdu. – Qarət etdi! Qarət etdi! Lənətə gəlmiş qəbrindən məni taladı!

Çarli boğulurdu, güclə nəfəsini dərə bildi:

– O, indi cəhənnəmdədir, mister Muni. Oradan bizə baxır və gülməkdən qarnı cırılır.

Çarli hirsindən dəli kimi başını sağa-sola elə yelləyirdi ki, Müni təşvişə düşdü.

– Senford Bebbitt!.. Siz, heç olmasa, bir dəqiqəliyinə bu vicdansızın oğlu olmaq istəyərdinizmi? Onun murdar məktubunu oxudunuz? Eşitdiniz?..

Çarlinin səsi qırıldı. O artıq danışa bilmirdi, xırıldayırdı. Yumruqları düyünlənmişdi, sinəsi ağır-ağır qalxıb-enirdi.

– Bəli, ser, mən eşitdim, – vəkil Çarlinin gözlərinin içinə baxdı. – Bəs siz?

* * *

Vəkil gedəndən sonra Çarli bir neçə dəqiqə qəfəsə salınmış vəhşi heyvan kimi ora-bura vurnuxdu, axırda həyətə qaçdı. Hava! Ona təmiz hava lazım idi. Boğulurdu. Hiddət, ağrı, dözülməz tənhalıq hissi onun boğazından yapışıb amansızcasına sıxır, nəfəsini kəsirdi. Elə bil Çarlini ölümcül döymüş və yolda atıb getmişdilər.

Lənətə gəlmiş gül kolları! Senford Bebbitt bu hədiyyəsi ilə ölümündən sonra da onu ələ salırdı. Qızılgüllər həmişə onun üçün oğlundan əziz olmuşdu. Çarlinin yadına uzun, bitmək bilməyən bazar günləri düşdü. Atası onu harasa – sirkə, ya futbola aparmaq, yaxud öz «byüik»ində gəzdirmək əvəzinə səhərdən-axşama zəhrimara qalmış gülləri ilə əlləşirdi. Budayırdı, alağını təmizləyirdi, dərmanlayırdı, diblərini boşaldırdı, bağlayırdı. Bu soyuq, xırdaçı adamda hissiyyat deyilən şey yox idi. Əgər vardısa da, nə insanlarla, nə də öz doğma oğlu ilə bağlı deyildi, yalnız güllərlə əlaqədardı. Çünki yalnız güllər onun ümidlərini boşa çıxarmırdı. Onlar Senford Bebbittə bir yığın mükafat qazandırmışdı, oğlu Çarli isə ömründə bir dəfə də hər hansı yarışdan evə qələbə çələngi gətirməmişdi.

Odur ki Çarlinin atasının qızılgüllərinə belə güclü nifrət bəsləməsində təəccüblü bir şey yox idi. İndi isə bu kollar sanki bütün tikanlarını birdən Çarlinin bədəninə batırmışdı, bacarıqsızlığını, saysız-hesabsız nöqsanlarını onun gözünə soxurdu. Elə isə qoy cəzalarını çəksinlər, qoy ölsünlər!

Anonim varis… Bu sözlər Çarlinin beynində təkrarlana-təkrarlana rezonans verir, başqa düşüncələrə yer qoymurdu. Anonim varis… Kimdir o?! Lənət şeytana, Çarlinin tam hüququ çatdığı, halalca üç milyon dollardan çox pulunu kim oğurlayıb? Onu – köhnə avtomobillər satmaqdan başqa əlindən bir iş gəlməyən, daha yüksək məqama qalxmaq ümidinin üstündən xətt çəkilmiş Çarlini barmağına dolayan adam kimdir? Yox, Çarli onun yaxasından belə asanlıqla əl çəkməyəcək! Çıxış yolunu tapacaq. Fikirləşmək lazımdır. O hər şeyi yaxşı-yaxşı fikirləşməlidir!

Haradasa bir adam – kişimi? qadınmı? uşaqmı? – gəzir. Yaxın günlərdə o, xoşbəxt olacaq. Çarlinin xoşbəxtliyini oğurlayacaq. Çarli bu adamı tapmalıdır! Mərəkə sonra qopacaq. Heç kim, hətta Çarli Bebbitt də gözəgörünməz «anonim şəxs»lə müharibə apara bilməz. Onu mümkün qədər tez tapmaq lazımdır. Hələ ki gec deyil, hələ ki bu vəkillər və himayədarlar suyu tamam bulandırmayıblar. Amma necə? Onu harada axtarmalı? Nədən başlamalı?

Susanna Çarlini susuz hovuzun kənarında siqaret çəkən yerdə tapdı. Çarli artıq sakitləşmişdi və beynində plan cızırdı.

– Səni hər yerdə axtarmışam. Necə oldu? – Susanna qayğı ilə soruşdu.

Çarli gülümsədi:

– Gözlədiyim kimi.

Bundan başqa vəkillə söhbəti haqda o, qıza heç nə demədi.

1
...