Читать книгу «Yağış adam» онлайн полностью📖 — Леонора Флейшер — MyBook.
cover

Kimsə salamsız-kalamsız dərhal söyüşə keçdi. Susanna diksindi.

– Bəli, ser, – Lenni hələ də gümüşü «lamborcini»nin alıcısına telefonda quyruq bulayırdı. – Bilirəm, biz cəmi dörd həftəyə danışmışdıq. – O, əl-qol atmaqda davam edir, Çarlinin diqqətini çəkmək ümidini itirmirdi.

Çarli yoldaşına əhəmiyyət vermirdi, onun öz «səngərində» döyüşün qızğın çağı idi.

– Qulaq as, bəs ciblərinə bir şey qoymağa cəhd etmisən? – O, inadından dönmürdü. – Bu əbləhlər EPA-da nə qazanırlar ki, başlarına…

Çarlinin sözü yarımçıq qaldı. Susanna öz dəstəyini masanın üstünə qoyub onun qarşısında atılıb-düşür, nəsə olduqca təcili bir şey demək istəyirdi.

– Bu, Vayyatdır, – nəhayət, Çarlinin diqqətini çəkdiyini görən Susanna dedi, – sənin durmadan artan borcun barədə danışmaq istəyir.

Çarli cavab vermədi, amma birdən-birə sifəti sərtləşdi, gözlərinin parıltısı söndü.

– Saat 17:30-a qədər pullarını geri almasa, maşınları müsadirə edəcək, – Susanna qəmli-qəmli gülümsədi. – Elə belə də dedi: bütün maşınları…

– Bir azdan mənə zəng elə, – Çarli qızın sözünü axıra çatdırmasını gözləmədən telefonda mexanikinə göstəriş verib tələsik dəstəyi atdı.

– …müsadirə edəcəyəm…– Susanna cümləsini bitirdi.

Çarli Bebbitt gülümsədi və qəşəng sifətinə işıq yayıldı. Bu gülüşdə uşaq dəcəlliyi, eyni zamanda qiymətini bilən, qarşısındakı adamın üzərində hökmünə arxayın olan yetkin bir kişinin özünə inamı duyulurdu.

Susanna dərhal ehtiyatlandı, geri çəkilib kəskin etiraz əlaməti olaraq başını buladı. Çarlinin ağlına nə gəlir-gəlsin, o bu oyunda iştirak etməyəcək! Çarli Bebbittə qoşulmağın özü bir qəbahətdir, indi onun əlləm-qəlləm işlərinə də qatılmaqla ölməz ruhunu tamam günaha batırmayacaq!

Çarli Susannanın belindən tutub qızı nəvazişlə özünə tərəf çəkdi. Onun səsi olduqca sakit və inamlı idi, sanki Susannadan ən adi, çoxdan alışdığı bir işi görməyi xahiş edirdi:

– Ona de ki… nə istədiyini başa düşmürsən… De ki, mən çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalamışam. Başqa kağızlarla bir yerdə onları da imzaladığımı öz gözlərinlə görmüsən. Sonra isə çekləri şəxsən poçta aparmısan.

Susanna başını bir az da bərk yelləməyə başladı. Bütün bunların nəyə lazım olduğunu bilmirdi, amma bilirdi ki, ondan həyasızcasına yalan danışmağı tələb edirlər. Üç həftə idi ki, qız Çarli Bebbittin işgüzar söhbətlərinin şahidi olurdu, telefonda dediklərini eşidirdi. Necə eşitməyəydi: masaların üçü də böyür-böyürə qoyulmuşdu, Çarli isə bütün günü əlində telefonun dəstəyi bağırırdı. Amma Susanna nəinki bu oyunlarda iştirak etmək, heç danışılanlara qulaq asmaq da istəmirdi. Onu işə götürəndə nə demişdilər? Demişdilər ki, İtaliya ilə danışıqları sən aparacaqsan, çünki əslən İtaliyadansan və dili gözəl bilirsən. Vəssalam. Qalan məsələlərin Susanna Palmieriyə aidiyyəti yox idi. Hərçənd Çarli Bebbittlə arası açılandan sonra yavaş-yavaş dərk edirdi ki, hər şey bu dərəcədə sadə deyilmiş.

Çarli Susannanın gur saçlarını sığalladı, səsini bir az da yumşaltdı.

– Xahiş edirəm. Mənə çox lazımdır, – o, qızın qulağına pıçıldadı.

Susanna hiss edirdi ki, Çarlinin nəvazişləri qarşısında duruş gətirə bilmir. Buna görə özünə acıqlanırdı, hətta nifrət edirdi, amma yenə də bir söz demədən geri döndü və dəstəyi götürdü.

– Ser, mən sizin nə istədiyinizi başa düşmürəm. Mister Bebbitt çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalayıb. Başqa kağızlarla bir yerdə onları imzaladığını gözlərimlə görmüşəm. Çekləri şəxsən poçta aparmışam. – Susanna Çarlinin rahatlıqla dərindən nəfəs aldığını eşitdi. – Bircə dəqiqə, başqa zəng gəlir, ona da cavab verim.

Qız dəstəyi kənara qoyub Çarliyə yaxınlaşdı və Vayyatın cavabını ona çatdırdı:

– Sözündən dönmür. Deyir, 17:30-a qədər gözləyirəm və mənə nağıl-zad danışmayın.

Çarli otaqda var-gəl etməyə başladı. Ağlında yüz fikir sürətlə bir-birini əvəz edirdi, buna uyğun bədəni də yerində oynayırdı, sanki beynindən geri qalmamağa çalışırdı.

– Olmazmı, mühasibinə tapşırsın ki, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Bu sənin şəxsi xahişindir. Çünki bir problem yaransa, cavabdeh sən olacaqsan, de ki, işini itirə bilərsən.

Susanna qaşqabağını sallayıb üçüncü dəfə dəstəyi qaldırdı:

– Xahiş edirəm, mühasibinizə tapşırın, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Mənim xətrimə. Qorxuram ki, problem yaransa…

Otaqda gurultu qopdu və Susannanın sözü ağzında qaldı. Qız diksinib Lenniyə tərəf döndü. Bayaqdan bəri Çarlinin bir dəfə də üzünə baxmadığı Lenni, nəhayət, hövsələdən çıxıb əlini metal masanın kənarına döyəcləyirdi, gözlərində yalvarış vardı, tər başından yanaqlarına və boynunun arxasına süzülürdü. Az qala ağlayırdı, səsi də batmışdı:

– Bəli, ser, mister Bebbitt danışıqlardadır, qayıdan kimi…

Çarli onun son həddə çatdığını başa düşdü və həmkarına, heç olmasa, sözlə kömək etmək üçün bu gəncə tərəf atıldı. Arxadan isə onu Susanna çağırdı, qızın səsində ümidsizlik, bəlkə, daha artıq idi. İki od arasında qalmış Çarli yerində dondu.

– Çarli. Mənə bax, Çarli! Bu elə 17:30 deyib durur…

Çarli Bebbitt bir anlığa gözlərini yumdu. Dərindən, qırıq-qırıq nəfəs aldı. Beynində isə cürbəcür fikirlər ağlını itirmiş laboratoriya siçovulları kimi ora-bura vurnuxur, labirintdən çıxış yolu axtarırdı. Və Çarli Bebbittin çevik ağlı, əlbəttə ki, bu yolu – künclərdən birindəki bapbalaca deşiyi tapdı. Deşik çox dar idi, amma siçovul birtəhər özünü ora dürtə bilərdi.

– Yaxşı, yaxşı… – o, əsəbi halda çırtıq çaldı. – Mənə qulaq as. De ki, mən Atlantaya uçmuşam. Elə bu dəqiqələrdə təyyarədə olaram. Sən təzə çek hazırlayacaqsan və bazar ertəsi işə gələn kimi birinci növbədə onu mənə imzalatdıracaqsan. Bundan başqa heç nə edə bilməzsən, çünki indi əlin mənə yetmir. Amma onu da de ki, Allah xatirinə, elə bilin ölmüşük, yerdən qaldırırsınız, bizim axırımıza çıxmayın, de ki, işimi itirməyimə baiskar olmayın. Olar?

Bir tərəfdən vicdan əzabı, digər tərəfdən Çarlinin belə kobud davranışı Susannanı dəli olmaq dərəcəsinə çatdırırdı. Az qalırdı hər şeyi atıb getsin. Amma belə etmədi, dəstəyi yenidən qulağına tutdu.

Çarli dərhal inadkar alıcı ilə döyüşdə son qüvvəsi tükənməkdə olan Lenninin köməyinə tələsdi.

– Xeyr, mən bunu edə bilmərəm, ser, – Lenni artıq xırıldayırdı. – Bunu siz şəxsən mister Bebbittlə danışıb razılaşmalısınız… Sizə onun telefonu lazımdır? Bircə dəqiqə… – Lenni sual dolu nəzərlərlə Çarliyə baxdı. Çarli başı ilə «yox» işarəsi verdi. – Təəssüf ki, ser, burada deyil, indi o, yoldadır və…

– Çarli! – Susanna yenə onu çağırdı.

Çarli özünü qıza yetirdi. Onun sifəti qaralmışdı, gözləri şimal dənizinin suları kimi soyuq idi, adam baxanda üşüyürdü.

– Balaca, sən, heç olmasa, bir dəfə öz ağlınla cavab verə bilərsən? – Çarli mırıldandı. – Heç olmasa, bir dəfə?

Susannanı elə bil ildırım vurdu. Amma dişlərini sıxıb dözdü. Başa düşürdü ki, bu saat Çarli üçün daha çətindir. Onu hər tərəfdən amansızcasına sıxırlar.

– Təyyarədən enən kimi sən ona zəng etməlisən…

– Çarli! – İndi də Lenni Bariş ondan nəsə istəyirdi.

Çarli isə özünü partlamağa hazır olan buxar qazanı kimi hiss edirdi. Bunun üçün qazanın altına xırdaca odun parçası atmaq bəs edərdi.

Bəli, o, Çarlidir! Çarli Bebbitt! Bütün çətinliklərə təkbaşına sinə gərməli olan, xirtdəyəcən borc içində itib-batan uğursuz avtosalon sahibi!

Biçarə Lenninin inilti ilə söylədiyi bircə söz buxar qazanının altına qoyulmuş həmin xırdaca odun parçası rolunu oynadı. Çarli partladı.

O, qolunu geniş açıb Lenninin masasının üstündə nə vardısa, hamısını sıyırdı. Telefon kitabçaları, kataloqlar, sənədlərlə dolu qovluqlar tappıltı ilə döşəməyə töküldü. Lenni əlində dəstək donub-qalmışdı, sadəcə, baş verənləri izləyirdi.

– Nə… problemin… var,.. oğlan? – Çarli dişlərini qıcayıb hədə ilə soruşdu.

Lenninin hülqumu qalxıb-endi, güclə bir udum hava ala bildi. Qorxa-qorxa dedi:

– Mister Beytmen maşından imtina edir, mister Vebb də… onlar… onlar behlərini geri istəyirlər.

Cümləsinin sonunu Lenni pıçıltı ilə bitirdi. Çox gözəl bilirdi ki, behdən artıq şirin xatirələr qalıb və heç nəyi geri qaytarmaq mümkün deyil.

Çarli dinməz gözlərini yumdu.

– İkisi də deyir ki, «Veli motors»la danışıblar, – Lenni ehtiyatla sözünə davam etdi, – maşını onlardan alacaqlar.

– Çarli, xahiş edirəm, – Susannanın da sözü hələ bitməmişdi. Çarli sakitcə ona sarı döndü, bütün hirsini Lenninin üstünə töküb soyutmuşdu. – Vayyat bilmək istəyir ki, maşınlar harada saxlanır.

Çarli başını tərpətdi: «Əlbəttə, istəyir. Onun yerində mən də olsam, istəyərəm. Ancaq bunsuz keçinməli olacaq».

– Ona de, sən bilmirsən, Susanna. Bu ki yalan deyil.

Həqiqətən, maşınların yerini Çarlidən başqa heç kim bilmirdi. Onlar Bebbittin sonuncu ümidi, gizli, daha doğrusu, yaxşıca gizlədilmiş silahı idi.

Lenni də müdirindən təlimat gözləyirdi. Çarlinin sakit və inamlı səsi ona bir qədər toxtaqlıq gətirdi.

– Beytmenə de ki, o biri telefonla mənimlə əlaqə saxlamısan və indicə xəbər tutmusan ki, EPA ilə razılıq əldə edə bilmişəm. – Çarli fikrə getdi, sanki özü ilə mübarizə aparırdı və birdən dərindən nəfəs alıb boşaldı. – Yaxşı, de ki, hər maşına görə əlavə beş min dollar da güzəştə gedirəm. Müştərilərimin dözümünü yüksək qiymətləndirirəm.

Lenni minnətdarlıqla başını tərpətdi və alıcı ilə söhbətə qayıtdı.

Susanna dəstəyi yerinə qoyub Çarliyə baxdı.

– Bazar ertəsi, – dedi. – Vayyat bazar ertəsinə qədər gözləməyə razı oldu.

O, Susannaya baxdı, sanki bu gün qızı birinci dəfə görürdü. Susanna ən ağır dəqiqələrdə onu tək qoymamışdı və buna görə Çarli qıza minnətdar idi. Belə yaxşılığın əvəzini çıxmaq lazımdır!

Susanna indi həmişəkindən daha gözəl görünürdü. Çarli heyranlıqla onu başdan-ayağa süzdü. Söz yox, bu qıvrımsaç, qaraqaş-qaragöz, balaca, zərif və çılğın italiyalı qız pərəstişə layiq idi və hər yanından keçən kişini dönüb geriyə boylanmağa məcbur edirdi. Çarli Susannanın əlindən tutub özünə tərəf çəkdi, arıq çiyinlərini sığalladı, qıp-qırmızı, ehtiraslı dodaqlarından öpdü.

– Demək, Palm-Sprinqs?

Susannanın iri gözləri bir az da genişləndi.

– Heç nəyə baxmayaraq gedirik?

Çarli başı ilə təsdiqlədi. Niyə də təxirə salmalıyıq?

– Hamısı boş şeydir. Ürəyinə salma.

– Boş şeydir? – Susanna təəccübləndi. Bu qışqırıqlar, bu əsəbi telefon danışıqları, bu yalanlar… boş şeydir?

Çarli əda ilə çiyinlərini çəkdi.

– Eldorf lazım olan detalları tapıb nasoslarda dəyişikliklər edəcək, sonra mən EPA-ya gedəcəyəm, maşınları xırıd edəcəyəm, pulları qaytaracağam və… – o, qəsdən sözünə ara verdi, – və biz səksən min qabağa düşəcəyik. Necə olsa, – Çarli özündənrazılıq ifadə edən «iki nömrəli» gülüşünü işə saldı, – bir neçə telefon zənginin müqabilində pis gəlir deyil.

* * *

Günəş qərbdəki dağların arxasına enirdi. Gümüşü «ferrari» səhranı yarıb keçən yolda saatda yüz otuz kilometr sürətlə irəliləyirdi. Göyün üzü yavaş-yavaş qaralırdı, üfüqdəki buludların qıvrım telləri hələ qızılı rəngdə olsa da, sallaq qarınları bozarıb tünd rəng almışdı. Ulduzlar bir-bir yanır, yan-yana düzülüb naxışlı bürclər əmələ gətirirdi. Susanna Palmieri üşürgələndi. Səhranın üzərində hüdudsuz səma həmişə onu üzürdü, elə bil əzməyə çalışırdı, adamın necə də kiçik və köməksiz olduğunu öz gözünə soxurdu.

Susanna Çarli ilə münasibətlərində hər hansı bir dayanıqlıq görmürdü və qarşı tərəfdən buna zəmanət almağa da ümid bəsləmirdi. Çarli onun üçün cavabını bilmədiyi tapmaca idi. Bu gənc və yaraşıqlı kişi Susannaya hansı gözlə baxırdı? O da tərəf-müqabilinə Susanna qədər, yaxud təxminən onun qədər bağlılıq hiss edirdimi? Çarli, adətən, hisslərini büruzə vermirdi, təkcə nədənsə qcıqlandığını və bir də işdə əsəbiləşdiyini görə bilərdin. Görəsən, o, Susannanı nə dərəcədə yüksək qiymətləndirir? Ümumiyyətlə, özündən başqa kimsə onu ciddi maraqlandırırmı?

Yataqda bir yerdə olanda Susanna and içməyə hazır idi ki, bu, həqiqətən, belədir. Çarli çılğın və eyni zamanda nəvazişli olurdu, onu elə məhəbbətlə qucaqlayır, elə şirin-şirin öpürdü ki!.. Susanna bilirdi ki, Çarlinin çox xoşuna gəlir, bunu onun gözlərindəki parıltıdan, şəhvət dolu baxışlarından, hətta dodaqlarının ehtiraslı titrəyişindən duyurdu. Amma yataqdan qalxıb şalvarını əyninə keçirən kimi bayaqkı incəqəlbli gənc dönüb başqa Çarli Bebbittə çevrilirdi. Bu Çarli Bebbitti ancaq öz xeyri maraqlandırırdı, hər kəsdə yapışmaq üçün zəif yer axtarırdı. Başqaları xəyallara dalanda o, planlar qururdu. Susanna onu sevirdi, amma Çarlidən həmişə xoşu gəldiyinə əmin deyildi.

Son on-on beş kilometr yolu qız sakitcə oturmuşdu, Çarliyə baxır, lakin onun daş sifətində heç bir ifadə oxuya bilmirdi. Çarli ikiəlli sükandan yapışmışdı, gözlərini yola zilləmişdi və nə haqdasa fikirləşirdi. Görəsən, nə düşünür? Çarli fikirlərini Susanna ilə bölüşmürdü. Heç vaxt ürəyindəkiləri açıb ona demirdi. Amma Susanna anlayırdı ki, Çarli uğur qazanacağına dediyi qədər əmin deyil, sadəcə, özünü belə göstərir. Əslində isə hansısa ağır bir fikir daim onun beynini gəmirir. Yaxın münasibətlərinin tarixçəsi nə qədər qısa olsa da, Susanna artıq bu insanı tanımağa başlayırdı.

– Mən təkid etmirəm, ancaq özün necə düşünürsən? – nəhayət, qız yumşaq səslə sükutu pozdu. – Bəlkə, hələ ki mehmanxanaya çatmamışıq, nəsə demək istəyirsən?

Qaşqabağını sallamış Çarli Susannaya baxdı, sifəti açılmadı.

– Zarafat edirəm, – Susannanın səsi bu dəfə çox quru çıxdı və qaşları gərildi.

Çarli gülümsədi. «Bu qız da özünə görə deyil. Mənim zəhmimdən-zaddan qorxmur, onsuz da hərləyib-fırlayıb sözünü deyəcək», – düşündü.

– Yaxşı ki biz cümə günü yola düşdük, – Çarli zarafata salmaq istədi. – İndi heyif çıxmaq üçün sənin ixtiyarında düz üç gün var.

– Qulaq as, – Susanna soyuq məntiqlə cavab verdi, – əgər sən işlərdən belə narahatsansa, niyə zəng edib vəziyyətin nə yerdə olduğunu öyrənmirsən? Başa düşürəm, boş şeydir… fikirləşməyə dəyməz… amma sən daim bu barədə fikirləşirsən. Elə deyil?

Çarli güldü. Onun gülüşündə də gərginlik hiss olunurdu.

– Aman Tanrım! Deyəsən, mən düzgün anlamadım… Bəlkə, arada başqa qadın söhbəti var? – Susanna özünü qorxmuş kimi göstərib gözlərini bərəltdi.

– Nə bilirsən, bəlkə, bir yox, üç qadından söhbət gedir? – Çarli onu cırnatdı.

– Yaxşı, bəsdir zarafata saldıq. Ola bilsin, doğrudan səni axtarırlar, nəsə, təcili iş çıxıb, Çarli.

Susanna maşında quraşdırılmış telefonun düyməsini basdı və kommutatora zəng etdi.

– Üç-sıfır-bir-doqquz, – telefonçu qız cavab verdi.

– Bebbitt, – Çarli ona soyadını dedi.

Susanna narahatlıqla yerində qurcalandı və Çarliyə baxdı.

– Mister Beytmendən iki zəng olub, o, telefon nömrəsini qoyub…

Çarli telefonçunun sözünü kəsdi:

– Lazım deyil.

– Başa düşdüm. – Telefondakı səs davam etdi. – O!.. – səs titrədi. – İlahi!..

Çarli ilə Susanna baxışdılar. Görəsən, daha nə pis hadisə baş verib?

– Mister Munidən də bir zəng gəlib, – səs çox kədərli idi. – Sizin üçün məlumat qoyub. Məlumatda deyilir ki, o sizin atanızın vəkilidir. Sinsinnatidə. Və sizin… sizin atanız vəfat edib, ser.

Susannanın nəfəsi karıxdı və qız məlul-məlul Çarliyə baxdı. Çarlinin sifətində bir əza belə tərpənmədi. O susurdu.

– Dəfn bazar günü olacaq, – telefonçu qız həyəcanını güclə boğurdu. – Mister Muni sizi tapa bilmədiyi üçün təəssüflənir. O… O sizin üçün telefon nömrəsi saxlayıb…

Çarli telefon əlaqəsini kəsdi. İlk baxışdan sanki heç nə baş verməmişdi: maşın eyni sürətlə şütüyürdü, Çarli eynilə dinməz-söyləməz baxışlarını yola dikmişdi. Ancaq Susanna onda gözlə görmək mümkün olmayan bir dəyişiklik hiss edirdi. Qızın ürəyi ağrıyırdı, gözləri yaşla dolmuşdu, necə təsəlli verəcəyini bilmirdi. Çarlinin atası… Dəhşət…

– O, Çarli, – Susanna pıçıldadı, – sən… sən özün necəsən… sürə bilirsən?

Çarli cavab vermədi. Ayağını əyləcə basdı və «ferrari» yavaş-yavaş sürətini azaltdı. Sonra o, yolun kənarına çıxıb maşını saxladı. Amma yerindən tərpənmədi. Çarli əvvəlki kimi sükanın arxasında oturub qabağa, tamamilə sükuta qərq olmuş lal səhraya baxırdı.

Susanna yavaşca onun çiyninə toxundu. Sadəcə, yanında olduğunu xatırlatmaq istəyirdi. Başqa nə cür təsəlli verə bilərdi ki?

Çarli qıza tərəf döndü:

– İstirahət günlərini zay etdiyim üçün bağışla, balaca.

– İstirahət günlərimi?.. – Çarlinin ilk sözləri o qədər gözlənilməz idi ki, Susanna çaşdı, az qala qulaqlarına inanmadı. – Çarli…

O, barmaqlarının ucu ilə Çarlinin yanağına toxunub onun gözlərinin içinə baxdı.

Çarli baxışlarını qaçırtdı.

– Bilirsən, – mızıldandı. O, gözlərini Susannadan gizlədirdi. – Biz… biz onunla bir-birimizə nifrət edirdik. Əməlli-başlı nifrət edirdik…

Amma Çarlinin səsində zərrə qədər nifrət yox idi. Bu səsdə ağrı hiss olunurdu. Susanna Çarlinin yanağını, başını sığallayırdı. Bu dəqiqələrdə o, körpəsini sakitləşdirməyə çalışın qayğıkeş anaya bənzəyirdi.

– Mənim iki yaşım olanda anam dünyasını dəyişdi. Və biz ikimiz qaldıq. İkicəciyimiz.

Susanna dodağını dişlədi.

– O… səni döyürdü?

Çarli tərəddüd keçirirdi.

– Fiziki mənada yox, – nəhayət, o dilləndi. Çətinliklə danışırdı. – Amma onun fikrincə, mən fərsiz övlad idim, əlimdən dəyərli bir iş gəlmirdi. Bilirsən, o, «küçə futbolu» deyilən şey tanımırdı. Onun üçün ancaq yüksək liqa var idi. Mən hər şeydə birinci olmalıydım, olmasaydım, deməli, «fərsiz» idim, – Çarli acı təbəssümlə Susannaya baxdı. – Tez-tez təkrar edirdi: «Adam bunu bacarmalıdır!» Mən o istəyən kimi olmalıydım.

Bir müddət hər ikisi sakitcə oturdu, hərə öz xatirələrini eşələyirdi.

– Mən səninlə gedirəm, – qəflətən Susanna sükutu pozdu.

Çarli başını buladı.

– Diqqətinə görə çox sağ ol, – o, yenə gülümsədi, – amma buna ehtiyac yoxdur.

– Mən özüm belə istəyirəm, – Susanna təkid göstərdi. – Bunun mənim üçün əhəmiyyəti var.

Hər ikisi eyni inadla başını yelləyirdi.

– Narahat olmağına dəyməz! – Çarli qəti etiraz etdi.

Onun son sözləri Susannanın xətrinə dəydi. Qız əlini Çarlinin yanağından götürüb geri çəkildi. Çarli yenə onu özündən itələyirdi. Amma bu dəfə, deyəsən, tələsdiyinə peşman olmuşdu. Çünki Susannanın əlinin istisini itirən kimi birdən-birə özünü tənha və köməksiz hiss etdi, təzədən qıza sığındı.

– Bağışla, kiminlə söhbət etdiyimi tamam yadımdan çıxardım, – Susanna incik tərzdə pıçıldayıb gülümsədi. Sonra Çarlinin başını sinəsinə sıxdı, yanaqlarını, saçlarını sığalladı. Qızın gözlərində kədər var idi, eyni zamanda belə bir anda Çarlinin ona ehtiyac hiss etdiyini görüb təsirlənmişdi.

Deyəsən, o, doğrudan da, Çarliyə lazım idi.

...
5