Qışla şəhərin şimalında, qırmızı kərpic binanın arxasında yeni bir həyata başlayaraq gömgöy çöllərə uzanan geniş, baxımlı yolun üstündə idi. Habsburqların gücünün bir simvolu olaraq imperiya ordusu tərəfindən sloven əyalətində oturdulubmuş kimi görünür, slavyan soylarının yüzillər boyunca davam edən köçləri nəticəsində belə geniş, inkişaf etmiş bir vəziyyətə gələn köhnə yolun önünü bağlayırdı. Köhnə yol qışladan qorunmaq üçün ətrafında bir dairə çəkməyə məcbur olmuşdu. Şəhərin ən şimal ucunda, evlərin getdikcə kiçilib ən axırda kənd tipli daxmalara çevrildiyi yolun sonunda dayanınca, aydın günlərdə uzaqlarda, qışlanın şəhərə istiqamətlənən nəhəng bir Habsburq qalxanına bənzəyən sarı-qara kəmərli geniş qapısını görmək olurdu; hədə və ya qoruma, bəlkə də hər ikisi birdən. Alay Moravyada məskən salmışdı, lakin hərbi heyəti güman ediləcəyi kimi çexlərdən deyil, ukraynalılarla rumınlardan seçilirdi.
Həftədə iki dəfə qışlanın cənub sahəsində hərbi təlimlər keçirilir, alay həftədə iki dəfə at belində kiçik şəhərin içindən keçirdi. Barabanların kəskin səsi nizamlı aralıqlarla at nallarının monoton taqqıltısını kəsir, minicilərin qırmızı şalvarları ilə cins heyvanların qəhvəyi gövdələri şəhəri qan rəngli bir ehtişama boyayırdı. Küçələrin kənarlarında yurddaşlar toplaşır, dükan sahibləri dükanlarını, kafelərin avara müştəriləri masalarını, şəhərin polisləri adi iş yerlərini, bazar yerinə təzə tərəvəz gətirən kəndlilər də atlarıyla arabalarını tərk edirdi. Təkcə şəhər parkının yaxınlığında yerləşən bir neçə faytonçu arabalarının üstündəki yerlərindən ayrılmırdı. Hərbi keçid yuxarıdan yolun kənarıyla müqayisədə daha yaxşı görünürdü, faytonların yaşlı atları gənc, sağlam atların görkəmli keçidini donuq bir laqeydliklə salamlamaqda idi. Süvarilərin cins atları on beş ildir sadəcə arabaları stansiyaya aparıb-gətirən baxımsız atların uzaq qohumları idi.
Karl Cozef və baron von Trotta atlara qarşı laqeyd idi. Bəzən damarlarında atalarının qanının gəzdiyini hiss edirdi, onlar heç bir zaman süvari olmamışdı. Döyənəkli əllərindəki dırmıqla torpağı qarış-qarış daramış, kotanı tarlanın məhsuldar torpaqlarına batırmış, cüt qoşulmuş heybətli öküzlərini bükülü dizlərlə izləmişdilər. Heyvanları mahmız və qırmancla deyil, söyüd budağından düzəldilmiş çubuqlarla sürərdilər. İtilənmiş oraqları qollarıyla yuxarıdan şimşək kimi endirər, öz əkdikləri rəhməti biçərdilər. Babasının atası kəndli idi, kökləri Sipolje kəndinə söykənirdi. Sipolje sözünün qədim bir mənası vardı. Bugünkü slovenlər belə bu mənanı artıq bilmirdi. Amma Karl Cozef kəndi tanıdığını düşünürdü. Atasının siqaret otağının yuxarı kandarının altında asılmış portreti təsəvvür edincə gözlərinin qarşısında Sipolje peyda olardı. Adsız dağların arasında, adsız bir günəşin qızıl kimi parıldayan şüalarının altında kərpiclə samandan tikilmiş kasıb daxmaların olduğu gözəl, yaxşı bir kənd… Uğrunda zabitlik karyerası belə fəda edilə biləcək bir kənd!
Yaxşı görək! Karl Cozef kəndli deyil baron idi; Ulanlar alayında leytenantlıq rütbəsi vardı. Başqaları kimi şəhərdə bir otaqda deyil, qışlada qalırdı. Otağının pəncərəsi həyətə baxırdı. Düz qarşısında əsgər yataqxanaları vardı. Günortadan sonra qışlaya geri döndükdə, böyük, cüt qanadlı qapı arxasınca hər dəfə bağlandıqda əsir düşdüyü və qapının bir daha əsla açılmayacağı hissinə qapılırdı. Mahmızları çılpaq daş pilləkəndə soyuq bir səslə şaqqıldadı, yerə basarkən çəkmələrinin çıxardığı səs dəhlizin qəhvəyi taxta döşəməsində əks-səda verdi. Ağ əhəng divarlar yavaşca gücünü itirən günün işığını bir az olsun əsir götürür, sanki sadə bir qənaətcillik duyğusu içərisində ictimai qaz lampalarının axşam qaranlığı hələ tam çökməzdən əvvəl yandırılmamasını güdürmüş, gün işığını qaranlıqda sərf etmək üçün gün boyunca yığıbmış kimi onu çölə əks etdirirdilər. Karl Cozef lampanı yandırmadı. Zahirən onu qaranlıqdan ayıran, amma əslində qaranlığın tanış, sərin çöl divarını meydana gətirən şüşəyə alnını söykəyərək əsgər yataqxanalarının sarı işıqlı səmimi mühitinə baxdı. O adamlardan birinin yerində olmaq istəyərdi. Orada dövlətə aid kobud, sarı köynəkləriylə yarıçılpaq halda oturmuş, yataqlarının kənarlarından çılpaq ayaqlarını yelləyir, mahnı oxuyur, danışır, ağız qarmonu çalırdılar. Payızın olduqca irəliləmiş olduğu günün toplantıdan bir saat sonra, yatmaq vaxtını bildirən şeypur səsindən saatyarım əvvəlki bu saatında qışla nəhəng bir gəmiyə bənzəyirdi. Karl Cozefə belə sanki qışla yavaşca yellənirmiş; böyük, ağ şlyapalı çəlimsiz, sarımtıl qaz lampaları yad bir okeanın dalğalarının nizamlı ritmiylə enib-qalxırmış kimi görünürdü. Əsgərlər tanımadığı bir slavyan dilində mahnı oxuyurdu. Sipoljenin yaşlı kəndliləri onları hər halda anlayardılar! Sirli portreti siqaret otağının üst kandarının altında unudulub gedən babası da onları başa düşərdi. Məchul yaşlı soyundan geridə qalan yeganə və son simvol olaraq Karl Cozefin yaddaşı bu portretə pərçimlənmişdi. Bax o soyun ardıcılı idi Karl Cozef. Alaya gəldikdən bəri özünü atasının oğlu olaraq deyil, babasının nəvəsi kimi hiss edirdi, bəli, o, sirli babasının nəvəsi idi. Qarşıda heç dayanmadan ağız qarmonu çalınırdı. Kobud, qəhvəyi əllərin aləti qırmızı ağızlara yapışmış vəziyyətdə irəli-geri hərəkət etdirməsini, metalın ara-sıra parlamasını görə bilirdi. Musiqinin yaydığı böyük hüzn bağlı pəncərələrin içindən keçərək həyətin qaranlığına axır; qaranlığı doğma torpaq, arvad, uşaq, kənd həsrətiylə doldururdu. Bu əsgərlər kəndlərində basırıq daxmalarında yaşayar, gecələr arvadlarını, gündüzlər isə tarlalarını dölləndirərdilər. Daxmalarının ətrafı qışda dümağ, hündür bir qarla əhatələnər, yayda isə sarı buğda əllərindəki bellərinin ətrafında dalğalanardı. Kəndli idi onlar, kəndli! Trottaların soy-kökü onlardan fərqli yaşamamışdı. Fərq yox idi aralarında!
Payız olduqca irəliləmişdi. Səhər qalxınca günəş qan qırmızısı rəngində olan bir portağal kimi göy üzünün şərq ucunda peyda olurdu. Qaramtıl küknarlarla əhatələnmiş geniş, yamyaşıl Wasserwiesedə bədən təlimləri başlayınca, gümüşü buludlar ağır-ağır dikəlir, təkcə tünd mavi uniformaların sərt, nizamlı hərəkətləri buludları dağıdırdı. Sonra günəş solğun, hüznlü bir şəkildə yüksəlir, donuq işığı qara budaqların arasına soyuq, yad çöhrəsiylə nüfuz edirdi. Buz kimi soyuq leysan yağışı mərhəmətsiz bir daraq kimi cins atların qızıla çalan tüklərinin üzərindən keçir, qonşu otlaqdan atların isti axurlarına olan həsrətlərini dilə gətirən acı kişnəmələri yüksəlirdi. "Karabin məşqləri" keçirilirdi. Karl Cozef qışlaya dönüşünü dörd gözlə gözləyirdi. Saat onda verilən on beş dəqiqəlik "fasilə"dən; pivə içib polkovnik Kovacsı gözləmək üçün yaxınlıqdakı pivəxanada bir yerə yığışan yoldaşlarıyla etməyə məcbur olduğu söhbətlərdən qorxurdu. Kazinodakı axşamlar daha da xoşagəlməz idi. Bir azdan başlayacaqdı, qatılmaq da zəruri idi. Yatmaq saatı yaxınlaşmaqda idi. Qışlaya dönən əsgərlərin tünd mavi kölgələri həyətin qaranlığında hələ indidən ora-bura qaçışır, baş çavuş Reznisek əlində sarımtıl bir şəkildə parıldayan fənərlə qapıdan çıxır, şeypurçular qaranlığın içində toplaşırdılar. Sarı düyüdən olan alətlər uniformaların tünd parlaq mavi rənginin qarşısında işıldayır, axurlardan atların yuxulu kişnərtiləri eşidilirdi. Göy üzündə ulduzlar qızıl və gümüş muncuqlar kimi göz vururdu.
Qapı döyüldü, Karl Cozef heç tərpənmədi. Xidmətçi əsgərdir, necə olsa içəri girər. İndi girər. Adı Onufrijdi. Bu adı yadda saxlamaq nə qədər uzun zaman aldı! Onufrij! Babası bu adı bilirdi.
Onufrij içəri girdi, Karl Cozef alnını şüşəyə söykədi. Arxasında xidmətçi əsgərin dabanlarını bir-birinə vurduğunu eşitdi. Onufrijin bu gün "bazar icazəsi" vardı. Lampanı yandırıb bir kağızı imzalamalı idi. Karl Cozef arxasına dönmədən lampanı yandırmağı əmr etdi. Qarşıda əsgərlər hələ də ağız qarmonu çalırdılar.
Onufrij lampanı yandırdı. Karl Cozef qapı pərvazındakı düymənin basıldığını eşitdi. Arxası işıqlandı. Pəncərədə hələ də dördbucaqlı bir qaranlıq asılıydı, qarşıdakı yataqxanaların sarımtıl işığı solğun bir şəkildə parıldayırdı (elektrik işığı təkcə zabitlərə verilirdi).
– Hara gedəcəksən bu gün? – deyə Karl Cozef əsgər yataqxanalarına baxmağa davam edərək soruşdu.
– Qızların yanına, – Onufrij dedi. Leytenant ona bu gün ilk dəfə sən demişdi. Karl Cozef hansı qızın yanına gedəcəyini soruşdu.
– Katerinanın, – Onufrij dedi. Farağat vəziyyətində dayandığı hiss edilirdi. Karl Cozef "Rahat" əmrini verdi. Onufrij eşidiləcək bir hərəkətlə sağ ayağını sol ayağının önünə çəkdi.
Karl Cozef otağa doğru döndü. Önündə dayanan Onufrijin at dişlərinə bənzəyən böyük dişləri qırmızı dodaqlarının arasında parıldayırdı. "Rahat" vəziyyətində gülümsəmədən dura bilməzdi.
– Sənin bu Katerinan nəyə bənzəyir? – deyə Karl Cozef soruşdu.
– Leytenant, hörmətlə bildirirəm, böyük ağ döşlər!
"Böyük ağ döşlər!" Leytenant əllərinin içini çuxurlaşdırdı; içində Katinin döşlərinin xatirəsi yüksəldi. Ölmüşdü o, ölüydü!
– Katerina haradadı? – deyə Karl Cozef soruşdu.
–Ağaların yanında xidmətçidi, – deyə Onufrij cavab verdi. Xoşbəxt halda "Böyük ağ döşlər" sözlərini əlavə etdi.
–Ver, – Karl Cozef dedi. İcazə kağızını götürdü, əliylə düzəldib imzaladı. – Get Katerinanın yanına.
Onufrij dabanlarını yenə bir-birinə vurdu. Karl Cozef "gedə bilərsən!" əmrini verdi.
İşığı söndürdü. Qaranlıqda əliylə paltosunu axtardı. Dəhlizə çıxdı. Aşağıda qapını bağlayarkən şeypurçular yatmaq vaxtını bildirən musiqinin son notlarına keçməkdə idilər. Göy üzündə ulduzlar işıldayırdı. Qapının önündəki növbətçi salam verdi. Qapı Karl Cozefin arxasınca bağlandı. Küçə ay işığının gümüşü rəngiylə parlayırdı. Şəhərin sarı işıqları göydən düşmüş ulduzlar kimi uzaqlardan salam verirdi. Addımları payız gecəsinin yenicə donmuş torpağında sərt səslər çıxarırdı.
Arxasında Onufrijin çəkmələrinin səsini eşitdi. Leytenant xidmətçi əsgərin ona çatmaması üçün sürətini artırdı. Lakin Onufrij də addımlarını sürətləndirmişdi. Bu şəkildə arxa-arxaya kimsəsiz, sərt, əks-səda verən yolla gedirdilər. Göründüyü kimi, Onufrij leytenanta çatacağına sevinəcəkdi. Karl Cozef dayanıb gözlədi. Onufrij ay işığında gözlə görüləcək bir şəkildə çiyinlərini qabartdı, boyu uzanırmış kimi idi, sanki ağasıyla qarşı-qarşıya gələcəyi an üçün güc toplayırmış kimi başını ulduzlara doğru qaldırdı. Qollarını ayaqlarıyla birlikdə eyni ritmdə hərəkət etdirirdi; əlləriylə havanı itələyirmiş kimi bir halı vardı. Karl Cozefdən üç addım aralıda dayandı, bir daha sinəsini qabartdı, topuqlarını qorxunc bir şappıltı səsi çıxardaraq bir-birinə vurdu, beş barmağını da bir-birinə yapışdıraraq salam verdi. Karl Cozef çarəsizlik içində gülümsədi. Düşündü ki, mənim yerimdə kim olsa, indi gözəl bir söz deyərdi. Onufrijin arxasınca gəlməsi çox təsirli idi. Əslində ona hələ heç diqqətlə baxmamışdı. Adını yadında saxlaya bilmədiyi müddətcə çöhrəsini gözdən keçirmək içindən gəlməmişdi. Sanki hər gün fərqli bir əsgərlə həmsöhbət olurmuş kimi hiss etmişdi.
Başqaları xidmətçi əsgərlərindən sanki qızlardan, paltarlardan, ən çox sevdikləri yeməklərdən, atlardan bəhs edirmiş kimi təcrübə sahibi olaraq həvəslə danışardılar. Xidmətçi əsgərlərdən söz düşüncə, Karl Cozefin yadına əvvəllər babasına da xidmət etmiş yaşlı Jak gəlirdi. Dünyada yaşlı Jakdan başqa bir xidmətçi yox idi! İndi isə ay işığının işıqlandırdığı yolda qarşısında böyük bir güclə şişirdiyi döş qəfəsi, parlayan düymələri, ayna kimi cilalı çəkmələri, leytenant ilə bir yerdə olmaqdan irəli gələn sevincini var gücüylə gizləməyə çalışdığı geniş üzüylə Onufrij dayanmaqda idi. Karl Cozef “Rahat” dedi.
Daha mehriban bir şey demək istəyərdi. Babası olsa Jaka daha mehriban bir söz deyərdi. Onufrij sağ ayağını şaqqıldadaraq sol ayağının önünə atdı. Sinə qəfəsi hələ də şişirilmiş bir vəziyyətdə idi, əmrin hər hansı bir təsiri olmamışdı. Karl Cozef bir az kədərli, bir az da səbirsizcə rahat olmasını tapşırdı.
– Rahat olduğumu hörmətlə bildirirəm, – deyə Onufrij cavab verdi.
– O qız buradan uzaqdamı yaşayır? – deyə Karl Cozef soruşdu.
– Uzaq deyil, bir saatlıq marş məsafəsidi, hörmətlə bildirirəm, cənab leytenant.
Xeyr, olmurdu. Karl Cozef deməyə bir söz tapa bilmədi. Heç vərdiş etmədiyi halda şəfqətli bir söz tapmağa çalışdı, amma xidmətçi əsgərlərlə necə davranılacağını bilmirdi. Kiminlə necə davranılacağını bilirdi ki? Böyük bir çarəsizlik içində idi, yoldaşlarıyla birlikdə ikən də deməyə bir söz tapa bilmirdi. Üzünü başqa tərəfə çevirdikdə, onların yanına yaxınlaşarkən niyə hər kəs pıçıldayaraq danışırdı? Atın üstündə niyə elə əyri otururdu? Fikir vermə, o özünü tanıyırdı. Özünü güzgüdə görürmüş kimi görürdü, kimsənin sözünə ehtiyacı yox idi. Yoldaşları arxasınca danışırdılar. Verdikləri cavabları ancaq ona açıqlandıqdan sonra anlayır, o zaman belə bunlara gülə bilmirdi; əslində o zaman heç gülə bilmirdi. Buna baxmayaraq polkovnik Kovacs onu sevirdi. Heç şübhəsiz, mükəmməl bir yaxşı hal sənədi vardı. Babasının kölgəsində yaşayırdı. Bəli, bax əsl həqiqət bu idi. Solferino qəhrəmanının nəvəsi idi, yeganə nəvəsi. Babasının qaranlıq, sirli baxışını üzərində hiss edirdi. Solferino qəhrəmanının nəvəsi idi!
Karl Cozef və xidmətçi əsgər Onufrij ay işığının altında süd kimi parlayan yolda bir neçə dəqiqə boyunca belə susqun bir şəkildə üzbəüz dayandılar. Ay işığı və səssizlik dəqiqələri daha da uzatdı; Onufrij tərpənmir, ayın gümüşü işığında bir heykəl kimi dayanırdı. Karl Cozef birdən-birə dönərək getməyə başladı. Onufrij düz üç addımlıq məsafəylə arxasınca gəlirdi. Karl Cozef ağır çəkmələrin yerə dəyərkən çıxardığı nizamlı səslə mahmızların metal şaqqıltısını eşidirdi. Bu, sədaqətin səsi idi. Çəkmənin hər yerə toxunuşu hərbi sədaqətin qısa və özünəxas bir vədi idi. Karl Cozef arxaya dönməkdən qorxur, dümdüz yolda birdən-birə gözlənilməyən, yad bir yol ayrıcı, Onufrijin inadkar vəzifə eşqindən bir qaçış imkanının yaranmasına ümid edirdi. Əmr əsgəri onu eyni ritmlə izləyir, leytenant addımını arxasındakı çəkmələrə uyğunlaşdırmağa çalışırdı. Addımını diqqətsizliklə dəyişdirsə, Onufriji məyus etməkdən çəkinirdi. Çəkmələrin etibarlı addımı Onufrijin sədaqətinin ifadəsi idi; hər addım Karl Cozefi duyğulandırırdı. Sanki bacarıqsız bir uşaq kobud hərəkətlərlə ağasının ürəyini açmağa çalışırmış, çəkməli və mahmızlı bir yırtıcı çarəsizliklə şəfqətini ifadə etmək istəyirmiş kimi idi.
Nəhayət, şəhərin başladığı yerə çatdılar. Karl Cozefin ağlına vida üçün uyğun olan gözəl bir söz gəlmişdi. Arxaya döndü, ona “Yaxşı əyləncələr, Onufrij" deyərək sürətlə yan küçəyə buruldu. Xidmətçi əsgərin təşəkkürü yalnız uzaqdan gələn bir əks-səda kimi çatdı.
Dolambac yolla getməyə məcbur oldu; on dəqiqə sonra kazinoya çatdı. Kazino Am Alten Rinqdəki ən yaxşı binalardan birinin birinci mərtəbəsində idi. Hər axşam olduğu kimi bütün pəncərələrdən meydana və gəzintiyə çıxanların üstünə işıq seli yağırdı. Saat irəliləmişdi, xanımlarıyla birlikdə gəzintiyə çıxan bəylərin arasından ustalıqla keçmək lazım idi. Tünd paltarlı mülki vətəndaşların arasında əlvan paltarda meydana çıxmaq, maraqlanan, hiyləgər, şəhvətli baxışların hədəfi olmaq; axırda isə bir tanrı kimi kazinonun işıqlı giriş qapısında gözdən itmək leytenanta hər gün təsvirolunmaz bir əziyyət verirdi. Tələsməsinə baxmayaraq, gəzintiyə çıxanların arasından keçməsi iki dəqiqə davam etdi, iki iyrənc dəqiqə. Pillələri iki-iki çıxdı. Kim-səylə qarşılaşmasa yaxşı olardı. Pilləkənlərdəki qarşılaşmalardan qaçmaq lazım idi, bu pis əlamət sayılardı. Dəhlizdən istilik, işıq və səslər gəlirdi. İçəri girdi, bəziləriylə salamlaşdı. Gözləriylə polkovnik Kovacsı həmişəki küncündə axtardı. Polkovnik hər axşam domino oynayardı, hər axşam fərqli bir cənabla. Bəlkə də kart kağızlarına qarşı olan şişirdilmiş qorxusundan dominonu böyük bir ehtirasla oynayırdı. Əlinə indiyə qədər heç kart kağızı almadığını deyərdi. "Kağız" sözünü müəyyən bir kinlə tələffüz edər; bunu deyərkən sanki qüsursuz xarakteri onlarda gizlənibmiş kimi əllərinə baxardı. Bəzən də əlavə edərdi: "Cənablar, sizə domino oyununu tövsiyə edirəm, domino təmiz bir oyundur; ölçülü olmağı öyrədir". Bəzən də qara-ağ çoxgözlü daşlardan birini sanki onunla əxlaqsız kart kağızı oyunçularının içindəki şeytanı rədd etmək mümkünmüş kimi sehrli bir alət kimi havaya qaldırırdı.
Domino oynama işində növbə bu gün kapitan Taittingerdə idi. Polkovnikin üzü göy rəngə çalan qırmızılığıyla kapitanın quru, sarımtıl üzüylə təzad təşkil edirdi. Karl Cozef yüngül bir şaqqıltı səsi çıxardaraq polkovnikin önündə dayandı. Polkovnik başını domino daşlarından qaldırmadan salamlaşdı. Polkovnik Kovacs sakit bir adam idi. İllər ərzində səmimi və şəfqətli bir xarakterə sahib olmuşdu. Sadəcə ayda bir dəfə süni bir qəzəb tutması keçirir, özü bu qəzəb tutmasından alaydakılardan daha çox qorxurdu. Qəzəb tutmasına hər cür səbəb yol aça bilərdi. Qışlanın divarlarıyla Wasserwiese ətrafındakı ağacların titrəməsinə səbəb olacaq qədər şiddətlə qışqırardı. Qırmızı üzü dodaqlarına çatanadək solğunlaşarkən, qırmancıyla heç dayanmadan çəkməsinin yuxarı hissəsini döyəcləyərdi. Qarmaqarışıq bir şəkildə qışqırıb-bağırar, bir-biriylə heç bir əlaqəsi olmadan qışqıraraq dediyi sözlərin arasında təkcə "mənim alayımda" sözlərini daha ölçülü bir səs tonuyla dilə gətirirdi. Sonra birdən eynilə başladığı kimi səbəbsiz bir şəkildə dayanaraq katibliyi, kazinonu, təlim yerini və ya qəzəb fırtınasını nümayiş etdirmək üçün haranı seçdisə oranı tərk edərdi. Bəli, polkovnik Kovacs belə tanınardı; yaxşı xasiyyətli bir canavar! İnsan necə ayın mərhələlərinin təkrarından əmin ola bilirsə, qəzəb tutmalarının nizamlılığından da əmin ola bilərdi. İki dəfə iş yeri dəyişən, komandirlər barədə geniş məlumatı olan kapitan Taittinger bezib-usanmadan hər kəsə bütün orduda daha zərərsiz bir alay komandirinin olmadığını sübut edərdi.
Albay Kovacs, nəhayət, başını dominodan qaldıraraq Trottayla əl verib görüşdü. Yemək yeyib-yemədiyini soruşdu. Sonra heyifsilənib davam etdi; baxışları uzaqlara getdi.
–Şinitzel bu gün mükəmməl idi.
Bir müddət sonra mükəmməl sözünü təkrarladı. Trottanın şinitzeli əldən buraxmasına kədərlənmişdi. Leytenanta şinitzelin necə yeyiləcəyini göstərmək və ya heç olmasa necə iştahla yeyildiyini seyr etdirmək istəyərdi.
–Yaxşı, yaxşı, o halda yaxşı əyləncə arzulayıram, – deyərək diqqətini yenə domino daşlarına verdi.
О проекте
О подписке
Другие проекты
