Читать книгу «Radetski Marşı» онлайн полностью📖 — Йозефа Рота — MyBook.
image

Bu saatlarda həmişə böyük bir qarışıqlıq olardı, yaxşı bir yer tapmaq asan deyildi. Yeməkxananı ağlasığmaz müddətdən bəri idarə edən, həyatının tək ehtirası şirin xəmir məmulatları yemək olan kapitan Taittinger kazinonu bu uzun zaman içərisində hər günortadan sonrakı vaxtını keçirdiyi şirniyyat dükanının modelinə görə formalaşdırmışdı. Kapitanı sözügedən şirniyyat dükanında şüşə qapının arxasında qəribə bir reklam fiqurunun donuq hərəkətsizliyi içərisində oturarkən görə bilərdiniz. Şirniyyat dükanının ən yaxşı, böyük bir ehtimalla da ən ac müştərisiydi. Qəmli çöhrəsini ən kiçik bir şəkildə canlandırmadan qablar dolusu şirniyyat tıxışdırır, ara-sıra bir qurtum su içir, hərəkətsiz bir şəkildə şüşə qapıdan küçəyə baxır, yoldan keçən bir əsgər salam verincə ölçülü bir rəftarla başını yelləyir və seyrək saçlı böyük, sısqa başında heç bir fikir gəzmirmiş kimi görünürdü. Çox mülayim, tənbəl bir zabit idi. Bütün vəzifə öhdəçilikləri arasında təkcə yeməkxananın, mətbəxin, aşpazların, xidmətçi əsgərlərin, şərab zirzəmisinin işləriylə məşğul olmağı sevərdi. Şərab tacirləri və likör istehsalçılarıyla davam etdirdiyi əhatəli yazışmalarla ən azı iki katiblik işçisi əlaqəliydi. İllər ərzində kazinonun təchizatını çox sevdiyi o şirniyyat dükanına bənzətməyi, sevimli guşələr yaratmağı, masa lampalarını qırmızı rənglə bəzəməyi bacarmışdı.

Karl Cozef ətrafına baxdı. Dözüləcək bir yer axtarırdı. Varlı bir vəkil olan yeni zadəgan Zaloqa Cəngavəri və ehtiyat zabitliyinə namizəd Barensteyn ilə Almaniya əsilli, ağbədənli Kindermann arasında nisbətən təhlükəsizlikdə sayılardı. Gənc tərzi yetkin yaşına və yüngül çıxıntılı göbəyinə çox uyğun olmadığı üçün hərbi paltarlar geyinmiş mülki şəxsə bənzəyən və dəstəksiz bir eynəkdən məhrum olması səbəbiylə incə, kömür kimi qara bığının çöhrəsinə əcnəbi görkəm verdiyi zabitliyə namizəd kazinoda yenə də güvənverici bir nəcibliyi əks etdirir, Karl Cozefə bir ailə həkimi və ya əmini xatırladırdı. Bu iki böyük salonda təkcə o, həqiqətən və ürəkdən yerində otururmuş kimi görünür, digərləri oradan buraya hoppanıb-tullanırmış kimi təəssürat yaradırdı. Zabitliyə namizəd həkim Barensteynin vəzifə müddətincə forması xaricində orduya etdiyi tək güzəşt monokl idi; çünki mülki həyatında həqiqətən də dəstəksiz bir eynəkdən istifadə edirdi.

Heç şübhəsiz, leytenant Kindermann da digər hər kəsdən daha sakitləşdirici idi. Solğun, ağbədənli, şəffaf bir maddədən yaranıbmış kimi görünür, insan az qala axşam günəşi vaxtı təmiz havada bir buludun içindən keçirmiş kimi onun içindən də keçə biləcəyi hissinə qapılırdı. Söylədiyi hər söz özünü əksiltmədən üfürülən bir maddə kimi bol havalı və şəffaf idi.

Əhəmiyyətli danışıqları izləyərkən aldığı ciddi görkəmi yüngül bir təbəssüm müşayiət edir, masada şən bir heç olaraq otururdu. Polkovnik Kovacsın Prussiya ordusunun nəfəs çalğıçılarından biri olaraq təyin etdiyi kəskin səsiylə salam verdi. Ehtiyat zabitliyə namizəd Barensteyn təlimatlara uyğun bir şəkildə, amma ciddiliklə yüngülcə dikəldi.

– Hörmətimi bildirirəm, leytenant, – dedi. Karl Cozef az qala dərin bir hörmətlə "Axşamınız xeyir, hörmətli həkim" deyə cavab verəcəkdi, lakin sadəcə "Ümid edirəm narahat etmirəm?" deyə soruşmaqla kifayətlənərək oturdu.

– Həkim Demant bu gün dönür, – deyə Barensteyn sözə başladı, – bu gün təsadüfən qarşılaşdıq.

Kindermann dedi:

– Çox xoşagəlimli bir adamdır.

Barensteynin güclü, bariton səsinin ardından səsi qulağa bir arfanın üzərindən əsib keçən meh kimi gəlmişdi. Qadınlara qarşı son dərəcə zəif marağını saxta xüsusi bir nəzakətlə kompensasiya etməyə çalışan Kindermann əlavə etdi:

– Bəs arvadı… Tanıyırsınızmı? Ovsunlayıcı bir qadındı, son dərəcə cazibədardı. – "Cazibədar" deyərkən barmaqlarının havada zəif bir şəkildə oynadığı əlini yuxarıya qaldırmışdı.

– Onu hələ gənc bir qızkən tanıyardım, – zabitliyə namizəd dedi. Kindermann maraqlı olduğunu dedi. Açıq bir şəkildə rol oynayırdı. Zabitliyə namizəd davam etdi:

– Atası əvvəllər çox varlı bir şlyapa fabrikantı idi.

Sanki bir sənəddən oxuyurmuş kimi danışırdı. "Şlyapa fabrikantı" sözü qulağa çox mülki gəlmişdi, necə də olsa vəkillərlə oturmurdu. Bundan belə sözlər ağzından çıxmazdan əvvəl yaxşıca düşünməyə qərar verdi. Süvari təbəqəsinə heç olmasa bunu borclu hiss edirdi. Trottaya baxmağa çalışdı. Trotta sol tərəfində otururdu, Barensteynin təkgözlü gözlüyü isə sağ gözündəydi. Başqa sözlə, yalnız leytenant Kindermannı açıq-aydın bir şəkildə görə bilirdi, amma Kindermann əhəmiyyətsiz idi. Barensteyn şlyapa fabrikantını ailəvi bir əlaqə olaraq dilə gətirməsinin Trotta üzərində mənfi bir təsir yaradıb-yaratmadığını təsbit etmək üçün siqaret qutusunu çıxardı, sola doğru tutdu, eyni anda Kindermannın daha təcrübəli olduğunu xatırlayaraq tələsik sağa dönərək üzr istədi.

İndi hər üçü də danışmadan siqaret çəkirdi. Karl Cozef imperatorun üzbəüz divarda asılmış şəklinə baxdı. Frans Cozefin əynində dümağ bir general uniforması vardı, sinəsində çarpaz olaraq geniş, qan qırmızısı rəngində imperiya qurşağı, boynunda da Vlies cəngavər təriqətinin qızıl nişanı asılmışdı. Yaşıl surquclu böyük, qara marşal şlyapası imperatorun yanında, çox da möhkəm görünməyən bir masanın üstündə idi. Şəkil sanki divardan daha uzaqda asılıymış kimi görünürdü. Karl Cozef bu şəklin alaya gəldiyi ilk günlərdə onun üçün qürur dolu bir təsəlli mənasına gəldiyini xatırladı. O günlərdə imperator hər an dar, qara çərçivədən çölə sıçrayacaqmış kimi hiss etmişdi. Lakin sonra Baş komandan getdikcə markalarla metal pullardan tanınan o laqeyd çöhrəsini göstərməyə başladı. Şəkli kazinonun divarından asılmışdı, bir tanrının öz-özünə həsr etdiyi qəribə bir qurban… Əvvəllər Karl Cozefə yay tətillərinin səmasını xatırladan gözlər indi sərt, mavi bir farfordan ibarət idi. Əslində həmişə eyni imperator idi! Evdə, bölgə qubernatorunun iş otağında da eyni şəkil asılmışdı. Eyni şəkildə hərbi məktəbin böyük yığıncaq salonunda, polkovnikin qışladakı katibliyində… İmperator Frans Cozef Tanrının dünyada olduğu kimi, ölkədə təbəəsi üçün şəkillər vasitəsilə minlərlə fərqli yerdə idi. Solferino qəhrəmanı həyatını qurtarmışdı İmperatorun. Solferino qəhrəmanı yaşlanmış, ölmüşdü.

İndi soxulcanlar sümüklərini gəmirirdi. Solferino qəhrəmanının oğlu, Karl Cozefin atası bölgə qubernatoru da artıq yaşlanmışdı. Yaxında onun bədənini də soxulcanlar gəmirəcəkdi. İmperator isə günlərin birində bir anda yaşlanıbmış kimi görünürdü; o gündən bəri buz kimi, sonsuz, solğun, qorxunc yaşlılığının içərisinə eynilə kristal bir zirehin içərisinə olduğu kimi həbs olunmuşdu. İllər ona artıq yaxınlaşmağa cəsarət edə bilmirdi; gözləri isə getdikcə daha da maviləşib sərtləşirdi. Trotta ailəsinə göstərdiyi lütf belə buzdan ibarət bir yük halına gəlmişdi. Karl Cozef imperatorun mavi baxışı altında üşüyürdü.

Tətillərdə evə getdiyi, bazar günləri günorta yeməyindən əvvəl orkestr rəhbəri Nexval hərbi orkestri qaydaların nəzərdə tutduğu kimi bir dairə şəklində sıraya düzdüyü zamanlar imperator üçün sevərək ölməyə hazır olduğunu xatırlayırdı. Babasının imperatorun həyatını qurtarma vəsiyyəti yaşayırdı. Trottalar heç dayanmadan imperatorun həyatını qurtarardı.

İndi dörd aydan bəri alayda idi. Kristal zirehinin içində təhlükəsizlikdə olan imperator birdən-birə Trottalara ehtiyacı qalmayıbmış kimi görünürdü. Çox uzun müddətdir sülh vardı. Ölüm gənc bir süvari qoşununun leytenantına adi vəzifəcə qalxma müddətinin son pilləsi qədər uzaq idi. Günlərin birində polkovnik olacaq, sonra da öləcəkdi. Bu arada hər axşam kazinoya gedilərək imperatorun şəklinə baxılırdı. Leytenant Trotta şəklə baxdıqca imperatorun ondan getdikcə uzaqlaşdığını hiss etdi.

Leytenant Kindermann incə, kəskin bir səslə dedi:

–Baxın, Trotta qocaya aşiq olub!

Karl Cozef Kindermanna baxıb gülümsədi. Zabitliyə namizəd Barensteyn bu vaxt çoxdan domino oynamağa başlamışdı, amma itirmək üzrə idi. Zabitlərlə oynayarkən itirməyi ədəb qaydalarına uyğun öhdəçilik olaraq qəbul edir, mülki şəxs olaraq həmişə qazanırdı. Vəkillər arasında belə qorxulan bir oyunçu idi. Lakin illik təlimlər gəldikdə düşünmə qabiliyyətini dövrədənkənar buraxaraq bir axmaq kimi davranmağa çalışırdı. Kindermann Trottaya dedi:

–Bu sürəkli məğlub olur. – Leytenant Kindermann "vətəndaş"ların keyfiyyətsiz məxluqlar olduğuna əmin idi. Domino oyununda belə qazana bilməzdilər.

Polkovnik öz guşəsində hələ də kapitan Taittinger ilə birlikdə otururdu. Bəziləri darıxaraq masadan masaya gəzməkdə idi. Polkovnik oynadığı müddətcə kazinodan çıxmağa cəsarət edə bilmirdilər. Rəqqaslı saat on beş dəqiqədən bir yavaşca ağlayır, kədərli melodiyası domino daşlarıyla şahmat daşlarının taqqıltısını kəsirdi. Xidmətçi əsgərlərdən biri hərdənbir topuqlarını bir-birinə vurur, mətbəxə gedir, əlində gülünc dərəcədə böyük bir nimçənin üzərində kiçik bir konyak qədəhiylə geri dönürdü. Bəzən kimsə qəhqəhə çəkincə qəhqəhənin gəldiyi tərəfə baxıb bir yerə yığışmış dörd baş görüncə, lətifə danışıldığı aydın olurdu. Ah bu lətifələr! Gülənlərin nəzakət xətrinə, yoxsa ürəkdən gülməsinin hər kəsə dərhal aydın olduğu bu lətifələr. Lətifələr yerliləri yadlardan ayırırdı. Lətifələri anlamayanlar yerlilərə daxil ola bilməzdi. Xeyr, Karl Cozef bu qrupdan deyildi.

Elə üçlük yeni bir məclisi təklif etməyə hazırlaşırdı ki, qapı açıldı; xidmətçi əsgər çəkməsinin topuqlarını sürətlə bir-birinə vuraraq salam verdi. Dərhal səssizlik hökm sürdü. Polkovnik Kovacs yerindən atılaraq qapıya baxdı. İçəri girən alay həkimi Demant idi. Səbəb olduğu narahatlıq onu da qorxutmuşdu. Qapıda dayanıb gülümsədi. Yanındakı xidmətçi əsgər hələ də farağat vəziyyətində dayanaraq onu gözlə görüləcək şəkildə narahat edirdi. Əlini ona doğru yellədi. Lakin o, bunu görmədi. Həkimin gözlüyünün qalın şüşələri çöldəki payız axşamının havasından yüngülcə nəmlənmişdi. Soyuq havadan isti havaya girincə adi vaxtda gözlüyünü çıxardar, şüşələrini təmizləyərdi. Amma burada buna cəsarət edə bilmədi. Kandarı keçib irəliləməsi bir az vaxt aldı.

–Baxsana, həkim gəlib, – deyə polkovnik səsləndi. Sanki bir yarmarka qarışıqlığında səsini eşitdirmək istəyirmiş kimi var gücü ilə qışqırırdı. Hər halda, yaxını görməyənlərin eyni zamanda kar olduğunu, qulaqları daha yaxşı eşitsə eynəklərinin də daha yaxşı göstərəcəyini düşünürdü. Polkovnikin səsi ona bir yol açdı. Zabitlər geri çəkildi. Hələ də oturan az sayda olan zabitlər də ayağa qalxdılar. Alay həkimi sanki buz üstündə yeriyirmiş kimi diqqətli bir addım atdı. Gözlüyünün şüşələri getdikcə aydınlaşır, hər tərəfdən salamlar gəlirdi. Bir az çətinliklə də olsa, salam verən bəyləri xatırlayırdı. Bir kitabı gözdən keçirirmiş kimi ətrafındakı üzləri oxumaq üçün önə doğru əyilirdi. Ən axırda polkovnik Kovacsın qarşısında sinəsini şişirərək dayandı. Həmişə önə əydiyi başını incə boynunun üstündə geriyə atmış; sümüklü, arıq çiyinlərini dik tutmağa çalışaraq orada dayanarkən çox şişirdilmiş bir görünüş sərgiləyirdi. İnsanlar onu uzun xəstəlik icazəsi alıb olmadığı müddətdə az qala unutmuşdular, həm onu, həm də hərbiyə zidd xarakterini. Hər kəs ona bu anda bir az çaşqınlıqla baxırdı. Polkovnik qaydaların tələb etdiyi salamlama mərasiminə son verməyə çalışaraq qədəhləri titrədəcək tərzdə qışqırdı:

–Həkim çox yaxşı görünür!

Səsini bütün orduya eşitdirmək istəyirmiş kimiydi. Demantın çiyinlərini əvvəlki şəklinə salmaq istəyirmiş kimi əlini həkimin çiyninə endirdi. Alay həkimindən xoşu gəlirdi. Lakin Allah lənət etsin, hərif heç hərbçiyə bənzəmirdi! Bir az da hərbçiyə bənzəsəydi, onunla yaxşı davranmaq üçün bu qədər çalışmağa məcbur olmayacaqdı. Lənət olsun, əslində onun alayına başqa bir həkim də göndərə bilərdilər! Bu lənətə gəlmiş, səmimi adamın hərbi vərdişlərinə davamlı olaraq zidd olması onun kimi qocalmış bir hərbçinin əsəblərini həqiqətən xarab edə bilərdi. Polkovnik həkimi at üstündə hər dəfə gördükdə düşünərdi ki, bu həkim günlərin birində məni öldürəcək və axırda ondan şəhərdən keçərkən ata minməməsini xahiş etmişdi.

Həyəcanla düşündü ki, həkimə indi gözəl bir söz deməlidir. Şinitzelin bu gün mükəmməl olduğunu xatırlayıb dərhal dedi. Həkim gülümsədi. Polkovnik düşündü ki, hərif lap mülki şəxs kimi gülümsünür. Birdən-birə aralarında həkimi tanımayan bir adamın olduğunu xatırladı. Əlbəttə ki, Trotta! Həkim icazəliykən aralarına qoşulmuşdu. Polkovnik qışqırdı:

–Ən gəncimiz, Trotta! Siz hələ tanış olmamısınız!

Karl Cozef alay həkiminin qarşısında dayandı.

–Solferino qəhrəmanının nəvəsimi? – deyə həkim soruşdu.

Hərbi tarixə bu qədər hakim olması gözlənilmirdi.

–Həkimimiz hər şeyi bilir, – deyə polkovnik qışqırdı. – Əməlli-başlı kitab həvəskarı.

Yenidən oturdular və axşam öz əvvəlki halına döndü. Alay həkimi dedi:

–Babanız ordudakı ən qəribə insanlardan biri idi. Onu şəxsən tanıdınızmı?

–Onu şəxsən tanımadım, – deyə Karl Cozef cavab verdi. – Şəkli bizim evdə siqaret otağında asılıb. Kiçikkən şəklə tez-tez baxardım. Bir də babamın xidmətçisi Jak hələ də bizim yanımızdadı.

Alay həkimi soruşdu:

–Bu necə bir şəkildi?

–Atamın bir gənclik dostu çəkib, – Karl Cozef dedi. – Qəribə bir şəkildi. Olduqca yuxarıdan asılıb. Kiçikkən bir stulun üstünə çıxmağım lazım gəlirdi. Elə baxa bilirdim.

Bir müddət kimsə danışmadı. Sonra həkim dedi:

–Mənim babam mehmanxana işlədirdi; Qaliçyada yəhudi bir mehmanxana müdiri. Qaliçyanı tanıyırsınızmı? (Həkim Demant yəhudi idi. Bütün lətifələrdə yəhudi alay həkimləri olardı. Hərbi məktəbdə də iki yəhudi vardı. Piyadalara qoşulmuşdular).

Birdən-birə kimsə "Resinin, Resi xalanın yanına" deyə qışqırdı.

Sonra hamı bir ağızdan təkrarladı:

–Resinin. Resinin yanına gedirik!

– Resi xalagilə!

Heç bir şey Karl Cozefi bu qışqırıq qədər qorxuda bilməzdi. Həftələrdən bəri qorxuyla bu anı gözləyirdi. Frau Horvatın ümumi görüş evinə etdikləri son ziyarətin bütün təfərrüatlarını xatırlayırdı; hər şeyi, kafurla limonaddan ibarət olan şampan şərabını, qızların yumşaq, ətli dərisini, divar kağızlarının cazibədar qırmızılığıyla çılğın sarı rəngini, dəhlizdəki pişik, siçan və inciçiçəyi qoxusunu, on iki saat sonrakı mədə yanmasını. Hələ alaya gələli cəmi bircə həftə idi; həyatında ilk dəfə ümumi görüş evinə gəlmişdi. Taittinger buna “sevgi manevri” deyirdi. O başçılıq edirdi. Bu, yeməkxananı ağlasığmaz müddətdən bəri idarə edən bir zabitin vəzifələrindən biri sayılırdı. Solğun, sısqa Taittinger qılıncını qınından tutub uzun, incə addımlarla frau Horvatın salonunda masadan masaya gəzirdi, bayat bir əyləncənin yavaş-yavaş gəzişən təşkilatçısıydı. Kindermann çılpaq qadın qoxusunu hiss edincə bayılırmış kimi olur, dişi cinsiyyəti ürəyini bulandırırdı. Mayor Prohaska tualetdə qısa, qalın barmağını ciddiyyətlə boğazına soxmağa çalışırdı. Frau Resi Horvatın ipək paltarları evin hər küncündə xışıldayır; böyük, qara gözləri hədəfsiz bir şəkildə enli, solğun üzündə fır-fır fırlanır, piano tuşu böyüklüyündəki protez dişləri geniş ağzında dümağ parlayırdı. Trautmannsdorff frau Horvatın hərəkətlərini oturduğu küncdən xırdaca, yaşılımtıl baxışlarıyla sürətlə izləyirdi. Sonra ayağa qalxaraq əlini frau Horvatın dekoltesinə soxdu. Əli döşlərin içində ağ siçanın ağ təpələrdə yox olması kimi yox oldu. Musiqinin köləsi pianoçu Pollak isə qara işıqları əks etdirən pianonun başında kürəyi önə doğru qövsvarı şəkildə oturub tuşlara basarkən, sərt manjetlərinin tıqqıltısı metallik səsləri müşayiət edirdi.

Resi xala! Resi xalanın yanına gedilirdi. Polkovnik aşağıda üzünü çevirib dedi:

– Yaxşı əyləncələr, cənablar. – Səssiz küçədə iyirmi səs: "Hörmətimizi bildiririk, cənab polkovnik" – deyə guruldadı. Qırx mahmız bir-birinə vuruldu. Alay həkimi Maks Demant utancaqlıqla qrupdan ayrılmağa cəhd elədi. Leytenant Trottadan yavaşca soruşdu:

– Siz də onlara qoşulmağa məcbursunuzmu?

– Yəqin elə lazımdır, – deyə Karl Cozef pıçıldadı. Alay həkimi heç bir söz demədən yoluna davam etdi. Bu iki nəfər kiçik şəhərin səssiz, ay işığının işıqlandırdığı küçələrində şaqqıltılar arasında nizamsız bir şəkildə yeriyən zabitlər qrupunun ən sonuncuları idi. Bir-birləriylə danışmırdılar. Hər ikisi də pıçıldayaraq verilən sualın, pıçıldayaraq verilən cavabın onları bir-birinə bağladığını hiss edirdi, başqa bir şey edə bilməzdilər. Hər ikisi də alaydakılardan fərqli idi, ən çoxu yarım saatdan bəri tanış idilər.

Karl Cozef birdən-birə dedi:

– Kati adlı bir qadını sevdim. Öldü.

Bunu niyə dediyini bilmirdi. Alay həkimi dayanıb üzünü leytenanta tutaraq dedi:

– Başqa qadınları da sevəcəksiniz.

Yola davam etdilər. Uzaqlardakı qatar stansiyasından gecə işləyən qatarların fit səsləri gəlirdi. Alay həkimi dedi:

– Getmək istəyirəm, çox uzaqlara getmək istəyirəm.

Resi xalanın mavi fənərinin önünə çatmışdılar. Kapitan Taittinger bağlı qapını döydü. Kimsə qapını açdı. İçəridə piano dərhal çalınmağa başladı: “Radetski” marşı. Zabitlər salona üz tutdular. Taittinger "Bir-bir azalın!" əmrini verdi. Qarşıdan gülüşərək gələn çılpaq qızlar qıvraq toyuq dəstəsinə bənzəyirdilər.

–Tanrı sizinlə olsun, – Prohaska dedi. Trautmannsdorff bu dəfə dərhal, hələ ayaq üstə dayanarkən əlini frau Horvatın döşlərinə salıb bir daha da çıxarmadı. Frau Horvatın mətbəxlə zirzəmiyə nəzarət etməsi lazım idi; baş leytenantın oxşamalarının onu gözlə görüləcək bir şəkildə narahat etməsinə baxmayaraq, qonaqpərvərliyin öhdəçiliklərinə dözməyə məcbur olaraq yoldan çıxarılmağa razı oldu. Leytenant Kindermannın üzü dümağ olmuşdu, qızların çiyin-lərindəki pudradan daha ağ idi. Mayor Prohaska mineral su sifariş verdi. Onu yaxından tanıyan hər kəs bu gün çox sərxoş olacağını əvvəlcədən görə bilərdi. Mineral su ilə sadəcə spirtli içkinin yolunu açırdı, lap əhəmiyyətli bir qəbuldan əvvəl yolların təmizləndiyi kimi.

– Həkim bizimlə gəldimi? – deyə yüksək səslə soruşdu; sonra elmi bir ciddiyyətlə həmişəki solğunluğu, həmişəki sısqalığıyla dedi. – Xəstəliklərin mənbəyindəcə araşdırılması lazımdır.

Zabitliyə namizəd Barensteynin gözlüyü indi ağa çalan sarışınlıqda olan bir qızın gözündə idi. Özü isə kiçik, qara gözlərini qırparaq oturub qəribə heyvanlara bənzəyən qəhvəyi, tüklü əllərini qızın üstündə gəzdirirdi. Axırda hər kəs bir yerdə oturmuşdu. Qırmızı divanın üzərindəki həkim ilə Karl Cozefin arasında iki qadın dizlərini birləşdirib donuq halda otururdu; Karl Cozeflə həkimin çarəsiz üz ifadələri onları qorxutmuşdu. Qara paltarlı, ciddi görünüşlü xidmətçi mərasimsayağı bir ədayla şampan şərabını gətirincə, frau Horvat baş leytenantın əlini sinəsindən çəkib çıxardı, əli borc alınan bir əşyanı geri verirmiş kimi intizama olan hörmətin tələb etdiyi kimi baş leytenantın qara şalvarının üzərinə qoyub avtoritar görkəm alıb dikəldi. Çilçırağın işığını söndürdü. İndi təkcə künclərdəki kiçik lampalar yanırdı. Qırmızı alaqaranlıqda pudralı ağ bədənlər parlayır, qızılı ulduzlar yanıb-sönür, gümüşü qılınclar parıldayırdı. Cütlər bir-birinin ardınca yerlərindən qalxıb gözdən itdilər. Çoxdan konyaka keçmiş olan Prohaska alay həkiminin yanına gələrək dedi:

– Sizin onsuz da ehtiyacınız olmayacaq, mən ikisini də aparıram, – dedi. Sonra qadınların arasında yırğalana-yırğalana pilləkənlərə doğru getdi.

Birdən-birə Karl Cozef və həkim tək qalmışdılar. Pianoçu Pollak salonun qarşı küncündə eləcə çalmaq xətrinə barmaqlarını tuşların üzərində gəzdirir, çox mülayim bir vals otağın içində süzülürdü. Bunun xaricində səssizlik və demək olar ki, xoş bir mühit hakim idi, buxarının üstündəki ayaqlı saat tıqqıltı səsləri çıxardırdı.

– Zənnimcə, burada bir işimiz qalmadı, elə deyilmi? – deyə həkim soruşdu. Ayağa qalxdı. Karl Cozef buxarının üstündəki saata baxdı, sonra o da ayağa qalxdı. Qaranlıqda saatın neçə olduğunu görə bilmədi, saatın yanına getdi, sonra yenə bir addım gerilədi. Üzərinə ağcaqanadların qonduğu düyüdən düzəldilmiş çərçivə içərisində Əlahəzrət Baş komandanın hər yerdə görünən ağ geyimli, qan qırmızısı rəngində olan qurşaqlı, qızılı cəngavər nişanlı bir şəkli vardı. Leytenant tez və uşaq məsumluğuyla düşündü ki, bir şey eləməliyəm. Bir şey edilməliydi! Saraldığını, ürəyinin sürətlə döyündüyünü hiss etdi. Əlini çərçivəyə uzatdı, qara kağızdan olan arxa divarını sökərək şəkli çərçivənin içindən çıxardı. Sonra şəkli qatladı, bir daha, bir daha qatladı, cibinə qoydu. Geri döndü. Arxasında alay həkimi dayanırdı. Həkim barmağıyla Karl Cozefin imperatorun portretini gizlədiyi cibini göstərdi. Həkim Demant düşündü ki, babası da onu xilas etmişdi. Karl Cozef qızardı.

– Böyük bir əxlaqsızlıqdı, – dedi. – Nə düşünürsünüz?

– Heç bir şey, – deyə həkim cavab verdi. – Sadəcə babanızı düşünürdüm!

– Mən onun nəvəsiyəm, – Karl Cozef dedi. – Mənim heyif ki, imperatoru qurtarmaq üçün fürsətim yoxdur!

Masanın üstünə dörd gümüş pul qoyub frau Resi Horvatın evini tərk etdilər.