–Ümid edirəm! Bilirsənmi, mənim zamanımda insanlar çox romantik deyildi. Qızlardan ayrılmaq adi bir şey idi; yoldaşlardan da… – Birdən-birə dayandı. Masalarının yanında yad bir kişi dayanmışdı; geniş kənarlı şlyapası, uçuşan qalstuku, ətək hissəsi büzüşmüş köhnə, boz pencəyi, ənsəsində toplanmış sıx, uzun saçları; böyük, solğun, təraşsız üzüylə ilk baxışda rəssamı xatırladan, köhnədənqalma bir sənətkar fizionomiyası təsəvvürünə uyğun olaraq qeyri-həqiqi bir karikaturaya bənzəyən bir kişi. Yad kişi qovluğunu masanın üzərinə qoyaraq əsərlərini qismən kasıblıq, qismən də xüsusi bir missiya inancından qaynaqlanan qürurlu bir laqeydliklə təqdim etməyə cəhd etdi.
–Moser, – herr von Trotta dedi. Rəssam böyük, açıq rəngli gözlərinin üstündəki ağır göz qapaqlarını yavaşca yuxarıya qaldırdı, bir neçə saniyə boyunca bölgə qubernatoruna baxıb əlini uzadaraq dedi:
–Trotta.
Daha bir saniyə belə keçmədən üzərindəki çaşqınlığı və itaətliliyi atmışdı; qovluğu stəkanların titrəməsinə gətirib çıxaran bir şiddətlə masanın üzərinə çırpdı və sanki doğrudan da səsini yuxarıya eşitdirmək istəyirmiş kimi üç dəfə “Aman Tanrım" deyə qışqırdı; baxışlarını bir qalib ədasıyla alqış gözləyirmiş kimi yan masalarda gəzdirdi; oturdu, şlyapasını çıxardıb kürsünün yanındakı çınqılların üzərinə atdı, qovluğu laqeyd bir rəftarla "natəmizlik" olaraq tanıtdıqdan sonra qoluyla masanın kənarına itələdi, başını leytenanta çevirdi, qaşqabağını tökdü, yenidən geriyə söykəndi:
–Necə yəni, cənab qubernator, oğlundurmu?
–Gənclik yoldaşım, professor Moser, – deyə bölgə qubernatoru açıqladı.
–İlahi, demək, cənab qubernator, – deyə Moser təkrarladı. Bunu deyərkən bir ofisiantın frakından tutub ayağa qalxdı; ofisiantın qulağına gizli bir söz deyirmiş kimi sifarişini verdi, oturub susqunluğa büründü. Gözləri ofisiantların içkilərlə gəlməli olduqları tərəfə çevrilmişdi. Nəhayət, su kimi şəffaf olan “Slivovitz” ilə yarısına qədər dolu bir soda stəkanı qarşısında dayanırdı; stəkanı qanadları genişlənmiş burnunun altında irəli-geri apardı, sanki bir qurtumda bitirəcəkmiş kimi bir qol hərəkətiylə başına çəkdi, amma təkcə kiçik bir qurtum almaqla kifayətləndi, sonra diliylə dodaqlarında qalan damlaları yaladı.
–Demək iki həftədir buradasan, amma məni ziyarət etmədin, – deyə amiranə bir sərtliklə başladı.
–Əziz Moser, – herr von Trotta dedi, – dünən gəldim, sabah yenə gedirəm.
Rəssam uzun-uzadı bölgə qubernatorunun üzünə baxdı. Sonra stəkanı yenə dodaqlarına apararaq heç ara vermədən birnəfəsə su kimi içdi. Stəkanı yenidən yerinə qoymaq istəsə də bacarmadı, Karl Cozefin stəkanı əlindən almasına icazə verdi.
–Təşəkkür edirəm, – deyən rəssam sonra barmağını leytenanta doğru uzadaraq bildirdi.
Solferino qəhrəmanıyla qeyri-adi bir bənzərlik. Sadəcə bir az daha yumşaqdı! Arıq bir burun. Yumşaq ağız. Əlbəttə, zaman keçdikcə dəyişə bilər…
Yaşlı Trotta oğluna dedi:
–Professor Moser babanın şəklini çəkmişdi.
Karl Cozef atasına və rəssama baxdı, gözlərinin qarşısında siqaret otağının yuxarı kandarının altında babasının yavaş-yavaş unudulub gedən portreti canlandı. Professorun atasıyla əlaqəsini ağlı qəbul eləmir, atasının Moser ilə səmimiyyəti onu qorxudurdu; yad adamın geniş, çirkli əlinin dostcasına bir şapalaq kimi bölgə qubernatorunun xətli şalvarına endiyini, atasının ayağını dözümlü bir müqavimətlə geri çəkdiyini gördü. Yaşlı kişi həmişəki ağır halıyla eləcə otururdu; sinəsinə və üzünə dəyən spirt iyindən qaçmaq istəyirmiş kimi geriyə söykənmişdi, gülümsəyərək hər şeyə dözürdü.
–Özünü yeniləsən yaxşı olar, – rəssam dedi. – Dağınıq olmusan. Atan çox fərqli idi.
Bölgə qubernatoru əlini bakenbardlarının üzərində gəzdirərək gülümsədi.
–Bəli, bəli, yaşlı Trotta, – deyə rəssam yenə başladı.
Bölgə qubernatoru birdən-birə yavaşca dedi:
–Hesab. Bizi üzrlü hesab elə, Moser, bir görüşümüz var.
Rəssam qaldı; ata və oğul bağçanı tərk etdi.
Bölgə qubernatoru oğlunun qoluna girdi. Karl Cozef atasının sısqa qolunu sinəsində ilk dəfə hiss edirdi. Tünd boz, parlaq bir əlcəyin içindəki əl yüngülcə formanın mavi qolunun üzərində idi. Manjetlə əhatələnmiş, qəzəbli şəkildə xəbərdarlıq edən əl idi bu sısqa əl; incə barmaqlarıyla səssizcə səhifələri çevirən, siyirtmələri hiddətlə çəkib yenə bağlayan, bir qapını qıfılladıqdan sonra üstündəki açarı sanki o qapı sonsuzluğadək qıfıllı qalacaqmış kimi çəkib çıxardan əl. Əgər bir şey istədiyi kimi edilməzsə pusquda gözləyən bir səbirsizliklə masanın kənarında baraban çalan, otaqda əlverişsiz bir vəziyyət meydana gələrsə pəncərəni tıqqıldadan əl idi bu əl. Bu əl evdə kimsə başısoyuqluq etdikdə şəhadət barmağını qaldırır, heç bir zaman bir yerə enməyən susqun bir yumruq halına gətirilir, dəstəksiz gözlüyü ehtiyatla burnun üstündən götürür, şərab stəkanından zərifliklə tutur, qara Virciniya siqaretini böyük bir həzlə dodaqlarının arasına aparırdı. Atasının bu sol əlini oğul çox yaxşı tanıyırdı. Amma özünü yenə də bu əlin atasının əli olduğunu hələ yenicə öyrənibmiş kimi hiss edirdi. İçindən bu əli bağrına basmaq istəyi keçdi.
–Bilirsənmi, Moser… – deyən bölgə qubernatoru sonra susub uyğun, tarazlayıcı bir söz axtardı; nəhayət, dedi. – Moserdən bir şey ola bilərdi.
–Bəli, ata.
–Babanın şəklini çəkdikdə on altı yaşında idi. İkimiz də on altı yaşındaydıq. Sinifdəki tək yoldaşım idi. Sonra akademiyaya girdi. Şnaps bəlasına tutuldu. Yenə də…
Bölgə qubernatoru susdu; bir neçə dəqiqə keçdikdən sonra dedi:
–Bu gün yenidən gördüyüm bütün insanlar arasında hər şeyə baxmayaraq yeganə dostumdu.
–Bəli, atacan.
Cozef ilk dəfə "atacan" demişdi. Dərhal öz sözünə düzəliş verdi:
–Bəli, ata.
Hava qaralır, axşamın qaranlığı küçəyə düşürdü.
–Üşüyürsənmi, ata?
–Heç üşümürəm.
Lakin bölgə qubernatoru addımlarını tezləşdirmişdi. Bir az sonra otelə yaxınlaşdılar.
Arxalarından bir səs gəldi: “Cənab qubernator”. Göründüyü kimi, rəssam Moser arxalarınca gəlmişdi. Geriyə döndülər. Orada eləcə şlyapası əlində, başı əyik, sanki ironiyalı səslənməni yox etmək istəyirmiş kimi təvazökar bir halda dayanırdı.
–Cənablar qüsuruma baxmasın, – dedi, – qutumun boşaldığını gec gördüm.
Qapağı açıq, boş bir tənəkə qutusunu göstərdi. Bölgə qubernatoru cibindən bir siqar qutusu çıxardı.
–Siqar çəkmirəm, – rəssam dedi.
Karl Cozef bir siqaret qutusu uzatdı. Moser qovluğu ayaqlarının önünə – səkiyə qoydu, qutusunu doldurdu, yandırmağı xahiş etdi və mavi alovu əlləriylə bürüdü.
Oynaqlara görə böyük olan əlləri qırmızı və yapışqan kimiydi, yüngülcə titrəyir, mənasız bir aləti xatırladırdı. Dırnaqları elə yenicə yerdə nəcis, rəngli bulamac və maye nikotin qarışdırmış kiçik, düz, qara kürəklərə bənzəyirdi.
–Demək, bir-birimizi artıq görməyəcəyik, – deyərək qovluğu yerdən götürmək üçün əyildi. Dikəldi, yanaqlarından iri göz yaşları süzülürdü. – Heç görməyəcəyik, – deyə hıçqırdı.
Karl Cozef:
–Mən bir dəqiqəliyinə otağa getməliyəm, – deyərək otelə girdi.
Pilləkənləri sürətlə qalxıb qaçaraq otağına girdi, pəncərədən çölə sallandı, qayğıyla atasını izlədi, yaşlı kişinin pulqabısını çıxardığını gördü; dərhal sonra rəssamın gücünü toplamış bir tərzdə dəhşətverici əlini bölgə qubernatorunun çiyninə qoyaraq: “Yaxşı, Frans, həmişəki kimi üçündə" – dediyini eşitdi. Karl Cozef yenə aşağıya qaçdı, atasını qorumağa məcbur olduğunu hiss edirdi. Professor salam verdi, bir neçə addım geri çəkildi, başını dik tutaraq son bir salamla, yuxudagəzərlərə xas bir güvənlə birbaşa yolun qarşısına keçib bir ara küçədə gözdən itməzdən əvvəl qarşı səkidən bir daha əl elədi. Lakin sonra dərhal yenə göründü, küçədə əks-səda verən bir səslə “bir dəqiqə" deyə qışqırdı, inanılmaz güvənlə, böyük addımlarla prospektin qarşı tərəfinə keçərək sanki daha bir neçə dəqiqə əvvəl vidalaşmayıb yeni gəldiyini düşündürən bir laqeydliklə otelin qarşısında dayandı. Sonra gənclik dostuyla oğlunu ilk dəfə görürmüş kimi şikayətli bir səslə danışmağa başladı.
Belə qarşılaşmağımız necə də kədərlidi! Üçüncü partada necə yan-yana oturduğumuzu xatırlayırsanmı? Yunan dilini pis bilirdin; həmişə məndən köçürməyinə icazə verərdim. Əgər dürüstsənsə, oğlunun qarşısında özün söylə. Sənə həmişə köçürməyə imkan vermədimmi? – Karl Cozefə dönərək davam etdi. – Sevimli atanız yaxşı bir uşaq idi, amma özünə inamı yox idi. Qızların yanına da çox gec getməyə başladı, onu cəsarətləndirməsəydim heç getməyəcəkdi. Dürüst ol, Trotta! Səni qızların yanına mənim apardığımı de.
Bölgə qubernatoru bığaltı gülərək susdu. Rəssam Moser uzun bir söhbətə başlayacaqmış kimi hazırlıq gördü. Qovluğu səkiyə qoydu, şlyapasını əlinə aldı, bir ayağını bir az önə ataraq danışmağa başladı.
–İlk dəfə tətildə qarşılaşmışdıq, hər halda xatırlayarsan. – Birdən-birə dayanıb tələsik hərəkətlərlə ciblərini yoxladı. Alnında muncuq böyüklüyündə tər dənələri yığılmışdı. – İtirdim, – deyə qışqırıb titrəyərək səndələdi. – Pulu itirdim.
Elə o anda otelin qapıçısı çölə çıxdı. Qızıl zolaqlı şlyapasını şişirdilmiş bir şəkildə yelləyərək bölgə qubernatoruyla leytenantı salamladı. Rəssam Moseri otelin qarşısında səs-küy salmaqdan, otel qonaqlarını təhqir etməkdən məhrum edəcəkmiş kimi görünürdü. Yaşlı Trotta əlini iç cibinə saldı, rəssam səsini kəsdi.
–Mənə dəstək ola bilərsənmi? – deyə yaşlı Trotta oğlundan soruşdu. Leytenant dedi:
–Professoru bir az müşayiət edim. Xudahafiz, ata.
Bölgə qubernatoru silindr şlyapasını yüngülcə qaldırıb salam verərək otelə girdi. Leytenant professora bir banknot uzatdıqdan sonra atasının arxasınca getdi. Rəssam Moser qovluğu yerdən qaldırdı, ağır bir tərzdə uzaqlaşdı.
Axşamın qaranlığı artıq küçələrə çökmüşdü, otelin lobbisi də qaranlıq idi. Bölgə qubernatoru otağın açarları əlində, silindr şlyapasıyla çəliyi yanında, alaqaranlığın bir parçasıymış kimi dəri kresloda otururdu. Oğlu sanki Moser hadisəsinin rəsmi nəticəsini bildirmək istəyirmiş kimi aralarına hörmətlə məsafə buraxaraq qarşısına keçdi. Hələ lampalar yandırılmamışdı. Qaranlıq səssizliyin içindən yaşlı kişinin səsi gəldi:
–Sabah günortadan sonra saat üçə on beş dəqiqə işləmiş yola çıxırıq.
–Bəli, ata.
–Musiqi dinləyərkən orkestrin rəhbəri Nexvalı ziyarət etməli olduğun yadıma düşdü. Əlbəttə, baş çavuş Slamadan sonra. Vyanada başqa bir işin varmı?
–Şalvar və siqaretqabını gətirtməliyəm.
–Başqa?
–Başqa bir işim yoxdu, ata.
–Sabah günortadan əvvəl dayına baş çəkəcəksən. Hər halda unutmusan. İldə neçə dəfə ona qonaq olurdun?
–İldə iki dəfə, ata.
–Gördükdə məndən salam deyərsən. Gələ bilmədiyim üçün üzr istəyərsən. Yeri gəlmişkən, bizim Stranski necədir?
–Sonuncu dəfə gördükdə çox yaxşı idi.
Bölgə qubernatoru çəliyinə yönəlib önə uzatdığı əlini ayaq üstə dayanarkən vərdiş etdiyi kimi sanki Stranskidən bəhs edərkən xüsusi bir dəstək lazım olurmuş kimi gümüş tutacağın üstünə söykədi.
–Onu axırıncı dəfə on doqquz il əvvəl görmüşəm. O zamanlar hələ baş leytenant idi. Koppelmanna elə o zamanlardan aşiq idi. Çarəsiz sevgi! Olduqca problemli bir məsələ idi… Nə edəcəksən, aşiq idi. – Koppelmann adını digər sözlərə görə daha səsli, vurğulu şəkildə deyirdi. – Başlıq pulunu, əlbəttə, düzəldə bilmədilər. Anan məni az qala yarısını ödəməyə razı salacaqdı.
–Ordudanmı ayrıldı?
–Bəli, elə oldu. Şimal dəmir yollarına keçdi. Bu gün nə vəziyyətdədi? İdarə Heyətindədi yəqin, elə deyilmi?
–Bəli, ata.
–Bəli, bəli. Oğlunu əczaçılığa qoymamışdımı?
–Xeyr, ata, Aleksandr hələ liseyə gedir.
–Demək, elə. Bir az axsayırmış, elə eşitdim, doğrudurmu?
–Bir ayağı daha qısadı.
Yaşlı kişi Aleksandrın axsayacağını on doqquz il əvvəldən bilirmiş kimi "eh" deyərək söhbətə son verdi.
Yerindən dikəldi, girişdəki lampalar yanaraq yaşlı Trottanın solğun üzünü işıqlandırdı.
–Pulu götürməyə gedirəm, – deyərək pilləkənlərə yönəldi.
–Mən götürərəm, ata, – Karl Cozef dedi.
–Təşəkkür edirəm, – bölgə qubernatoru dedi.
Sonra xəmir xörəklərini yeyərkən Karl Cozefə dedi:
–Sənə Baküs salonlarını tövsiyə edirəm, – dedi. – Yeni bir şey varmış. Bəlkə Smekala rast gələrsən.
–Təşəkkür edirəm, ata. Gecən xeyrə qalsın.
Karl Cozef günortadan əvvəl saat on bir ilə on iki arasında dayısı Stranskinin yanına getdi. İdarə Heyətinin üzvü hələ də ofisdə idi; qızlıq soyadı Koppelmann olan arvadı bölgə qubernatoruna salamlarını çatdırdı. Karl Cozef Rinqkorsodan otelə doğru yola düzəldi. Tuxlaubenə döndü, şalvarı otelə göndərmələrini tapşırıb siqaretqabını götürdü. Siqaretqabının səthi soyuq idi; soyuq metal incə köynəyinin cibindən hiss edilirdi. Baş çavuş Slamanın evinə edəcəyi başsağlığı ziyarəti yadına düşdü və qəti şəkildə içəri girməməyə qərar verdi. Elə şüşəbənddəcə "Başınız sağ olsun, herr Slama" deyəcəkdi. Görünməz tarla quşları mavi qübbənin altında ötəcək, cırcıramaların çıxardığı sürtünmə səsləri eşidiləcəkdi. Jandarm Birliyinin kiçik bağçasında hələ yenicə açan tumurcuqların arasında samanlarla akasiya ağaclarının gecikmiş qoxusunu hiss edə bilirdin. Frau Slama ölmüşdü. Baptizm sənədinə görə Kati, Katerina Luise ölmüşdü.
Evə dönürdülər. Bölgə qubernatoru qovluğu götürdü, başını şüşənin yanındakı kreslonun qırmızı ipək yastığına söykəyərək gözlərini yumdu.
Karl Cozef atasının başını ilk dəfə üfüqi vəziyyətdə görürdü; incə, sümüklü burnunun pərləri genişlənmişdi; təraşlı, pudralanmış çənəsinin ortasında kiçik bir çuxur vardı, bakenbardları iki qara qanad kimi yavaşca aşağıya doğru genişlənirdi. Bakenbardların üst küncləri güclə seziləcək dərəcədə çallaşmağa başlamış, yaşlılıq həmin hissəylə gicgahlara yüngülcə toxunmuşdu. Karl Cozef düşündü ki, günlərin birində öləcək. Öləcək, dəfn ediləcək. Mən burada qalacağam.
Kupedə tək idilər. Yuxulayan atasının çöhrəsi yastıqların qırmızı alaqaranlığında sakitcə sallanırdı. Qara bığın altındakı solğun, incə dodaqlar bir xətt kimi idi; nişastalı yaxalığın parlaq küncləri arasındakı incə boynunun üzərində qırtlağın təraşlı çıxıntısı yüksəlir, bağlı göz qapaqlarının qırışmış dərisi davamlı olaraq yüngülcə titrəyir, qırmızı şərab rəngində olan geniş qalstuk nizamlı bir şəkildə enib-qalxır, sinənin üzərində çarpaz qovuşdurulan qolların altında kreslo altlarına soxulmuş əllər belə yatırdı. Dincələn atasından ətrafa böyük bir sükunət yayılırdı. Burun ilə alın arasına gömülmüş dərin xətdə ifadəsini tapan avtoritar xarakter də dağların arasındakı sarp yarıqlarda dincələn fırtınalar kimi yuxuya getmişdi. Karl Cozef bu izi çox yaxşı tanıyırdı. Eyni iz Trottaların qəzəblə dolu dekoruyla Solferino qəhrəmanının mirası olaraq atasının siqaret otağında asılmış portretini bəzəyirdi.
Atası gözlərini açdı.
–Hələ nə qədər qalıb?
–İki saat, ata.
Yağış başladı. Çərşənbə günü idi. Cümə axşamı günortadan sonra Slamaya başsağlığı verməyə gedəcəkdi. Cümə axşamı günortadan sonra da yağış yağırdı. Yeməkdən on beş dəqiqə sonra siqaret otağında qəhvə içərkən Karl Cozef dedi:
–Mən Slamagilə gedirəm, ata.
–Slama artıq təəssüf ki, təkdir, – deyə bölgə qubernatoru cavab verdi. – Ən yaxşısı ona saat dörddə baş çəkməyindi.
O anda kilsə qülləsindən iki zəng səsi eşidildi və bölgə qubernatoru şəhadət barmağını pəncərəyə doğru qaldırıb zənglərin yönünü göstərdi. Karl Cozef qızardı. Atasının, yağışın, saatların, insanların, zamanın, hətta təbiətin belə bugünkü yolunu olduğundan daha çox çətinləşdirməyə qərarlı olduqlarını hiss edirdi. Hələ həyatda ikən frau Slamanın yanına gedərkən də eynilə bugünkü kimi səbirsizliklə zənglərin səsinə qulaq verər, amma baş çavuşla qarşılaşmamağa diqqət yetirərdi. Frau Slamanı qanadlarının altına alan ölüm bu gün ilə o günlər arasında dayanır, sonsuz qaranlığını keçmiş ilə indiki zamanın arasına dürtürdü. Amma yenə də zənglərin saatı bildirən səsi eyni qalmışdı, lap əvvəllər olduğu kimi siqaret otağında qəhvə içilməkdə idi.
–Yağış yağır, – atası sanki bunu hələ yenicə görürmüş kimi dedi. – Bəlkə bir arabaya minəsən?
–Yağışda gəzməyi sevirəm, ata.
Əslində daha çox gedəcəyi yolun uzun olmasını arzuladığını demək istəyirdi. Düşündü ki, bəlkə o hələ həyatdaykən bir arabaya minsəydim daha yaxşı olardı. Ətraf səssiz idi, yağış pəncərələrə vururdu. Bölgə qubernatoru dikəldi:
–Qarşı tərəfə keçməliyəm. – Qubernatorluğu nəzərdə tuturdu. – Sonra görüşərik.
Qapını həmişə olduğundan daha yavaş örtdü. Karl Cozefə elə gəldi ki, atası bir müddət çöldə dayanıb içəriyə qulaq verir.
Qüllədən əvvəlcə dörddəbir zəngi gəldi, sonra yarım. Hələ saat yarım vaxtı vardı. Dəhlizə çıxdı, paltosunu götürdü, paltonun kürək tərəfindəki qırışları uzun-uzadı düzəldərək səliqəyə saldı, cib aralığından qılıncın qınını çəkişdirdi, güzgünün qarşısında mexaniki bir hərəkətlə şlyapasını geyinərək evdən çıxdı.
О проекте
О подписке
Другие проекты
