Читать книгу «Radetski Marşı» онлайн полностью📖 — Йозефа Рота — MyBook.
image

Şorbadan sonra qarniturlu qaynadılmış mal əti verildi, bu, yaşlı Trottanın uzun illərdən bəri dəyişməyən bazar yeməyi idi. Yeməyi bəyənərək süzməsi bütün yemək vaxtının yarısından daha uzun çəkdi. Bölgə qubernatoru baxışlarıyla hər şeydən əvvəl böyük ət parçasını əhatələyən qızarmış kənarları, sonra da tərəvəzlərin, ərqəvan rəngində parıldayan yerkökünün, tünd yaşılın ciddiliyini əks etdirən ispanağın, şən və işıqlı kahıların, incik bir ağlığı sərgiləyən çöl turplarının, ərimiş kərə yağının içərisində üzərkən zərif oyuncaqları xatırladan qüsursuz ovallıqdakı körpə kartofların yatırıldığı qabları oxşadı. Yeməklərlə qəribə bir münasibəti vardı. Yeməklərin ən əhəmiyyətli qisimlərini, müəyyən mənada yeməklərin ruhunu gözləriylə yeyirmiş kimiydi; ağıza və damağa çatan dadsız qalıqlar darıxdırıcı idi, tezcə udulmağa məcbur idi. Yeməklərin gözəl görünüşü yaşlı Trottaya lap sadə xüsusiyyətləri kimi həzz verirdi. Çünki o, deyim yerindədirsə, "konvensional" yeməkləri seçir və qənaətkar olaraq təyin etdiyi bu seçimini damaq dadı və zehniyyətinə əsaslandırırdı. Yəni beləcə istəklərinin təminini məcburi öhdəçiliklərlə birləşdirmiş olurdu. Bir tərəfdən qənaətkar, amma o biri tərəfdən də avstriyalı idi.

Bölgə qubernatoru hər bazar etdiyi kimi mal ətini kəsməyə başladı. Manjeti köynəyinin içinə itələdi, əllərini qaldıraraq çəngəllə bıçağı ətin üstünə aparıb frauleyn Hirşvitsə sarı dönərək danışmağa başladı.

–Baxın, xanım, qəssabdan yumşaq ət istəmək yetərli deyil. Ətin necə kəsildiyinə də diqqət yetirmək lazımdır. Yəni şaqulimi, yoxsa üfüqimi… Qəssablar hal-hazırda artıq sənətlərinə hakim deyil. Ətin ən yaxşısı belə səhv bir kəsimlə pozulur. Budur baxın, xanım! Bu əti bütöv saxlamaq çox çətindi. Liflərə ayrılır, az qala tökülür. Bir bütöv olaraq baxınca “yumşaq” deyilə bilər. Lakin çox tezliklə görəcəyiniz kimi, parçalar sərt olacaq. İmperiya almanlarının deyimiylə, qarniturlara gələcək olsaq, gələn dəfə turpu bir az daha quru istəyirəm. Dadını suyunun içində itirməməlidi. Üstəlik, xörəyin yağı masaya gətirilməzdən qısa müddət əvvəl tökülməlidir. Çox uzun müddət yağın içində qalıb. Yanlışdır!

İllərcə Almaniyada yaşayıb şivəsiz şəkildə yüksək səviyyəli alman dilində danışmağa diqqət göstərən və baron von Trottanın da bu vəziyyəti bilərək seçdiyi "qarnitur" sözü onun da ədəbi ölçülərinə uyğun gələn frauleyn Hirşvits deyilənləri təsdiqləyici mənada yavaşca başını tərpətdi. Başındakı toppuzun nəzərəçarpacaq ağırlığı təsdiq mənasında edilən bu hərəkəti çətinləşdirdiyi, bir az ölçülü etdiyi, hətta frauleyn Hirşvitsin nəzakətinə bir növ müqavimət əlavə etdiyi üçün bölgə qubernatoru özünü "hər halda haqsız sayılmaram, xanım" deməyə məcbur hiss etdi.

Bölgə qubernatoru yüksək rütbəli məmurlar və kiçik aristokratiyanın boğazdan gələn Avstriya almancası ilə danışırdı. Bu alman dili bir az gecələr uzaqdan gələn gitara səsləriylə getdikcə itən zəng səslərinin yumşaq titrəşmələrini xatırladırdı, bu sakit, lakin açıq-aydın bir alman dili idi, eyni anda həm şəfqətli, həm də pis niyyətli. Danışanın zəif, sümüklü çöhrəsinə və cingiltili, yüngül hüznlü samitləri ehtiva etməsi yəqin ki, incə, qövsvarı burnuna uyğun idi. Bölgə qubernatoru danışarkən ağzı və burnu üzündəki bir üzvdən çox bir növ nəfəs alətinə bənzəyir, çöhrəsində dodaqlardan başqa heç bir şey tərpənmirdi. Herr von Trottanın bir uniforma parçası, I Frans Cozefin xidmətində olduğunu sübut edəcək bir nişan, sülaləyə bağlılığının bir ifadəsi olaraq saxladığı bakenbardları da herr von Trotta-Sipolje danışarkən heç hərəkət etməzdi. Masada sanki əllərində cilov tuturmuş kimi dimdik otururdu. Oturarkən ayaq üstə dayanırmış kimi görünür, ayağa qalxınca isə uzun boyu ilə insanları çaşdırardı. Qış olsun, yaz olsun, həftə içində də, sonunda da həmişə əynində göy geyimlər olardı; göy pencək və balaqlara keçirildikdən sonra yarımboğaz çəkmələrinin altından keçirilən lentlər vasitəsilə möhkəmləndirilən göy xətli, güləbətinli boz bir şalvar. Yeməyin ikinci ilə üçüncü növü arasında "hərəkət etmək" üçün ayağa qalxardı. Ancaq bu cəhdi daha çox ev sakinlərinə hərəkətsizliyi pozmadan necə dikəlib ayaq üstə durula biləcəyini sərgiləmək məqsədini daşıyardı. Jak əti masadan götürdü, amma bu zaman frauleyn Hirşvitsin ət yeməyinin yerdə qalanının isidilib daha sonra otağında yenə ona gətirilməsinə eyham vuran xəbərdaredici baxışına məruz qaldı. Herr von Trotta ölçülü addımlarla pəncərəyə sarı getdi, pərdəni bir az aralayaraq masaya geri döndü. Elə o anda albalılı kekslər böyük bir qabın üstündə masaya gətirildi. Bölgə qubernatoru sadəcə bir dənəsini götürdü, qaşığıyla ortadan iki yerə bölüb frauleyn Hirşvitsə dedi:

–Gilaslı keks nümunəvi mükəmməllikdədir. Ortadan kəsincə yaxşı bişdiyi aydın görünür, ağızda da dərhal əriyir. – Sonra Karl Cozefə dönərək əlavə etdi. – Bu gün iki dənə götürməyini tövsiyə edirəm.

Karl Cozef iki dənə götürdü. Keksləri dərhal silib-süpürdü, atasından bir saniyə əvvəl bitirdi, şirniyyatı yemək borusundan mədəsinə göndərmək üçün bir stəkan su içdi, şərab təkcə axşamlar içilərdi. Atasıyla eyni ritmi izləyərək salfetini qatladı. Ayağa qalxıldı. Çöldə Tannhauser operasının uvertürası çalınırdı. Musiqinin gur səsinin müşayiətilə ən qabaqda frauleyn Hirşvits olmaqla siqaret otağına gedildi. Jak qəhvəni oraya gətirəcəkdi. Orkestr rəhbəri herr Nexval gözlənilirdi. Musiqiçilər aşağıda yola çıxmaq üçün toplaşarkən, tünd mavi mərasim formasını geyinib parıldayan qılınc taxmış Nexval gəldi; yaxasında iki kiçik qızıl arfa vardı.

–Konsertinizə heyran qaldım, – hər bazar olduğu kimi herr von Trotta dedi. – Bu gün xüsusilə qeyri-adi idi.

Herr Nexval baş əydi. Bir saat əvvəl zabit kazinosunda yeməyini yemiş, amma qara qəhvəsini gözləyə bilməmişdi; ağzında hələ də yeməklərin dadı vardı, ürəyi də bir Virciniya siqareti istəyirdi. Jak bir qutu siqaret gətirdi. Orkestr rəhbəri Karl Cozefin səbirlə, barmaqlarını yandırma bahasına siqaretin ucuna tutduğu alışqandan uzun-uzadı çəkərək siqaretini yandırdı. Geniş dəri kreslolarda oturulurdu. Herr Nexval Vyanada səhnəyə qoyulan ən son “Lehar” operettasından söz saldı. Orkestr rəhbəri əsil-nəcabətli bir cənab idi. Ayda iki dəfə Vyanaya gedirdi. Karl Cozef musiqiçilərin ruhunun dərinliklərində gecə həyatına dair xeyli çox sirr saxladığını hiss edirdi. Orkestr rəhbərinin üç uşağıyla "sadə bir sosial ətrafı olan" arvadı vardı, lakin özü ailəsindən ayrı bir yerdə, həyatın parıltılı tərəfində dayanır, bundan həzz alır, böyük bir keflə yəhudi lətifələri danışırdı. Bölgə qubernatoru lətifələri anlamır, bunlara gülmür, amma yenə də "çox yaxşı, çox yaxşı" deyirdi. Herr von Trotta illərdən bəri nizamlı bir şəkildə soruşardı:

–Xanımınız necədi?

Xanım Nexvalı heç görməmişdi, "adi bir sosial ətrafı olan bir qadınla" qarşılaşmaq da istəmirdi. Orkestr rəhbəri ayrılarkən ona həmişə deyərdi:

–Tanış olmasaq da xanımınıza salamlarımı çatdırın. Herr Nexval isə bunu məmnuniyyətlə edəcəyini bildirib arvadının çox sevinəcəyini deyərdi. Uşaqlarının qız yoxsa oğlan olduğunu hər dəfə unudan herr von Trotta soruşardı:

–Uşaqlarınız necədi?

Orkestr rəhbəri deyərdi:

–Ən böyüyü məktəbdə çox yaxşı oxuyur.

Herr von Trotta yüngül bir həqarətlə soruşardı:

–Hər halda musiqiçi olacaq?

–Xeyr, – deyə herr Nexval cavab verərdi, – gələn il hərbi məktəbə girəcək.

–Eləmi, zabit olacaq, demək, – bölgə qubernatoru demişdi. Herr Nexval gülümsəmişdi:

–Əlbəttə! Çox çalışqandır. Bəlkə günlərin birində Baş Qərargaha girər.

–Əlbəttə, əlbəttə, – bölgə qubernatoru demişdi. – Belə vəziyyətlər əvvəllər də reallaşıb.

Hələ heç bir həftə belə keçmədən bütün bunları unutmuşdu. Orkestr rəhbərinin uşaqlarını xatırlamaq vacib deyildi.

Herr Nexval nə az, nə də çox – iki kiçik fincan qəhvə içdi. Virciniya siqaretinin son üçdə bir qismini kədərlənərək söndürdü. Getməyə məcbur idi; tüstülənən bir siqaretlə qalxmaq yaxşı görünməzdi.

–Bu gün hər şey mükəmməl idi. Xanımınıza salamımı çatdırın. Onunla təəssüf ki, hələ də tanış ola bilmədik, – herr von Trotta-Sipolje dedi. Karl Cozef topuqlarını bir-birinə vurdu, orkestr rəhbərini pilləkənin ilk pilləsinə qədər müşayiət etdi. Sonra siqaret otağına geri döndü. Atasının qarşısında dayanıb dedi:

–Mən gəzməyə gedirəm, ata.

–Hə, get yaxşıca dincəl, – deyən herr von Trotta əlini qaldırdı.

Karl Cozef çıxdı. Yavaş-yavaş yeriməyi düşünürdü; tənbəl-tənbəl gəzmək, ayaqlarına tətildə olduqlarını sübut etmək istəyirdi. Yolda ilk hərbçiyə rast gəlincə, orduda deyildiyi kimi özünü unudub yerişini dəyişdi. Şəhərin sərhədinə, günəşin altında ağır-ağır yanan böyük sarı vergi idarəsinə çatdı. Tarlaların şirin qoxusuyla çəmənlik quşlarının fəryada bənzəyən ötüşü üzünə vurdu. Mavi üfüq xəttini qərbdə boz təpələr kəsir; samanlı damlarıyla ilk kənd daxmaları görünür; ev heyvanlarının səsləri yayın səssizliyini bir şeypur kimi dəlib keçirdi. Günəşə, işığa bürünmüş tarlalar yuxudaydı.

Dəmiryolu bəndinin arxasında bir baş çavuşun komandirlik etdiyi jandarm dəstəsi vardı. Karl Cozef baş çavuş Slamanı tanıyırdı. Qapını döyməyi qərara aldı. Qovrulan şüşəbəndə çıxdı, qapını döydü, zəngi basdı, kimsə yox idi. Sonra bir pəncərə açıldı. Frau Slama ətirşahların üzərindən əyilib səsləndi:

–Kimdir? – kiçik Trottanı görüncə dedi: – Bu dəqiqə açıram.

Dəhlizə baxan qapını açdı, içəri sərin idi, yüngülcə ətir iyi gəlirdi. Frau Slama paltarına bir damla ətir vurmuşdu. Karl Cozef Vyananın gecə klublarını xatırladı.

–Baş çavuş yoxdurmu? – deyə soruşdu. Qadın cavab verdi:

–İş başındadı, herr von Trotta. İçəri gəlin.

Karl Cozef indi Slamaların salonunda idi. Qırmızımtıl, alçaq tavanlı, çox sərin bir otaq idi; adam özünü buzxanadaymış kimi hiss edirdi; yastıqlı kresloların yüksək arxalıqları oturunca adamın kürəyini ağrıdan, qəhvəyi rəngə boyanmış yarpaq şəklindəki oyma bəzəklərdən ibarət idi. Frau Slama soyuq limonad gətirdi, narın qurtumlarla içib kiçik barmağını ayrı tuturdu, ayağını ayağının üstünə aşırmışdı. Karl Cozefin yanında üzü ona çevrilmiş şəkildə oturmuşdu, ipək qırmızı başmaq geyindiyi ayaqlarından birini yelləyirdi, ayaqlarına corab geyinməmişdi, çılpaq idi. Karl Cozef əvvəlcə ayağa, sonra da limonada baxdı. Frau Slamanın üzünə baxmadı. Papağı dizlərinin üstündə idi, limonadın önündə sanki iş başındaymış kimi dimdik otururdu.

–Xeyli vaxtdır gəlmirsiniz, herr von Trotta, – qadın dedi. – Çox böyümüsünüz! On dörd yaşınız geridə qaldı hər halda?

–Bəli, çoxdan. – Evdən tezcə çıxmağı düşündü. Limonadı bir qurtumda bitirməli, gözəl bir reverans etməli, ərinə salam deyərək getməli idi. Çarəsizcə limonada baxdı, heç cür bitirə bilmirdi. Frau Slama yarımçıq stəkanı yenə doldurdu. Siqaret gətirdi. Siqaret çəkməsi qadağan idi. Frau Slama bir siqaret yandırıb tüstüsüylə burun pərlərini şişirərək laqeyd halda içinə çəkdi, sonra ayağını yellədi. Birdən-birə heç nə demədən Karl Cozefin dizlərinin üstündəki papağı götürüb masanın üstünə qoydu. Sonra siqaretini Karl Cozefin dodaqlarının arasına dürtdü, əlindən tüstü və odekolon iyi gəlir, güllü yay donunun qolları Karl Cozefin gözlərinin qarşısında parlayırdı. Karl Cozef ucunda hələ də qadının dodaqlarının nəmliyi hiss edilən siqareti nəzakətlə çəkməyə davam edərək limonada baxdı.

Frau Slama siqareti yenə öz ağzına alıb Karl Cozefin arxasına keçdi. Karl Cozef başını çevirməyə qorxurdu. Paltarın parlayan qolları birdən-birə boynunda idi, qadının üzünü saçlarında hiss etdi. Tərpənmədi. Lakin ürəyi dəlicəsinə döyünürdü, içində donub qalmış bədəniylə formasının düymələrinin cilovlamağa çalışdığı fırtına qopdu. Frau Slama “gəl” deyə pıçıldadı. Qucağında oturdu, sürətlə Karl Cozefi öpdü və işvəylə gözlərini çevirdi. Alnına bir tutam saç düşdü, dodaqlarıyla saçı alnından üfürməyə çalışdı. Karl Cozef qadının ağırlığını ayaqlarının üstündə hiss edirdi, eyni anda içində yeni şeylər oyandı; Karl Cozefin qol və ayaqlarındakı əzələləri dartındı. Qadını qollarıyla qucaqladı, formasının sərt parçasının üzərində döşlərinin yumşaq sərinliyini hiss edirdi. Frau Slamanın boğazından yüngül bir səs qopdu, bu hıçqırıqla fit arası bir səs idi; gözləri nəm idi. Sonra geriyə doğru qanrıldı, mehribanlıqla, həvəslə formanın düymələrini bir-bir açmağa başladı. Sərin, yumşaq əlini Karl Cozefin sinəsinə qoyub oğlanın dodaqlarından planlı bir həzlə uzun-uzadı öpdü, sonra sanki bir səsdən ürkübmüş kimi birdən-birə ayağa qalxdı. Karl Cozef də dərhal yerindən atıldı, qadın gülümsəyib dal-dalı qapıya doğru gedərək yavaşca oğlanı arxasınca çəkdi, qollarını irəliyə uzatmış, başını arxaya atmışdı; üzü parlayırdı, qapını ayağıyla itələyərək açdı. Yataq otağına girdilər. Karl Cozef yarıaralı göz qapaqlarının arasından qadının onu soyundurduğunu gördü; yavaşca, etinayla, bir ana kimi. Dəhşət içərisində mərasim formasının cansız parçalar şəklində yerə düşdüyünü gördü, ayaqqabılarının yerə düşərkən çıxardığı boğuq səsi eşitdi, frau Slamanın əlini ayağında hiss etdi. Aşağıdan yuxarıya doğru yeni bir istilik, yeni bir sərinlik dalğası sinəsinə çatdı. Özünü yatağın üzərinə buraxdı. Qadın zövqdən, atəşdən və sudan ibarət olan yumşaq, böyük bir dalğa kimi üzərinə döşəndi.

Oyandı. Frau Slama qarşısında dayanırdı, geyimlərini bir-bir ona uzatmağa başladı; Karl Cozef tələsik geyinməyə başladı. Frau Slama salona gedib əlcəkləriylə papağını gətirdi. Pencəyini düzəldən Karl Cozef qadının baxışlarını davamlı üzündə hiss edir, amma ona baxmaqdan qaçırdı. Topuqlarını bir-birinə vurub qadının əlini sıxdı və bunu edərkən inadla sağ çiyninə baxmağa davam etdi, sonra çıxıb getdi.

Bir qüllədən saat yeddini bildirən zəng səsi gəldi. Günəş bu anda lap göy üzü kimi mavi bir rəng alan və buludlardan demək olar ki, heç ayırd edilə bilməyən təpələrə yaxınlaşdı. Yolun kənarındakı ağaclar ətrafa şirin bir qoxu yayırdı. Axşam küləyi yolun iki tərəfindəki yamacların qısa çəmənlərini darayır, küləyin görünməyən, səssiz və böyük əlinin altında çəmənliklərin necə titrəyərək dalğalandığı hiss edilirdi. Uzaqlardakı bataqlıqlarda qurbağalar quruldamağa başlamışdı. Sapsarı bir evin açıq pəncərəsindən gənc bir qadın bomboş olan küçəyə baxırdı. Karl Cozef qadını əvvəllər heç görməmiş olmasına rəğmən hörmətlə salamladı. Qadın bir az qəribsəyərək və minnətdarlıqla baş əydi. Karl Cozef özünü sanki frau Slamayla daha çox indi vidalaşırmış kimi hiss etdi. Pəncərədəki yad qadın sevgi ilə həyat arasında bir sərhəd patrulu kimi dayanırdı. Qadını salamladıqdan sonra Karl Cozef özünü dünyaya geri dönübmüş kimi hiss edirdi. Addımlarını sürətləndirdi. Saat düz səkkizə iyirmi dəqiqə qalmış evə çatmışdı və atasına geri döndüyünü bildirdi; solğun, qısa və qərarlı; eynilə kişilərin etməli olduğu kimi.

Baş çavuşun iki gündən bir patrul vəzifəsi vardı. Hər gün əlində bir sənəd dəstəsiylə Bölgə Qubernatorluğuna gəlir, amma bölgə qubernatorunun oğluyla heç bir zaman qarşılaşmazdı. Karl Cozef hər iki gündən bir saat dörddə Jandarm Birliyinə gedər, saat yeddidə oranı tərk edərdi. Frau Slamadan özüylə gətirdiyi ətir quru yay axşamlarının başqa qoxularıyla qarışar, Karl Cozefin əllərinə hopardı. Karl Cozef yemək vaxtı atasına lazım olduğundan çox yaxınlaşmamağa çalışardı. Bir axşam yaşlı Trotta dedi:

–Buradan payızın iyi gəlir.

Ümumiləşdirirdi. Frau Slama əsasən əspərək çiçəyi ətirindən istifadə edərdi.

1
...
...
10