Читать книгу «Radetski Marşı» онлайн полностью📖 — Йозефа Рота — MyBook.
image
cover

Əlil təqaüdçü Laksenburqun kiçik məzarlığının hərbi hissəsində dəfn edildi. Ölünün tünd mavi formalı altı yoldaşı tabutu kiçik kilsədən məzara qədər daşıdı. Dəbilqəli və mərasim uniformalı mayor Trotta dəfn boyunca bir əliylə oğlunun çiynindən tutdu. Oğlan hıçqırdı. Hərbi orkestrin hüznlü musiqisi, orkestr ara verdiyi zaman qulağa gələn melanxolik, monoton dini nəğmələr və yavaşca uçub yox olan buxar oğlanı anlaşılmaz, dərin bir ağrıya qərq eləmişdi. Bir manqa əsgərin məzarın üstündən açdığı atəşlərin səsi uzun-uzadı əks-səda verərək onu amansızcasına sarsıtdı. Ölünün göyə qalxıb bu dünyanı əbədi olaraq tərk edən ruhunun arxasınca hərbi salam göndərilirdi.

Atayla oğlu geri döndü. Baron yolda heç danışmadı. Təkcə qatardan düşüb stansiyanın bağçasının arxasında onları gözləyən arabaya minərkən dedi:

–Unutma onu, babanı.

Baron vərdiş etdiyi gündəlik həyatını davam etdirdi. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca yuvarlanıb getdi. Baş çavuş baronun dəfn etməyə məcbur olduğu sonuncu ölü olmadı. Əvvəlcə qayınatasını, bir neçə il sonra da ağır bir sətəlcəmdən dərhal sonra tez-tələsik və vidasız bir şəkildə ölən arvadını basdırdı. Oğlunu Vyanada pansionat-məktəbə qoydu və heç bir zaman hərbçi olmayacağına qərar verdi. Özü malikanənin hələ də ölülərin nəfəsinin hiss edildiyi ağ, geniş evində təkbaşına qaldı; təkcə meşəbəyi, təsərrüfat müdiri, xidmətçi və sürücüylə danışır, getdikcə daha nadir hallarda hirslənirdi. Lakin xidmətçilər baronun kəndli yumruğunu həmişə ənsələrində hiss edir; qəzəbli susqunluğu insanların çiyinlərində bir boyunduruq kimi asılı dururdu. Baron ətrafına fırtınaqabağı səssizliyə bənzəyən bir qorxu yayırdı. Oğlundan ayda iki dəfə itaətkarlıqla yazılmış məktub alır, özü isə ayda bir dəfə oğlundan gələn məktubların hörmət göstəricisi olaraq boş buraxılan kənarlarını kəsərək əldə etdiyi kiçik kağızların üzərinə iki cümlə yazaraq cavab verirdi. İldə bir dəfə, imperatorun ad günü olan on səkkiz avqustda formasını geyinib ən yaxın qarnizonun olduğu şəhərə gedirdi. İldə iki dəfə – milad və yaz tətilində oğlu ziyarətə gəlir; milad axşamı atasından imzasıyla təsdiq etdiyi, özüylə aparmasının qadağan edildiyi üç gümüş qulden alırdı. Quldenlər həmin axşam yaşlı kişinin siyirtməsindəki kiçik bir qutuya qoyulurdu. Quldenlərin yanında oğlanın çalışqanlığını, adi, amma kafi qabiliyyətlərini göstərən məktəb qiymət cədvəlləri də vardı. Oğlana heç bir zaman cib xərcliyi verilmir, nə bir oyuncaq, nə də məktəbdə nəzərdə tutulanlardan əlavə kitab alınırdı. Görünüşcə hər hansı bir şeydən məhrum deyildi. Təmiz, həqiqi və dürüst bir ağlı vardı. Sonsuz xəyal gücündə məktəb illərini mümkün olduğu qədər tez geridə buraxmaqdan başqa bir arzu yer tutmurdu.

Bir milad axşamı atasından "Bu il sənə üç qulden verməyəcəyəm! İmza qarşılığında qutudan doqquz qulden götürə bilərsən. Qızlara diqqət yetir! Çoxu xəstədir" sözlərini eşitdikdə on səkkiz yaşında idi. Atası bir az ara verdikdən sonra davam etdi:

–Hüquqşünas olmağına qərar verdim. O zamana qədər iki il vaxtın var. Əsgərlik gözləyə bilər. Təhsilin bitənə qədər təxirə salmaq mümkündü.

Oğlan həm doqquz quldeni, həm də atasının arzusunu eyni itaətkar rəftarla qəbul etdi. Qızların yanına nadir hallarda gedir, seçimini ehtiyatla edirdi və yay tətilində evə döndükdə cibində hələ də altı qulden pulu vardı. Atasından bir yoldaşını malikanəyə dəvət etmək üçün icazə istədi. Mayor bir az təəccüblənərək razılıq verdi. Oğlanın yoldaşı kiçik bir çamadanla, amma ev sahibinin çox da xoşuna gəlməyən rəssamlıq ləvazimatlarıyla gəldi.

–Şəkilmi çəkir? – deyə yaşlı kişi soruşdu.

–Həm də çox gözəl çəkir, – oğlu Frans dedi.

–Evi batırmasın! Mənzərə şəkilləri çəksin!

Qonaq açıq havada çalışırdı, lakin mənzərə şəkilləri deyil, fikrində baron Trottanın portretini çəkirdi. Hər gün yemək vaxtı ev sahibinin üz cizgilərini yaddaşına həkk edirdi. Baron bir gün soruşdu:

–Mənə niyə elə bütün günü baxır?

Oğlanların ikisi də qızararaq başlarını önlərinə əydilər. Portret buna baxmayaraq bitdi və vida anında da yaşlı kişiyə çərçivəli halda təqdim edildi. Baron rəsm əsərini gülümsəyərək və diqqətlə gözdən keçirdi. Sanki ön tərəfdə olmayan bəzi təfərrüatları arxa tərəfdə tapmağı gözləyirmiş kimi rəsmin arxasını çevirdi, onu pəncərəyə doğru, sonra bir az uzaqdan gözlərinin düz önünə tutdu, güzgüdə özünə baxdı, gördüklərini portretlə müqayisə etdi və nəhayət, dedi:

–Haradan asılacaq?

Uzun illərdən bəri ilk dəfə sevinirdi. Fransa yavaş səslə dedi:

–Əgər ehtiyacı varsa yoldaşına borc pul verə bilərsən. Yaxşı dolanın!

Portret yaşlı Trotta üçün indiyədək edilən yeganə şey idi. Sonralar oğlunun salonuna asılaraq nəvənin xəyallarını məşğul etdi…

Portret mayoru bir neçə həftə boyunca nadir hallarda olduğu şən bir əhvalda saxladı. Rəsmi bəzən bu divara, bəzən o birisinə asır, könlünü oxşayan bir məmnunluq içərisində sərt xətli və çıxıntılı burnunu, bığsız, solğun, incə ağzını; bir təpəcik kimi kiçik, qara gözlərinin qarşısında yüksələn quru almacıq sümüklərini və iti xətlərlə kəsilmiş inadkar, qabarıq saçlarının altındakı qırışlarla dolu dar alnını gözdən keçirirdi. Çöhrəsini hələ yenicə tanımağa başlayır, özüylə səssizcə danışırdı. İçində indiyədək heç tanımadığı düşüncələr, xatirələr, birdən naməlumlaşan kədərli kölgələr oyanırdı. Sanki yaşını və böyük tənhalığını dərk etmək üçün bu şəkil lazımlı idi və budur, indi boyalı rəsmdən tənhalığı və yaşı gurhagur üstünə gəlirdi. "Həmişəmi beləydim?" – deyə öz-özündən soruşurdu. Həmişə belə idimi? Bəzən məqsədsiz olaraq məzarlığa gedib arvadının qəbrinə baş çəkir, boz başdaşına, tabaşir kimi ağ xaça, arvadının doğum və ölüm tarixinə baxır, onun çox erkən öldüyünü hesablayır və öz-özünə onu tam olaraq xatırlamadığını etiraf edirdi. Məsələn, əllərini unutmuşdu. "China-Eisenwein" – arvadının illər boyunca qəbul etdiyi bir vitamin siropu ağlına gəldi. Bəs üzü? Gözlərini yumunca üzünü gözlərinin önünə gətirə bilirdi, amma xəyalındakı şəkil qısa müddətdə yox olur, qırmızıya çalan yuvarlaq bir qaranlıq içində itirdi. Mayor evdə də, fermada da getdikcə yumşaldı; bəzən bir atı oxşayır, inəklərə gülümsəyir, əvvəlki vaxtlarla müqayisədə daha tez-tez şnaps içirdi; günlərin birində oğluna adət edilən tarixlərin xaricində qısa bir məktub yazdı. İnsanlar onu gülümsəyərək salamlamağa başladı, o da nəzakətlə baş əyirdi. Yay gəldi, tətildə oğlu dostuyla birlikdə gəldi; yaşlı kişi gənclərlə birlikdə şəhərə gedib bir kafedə bir neçə stəkan “Slivovitz” içərkən gənclər üçün də bolluca yemək sifarişi verdi.

Mayorun oğlu hüquqşünas oldu, daha tez-tez evə gəlməyə, malikanədə gəzməyə başladı; hüquqşünas karyerasından imtina edib təsərrüfatı idarə etməyin xoşuna gələcəyini düşünüb bu mövzunu atasına açdı. Mayor dedi: “Bunun üçün çox gecdir! Sən nə kəndli, nə də fermer olacaqsan. Uğurlu bir məmur olacaqsan, başqa bir şey deyil”. Qərar verilmişdi. Gənc Trottanın məmur olaraq Sileziya Bölgə Müfəttişliyinə təyinatı verildi. Trotta adı məktəb kitablarından çıxarılmış olsa belə, yüksək siyasi dairələrin gizli sənədlərində hələ də dururdu. İmperatorun lütfüylə bağışlanan beş min qulden məmur Trottanın məchul yüksək mövqelər tərəfindən xoş münasibətlə izlənilib dəstəklənməsini zəmanət altına aldı. Oğul Trotta sürətlə yüksəldi. Bölgə Qubernatorluğuna təyin edilməzdən iki il əvvəl mayor öldü.

Özündən sonra təəccübləndirici bir vəsiyyətnamə qoyub getdi. Vəsiyyətnaməsində belə yazılmışdı: Oğlunun yaxşı bir təsərrüfatçı ola bilməyəcəyinə əmin olduğu, imperatorun lütfünə minnətdar olan Trottaların dövlət xidmətində şərəfli mövqelərdə ondan daha xoşbəxt yaşayacağına ümid etdiyi üçün illər əvvəl qayınatasından qalan bu malikanəni üzərindəki bütün daşınar-daşınmaz əmlakla birlikdə mərhum atasının xatirəsinə Hərbidən Əlil Təqaüdçülər Birliyinə verirdi; bu vəsiyyətnamədən istifadə edən Birliyin vəsiyyət sahibini atasının dəfn edildiyi qəbiristanlığa, mümkünsə atasının məzarına yaxın bir yerə dəfn etmək xaricində hər hansı bir öhdəçiliyi olmayacaqdı. Vəsiyyəti yazan hər cür təmtəraqdan qaçılmasını xahiş edirdi. Vyananın Efrussi Bankına yatırdılmış olan, faizlər də daxil olmaqla on beş min florin məbləğindəki mövcud nağd pul ilə evdə olan nağd pul, gümüşlər, mislər, mərhum arvadının üzüyü, saatı və boyunbağısının sahibi vəsiyyətçinin yeganə oğlu baron Frans von Trotta-Sipolje idi.

Rəsmi cənazə alayını Vyanadan gələn bir hərbi orkestr, bir piyada bölüyü, Mariya Tereza Nişanı cəngavərlərinin bir nümayəndəsi, mayorun təvazökar qəhrəmanı olduğu Cənubi Macarıstan alayının nümayəndələri, yeriyə biləcək vəziyyətdə olan bütün əlil təqaüdçülər, hərbçilər, Saray və Hökumət katibliyindən iki məmur, hərbi kabinetə mənsub bir zabit və Mariya Tereza Nişanını qara qumaşla örtülmüş bir yastıq üzərində daşıyan bir ehtiyat zabit meydana gətirməkdə idi. Oğul Frans qara geyimdə təkbaşına gedirdi. Hərbi orkestr babasının dəfnində çalınan marşı çalırdı. Bu səfər açılan yaylım atəşləri daha güclü idi və daha uzun müddət əks-səda verdi. Mayorun oğlu ağlamadı. Ölənin arxasınca heç kim ağlamadı. Göz yaşının olmadığı dəfn mərasimsayağı idi. Məzarın başında çıxış edən olmadı. Həqiqətlər Cəngavəri mayor baron von Trotta-Sipolje jandarm baş çavuşunun yaxınlığında yatırdı. Sadə hərbi məzar daşının üzərində qara, incə hərflərlə ad, rütbə və alayın yanında mayorun şərəfli ləqəbi də işlənmişdi: "Solferino qəhrəmanı".

Ölü arxasında bu məzar daşından əlavə çox az şey qoydu; unudulmuş bir şöhrətlə bir portret. Bir kəndli yazda tarlada yeriyir, daha sonra yay gəldikdə ayaq izləri əkdiyi buğdanın nemətiylə örtülmüş olur. İmperiya müfəttişi Trotta von Sipolje eyni həftə ərzində Əlahəzrətdən başsağlığı yazısını aldı, yazıda mərhumun heç bir zaman "unudulmayacaq xidmətlərindən" iki dəfə bəhs edilirdi.