Читать книгу «Əyyaş» онлайн полностью📖 — Ханса Фаллада — MyBook.
image
cover

Maqdanın ev işləriylə məşğul olduğu, mənim də təkbaşıma firmanın başına keçmiş olduğum illərdə bir-birimizə nə qədər yadlaşdığımızı ancaq davalarımız başladığı zaman anladım. Özümüzü bütünlüklə buraxmağımızdan, bədbinliyimizdən əvvəllər bir az utanırmış kimiydim və Maqdanı incitdiyim zamanlar ağlamaqdan şişmiş gözlərlə gəzməsindən mən də az qala onun qədər əzab çəkmiş, vəziyyəti düzəltməyə and içmişdim. Amma insan hər şeyə alışır; zənnimcə, ən tez alışdığı şey də alçaldıcı vəziyyətdə yaşamasıdır. Maqdanın yaşlı gözlərlə baxması əsnasında artıq vəziyyəti düzəltməyə and içmədiyim gün də gəldi və qorxunc bir təəccübqarışıq razılıqla öz-özümə dedim: “Amma bu dəfə səni yaxşı yerində oturtdum! Həmişə hazırcavablığınla qazanırsan, amma mənə üstün gələ bilməyəcəksən”. Bunu bu cür hiss etməyim qorxuncdur, amma yenə də doğru hesab edirdim, nə qədər ziddiyyətli görünsə də bu hissdən xoşlanırdım. Artıq Maqdanı şüurlu olaraq incitmək üçün kiçik bir addım qalmışdı.

Olduğumuz yerdə (camaatın heç xoşlanmadığı) bölgə mərkəz həbsxanası vardı və bu həbsxananın divarları arasında davamlı olaraq min beş yüzə qədər məhbus yaşamaqdaydı. Həbsxana idarəsi ilə hər üç ildə bir yenilənən müqavilə bağlayaraq lazımlı qida maddələrilə təmin edilməsini firma olaraq biz üzərimizə götürmüşdük. Müqavilənin yenilənməsi arvadımla olan əlaqələrimizdəki bu son dərəcə kritik dövrə rast gəlmişdi. Doqquz ildir bizim üzərimizdə idi və Maqda o zamanlar bu işi əldə etmək üçün çox çalışmışdı. Sonrakı hər iki müqavilənin yenilənməsində də müqaviləni təsdiqləyəcək olan həbsxana idarəsinin baş nəzarətçisinə baş çəkmiş və heç bir çətinliklə qarşılaşmadan tenderi qazanmışdıq. Həbsxana ilə etdiyim bu ticarəti işimin özlüyündə əvəzedilməz bir hissəsi kimi görürdüm; bu dəfə də işi çox böyütmək istəmədim. Doqquz ildən bəri qiymət tənzimləmə baxımından möhkəmliyi sübut edilmiş olan təklifin nüsxəsini çıxarıb göndərdim. Mən də həbsxananın baş nəzarətçisinə baş çəkməyi düşünürdüm, amma hər şey yolunda gedirdi; onun işinin başından aşdığını bildiyimdən, narahat etmək istəmirdim. Qısacası, ziyarətdən imtina etmək üçün ən azı on dənə səbəb sadalaya bilərdim.

Daha sonra həbsxana rəhbərliyindən aldığım cavab məktubuyla beynimdən vurulmuşa döndüm; bir neçə quru sözlə təklifimin rədd edildiyi, qida maddələri işinin başqa bir firmaya verildiyi bildirilirdi, ilk düşündüyüm şey Maqdaya bu hadisəni eşitdirməmək idi. Sonra şlyapamı götürüb birbaşa baş nəzarətçinin yanına qaçdım; halbuki, bu ziyarət ancaq üç həftə əvvəl edilmiş olsaydı bir məna qazanacaqdı. Nəzakətlə, amma bir az soyuq qarşılandım. Baş nəzarətçi köhnə iş əlaqələrimizin qopmasına kədərləndiyini, ancaq başqa cür davrana bilməyəcəyini bildirdi. Çünki mənim təklif etdiyim qiymətlər çoxdan təyin edilmiş, bəziləri yüksək sayılmış, bəziləri də normadan aşağıymış. Hərçənd ümumiyyətlə bu qiymətlər arasındakı aşağılıq və yüksəklik fərqi bir-birini sıradan çıxarırmış, amma işdə sabitsizlik – açıq danışdığı üçün onu bağışlamalıydım – səlahiyyətli cənabların üzərində pis təsir yaradıb; üstəlik, bu tenderin mənə verilib-verilməməsi firmam üçün çox da əhəmiyyətli olmamalıymış. Bundan başqa bu tenderin əvvəllər bir neçə dəfə mənimlə rəqabət edərək olduqca əhvalımı pozan, bütün imkanlarıyla çalışıb-əlləşən yeni, gənc bir firmaya verildiyini öyrəndim. Bu dəfə yarışı qazanan onlar olmuşdu. Axırda baş nəzarətçi nəzakətlə əlimi sıxaraq, üç il sonra köhnə əlaqələrimizin yenidən qurulacağı ümidində olduğunu bildirdi; beləcə mən “təxliyə” edilmiş oldum!

Həbsxana idarəsində təlaş və çaşqınlığımı, bu uğursuzluq qarşısındakı çarəsizliyimi hiss etdirmədiyimi bilirəm. Zəfəri qazanmış şanslı rəqibimin adını yarınəzakət, yarımaraq nümayişi ilə öyrəndim. Amma çöldə, arxamdan həbsxananın ağır dəmir qapısı gurultuyla bağlanıldıqda, bu gözəl yaz günəşi altında çox pis bir xülyadan oyandım. Amma hələ də həqiqət ilə xülyanı bir-birindən ayırd edə bilməyən bir insan kimiydim. Hələ də o kabusların təsirində, təngnəfəs haldaydım. Dəmir barmaqlıqlı qapı əbəs yerə məni azadlığa yollamışdı; indi kədər və uğursuzluqlarımın məhbusuydum.

Bu anda şəhərə dönmək, ofisə getmək mənim üçün qeyri-mümkün idi; ən əhəmiyyətlisi Maqdanın qarşısına çıxmazdan əvvəl özümü ələ almalıydım. Şəhərdən və insanlardan uzaqlaşıb tarlalara, çəmənliyə baş vurdum; getdikcə uzaqlaşırdım, sanki özümdən, problemlərimdən qaçırdım!. O gün yeni əkinlərin təzə, zümrüd kimi yaşılı rəngini görmədim, dərələrin şırıltısını, torağayların qızılı-mavi havada ötüşmələrini eşitmədim; özümlə, bacarıqsızlığımla tək qalmışdım. Ürəyim başqa heç bir şeyi götürə bilməyəcək qədər problemlə yüklənmişdi.

Bunun işlərim baxımından çiyin çəkib eləcə kədərlənərək qəbul ediləcək kiçik bir müvəffəqiyyətsizlik olmadığını çox yaxşı bilirdim. Min beş yüz insan üçün təmin ediləcək olan qida maddələri nisbətə vurulacaq olsa, kiçikməbləğli qazanc gətirsə də, mənim illik gəlirimin elə böyük bir bölümünü əhatə edirdi ki, bütün işlərimdə əsaslı dəyişikliklər etmədən bu itkini qəbul etməyimə imkan yox idi. İtkinin aradan qaldırılmasını bizim kiçik əyalət şəhərində böyük müəssisələrin olmaması səbəbiylə fikrindən belə keçirə bilməzdin. Çox böyük bir səy ilə pərakəndə işlərin sayı bir neçə düjünə çatdırıla bilərdi, amma bütün bunların itirilənin yerini tutmaması bir tərəfə, mən bu cür həddindən artıq səy göstərməkdən uzaqdım. Bəzi səbəblərdən az qala bir il idi ki, canlılığımı itirmişdim. Hər işi öz axarına buraxır, çox da həyəcan keçirmirdim. Bəlkə də erkən yaşlanmışdım, iki işçimi işdən çıxarmağa məcbur olmağım açıq-aşkar ortada idi. Bununla bağlı xeyli şayiə yayılacağını bilmək belə məni hərəkətə gətirmirdi. Bu anda dərdim iş deyil, Maqda idi. Əsl düşüncəm, əsl dərdim Maqda idi. Onun bundan xəbəri olmamalı idi. Öz-özümə bu iki nəfərin işdən çıxarılmasını və ərzaq işini itirmiş olduğumu gələcəkdə Maqdadan gizləyə bilməyəcəyimi deyir, amma bir tərəfdən də özümü aldadaraq ən əhəmiyyətli şeyin indi bunu Maqdanın bilməməsi olduğunu, bir neçə həftə içində bu itkinin yerini doldura biləcək başqa işlər tapa biləcəyimi düşünürdüm. Sonra yenə bir anlığa hər şeyi açıq-aşkar görə bildim. Dayandım, yolun qırağındakı daşa bir təpik atıb öz-özümə dedim ki, Maqdanın öyrənməsi daha yaxşı olar. Başqalarından öyrənməyindənsə mən deyərəm, həm də elə bu gün. Hər təxirə saldığım gün etiraf etməyim daha da çətinləşəcək. Üstəlik, cinayət-zad işləməmişəm ki. Sadəcə ləng davranmışam. Daşa bir təpik də atdım. Maqdadan yenidən işlərimə kömək etməsini xahiş edərəm. Belə davranmağın mənə və işlərimə faydası olar, bəlkə uğursuzluğum da aradan qaldırıla bilər. Həqiqətən də canla-başla çalışmaq üçün özümdə güc tapa bilmirəm, yaxşı bir köməkçiyə çox ehtiyacım var!..

Hər şeyi açıq-aşkar görə bildiyim bu anlar çox tez keçdi. Başqalarının və xüsusilə Maqdanın gözündə həmişə nüfuzumu aşağı salmamağa diqqət yetirmişdim. Bir müdir kimi necə müntəzəm olaraq hörmət gördüyümü düşündüm. İndi də xüsusilə bu anda bundan imtina edə bilmərəm, qürurumu sındıra, Maqdanın gözündə özümü alçalda bilmərəm. Xeyr, qərarımı vermişdim, nə olursa olsun təkbaşıma bu işin öhdəsindən gələcəkdim. Az qala hər gün çəkişdiyim bir qadından kömək istəyə bilməzdim. Bu çəkişmələrin iş yerində davam edəcəyini əvvəlcədən bilmək çətin deyil. Orada da öz dediyinin üstündə duracaq, mən qarşı çıxacağam, o da uğursuzluqlarımı üzümə vuracaq, xeyr, mümkün olan şey deyil!

Yenə bir təpik vurdum, bu dəfə ayağım yolun tozuna batdı. Başımı yerdən qaldırdım. Başım dərd-kədərimlə elə qarışmışdı ki, haraya gəldiyimin heç fərqinə varmamışdım. Yaşadığımız şəhərdən çox da uzaq olmayan, çox gözəl ağcaqayın meşələri və gölünə görə bizim şəhərlilərin yayda gəzinti yeri kimi çox sevdikləri bir kəndə gəlmişdim. Amma bu saatda gəzməyə gələn yox idi, hər kəs şəhərdə qızğın şəkildə işləyirdi.

Kənd meyxanasının qarşısında dayandım, susamışdım. Böyük, qaranlıq meyxanaya girdim. Buranı əvvəllər həmişə kəndə gəzməyə gələn şəhərlilərlə dolu görmüşdüm. Açıq rəngli yay paltarlarıyla qadınlar salonu daha da işıqlandırar, tavan sanki yüksəlibmiş kimi görünərdi. Şəhərlilər bura gəldilərmi, pəncərələr açılar, masaların üstünə rəngli örtülər sərilər və hər yerdə uzun vazaların içində gül dəstələri olardı. İndi içərisi qaranlıq idi, masaların üstündə qəhvəyi-sarımtıl örtülər vardı, pəncərələr möhkəm bağlandığından, havası boğuq idi. Barın arxasında saçları yaxşı daranmamış, önlüyü çirkli olan gənc bir qız dayanıb əhəng sıçramış ağ geyimindən rəngsaz olduğu bəlli olan cavan bir adamla pıçıldaşırdı. İlk reaksiyam geri dönmək oldu; susuzluğum, daha da əhəmiyyətlisi yenidən dərdlərimlə baş-başa qalmaq hissi məni bara doğru itələdi.

–İçməyə bir şey verin, – dedim, – nə olursa olsun, susuzluğumu götürsün!

Qız mənə baxmadan bir stəkana pivə doldurmağa başladı; stəkanın kənarından daşan köpüyü seyr edirdim. Qız pivə kranını bağladı, bir anlığa köpüyün çəkilməsini gözlədi, sonra bir az da əlavə etdi; yenə heç nə demədən stəkanı önümə doğru itələdi və yenidən bayaqkı oğlanla pıçıldaşmağa başladı. Mənə bir dəfə olsun baxmamışdı.

Stəkanı qaldırıb ağzıma apardım və yavaş-yavaş, qurtum-qurtum, heç ara vermədən axıra qədər içdim. Təzə, qıcıqlandırıcı və yüngülcə acı idi, boğazımdan keçərkən ardında rahatlıq, yüngüllük buraxırmış kimi idi; daha əvvəl pivənin bu xüsusiyyəti yox idi.

“Bir stəkan da verin” deyəcəkdim, amma başqa cür davrandım. Cavan oğlanın qarşısında bizdə “statiğe” deyilən və ümumiyyətlə buğda arağı içmək üçün istifadə edilən açıq rəngli, balaca bir stəkanın olduğunu görmüşdüm.

Birdən: “Mənə də bundan bir qədəh verin!” – dedim. Həyatı boyu araq içməmiş, iyinə belə dözə bilməyən mənim kimi bir adamın durub araq istəməsinə özüm belə məəttəl qaldım. Ağla, məntiqə sığan şey deyildi. O günlərdə həyatımdakı bütün vərdişlər dəyişir, bir sıra gizli ünsürlərə qapılır və özümdə bunlara etiraz edəcək gücü tapa bilmirdim.

Qız ilk dəfə üzümə baxdı. Göz qapaqlarını yavaş-yavaş qaldıraraq açıq rəngli gözləriylə ağırlığımı, dəyərimi ölçürmüş kimi baxdı.

–Araqmı? – deyə soruşdu.

–Bəli, araq, – dedim.

Qız şüşəni götürdü; indiyə qədər hər hansı bir qadının mənə bu cür açıqdan-açığa sınayıcı nəzərlərlə baxıb-baxmadığını düşündüm. Bu baxış sanki kişiliyimin dərinliklərinə enmək, kişi kimi nə dəyərdə olduğumu ölçmək istəyirdi. Baxışını fiziki, bir az əzab verən, amma şirin bir təhqir kimi qəbul etdim, sanki gözlərinin qarşısında lümlüt soyunmuş kimiydim.

Stəkan ağzına qədər dolu idi, masanın üzərində mənə doğru itələnildi, göz qapaqları yerə çevrildi, qız oğlana döndü; haqqımda mühakimə yürüdə bilərdi. Stəkanı qaldırdım, əvvəlcə bir az duruxdum, sonra ani bir qərarla bütün stəkanı ağzıma boşaltdım. Nəfəsimi kəsirmiş kimi yandırırdı, udqundum, mayeni boğazımdan aşağıya doğru məcburən apardım. Yandıraraq, dağlayaraq aşağıya doğru düşdüyünü hiss etdim. Birdən mədəmdə istilik, rahatlaşdırıcı, şən bir istilik yarandı. Sonra bütün bədənim sarsıldı. Rəngsaz oğlan bir azca yüksək səslə: “Bu sarsılanlar ən pisləridir”, – dedi, qız güldü. Masanın üzərinə bir mark qoyaraq başqa bir söz demədən meyxanadan çıxdım.

Yaz günəşli bir istilik və yüngül, ipək kimi küləklə məni qarşıladı; bu dəfə ona dəyişmiş bir insan kimi dönmüşdüm. Mədəmdəki istilik işıqlığa çevrilərək başıma yüksəldi, ürəyim çırpınmır, ara vermədən döyünürdü. İndi yeni əkinin zümrüdü yaşılını görür, torağayların mavi göylərdəki ötüşmələrini eşidirdim. Dərd-sərimdən uzaqlaşmışdım. Öz-özümə dedim ki, bir gün hər şey düzələcək. Sevinmişdim, evə doğru getməyə başladım. “Niyə indidən əhvalımı pozum?”

Şəhərə gəldikdə iki meyxanaya da baş çəkərək tezcə gedən təsirini yeniləmək və gücləndirmək üçün daha bir “statiğe” götürüb başıma çəkdim. Yüngül, xoş bir boşalma hiss edirdim. Düz yemək vaxtı evə gəldim.