İndi arvadımdan təkcə ərzaq işindəki uğursuzluğumu deyil, içki içdiyimi də gizləməyə məcbur idim. Bu anda elə soyuqqanlıydım ki, heç bir çətinlik çəkmədən bu işi bacaracağıma inanırdım. Duşda həmişəki kimi deyil, daha uzun müddət qaldım, yaxşıca yuyunub ağzımdakı spirt iyini aradan qaldırmaq üçün dişlərimi uzun-uzadı, yaxşıca fırçaladım. Maqdayla necə rəftar etməli olduğumu hələ bilmirdim, təkcə naməlum bir hiss məni boşboğazlıq etməyə qarşı xəbərdar edirdi. Danışmaq üçün diqqətə çarpan bir meylim olduğunu sezirdim, ən yaxşısı sakit, ciddi bir rəftara bürünmək idi. İçəri girdikdə gördüm ki, Maqda şorbaları çəkib məni gözləyir. Tələsik əlini sıxdım, bir-iki sözlə çöldə yaz havasının nə qədər gözəl olduğunu bildirdim. Mənim sözümü təsdiqlədi və artıq bağça üçün bəzi şeylər sifariş verdiyini dedi. Məndən də əskikliyini yenicə sezdiyim bir tərəvəzin toxumlarından axşam evə gələrkən gətirməyimi xahiş etdi. Dərhal xahişini qəbul etdim, başqa bir söz demədən şorbamızı içməyə başladıq. Maqdanın mənə aradabir suallı nəzərlərlə baxdığını sezdim, amma içimdə onun bir şey bilməyəcəyi, hər şeyin yolunda getdiyi hissi vardı, baxışlarına əhəmiyyət vermədim. Bu gün şorbanı çox böyük bir iştahla içirdim.
Else qabları yığdı və arvadımdan mətbəxlə bağlı bir söz soruşdu; bundan sonra Maqda hər halda ya bir şeyin dadına baxmaq ya da əti doğramaq üçün Else ilə birlikdə mətbəxə getdi. Otaqda tək oturub yeməyin gəlməsini gözləyirdim. Düşündüyüm əhəmiyyətli bir şey yox idi, şən idim, həyatımdan razı idim. Yaşamaq xoşuma gəlirdi. Birdən özümü də təəccübləndirəcək bir hərəkət etdim. Ayağa qalxdım, barmaqlarımın ucuna basaraq yavaşca şkafın yanına getdim, alt qapağını açdım, doğru idi; davalarımızın başladığı o uğursuz noyabr axşamı içdiyimiz qırmızı şərab şüşəsi oradaca dururdu. İşığa doğru tutdum, gözlədiyim kimi şüşə yarımçıq idi: İtirəcək vaxtım yox idi, hər an Maqda gələ bilərdi. Dırnaqlarımla şüşənin içinə möhkəmcə basılmış göbələyi çıxardım, ağzıma söykəyib içdim – lap yaşlı bir əyyaş kimi şüşədən içdim! (Amma nə edə bilərdim ki? Stəkana süzməyə vaxtım yox idi, digər tərəfdən isə, stəkan məni ələ verəcək bir dəlil ola bilərdi). Üç-dörd böyük qurtum aldım, yenidən şüşəni işığa tutdum, dibində azca qalmışdı, onu da başıma çəkdim. Sonra yenə şüşənin ağzını bağlayaraq yerinə qoydum. Şkafın qapağını da itələyib yavaşca yerimə keçdim, içim qaynayırdı, mədəm ani və güclü spirtli içkidən gərilibmiş kimi sıxılırdı. Gözlərimin qarşısında sanki odlu duman vardı; alnım, əllərim tərdən islanmışdı. Maqda qayıdana qədər özümü toplaya bilmək üçün çox əlləşdim. Daha sonra sərxoşluğun verdiyi rahat özünüburaxma hissiylə masanın arxasında otururdum, qarşıma qoyulan ət xörəyini yeməkdə çətinlik çəkdim. Mədəmin vəziyyəti təhlükəli idi, hər an üsyan edə bilərdi. Hər loxmanı böyük bir diqqətlə udur və məcburən yeyilən qidanın artıq təsirini göstərmək istəyən sərxoşluğun rahatladıcı təsirini pozacağına inanırdım.
Bu vaxt Maqda ilə bir neçə söz danışmağın yaxşı olacağını heç düşünmürdüm də. Onun yerinə başqa bir problem birdən mənə böyük dərd olmuşdu. Şərab şüşəsi hərçənd ağzı bağlanılmış halda şkafda dururdu, amma Maqdanın ev işlərindəkı vasvasılığı ucbatından qısa zamanda boşalmış olduğu ortaya çıxacaqdı. Belə buraxa bilməzdim, vaxtında tədbir görməyə məcbur idim. Halbuki, bu iş inanılmaz dərəcədə çətin idi. Ən yaxşı həll yolu elə bu gün günortadan sonra yeni bir şüşə şərab almaq, yarısını boşaldıb digər şüşənin yerinə qoymaq idi. Amma bunu nə vaxt edəcəkdim, axşama qədər işdə olmağa məcbur olduğuma görə necə bufetə gedib götürəcəkdim? Axşamı Maqda ilə birgə keçirəcək, o əl işi ilə məşğul olacaq, mən qəzetlərimi oxuyacaqdım, nə zaman? Bəs boş şüşə, onu nə edəcəkdim? Üstəlik, eyni markadan şərabı tapa biləcəkdimmi? Görəsən, Maqda şərabın etiketinin formasını xatırlaya biləcəkdimi? Ən yaxşısı, gecəyarısı yavaşca yataqdan qalxmaq, köhnə şüşənin etiketini diqqətlə çıxarıb dolusuna yapışdırmaq idi. Amma birdən həmin vaxt Maqda məni görsə necə olacaq! Görəsən, evdə yapışqan var idimi? Çantamın içində ofisdən yapışqan gətirməyim lazım gələcəkdi.
Düşündükcə vəziyyət daha da mürəkkəbləşirdi, əslində indidən fikrimdə həlli tapılmayan bir problemə dönmüşdü. Şüşəni axıra qədər içmək çox asan olmuşdu, amma əvvəlki vəziyyətinə gətirməyin nə qədər çətin olacağını əvvəlcədən düşünməliydim. Şüşəni qırsam, bir şey axtararkən əlimin dəydiyini desəm necə olar? Bu dəfə də yerə töküləcək şərab artıq içində yoxdu. Yoxsa cəsarət edib şüşənin yarısını su ilə doldurub əsl şərabla doldurmağı sabaha saxlasam yaxşıdı?
Fikrim getdikcə dolaşırdı, təkcə yeməyi deyil, Maqdanı da tamamilə unutmuşdum. Buna görə həqiqətən kədərli bir səslə soruşduğu zaman yerimdən sıçramışdım:
–Nə olub, Ervin? Xəstəsənmi? Qızdırman varmı? Üzün elə qırmızıdır ki!
Bunu fürsət bilərək xəstəlik məsələsindən ikiəlli yapışdım:
–Hə, yəqin bir az xəstəyəm, yaxşı deyiləm. Bir az uzansam yaxşı olacaq. Elə bil qan başıma hücum edir…
–Bəli, Ervin, dərhal yatağa girib yatsan yəqin daha yerində olacaq. Həkim Mansfeldi çağırımmı?
–Yox, canım, sən də! – deyə qışqırdım. – On beş dəqiqə uzanacağam divana, vəssəlam. Sonra işə getməliyəm.
Sanki ağır bir xəstəyəmmiş kimi məni divana qədər apardı, uzanmağıma kömək etdi, üzərimə bir ədyal örtdü.
–İşdə nəyəsə qanın qaraldı? – deyə ürkək halda soruşdu. – De görüm, Ervin, nədir ürəyini sıxan? Elə dəyişdin ki!
–Yox, işdə bir şey olmayıb, – birdən hirslənib dedim. – Nə istədiyini bilmirəm. Bir az başım hərləndi ya da qan təzyiqim qalxdısa, hökmən işləmi əlaqədar olmalıdı! İşlər çox yaxşıdı, əladı!
Yavaşca içini çəkdi.
–Elə isə şirin yuxular, Ervin! – dedi. – Oyandırımmı sonra səni?
–Xeyr, xeyr, lazım deyil, mən özüm oyanaram, iyirmi dəqiqə sonra…
Axır ki, tək qala bildim; başımı arxaya söykədim, spirtli içki artıq heç bir maneə ilə qarşılaşmadan bir dalğa halında sərbəstcə bütün bədənimi gəzir, yumşaq bir örtü kimi bütün dərdlərimi, kədərlərimi örtürdü. Hətta elə indicə Maqdaya heç lazım olmadığı halda işlərimin “çox yaxşı” getdiyini deyərək onu aldatdığım hissini belə bu dalğa götürüb apardı. Yatırdımmı… Yatdımmı? Xeyr, sönmüşdüm. Artıq heç…
Hava qaralmağa başlayarkən oyanıram. Qorxuyla saata nəzər salıram; axşam səkkizin yarısıdı. Evi dinşəyirəm, səs-səmir gəlmir. Əvvəlcə yavaşca, sonra səsimi yüksəldərək səslənirəm:
–Maqda! – Maqda gəlmir. Çətinliklə ayağa qalxıram. Hər yanım ağrıyır, başım dumanlıdı, ağzımın içi qupqurudu və pas dadı verir. Yandakı yemək otağına ötəri nəzər salıram, axşam yeməyi üçün süfrə açılmayıb, halbuki həmişə bu saatda yeyirik. Nə olub? Mən yatarkən nə baş verib? Maqda hardadı?
Bir az düşündükdən sonra sağdan-soldan yapışaraq mətbəxə doğru gedirəm, çox çətinliklə hərəkət edirəm, sanki bu gecə oynaqlarım tutulmuş, əzilmiş, oynaq yerlərindən tərpənmir.
Mətbəxi də boş və yarıqaranlıq halda tapacağımı zənn edirdim, halbuki içəridə işıq var və Else mətbəx masasında nə isə ütüləyir. Mən içəri girəndə başını qaldırıb qorxulu gözlərlə üzümə baxır, mən olduğumu anladıqdan sonra da üzündəki qorxulu ifadə çox da dəyişmir. Düşünürəm ki, dağınıq bir görünüşüm olmalıdı. Birdən bütün bədənimin qat-qat çirk içində olduğu hissinə qapılıram. Əvvəlcə duş qəbul etməliydim, əvvəllər heç belə gəzməzdim.
–Arvadım hanı, Else? – deyə soruşuram. Else qısa, ürkək baxışlarla:
–Xanım şəhərə getdi, – deyir.
–Amma indi yemək vaxtıdı, Else! – qınayırmış kimi deyirəm, halbuki yemək üçün içimdə ən kiçik bir istək yoxdu.
Else çiyinlərini qaldırır, sonra yenə ötəri baxışla:
–Ofisdən zəng etdilər, yəqin xanım oraya getdi… – deyir.
Çətinliklə udqunuram, ağzım necə də qupqurudu.
–Ofisəmi getdi? – deyə mızıldanıram. – Ay Allah! Nə işi var arvadımın orada, Else?
Çiyinlərini qaldırır:
–Doğrudan bilmirəm, cənab Sommer, – deyir, – xanım mənə bir söz demədi. – Sonra yenə nə isə xatırlayır, sözünə davam edir:
–Saat üçdən bir az keçmiş zəng etdilər, o zamandan bəri xanım evdə yoxdu.
Demək, dörd saatdan çoxdur ki, arvadım oradadı, məhv oldum. Səbəbini bilmirəm, amma məhv oldum!.. Dizlərim boşalır, səndələyərək bir neçə addım atır və bütün ağırlığımla mətbəxdəki bir stula çökürəm. Başımı masaya söykəyərək:
–Bitdi artıq, hər şey bitdi, Else, – deyə inləyirəm, – məhv oldum, Else!.
Elsenin səs-küylə ütünü bir şeyin üstünə qoyub mənə doğru gəldiyini eşidirəm, əlini çiynimə qoyur.
–Nədir, cənab Sommer? – deyə soruşur, – yaxşı deyilsinizmi?
Başımı qolumun üstündən qaldırıb baxmırdım. Bu gənc varlıq qarşısında ağlamaqdan utanıram, gözlərimdən fışqıran yaşlardan… Bitdi artıq, hər şey bitdi, hər şeyimi itirdim, firma, evliliyimiz, Maqda… Kaş ki, bu gün o qırmızı şərabı içməyəydim. Onun ucbatından oldu bütün bunlar. Şərabı içməsəydim Maqda ofisə getməyəcəkdi (bu vaxt tələsik bir fikir ağlıma gəlir: Bu boş şüşə işini də bir yoluna qoymalıyam!) Else yüngülcə çiyinlərimdən tutur.
–Cənab Sommer, – deyir, – bu halda çıxmayın çölə! Bir neçə dəqiqə uzanın, mən sizə dərhal axşam yeməyinizi hazırlayaram.
Başımı yelləyirəm.
–Yemək istəmirəm, Else! – deyirəm. – Arvadım indiyə qədər dönmüş olmalı idi, bu saatda…
–Ya da, – Else deyir, – mətbəxdə, mənim yanımda nə isə yemək istəyirsinizmi, cənab Sommer? – Özü də dediklərindən bir az narahatdı: – Arvadınız evdə olmadığına görə…
Bu eşidilməmiş təklifin başdançıxarıcı cəhəti var. Burada, mətbəxdə, Elsenin yanında yemək! Bu işə Maqda nə deyərdi? Başımı qaldırıb ilk dəfə diqqətlə üzünə baxıram. Heç onu belə görməmişdim; Else mənim üçün evin arxa hissələrində arvadımın bir kölgəsi olmaqdan kənara çıxmamışdı. İndi Elsenin on yeddi yaşında, qara saçlı, möhkəm bədənli, həqiqətən gözəl bir qız olduğunu görürəm. Açıq rəngli köynəyinin altında dolğun döşləri var və bu döşlərin necə də təzə olduğu düşüncəsi isti bir dalğa olub gövdəmə yayılır.
Sonra özümü yığışdırıram, qeyri-mümkündü, bütün bunlar qeyri-mümkündü! Özümü Elseyə qapdırmaq, mümkün olacaq şey deyil!
–Xeyr, Else, – deyərək ayağa qalxıram, – çox təmizqəlblisən, məni bir az olsun ovutmaq istəyirsən, amma mənim də ofisə getməyim yaxşı olacaq. Əgər arvadımla qarşılaşa bilməsək, mənim də oraya getdiyimi de, zəhmət olmasa.
Getmək üçün qapıya yönəlirəm, birdən mətbəxdən, bu sevimli qızdan ayrılmaq çətin gəlir. Sonra bir anlığa qapıda dayanıb ona baxıram. Üzünün nə qədər solğun və ağ olduğunu görürəm; bu ağlıqla qara qaşlarının necə də gözəl uyğunlaşdığı diqqətimi çəkir.
–Bir çox çətinliklərim var, Else, – deyirəm, – mənə kömək edə biləcək kimsəm də yoxdu. – Xüsusu vurğulayıb təkrarlayıram: – Heç kim, Else, anlayırsanmı məni?
–Bəli, cənab Sommer, – deyə yavaşca cavab verir.
–Mənə qarşı bu qədər yaxşı davrandığın üçün təşəkkür edirəm, Else, – deyirəm. Ancaq vanna otağında özümə səliqə-sahman verərkən Maqdanı aldatdığımı düşünürəm. Ona xəyanət etdim, yalan danışdım, aldatdım onu. Amma tezcə də çiynimi çəkirəm: Belə yaxşıdı! Daha aşağılara, dərinliklərə; daha sürətli! Artıq dayanmaq yoxdu!
О проекте
О подписке
Другие проекты
