Читать книгу «Hekayələr» онлайн полностью📖 — Франца Кафки — MyBook.
image
cover

İntəhası Qreqor da ləngimədi, çünki yeni həyatın elə ilk günündən bilirdi ki, onunla son dərəcə sərt davranmağı atası yolun ən düzgünü sayır, odur ki irəli-geri qaçaraq atası dayananda dayanır, o tərpənən kimi özünü qabağa atırdı. Otaqda boş-boşuna bir-iki dövrə vurdular, amma ləng tərpəndiklərindən bu, əsla təqibə, qaçdı-tutduya oxşamırdı. Qreqor hələ ki yalnız döşəmədə sürünürdü, divara, yaxud tavana dırmaşmağın ataya hörmətsizlik kimi başa düşülməsindən qorxurdu. Amma onu da hiss edirdi ki, bu cür qaçışa çox tab gətirə bilməz. Atası bir addım atanda Qreqora yüz cür hərəkət etmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə heç əvvəllər də çox bel bağlamırdı. O, tam ümidsizlik içində ayrı heç bir xilas yolu barədə düşünmürdü, künc-bucağına əcaib naxışlı, girintili-çıxıntılı mebellər düzülən divarlardan yararlanmağı isə büsbütün unutmuşdu. Birdən, Qreqor ayaqlarını güclə sürüyüb bəbəklərini zorla qaldıraraq aradan çıxmaq üçün var qüvvəsini toplamağa çalışdığı vaxt, yuxarıdan atılan nəsə bir şey düz böyrünə düşdü və dığırlanıb getdi. Bu, alma idi. Birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində duruxub qalmışdı, qaçmaq artıq mənasız iş idi, çünki atası onu alma atəşinə hədəf etmək qərarı vermişdi. Bufetin üstündəki meyvəqabından almaları götürüb cibinə doldurmuşdu və indi bir-bir çıxarıb necə gəldi ona tərəf atırdı. Balaca, qırmızı almalar maqnitlənmiş kimi bir-birinə dəyə-dəyə döşəmə boyunca dığırlanıb gedirdi. Almanın biri belinə yüngülcə toxunsa da, xətər yetirmədi, dərhal atılan o biri alma isə kürəyində ilişib qaldı. Sürünüb uzaqlaşmaq istədi, sanki yerini dəyişməklə bu qəfil ürcah olduğu dözülməz ağrıdan xilas olacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşsuz halda yerə sərələnib qaldı. Yalnız onu görüb-eşitməyə macal tapdı ki, otağının qapısı taybatay açıldı, alt köynəyində olan anası arxadan nəsə çığıran bacısını qabaqlayaraq bayıra şığıdı, görünür, qəşş edəndə rahat nəfəs alması üçün qız onu soyundurubmuş. İndi ərinə tərəf qaçarkən yubkaları bir-bir sürüşüb əynindən düşürdü və ayaqları tumanına dolaşa-dolaşa özünü yetirib kişinin ağuşuna atıldı, ona bərk-bərk sarılıb peysərindən yapışdı, yalvardı ki, Qreqora dəyməsin, onu vurub öldürməsin, Qreqor isə bu zaman artıq heç nə görmürdü.

III

Qreqora bir aydan da artıq əziyyət verən həmin o ağır yara (almanı çıxartmağa heç kəs ürək eləmirdi; o da əyani nişanə kimi eləcə onun kürəyində ilişib qalmışdı), deyəsən, hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor, hər necə olsa, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz, ən azı ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.

Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirsə də və şikəst qocalar sayağı indi otağın bu başından o başına getmək – divarlara dırmaşmaqdan, ya tavanda sürünməkdən heç söhbət gedə bilməzdi – ona uzun, çox uzun dəqiqələr bahasına başa gəlsə də, əvəzində vəziyyətinin bu cür pisləşməsi müqabilində, onun fikrincə, əməlli-başlı mükafatlandırılmışdı; Axşamlar yan otağın qapısı daim açıq saxlanılırdı, o da qapının açılmasına düz iki saat qalmış durub gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir yerinə uzanıb gur işıqlı masa arxasında əyləşən doğmalarını seyr edir, əvvəlki vaxtlardan fərqli olaraq, necə deyərlər, ümumi razılıq əsasında onların söhbətinə qulaq asa bilirdi.

Əlbəttə, bu, Qreqorun qabaqlar yorğun-arğın halda darısqal mehmanxana otaqlarının nəm-nimdaş yatağına uzanıb haqqında düşündüyü qızğın söhbətlərdən deyildi. Evdə çox vaxt əsl sakitlik hökm sürürdü. Şam yeməyindən az sonra atası öz kreslosunda yuxuya gedir, o birilər də çalışırdı bu sükutu pozmasın. İkiqat bükülüb işığa doğru əyilən anası hazır geyim mağazası üçün alt paltarı tikirdi, mağazaya satıcı vəzifəsinə düzələn bacısı isə nə vaxtsa daha yaxşı iş tapacağı ümidiylə axşamlar stenoqrafiya və fransız dili öyrənməklə məşğul olurdu. Yuxulamasından xəbər tutmayan kişi hərdən gözünü açıb arvadına: “Sən bu gün yenə nə çox tikirsən”, – deyib dərhal da təzədən yuxuya gedir, ana ilə bacı da bir-birinə baxıb yorğun-yorğun gülümsəyirdilər.

Kişi höcətliyinə salıb iş formasını evdə də əynindən çıxartmırdı; xalat asqıdan boşuna asılıb qalsa da, o, iş paltarında oturub mürgü döyür, qulluğa tam hazır vəziyyətdə, sanki hər an öz rəisinin çağırışını gözləyirdi. Bu səbəbdən onsuz da nimdaş olan forma, arvadı və qızının səylərinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Üstündəki ləkələrdən rəngi seçilməyən, yalnız düymələri daim parıldayan və qocanın narahat da olsa, sakit yatdığı bu paltara Qreqor bəzən bütün axşam ərzində tamaşa edirdi.

Saat onu vuranda arvad kişini ehmalca yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki o, səhər saat altıda işə gedirdi, rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçılığa başlayan gündən tutulmuş olduğu höcətlik mərəzi ucbatından o, adətən, mürgü döyə-döyə oturduğu masanın arxasından heç vaxt özxoşuna qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağa aparandan sonra təzədən yuxuya gedirdi. Arvadı ilə qızı nə qədər çənə döysələr də, azından on beş dəqiqə ərzində o, gözlərini açmadan elə oturduğu yerdəcə ağır-ağır başını bulayırdı, qolundan yapışıb ehmalca darta-darta qulağına nəvazişli sözlər pıçıldayan anasına kömək etmək üçün Qreta da öz işindən ayrılmalı olur, amma bu da kresloda yerini rahatlayan qocaya təsir etmirdi. Yalnız qadınlar qoltuğuna girib onu ayağa qaldırandan sonra o, gözlərini açıb növbə ilə gah qızına, gah da arvadına baxır, acı-acı gileylənirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”. Vücuduna gücü çatmırmış kimi qadınlara dayaqlanıb onların köməyi ilə ağır-ağır ayağa qalxır, qapıya çatanacan bu cür gedib qapıya çatanda başı ilə işarə edirdi ki, bəs qadınlar daha geri qayıtsınlar, sonra da özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də arvad öz tikişini, Qreta da qələmini bir kənara qoyub atasının köməyinə tələsir, onu ehmalca yatağa uzadırdılar.

İş-gücün yorub taqətdən saldığı bu üzgün ailədə kimin macalı vardı ki, Qreqora gərək olduğundan artıq vaxt ayırsın? Məsrəfləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da işdən çıxartdılar, indi yalnız səhərlər və axşamüstü evin ən ağır işlərini görməyə ağ, pırpızsaçlı, yekəpər bir arvad gəlirdi. Özünün ağır tikiş işiylə bahəm yerdə qalan bütün işləri ana görürdü. Ailə hətta ana ilə bacının qabaqlar şənliklərə, təntənəli mərasimlərə böyük həvəslə taxdıqları qiymətli daş-qaşı da satmağa məcbur olmuşdu. Qreqor bunu həmin əşyaların neçəyə satılması barədə axşamlar aparılan söhbətlərdən bilirdi. Ən çox ona təəssüflənirdilər ki, indiki durumlarına görə xeyli böyük olan bu mənzili buraxıb getmək mümkün deyildi, çünki Qreqoru necə aparmaq məsələsi hələ həll olunmamışdı. Amma Qreqor yaxşı başa düşürdü ki, ayrı mənzilə köçməyə mane olan şey təkcə onun mövcudluğuyla bağlı deyil, onu nəfəslik qoyulmuş hər hansı qutuda asanlıqla aparmaq olardı. Mənzili dəyişməməyin başlıca səbəbi tam ümidsizliklə – onlara heç bir qohum-tanışın başına gəlməyən bir müsibətin üz verməsiylə əlaqədar idi. Ailə dünyanın yoxsul bəndələrdən tələb etdiyi hər şeyi edirdi: ata kiçik bank xidmətçilərinə səhər yeməyi daşımaqla, ana özgələrə alt paltarı tikməklə özünü üzür, piştaxta dalında dayanan bacı isə alıcıların hər cür şıltaqlığına dözməli olurdu – daha bundan artığına gücləri çatmırdı.

Kişini yatırandan sonra yenidən qonaq otağına qayıdan qadınlar işə başlamazdan öncə yan-yana oturub üzlərini bir-birinə söykəyəndə Qreqorun belindəki ağrı hər dəfə təzədən şiddətlənirdi; anası onun otağına işarə edib: “Ört o qapını, Qreta”, – deyirdi və Qreqor yenə qaranlıqda qalırdı. Qadınlar isə divarın o üzündə səssizcə ağlayır, ya da gözlərini bir nöqtəyə zilləyib dinməzcə otururdular.

Qreqor gecəni də, gündüzü də, demək olar ki, tam yuxusuz keçirir, hərdən ümidlə düşünürdü ki, bax elə indicə qapılar taybatay açılacaq və o, əvvəlki əyyamlarda olduğu kimi yenidən ailənin bütün qayğılarını öz əlinə alacaq. Uzun fasilədən sonra yenə onun xəyalında sahibkar və müdir, tanış kommivoyajerlər və şagird-uşaqlar, səfeh dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət mehmanxanasının qulluqçusu və ciddi niyyətlə xeyli müddət nazını çəkdiyi şlyapa mağazasının kassiri – şirin və ötəri xatirələr – canlandı. Yaddaşında bir-birinin ardınca peyda olan bu yad və unudulmuş adamlar ona və ailəsinə kömək etmək əvəzinə, nədənsə hamısı bir nəfər kimi çox ötkəm görünürdülər və yaddaşından çəkilib gedəndə Qreqor buna hətta sevinirdi də. Sonra isə o, ailə qayğısı çəkmək həvəsini təzədən itirir, ona pis baxdıqlarını fikirləşib hiddətlənir, nə yemək istədiyini heç özü də dürüst bilmədiyi halda, xəyalından ərzaq anbarına soxulmaq keçir, aclığı olmasa da, payına düşən hər şeyi qamarlamağı düşünürdü.

Artıq Qreqorun könlünü nə iləsə ovutmağın qeydinə qalmayan bacısı səhərlər və öylə vaxtı mağazaya qaçmazdan qabaq hansısa qidanı elə ayağıylaca qapıdan içəri itələyir, axşamlarsa yeməyə toxunulub-toxunulmadığına heç fikir də vermədən – Qreqor çox vaxt yeməyə toxunmurdu – bir dəfə süpürgə çəkməklə yığışdırıb atırdı. Otağın yır-yığışıyla indi yalnız axşamlar məşğul olan bacısı öz işini tələm-tələsik görür, başdansovdu eləyib çıxırdı; divarlar boyunca çirkli zolaqlar uzanıb gedirdi, hər tərəf toz-torpaq və çirkab içində idi. İlk vaxtlar bacısı içəri girəndə Qreqor özünü zir-zibilin qalaqlandığı küncə verir, bununla da öz aləmində bacısını natəmizliyə görə, bir növ, məzəmmət edirdi. Amma lap əgər orada həftələrlə qaxılıb qalsaydı da, xeyri yox idi – bacısı düzələn deyildi, çünki zibil qalağını özü də çox yaxşıca görürdü, sadəcə, belə qərara gəlmişdi ki, əl dəyməsin. Üstəlik də, Qreta qabaqlar ona əsla xas olmayan, indi isə ümumən bütün ailəyə sirayət etmiş bir dəymədüşərliklə fikir verirdi ki, Qreqorun yuvasına özgə kimsə ayaq basmasın, otağın yığışdırılması təkcə onun işi olsun.

Bir dəfə anası əl-qolunu çırmalayıb işə girişmişdi, otaqda yır-yığışa başlayıb bir neçə vedrə su işlətmişdi – suyun bol işlədilməsi, əslində, heç Qreqoru da açmamışdı, incik halda divana sərilib tərpənməmişdi və buna görə cəzasını almışdı, axşam otaqdakı dəyişikliyi görən kimi bacısı bərk sarsılaraq təpədən-dırnağa təhqir olunmuş halda dərhal qonaq otağına cummuş, anasının yalvar-yaxarına məhəl qoymadan ucadan hönkürmüşdü. Vahimə içində kreslodan dik qalxan atası da, elə anası da onu bir xeyli müddət heyrətlə süzəndən sonra əməlli-başlı əl-ayağa düşmüşdülər – sağ tərəfdən ata məzəmmətə keçmişdi ki, bəs axı, həqiqətən də, ana niyə bu işi qızın öhdəsinə buraxmayıb; sol tərəfdən də, əksinə, Qreta dil boğaza qoymadan çığırmışdı ki, indən belə bu iş daha heç vaxt ona tapşırılmayacaq. Bu arada arvad ərini yataq otağına çəkmək istəsə də, bir şey çıxmamışdı, kişi həyəcandan özünü heç cür ələ ala bilmir, hıçqırıqdan titrəyən Qreta isə balaca yumruqlarıyla masanı döyəcləyirdi. Bu vaxt hikkəsindən Qreqor da bərkdən fısıldayırdı, çünki qapını örtmək və bu həngamədən onun canını qurtarmaq heç kəsin ağlına gəlməmişdi.

Lakin Qreqora əvvəlki qayğını göstərmək qulluğunun yorub əldən saldığı bacını təngə gətirəndə də ananın onu əvəzləməsinə lüzum yaranmadı; intəhası Qreqor baxımsız da qalmadı, – qayğı növbəsi indi də qulluqçuya çatmışdı, – bütün həyatı boyu öz güclü çiyinlərində xeyli dərd-kədər yükü daşımış bu yaşlı, dul qadın, əslində, Qreqora ikrahla baxmır, heç də ondan iyrənmirdi.

Bir dəfə qulluqçu qadın tam təsadüfən otağın qapısını açanda Qreqoru görmüş, qapının qəfil açılışına bəndmiş kimi, heç kəs qovmasa da, döşəmə uzunu qaçan bu əcaib məxluqa əllərini qarnı üstündə çarpazlayaraq təəccüblə, bir xeyli durub tamaşa eləmişdi. O gündən bəri arvad hər səhər-axşam burdan keçərkən qapının bir tayını açıb mütləq ona göz yetirir, əvvəllər onu hətta yanına da çağırırdı: “Bura gəl, ay peyin qurdu!”, yaxud: “Görəsən, bizim balaca böcəyimiz haradadır?” Qreqor arvada cavab vermir, heç yerindən də tərpənmirdi, – sanki qapı heç açılmamışdı, – düşünürdü ki, kefinə düşəndə onu boş yerə narahat etməkdənsə, kaş bu arvada onun otağını hər gün sahmana salmaq tapşırılaydı!

Bir dəfə sübh obaşdan – həmin gün baharın yaxınlaşmasından xəbər verən leysan yağış pəncərəni aramsız döyəcləyirdi, – arvad öz adəti üzrə çərənləməyə başlayanda Qreqor elə qəzəbləndi ki, hücuma hazırlaşırmış kimi ağır-ağır, lakin inamsızlıqla ona tərəf döndü. Amma qadın bir tikə də qorxub-eləmədi, əl atıb qapının girəcəyindəki stulu götürdü, onu başının üstünə qaldırıb ağzını da aça bildikcə geniş açdı. Məsələ aydındır: deyəsən, arvad stulu onun kürəyinə endirməyincə ağzını yummaq fikrində deyildi. Qreqor üzünü döndərəndən sonra:

– Deməli, bununla qurtardıq da? – deyib stulu ehmalca öz əvvəlki yerinə qoymuşdu.

Qreqor, demək olar ki, daha heç nə yemirdi, yalnız arabir, ondan ötrü qoyulmuş hansısa yeməli şeyin böyründən təsadüfən ötüb-keçərkən əyləncə xatirinə bir tikə qoparıb ağzına atır, bir neçə saat saxlayandan sonra tüpürüb atırdı. Əvvəl düşünürdü ki, yəqin, iştahını pozan otağın görkəmidir, halbuki otaqdakı dəyişikliklə çox tez barışmışdı. Gərəksiz əşyaları gətirib bu otağa yığmaq artıq bir adət halını almışdı. Belə lazımsız şeylər isə indi lap çox idi, çünki otaqların biri üç nəfər kirayənişinə verilmişdi və bu zabitəli şəxslər də – Qreqor hər üçünün cod saqqalını qapı arasından görmüşdü – evdə pedantcasına qayda-qanun yaratmaq istəyirdilər, özü də bura köçəndən bu qaydanı tək öz otaqlarında deyil, bütün mənzildə, ələlxüsus mətbəxdə tələb edirdilər. Cır-cındırı, köhnə-kürüşü əsla görən gözləri yox idi, hələ qaldı ki, bu şeylər çirkin-pasın içində ola. Bundan başqa, istifadə üçün özləri də bir yığın mebel gətirdiklərindən evdə gərəksiz əşyaların sayı xeyli artmışdı. Bu əşyalara heç kim pul verməzdi, tullamağa da heyifləri gəlirdi – nə satılasıydı, nə atılası, hamısını gətirib Qreqorun otağına təpişdirirdilər. İri dibçək qabını da, elə mətbəxdəki zibil yeşiyini də sürüyüb bura atmışdılar. Həmişə harasa tələsən qulluqçu arvad da müvəqqəti işlənməyən şeyləri elə bir ucdan gətirib bura yığır, qapını açıb içəri vızıldadırdı. Xoşbəxtlikdən Qreqor yalnız içəri atılan əşyaları, bir də atan əlləri görürdü. Bəlkə, haçansa macal tapanda arvad bu şeyləri yerbəyer edəcək, ya da hamısını biryolluq yığışdırıb atacaqdı, amma hələlik hamısı onun otağında idi və elə atıldıqları yerdə də qalmışdı. Düzdür, hərdən bu köhnə-kürüşün arasından keçərkən Qreqor hansınısa yerindən bir az tərpədirdi. Əvvəllər bunu öz istəyindən asılı olmadan edirdi, çünki sürünməyə yer yox idi, sonradansa əşyaları getdikcə artan maraqla ora-bura dartışdırmağa başladı, baxmayaraq ki belə gəzişmələr onun lap axırına çıxırdı – qüssə və yorğunluqdan saatlarla hərəkət edə bilmir, eləcə taqətsiz düşüb qalırdı.

Kirayənişinlər arabir evdə, ümumi qonaq otağında şam etdiklərindən həmin otağın qapısı bəzi axşamlar bağlı olurdu, amma Qreqor bu vəziyyətlə tez barışmışdı və əsla narazı-filan deyildi. Nəinki narazı deyildi, hətta qapının açıq qoyulduğu axşamlarda da çox vaxt bundan istifadə etmir və özünü otağın ən qaranlıq küncünə verib ailənin gözündən iraq bir yerdə uzanıb qalırdı. Ancaq bir dəfə qulluqçu arvad qonaq otağının qapısını azca aralı qoymuşdu, axşam kirayənişinlərin gəldiyi, işığın yandırıldığı vaxt da qapı eləcə aralı qalmışdı. Kişilər masa arxasına keçib Qreqorun bir vaxtlar öz valideynləri ilə şam edərkən oturduğu həmin yerdəcə əyləşdilər və salfetləri açıb çəngəl-bıçağı şəstlə əllərinə götürdülər. Anası ilə bacısı da bir-birinin ardınca dərhal qapının ağzında peyda oldular – biri ət, o biri kartof dolu qabla. Xörəklərdən güclü buğ qalxırdı, kişilər də qabaqlarındakı nimçələrin üstünə əyilərək sanki yeməyə başlamazdan öncə dadını-duzunu yoxlamaq istədilər. Ortada oturmuş və digər ikisinin xüsusi hörmət bəslədiyi aşkar sezilən kirayənişin, həqiqətən də, ətin bir tikəsini götürüb onu elə qabın içindəcə kəsdi – yəqin etmək istəyirdi görsün lazımi qədər bişibmi, yoxsa lap yaxşı bişirilməsi üçün xörəyi gerimi yollamaq lazımdır. Deyəsən, razı qaldı və onun hərəkətlərini bayaqdan bəri gərgin bir intizarla izləyən qadınlar da arxayınlaşıb gülümsədilər.

Ev sahibləri xörəklərini mətbəxdə yeyirdilər, amma Qreqorun atası mətbəxə keçməzdən qabaq qonaq otağına baş çəkdi; furajkası əlində hamıya ümumi şəkildə təzim edib masanın yanından ötdü. Kirayənişinlər üçü də bir nəfər kimi ayağa qalxıb dodaqaltı nəsə mızıldandılar, özləri tək qaldıqdan sonra isə, demək olar ki, daha bir kəlmə də dinib-danışmadan sakitcə yeməyə girişdilər. Süfrə arxasından eşidilən müxtəlif səslər içərisində çeynəyən dişlərin gövşəyi xüsusilə seçilir və Qreqora qəribə hislər aşılayırdı, sanki ona cidd-cəhdlə sübut edilirdi ki, yemək üçün diş gərəkdir; dişsiz çənə lap nə qədər qəşəng də olsa, heç nəyə yarayan deyil. “Mən də nəsə yeyərdim, – Qreqor öz aləmində düşündü, – Amma onların yediyindən olmasın. Bunlar doyub-dolanmaq bilmirlər, mənsə burda məhv olub gedirəm!”

Skripka səsi də – bütün bu müddət ərzində bacısının bircə dəfə də olsun çaldığını Qreqor xatırlamırdı – mətbəxdən məhz elə həmin axşam eşidildi. Kirayənişinlər şam edib qurtarmışdılar, ortada oturan kişi qəzet çıxarıb o birilərin hərəsinə bir səhifə vermişdi və hazırda üçü də arxaya söykənib oxumaqla məşğul idi. Skripkanın səsi gələndə əvvəl diqqətlə qulaq verib sonra ayağa qalxdılar və barmaqlarının ucundaca yaxınlaşıb dəhliz qapısının ağzında durdular. Görünür, kişilərin bu hərəkəti mətbəxdə də eşidilmişdi və atası da buna dərhal reaksiya verdi:

– Bəlkə, musiqi cənablar üçün xoş deyil? Belədirsə, biz onu elə bu dəqiqə kəsərik.

– Əksinə, – bayaq ortada oturmuş kişi dilləndi, – münasib bilinirsə, bəlkə, xanım gəlib bizim yanımızda, daha xoş və rahat olan bu otaqda çalsın?

– Baş üstə, baş üstə! – deyə ata ucadan səsləndi, skripka çalan sanki o özü idi.

Kirayənişinlər yerlərinə qayıdıb gözləməyə başladılar; az keçmiş atası püpitri5, anası notları, qız da skripkanı götürüb gəldi. Qreta hazırlıq işləri ilə məşğul olduğu müddətdə otaqlarını heç vaxt kirayəyə verməmiş, buna görə də kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahiblərinin cürəti çatmadı ki, öz halalca stullarında otursunlar – atası sağ əlini yaxası kip bağlı pencəyinin iki düyməsi arasından içəri soxub qapıya söykəndi, anası isə kirayənişinlərdən birinin ona təklif etdiyi stulda yox, keçib kənarda, otağın bir küncündə oturdu, stul da qoyulduğu yerdə eləcə boş qaldı.

1
...