Qreqor bayğınlığa bənzər ağır yuxudan bir də şər qarışan vaxt ayıldı. Əgər onu narahat etməsəydilər də, özü bir azdan oyanacaqdı, çünki dincini bəs deyincə almışdı və indi özünü yuxudan doymuş kimi hiss edirdi, bununla belə, ona elə gəldi ki, dəhlizə açılan qapının ehmalca örtülməsi və kiminsə ürkək addımları onu yuxudan oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana, mebelin yuxarı hissəsinə düşmüşdü, onun sərilib qaldığı yer isə qaranlıq idi.
Evdə nələrin baş verdiyini öyrənmək üçün qədrini indi-indi bilməyə başladığı qarmaqlarının köməyi ilə qapı tərəfə süründü. Çapılmış sol böyrü bərk göynəyir, hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər bərk yaraladığı qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – indi döşəmədə güclə sürünürdü. O yalnız qapıya çatanda bura niyə tələsdiyini başa düşdü, nəsə dadlı bir qoxu gəlirdi, şirin südlə dolu bir kasa qoyulmuş, içinə də ağ çörək doğranmışdı. Sevincdən az qala qəşş edəcəkdi, çünki yeməyi səhərkindən daha betər istəyirdi. Başını acgözlüklə qabın içinə soxdu, amma tez də dilxorcasına geri çəkdi, sol böyrü zədəli olduğundan yemək arxasında oturmaq çətin iş idi, yalnız ağzını geniş açıb bütün gövdəsini işə salmaqla rahat yeyə bilərdi. Lakin onun bərk xoşladığı, elə bacısının da, yəqin, bu səbəbdən gətirdiyi süd birdən-birə ona çox dadsız gəldi, kasadan ikrahla üz döndərib geriyə, otağın ortasına tərəf süründü.
Qonaq otağında işığın yandırıldığını o, qapının çatından gördü. Adətən, bu vaxtlar atası axşam qəzetlərini anasına, hərdən də bacısına ucadan oxuyardı, ancaq indi heç bir səs-səmir gəlmirdi. Bacısının daim ona nəql etdiyi, yaxud məktublarında yazdığı bu qiraət, deyəsən, son vaxtlar gündəlik məişətdən çıxmışdı. Evdə, heç şübhəsiz, adam vardı, intəhası hər tərəf başdan-başa sakitlik içində idi.
“Ailəmiz gör necə də sakit həyat sürür”, – öz-özünə pıçıldadı. Gözünü qaranlığa dikib doğmaları üçün belə gözəl mənzil, firavan həyat bəxş etdiyinə görə daxilən şadlanıb qürrələndi. Bəs əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa, onda necə? Belə bəd fikirlərə qapılmasın deyə əzələlərini övkələyib yumşaltmaq və otaq boyunca aşağı-yuxarı sürünmək qərarına gəldi.
Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal da örtüldü. Sonra başqa bir qapı cırıldadı – görünür, hər kimdisə içəri girmək istəyir, amma ürək eləmirdi. Qreqor tərəddüd keçirən bu adamı birtəhər saxlamaq, heç olmasa, onun kimliyini müəyyənləşdirmək üçün düz qonaq otağının qapısınacan süründü, lakin qapı açılmadı və Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Səhər qapı bağlı olarkən hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində, yəqin, açılmışdı, ancaq onun yanına gələn yox idi, elə açarlar da bayır tərəfdən qapının üstündə asılıb qalmışdı.
Qonaq otağının işığı gecədən xeyli ötmüş söndürüldü; heç demə, ata-anası və bacısı bu vaxtacan oyaqmış, çünki indi pəncəsi üstə hərənin öz çarpayısına tərəf getməsi aydınca eşidildi. Daha səhərəcən yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq barədə maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxtı vardı. Di gəl, üzüqoylu sərələndiyi hündür otaq canına vəlvələ saldı. Qorxunun səbəbi heç cür beyninə batmırdı – axı bu otaqda o, düz beş il yaşamışdı. Qeyri-iradi geri dönüb pərt halda divanın altına süründü. Kürəyi bir az sıxılsa da və başını dikəldə bilməsə də, burda özünü daha rahat hiss etdi, bircə ona heyifsiləndi ki, gövdəsi çox enli olduğundan divanın altına tam yerləşmir.
Bütün gecəni orada keçirdi: gah aclığın tez-tez ürkütdüyü mürgü, gah da sonsuz qayğı və tutqun ümidlər içərisində vurnuxa-vurnuxa axırda belə nəticəyə gəldi ki, özünü mümkün qədər dinc aparıb düşdüyü vəziyyətin ucbatından ailənin başına gətirdiyi müsibəti səbirlə, qanacaqla yüngülləşdirməlidir.
Obaşdan – demək olar, hələ gecə idi – bacısının tam geyinmiş halda dəhliz qapısını açıb ehmalca onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın qətiliyini sınaqdan çıxarmaq üçün əlinə əsl fürsət düşdü. Qız Qreqoru dərhal görmədi, lakin sonradan onu divanın altında görəndə – ilahi, axı o, haradasa olmalıydı, uçub gedə bilməzdi ki! – elə qorxdu ki, özünü ələ ala bilməyib tələsik qapını çırpıb çıxdı. Sonra tutduğu əməldən peşman kimi təzədən qapını açdı, ağır xəstənin, ya kənar adamın yanına gedirmiş kimi pəncələri üstə içəri daxil oldu. Qreqor başını lap qırağa gətirib divanın altından bacısına göz qoymağa başladı.
Görəsən, ac ola-ola südə toxunmadığını qız duyacaqdımı və ona daha münasib başqa yemək gətirəcəkdimi? Əgər bacısı özü duymasaydı, lap acından ölsə də, Qreqor onun diqqətini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşüb ondan yaxşı bir yemək istəsin.
Qreta içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa süd çiləndiyini görüb heyrətləndi, kasanı götürüb – əlbəttə ki, əliylə yox, hansısa əsgi parçasıyla – apardı. Bunun əvəzində nə gətirəcəyi Qreqor üçün çox maraqlıydı, o hətta bu barədə cürbəcür fərziyyələr uydurmağa başladı. Amma ha fikirləşsə də, təbiətən qayğıkeş bacısının neyləyə biləcəyini anlamağacan gedib çıxmadı. Bacısı onun nə yemək istədiyini bilmək üçün bir yığın ərzağı gətirib köhnə bir qəzet parçasının üstünə düzdü. Burda soluxmuş göyərti, şam yeməyindən qalma bir-iki sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadığı bir tikə pendir, yağ yaxılmış bir dilim çörək, üstünə duz səpilmiş yaxmac vardı, böyrünə də hansısa kasada – yəqin, indən belə Qreqordan ötrü ayrılmış qabda – su qoyulmuşdu.
Qreqorun onun yanında heç nə yeməyəcəyini yəqin edən bacı otaqdan çıxıb getdi, hətta qardaşının xatircəmliyi üçün şərait də yaratdı – açarı arxadan burdu. Qreqor yeməyə tərəf süründü. İndi ayaqları bir-birindən daha iti sürətlə irəli dartınırdı. Deyəsən, yaraları da sağalmışdı, heç bir maneə hiss eləmirdi. Buna bir az təəccüb edərək xatırladı ki, bir aydan artıqdır barmağını bıçaqla yüngülcə çərtib və həmin yara onu srağagünəcən bərk incidirdi. “Doğrudanmı, həssaslığı itirmişəm?” – deyə ani olaraq beynindən keçirib sonra acgözlüklə pendirə girişdi. Yeməklərdən ən çox elə pendir xoşuna gəldi. Aldığı ləzzətdən gözləri yaşarmış halda əlinə keçəni – göyərtini, pendiri, sousu – tələm-tələsik içəri ötürdü, təzə xörəyin tamından isə, əksinə, heç xoşlanmadı, hətta qoxusu da ona dözülməz gəldi və yemək istədiyi tikələri bir-bir çıxarıb kənara qoydu.
O artıq çoxdan yeyib doymuşdu və yediyi yerdəcə tənbəlcəsinə sərələnib qalmışdı. Bu zaman yerinə qayıtmasının vaxtı çatdığına işarə olaraq bacısı o üzdən açarı ağır-ağır hərlətdi. Artıq mürgüləməyə başlasa da, bu səsdən ürküb tez divanın altına süründü. Lakin qızın otaqda olduğu qısa vaxt ərzində də divanın altında qalmaq asan məsələ deyildi – çox yediyindən gövdəsi xeyli girdələşmişdi və bu darısqal yerdə nəfəs almaq ona əzab verirdi. O, təngnəfəs halda gözlərini bərəldib eləcə bacısına baxırdı, qız isə heç nədən şəklənib-çəkinmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta əl dəyilməyən, toxunulmayan yeməkləri də daha heç nəyə yaramayacaq kimi süpürüb bir yerə yığdı, hamısını vedrəyə əndərib ağzını taxta parçasıyla örtdü və vedrəni götürüb getdi. Qreqorun gözündən heç nə yayınmadı, bacısı dönüb getməyə macal tapmamış dərhal divanın altından çıxıb döşəməyə sərələndi və şişman qarnına tam sərbəstlik verdi.
Beləliklə, Qreqor gündə iki dəfə yeməklə təmin edilirdi, valideynlərinin və qulluqçunun hələ yuxuda olduğu sübh obaşdan, bir dəfə də – ümumi nahardan sonra. Bu vaxt valideynləri yenə də yatmış olurdular, qulluqçunu isə bacısı hansısa buyruqla evdən çıxarırdı və bundan sonra Qreqora yemək gətirirdi. Əlbəttə, Qreqorun acından ölməsini bu evdə heç kəs istəmirdi, amma ona yemək verilməsi işinin təfərrüatını bilmək, yəqin ki, valideynləri üçün dözülməz olardı, görünür, elə bacısı da onları, heç olmasa, bu xırda dərd-qüssədən qorumağa çalışırdı – biçarələr onsuz da bəs deyincə əzab içindəydilər.
Bu müsibətin baş verdiyi birinci səhər həkimlə çilingərin evdən hansı bəhanə ilə yola salındığından Qreqor xəbərsiz qaldı: özləri onu anlamadıqlarından Qreqorun da başqalarını anlaya biləcəyi fikri heç birinin, o cümlədən bacısının da ağlına gəlmirdi. Bu səbəbdəndir ki, bacısı otaqda olarkən Qreqor “ah-uf”dan və müqəddəslərə yalvarışdan özgə bir şey eşidə bilmirdi. Sonralar, bacısı vəziyyətə nisbətən alışdığı vaxt – tam alışmaqdan heç söhbət gedə bilməzdi – Qreqorun qulağına hərdən nəvazişli sözlər də çatırdı; yemək axıracan yeyiləndə bacısı: “Bu gün yeməyi bəyənib”, – deyirdi, əksinə olanda, yəni yemək yeyilməyəndə isə – bu hal get-gedə daha çox təkrarlanırdı – kədərli-kədərli söylənirdi: “Yenə hamısı tökülüb qalıb”.
Baş verənlərdən birbaşa xəbər tutmasa da, qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asır, səs eşidən kimi dərhal həmin səmtə cumub bütün gövdəsiylə qapıya qısılırdı. Xüsusən ilk günlər elə söhbət olmurdu ki, hərlənib-fırlanıb axırda onun məsələsinə gəlib çıxmasın. Hər dəfə yemək vaxtı onlar hazırkı vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; elə yeməkarası vaxtda da söhbət bundan gedirdi. Evdə həmişə ailə üzvlərindən ən azı ikisi qalırdı, görünür, tək qalmağa heç kəs ürək eləmirdi, evi yiyəsiz qoyub getmək də olmazdı. Yeri gəlmişkən, hadisə barədə nə bildiyi tam bəlli olmayan qulluqçu elə birinci gün ananın qarşısında diz çöküb yalvarmışdı ki, onu dərhal azad etsin, cəmisi on beşcə dəqiqə sonra ailə üzvləri ilə vidalaşanda isə qadın işdən çıxarılmasını özünə qarşı yüksək iltifat nişanəsi kimi qiymətləndirərək göz yaşları içində anaya öz dərin təşəkkürlərini bildirmiş və dönə-dönə and-aman eləmişdi ki, bu barədə heç kəsə bir kəlmə də danışmayacaq, halbuki bunu xüsusi olaraq ondan tələb edən yox idi.
İndi evin biş-düşü bacısı ilə anasının üzərinə düşürdü, amma bu çox da böyük zəhmət tələb etmirdi, çünki evdə, demək olar ki, yeyən yox idi, bir-birini əbəs yerə dilə tutan valideynlərinin səsini Qreqor tez-tez eşidirdi, cavab isə “sağ ol, mən toxam”, yaxud buna bənzər bir şey olurdu. Deyəsən, içkini də tərgitmişdilər; bacısı pivə istəyib-istəmədiyini atasıdan tez-tez soruşurdu, deyirdi, lazımdırsa, gedib alar, kişinin susduğunu görəndə isə onun xatircəmliyi üçün əlavə edirdi ki, pivə dalınca dalandar qadını da göndərə bilər. Ancaq onda atası qəti olaraq “yox!” cavabı verirdi və bununla da söhbət bitirdi, daha bu barədə danışmırdılar.
Kişi elə bu hadisənin birinci günü arvadı və qızına ailənin maddi vəziyyətini və gələcək planları izah etdi. O, tez-tez masa arxasından durub beş il qabaq iflasa uğramış firmasından qalan balaca ev mücrüsünü gətirib açır, gah hansısa qəbzi, gah da qeyd dəftərçəsini çıxarırdı. Onun mürəkkəb mexanizmli kilidi necə açdığını, axtardığı şeyi tapdıqdan sonra açarı necə hərlətdiyini Qreqor çox aydın eşidirdi. Atasının izahatları Qreqorun dustaq vəziyyətinə düşdüyü vaxtdan bəri eşitdiyi qismən, ilk təsəlliverici yeniliklər idi. İndiyəcən elə bilirdi ki, həmin firmadan atasına heç nə qalmayıb, hər halda, atası bunun əksini təsdiqləmirdi, Qreqor da bu barədə soruşmurdu. O vaxt yeganə arzusu bundan ibarət idi ki, hamısını ümidsizliyə düçar etmiş bu iflası mümkün qədər tez unutdurmaq üçün əlindən gələni əsirgəməsin. Buna görə işə xüsusi ehtirasla girişmişdi, qısa müddətdə ticarət agenti olmuşdu. Əlbəttə ki, kommivoyajerin qazancı başqa idi, iş əmsalı komisyon şəklində nağd pula çevrilir, o da həmin pulu evə gətirib təəccübdən gözləri böyüyən bəxtəvər ailənin qarşısına qoyurdu.
Onda yaxşı vaxtlar idi, amma sonradan bir daha öz əvvəlki dəbdəbəsində təkrar olunmadı, halbuki Qreqor sonralar da ailəni dolandıracaq dərəcədə qazanıb onları təmin edə bilirdi. Artıq buna hamısı adət eləmişdi, ailə də, Qreqor özü də, qazancı ondan minnətdarlıqla qəbul edirdilər, o da bu pulu həvəslə verirdi, di gəl, xüsusi sevinc-filan yaranmırdı. Ona daha çox ürək qızdıran təkcə bacısı idi – Qreqordan fərqli olaraq qız əsl musiqi dəlisi idi, yaxşı skripka çalırdı və Qreqorun ürəyində gələn ildən onu konservatoriyaya düzəltmək kimi gizli bir istək peyda olmuşdu. Bunun xeyli məsrəf aparacağını və həmin xərcin yerini nəsə başqa bir şeylə doldurmaq lazım gələcəyini bilsə də, arzusunu gerçəkləşdirmək niyyətindəydi. Şəhərdə ləngidiyi qısa müddətdə bacı-qardaş arasında konservatoriya söhbəti çox tez-tez xatırlanırdı, bütün bunlar xam xəyal olmaqdan o yana keçməsə də, hətta bu məsum anmanın özü də valideynlərdə nəsə bir narazılıq doğururdu. Bununla belə, konservatoriya barədə Qreqor çox düşünüb-daşınmışdı və qəti qərara almışdı ki, Milad axşamı öz niyyətini təntənəli surətdə elan etsin.
Dikələrək qapıya söykənib söhbətlərə qulaq asdığı zaman beynində indi tamamilə faydasız olan bu cür fikirlər dolaşırdı. Bir də gördün yorulub dinləməkdən əl çəkirdi, başı qəfil sallanıb qapıya toxunurdu, amma tez də dikəlirdi, çünki onun yüngül bir şıqqıltısı da qapının o tayında dərhal eşidilir və hamını susmağa məcbur edirdi. Gözünü qapıya dikib diqqətlə marıtlayan atası qısa sükutdan sonra: “Yenə orda nə oyun çıxarır?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.
Beləliklə, Qreqor tədricən (çünki anası hər şeyi ilk dəfədən başa düşmədiyi üçün atası öz izahatlarını təkrarlamalı olurdu) tam təfərrüatı ilə öyrəndi ki, bütün bu müsibətlərə baxmayaraq, hər necə olsa, köhnə əyyamlardan ailə büdcəsində kiçik bir sərmayə saxlanılıbmış və faizinə toxunulmadığından bu illər ərzində hətta bir az artıb da. Bundan başqa, məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o özünə vur-tut bir neçə qulden4 pul saxlayırdı – tam xərclənməyibmiş və onun qalığından da balaca bir sərmayə düzəlib. Qapı arxasında dayanıb belə gözlənilməz ehtiyat və qənaətə görə başını sevincək halda yellətdi, halbuki o, qənaət olunmuş bu pula atasının borclarının bir hissəsini ödəyib qulluqdan imtina edəcəyi günü əməlli-başlı yaxınlaşdıra bilərdi, amma indi belə görünürdü ki, atasının həmin vəsaiti məhz bu cür sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.
Ailənin faiz hesabına yaşaması üçün bu pullar, hər halda, çox az idi, bir ilə, uzağı iki ilə çatardı və deməli, bu pul məsrəf üçün deyil, yalnız dar gündən ötrü saxlanılmışdı, gündəlik xərclər üçünsə mütləq qazanmaq gərəkdir. Atası sağlam olsa da, qoca idi, beş ildir işləmirdi və özünə bir elə gümanı gəlmirdi, keşməkeşli, uğursuz həyatında ilk fasilə olan bu beş ildə xeyli ağırlaşmışdı. Bəlkə, astmaya tutulub təngnəfəslikdən olmazın əziyyət çəkən və bütün günü pəncərə önündəki taxtda tir kimi uzanıb qalan qoca anası pul qazanmalıydı? Yoxsa bacısı? Ancaq bacısı da axı cəmi-cümlətanı on yeddi yaşlı bir uşaqdır, indiyəcən alışdığı tərzdə yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, əylənməyə, ilk növbədə də skripka çalmağa onun daha çox haqqı vardı. Qazanc zərurətindən söhbət gedərkən Qreqor həmişə qapını buraxıb özünü yaxınlıqdakı dəri üzlü soyuq divana atırdı, çünki dərddən və xəcalətdən hərarəti artırdı.
Uzun gecələrin çoxunu o, bir an belə yuxuya getmədən elə ordaca uzanıb qalır, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud çəkdiyi zəhmətə heyifsilənmədən ağır kreslonu pəncərənin yanına sürüyürdü, oyuq yerinə dırmaşıb kresloya dayaqlanır və məhəccərə qısılaraq oradan çölə boylanırdı ki, bu da ona azadlıq duyğusu barədə yalnız acılı-şirinli xatirələr aşılayırdı.
Əslində, müəyyən uzaqlıqdakı şeyləri getdikcə daha pis görürdü; əvvəllər zəhləsi gedən üzbəüzdəki xəstəxana binası yenə gözləri önündə olsa da, Qreqor, ümumiyyətlə, daha onu seçə bilmirdi və əgər şəhərin bu sakit Şarlottenştrasse küçəsində yaşadığını dürüst bilməsəydi, öz evinin pəncərəsindən səhraya, bozumtul rəngli yerlə göyün bir-birinə qarışıb seçilməz olduğu səhraya baxdığını düşünərdi. Diqqətli bacısına otağın ortasında dayanmış kreslonun pəncərə önünə çəkildiyini cəmisi ikicə dəfə görmək kifayət elədi ki, bundan sonra içəridə yır-yığış edərkən onu hər dəfə məhəccərə yaxın yerə gətirsin. O gündən bacısı hətta pəncərənin içəri qatını da taybatay açıq qoyurdu.
Əgər Qreqor bacısıyla danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə bilsəydi, qızın əziyyətini qəbul etmək də asanlaşardı, amma bunu edə bilmədiyinə görə əzab çəkirdi. Düzdür, qız yaranmış vəziyyətin doğurduğu əzab-əziyyəti yüngülləşdirmək üçün əlindən gələni edir, gördüyü işlər də getdikcə daha yaxşı alınırdı, ancaq vaxt ötdükcə Qreqor da hər şeyi daha aydın başa düşürdü. Bacısının təkcə elə gəlişi Qreqor üçün dəhşət idi. Qız otağa qəti olaraq heç kəsi buraxmasa da, içəri girəndə arxasınca qapını bağlamağa vaxt sərf etmir, boğulacaqmış kimi pəncərəni taybatay açıb ən soyuq havada belə dərindən nəfəs ala-ala onun qabağında dururdu. Bu cür haray-həşirlə, tələskən hərəkətlərlə o, gündə iki dəfə Qreqorun ürəyini yerindən qoparırdı, halbuki divanın altında hiddətindən titrəyən Qreqor yaxşı dərk edirdi ki, bacısı pəncərənin bağlı olduğu vaxt onunla bir otaqda qalsaydı, canını bütün bu qorxulardan xilas etmiş olardı.
О проекте
О подписке
Другие проекты
