Qreqorda çevrilmə baş verən gündən artıq bir ayacan vaxt keçirdi və bu hesabla qız gərək onun görkəminə heyrətlənməyəydi. Bir dəfə bacısı otağa həmişəkindən tez gəldi və Qreqoru pəncərədən harasa baxan vəziyyətdə gördü. Hərəkətsiz durmuş Qreqorun çox əcaib görkəmi vardı. Əgər qız, ümumiyyətlə, otağa girməyib elə qapıdanca qayıtsaydı, Qreqora bu heç də təəccüblü görünməzdi, belə ki, pəncərənin önündə durmuş vəziyyətdə Qreqor bacısına pəncərələri açmağa mane olardı. Amma qız nəinki içəri girmədi, hətta tez geri sıçrayıb qapını da arxadan qıfılladı. Kənardan baxan elə zənn edərdi ki, guya Qreqor qızı güdürmüş və tutub dişləmək istəyirmiş. O, əlbəttə ki, dərhal sürünüb divanın altında gizləndi. Ancaq bacısı bir də günortaüstü, özü də ona xas olmayan nəsə narahat bir sifətdə qayıtdı. Qreqor bundan belə başa düşdü ki, bacısı hələ də onun görkəminə alışmayıb və deyəsən, heç vaxt da alışmayacaq. O hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə də qaçmamaq üçün min bir əziyyətə qatlaşırdı.
Qızı bu zillətdən xilas etmək üçün Qreqor bir dəfə belində mələfə gətirdi. Bu işə düz dörd saat vaxt sərf etdi. Mələfəni divanın üstünə elə sərdi ki, bütünlükdə üstünü örtə bilsin, hətta qız lap əyilsə belə onu görə bilməsin. Qreqorun qənaətinə görə, əgər bacısı mələfəyə lüzum görməsəydi, onu asanlıqla yığışdırıb ata bilərdi, çünki Qreqorun ona kefindən bürünmədiyi kifayət qədər aydın idi. Ancaq bacısı nəinki mələfəyə toxunmadı, hətta Qreqor bu yeniliyin necə qarşılandığını bilmək üçün mələfənin qırağını bir balaca qaldırıb baxanda bacısının minnətdarlıq dolu baxışlarıyla da qarşılaşdı.
İlk iki həftə ərzində valideynləri özlərini ona baş çəkməyə heç cür məcbur edə bilmədilər və Qreqor indi onların qabaqlar yelbeyin saydıqları, ara-sıra üstünə çəmkirdikləri qızın hazırda gördüyü işi necə təriflədiklərini tez-tez eşidirdi. İçəridə yır-yığış edildiyi müddətdə atası da, anası da çox vaxt qapı ağzında intizarla durub gözləyir, qız çıxan kimi otağın hansı vəziyyətdə olması, Qreqorun yeyib-yeməməsi, özünü nə təhər aparması, yaxşılığa doğru dəyişib-dəyişməməsi barədə müfəssəl nəql etməyə qızı az qala məcbur edirdilər.
Qreqoru görmək arzusu anasında nisbətən daha tez oyandı, amma ilk vaxtlar atası ilə bacısı Qreqorun diqqətlə dinlədiyi və bütünlüklə bəyəndiyi ağlabatan dəlillər hesabına bu istəyi əngəlləyə bilsələr də, sonradan anasını artıq güclə saxlamaq lazım gəlirdi. “Məni bədbəxt balamın yanına buraxın! Bəyəm anlamırsınız ki, mən onu mütləq görməliyəm?!” – deyə çığıranda Qreqor düşündü ki, günaşırı da olmasa, həftədə bir dəfə anası onun yanına gəlsəydi, bu, həqiqətən, pis olmazdı. Axı ana hər şeyi bacıdan daha yaxşı başa düşərdi, bacı isə bütün mətanətinə rəğmən, hər necə olsa, uşaqdır və bəlkə, elə bu ağır yükü də məhz bir uşaq şıltaqlığı ilə öz üzərinə götürmüşdü.
Anasını görmək arzusu tezliklə yerinə yetdi. O, valideynlərinin qeydinə qalıb daha gündüzlər pəncərə önündə görünmədi. Bir neçə kvadratmetrlik döşəməni sürünmək isə elə də asan başa gəlmirdi. Hərəkətsiz uzanıb qalmaq hətta gecələr də işgəncəyə çevrilmişdi, tezliklə yeməklər də ləzzətini itirib büsbütün dadsızlaşdı və o, əylənmək üçün divarlarda, tavanda sürünməyi özünə adət elədi. Xüsusən də tavandan asılıb sallanmağı xoşlayırdı, bu, döşəmədə uzanmaq deyildi; burada daha rahat nəfəs alır, hərdən yüngülcə yellənirdi də. Yuxarıda olduğu həmin xoş və dalğın vaxtlarda ara-sıra tavandan üzülüb guppultuyla döşəməyə düşdüyünə özü də təəccüb edirdi. Amma indi o, bədənini əvvəlki qaydada deyil, tamamilə başqa cür idarə edir və hansı yüksəklikdən düşürsə-düşsün, bədəninə xətər dəymirdi.
Qreqorun özü üçün yeni əyləncə tapdığını bacısı onun süründüyü yerlərdə qalan yapışqanlı izlərdən dərhal sezdi və tez də qərara gəldi ki, bundan ötrü ona daha çox yer ayırsın, Qreqorun sürünməsinə mane olan mebeli, ilk növbədə, sandığı və yazı masasını otaqdan çıxartsın. Amma bu, tək adamın bacaracağı bir iş deyildi. Atanı köməyə çağırmağa ürək eləmədi, qulluqçudan nəsə ummaq da faydasız idi. Köhnə qulluqçudan sonra onun yerinə gələn on altı yaşlı qızcığaz işdən boyun qaçırtmasa da, mətbəxin qapısını bağlı saxlamağa, onu yalnız xüsusi çağırışla açmağa icazə istəmişdi. Ona görə ata evdə olmadığı vaxt ananı bura gətirməkdən başqa çarə yox idi. Ana Qreqorun yanına ürəyi həyəcan və sevincdən atlana-atlana yollandı, amma qapıya çatanda sustalıb qaldı. Qreta, əlbəttə ki, əvvəl otağın qaydada olub-olmadığını yoxlayıb anasını yalnız bundan sonra içəri buraxdı. Qreqor mələfəni olmazın bir tələskənliklə xışmalayıb əzişdirdi və onu bir az da başına çəkdi. Kənardan elə görünürdü ki, guya mələfə divanın üstünə sırf təsadüfən atılıb. Bu dəfə mələfənin altından başını çıxarıb oğrunca baxmadı, anasını görmək imkanından budəfəlik imtina etsə də, onun, nəhayət ki, gəlib çıxmasına ürəkdən sevindi.
– Gəl, o görsənmir, – deyə Qreta anasının əlindən yapışıb onu içəri apardı.
Qreqor bu zəif və çəlimsiz qadınların köhnə, ağır sandığı yerindən tərpətməyə necə cidd-cəhdlə çalışdıqlarını eşidirdi. Qız onun gücə düşəcəyindən ehtiyatlanan anasının məsləhətlərini bir ucdan qulaqardına vurub işin ən ağırından yapışırdı. İş isə çox uzun çəkdi. Təxminən on beş dəqiqə əlləşdikdən sonra ana bildirdi ki, yaxşısı budur, qoy sandıq elə öz əvvəlki yerində dursun, çünki bir yandan o çox ağırdır və ata gəlib çıxmayınca ikilikdə bu işin öhdəsindən gələ bilməzlər. Həm də sandıq otağın ortasında qalsa, Qreqorun yolu kəsilmiş olacaq. Digər tərəfdən hələ bilmək olmazdı ki, mebelin çıxarılması Qreqora xoş gələcəkdi, ya yox. Ananın fikrincə, xoş gəlməyəcəkdi, çünki əgər bu quru divarlar özünün ürəyini sıxırsa, necə ola bilərdi ki, Qreqoru dilxor etməsin? Axı hər necə olsa, Qreqor bu mebelə alışıb… Mebelsiz boş otaqda isə özünü büsbütün atılmış və unudulmuş sana bilərdi.
Ana xeyli astadan, az qala pıçıltıyla danışırdı, sanki heç vəchlə istəmirdi ki, yerini bilmədiyi Qreqor onun səsini eşitsin. Oğlunun söz anlamadığına isə ananın heç bir şübhəsi yox idi. Axırda fikrini bu cür tamamladı:
– Bəyəm biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına olan ümidimizi itirdiyimizi, onu qəddarcasına öz ixtiyarına buraxdığımızı, ondan əlimizi üzdüyümüzü göstərmirikmi? Mən biləni, çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor öz əvvəlki halına qayıdarkən içəridə heç bir dəyişiklik görməsin, olub-keçəni də tez unutsun.
Bu sözləri eşidən Qreqor düşündü ki, görünür, yeknəsəq həyat tərzi keçirdiyi ailə daxilində adamlarla bilavasitə ünsiyyəti olmadığından bu iki ayda ağlı xeyli dumanlanıb, çünki içində qəfil peyda olan boş otağa qapılıb qalma ehtiyacının nə səbəbdən əmələ gəlməsinə başqa izah tapa bilmirdi. Yəni o, doğrudanmı, dədə-babadan qalma mebellərlə bəzədilmiş öz isti və rahat otağını mağaraya döndərmək istəyirdi? Boş otaqda heç bir əngəl olmadan dörd bir yana sürünmək imkanı qazansa da, axı bunun müqabilində o öz insani keçmişini büsbütün unutmalı olacaqdı…
Əslində, elə indi də bu vəziyyətə yaxın idi, yalnız anasının çoxdan eşitmədiyi səsi sanki onu azacıq tərpədib oyatmışdı. Yox, otaqdan heç nəyi çıxartmaq lazım deyil, hər şey öz yerində qalmalıdır; onun hazırkı vəziyyəti üçün zəruri olan mebelin xoş təsirinə də ehtiyac vardı, lap əgər oyan-buyana mənasızcasına sürünməsinə mane olurdusa da, yenə bu mebel onun zərərinə yox, xeyrinə idi.
Lakin çox heyif ki, Qreqora aid məsələlər müzakirə edilərkən bir mütəxəssis kimi valideynlərinin ziddinə getməyə alışmış bacısı – bu da əsassız deyildi – ayrı fikirdə idi və indi də anasının məsləhətini əldə bəhanə edib onsuz keçinilməsi mümkün olmayan divandan başqa yerdə qalan bütün mebelin çıxarılmasında israr etdi. Əlbəttə, bu tələb bacısının təkcə uşaq inadından, yaxud onun son vaxtlar belə qəfildən və çətinliklər bahasına əldə etdiyi özünəinamdan doğmamışdı. Yox, qız, həqiqətən, görürdü ki, hərəkət üçün Qreqora daha çox yer lazımdır, mebeldən isə Qreqor onsuz da istifadə etmirdi. Lakin bəlkə də, bacısında yaşıdı olan qızlara xas bir xəyal çılğınlığı yaranmışdı, elə bir xəyal ki meydana çıxmağa, özünü göstərməyə həmişə bir fürsət gəzir və indi də Qreqora bu vaxtacan olduğundan daha artıq xidmət göstərmək üçün gerçək durumu daha qorxunc, daha vahiməli etməyə qızı, sadəcə, sövq edirdi. Çətin ki təkcə Qreqordan və quru divarlardan ibarət olacaq mənzilin kandarından içəri adlamağa Qretadan başqa bir kimsə cəsarət edəydi.
Elə bu səbəbdən bacısı anasının sözünü qəribçiliyə saldı, bu otağa girəndən nəsə tərəddüd və həyəcan keçirən ana da tezliklə ağzını yummalı oldu və sandığı çölə dartan qızına imkanı daxilində kömək etməyə girişdi. Bəd ayaqda Qreqor sandıqsız, bəlkə də, keçinə bilərdi, amma yazı masası hökmən qalmalıydı. Odur ki anası ilə bacısı ləhləyə-ləhləyə sürüdükləri sandıqla birgə otağı tərk edən kimi o çox ehmallıca və bu işə mümkün qədər nəzakətlə müdaxilə etmək niyyəti ilə başını divanın altından çıxartdı. Di gəl ki, tərslikdən otağa birinci anası qayıtdı. Qonşu otaqda tək qalan Qreta hər iki əliylə sandıqdan bərk-bərk yapışıb ha əlləşsə də, onu yerindən tərpədə bilmirdi. Anası isə Qreqorun görkəminə alışmamışdı, onu görəndə hətta diksinib xəstələnə bilərdi. Bunu dərk edən Qreqor təlaş içində divanın o biri başında gizləndi və bu vaxt ön tərəfdən sallanan mələfə yüngülcə tərpəndi. Amma anasının diqqətini cəlb etmək üçün elə bu da tam yetərliydi. Qadın ayaq saxladı, bir az gözləyib sonra Qretanın yanına qayıtdı.
Qreqor özünü zorla inandırmağa çalışırdı ki, bəs məxsusi bir hadisə-filan baş vermir, sadəcə, otaqda hansısa mebelin yerini dəyişirlər, di gəl, pıçapıçla danışan qadınların var-gəli, döşəmə uzunu sürünən əşyaların cırıltısı – bütün bunlar hər şeyə hakim kəsilən, hər şeyi caynağına keçirən sonsuz mərəkə kimi görünürdü və o da başını sinəsinə, ayaqlarını gövdəsinə qısıb, gövdəsini də döşəməyə bərk-bərk sıxmış halda öz aləmində etiraf etməyə məcbur oldu ki, bu həngaməyə çox dözə bilməz. Onlar onun otağını boşaldır, Qreqora doğma olan bütün şeyləri əlindən alırdılar; alətlərini yığdığı, o cümlədən içində naxışkəsən mişarını saxladığı sandığı çoxdan aparmışdılar, indi də artıq parketdə iz salmış yazı masasını eşiyə dartırdılar. Bu masanın arxasında o həm ticarət məktəbində, həm realni məktəbdə, hətta hələ vaxtilə xalq məktəbində oxuyarkən dərslərini hazırlamışdı; – yox, qadınların nəcib niyyətləri üzərində baş sındırmaq vaxtı deyildi və Qreqor az qala onların mövcudluqlarını da unutmuşdu, çünki bərk yorulduqlarından qadınlar indi artıq tamamilə səssiz-səmirsiz işləyirdilər, heç cınqırları da çıxmırdı, yalnız ağırlaşmış ayaqlarının səsi eşidilirdi.
Odur ki Qreqor sıçrayıb divanın altından çıxdı. Bu vaxt qadınlar qonşu otaqda idilər; yazı masasına söykənib nəfəslərini dərirdilər. İçəridəki əşyalardan ilk növbədə hansını qorumaq lazım olduğunu heç özü də dürüst bilmədiyindən gah o, gah da bu tərəfə sürünə-sürünə istiqamətini düz dörd dəfə dəyişdi, çılpaq divarda indi diqqəti daha tez cəlb edən xəz şlyapalı, xəz yaxalıqlı qadın portretini görüb tez-tələsik ora dırmaşdı, üzərinə sarıldığı şüşədən qarnına xoş sərinlik dəydi. Ən azından güman edirdi ki, gövdəsiylə üstünü örtdüyü və tamamilə görünməz etdiyi portreti heç kəs onun əlindən almaz. Başını qonaq otağının qapısına tərəf çevirdi ki, geri qayıdarkən qadınları görə bilsin. Anası ilə bacısının dincəlməsi çox çəkmədi, tez qayıtdılar. Qreta bir əliylə anasını qucaqlayıb onu az qala qolu üstündə gətirirdi.
– İndi nəyi aparaq? – deyə qız künc-bucağa göz gəzdirdi və elə bu vaxt nəzərləri divardan asılan Qreqorun baxışlarıyla toqquşdu. Görünür, anasının yaxında olması səbəbindən soyuqqanlı davranan Qreta onun geri qanrılmasına mane olmaq üçün tez irəli əyildi və uçuna-uçuna elə ağlına gələn ilk cümləni dedi:
– Bəlkə, bir dəqiqəliyə qonaq otağına qayıdaq?
Qretanın niyyəti Qreqora aydın idi – qız anasını təhlükəsiz bir yerə aparmaq, sonra da Qreqoru divardan qovub düşürtmək istəyirdi. Neynək, qoy sınaqdan keçirtsin! Qreqor onsuz da çıxıb şəklin üstündə oturmuşdu və onu əldən verən deyildi. Portreti verməkdənsə, cumub Qretanın sifətindən yapışardı.
Ancaq ananı təşvişə salan da elə Qretanın sözləri oldu. O, bir az qırağa çəkildi, ala-bəzək divar kağızının üzərində yepyekə qonur ləkəni görəndə isə hələ bunun Qreqor olduğu ağlına batmamış qulaqbatırıcı bir civiltiylə: “Aman, yarəbbim!” – deyə çığırdı, taqətsiz qolları yana açılmış halda divanın üstünə yıxılıb elə düşdüyü yerdəcə donub-qaldı.
– Ey, Qreqor! – deyə bacısı yumruğunu havaya qaldırdı və gözlərini bərəldərək qışqırdı. Bu, çevrilmədən bəri ona xitabən deyilən ilk söz idi.
Anasını özünə gətirmək üçün Qreta dərman dalınca yan otağa yüyürəndə Qreqor da ona yardım etmək istədi, – portreti xilas etməyə hələ vaxt vardı, – intəhası şüşəyə yaman bərk yapışmışdı və ondan güclə qopa bildi, qopan kimi də dərhal yan otağa tələsdi, sanki qabaqlar olduğu kimi indi də bacısına nəsə bir məsləhət verə bilərdi. Ancaq qızın arxasında boş-bikar durmaqdan özgə bir işə yaramadı. Bacısı isə müxtəlif cür dərman şüşələri götürüb geri qanrılanda bərk qorxdu, şüşənin biri əlindən yerə düşüb sındı və şüşə qırığı Qreqorun sifətini əməlli-başlı yaraladı, üstünə də yandırıcı dərman damcıları çiləndi.
Qreta ovucları tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına şığıdı, çıxanda da ayağıyla qapını daldan çırpıb örtdü.
İndi Qreqor üçün anasına tərəf gedən yol kəsilmişdi, halbuki dirigözlü ölümün caynağına anası elə onun ucbatından keçmişdi. Əgər o, bacısını otaqdan qovmaq istəmirdisə, onda gərək qapını açmayaydı, qız da gərək huşunu itirmiş anasının yanında olaydı. Gözləməkdən savayı daha indi onun ayrı heç bir çarəsi qalmamışdı və o da təlaş içərisində, peşmancasına, dilxorcasına sürünə-sürünə hər yeri – mebelləri, divarları, tavanı bircə-bircə dolaşıb axırda bütün ev başına fırlananda tam ümidsiz halda iri masanın tən ortasına düşdü.
Bir neçə saniyə ötüb-keçdi. Qreqor taqətsiz halda masanın üstündə sərilib qalmışdı, ətrafda tam sakitlik idi, bu, yəqin ki, yaxşı əlamət idi. Birdən qapının zəngi çalındı. Qulluqçu mətbəxə bağlanıb qaldığından qapını Qreta açmalı oldu. Gələn atası idi.
– Nə olub? – kişinin ilk sözü bu oldu, görünür, Qretanın görkəmi ona hər şeyi sözsüz anlatmışdı.
– Anamın ürəyi getmişdi, indi babatdır, – deyə cavab verən Qretanın səsi boğuq çıxdı, çox güman ki, üzünü atasının sinəsinə sıxıb danışırdı. – Qreqor yuvasından çıxıb.
– Mən bunu gözləyirdim, axı həmişə deyirdim, amma siz qadınlar heç kəsə qulaq asmırsınız.
Qretanın beş-üç kəlməlik məlumatını atasının yanlış anladığını Qreqor dərhal kəsdirdi – qızın sözlərindən belə çıxmışdı ki, guya Qreqor zor işlədib. Buna görə o, indi atasını hər necəsə birtəhər yumşaltmağa cəhd etməliydi, çünki işin, həqiqətən, nə yerdə olduğunu ona izah etmək üçün Qreqorun nə vaxtı vardı, nə də imkanı. Odur ki tez cumub öz otağının qapısına qısıldı ki, atası onun qeyd-şərtsiz öz yerinə qayıtmağa hazır dayandığını elə içəri girən kimi görsün, həm də baxsın ki, heç onu geri qaytarmağa da lüzum yoxdur, sadəcə, qapını aralamaq yetər ki, Qreqor göz qırpımında içəri keçib yoxa çıxsın.
Lakin atası belə incəlikləri görmək ovqatında deyildi. O, içəri girən kimi “bah” elədi, söz ağzından elə bir ahənglə çıxdı ki, sanki eyni vaxtda həm acıqlı, həm şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. Kişini o heç zaman indi gördüyü kimi təsəvvür etməmişdi. Doğrudur, son vaxtlar otağın hər yerində, hər bucağında sürünməyə başlamış Qreqor evdə baş verənlərə qabaqkı diqqəti yetirmirdi, ona görə də hər hansı dəyişikliyə təəccüblənmək üçün əsası yox idi. Ancaq bütün bunlara baxmayaraq – lap hər necə də olsa! – yəni o, doğrudanmı, qarşısında öz atasını görürdü? Yəni doğrudanmı, bu adam, bir qayda olaraq, Qreqor işgüzar səfərlərə çıxarkən həmişə yorğun-üzgün halda öz yatağına uzanıb bərk-bərk yorğana bürünən, kreslodan qalxmağa iqtidarı çatmadığından səfərdən qayıdan oğlunu gecə xalatında qarşılayıb sevincini əlinin yüngül tərpənişiylə bildirən, birgə gəzintiyə çıxdıqları tək-tük hallarda – bazar günləri, yaxud bayramlarda – əlində əsa, yaxası kip düymələnmiş köhnə paltoda Qreqorla anasının arasında yavaş addımlarla yeriyən, – kişiyə görə elə onlar özləri də asta yeriyirdilər, – bir söz demək istəyəndə öz müşayiətçilərini başına cəmləmək üçün hökmən ayaq saxlayan həmin adamdır?! İndi o çox əzəmətliydi: əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir, dik yaxalığın kənarlarından sallanan yağlı-piyli buxaq, qalın qaşların altından iti nəzərlərlə baxan zil qara gözlər, səliqə ilə yana daranan yağlanmış ağ saçlar. Hə, atası üstündə hansısa bankın qızılı monoqramı olan furajkasını bütün otaq boyunca fırladıb divanın üstünə vızıldatdı, əllərini şalvarın cibinə şəstlə soxduğundan uzun mundirin ətəkləri dala dartıldı, hiddətindən qaralıb tanınmaz hala düşmüş bir sifətlə Qreqorun üstünə yeridi. Görünür, neyləyəcəyini heç özü də bilmirdi, amma ayağını çox hündürə qaldırmışdı və kişinin çəkməaltısının belə iriliyi Qreqoru əməlli-başlı heyrətə salmışdı.
О проекте
О подписке
Другие проекты
