Читать книгу «Qızlar oxumasın» онлайн полностью📖 — Eldar İlqaroğlu — MyBook.
image

ARZUOLUNMAZ NIŞAN

Sevdiyi bu qız ona heç əhəmiyyət vermirdi. Onun biganəliyi Elmuradı daha da coşdurur, daha çox sevməyə başlayırdı. Rədd cavabı almasına baxmayaraq hər gün məhlələrinə gəlir, heç bir oğlanın ona baxmasına izn vermirdi. Günel isə öz növbəsində onun bu cür hərəkətlərindən bezir və daha çox qıcıqlanırdı. Qohumlardan, qonşulardan, hər tərəfdən Günelə xəbər göndərən Elmurad artıq müxtəlif təzyiqlərə başlamışdı…Ən pisi də bu idi ki, ata-anası qızılarını bu varlı ailədən olan Elmurada verməyə “beş əlli” hazır idilər. Günelin özündən böyük bacılarını da artıq evləndirib yerbəyer etmişdilər. Güneli qısa bir zamanda ərə vermək ata-anasının tamamlanmamış əsas həyat missiyaları idi. Həyat məqsədləri yalnız oğul evləndirib qız köçürtmək olan nə çox valideynlər var imiş, İlahi.

Söhbət nədən düşsə idi, axırı gəlib Elmurada çıxırdı. Günelin zəhləsi gedən bu mövzu bitmək bilmirdi. Elmurad elçi gəlmək üçün üst-üstə xəbər göndərir, Günel isə hər dəfə rədd edir və evdəki dava-qırğına səbəb olurdu. Əməlli-başlı insanların dilinə düşmüşdü, bu abırlı, həyalı qızın söz-söhbəti. Ən çox onu evdə anası əsəbiləşdirir, öz keçmişdən qalma fikirlərini yeri gəldi-gəlmədi Günelin beyninə yeridirdi. Günel onsuz da 9-cu sinfi bitirdikdən sonra onu təhsilə davam etməyə icazə verməyən valideynlərindən qəlbi qırılmışdı. Son danışıqlarında isə çox pis olmuşdu. Anasının sözləri onu çox sarsıtmışdı:

– Bircə səni ərə versəydim, rahat olardım, nə vaxta kimi evdə qalacaqsan, nə vaxta kimi atan sənin üçün pal-paltar alacaq? Elə ömür boyu yük olub üstümüzdə qalmayacaqsan ki? Gül kimi fürsət düşüb, çıx get də…

Bəzən anasının dilindən bu mövzu ilə bağlı elə qəribə sözlər eşidirdi ki, əli yerdən-göydən üzülürdü. Bütün ana-atalarmı övladlarına belə münasibətdə olurlar? Suallar, düşüncələr Güneli tarimar edirdi. Valideynlərinin nəzərində özünün lazımsızlığını duymaq, onun hislərinin, arzularının gərəksizliyini, onlar üçün iki qəpiyə dəymədiyini müşahidə etmək Günel üçün çətin deyildi. Anası Günelin ərə getməyini artıq arzulamaqla, təkid etməklə qalmırdı. Özü bildiyi üsullarla “ikiəlli çırmalanıb” bu işə girişmişdi.

Qız biləndə ki, anası onu ərə verməkdən ötrü falçıya, nə bilim dua yazana gedir, Günel dəhşətə gəlirdi.

–Yəni bunlar məndən o qədər beziblər? –deyə düşünürdü.

Bu dünyada özünə təkcə yaxın bildiyi valideynləri də indi onun çıxıb getməsi üçün çalışırdılar. Başqa çıxış yolu yox idi.

Yox, yox onun başqa bir sevdiyi, xoşladığı da yox idi. Heç yazıq qızın sevgi haqda düşünməyə macalı oldu ki? Sinifdəki qızların hərəsini bir oğlan istədiyi vaxtda Günelə kasıb, nimdaş geyiminə, sadə bəzək-düzəksiz görüntüsünə görə heç kim yaxın düşməmişdi. Artıq 9-cu sinfi bitirib məktəbdən uzaq düşmüş Günel “ev qızı” olmuşdu. Evin bütün işlərini istəsə də, istəməsə də, etməyə məhkum idi.

Universitetin sonuncu kursunda olan Elmurad isə ilk dəfə o vaxt 17 yaşı olan Güneli qohumlarının birinin toyunda görmüşdü. Həmin toya digər qızlar kimi Günel də gözəllik salonunda bəzənib gəlmişdi. Nədənsə evdəkilər onun toya bəzənib getməsi üçün həmişə pul tapırdılar. Düzünə qalsa, ayda-ildə bir dəfə olurdu belə qohum toyları. Günel də hər toya getmirdi, onsuz da …

Elmurad ağıllı, savadlı, həyatı dərk edə bilən bir gənc idi. Həm də çox diqqətli və həssas idi. Toyda onun diqqətini cəlb etmişdi ki, hamı rəqs etmək üçün canfəşanlıq etdiyi halda bir qız heç yerindən durmur, güclə də rəqsə dəvət edirdilər, getmirdi. Utancaqlığı al yanaqlarından hiss olunurdu, abırı və Şərq qadınına xas həyası simasından bəlli idi. Elmurad bu utancaq qızın gözlərinə baxdıqda isə vicuduna adını bilmədiyi bir həyacan hakim kəsilirdi. Bir neçə dəfə baxışları toqquşsa da Günel hər dəfəsində başını aşağı dikirdi. Şəlalə kimi uzun, dalğalı saçları çiyinlərindən süzülüb sinəsinə tökülmüşdü. Üzündəki məsum gülüşü, mənalı baxışı, hətta ciddi siması belə çox füsnkar idi. Hər göz qırpmasında uzun kipriklərinin qovuşması Elmuradın qəlbinə od salırdı. İndiyə qədər heç vaxt yaşamadığı bir hiss onu ağuşuna almışdı. Elə toydaca bu qız haqda maraqlanıb hərtərəfli məlumat öyrəndi. Günelin haqqında bütün eşitdikləri, onun illərdir axtardığı, arzuladığı və xəyal qurduğu kimi idi. Toydan bir neçə gün keçmişdi. Elmuradı yer-göy tutmurdu. Elə Günelgilin məhləsində ağac olub bitmişdi. Bir dəfə Güneli marketə gedərkən görüb yaxınlaşmışdı. Günel isə ona heç əhəmiyyət vermədən bütün suallarını cavabsız qoyub, tələsik ondan uzaqlaşmışdı.

Görkəm olaraq Elmurad heç də eybəcər filan deyildi, ipək kimi yumşaq və həmişə səliqəli daranmış saçları, dəbə uyğun və çox da abardıcı olmayan geyimi, normal bədən quruluşu. Bir sözlə, əksər qızların arzuladığı oğlan siması vardı. Günelin rədd cavabı verməsinin səbəbi isə onun zahiri görkəm və səthi istəklərə əhəmiyyət verməməsi, ciddi sevgi və evlilik mövzusunda isə özünəməxsus fikirləri və arzuları olması idi. Soruşanlara oğlanın özünü yaxşı apara bilməməsini, kişi ağırlığı deyə mənalandırılan o xüsusiyyətlərinin olmamasını, yüngüllük və ən əsası da sırtıqlıq etməsini bəhanə olaraq deyirdi. Halbuki, Elmurad tamamilə ciddi, sözünün və özü nün yerini bilən biri idi. Sadəcə son zamanlar ona nə olmuşdusa, özü də özündən baş açmırdı.

Universitetdə nə qədər qızdan xoşu gəlmişdi, hətta qızların ona dostluq təklif etməsi də olurdu, amma o heç vaxt indiki qədər həyacanlı, nə edəcəyini bilməyəcək halda olmamışdı. İkinci kursda bir müddət Pərvanə adlı bir qızla tez-tez görüşmüşdülər. Özünü heç vaxt qızların önündə asılı, aciz göstərməmişdi. Nədənsə, bu ailəcə kasıb, orta məktəbi bitirməmiş Güneldə nə var idisə, onu bütün varlığı ilə özünə əsir etmişdi. Onun üçün nəinki var-dövlətini, özünü də qurban verməyə hazır hiss edirdi. Ağlını başından alan bu alovlu məhəbbət onun bütün xarakterini, ideologiyasını alt-üst etmişdi. O, indi nəyin doğru, nəyin yanlış olduğunu düşünəcək halda deyildi. Bircə fikri var idi: Günellə evlənib xoşbəxt olmaq. Buna görə hər şeyə hazır idi. Elmuradın kifayət qədər sanballı, imkanlı valideynləri oğlanlarının kasıb ailədən olan bu qızla evlənməyinə könüldən razı olmasalar da, o, öz ata-anasını asanlıqla razı sala bilmişdi.

Eşidənlər, bilənlər hamısı Günelə tənə vururdular. Məxsusən, böyük bacısı Günay.

– Başın işləmir e sənin. O cür ailədən, o cür savadlı, gözəl-göyçək oğlanı rədd edirsən? Qalıb evdə neyləyəcəksən bundan yaxşısını tapacaqsan? İndi bacısından başqa da çox adamlar ona ağıl verirdilər. Elə yad adamlar bu mövzuda eyham vururdular ki, Günel bəzən anlamırdı ki, bu səmimiyyət necə yaranıb o yadlarla arasında.

Bütün bunlara baxmayaraq Günel tamam baqa düşüncədə idi. Heç vaxt anası, bacıları, yaxud gördüyü-tanıdığı qohum-qonşu gəlinləri kimi, qul-kölə təfəkkürü ilə istənilən fiziki işlərə razı olan gəlinlik və ən əsası, kortəbii analıq, valideynlik etmək istəmirdi. Yaxşını, pisi anlayan gündən bütün rəftarları, davranışları diqqətlə müşahidə edir, uşaqlıqdan başa düşürdü ki, uşaqların düzgün tərbiyyə almasında analar əvəzolunmaz rola malikdir. Daha sonralar böyüyüb bu qənaətə gəldi ki, ana olmaq uşaq doğurmaq, süd vermək, yemək vermək və paltar yumaqdan ibarət deyil. Yaxşı, savadlı, şəxsiyyətli bir övlad yetişdirmək üçün savadlı, intelektual, düşüncə üfüqləri geniş olan bir ana olmaq lazımdır. Elə bir ana ki, övladın hər halından anlayan, daim dəstək olan, yol göstərən olsun… Elə bir ana yox ki, ev işləri, qonşunun toyu, telefondakı söhbətlər, serialın hansısa personajı övladdan daha maraqlı olsun ona.

Heç kimə anlada bilmirdi ki, mənim ailə haqqında heç doğru-düzgün bir təsəvvürüm, bilgim, hazırlığım, məlumatım ən əsası da, gücüm yoxdur. Mən hələ özüm uşaq təfəkkürlü biriyəm, ailə qurub onu necə idarə edəcəyəm? Doğulacaq uşaqlarımı hansı təfəkkürlə böyüdəcəyəm? Onu narahat edən bu düşüncələr idi. O evliliyə çox ciddi yanaşırdı, yoxsa çox qızlar kimi elə gəlin paltarında şəklim olsun deyə evlənməyə nə var idi ki ? Əksəriyyəti də 1 il keçməmiş boşanırdı. Axı o bunları kimə danışacaqdı, kimə deyə bilərdi düşündüklərini? Bir hal da ki, onu evdə yad bir adam kimi hesab edirdilər, sözünə nəinki əhəmiyyət vermirdilər, hətta ona qulaq asmırdılar. Danışmaq istəyəndə ağzından vururdular. Əksər ailələrdə bu tendensiya var: kişi əsəbləşib arvada qışqırır, arvadı söyür. Arvadı da əsəbləşir uşaqları söyür, onlara qarğış edir. Uşaqlar da böyükdən balacaya kimin kimə gücü çatır ona qışqırır. Nəhayətdə, sonuncu uşaqda bitir, bircə o heç kimə qışqırıb əsəblərini sakit edə bilmir. Günel də evin sonuncusu olduğuna görə elə uşaqlıqdan həmişə o günahkar olurdu. Həmişə onu döyürdülər, söyürdülər, danlayırdılar. İndi də böyüyüb evlənəcək yaşda olsa belə, azacıq dəyişilik olsa da, demək olar ki, yenə eyni ab-hava hökm sürürdü.

Nəhayət, Günel bütün basqılara, sərt danışıqlara, dedi-qodulara son qoymaq üçün bu taleyüklü qərarını verdi. Evlənmək qərarı onun üçün asan deyildi. Amma bir təsəllisi var idi, hər gün min cür acı sözlər eşitdiyi, sevilmədiyi bir yerdən sevildiyi bir yerə gedəcəkdi. Elə razılıq verən kimi bir həftə keçməmiş nişanı etdilər. Toyun da vaxtını bildirdilər. Elmurad xoşbəxtlikdən uçurdu. Günelin isə heç ürəyi açılmırdı.

Doğru yolu seçən yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz… (İsra surəsi 15)

FƏRQLI TOY

Elmurad, ali təhsildən öncə hərbi xidməti başa vurduğu üçün universiteti bitirən kimi elə həmin yayda da toyları oldu.

Toy tam Elmuradın fikirlərinə, arzularına uyğun keçirildi. Ailəsindəki müstəqil mühit buna imkan verirdi. Valideynləri öz ahiman bir oğullarının toyunu dəbdəbəli, öz istəklərinə münasib toy keçirmək istəsələr də, Elmuradın fikirlərinə razı oldular. Atası oğluna demişdi ki, hər kəsin həyatda bircə dəfə toy etmək şansı olur, özün ağıllı, ali təhsilli, hər şeyi başa düşən bir yaşdasan. Necə istəyirsənsə, biz hər bir halda sənin yanındayıq, sənin xoşbəxtliyin, sevincin bizim üçün hər şeydən öndədir.

Bu ailənin övlada dəyər verməyi Günelin elə ilk günlərdən çox xoşuna gəlmişdi. İndiyə qədər ətrafında həmişə camaatın, el-obanın dediklərini, düşüncələrini övladlarının fikirlərindən üstün tutuan ailələr görmüşdü. Xeyirdə-şərdə, ümumiyyətlə, hər addımında ətrafdakıların necə düşünəcəyini, nə deyəcəklərini meyar tutub ailə üzvlərini, övladlarını, hətta toyu olan oğlunu-qızını gözü yaşlı edən valideynlər həddindən çox idi.

Günelin elə uşaqlıqdan qonaqlıqlar, toylar barədə fikirləri mənfi idi. Heç bir şadlıq evində, heç bir toy mərasimində səmimi münasibət, xoş ab-hava müşahidə etmirdi. İçkinin təsirindən keflənib atdanıb-düşən kişilərdən tutmuş özünün qır-qızılını, təzə aldığı pal-paltarı gözə soxmağa çalışan, bir-birlərinə acıq verən, toydan sonra da bir-birinin arxasınca qeybət edən qohum-əqrabalar çox zaman elə yalnız üzdə gülüb “Allah xeyir versin” deyə bilirdilər. Yadından çıxmamışdı, o uşaq olarkən evə gələn qohumların, dost-tanışların toy dəvətnaməsi evlərində əlavə qəm-qüssə, deyingənlik, söz-söhbət yaradırdı. Elə toy yiyəsi olduqları iki bacısının da toyları ailə üçün çox gərgin, stress, dava-dalaş içində keçmişdi. Toydan bir həftə öncədən, toydan bir həftə sonraya qədər evdə hər kəsin hüzuru qaçmışdı. Ən çox da evin kiçik qızı olan, yazıq Günelin halı çox pis idi. Hər kəs ona iş buyurur, hər kəs onu çağırır, nəsə əksik oldusa, nəsə bir problem çıxdısa, hər kəs onun üstünə qışqırırdı. Öz-özünə düşünürdü ki, bir toy ki, kimlərinsə əziyyətinə, əsəbinə, probleminə, qəlb qırıqlığına səbəb olursa, onun harası həyatın ən xoş günü olur ki? Başqalarının əziyyət və stresdə olduğu gün mənim xoşbəxt günüm ola bilməz axı… Demişdi ki, mənim üçün toy-filan etməyəsiz. Qəti istəmirdi.

Elə də oldu. Günelin toyunu etmədilər. Sadəcə yüngülvari xına mərasimi keçirib səhəri gəlinlik libasını geyindirib yola saldılar. Heç kimi incitmədi. Elmuradla evlənəcəyinə qərar verdikdən sonrakı ilk görüşdə bütün fikirlərini təklikdə onunla danışmışdı. Hətta cer-cehiz üçün də ata-anasının pulu olmadığını, ondan əvvəl iki bacısını gəlin köçürtdüklərini və hələ də banklarda kredit borclarının davam etdiyini Elmurada demişdi. O da tamamilə razı olmuşdu. “Onsuz da evimizdə istifadə edəcək hər şey var, nə də lazım olsa, alacağam, narahatçılıq yoxdur” demişdi. Bu Günelin çox xoşuna gəlmişdi, tam da arzuladığı kimi, gəlin köçərkən də ata-anasına yük olmamaq onun ən əsas istəyi idi. Şükürlər olsun ki, Elmurad və ailəsi də cer-cehizə, par-parçaya görə söz-söhbət salacaq qədər cılız düşüncəli deyildilər.

Elmuradın toyu, sırf onun istəyinə uyğun, şadlıq sarayındakı iki ayrı salonda baş tutdu. Bütün tədarükü eyni səviyyədə görülən salonların birində ancaq kişilər digərində isə ancaq xanımlar idi. Günel xanımlar olan salonda, Elmurad isə kişilər olan salonda səbəbkar kimi bəy və gəlin kürsüsündə oturmuşdular.