Читать книгу «Qızlar oxumasın» онлайн полностью📖 — Eldar İlqaroğlu — MyBook.
image

“BEŞIKKƏSTI”

Günel, 8-ci sinifi əla qiymətlərlə bitirdi. Mübariz bir ruhiyyəsi var idi. Qarşısına məqsəd qoydusa, nə olursa olsun etməliydi. Valideynlərinin də hər dediyinə, hər qulluğuna qaçırdı, heç onları incitmək istəmirdi. Baxmayaraq ki, özü çox incidilir, qəlbi çox qırılırdı, onunla heç kim maraqlanmır, sevgi və diqqət göstərmirdi. Nə vaxt bir işləri olanda evin bu kiçik qızı yadlarına düşürdü, çağırıb kitab-dəftərdən ayırırdılar. O da tələsik ona tapşırılan işi görüb təkrar dərslərini çalışmağa gedirdi. Nə atası, nə də anası indiyədək ona “səni sevirəm qızım”, “sən mənim gözümün nurusan”, “sən ki, dərslərini əla oxuyursan səninlə qürur duyuram” kimi sözlər deməmişdilər. Amma nə vaxt nənəsigilə gedərdi, bu gözəl sözləri təkcə qoca nənəsindən eşidərdi. Günelin fikrinə görə, onu bu dünyada təkcə bir nəfər qarşılıqsız se virdisə, o da nənəsi idi. Nənəsinin yanında özünü çox rahat və xoşbəxt hiss edirdi. Həyatının bütün pozitiv enerjisini Dilruba nənədən alardı. Hətta Günelə söz vermişdi ki, “narahat olma əziz balam, səni də bibin oğlu Ziya kimi mən özüm oxutduracağam”. Öz təqaüdündən Günelə gizli şəkildə pul verirdi ki, yığsın özünə yaxşı əyin-baş alsın, məktəbdə heç kimdən əskik görünməsin. Günelin Ziya adlı bibisioğlu Türkiyədə həkimlik ixtisasını oxuyurdu, cərrah olacaqdı. Qohumları içində bir oxuyan elə təkcə Ziya idi. O da çox inadkar və əzmkar xarakterə sahib idi. Dilruba nənə deyirdi ki, Ziya da universitetə hazırlaşanda müəllim yanına gedirdi, ata-anası pul çatdırmırdılar, mən köməklik edirdim. Deyirdi: “nənəcan, həkim olanda sənin borcunu qaytaracağam”. Dilruba nənə də tez-tez öz-özünə deyinirdi ki, bu uşağın həkimliyi oxuması uzun çəkir, deyəsən, ölüb gedəcəm xərclədiyim pullar da batacaq”. Sonra da zarafatına özü xəfifcə gülümsəyirdi.

Həmişə bu zarafatı edəndə istəyirdi ki, adamlar bunu zarafatla dediyini düşünməsinlər, ciddi qəbul etsinlər. Bu söhbət açılanda eyni sözü deyir və dinləyəni süzürdü ki, görsün fəndi baş tutubmu? Amma, əlbəttə ki, o, Ziyanın oxumağını istəyirdi, pulları da ona borc verməmişdi. Ziyanın həkim olduğunu bilmək, uğurla ad-san qazanmasını dünya gözü ilə görmək Dilruba nənənin ən böyük arzularından idi.

Nə hikmətsə Günel məhz Ziyanın doğum günündə dünyaya gəlmişdi. Nənəsi həmişə həmən gün haqqında Günellə şirin-şirin danışardı.

– Ziyanın 7 yaşını qeyd edirdik, sentyabr ayının 5 idi. Hamımız bibingilin həyətində yığılmışdıq, təbrik etməyə getmişdik Ziya balanı. Anan da hamilə idi. Kişilər manqal qalayıb kabab çəkirdilər, samovar çayı dəmləyirdilər. Həmin ili Ziya həm də birinci sinifə başlamışdı deyə biraz təmtaraqlı keçirirdilər ad gününü. Birdən ananı ağrı tutdu, qışqır-bağır, apardıq həkimə və sən dünyaya gəldin. Elə o gün hamıya dedim ki, bu qız Ziyanın doğum günü hədiyyəsi oldu. Allah bəxtlərini gözəl yazsın, böyüyəndə bunları bir-biri ilə evləndirərik. Ziyaya da tapşırmışam ki, Günel sənin “beşikkəsti”ndir.

– “Beşikkəsti” nədir, ay nənə? – Günel ilk dəfə bu sözə qəribə reaksiya vermişdi.

– Körpəlikdə əhd edirlər ki, böyüyəndə bir qızı bir oğlana versinlər. Evlilik üçün körpü qoyurlar sanki.

– Ay nənə, bu necə adətdir, bəlkə, heç onlar böyüyəndə bir-birlərinin xoşuna gəlmədilər, – deyə 14 yaşlı Günel həmişəki kimi öz düşüncəsi ilə fərqlənirdi.

– Ay qız Ziyanın nəyi əksikdi, gül kimi oğlandı. Hardan taparsan elə savadlı, yaraşıqlı bir oğlan. Həmdə ki, doktor oğlan… Ağlını başına yığ, yoxsa səni oxutmaram ha…

– Yox e, ay nənə, deyirəm, ümumiyyətlə, bu adət düz deyil axı… Qızın fikrini soruşmadan doğulduğu gün sanki bir əşya kimi götürüb kiməsə vermək doğru deyil. Qızlara, qadınlara qarşı haqsızlıqdı, vallah.

– Qələtini elə, səni də anan öyrədib hə? O öz xoşuyla atanla evlənib guya nolub ki, gündə qırırlar bir-birlərini.

– Yox e, ay nənə, hər şey bir qırağa, bu düzgün deyil axı. Bax elə sən özün, zorla istəmədiyin biri ilə evlənərdin?

– Ehh mənim çoxbilmiş balam, sən bilirsən ki, biz necə evlənmişik, bizdən qabaqdakılar necə evləniblər? Atamız, ya babamız bizi kimə verirdisə, ona da getməliydik. Çox vaxt da evlənəcək qızlar evləndikləri oğlanı elə toy günü görürdülər. Hansı qızın nə həddi var idi ki, ağsaqqallar verilən qərara qarşı çıxsın… Heç öz toyumuzu, nə geyinəcəyimizi, nə edəcəyimizi belə özümüz düşünmürdük. Bizə ancaq deyirdilər ki, belə et, edirdik, bunu de, deyirdik, burda gülmək olmaz, orda danışmaq olmaz. Biz də səssiz-səmirsiz başımızı salıb aşağı deyiləni edirdik. İndikilər hamısı azad olublar, ağ günə çıxıblar, necə istəyirlər, kimə istəyirlər gedirlər. Heç ata-ana sözü eşidilmir, çox vaxt kölgədə qalır.

Dilruba nənə ilə belə səmimi dialoqları çox olurdu. Ürəyinin sözünü açıb bircə nənəsinə deyə bilirdi. Etirazını, şikayətini, qayğılarını bölüşə bildiyi tək ünvanı nənəsi idi. Çox vaxt da başını nənəsinin dizinin üstünə qoyub uzanardı. Qırışmış yumşaq əllərinin sığalı Günelin saçlarında gəzdikcə elə təsvirəgəlməz hüzur, elə bir rahatlıq tapardı ki, bu möhtəşəm hiss bir həftə ona bəs edərdi.

Ziya da yay aylarında semestr imtahanlarını verib tətilə gələrdi. Günelin ona qarşı heç bir hissi yox idi. Ona bibisioğlu kimi, bir böyük qardaşı kimi baxardı. Amma Ziya isə nənəsinin tapşırığına əsasən Günellə çox maraqlanardı. Hətta Türkiyə də də olanda hər sentyabrın 5-də nənəsigilə zəng vurardı, Güneli çağırtdırardı, telefonla danışardı, ad gününü təbrik edərdi. Bu sadəcə ikisinin də doğum günü eyni gündə olduğu üçün deyildi. Ziya elə uşaqlıqdan Günelə qarşı sevgi hiss etməyə başlamışdı, onu çox istəyirdi. Günelin 2-3 yaşı olanda onunla şəkil çəkdirir, uşağı qucağından yerə qoymurdu. Böyüdükdən sonra da bu sevgisi daha da çoxalmış, ülvi hislərə dönüşmüşdü. Həm Günel getdikcə daha da şirin və göyçək bir qız olurdu. Ziya Türkiyədə onun eşqiylə oxuyur, imtahanları vaxtında, kəsirsiz verib tətilə gəlmək üçün çapalayırdı. Amma Ziyanın münasibətlərini Günel adi bir qohum, bibioğlu münasibəti kimi qəbul edirdi, o qədər də əhəmiyyət vermirdi. Günelin fikri-zikri ancaq oxumaq idi. Qəribə xüsusiyyəti bu idi ki, həm bacılarından, həm də sinif yoldaşlarından fərqli olaraq onun əks cinsin nümayəndələrinə o qədər də marağı yox idi. Normalda bütün qızlar evlilikləri, toyları, evlənəcəkləri oğlanı təsəvvürlərində formalaşdırar, xəyallar qurarlar. Günelin əsla bu haqda xəyalı, təsəvvürü belə yox idi. Heç düşünmək də istəmirdi bu haqda. Ziya da tətillərdə Günellə birgə nənəsigildə, ya hərdən onların evinə gedəndə ancaq onun dərsləri ilə maraqlanmaq, dəstək olmaqdan başqa söhbət edə bilmirdi. Günelin oxumaq istəyinin çox olduğunu bildiyi üçün ona motivasiya verirdi. Çox vaxt ürəyində razı olmasa da, Günelin dediklərini təsdiqləyirdi ki, ona özünü sevdirə bilsin. Günelin də acıqlı və küsəyənliyin dən ehtiyat edib heç cür ona sevgisi barədə heç nə deyə bilmirdi. Ziyan universitetin beşinci kursunda ikən Günel orta məktəbin səkkizinci sinfində oxuyurdu. Ziyanın növbəti illərdə daha çox praktikaları olacaqdı deyə gəlməyə imkanı olmayacaqdı. Odur ki, həmən il tətil bitməmiş nə olursa olsun, Günelə qəlbini açmalı, sonra çıxıb getməli idi.

Bir gün yenə Dilruba nənəgildə olanda hər ikisi armud ağacında asılan yelləncəklərdə oturub uşaqlıq illərindən danışırdılar. Ziya özünü sındırmamaq üçün söhbəti belə başladı:

– Günü, (onu belə səsləyirdi həmişə) sənin Dilruba nənənin “beşikkəsti” söhbətinə münasibətin necədir?

– Nənədir də, köhnə adət-ənənədən əl çəkmir. Sən oxumuş təhsilli adamsan, mən demirəm sən de, bir uşaq doğularkən necə birinə peşkəş kimi, ya da hədiyyə kimi verilə bilər ki? Səncə bu məntiqlidirmi ?

– Əlbəttə yox… -Ziya “təhsilli” filan sözlərini duyunca özünü bir az da dartdı, çətin də olsa, güclə bu kəlməni deyə bildi: –Elə mən də onu düşünürəm də…

– Mən, ümumiyyətlə, keçmişin bu mənasız adətinə qarşıyam. Biz ikimizə gəlincə isə həmişə sənə böyük qardaşım kimi baxmışam, indi də o düşüncədəyəm. Məcburi bu düşüncəni necə dəyişə bilərəm ki? Mənim indi tək fikrim var, o da oxumaq, təhsil almaqdır, vəssalam.

– Tamamilə haqlısan – Günelin sözləri Ziyanın qəlbinə ox kimi girib parçalasa da, özünü birtəhər saxladı – bu işlərdə kimisə məcbur etmək olmaz.

Ziya Günelin qəti fikrini öyrənəndən sonra orada qala bilmədi, nəyisə bəhanə gətirib evlərinə getdi. Dünya başına daralmışdı, uşaqlıqdan bəslədiyi, uğruna canını belə verməyə hazır olduğu, həyatının ən xoş hissi, o pak, məsum sevgisi sən demə qarşılıqsız imiş. Hətta həmin gecə yata da bilmədi. Göz yaşını saxlaya bilməyib gizlində ağladı da… Hələ bu barədə çox düşünəcəkdi, çox ağrı-acı çəkəcəkdi. Unutmağa çalışsa da, unuda bilməyəcəkdi. Son 2 gününü birtəhər keçirib ölkədən çıxmışdı. Elə o çıxmağı oldu daha bir də qayıtmadı. Bu üzüntüsündən kimsəyə heç nə deməmişdi. Kimə nə deyəcəkdi ki? Evində desəydi də buna ancaq sevinərdilər. Çünki, Günelin də Ziyanın da valideynləri son illərdə küsülü idilər. Heç bir tərəf də bu “beşikkəsti” söhbətinə razı deyildi. Ümumiyyətlə, bu haqda danışmaq belə istəmirdilər. Təkcə Dilruba nənə öz dediyindən əl çəkmirdi.

Günel 9-cu sinifdə oxuyarkən evdə valideynləri tez-tez ona xatırladırdılar ki, bu il məktəbdə oxuduğun sonuncu ildir, daha məktəbə getməyəcəksən. O da deyirdi ki, nənəm məni oxutduracaq, sizdən heç nə istəməyəcəm.

Atası tez-tez bu sözü deyirdi: “Bizim nəsildə qızlar oxumur, oxuyub nə edəcəksən, gedib şəhərin abırsız qızlarına qatılıb oğlanlarla qaynayıb-qarışacaqsan? Başımızı aşağı edəcəksən? Kəs səsini, öl öz evində…” Anası da təsdiq edirdi: “o biri bacıların oxuyub ki, sən də oxuyasan? Qızların qız işi var, bişirmək, yumaq, təmizləmək… ”

Bu sözləri eşidəndə Günel əsəbindən ağlayırdı, heç nə deyə bilmirdi. Bircə ümidi vardı, o da nənəsi idi. Fələk onu da Günelə çox bildi. Bir il sonra nənəsi ürək çatışmazlığından vəfat etdi. Həmin gün 15 yaşlı Günelin həyatında ən dəhşətli gün oldu. O qədər ağlamışdı ki, bayılıb ürəyi getmişdi. Həm nənəsinə yanırdı, onun üzüntüsünü yaşayırdı. Həm də artıq tamamən tək qaldığını, dəstəkçisi olmadığını duyurdu. Ayıltmışdılar, yenə nənəsini çağırıb ağlamışdı. Babası o körpə olanda dünyadan köçmüşdü. Günel onu ancaq şəkillərdə görmüşdü. Həyatında ilk dəfə idi ki, ölüm və itki ilə rastlaşırdı, həm də ona çox dəyər verən, sevən, qayğısına qalan ən əzizinin itkisi ilə … O gündən Günelin oxumaq şansı da nənəsi ilə birgə qeybə çəkilmişdi. Əziz nənəsinin dəfni gələcəklə bağlı Günelin qurduğu bir-birindən gözəl arzuların da hamısını basdırdı. Bilirdi ki, onu dəstəkləyən bir kimsə yoxdur, ancaq gücü çatacaq qədər mübarizə aparmaq fikrində idi. Heç Ziya da nənəsinin yasına gəlmədi, zəng də vurmadı. Günelə nənəsindən savayı təkcə Ziya dəstək olurdu, onun oxumasını istəyirdi. Oxumağın faydalarından ona uzun-uzun danışardı. Amma bir ili idi ki, Ziya Günelə nə zəng vururdu, nə axtarıb arayırdı. İndi Günelin halı o durumda idi ki, saman çöpündən belə yapışıb dəstək almaq istəyirdi. Nə yazıq ki, o qurtulmaq üçün saman çöpünü də tapa bilmirdi. Bütün olanlar onu nə qədər sarsıtsa da, oxumaq, tədris almaq mübarizəsindən dönmək istəmirdi. 9-cu sinfi əla qiymətlərlə bitirdi, attestatını da aldı. Ancaq nə faydası … Evdə onun oxumasına qadağalar bitmədi. Yalvardı, ağladı, nə dillər tökdü, alınmadı. Hətta müəllimlərdən də bəziləri xahiş etdi ki, icazə verin Günel oxusun. Bütün cəhdlər boşa çıxdı. Təkrar-təkrar eşitdiyi bir söz var idi : “qız hara, oxumaq hara”.

…De: “Ey Rəbbim! Mənim elmimi artır!” (Taha surəsi 114)