Читать книгу «Beş uşaq və O» онлайн полностью📖 — Эдит Несбит — MyBook.
image

– Susuzluqdan yanıram! – Robert dedi. – İtlər susayanda dillərini çölə çıxarıb ləhləyirlər. Bəlkə, belə eləyəndə sərinləyirlər, hə?

– Yoxlamaq olar, – Ceyn dedi.

Onlar dillərini çıxarsalar da, bunun bir faydası olmadı, əksinə, boğazları daha da qurudu. Üstəlik, ətrafdan gəlib-keçənlər onlara baxıb üz-gözlərini turşudurdular.

Uşaqlar ağızlarını yumdular.

Elə bu vaxt Siril əlində bir şüşə limonadla qayıdıb gəldi.

– Qızıl pula xırdaları olmadı, – o, məyus halda dedi, – dovşan almaq üçün yığdığım puldan verdim. Hə, bir də sizə darçınlı bulka aldım.

Bulkalar bayat idi, lakin zəncəfilli limonad işə yaradı, uşaqların susuzluğunu yatırdı.

– Hə, indi mənim növbəmdir, – Anteya dedi, – aramızda yaşca ikinci böyük uşaq mənəm.

Ancaq məlum oldu ki, onların icarəyə götürmək istədikləri poni və araba yaxınlıqdakı başqa bir mehmanxanadadır. Ona görə də Anteya «Şahmat lövhəsi» adlı həmin mehmanxanaya yollanmalı oldu.

Çox keçmədən sevincək qayıdıb gəldi və dedi:

– İşin öhdəsindən gəldim, arabaçı dedi ki, bu dəqiqə atı hazırlayacaq və bir qızıl pula bizi Roçesterə aparacaq. Üstəlik, orada bizi istədiyimiz qədər gözləyə bilər.

– Aramızda ən ağıllı sənsən, – Siril heyranlıqla bacısına baxdı. – Bunu necə elədin?

– Sənin kimi bütün qızıl pulları cibimdən çıxarıb göstərmədim. Həyətdə bir oğlana rast gəldim, atı təmizləyirdi, ona qızıl pulu göstərib soruşdum ki, bunun nə olduğunu bilir, ya yox? Dedi ki, yox, bilmir, yaxşısı budur, atasını çağırsın. Atası isə pula baxıb dedi ki, bu, qədim gineyadır[5], sonra isə soruşdu ki, mənimdir, ya yox? Cavab verdim ki, əlbəttə, mənimdir! Ardınca da dedim ki, əgər bizi Roçesterə aparsa, bu pulu ona verəcəyəm. Razılaşdı. Adı Krispindir.

Uşaqlar ata qoşulmuş araba ilə kənd yolunda bir xeyli gedəndən sonra körpünün yanına gəlib çatdılar. Arabaçıdan xahiş etdilər ki, atı saxlasın.

– Əgər atla araba almaq istəsəydiniz, birinci kimə üz tutardınız? – Siril arabadan düşəndə Krispindən soruşdu.

– Bill Pismarşa, – arabaçı fikirləşmədən dedi. – Onu karvansaradan soruşa bilərsiniz. Əgər atanız at almaq istəyirsə, Billdən daha vicdanlı adam tapa bilməz.

– Çox sağ olun! – uşaqlar arabaçıya təşəkkür edib onunla sağollaşdılar.

Lakin onlar dərhal karvansaraya yollanmadılar. Hamı yaxşı bilir ki, pul qazanmaq çox çətindir, intəhası bütün pullarını bir göz qırpımında xərcləyib qurtara bilərsən.

Uşaqlar əvvəlcə mağazalara baş çəkmək qərarına gəldilər. Məsələ burasında idi ki, Anteya bu səhər bilmədən öz şlyapasının üstündə oturub onu yöndəmsiz hala salmışdı. Odur ki girdiyi mağazada bir-birindən qəşəng şlyapaları görəndə əlini nə vaxt cibinə atdığını heç özü də bilmədi. Qara ipək paltar geyinmiş cavan və qəşəng satıcı qız Anteyanın ona uzatdığı qızıl pula təəccüblə baxıb özündən daha yaşlı satıcını çağırdı.

– İndi belə pullardan istifadə olunmur, – satıcı qadın bunu deyib pulu Anteyaya qaytardı.

– Axı bu, əsl qızıldır, – Anteya dedi. – Özümündür.

– Ola bilər, – satıcı qadın dedi, – ancaq indi bu pullar dövriyyədə deyil, odur ki qəbul edə bilməyəcəyik.

– Onlar elə bildilər ki, mən pulu haradansa oğurlamışam, – Anteya uşaqların yanına qayıdıb dedi. – Bütün bunlar ona görə baş verir ki, üst-başımız toz içindədir. Gərək özümüzə əlcək alaq.

Uşaqlar lap balaca bir dükan tapıb içəri girdilər. Oradan iki cüt əlcək aldılar. Ancaq bu dəfə də dovşan almaq üçün topladıqları puldan verməli oldular. Çünki yaşlı satıcı qadın uşaqların uzatdığı qızıl sikkəyə gözlüyünün arxasından baxıb bu pula xırdasının olmadığını dedi.

Uşaqlar səbəbini özləri də bilmədən həmin dükandan bir də saxta timsah dərisindən hazırlanmış pulqabı aldılar. Onun haqqını da Siril dovşan almaq üçün yığdığı puldan ödədi.

Sonra uşaqlar oyuncaq, ətir, ipək yaylıq, kitab, açıqça satılan bir neçə mağazaya baş çəkdilər. Ancaq bu mağazaların heç birində qeyri-adi qızıl pulları xırdalayan olmadı.

Bütün gün Roçesterin küçələrində avara-sərgərdan gəzib-dolaşan uşaqların üst-başını bir az da toz basmış, saçları dağılmış, tərləmişdilər. Üstəlik, bərk acmışdılar. Cibləri qızıl pulla dolu olsa da, heç kim onlara quru çörək belə satmaq istəmirdi.

Əlacsız qalan uşaqlar yeni bir plan qurdular. Dördü də eyni vaxtda qənnadı dükanına girib satıcıya macal vermədən hərəsi piştaxtadakı kişmişli bulkalardan ikisini çirkli əlləri ilə qapıb cəld bir dişləm aldı.

Qəzəblənmiş dükançı piştaxtanın arxasından çıxıb onlara tərəf cumdu.

– Buyurun, nə qədər eləyirsə, buradan çıxın, – Siril özünü itirmədən ovcunun içindəki qızıl pulu ona uzatdı.

Cənab Beyl – dükançını hamı belə çağırırdı – qızıl sikkəni alıb dişində yoxlayandan sonra cibinə soxdu və qışqırdı:

– Rədd olun burdan!

– Bəs pulumuzun qalığı? – hər işdə qayda-qanun sevən Anteya soruşdu.

– Deməli, pulunuzun qalığını istəyirsiniz? Mən indi sizə göstərərəm! Cəhənnəm olun burdan! Hələ sevinin ki, polisləri bura çağırıb tökmədim. Yoxsa onlar sizin bu qızıl pulu haradan çırpışdırdığınızı yaxşıca araşdırardılar!

Balaca «milyonerlər» qəsəbə parkındakı ağacların sərin kölgəsində bulkalarını yeyib qurtarandan sonra əhvali-ruhiyyələri bir az düzəldi. Buna baxmayaraq indi onların içində ən cəsarətli olanlarının belə at-araba üçün Bill Pismarşın yanına yollanmağa cürəti çatmırdı. Di gəl Anteya başladığı işi yarımçıq qoymağı xoşlamırdı. Ceyn də ona qahmar çıxdı. Beləliklə, qızların qətiyyəti oğlanları da yola gətirdi və onlar hamılıqla «Sarasinin başı» adlı karvansaraya yollandılar. Onlar diqqəti cəlb etməmək üçün əsas qapıdan yox, həyətdəki arxa qapıdan içəri girdilər. Cənab Pismarş həmin vaxt həyətdə idi. Robert ona yaxınlaşıb sözə başladı:

– Cənab, bizə dedilər ki, sizdə at və araba var, – oğlan nəzakətlə soruşdu.

– Sizə düz məlumat veriblər, cavan oğlan, – cənab Pismarş dedi. O, arıq, hündürboy adam idi. Mavi gözləri, nazik dodaqları var idi.

– Biz bir cüt at və bir araba almaq istərdik.

– Kim istəməz ki! – Pismarş gülümsündü.

– Bizə bir neçə at göstərə bilərsiniz? Onların arasından özümüzə uyğun gələnlərini seçərik.

– Nədir, məni axmaq yerinə qoyursan, – Bill qəfildən əsəbiləşdi, – yoxsa ağzımdan söz almaq istəyirsən? Sizi bura kim göndərib?

– Mən axı dedim ki, biz bir cüt at və karet almaq istəyirik, – Robert yenidən dedi. – Bir nəfər bizə dedi ki, siz çox alicənab və nəzakətli insansınız, lakin, görünür, o, səhv eləyib…

– İşə bax ha! – cənab Pismarş ucadan dedi. – Tövlədəki bütün atları sizə nümayiş etdirməyimi istəmirsiniz ki?

– Mümkünsə, bəli. Əgər sizə zəhmət olmayacaqsa… – Robert onun sözlərindəki istehzanı başa düşmədən cavab verdi.

Atların sahibi niyə isə əlini cibinə saldı və qəribə şəkildə gülümsədi.

– Vilyam! – daha sonra o, mehtərə səsləndi.

Mehtər dərhal tövlənin qapısı ağzında göründü.

– Yaxın gəl, Vilyam, bu gənc hersoqa[6] bir tamaşa elə, – Pismarş dedi. – Bizim bütün atlarımızı satın almaq istəyir, lakin cibində qara qəpiyi də yoxdur.

Robert bu sözləri eşidib özündən çıxdı:

– Mən hersoq-zad deyiləm! Deyirsiniz ki, qara qəpiyim də yoxdur, hə?! Bəs bu nədir?

Oğlan bunu deyib uşaqlar onu saxlamağa macal tapmamış cibindən bir ovuc qızıl pul çıxartdı.

Qızılları görən cənab Pismarşın gözləri kəlləsinə çıxdı. Yaxına gəlib oğlanın ovcundakı qızıllardan birini götürdü və dişində yoxladı. Sonra isə dedi:

– Mənim bütün atlarım sizin əmrinizdədir!

Düzdür, uşaqlar bu sözləri gözləmirdilər, lakin cənab Pismarşın bundan sonrakı hərəkəti onları daha çox təəccübləndirdi.

– Vilyam, cəld qapıları bağla! – o, mehtərə əmr elədi.

Uşaqlar heç nə başa düşməmişdilər.

– Yaxşı, onda biz gedək, – Robert dedi və onlar arxa qapıya tərəf tələsdilər. Ancaq Pismarş qapının ağzını kəsdi.

– Yox, dostum, bir az gözləməli olacaqsınız, – o dedi. – Vilyam, qaç polisləri çağır. Aydınlaşdıraq görək burada nə baş verir?

Vilyam getdi.

– Hə, indi deyin görüm, bu qızılları haradan çırpışdırmısınız? – cənab Pismarş qorxudan bət-bənizləri ağarmış uşaqlardan soruşdu.

– Niyə dillənmirsiniz? Bu qızıllar sizdə haradandır? Tez deyin görüm!

– Qum karxanasından, – Ceyn qorxa-qorxa dilləndi.

– Ağlına başqa yalan gəlmədi? – cənab Pismarş dedi.

– Düz sözümdür, orada qum pərisi yaşayır, hər gün bizim bir arzumuzu yerinə yetirir.

– O, ağıldankəmdir? – cənab Pismarş üzünü digər uşaqlara tutub soruşdu. – Xəstə uşağı öz çirkin əməllərinizə ortaq etməyə utanmırsınız?

– O, xəstə-zad deyil, ağlı başındadır, – Anteya qışqırdı. – Özü də düzünü deyir.

– Allah, sən saxla! Bunların hamısı dəlidir ki! – Bill Pismarş heyrətlə səsləndi.

Bu vaxt Vilyam qayıdıb gəldi. Üzündən istehzalı gülüş oxunurdu. Onun arxasınca isə bir polis işçisi həyətə daxil oldu.

Pismarş polisi bir kənara çəkib uzun-uzadı ona nəyisə izah elədi. Nəhayət, polis işçisi üzünü uşaqlara tutub dedi:

– Mənimlə gəlin!

Həm qəzəblənmiş, həm də qorxmuş uşaqlar polislə cənab Pismarşın arxasına düşüb Roçesterin küçələri boyunca addımlamağa başladılar.

– Ay Allah, özün kömək ol! Siz burada nə gəzirsiniz? – qəfildən tanış səs eşidildi. – Robert, sənə deyirəm, burada nə işiniz var?

Bu, Marta idi, Quzu da qucağında!

Marta nə polisin dediklərinə, nə də Pismarşın danışdığı əhvalata inandı.

Bu vaxt polis Robertə ciblərini göstərməyi əmr elədi.

– Heç nə görmürəm, burada qızıl-zad yoxdur! – qulluqçu qadın qışqırdı. – Cənablar, deyəsən, siz ikiniz də ağlınızı itirmisiniz. Mən uşaqların çirkli əllərindən başqa bir şey görmürəm!

Bunda təəccüblü heç nə yox idi: uşaqlar Sammieddən xahiş etmişdilər ki, Marta onlarla bağlı baş verən dəyişiklikləri görməsin. Sammied də uşaqların bu arzusunu yerinə yetirmişdi.

Onlar polis məntəqəsinə çatanda hava artıq qaralmağa başlamışdı. Polis işçisi hadisə barədə baş müfəttişə məlumat verdi.

– Konstebl[7], qızıl pulları göstərin! – müfəttiş əmr elədi.

– Ciblərinizi çevirin! – polis işçisi də, öz növbəsində, uşaqlara əmr elədi.

Siril dəhşət içində əllərini ciblərinə saldı, bir an duruxandan sonra ucadan qəhqəhə çəkib gülməyə başladı. Cibləri bomboş idi! O biri uşaqların ciblərindəki qızıl pullar da yoxa çıxmışdı.

– Hə, nə oldu? – müfəttiş əsəbi halda polis işçisindən soruşdu. – Bəs haqqında ağızdolusu danışdığınız bu qızıllar hanı?

– Bilmirəm bunu necə elədilər! – polis işçisi çaşqınlıq içində idi. – Yol boyunca gözümü onların üstündən ayırmamışdım!

– Əcəb işdir! – müfəttiş acıqlı-acıqlı səsləndi.

– Əgər günahsız uşaqları ələ salmaqdan yoruldunuzsa, arabaçını çağırım, bizi evə aparsın, – Marta qətiyyətlə dedi. – Lakin bu işi belə qoymayacağam! Görərsiniz!

– Uşaqları götürüb gedə bilərsiniz, – müfəttiş onu sakitləşdirməyə çalışaraq dedi. Onlar gedəndən sonra isə üzünü polis işçisinə və cənab Pismarşa tutub qəzəblə soruşdu:

– Bütün bunlar nə deməkdir?