– Bu meqa… necə dediniz? Məgər onu səhərlər yeyirlər?
– Bizim zəmanəmizdə hamı arzulayırdı ki, səhər yeməyində pterodaktil olsun. Onu yaxşıca qızardırdılar. Köhnə əyyamlarda dünyada qum pərilərinin sayı-hesabı yox idi! Onlar insanların arzularını yerinə yetirməyi bacarırdılar. Pterodaktil – yarıquş, yarıtimsah olan canlıdır. Meqateriya isə çox nəhəngdir, lap fil boyda! Bilirsiniz nə qədər əti olur! Ürəyinə balıq düşənlər isə pərilərdən ixtiozavr[3] istəyirdilər. Yaxşı, bugünlük bu qədər söhbət bəsdir, mən artıq gedim.
– Yox, yox! – uşaqlar hamısı bir ağızdan qışqırışdı. – Getməyin! Xahiş edirik, danışın görək əvvəllər necə idi? Onda da indiki kimi qumun içində yaşayırdınız?
– Yox. Onda balaca uşaqlar çaxmaqdaşından düzəldilmiş belləri ilə yanımıza gəlir, bizim üçün qumdan qalalar tikirdilər. Bir müddət həmin qalalarda yaşadıq.
– Bəs sonra nə oldu? Niyə o qalaları tərk etdiniz?
– Bu çox kədərli əhvalatdır! – Sammied qaşqabaqlı halda dilləndi. – Uşaqlar təkcə qala tikməmişdilər, onun ətrafına xəndək də çəkmişdilər. Bir müddət sonra dənizin suyu həmin xəndəklərə doldu. Qum pərilərinin isə nəmişliyə dözümü yoxdur. Onlar rütubətdən xəstələnib tələf olmağa başladılar. Beləcə, pərilərin sayı lap azaldı…
– Siz də islanmışdınız? – Robert maraqla soruşdu.
– Hə, – Sammied dərindən ah çəkib dedi. – Bir dəfə sol bakenbardımdakı tüklərdən birini islatmışdım. Bu rütubəti hələ də canımda hiss eləyirəm! Əlbəttə ki, təpədən dırnağa kimi islananacan gözləmək fikrim yox idi! Bakenbardımı günün altında qurudub dənizdən bacardıqca uzaqlaşdım. İsti və quru qumun içində özümə yuva qazdım. İndiyə kimi də burada yaşayıram. Sonra dəniz bir xeyli geriyə çəkildi. Hə, sizə hər şeyi danışdım, daha məni rahat buraxın!
– Xahiş edirik, bircə suala da cavab verin! – uşaqlar yenidən yalvarmağa başladılar. – Siz əvvəlki kimi arzuları yerinə yetirə bilirsiniz?
– Bəs necə! Məgər bir neçə dəqiqə bundan əvvəl sizin arzunuzu yerinə yetirmədim? İstəyirdiniz ki, qumun altından çıxıb yanınıza gəlim, mən də gəldim!
– Başqa bir şey arzulaya bilərik?
– Yaxşı, lakin tez olun, mən artıq yorulmuşam.
Təəssüf ki, həmin vaxt uşaqların ağlına heç bir arzu gəlmədi.
– Hə, nə oldu? – Sammied onları tələsdirdi.
Bu vaxt Anteyanın ağlına bir fikir gəldi. Qız cəld dilləndi:
– İstəyərdim ki, biz hamımız qəşəng və yaraşıqlı olaq!
Uşaqlar dərhal bir-birinə baxdılar, sonra gözlədilər; dəqiqələr keçir, lakin hələlik onlarda heç bir dəyişiklik gözə çarpmırdı.
Birdən Sammied qəribə gözlərini durbin kimi irəli uzatdı, sonra ovurdlarını şişirdib ağzındakı havanı çölə üfürdü. Axırda da məyusluqla dedi:
– Heç nə alınmır… Deyəsən, bildiklərimi yaddan çıxarmışam.
– Nə olar, bir də cəhd eləyin, xahiş edirik, – uşaqlar yenə yalvardılar.
– Məsələ belədir: gərək bunu hamınız birdən arzulayasınız. Bu sizin hamınızın istəyidir?
– Bəli! Bəli! – Anteya ilə Ceyn onu inandırmaq üçün tələm-tələsik dilləndilər. Oğlanlardan səs çıxmadı. Onlar, sadəcə olaraq, inanmırdılar ki, Sammied bir dəfə üfürməklə yaraşıqlı olacaqlar. Qum pərisi isə gözlərini bir az da bərəldib elə hey üfürürdü.
– Birdən o xəstələnər, – Anteya narahatlıqla dilləndi. – Görün ovurdlarını necə şişirdib!
– Üzünün dərisi partlamasa yaxşıdır, – Robert də təşvişə düşdü.
Nəhayət, Sammied ağzındakı havanı çölə buraxıb əvvəlki formasını aldı.
– Oh! – qəribə məxluq dərindən nəfəs alıb əlavə etdi: – Yəqin, sabah daha asan olar. Yaxşı, hələlik!
Sonra cəld hərəkətlə qumu qazıb içində gözdən itdi. Uşaqlar təəccüblə bir-birinə baxdılar: onların hər biri yanlarında qeyri-adi gözəlliyə malik üç uşağın olduğunu gördü. Bir müddət hamısı çaşqınlıqdan susub danışmadı. Nəhayət, Anteya dilləndi:
– Bağışlayın, – o, üzünü yanında dayanmış iri mavi gözləri və qızılı rəngli dalğalı saçları olan Ceynə tutub dedi, – bir az əvvəl burada iki oğlan və bir qız var idi, onların hara getdiklərini görmədiniz ki?
Qız bacısı Ceyni və qardaşlarını tanıya bilməmişdi.
– Elə mən də sizdən bunu soruşmaq istəyirdim, – Ceyn dedi.
Bu vaxt Siril qışqırdı:
– Ceyn, bu sənsən! Önlüyündə dəlik var idi, ondan tanıdım. Anteya, bu da sənsən! Bax, cibindən dəsmal sallanır. Üstündə də qan ləkəsi var. Dünən əlini kəsmişdin, sonra bu dəsmalla sarımışdıq. İşə bir bax! Deməli, o bizim arzumuzu yerinə yetirib! Deyin görüm, mən də yaraşıqlı olmuşam?
– Siril, bu sənsən? – Ceyn təəccüblə dilləndi. – Əvvəlki görkəmin mənim daha çox xoşuma gəlirdi. İndi buruq saçlarınla lap kilsə xorunda oxuyanlara oxşayırsan! Hə, bu da, yəqin, Robertdir. Lap italiyalı şarmanka[4] çalanlara bənzəyib ki! Saçları da zil qara!
– Siz də Milad açıqçalarının üstündəki səfeh qızlara oxşayırsınız! – Robert acıqla dilləndi. – Ceyn, sənin saçların lap yerkökü rəngindədir!
– Yaxşı, dalaşmayın! – Anteya uşaqları sakitləşdirməyə çalışdı. – Gəlin Quzunu da götürüb evə qayıdaq. Nahar vaxtı yaxınlaşır.
Elə bu vaxt bayaqdan isti qumun üstündə yuxuya getmiş balaca gözlərini açdı. Uşaqlar qorxa-qorxa ona baxdılar. Yox, körpədə bir dəyişiklik yox idi. Uşaqlar dərindən nəfəs aldılar.
Anteya hamıdan qabaq Quzunun yanına qaçıb qollarını ona tərəf açaraq:
– Gəl qucağıma, balaca, – dedi.
Uşaq ona tərəddüdlə baxıb quma batırdığı baş barmağını ağzına soxdu.
– Gəl, balaca, – qız bir də dilləndi.
– Get! – uşaq qışqırdı.
– Yaxşı, onda mənim qucağıma gəl, – Ceyn dedi.
Balaca ağlamağa başladı.
Bu vaxt Robert irəli durub:
– Hə, cavan oğlan, gəl çiynimə çıx görüm, – dedi.
Lakin balaca yenə kirimədi. Birdən uşaqlar nə baş verdiyini anladılar: Quzu onları tanımamışdı! Axı Sammied uşaqların görünüşünü tamam dəyişdirmişdi! Quzuya qardaş-bacılarının şən, doğma, tanış gözlərinin yerinə iri, qəşəng, ancaq tamamilə yad gözlər baxırdı.
Uşaqlar bir müddət çaşqınlıq içində bir-birinə baxıb qaldılar. Nəhayət, Siril irəli durub Quzunu qucağına götürməyə cəhd elədi. Ancaq uşaq bu dəfə elə ucadan qışqırıb ağlamağa başladı ki, elə bil ətini kəsirdilər.
– İşə bir bax! İndi balaca qardaşımızla təzədən tanış olmalıyıq! Bu ki dəhşətdir! – Siril dedi.
Onlar düz bir saat balacanı dilə tutmaq üçün əlləşdilər. Nəhayət, uşaq sakitləşəndən sonra evə yollana bildilər.
– Tanrıya şükür! Gəlib çatdıq, – Ceyn dedi.
Dayə Marta qapının ağzında dayanmışdı.
– Balacanı götür, – Ceyn qucağındakı uşağı ona tərəf uzatdı.
Marta təşvişlə körpəni ondan alıb soruşdu:
– Siz kimsiniz? Bəs bizim qalan uşaqlar hanı?
– Bizik də, tanımadın? – Robert dilləndi.
– Necə yəni bizik? Siz kimsiniz ki? – dayə çaşqınlıqla bir də soruşdu.
– Sənə deyirəm ki, bu bizik, sadəcə, bir az dəyişmişik, daha qəşəng və yaraşıqlı olmuşuq, – Siril izah eləməyə çalışdı. – Mən Siriləm, bunlar da o biri uşaqlardır… Acından ölürük, imkan ver, evə girək.
Di gəl bu sözlərin Martaya heç bir təsiri olmadı. Dayə cəld içəri girib qapını uşaqların üzünə bağlamaq istədi.
– Haqlısan, biz özümüzə oxşamırıq, – bu dəfə Anteya onu dilə tutmağa çalışdı. – Mən Anteyayam. Yanımdakılar da bacı-qardaşlarımdır. Biz çox yorulmuşuq və acmışıq. Nahar vaxtı çoxdan keçib.
– Gedin, haradan gəlmisinizsə, orada da nahar edin, – Marta qəzəblə dedi. – Əgər bu səfeh oyunu quran bizim uşaqlardırsa, buna görə paylarını alacaqlar! Onlara elə bu cür də çatdırın. Qoy bilsinlər ki, evdə onları nə gözləyir!
Qadın bunu deyib qapını çırpıb bağladı. Siril qapının zəngini basmağa başladı. İntəhası cavab verən olmadı. Sonra Marta başını yataq otağının pəncərəsindən çölə uzadıb:
– Əgər elə bu dəqiqə çıxıb getməsəniz, polisləri bura tökərəm! – dedi.
– Burada dayanmağın mənası yoxdur, – Anteya ah çəkərək dilləndi. – Nə qədər ki bizi həbs etməyiblər, çıxıb getsək yaxşıdır.
– Məncə, günəş batandan sonra biz əvvəlki görünüşümüzə qayıdacağıq, – Ceyn dedi.
– Birdən biz də o meqateriyalar kimi daşa dönsək, onda necə? – Anteya titrək səslə dilləndi. Sonra da ağlamağa başladı. Ceyn də ona qoşuldu. Oğlanların isə qorxudan rəngi ağarmışdı.
Uşaqlar yenə bir neçə dəfə dayəni dilə tutmağa çalışsalar da, bunun heç bir faydası olmadı. Nə etməli idilər? İndi onlar heç özləri belə bir-birini tanıya bilmirdilər, kim olduqlarını başqalarına necə başa sala bilərdilər axı?! Bircə səsləri əvvəlki kimi qalmışdı.
– İnanmıram ki, biz sabaha kimi daşa dönək, – Robert dedi. – Sammied söz verdi ki, sabah bizim daha bir arzumuzu yerinə yetirəcək. Xahiş edərik, bizi əvvəlki görkəmimizə qaytarsın. Ancaq o vaxtadək daşa çevrilsək, heç nə!
– Düz deyirsən, – qalan uşaqlar onun sözünə qüvvət verdilər. Lakin onların səsində əminlikdən əsər-əlamət yox idi…
Nəhayət, aclıqdan və yorğunluqdan dördü də bağdakı otların üstündə oturub mürgüləməyə başladı. Bir müddət beləcə keçdi.
Anteya hamıdan qabaq yuxudan oyandı.
– Ey, oyanın! – qız qışqırmağa başladı. – Biz daşa dönməmişik! Siril, sən yenə əvvəlki kimi eybəcərsən! Gözlərin də balacadır, üzündəki çillər də öz yerinə qayıdıb! Nə yaxşı oldu! Hamımız yenə əvvəlki kimi görünürük!
Onlar sevinə-sevinə evə tələsdilər. Qapıdan içəri girər-girməz Marta dil boğaza qoymadan onlara evə gəlmiş yad uşaqlar barədə danışmağa başladı.
– Elə qəşəng idilər, elə qəşəng idilər, gəl görəsən! Ancaq nə olsun, hamısı tərbiyəsiz və ədəbsiz uşaqlar idilər! Dəhşət!
– Hə, – Robert sakitcə başını tərpədib dedi, – bilirik, bilirik…
Martaya vəziyyəti izah etməyin heç bir mənası yox idi.
– Bəs siz bütün günü harada avaralanırdınız? – dayə maraqla soruşdu.
– Buralarda idik.
– Elə isə niyə evə belə gec gəldiniz?
– Hamısı onların ucbatından oldu, – Anteya fikirləşmədən dilləndi.
– Kimin?
– O qəşəng qızlarla yaraşıqlı oğlanların. Onlar gün batmamış bizi evə buraxmaq istəmirdilər. Bilirsən necə zəhlətökən uşaqlar idilər! Yaxşısı budur, bizə yemək ver. Özü də, bir az tez ol, lap acından ölürük.
– Bu barədə hələ fikirləşməliyəm, – Marta deyinməyə başladı. – Bütün gün, kim bilir, haralarda veyillənmisiniz. Qoy bu sizə dərs olsun ki, bir də belə iş tutmayasınız, tanımadığınız uşaqlara qoşulmayasınız. Əgər bir də həmin uşaqlara rast gəlsəniz, kəlmə də kəsməyin! Bildiniz! Dərhal onların yanından uzaqlaşın! Özü də gəlib mənə xəbər verin!
– Yaxşı, – Anteya hamının adından söz verdi. – Bir də onları görsək, mütləq sənə deyərik!
Gözünü masanın üstündəki yeməklərə zilləmiş Robert hövsələsiz halda dedi:
– Biz var gücümüzlə çalışarıq ki, bir də onlarla qarşılaşmayaq.
Həqiqətən də, onlar bir daha rastlaşmadılar…
О проекте
О подписке
Другие проекты
