Читать книгу «Beş uşaq və O» онлайн полностью📖 — Эдит Несбит — MyBook.
image

II fəsil. Qızıl pullar

Həmin gecə Anteya çox aydın şəkildə qəribə bir yuxu gördü. Yuxusunda leysan yağışın altında zooparkda gəzirdi və nədənsə çətiri də yox idi. Yağışdan xoşları gəlməyən heyvanlar narazı halda deyinirdilər… Bu yerdə Anteya gözlərini açdı. Nə qədər qəribə də olsa, yağış və səs hələ də davam eləyirdi. Məlum oldu ki, bir gün əvvəl soyuqlayan Ceynin burnu tutulub, odur ki yuxuda xoruldayır. Anteyanın yuxuda ikən qulağına gələn səs də elə bu imiş. Ceynin başının üstündə dayanmış Robert isə əlindəki yaş dəsmalın ucunu sıxaraq suyu qızın üzünə damcıladırdı ki, yuxudan oyatsın.

– Eləmə! – Anteya qardaşının üstünə qışqırdı. – Görmürsən, yatıb?

– Yaxşı, yaxşı, – Robert dərhal dəsmalı bir kənara tulladı.

– Bilirsən necə qəribə yuxu gördüm! – Anteya dedi.

– Mən də! – səsə yuxudan oyanan Ceyn dilləndi. – Yuxuda gördüm ki, biz qəribə bir məxluqu qumun altından qazıb çıxarırıq. O bizə deyir ki, qum pərisidir. Adı da Sammieddir. Hə, üstəlik, biz ondan hər gün bir arzumuzu yerinə yetirməsini xahiş edə bilərik!

– Bir dəqiqə, dayan görüm. Axı mən də bu yuxunu görmüşəm, – Robert onun sözünü kəsdi. – Otağınıza da elə ona görə gəlmişdim ki, yuxumu sizə danışım. Hə, biz arzumuzu ona dedik. Niyəsini bilmirəm, lakin siz ondan çox səfeh bir şey istədiniz: dediniz ki, qoy Sammied bizi çox qəşəng və yaraşıqlı uşaqlara çevirsin. Belə də oldu, lakin bunun bizə ziyandan başqa heç bir xeyri dəymədi.

– Bir neçə nəfər eyni yuxunu görə bilməz axı! – Anteya qışqırdı. – Düzdür, mən yuxuda heyvanat bağında gəzirdim, üstəlik, güclü yağış da yağırdı. İntəhası bundan əvvəl sizin gördüyünüz yuxunu mən də görmüşdüm. Hətta davamını da danışa bilərəm: Quzu bizi tanımayıb ağlamağa başladı. Dayə isə evə girməyimizə icazə vermədi…

Bu vaxt o biri otaqdan Sirilin səsi gəldi:

– Bir az tələs, Robert! Əgər bu dəqiqə əl-üzünü yuyub saçını daramasan, yenə səhər yeməyinə gecikəcəksən!

– Yaxşısı budur, sən özün bura gələsən, – Robert qardaşını qızların otağına çağırdı.

Siril yarıgeyinmiş vəziyyətdə qapının ağzında göründü.

– Qulaq as, – Anteya dedi, – biz hamımız bu gecə yuxuda qum pərisi görmüşük.

– Nə yuxu! – Siril istehza ilə dilləndi. – Uşaq ki uşaq! Siz axı nə vaxt böyüyəcəksiniz? Bu, yuxu-zad deyil. Bütün bunlar, həqiqətən, olub, bildiniz? Elə ona görə də bu gün yuxudan tez durmuşam. Səhər yeməyindən dərhal sonra Onun yanına yollanıb növbəti arzumuzu deyəcəyik. Lakin gərək nə arzulayacağımızı əvvəlcədən yaxşıca götür-qoy eləyək ki, başımıza dünənki kimi iş açmayaq.

Anteya hələ də qardaşının dediklərinə inana bilmirdi, ancaq bir qədər sonra səhər yeməyi üçün mətbəxə gedəndə Martanın hələ də dünənki uşaqların qarasınca deyindiyini gördü və başa düşdü ki, bütün bunlar, həqiqətən də, baş verib. Marta da onlarla eyni yuxunu görə bilməzdi axı!

– Çünki Marta həmişə «Yuxuyozma kitabı»nda izahı olan yuxular görür, – Anteya fikrini əsaslandırmağa çalışdı. – Səhər də duran kimi həmin kitaba baxır. Məsələn, əgər toy görsən, deməli, dəfn mərasiminə gedəcəksən, ilan görsən, kimsə sənə xəyanət edəcək. İlbiz isə körpə uşaq deməkdir.

– Uşaq demişkən, – Siril onun sözünü kəsdi, – bəs Quzu hanı?

– Marta bu gün Roçesterdəki qohumlarıgilə baş çəkmək istəyir, Quzunu da özü ilə aparacaq, – Ceyn dedi. – Anam icazə verib. İndi uşağı geyindirir.

– Roçesterə qədər Quzunu çiynində necə aparacaq? – Siril təəccüblə soruşdu.

– Marta karet tutub.

– Gəlin onları yola salaq, – Siril təklif elədi. – Birincisi, tərbiyəli adamların hamısı belə hərəkət eləyir, ikincisi də, əmin olarıq ki, bütün gün onlardan canımız qurtaracaq.

Marta yaxşıca geyinib-kecinmişdi, əynində çəhrayı rəngli bayram libası, başında isə üstündə göy rəngli çiçəkləri olan mavi şlyapa vardı. Quzuya da qəşəng gödəkçə geyindirmiş, başına papaq qoymuşdu.

Uşaqlar onları yolayrıcına kimi ötürüb karetə mindirdilər.

– Hə, indi qaçdıq Sammiedin yanına, – karet gözdən itən kimi Siril qışqırdı.

Onlar yolboyu qum pərisindən hansı arzularını yerinə yetirməsini istəyəcəklərini uzun-uzadı müzakirə elədilər. Lakin ağıllarına heç nə gəlmədi.

Uşaqlar dünən Sammiedin qum altında gizləndiyi yeri xırda daşlarla işarələmişdilər, odur ki tapmaq çətin olmadı.

– Bəlkə, bu, doğrudan da, yuxu idi, onda necə? – uşaqlar qumun altından bellərini tapıb çıxaran vaxt Robert dedi.

– Bəlkə, sən bir az ağıllı olasan, – Siril onu sancdı.

– Bəlkə, sən bir az nəzakətli olasan, – Robert də söz altında qalmadı.

– Bəlkə, bu dəfə biz qızlar arzumuzu deyək, sizin dalaşıb qurtarmağınızı gözləməyək, hə? – Ceyn gülərək dedi.

– Bəlkə, sən burnunu hara gəldi soxmayasan, – Robert qızın sözünü kobudluqla kəsdi.

– Yaxşı, dalaşmayın, – Anteya aranı sakitləşdirmək üçün dilləndi. – Arzumuzu isə birlikdə fikirləşib qərar verərik. Bunun üçün hələ vaxtımız var.

Onlar bir qədər düşünüb-daşındıqdan sonra işə başladılar…

– Qumu ehtiyatla qazın, – Robert dedi, sonra nə düşündüsə, əlavə elədi: – Hətta, yaxşısı budur, əlimizlə qazaq.

Onlar belə də elədilər və çox keçmədən qəribə gözlü tüklü məxluq yenidən uşaqların qarşısında peyda oldu.

Hamı dərindən nəfəs aldı: deməli, dünən baş verənlər heç də yuxu deyilmiş!

Sammied qumun üstündə oturub silkindi.

– Bu gün bizim arzumuzu yerinə yetirməyə hazırsınız? – Siril soruşdu. – Lakin bizim bir yox, iki arzumuz var. Doğrusu, biri o qədər də əhəmiyyətli deyil.

– Bilirsiniz nə var, – Sammied sözə başladı, – siz gəlib çıxana kimi elə bilirdim, bütün bunları yuxuda görmüşəm. Çünki bəzən çox qəribə yuxular görürəm.

– Doğrudan? – Ceyn təəccüblə soruşdu. – Necə maraqlıdır! Çox istərdim ki, bizə öz yuxularınız barədə danışasınız.

– Sizin bugünkü arzunuz budur? – Sammied təəccüblə xəbər aldı.

Bunu eşidən Siril dodağının altında donquldanmağa başladı: «Bu qızlarla nə edəsən axı!»

O biri uşaqlar isə susurdular. Nə deyəydilər? Əgər «hə» desələr, bayaqdan bəri güclə fikirləşib tapdıqları arzularından əl çəkməli idilər. «Yox» desələr, nəzakətsizlik olardı. Lakin Sammied onları bu vəziyyətdən xilas elədi.

– Əgər yuxularımı sizə danışmağa başlasam, ən xırda arzunuzu belə yerinə yetirməyə gücüm qalmaz. Ona görə də ən yaxşısı budur, deyin görüm, arzunuz nədir?

– İstəyirik ki, evimizdəki qulluqçu qadın sizin elədiklərinizin fərqinə varmasın, – Robert dedi.

Sammied yenə ovurdlarını şişirib gözlərini bərəltdi, sonra ağzındakı havanı bir anda çölə buraxdı.

– Vəssalam, alındı, – o dedi. – Bu bir o qədər də çətin arzu deyildi. Bəs əsas arzunuz nədir?

– İstəyirik ki, həddən artıq varlı olaq! – Robert alçaq səslə dilləndi.

– Tamahkarlığa bir bax! Yaxşı, siz deyən olsun, – Sammied dedi. – Lakin bu sizə sevinc bəxş etməyəcək.

Bundan sonra qum pərisi dodağının altında nəsə mızıldandı, ardınca isə əlavə elədi:

– Deyin görüm, nə qədər var-dövlət istəyirsiniz? Bir də kağız pulla, yoxsa qızıl?

– Qızıl, qızıl! – uşaqlar qışqırışdılar. – Özü də lap çox!

– Əgər bu karxananı qızıl pulla doldursam, sizə bəs eləyər?

– Hə! Hə!

– Yaxşı, onda karxanadan çıxın, yoxsa qızılın içində batıb qalarsınız, – Sammied onlara xəbərdarlıq elədi. Sonra qollarını irəli uzadıb elə möhkəm fırlatmağa başladı ki, uşaqlar qorxudan dərhal karxanadan sıçrayıb çıxdılar və qum daşıyan arabaların keçdiyi yola tərəf götürüldülər. Burada ayaq saxlayıb arxaya boylandılar və dərhal da gözlərini qıymalı oldular: dərənin içi qızıl pullarla dolmuşdu, özü də qızıllar elə parıldayırdı ki, adamın gözü qamaşırdı! Sanki yay günü günorta vaxtı günəşə baxırsan.

Karxana ağzına kimi qızıl sikkələrlə dolmuş, ətrafa da bir xeyli pul səpələnmişdi. Uşaqlar geri qayıtdılar.

Robert əyilib yerdəki qızıllardan birini götürdü.

– Axı bunlar tanış sikkələr deyil, – o qışqırdı.

– Nə olsun, qızıldan düzəldilib ki! – Siril etiraz elədi.

Sonra uşaqlar sevincək atılıb-düşməyə, bir-birinə aman vermədən danışmağa başladılar. Onlar qızılları ovuclayıb tökür, pulların çıxartdığı cingiltiyə qulaq asırdılar. Uşaqlar hətta bunların qızıl pul olduğunu belə unudub adi daşlarmış kimi onlarla oynayırdılar. Birdən Robertin ağlına gəldi ki, Ceyni qızıl pulların içində basdırsın. Eynilə dəniz kənarında bir-birini quma basdırdıqları kimi… Di gəl Ceyn buna imkan vermədi:

– Dayan! Qızıllar çox ağırdır. Məni əzə bilərsən!

– Qulaq asın, uşaqlar! – Siril birdən qışqırdı. – Biz niyə burada vaxt itiririk axı? Gəlin ciblərimizi qızıllarla doldurub buradan əkilək. Yaddan çıxartmayın ki, günəş batan kimi bu pulların hamısı yoxa çıxacaq. Görün nə deyirəm, yaxınlıqdakı kənddə arabaya qoşulmuş poni satırlar.

– Sən onu almaq fikrindəsən? – Ceyn soruşdu.

– Yox, almaq niyə? İcarəyə götürərik. Sonra da Roçesterə yollanarıq. Oradan istədiyimiz hər şeyi alarıq. Hərə gücü çatan qədər qızıl pul götürsün. Düzdür, bunlar bir az qeyri-adi pullardır, lakin heç nə olmaz. Yığın!

Sonra Siril yerdə oturub öz ciblərini doldurmağa başladı. Onun nə az, nə çox, düz doqquz cibi var idi. Oğlan bütün ciblərini qızılla doldurdu. Sonra burun dəsmalına da qızıl pullardan yığıb düyün vurdu. Bir xeyli qızıl pulu da köynəyinin altına doldurdu. İntəhası ayağa durmaq istəyəndə gücü çatmadı, səndələyib təzədən yerə oturdu. Uşaqlar ona baxıb güldülər.

– Göyərtədəki yükün yarısını boşaltmasan, gəmin dənizin dibinə gedəcək, – Robert gülərək dedi.

Nəhayət, uşaqlar yola düzəldilər. Kəndə kimi tozlu yolla düz bir mil yol getmək lazım gəlirdi.

Günəş adamı yandırıb-yaxırdı. Uşaqların ciblərindəki qızıllar isə sanki get-gedə ağırlaşırdı.

– Onsuz da bu qədər pulu dərhal xərcləyə bilməyəcəyik, – Ceyn dedi. – Mən öz pullarımın bir hissəsini bax burada kolların altında gizlədəcəyəm. Bir də yaxşı olar ki, kəndə çatanda özümüzə bulka alaq, elə acmışam ki!

Uşaqlar hərəsi pullardan bir ovuc götürüb kolların altında gizlətdilər. Lakin yenə də bu qədər yüklə yerimək çətin idi. Odur ki bir qədər sonra yenə ayaq saxlayıb qızılların daha bir hissəsini də gizlətdilər. Buna baxmayaraq onlar kəndə gedib çatanda hələ xeyli pulları qalmışdı.

Başdan-ayağa toz-torpaq içində olan bu yorğun-arğın uşaqları görənlərin ağlına da gəlməzdi ki, onlar belə varlıdırlar!

Uşaqlar kəndə çatar-çatmaz qarşılarına çıxan birinci skamyaya oturdular. Bu skamya «Mavi çöldonuzu» adlı mehmanxananın qarşısında idi.

Anteya dedi:

– Uşaqların belə yerlərə girməsinə icazə yoxdur, ora yalnız kişilər gedə bilərlər. Ən böyüyümüz Sirildir, qoy o getsin və mehmanxananın içindəki yeməkxanadan bir şüşə zəncəfilli limonad istəsin.

Bundan sonra Siril mehmanxanaya yollandı. Qalan üç uşaq isə onun arxasınca baxırdı.