…Moskvada keçirilən yay Olimpiya oyunlarının başlanma ərəfəsində “N” saylı hərbi – təlim hissəsindən çavuş rütbəsiylə Macarıstana göndərilmək əmri aldıq. Yeni qurğuların sirrlərinə bələd olmağımıza altı ay vaxt bəs etmişdi. Yoldaşlarımızdan çoxunu Almaniyaya, Polşaya təyin etmişdilər. Macarıstana dörd nəfər: baş çavuş Valeryanov, çavuşlardan mən, Andrey Sokolov və Stepan Drazdov uçmalıydıq. Amma nədənsə hərbi aerodromda hamımızı bir təyyarəyə mindirdilər. Hamımız çaş-baş qalmışdıq. Bizə heç nə demədiklərindən fikirləşdik ki, qənaət məqsədiylə yəqin birinci Polşaya gedənləri, sonra bizi və “alman” ları düşürdəcəklər. Allah bilir nə qədər uçduq. Ağır yuk təyyarəsinin gurultusu səhər işıqlananda kəsdi. Təyyarənin qapısı açılar-aşılmaz onsuz da boğanağ bürümüş salona ərimiş qətran qoxulu isti hava hücum edəndə başa düşdük ki, alp çəmənlikləri əvəzinə qızmar günəşin təşnəsində qovrulan səhralıq və getdikcə göy qübbəsinə ucalan bomboz dağlar silsiləsinin qoynundayıq. Yerimizdəcə donub qalmışdıq. Qulaqlarımız tutulmuşdu. Bir yandan da yuxusuzluq və aclıq bizi haldan salmışdı. İlk öncə səyyar mətbəxə gətirdilər… (Sonralar… ya dizimiz, ya da daş-kəsək üstündə yeməyə öyrəşəndə bu biyöndəm mətbəxi şah sarayı kimi yada salacaqdıq.)
Bir neçə ay harada olduğumuzu hərbi sirr kimi gizlətsələrdə Əfqanıstanda başlayan müharibədən xəbərdar idik:” deməli bizi ölülərin yerini doldurmaq üçün gətiriblər!”
Burada tank əleyhinə kadrlara ehtiyac yox idi, çünki əfqanlar dağlarda, qayalıqlarda daha peşəkar döyüşürdülər. Biz səhərdən axşama kimi hərbi təlim keçir, bir neçə saat çadırda, bəzən özümüz qazdığımız birnəfərlik səngərdə, bəzən də eləcə daş, qaya kölgəsində yuxumuzu alırdıq. Çox vaxt nəinki yuyunmağa, hətta içməyə belə su tapılmırdı. Kir basmış bədənimiz qaşınmaqdan qartmaq bağlamışdı; formamızla dərimizin rəngi bu ilan mələyən səhraların rəngiylə eyniləşdi. Sovet hərbi hissələrində ipə-sapa yatmayan gizirlər, rütbələri aşağı salınmış, xidmətdən bezmiş nə qədər mayor, polkovnik var, hamısını seçib göndərmişdilər bu ölüm düşərgəsinə. Onsuz da “bəxti gətirməyənlər” siyahısında olan bu zabitlərin itirəcəyi heç nə yox idi, ona görə də acıqlarını bizdən alırdı it uşağı…
…Çalışırdım söhbətim onu yormasın. Amma maraqla qulaq asdığını görsəm də nəzakət xətrinə aradabir “səni yormuram ki? “ deyə soruşurdum. Mədət “məmuniyyətlə dinləyirəm “ deyib döşəkçələrin üstündə yerini rahatlayırdı…
…Mənim Andreylə dostluğum hələ “uçebka” nın ilk günlərində başlamışdı. Karantin dövründə onu yerliləri – moskviçlər xırd-xəşil eləmişdilər. Andrey onsuz da çəlimsiz uşaq idi, elə bil xəstəydi. Onu döyməyə nə vardı ki! Hə, sən demə Andreyin atası Moskvada çox yüksək vəzifədəymiş. Mən bunu sonralar bildim. Təsadüfə bir bax, Andreyin atası Almaniyaya təyinat almış Qlebin atasını böyük fırıldaqçılığa görə həbs etdiribmiş. Əsgərliyə bir çağırılmaları da, bir yerə düşmələri də çox müəmmalıydı. Sanki qurama iş idi – intiqam almaq, sakitləşmək üçün yaradılmış məqammış… Biz Macarıstana “düşəndə”, onun adının başqa siyahıda olduğunu eşidən dostumun necə sevindiyinin şahidiydim… Bu sevinc yük təyyarəsinin yerə endiyi vaxta qədər uzandı. Xeyli vaxt bu qədər təsadüfün bir araya gəlməsində hansısa mif, sirr axtarırdım. Sonra başa düşdüm ki, yox, bu təsadüf də deyilmiş, bu Tanrının qismət imiş!
Yumru sifətinə yaraşan nazik burnuna, çəlimsiz, sümüklü qollarına, incə barmaqlarına baxanda orta boylu Andreyi, şıltaq məmur uşağından çox imkansız fəhlə ailəsindən çıxmış, təzəcə yataq xəstəliyindən qalxmış insana bənzədərdin.İlk günlər diqqətimdən kənarda olan bu oğlanı o gecə, kazarmanın tualetində al-qan içində görəndə onun məndən imdad diləyən acizanə gözlərində yığılmış kədəri hələ də unuda bilmirəm…
Növbətçinin xəbəri olmalıydı. Gecə Andreylə kimin və ya kimlərin ayaqyoluna girdiyini öyrənib Qlebi, Timofeyi oyatdım. Hamı mənim idmaçı olduğumdan xəbərdar idi, lakin, gücümü heç kəsə “göstərməmişdim”-bunu yekəxanalıq sanırdım. Sən demə, hər yerdə olduğu kimi burda da gərək güc göstərib tanınasan, yoxsa batdın…
Birinci, çarpayıda xoruldayan serjantı duyuq salmamaq üçün yuxulu-yuxulu gözlərini ovuşduran Timaya “suşilka” da gözləyəcəm deyə pıçıldayanda, əvvəlcə heç nə başa düşmədi, sonra özünü sındırmadan durub geyinməyə başladı. Qlebin rəngi isə ölü rəngindəydi. Yarıqaranlıq kazarmada iki dümsükdən sonra gözlərini açıb damarları gərilmiş sifətimi görəndə dik durdu, üst paltarını belə geyinmədi; qorxmuşdu yaman!
Beş dəqiqədən sonra rütubət və nəm paltarların qoxusu bürümüş otaqda görüşdük. Onlardan niyə Andreyi o hala saldıqlarını soruşdum. Dinmədilər. Daha doğrusu bir-birinə baxıb “sənin nəyinə gərəkdir?” ya – “kakovo xrena tı dopros ustroyiş? “Ya da: “Da kto tı vooşşe?.. ” kimi sualları ürəklərində götür-qoy edirdilər ki, Qlebdən daha bədənli, möhkəm əzələli olan Timofeyin göbəyinə bir neçə yumruq vurdum. O qəfil zərbədən qarnını ikiəlli qucaqlayıb zarıdı, “tvoyu ma-aat!” deyərək səngidi. Arxasını deməyə imkan vermədim; sinəsinə vurduğum ikinci zərbədən arxası üstə divarboyu qurudulmaq üçün taxta asılqandan sallanan nəm formalara ilişib yerə sərildi. Qleb sarılığın udmuşdu. Üstünə yeriyəndə ki, növbə sənindir başının, ağız-burununun qanını yuyub təmizləmiş Andrey otağa girdi. Danışmağa halı olmasa da xahiş etdi ki, növbətçi serjantı oyatmamış dağılışaq, yoxsa axırı pis olar. “Qalsın sonraya…” deyib dağılışdıq. Amma barışıq olmadı.
Əlbəttə, zabit, serjant nə baş verdiyini təxmin etsələr də, kişilik məktəbi deyilən əsgərliyin öz yazılmamış qanunları var axı; aciz də olsan satqınlıq etməməlisən! Heç kəs, hətta ən çox ehtiyat etdiyimiz ağciyər Qleb də heç kəsi ələ verməmişdi. Və sandım ki, hər şey bununla da ötüşdü…
Əfqanıstana gələndən sonra bu cəhənnəmin içində, amansız düşmənlə üzbəüz, hərə öz canının hayına qalanda da mən ömürlük dost olacağımıza söz verdiyim Andreyi gözümdən kənar buraxmırdım; hiss edəndə ki, səni qarabaqara izləyən kabus həmişə sənin arxandadır və bu kabusun əlində hər an “ehtiyatsızlıqdan” açıla biləcək Kalaşnikovu var – Allahın da üz döndərdiyi Əfqanıstan çöllərində bu ən ucuz və mənasız ölüm ola bilərdi. Mən onu bu kabusdan qoruyurdum.
Bizi hələ döyüşə aparmırdılar. Əfqan mücahidlərinin döyüş taktikasına nabələd sovetlər mənasız itkilər verdiyindən, yerli relyefi uçurum qayalıqlardan, bomboz uzanıb gedən dağlardan ibarət olan döyüş meydanını daha yaxşı mənimsəmək üçün gecə-gündüz kəşfiyyat qruplarının gətirdiyi məlumatlardan bəhrələnir, gah qayalardan, gah da sanki yerin altından gözlənilmədən peyda olacaq düşmənə sərrast və daha az itkiylə cavab vermək taktikası hazırlayırdılar. Zabitlərimiz də bu cəhənnəm iztirabına uyğunlaşdıqca, hələ ki, ayaqda olan əsgərin qiymətini bilməyə başlamışdılar deyəsən: hardansa, içməyə yaramasa da su tədarük edilmiş, quru çörək, konserva payımızı artırmışdılar. Sonra başa düşdük ki, yox… bu qayğı deyilmiş – təhlükəni anbaan gözləyən Böyüklərin ölüm qabağı Kiçiklərə olan minnətiymiş. Gözü və qarnı ac döyüşçü gülləsiz də ölüdür! Onsuz da müharibələrdə döyüşən əsgər, hər an bir süngünün, bir güllənin, partlayacaq bir minanın hədəfindədir. Hər əsgərin məhvi isə zabitlərin özünü ölümə daha da yaxınlaşdırır… Hər kəsin sifətində “bu müharibənin bizə, mənə dəxli yoxdu “ sözləri aydınca yazılsa da bunu dilinə gətirəcək, üsyan edəcək qədər gücsüz idik. Əlac vardımı? Bu dövlətdə xalq bir ovuc qum qədər qiymətsiz, bir insan tirdəki nişangah kimi qəpiklə ölçülən bir şey olduğunu kim bilmirdi ki? Hamı bununla barışmışdı. Heç kəs ölmək istəmirdi. Heç kəs belə tez ölmək istəmirdi.
Gecə, həyacan siqnalı əfqanların qəfil basqınından bir neçə saniyə gec verilmişdi. Qanlı döyüş başladı. Avtomatlar şaqqıldadıqca vıyıldayan güllələr göy üzündə bir atəşfəşanlıq yaratmışdı ki!.. Qonşu düşərgədə toplardan atəş açılmasaydı bir göz qırpımında hamımızı it kimi gəbərdəcəkdilər. Amansız döyuş yarım saatdan az çəksə də mənə elə gəldi bu dəhşətin sonucu olmayacaq…
Polkovnik Romanov özündən çıxmışdı; kəşfiyyatın məlumatına görə çalmalılar çox uzaqda olmalıydı. Sanki göydən düşdülər, bəlkə də yerdən çıxdılar – bilmək olmurdu. Gəldikləri kimi də cəmi üç nəfər itki verərək yoxa çıxdılar. Bizim itkimiz isə iyirmi beşi keçmişdi. Öldürülənlərin çoxu keşikdə duranlar idi – yazıq uşaqların başlarını qurbanlıq qoyun kimi xirtdəyindən üzmüşdülər. Özümü tanıyandan bu qədər qan görməmişdim.
Səhər meyidləri “Ural” a yükləyəndə bildim ki, Timofeyi də evlərinə “göndərirlər”…
Onu döydüyümə görə çox heyfisləndim.
O gündən daha ayıq-sayıq olmağı tapşıran polkovnik Romanov bütün zabitlərə əmr verdi ki, gecə – gündüz gözətçiləri postlara cüt-cüt qoysunlar.(Əlbəttə! Canlı hədəf deyildikmi?!)
…Yaxınlıqdakı dərənin o üzündə balaca kənd vardı. Kəşfiyatın məlumatına inamını itirən polkovnik əmr verdi ki, çalmalıların – əfqan mücahidlərinini gizlənib-gizlənmədiyin dəqiqləşdirmək üçün ora başqa dəstə göndərmək lazımdır.
Dəstənin başçısı leytenant Kostalevski məni, Qlebi, bir də tacik Parvozu seçib hazırlıq görməmizi əmr edəndə Andreyin də dəstəmizə qoşulmasını xahiş etdim – bilirdilər – özümdən aralı qalmasını istəmirdim. Qəribədir, leytenant Andreyin zəif görünüşünə baxmayaraq ürəyində “bu ələngəni niyə əsgər çağırıblar” deyə ağzını büzdüsə də, razılaşdı.
Mən bu cəhənnəmə düşəndən sonra “uçebka” da baş vermiş əhvalatı unutmuşdum. Hər saniyə ölüm qoxusu gələn tozanaqlı əfqan torpağında elə “xırda” dava-dalaşı yada salmaq, nədənsə, gülünc gəlirdi mənə. Amma indi, Andreyin də bizimlə “fərsiz” kəşfiyatçıların məlumatlarını dəqiqləşdirmək üçün (guya biz kəşfiyyat məktəbin bitirmişdik?!) dəstəyə salınmasını xahiş edəndə Qlebin ətli cəmdəyinə vicvicə düşdüyünü hiss etdim. Timofeyin həlakından sonra artıq güvənəcəyi kimsə də yox idi. Hətta, “o gedirsə… mən qalıram” demək könlündən keçdi də. Amma müharibədə könüldən çox şey keçər. Bizi isə ölməyə gətiriblər bu boz səhralara, ölməyə!..
Yük torbamıza iki günlük “suxoy payok”, hərəyə dörd maqazin patron, qumbara, siqnal raketləri, yağışdan, həm də gecənin soyuğundan qorunmaqçün plaş-palatkamızı götürüb axşamüstü dağlara tərəf yola düşdük. Avtomatın süngüsünü palçıqla sürtürdük ki, qaranlıqda parıldamasın.
Bizim mövqeyimizdən baxanda o nəhəng dərənin üstündəki gil və qamışdan, qaya daşlarından yapılmış kənd ovuc içi kimi görünürdü, amma, ora getmək üçün qarşıdakı sıldırım qayalıqların arasıyla üzüyuxarı getmək, sonra da yol-iriz tapıb aşağıya enmək lazım idi. Tacik balası Parvozdan özgə belə sıldırım dağları görməmiş dəstə üzvlərini çətin və təhlükəli aşırım sehirli qüvvə kimi özünə çəkirdi.
Bir kilometrə yaxın, bəlkə də bir az çox getmişdik ki, narın-narın yağış yağmağa başladı – yayda, ilanmələyən bu yerlərdə nə bivaxt yağış idi, anlamadıq. Cavan leytenantımız avtomatları qundağı yuxarı asmağı əmr etdi ki, süngülərə vurduğumuz palçıqğı yağış yumasın. Elə də etdik. Plaşlar uzun və gen idi, yoxsa biz bəstəboy olduğumuzdanmı balağı ayaqlarımıza dolaşdıqca sürüşkən qaya parçalarının üstüylə yerimək çətinləşirdi? Yuxarı çıxdıqca yol bir üzü uçurum, bir üzü də qayalıq boyu dar cığıra çevrilir, ayaqlarımız çəkmələrin içində “oynayırdı”.
Arxada qoyduğumuz müdhiş mənzərə gecənin zülmətində itib-batdıqca haradasa bir ayaq enində ağac parçasının üstündə yeriyən kəndirbaz kimi tarazlığı itirmədən kor-koranə, cınqırımızı belə çıxarmadan qarşımızdakı əcaib qaranlığa sarı gedirdik…
Leytenant bir kaha gördü.” Burda gecələyək!” deyib kahaya girdik. Çörək, tuşonka çıxarıb iştahla yeyəndən sonra plaşımıza bürünüb yatışdıq. Andrey növbə çəkirdi…
…Nə qədər uzaq da olsa o qədər yaxın xatirələrim Mədəti də yaddaşımın izinə salmışdı. Yenə də “yormuram ki?” soruşdum. Marağını gizlətmədi:” Sonra nə oldu?” dedi.
…Səhər açılar – açılmaz gözünün acısını almış leytenant qalxmağımızı əmr etdi. Özümüzü sahmana salıb yola düzəldik. Yağış kəsmişdisə də yöndəmsiz qayaların üstüylə axıb gələn lilli suyun son damcıları, ahəstə-ahəstə dar cığır boyu sərələnmiş qənbər daşların arasıyla süzülüb uçrumun altındakı dərəyə tökülürdü. Yüksəklikdəki axırıncı qayalıqdan dönüb aşırıma düşürdük ki, ucu-bucağı görünməyən boz dağların arxasında günəşin ilk işıltısı gözlərimizi qamaşdırdı.
Bu necə kənddi? Nə bir xoruz banladı, nə azan səsi eşitdik. Səhər isə açılırdı…
Üzü aşağı düşmək bizə asan gəldi. Yağış kəsdiyinə görə yığıb torbamıza qoyduğumuz uzun plaş daha hərəkətimizi ağırlaşdırmır, nə də daş-kəsək altında gillənmiş torpaq daha ayağımız altında laxlamırdı. Bəzən çəpəki, gah biri-birimizdən, gah da yarpaqları mücəlib qurumuş çır alça kollarından yapışaraq axırıncı aşırımı keçib kəndə çatdıq.
Bir tərəfdən dağın sinəsində, bizim düşərgəyə sarı isə dibi görünməyən dərənin beş-on metrliyində yerləşən bu məkan kənddən çox, üstünü çətir kimi bağlayan nəhəng qayalığın altında qurulmuş müvəqqəti sığınacağa oxşayırdı; nə bir ağac, nə bulaq vardı, nə də ins-cins həniri gəlirdi. Sanki, yüz illərdi bura canlı ayağı dəyməyib. Balaca, əyri-üyrü dalana qucaq açmış palçıq daxmalar bir haya bənd idilər ki, ovulub tökülsün, yerlə-yeksan olsun.
Leytenant ətrafı nəzərdən keçirdi.” Bəs hanı bu lənətə gəlmiş düşman? Deməli kəşfiyatçılar düz məlumat veriblər?!” Sakitlik idi. Biz də ogünkü müsibəti yada saldıqca “düşmən” lə üz-üzə gəlmədiyimizə görə gizlincə sevinirdik. Amma bu sevinc üzdə idi, içimizdə anlaşılmaz bir qorxu, ürəyin damarlarını titrədən vahimə vardı. Bunu danmaq mümkün deyil. Beləydi.
Leytenant Kostalevski boynundakı durbinlə ucsuz-bucaqsız dərə boyu uzanan yola nəzarət edir, Parvozla Andrey isə adamı vahiməyə salan ölü kəndin əhatəsində bu yerlərə nabələd insanı ilk baxışdan aldadan oxşar, ekiz təsəvvürü yaradan, əslində isə hər qarışında bambaşqa mənzərə, başqa rəng, min illərin tarix yaddaşı uyuyan boz dağların tilsiminə düşmüşdülər. Qleb avtomatını dizləri arasına sıxıb dərənin uç metrliyində oturmuşdu.
Təzəcə doğmuş günəşin qızılı şüaları qırmızı dağlarda, qayaların arasında gizlənpaç oynadıqca gecənin iliyimizə işləyən soyuğunu diksindirirdi. Hələ sümüklərimizə yeriməyən istinin gücünü bir azdan daha yaxından hiss edəcəkdik. Qəribədir, Qobustan qışlaqlrına daha çox bənzətdiyim əfqan torpağında elə bil günəş kimi dağlar da, çöllər də, hətta otlar da qırmızıya çalır. Qobustandan fərqli olaraq addımladıqca havadan yovşan ətri gəlmir bu yerdə. Yoxsa mənə elə gəlir?
О проекте
О подписке
Другие проекты
