Читать книгу «Qəm yağışı» онлайн полностью📖 — Xaliq Məmmədov — MyBook.

9-cu hissə

İkinci növbə işləyirdim, yay olsa da, çox soyuq, yağışlı hava idi. Sibir təbiəti öz şıltaqlığı ilə həmişə fərqlənir. Yayda qar yağmaq hadisəsi çox da təəcüb doğurmur. Son reysim idi. Bir dövrəm 1 saan 8 dəqiqə çəkirdi. Dayanacaqların birində, sərnişin düşüb-minməyi üçün dayandım. Bu dayanacaq, Baysal yaşayan evə yaxın rayonda idi. Qəfildən İnqanı gördüm. Elektrik dirəyinə söykənib, bir əlində zont, mənə əl edirdi, salamlaşırdı. Qoltuğunda boxca tutmuşdu. Axşam idi, yaxşı havada evdən çölə çıxmayan İnqa, bu soyuqda neynir belə gec? Tez düşdüm soruşum, bəlkə hadisə baş verib.

– Baysalı gözləyirəm, kurtkasını gətirmişəm qabağına. Bir köynəklə çıxıb evdən. Belə soyuqda soyuq dəyər!..

– Çoxdan gözləyirsən?

– Bir saat olar.

– Bəlkə, bir saat da gəlmədi?

– Nə olar! Gözləyəcəm. Belə havada bir köynəklə…

Nə qədər mənə xoş oldu bu sözləri eşitmək! Bu gözəl qayğının, xoş məramlı narahatçılığın şahidi idim.

Dövrəni başa vurdum. Artıq növbəm başa çatmışdı. Yol vərəqini bağladım. Yol aldım qaraja. Birdən yadıma İnqa düşdü. Düşündüm ki, yolda ola bilər hələ. Üzümü saldım bu küçə ilə. İnqa durmuşdu həmin yerdə. Dayandım bir qıraqda, qapını açıb içəri çağırdım. Soyuqdan əsə-əsə girdi içəri.

– Sən yolundan qalma, Azad. Get, mən gözləyəcəm.

– Otur, qızın bir az. Bir yerdə gözləyərik.

Hansı avtobus dayanacağa yaxınlaşırdı, İnqa qaçırdı baxmağa. Heç 20 dəqiqə keçmədi, Baysal düşdü dayanacaqda.

…Adi günlərdən biri idi. Payız təzəcə girmişdi. Dərslər bir neçə gün olardı ki, başlamışdı.

İşim birinci növbə idi. Artıq saatlara qalmaq istəmirdim, həm də maşında müəyyən təmir işləri görülməliydi deyə, növbəmi cədvəl üzrə başa vurdum və axşam üstü saat 5-ə yaxın girdim qaraja. Növbətci mexanikimiz təəccüblə,

– Səndən çıxmayan iş, bu gün tez yekunlaşmısan, – deyərək, maşını qəbul etdi.

– Biz paxıl deyilik. Qoy, başqalarının da imkanı olsun işləyib pul qazanmağa! – zarafatla cavab verdim.

Avtobusu sürdüm dayanacaq yerinə. Yol vərəqini dispetçerin pəncərəsinə ötürdüm. Çıxdım bayıra.

Baysal, həmişə gündüz işlədiyi üçün,saat 5-n yarısı, uzağı 5-də qurtarırdı işi. Mən qaraşdan çıxanda, onların briqadası artıq getmişdilər. İnsitutdan çıxanda onsuz da, görüşəcəkdik.

Gəldim evə, yuyunub «diplomat» adlanan çantamı götürüb çıxdım. O vaxtlar diplomatla gedirdik dərsə, moda belə idi. Həm də kitab-dəftərlər rahat otururdu ora.

Məktəbə adi marşurutla gedəcəkdim. Çıxdım dayanacağa. Bizim parkdan olan “İkarus” markalı avtobusa mindim. Sürücü tanış idi. Zarafatla:

– Piyadasan, Azad? Tələbəvozun bu gün dincəlir, deyəsən?

– Hə, bu gün sərnişinəm.

Dərs başladı, İnqa hələ yox idi. "Yəqin, düşünüblər, mən avtobusla gedəcəm. Məni gözləyiblər və gecikiblər", – deyə düşündüm öz-özlüyümdə. Bu variyant mümkün idi, bir dəfə olmuşdu belə.

Bir saat keçdi, İnqa gəlmədi. Dərs qurtardı, dayanacağa çıxdım tezcə. Bəlkə, Baysal tək gəlib?

Xeyr, İnşaat institutunun tələbələri çıxdılar, tanış bir tələbə gördüm, yaxınlaşıb soruşdum:

– Baysal gəlməmişdiki dərsə?

– Yox, bu gün yox idi, – oldu cavab.

Bir neçə başqa tanış tələbələr də yaxınlaşdılar. Onlar da Baysalın bu gün dərsə gəlmədiyini dedilər. Başa düşüləsi iş deyildi. Mən bilən, oxuduğumuz birinci gündən

ilk dəfə idi ki, istər İnqa, istər, Baysal dərsə gəlməmişdilər.

Nə isə ürəyimdə böyük narahatçılıq əmələ gəlmişdi. Yəqin ki, nə isə baş vermişdi – amma nə, onu bilmirdim.

Onların yaşadıqları yer yolumun, demək olar ki, üstü idi. «Neftebaza» adlı dayanacaqda düşdüm, üz tutdum onların binalarına tərəf. Yoldan 300–400 metr məsafə idi. Evin yanına çatanda onların pəncərəsindən işıq gəlmədiyini gördüm. Saat 11 idi, bəlkə yatıblar, hər ikisi səhər işə gedəcəklər. Bəs onda instituta nə səbəbə gəlməyiblər, həm də, hər ikisi. Qalxdım 3-cü mərtəbəyə. Nə olacaq, oyansınlar. Qapını yavaşca döydüm.Cavab gəlmədi. Başladım bərk taqqıldatmağa. Xeyri olmadı. Yüz faiz əmin oldum ki, evdə heç kim yoxdur. Bəlkə, harasa qonaq gediblər?

Çıxdım binadan. Nə etmək olar, ayrı yol yoxdur əlaqə saxlamağa. Sabah görüşərik, bir şey bilərəm.

10-cu hissə

Səhərlər mənim işim tez başlayırdı. Saat beşə on beş dəqiqə qalmış qaraja getmək üçün növbətçi avtobusa otururdum. 5-də qarajda olurduq. Yol vərəqini, almaq, yağını yoxlamaq, yanacağını tökmək yarım saat vaxt alırdı.

Bu gün də elə həmişə olduğu tək erkən çıxdım evdən. Altının yarısı çıxdım qaraşdan. Maşını bir başa sürdüm Baysal gil qalan binanın qabağına. Çıxdım yuxarı. Qapını ehtiyatla döydüm. İçəridə səs gəldi. Qapını İnqa açdı. Gözlərindən ağladığı hüss olunurdu.

İçəri keçdim.

– Nə olub, İnqa? Hanı Baysal?

– Bədbəxtçilik baş verib bizə, Azad!

Dünən günortadan sonra işdə Baysalın başhərlənməsi olub. Xəstəxanaya getməyib. İcazə alıb gəlib evə. Bir-iki saat uzanıb, deyəsən yaxşı olub. Axşam hər ikisi insituta hazırlaşıblar. Evdən çıxmaq vaxtı Baysal hansısa tapşırığa bir də göz gəzdirmək məqsədi ilə dəftəri açıb baxmaq istəyəndə, qəfil burnundan qan açılıb, tökülüb dəftərin üstünə. Qayıdıb uzanıb divana. Alnına yaş dəsmal qoyub. Qan axımı kəsib. Bir saat uzanıqlı qalandan sonra ayağa durub, yenidən qan axıb. Təcili yardım çağırıblar. Saat 9-da gediblər xəstəxanaya. İnqa bütün gecəni orada olub. İndi gəlib.Xəstəxanaya bəzi şeylər aparmaq lazımdır.

Mən dəmir bədənli Baysalın səhhətinin pisləşməyini ürəyimdə dərhal Çernobıl səfəri ilə əlaqələndirdim. Artıq, Çernobıl dəstəsi ilə bağlı bu ikinci hadisə idi bizim qarajda. Bizim xətdə işləyən bir sürücü yoldaşımı bu günlərdə sürücülükdən azad edib keçirtdilər yüngül işə. Həmin yoldaş bircə ayın içərisində arıqlamış, sifəti isə sap-sarı olmuşdu. Həm də qüvvəcə çox zəif idi. O da Baysalla bir dəstədə olmuşdu.

Xəstəxanada görüş iki saat günorta, iki saat da axşam üstü olduğu üçün, indi getməyin mənası yox idi. Danışdıq ki, günorta gələcəm, gedərik xəstəxanaya.

Günorta xəstəxanada idik. Baysal özü çıxdı qabağımıza. Qucaqlaşdıq. Çalışırdı özünü gümrah göstərsin.

– Hə… belə işlər, qardaş. Baysal da tanıdı xəstəxananın yolunu, – Üzünü tutdu İnqaya, – sən gərək qardaşımı işindən etməyəydin.

– Deyəsən, fikrin bizi qorxutmaqdı sənin. Burax belə işləri.

– İnanın, ilk dəfədir yatıram xəstəxanada.

– Necəsən, danış, görək.

– Üc dəfə sistemə qoşdular, hansısa mayeni yeritdilər canıma. İndi əlayam. Dünən başı aşağı çox işlədim, ona görə oldu bu işlər. Günah özümdədir. Fasiləsiz iolaraq, iki avtobusda şitləri dəyişdim. İki saat yarım, üç saat başı aşağı durmaq çətin işdir.

Baysal bir müddət xəstəxanada qaldı. Gündə gəlib gedirdim. Ümumi səhhəti yaxşı görünsə də, mən onun sifətində hansısa sarı rəngin izi əmələ gəldiyini görürdüm. Dostum ümumiyyətlə qarayağız insan idi. Yəqin, olsaydı ağ bədənli, bu sarı rəng özünü daha tez biruzə verərdi.

Bir gün xəstəxananın görüş zalında oturmuşduq, İnqa yanımızda yox idi. Baysal mənə dedi:

– Bilirsən, Azad, nəyə heyfislənirəm – İnqayla evlənməyimə! O gözəl insanı bədbəxt etdim… Ömrüm qırıla bilər.

– Olan işdir, hər şeyi faciyəyə çevirmə. Nə olar insan xəstələnər. Sizdə hər iş əla olacaq. Sən inan, yalnız inan!

– Mən belə başa düşdüm ki, ciyərlərim, böyrəklərim pis vəziyyətdədir. Hətta, beynim də şüalanmanın izini saxlayıb özündə.

– Hər nə olsa da, müalicə yolu var ki!

– Müalicə yolu var, edirlər də. Bəlkə də mənim səhhətim yaxşı olacaq. Amma, uşağımız da olmaya da bilər.

– Sən özünü az qorxut, bilirsən ki, ən ilk müalicə sənin özünün daxili inamındır, Baysal! Nikbin ol!

– Yaşayaq, baxarıq.

Bir neçə gündən sonra xəstəxanadan çıxdı. Gümrah görünürdü. Amma, Baysalı da keçirtdilər yüngül işə, yüngül iş cədvəlinə.

İnsan qayğıkeşliyinin sərhədi olmaya da bilərmiş! Siz görəydiniz İnqanın Baysala göstərdiyi qayğını! Hansı arzunu, istəyi Baysal dilinə gətirməyə bənd idi ki, dərhal yerinə yetirsin. İşdən əlavə qalan bütün vaxtını yalnız ona qulluq etməyə həsr etmişdi…

Vaxt gedir, günlər keçir, həftələr bir-birini əvəz edirdi. Baysalın gün-gündən zəifləməyini, səhhətinin pozulmuş olduğunu daha görməmək mümkün deyildi. Onun anadan gəlmə qarayağız olmağı indi üzünün saralmasını gizlədə bilmirdi. Bundan əlavə, arıqlamağı da göz qabağında idi. Bu güclü insan hər şeyi başa düşsə də, ruhdan düşmürdü.

– Qərara gəlmişəm: sabahdan başlayıram köhnə işimə – idman zalında fəaliyyətə. Gərək, elə gələn gündən məşğul olaydım. Ona görə də məni axşamlar görmək istəsən, gələrsən ora.

Mətbəxdə oturub çay içirdik. İnqa yox idi, deyəsən, mağazaya getmişdi.

– Düz edirsən, yoxsa, təmiz tənbəl olub getmisən.

– İkicə ay məşğul olum, qayıdacam həmin formaya. İdman böyük qüvvədir, qardaş.

–Əla fikirdir, konkret nə ilə məşğul olmaq fikrin var?

– Elə hər şeylə. Ştanq, turnik, nə var hamısı ilə.

– Əlbətdə, lazımdır. Tez də düzələcəksən. Axı, sən idmançısan.

Bir neçə gün keçdi. Hər ikisi qonağım idilər, mənim otağımda oturub söhbətləşirdik. İnqa Baysalın yanında dayanıb, bizə qulaq asırdı.

– Biabırçılıqdı, qardaş. Tam yadırğamışam idmanı.

– İdmanı necə yadırğamaq olur?

–Əvvəllər qaldırdığım ştanq yükünün yarısını qaldırıram indi!

Baysal danışanda nəzərim onun masanın üstündə çarpazladığı əllərinə düşdü. Bir vaxtı polad olan barmaqlar, pələngi xatırladan pəncələr indi arıqlamış. uzunlaşmış, sanki sənətkar bir pianinoçunun əllərinə çevrilmişdi. Baysal baxışlarımı görüb, sanki, utandı. Əllərini götürdü stolun üstündən.

– Amma, artıracam ştanqı. Özümə söz vermişəm, günə 5 kilo artıq qoyacam. Sən ki, tanıyırsan məni!

Əllərinə nəzər saldığıma görə peşiman oldum.

11-ci hissə

Sabah 7 noyabr idi. Dövrümüzün ən böyük bayramına hazırlıq gedirdi. Bütün bu böyük ölkə bayram donuna bəzənmişdi. Hər il 7 noyabr günü bizləri hansısa müəssisələrə təhkim edərdilər. Səhər 8-də avtobuslar yğılardı zavodların, fabriklərin qabağına. Gözəl və yaraşıqlı geyimlər geyinən fəhlələr, idarə işçiləri əllərində bayraqlar, ala-bəzək şarlar, şüarlar dolardılar avtobuslara. Aparardıq o biri sahilə. Nümayişlər həmişə orada olurdu. Nümayiş qurtaranda, həmin vətəndaşları yenə qaytarardıq götürdüyümüz yerə. Bu dəfə mən biirdim ki, məni zavoda təhkim ediblər.

Axşam Baysalla İnqaya təklif etdim ki, gəlim sizin dalınızca, oturub gedırsiz mənlə. İnqa:

– Yox, mən öz kollektivimizlə gedəcəm. Kim nə aparacağı danışılıb. – dedi.

Təklifimi Baysal da qəbul etmədi:

– Mənsə getməyəcəm bu il nümayişə. İdman zalı boş olmağından istifadə edəcəm. Gedəcəm məşqə. Yoxsa, gəlirsən, gözlə, kim nə boşaldacaq.

İndi, illər keçib, düşünürəm: heç olmasa, 7 noyabrda onu özümlə nümayişə apara bilsəydim, görəsən qisməti nə olacaqdı?

Səhər tezdən gəldik zavodun meydançasına. Gözəl geyimli, əllərində al-əlvan şarlar və şüarlar tutan insanlar doldular avtobuslara. Getik lazım olan meydana. Hər şey lazım olunan tək keçdi. Xalq gözəl əhvali ruhiyyə ilə nümayişi qurtardılar. Sərnişinlərimizi düşürüb gəldik parka. Avtobusu öz yerinə qoydum, yol vərəqinə qeydlər edib gətirdim dispetçerə. Yol vərəqini verib aralanmaq istəyirdim ki, dispetçer:

– Dayan, Azad! – dedi, – Zəng edib, sənə bildirməyimi xahiş etdilər ki, dostun düşüb xəstəxanaya. Xəstəxana – filan, şöbə – filanıncı!

– Kim idi zəng edən, demədi ki?

– Qadın idi, deyəsən, ağlayırdı…

Evə getmədim. Nəsə hadisə olduğunu hiss edirdim.

Üz tutdum xəstəxanaya. Bu gün bayram günü idi, və ona görə də xəstəxana sanki, boş idi. Çərrahiyə şöbəsinin qəbul otağına girdim, qəbul saatı olmadığı üçün bura bağlı idi. Getdim növbətçi oturan yerə.

1
...