Stella nə qədər çox sərbəstlik göstərirdisə, Yucin bir o qədər çox ümidsizliyə qapılırdı. Lakin onun bu əhvali-ruhiyyəsi qızı ancaq soyudurdu. Qızın başqa gənclərin yanında müvəffəqiyyəti də az rol oynamırdı. Onlardan birinin – məhz açıq qəlbli, xoş təbiətli Xarvi Rotterin – Yucindən həm gözəl, həm də xoşxasiyyət olması və bununla ondan kəskin surətdə fərqlənməsi, deyəsən, həlledici rol oynadı. Yucin bəzən onları bir yerdə görürdü – Stella təkcə Xarvi ilə yaxud Xarvinin də iştirak etdiyi gənclər dəstəsi ilə buz meydançasına gedirdi. Yucin bütün varlığı ilə Xarviyə nifrət edirdi. Bəzən o öz məhəbbətini ona bütünlüklə verməyən Stellaya da nifrət edirdi. Lakin onun gözəlliyi yenə əvvəlki kimi Yucinin ağlını başından çıxarırdı. Stella qadın idealı yaratmaqda Yucinə kömək etdi. İndi o, qadın gözəlliyinin nə olduğunu bilirdi.
Öz vəziyyəti haqqında düşünmək vaxtı da çatmışdı. İndiyə qədər yemək, geyinmək və cib xərcliyi üçün çox da səxavətli olmayan valideynindən tamamilə asılı idi. O, şənbə və bazar günləri Çikaqoya yaxud Sprinqfildə (ikinci Aleksandriyanın yaxınlığında idi) əylənməyə getməkdən heç vaxt imtina etməyən oğlanları tanıyırdı. Bu əyləncələr Yucinə müyəssər deyildi. Atası buna icazə verməz, daha doğrusu, pul verməzdi. Başqa oğlanlar valideynlərinin səxavəti sayəsində şəhərdə birinci modabaz hesab olunurdu. Yucin bazar günləri və bəzən adi günlərdə, onların bir yerə getmək üçün hazırlaşdıqlarını, onun xəyalına belə gətirə bilmədiyi gözəl paltarlarda yerli “cəmiyyətin” adətən gəzişdiyi kitab mağazası yanında dolaşdıqlarını görürdü. Şəhərdə ən iri manufaktura tacirinin oğlu Ted Martinvud özünə beli dar, uzunətəkli, ikibortlu üst geyimi tikdirmişdi; o sevdiyi qızın yanına getməzdən əvvəl üzünü qırxdırmaq üçün bu paltarda bərbərxanaya gəlirdi. Corc Andersonun bütün hallarda şıqlıqla göstərdiyi frakı və lak ayaqqabıları vardı. Ed Uoterberi şəhərdə öz ekipajında gəzirdi. Doğrudur, bütün bu gənclər Yucindən bir qədər yaşlı idilər və onları daha yaşlı qızlar maraqlandırırdı, lakin bu, vəziyyəti dəyişmirdi. Yucin də dərindən əzab çəkirdi.
O özü üçün imkanı görmürdü. Onun atası heç bir zaman varlı olmayacaqdı, bu, hər kəsə aydın idi. Yucin özü məktəbdən heç bir əməli bilik almamışdı. Onun sığorta işindən – bu yazı-pozudan və müştərilərin ardınca qaçmaqdan zəhləsi gedirdi, tikiş maşınları alverinə nifrət edirdi, vaxtilə yazıçı və rəssam olmağa müvəffəq olacağına da heç bir ümid bəsləmirdi. Onun çəkdiklərinin hamısı ona sadəcə olaraq əyləncə, yazdıqları – daha doğrusu, yazmaq təşəbbüsləri isə ona hər növ əhəmiyyət və mənadan məhrum kimi gəlirdi. Bu vaxtlar Yucin gələcək haqqında tez-tez və kədərlə düşünürdü.
Çoxdan bəri bu gəncə nəzər salan Uilyams bir dəfə onun qarşısında dayandı.
O:
– Bura baxın, Vitla, bəlkə Çikaqoya gedəsiniz, – dedi. – Orada sizin kimi oğlan üçün daha artıq imkanlar vardır. Əyalət qəzetində işləməklə siz heç vaxt bir şey əldə edə bilməzsiniz.
– Mən bunu bilirəm, – deyə Yucin cavab verdi.
– Siz mənə baxmayın, – deyə Uilyams davam etdi, – mən dünyanı kifayət qədər dolaşmışam. Mənim arvadım və üç uşağım var, adamın ki, aiələsi oldu, onun risk etməyə haqqı yoxdur. Siz gəncsiniz, nə üçün Çikaqoya getməyəsiniz, qəzetlərdən birinə işə girməyəsiniz? Siz orada asanlıqla iş tapacaqsınız.
– Məsələn, nə cür iş? – deyə Yucin soruşdu.
– Hərgah, ittifaqa daxil olsanız, heç olmazsa, mürəttibliyə düzələrsiniz. Sizdən yaxşı repartyor çıxacağını deyə bilmərəm – bu sizin sahəniz deyil, amma sizə şəkil çəkməyi öyrənmək lazımdır. Qəzetlərdə rəssamların əməyinə yaxşı qiymət verirlər.
Yucin öz rəssamlıq istedadı haqqında kədərlə düşündü. Bu istedada bir şey dəyməzdi. O az öyrənmişdi. Buna baxmayaraq o, Çikaqo haqqında düşünməyə başladı. Geniş dünya onu cəlb edirdi. Bircə buradan yaxasını qurtarsaydı, əməlli-başlı əmək haqqı alsaydı, həftədə yeddi-səkkiz dolların ümidinə qalmasaydı! Bunlar onun fikrini daim məşğul edirdi.
Bir dəfə bazar günü o, Mirtl və Stella ilə birlikdə Silviyanın görüşünə getdi; Stella anasının narahat olacağını söyləyərək, tezliklə qayıtmağa hazırlaşdı. Mirtl onunla bir yerdə getmək istəyirdi, lakin bacısı ondan çayı gözləməyi xahiş etdi.
Silviya:
– Qoy Yucin Stellanı ötürsün, – dedi.
Yucin sevincindən yerə-göyə sığmırdı. İslahediləməz dərəcədə inadcıl olan Yucin hələ də Stellanın məhəbbətini qaytaracağına ümid edirdi. Onlar bahar qoxusu gələn küçəyə çıxdıqları zaman o qət etdi ki, qızı özünə cəlb etmək məqsədilə ona bir şey demək üçün bu yaxşı təsadüfdür.
Onlar Stellanın yaşadığı şəhər kənarına çıxdılar və qız öz dalanlarına dönmək istəyəndə, Yucin onu saxladı.
–Bir qədər mənimlə qal. Məgər evə getmək sənə bu qədər vacibdir? – deyə o xahiş etdi.
– Yox, mən bir qədər gəzə bilərəm – deyə Stella cavab verdi.
Onlar söhbət edə-edə şəhərin kənarına çıxdılar, son ev arxada qaldı. Söhbəti davam etdirmək getdikcə çətinləşirdi. O, qızın başını qarışdırmaq üçün bütün qüvvəsini toplayıb, müvazinət qanunlarına əsaslanan bir fokus göstərmək niyyəti ilə yerdən üç çubuq qaldırdı. İki çubuqdan düzbucaq düzəltmək və üçüncü çubuqla onu havada saxlamaq lazım idi. Stella onları əlinə almağı belə istəmirdi. Bu onu maraqlandırmırdı. Lakin Yucin təkid edirdi və Stella razı olduğu zaman Yucin kömək etmək üçün onun sağ əlindən tutdu.
Stella əlini dartaraq:
– Lazım deyil, – dedi. – Mən özüm edərəm.
Lakin Stella çubuqlarla müvəffəqiyyətsiz olaraq əlləşdi və onları tullamaq istərkən, Yucin onun hər iki əlini öz əlinə aldı. Bu elə gözlənilməz oldu ki, Stella əllərini çəkib çıxara bilmədi və bilaixtiyar Yucinin gözlərinin içinə baxdı.
– Əl çək, Yucin, xahiş edirəm, əllərimi burax.
Yucin düz ona baxaraq, başını buladı.
– Rica edirəm, burax, – deyə Stella təkrar etdi. – Eləmə. Mən istəmirəm.
– Nə üçün?
– Elə belə!
– Axı nə üçün?
– Elə belə, istəmirəm.
– Sən həqiqətənmi məni daha sevmirsən? – deyə Yucin soruşdu.
– Yox, sevmirəm… Hər halda elə yox…
– Bəs sevirdin?
– Çox güman ki, sevirdim.
– İndi isə artıq sevmirsən?
– Bəli, əgər bilmək istəyirsənsə, artıq sevmirəm.
O, Stellanın əllərini buraxdı və məyus nəzərlərlə onu süzdü. Lakin bu da təsir göstərmədi. Onlar yavaş-yavaş geriyə, şəhərə doğru qayıtdılar. O, Stellagilin həyət qapısının girəcəyində dedi:
– Belə görünür mənim daha sənin yanına gəlməyimə dəyməz?
Stella:
– Bəli, dəyməz, – dedi.
Stella bir dəfə də olsun arxasınca baxmadan evə daxil oldu. Yucin isə bacısının yanına qayıtmaq əvəzinə evlərinə yollandı. Bu iş ona çox ağır gəlirdi, bir qədər qonaq otağında oturduqdan sonra o öz otağına getdi. Hava qaralmışdı, o isə hələ də oturub pəncərədən ağaclara baxır və öz itkisi üçün qüssələnirdi. İndi ki o, Stellanın məhəbbətini qazana bilmədi, görünür, onun üçün kifayət qədər yaxşı deyildi. Bəs səbəb nədir? Kifayət qədər gözəl (Yucin həqiqətən də özünü gözəl hesab etmirdi) və ya kifayət qədər qüvvətli və cəsarətli olmadığımı?
O, ayın parlaq bir qalxan kimi ağacların üzərindən sallandığını gördü. İki lay yüngül bulud müxtəlif yüksəklikdə bir-birinə doğru üzürdü. Yucin öz fikirlərindən ayrılaraq, bu buludların haradan gəldiyini düşünməyə başladı. Günəşli günlərdə buludlar intəhasız karvanlarla səmada üzdükləri zaman, onlar adamın gözünün qarşısında əriyir, sonra isə bir möcüzə kimi yenə haradan isə gəlirdilər. Yucin ilk dəfə buna diqqət yetirərkən çox heyrətləndi, o zaman o hələ buludların nə olduğunu bilmirdi. Sonra o bu barədə fiziki coğrafiyadan dərs kitabında oxudu. Bu gün bu buludlar da, onların üzərində süzdükləri hüdudsuz çöllər də, otlar da, ağaclar da, millərlə uzanan intəhasız meşələr də onun xəyalına gəldi. Dünya nə qədər gözəldir! Axı şairlər – Lonqfello, Brayant və Tennison – məhz belə şeylər haqqında yazmışdır. Yucin sevdiyi poemaları – “Tanatopsis”i və “Elegiya”nı xatırladı. Həyat necə də qəribədir!
O, ürək ağrısı ilə Stella haqqındakı fikrə qayıtdı. Stella, bu gözəl qız, tamamilə onun həyatından getmişdi. Artıq onlar heç vaxt danışmayacaqlar. O heç vaxt Stellanın əllərindən tutmayacaq, onu öpməyəcəkdir. Ah, o buz meydanındakı axşam! Bu nə qədər gözəl idi! O soyundu və yatağa uzandı. Yucin tək qalmaq, öz kədər və qüssəsinə qapılmaq istəyirdi. O, yatağına uzanıb, ola biləcək şeylər – öpüşlər, nəvazişlər, min cür sevinclər haqqında xəyala daldı.
Bir bazar günü Yucin tor yelləncəkdə uzanıb, Aleksandriyanın necə sıxıcı şəhər olduğu barədə düşünürdü. O, Çikaqo şənbə qəzetini açdı (bu, əslində bazar günü qəzeti idi, çünki bazar günləri qəzet çıxmırdı) və darıxdığından onu nəzərdən keçirməyə başladı. Qəzet həmişə olduğu kimi onun üçün rəfedilməz maraqla dolu idi, böyük şəhərin sehrləri bir maqnit kimi onu özünə çəkirdi. Budur, kiminsə tikməyə hazırlaşdığı böyük otel, budur, Çikaqoya qastrola gəlmiş məşhur pianoçunun şəkli, sonra yeni komediya haqqında rəy, Çikaqo çayları arasında yerləşən Qaz adasında şairanə bir guşənin təsviri – burada köhnə gəmilər yaşayış evlərini əvəz edir və onların arasında qazlar yırğalana-yırğalana dolaşırlar. Cənubi Xolsted-stritdə kömür anbarına düşmüş adam haqqındakı xəbər Yucinin diqqətini cəlb etdi. Bu, altı min iki yüz neçənci nömrəli evdə olmuşdu, – o belə uzun küçələrin olduğunu təsəvvür etmirdi. Bu, yəqin ki, nəhəng bir şəhər olmalıdır. Daş döşənmiş küçələrdə qaçışan konka vaqonları, dəstə-dəstə camaat, qatarlar haqqında fikirlər cazibəli çağırış kimi onu hədsiz dərəcədə həyəcanlandırırdı.
O sanki bir maqnitin cazibəsi altına düşmüşdü. Bu əcaiblik, bu gözəllik, bütün bu həyat dəfedilməz bir qüvvə ilə onu özünə doğru çəkirdi.
O, fikrində “Çikaqoya gedəcəyəm!” – deyə qət etdi və ayağa qalxdı. Budur – doğma, rahat, sakit evləri onun gözü qarşısında durur. Bu evdə anası, atası, Mirtl yaşayırlar. Lakin o gedəcəkdir. Əgər o istəsə, geri qayıtmasına heç nə mane olmaz.
O öz-özünə: “Əlbəttə, mən qayıda bilərəm”, dedi.
O, yenilməz bir qüvvə ilə hərəkət etdirilirmiş kimi evə daxil oldu, öz otağına qalxdı və kiçik çamadanını tapdı. O ilk növbədə ona lazım ola biləcək şeyləri ora yığdı. Cibində doqquz dollar pulu var idi – bir müddət idi ki, o pul yığırdı. Aşağı düşdü və qonaq otağının qapısında dayandı.
Onun daxili mübarizə keçirdiyini bildirən ciddi üzünə baxaraq, anası:
– Nə olmuşdur? – deyə soruşdu:
O:
– Mən Çikaqoya gedirəm, – dedi.
Anası nə düşünəciyini bilmədən, təəccüblə:
– Nə vaxt? – deyə soruşdu.
Yucin cavab verdi:
– Bu gün.
Ana səsləndi:
– Ola bilməz! Sən zarafat edirsən?!
Ana etimadsızlıqla gülümsədi. Əlbəttə bu, uşaqcasına hərəkətdən başqa bir şey deyildir.
Yucin:
– Mən elə bu gün gedirəm, – dedi, – özü də saat dörd qatarına çatmaq istəyirəm.
İndi ananın üzündə təşviş görünürdü.
– Bu ola bilməz, – deyə o təkrar etdi.
Yucin:
– Axı mən hər vaxt qayıda bilərəm, – dedi. – Özümə başqa bir məşğələ axtarmaq vaxtı çatmışdır.
Ata daxil oldu. Onun anbarda balaca bir emalatxanası var idi. O burada bəzən maşınları təmizləyir və furqonları təmir edirdi. İndi də oradan gəlirdi.
– Nə olmuşdur? – deyə soruşdu.
– Yucin gedir.
– Bu xeyir iş nə vaxtdır? – deyə ata istehza ilə soruşdu.
– Bu gün. O deyir ki, bu saat gedir.
Təəccüblənmiş Vitla:
– Ümid edirəm ki, bu ciddi deyildir? – dedi. O öz qulaqlarına inanmırdı. – Nə olub, birdən belə, havalanmısan? Belə bir addımı yaxşıca düşünmək lazımdır! Sən orada hansı vəsaitlə yaşayacaqsan?
Yucin:
– Birtəhər dolanaram, – dedi. – Mən gedirəm. Aleksandriyada qaldığım bəsdir. Mən buradan qurtulmaq istəyirəm.
Təşəbbüsə inanan ata:
– Sən deyən olsun, – dedi. Görünür o, bu vaxta qədər oğlunu tanımamışdı.
– Çamadanını yığmısanmı?
– Yox, qoy anam şeylərimi mənə göndərsin.
– Bu gün getmə, – deyə miss Vitla xahiş etməyə başladı. – Heç olmasa, nəğd bir şey olana qədər gözlə.
– Mən bu gün gedirəm, ana. – O bir əli ilə anasını qucaqladı. – Ana can!..
O indi artıq anasından hündür idi və hələ də boy atmaqda davam edirdi.
Ana yavaşdan:
– Yaxşı, Yucin, – dedi. – Lakin sən nahaq yerə gedirsən.
Oğlu onu tərk edirdi – ananın ürəyindən qara qanlar axırdı.
– Mən həmişə qayıda bilərəm. Axı, oradan bura cəmi yüz millik yoldur.
Özünü sakit tutmağa cəhd edən ana, nəhayət:
– Nə deyim, get, – dedi, – mən sənin çamadanını yığaram.
– Mən artıq hamısını yığmışam.
Ana yoxlamağa getdi.
Yucinin hələ tərəddüd edəcəyini düşünən Vitla:
– Qoy sən deyən olsun, – dedi, – yola düşməyə az qalıb. Çox təəssüf. Yəqin ki, bu sənin xeyrinə olacaqdır. Hər ehtimala qarşı sən bilirsən ki, sənin buraya qayıtmağına həmişə şad olarıq.
Yucin:
– Bilirəm, – dedi.
Onlar hamısı – Yucin, ata, Mirtl – bir yerdə avtovağzala yollandılar. Ana onlarla getmədi. O ağlamaq üçün evdə qaldı.
Vağzala gedərkən onlar Silviyaya dəydilər.
– Nə edirsən,Yucin? – deyə o səslədi. – Bu nə əcaib fantaziyadır! Getmə!
Vitla:
– O artıq qərar vermişdir, – dedi.
Nəhayət, Yucin azadlığa çıxdı. Məhəbbət, ailə, bütün qohum və tanışlar, valideynləri onu möhkəm sürətdə öz ağuşunda saxlayırdı və onun indi atdığı hər addım sanki bu halqaları qırırdı. Ata oğlunun əlini mehribanlıqla və möhkəm sıxaraq:
– Qoçaq ol! – dedi və titrəyərək udqundu.
Mirtl qardaşını öpdü.
– Sən nə qəribəsən, Yucin! Mənə məktub yaz.
– Yaxşı…
O vaqona qalxdı. Zəng çalındı və qatar yola düşdü. Yucin tanış yerlərə baxdı, ağrı, əsl bir ağrı onun ürəyini sıxdı. Stella, atası, anası, Mirtl, onların sevimli evləri… bütün bunlar onun həyatından çıxıb gedirdi.
O udqunaraq az qala inildədi.
– Hmm! Lənət şeytana!
O skamyanın arxasına söykəndi və heç bir şey haqqında düşünməməyə çalışdı. O özünə yol açmalıdır. Dünya bunun üçün yaranmışdır. Onun özü də bunun üçün yaranmışdır. O istədiyini əldə edəcəkdir.
О проекте
О подписке
Другие проекты