Conas Layl daha maraqlı tip idi. Sammersdən on yaş cavan, ondan daha çox sağlam və möhkəm olan Conas da özünə görə qəribə idi. Təbiətcə şən olan bu adam bəzi şeylər haqqında oxumuşdu və filosofluq etməyi sevirdi. Yucin tezliklə öyrəndi ki, Layl Birləşmiş Ştatların hər yerində – Denverdə, Portlenddə, Sent-Polda, Sent- Luisdə, daha haralarda isə işləmişdi; o özünün sabiq ağaları, mətbəə sahibləri haqqında danışmağı sevirdi. O, mətbuatda az-maz görkəmli bir ada təsadüf edən kimi dərhal qəzeti götürüb Uilyamsın, sonralar isə, yaxından tanış olduqları zaman Yucinin yanına gəlir və deyirdi: ”Mən filan yerdə yaşayarkən bu adamı tanıyardım… O filan №-də poçt müdiri idi (yaxud başqa bir vəzifədə idi), indi isə, görün, necə yüksəklərə qalxmışdır!” O əksər hallarda bu məşhur adamları şəxsən tanımırdı, lakin onlar haqqında eşitmişdi və onların şöhrətinin bu uzaqlara gəlib çatan əks-sədası onun xəyalına təsir göstərirdi. O, işin qızğın vaxtında korrektura düzəlişlərində Uilyansa kömək edirdi. O, yaxşı mürəttib idi və ümumiyyətlə öz vəzifəsini vicdanla yerinə yetirirdi. Lakin bu dünyada onun bəxti gətirməmişdi, çünki özgələrinin əmrlərinin yalnız dəqiq bir icraçısı idi; Yucin bunu ilk baxışdan anlamışdı.
Həmin bu Layl Yucinə mürəttiblik işini öyrətdi. O, birinci gün şriftlər üçün kassada “yuvaların” yaxud “gözlərin” necə düzəldiyini, hərflərdən bəzilərinin o birilərindən ələ daha yaxın olması üçün onların necə yerləşdirildiyini göstərdi, nə üçün bəzi hərflərin çox işləndiyini, nə üçün bəzi qəzetlərdə müəyyən hallarda kursiv hərflərinin işləndiyini, başqalarında isə işlənmədiyini izah etdi.
– Çikaqoda “Tribun” qəzetində işlədiyim zaman biz kilsə, paraxod, kitab, mehmanxana və bu cinsdən olan başqa şeylərin adlarını adətən kursivlə verirdik, – deyə o nəql edirdi. – Bildiyimə görə, bu, adları kursivlə verən yeganə qəzetdir.
Çox keçmədən Yucin şponun, qrankanın, verstatkanın nə olduğunu öyrəndi, öyrəndi ki, barmaqlar tədricən, şriftin vəzninə görə onun hansı şrift olduğunu müəyyən etməyə alışır, müəyyən dərəcədə vərdiş etdikdən sonra hərflər, demək olar ki, mexaniki surətdə öz yerlərinə düşür, hətta bu barədə düşünmürsən də. Layl bütün bunları məmnuniyyətlə öz şagirdinə çatdırırdı. O Yucindən belə şeylərə ciddi münasibət tələb edirdi və hər cür biliyə hörmət edən Yucin onu fikir və diqqətlə dinləyirdi. Yucin hələ nə ilə məşğul olmaq istədiyini təsəvvür etmirdi, bunun müqabilində hər şeyi bilmək istədiyini hiss edirdi. Yucin tezliklə nə mürəttib, nə repartyor, nə də ümumiyyətlə əyalət qəzetlərinə mənsub olan başqa bir işçi olmağı arzu etmədiyinə əmin olmuşdu. Buna baxmayaraq, yenə də bir müddət mətbəə ona maraqlı gəldi, çünki o burada həyatı öyrənirdi. O, ancaq pəncərədən özünü xatırladan dünyaya təbəssümlə baxaraq, öz həqiqəti arxasında gülər üzlə işləyirdi. Xəbərlərdən, məqalələrdən yaxud yerli elanlardan – onları yığdığı zamanlar – məzəli parçalar oxuyur və bu dünyanın onun üçün, Yucin üçün, nələr hifz etdiyini düşünürdü. O zamanlar onda sonralar əmələ gəlmiş olan böyük xudpəsəndlik yox idi. Lakin bir qədər fikir çəksə də, qəlbi ümidlərlə dolu idi. O işsiz olaraq küçədə gəzişən, yaxud yol ayrıclarında duran tanış qız və oğlanları, Ted Martinvudun atasının şarabanında şəhərin küçələrində necə çapdığını, Corc Andersonun heç bir zaman işləməsi lazım gəlməyən bir adam görünüşü ilə (şəhərdə olan yeganə mehmanxana onun atasına məxsus idi) necə veylləndiyini görürdü. Yucinin başında çox vaxt balıq ovu, qayıq gəzintisi, çəmənlikdə qəşəng bir qızla oturmağın nə qədər xoş olacağı haqqında fikirlər dolaşırdı. Lakin, əfsus ki, qızlar ona, görünür, o qədər də meyl göstərmirdilər. O həddən artıq utancaq idi. Bəzən o varlı olmağın, yəqin ki, çox yaxşı olduğu haqqında düşünür və xəyala dalırdı.
Yucin elə bir yaşda idi ki, bu yaşda adam öz hislərini ifadə etmək istəyi ilə dolub-daşır. Həmçinin bu elə bir yaşdır ki, insan sevsə və coşqun bir təbiətə malik olsa belə, utancaqlıq onu təmkinli olmağa vadar edir. Stellaya dediyi sözlər ona bayağı görünürdü, o öz hislərini sözdən artıq ah çəkməklə ifadə edirdi. Lakin qız ahlardan usanır və bayağı sözləri ondan üstün tuturdu. Stella hələ o zaman düşünməyə başlamışdı ki, Yucin bir qədər qəribədir, nə isə həyəcanlıdır, əsəbidir. Bununla belə o, Stellanın xoşuna gəlirdi. Şəhərdə belə fikir əmələ gəlmişdi ki, Stella onun sevgilisidir. Kiçik şəhərlərdə və kəndlərdə belə sevişmə məktəblilər arasında adi haldır. Onları hər yerdə birlikdə görürdülər. Atası Yucini lağa qoyurdu. Stellanın ata anası isə bunu qızlarından çox (onlar bilirdilər ki, qızları çox da oğlanlarla maraqlanmır və oğlanların hislərinə çox da əhəmiyyət vermir.) Yucinin uşaqlıq əyləncəsi hesab edirdilər. Onlar düşünürdülər ki, Yucinin sentimentallığı tezliklə Stellanı usandırmağa başlayacaqdır. Bu belə də oldu.
Bir dəfə yuxarı sinif məktəbliləri tərəfindən düzəldilmiş ziyafətdə “kənd poçtu” oyunu təşkil etdilər. Bu, hər şeyin öpüşlə nəticələndiyi oyunlardan biridir. Oyunda iştirak edənlərə suallar verilir, cavab verməyənlərdən fant alınır. Fantı çıxmış olanlar poçt müdiri olur və poçtu aparmaq üçün bir nəfəri çağırır. Bu isə o deməkdir ki, siz poçt müdirinin sizi gözlədiyi qaranlıq otağa gedirsiniz və orada xoşunuza gələn yaxud sizi xoşlayan oğlan ya da qız sizi öpür. Poçt müdirinə istədiyi adamı çağırmaq üçün hüquq, yaxud hökmranlıq – necə istəyirsinizsə adlandırın – verilir.
Bu dəfə Yucindən əvvəl poçt müdiri olmaq növbəsi Stellaya düşdü. Stellanın ilk fikrinə gələn o oldu. Lakin bunu açıqca etməkdən çəkindiyindənmi, yaxud Yucinin coşğunluğunun gizlində onu narahat etməsindənmi, o, Xarvi Ratterin adını çəkdi. Xarvi gözəl oğlan idi. Stella onunla bu yaxınlarda, Yucinə rast gəldikdən sonra tanış olmuşdu. Stella ona vurulmamışdı, lakin Xarvi onun xoşuna gəlirdi; gənc, işvəli qız onu yaxından tanımağın əleyhinə deyildi. Indi onun əlinə müvafiq təsadüf düşmüşdü.
Xarvi onun çağırışına getdi; Yucini quduz bir qısqanclıq bürüdü. O, Stellanın onunla nə üçün belə rəftar etdiyini anlaya bilmirdi. Onun növbəsi çatdığı zaman, o xoşuna gələn, özü də qəşəng qız olan, lakin Yucinin fikrincə Stella ilə müqayisə edilə bilməyən Berta Şumeykeri çağırdı. Əslində başqası haqqında düşündüyü halda bu qızı öpmək onun üçün əzab idi. O, otaqdan çıxdığı zaman Stella onun gözlərində inciklik oxudu, lakin özünü elə göstərdi ki, guya heçnə görmür. Bununla belə süni şənliyinə baxmayaraq, Yucinin süst və kədərli görünüşü hamının gözünə çarpırdı.
Sonra Stella yenidən cərimələndi və bu dəfə Yucini çağırdı. O getdi, lakin incikliyi hələ sönməmişdi. O, Stellanı cəzalandırmaq istəyirdi. Onlar qaranlıqda görüşdükləri zaman Stella gözləyirdi ki, Yucin onu qucaqlayacaqdır və artıq əllərini onun çiyninə qoymuşdu, lakin Yucin ancaq onun barmaqlarını sıxdı və dodaqlarından soyuq bir öpüş aldı. Əgər Yucin: “Nə üçün sən belə etdin?” desəydi, əgər o Stellanı bağrına basaraq onun hisləri ilə belə sərt oynamamağı xahiş etsəydi, onların dostluğu yenə davam edə bilərdi. Lakin Yucin bunların heç birini etmədi. O zaman qızda kin baş qaldırdı və o, dikbaş bir görünüşlə otaqdan çıxdı. Gənclər şənliyin axrına qədər bir-birindən uzaq durdular, lakin Yucin yenə də onu evə ötürdü.
Onlar tam sükut işərisində iki məhəllə getdikdən sora Stella dedi:
– Deyəsən, bu gün sənin kefin yaxşı deyil?
Küçələr qaranlığa bürünmüşdü və onların kərpic döşənmiş səki üzərindəki addımları gecənin sakitliyində boğuq əks-səda verirdi.
– Yox, nə üçün? Mən özümü çox yaxşı hiss edirəm, – deyə Yucin qaşqabaqlı cavab verdi.
– Məncə, Veymergildə çox yaxşı keçdi. Orada yığıncaqlar həmişə çox şən keçir.
– Bəli, olduqca şən! – deyə Yucin təhqiranə cavab verdi.
Stella hirsləndi:
– Sən belə tikanlı olma! Sənin məndən küsməyinin heç bir səbəbi yoxdur!
– Sən elə düşünürsən?
– Bəli, heç bir səbəbi yoxdur.
– Nə deyim, sən özün daha yaxşı bilərsən. Lakin mən buna başqa cür baxıram.
– Bilirsənmi, sənin buna necə baxmağının mənim üçün heç bir fərqi yoxdur.
– Eləmi?
– Bəli, elə!
Qız acıqla başını qaldırdı.
– Elə isə mənim üçün də heç bir fərqi yoxdur.
Yenidən sükut başladı və demək olar ki, Stellagilin evinə qədər davam etdi.
– Sən cümə axşamı balda olacaqsanmı? – deyə Yucin soruşdu.
O, metodist kilsəsinin təşkil etdiyi ziyafəti nəzərdə tuturdu. Bu şənlik özlüyündə heç də onu maraqlandırmırdı, lakin bu ona Stella ilə görüşmək və onu evə ötürmək imkanı verirdi. Yucin bu sualı onların başı üstünü alan ayrılıqdan qorxduğu üçün vermişdi.
Stella:
– Yox, – dedi. – Çətin.
– Nə üçün?
– Həvəsim yoxdur.
– Sən nə kinlisən! – deyə Yucin onu məzəmmətlədi.
– Çox əcəb! – deyə Stella cavab verdi. – Məncə, sən ağalıq etməyi çox sevirsən. Doğrusunu desək, sən çox da mənim xoşuma gəlmirsən.
Məşum bir hiss Yucinin ürəyini sıxdı. O inadla:
– Bildiyin kimi et, – dedi.
Onlar Stellagilin həyət qapısına çatdılar. Burada onlar adətən uzun müddət kölgədə durar və Yucin, Stellanın etirazına baxmayaraq, bərk-bərk onu qucaqlayardı. O, indi də səbrsizliklə bu dəqiqəni gözləyirdi, lakin qız onu qabaqladı. Qapıya çatan kimi cəld onu açıb bağçaya daxil oldu və oradan:
– Gecən xeyrə qalsın! – deyə səsləndi.
Yucin:
– Gecən xeyrə qalsın, – dedi və Stella ev qapısına çatdığı zaman, – Stella! – deyə çağırdı.
Evin qapısı açıq idi, qız tez evə keçdi. Yucin özünü itirmiş, kədərlənmiş, acıqlı və hərəkətsiz halda qaranlıqda dayanmışdı. İndi o nə etsin? O asta addımlarla evə yollandı və yolda necə rəftar edəcəyi barədə düşünməyə başladı: ona fikir verməsinmi, qız onun yanına qayıdana qədər ondan qaçsınmı, yaxud görüşməyə və qəti izahat almağa çalışsınmı? Stella haqlı deyildi – Yucin elə bu fikirlə yuxuya getdi və ertəsi gün də bu fikir onu tərk etmədi.
Yucin mürəttiblik işində xeyli sürətlə irəliləyirdi. O repartyorluq sənətində də öz qüvvəsini sınayaraq, onun üçün nəzərdə tutulmuş bu sənətdə səy və maraqla işləyirdi. O çox vaxt pəncərədən gördüyü lövhələri çəkirdi, lakin Stella ilə mübahisəsindən sonra bu işlə əvvəllər olduğu kimi həvəslə qalan bir yığın müxbir məktubunu, yaxud yenicə onun kassasının yanında mıxdan asılmış teleqramı yığmağa başlamaq onun xoşuna gəlirdi. Uilyams ona yerli xronika şöbəsi üçün tapşırıq verməyi sınadı, lakin Yucin ağır işləyirdi, o bu sahədə işləyə bilməzdi.
Ona bir kəsdən məlumat almağı təklif etdikdə, o, redaksiyaya başqa mənbələrdən əlavəyə ehtiyacı olan materiallar gətirirdi. Uilyams onunla nə qədər əlləşdisə, Yucin mahiyyət etibarilə qəzetin tələbləri səviyyəsinə qalxa bilmədi və vaxtının çox hissəsini öz kassası arxasında keçirdi. Bununla belə, bəzi şeylər öyrəndi.
Elə onun reklam işinin mahiyyətindən baş çıxarmağa başlaması məsələsini götürək. Yerli alverçilər hər gün eyni elanları çap etdirirdilər, onların mətni, demək olar ki, dəyişilmirdi. Yucin, Layl ilə Sammersin aylarla heç bir dəyişikliyi olmadan çap olunan reklamları götürüb bir-iki söz dəyişərək, yenidən sinkoqrafiyaya verdiklərini görürdü. Bu etinasızlıq onu heyrətləndirirdi. Bu reklamlar, nəhayət, yoxlanmaq üçün onun əlinə gəldikdə onda çox vaxt onları dəyişdirmək həvəsi doğururdu – onlar çox quru dildə yazılırdı.
Bir dəfə o, Layldan soruşdu:
– Nə üçün elanlara balaca şəkillər verməyək? Necə bilirsiniz bunun elanlara xeyri olmazmı?
– Hm! Doğrusu, bilmirəm, – deyə Layl cavab verdi. – Məncə belə də keçər. Belə yeniliklər buranın əhalisinə xoş gəlməz. Oxucular bunu ləyaqətli hesab etməzlər.
Yucin jurnal reklamlarını nəzərdən keçirir və bunları müqayisəedilməz dərəcədə təsirli hesab edirdi. Nə üçün qəzet reklamları da dəyişdirilməsin?
Lakin burada, görünür, heç kəsin onun məsləhətlərinə ehtiyacı yox idi. Müştərilərlə mister Berces özü məşğul olurdu. Elanların nə cür olacağını o həll edirdi. O heç bir zaman nə Yucinlə, nə də Sammerslə məsləhətləşmirdi. Ancaq bəzən Uilyams mister Bercesin tələbi ilə onlara əvvəlcədən göstərişlər verirdi.
Yucin hələ o qədər cavan idi ki, əvvəllər Uilyams ona heç fikir vermirdi. Lakin bu gənclə yaxından tanış olduqda bu, ya başqa məsələni ona məmnuniyyətlə izah etməyə başladı: nə üçün bəzi xəbərlər qısa, bəziləri isə geniş olmalıdır; nə üçün onların dairəsinə – Aleksandriya ətrafında olan şəhərciklərə və onların sakinlərinə – aid olan xəbərlər, maliyyə nöqteyi-nəzərindən qəzet üçün Türkiyə sultanının ölümü haqqındakı ən mötəbər hesabatdan daha çox əhəmiyyətlidir. O deyirdi: – Ən əhəmiyyətlisi budur ki, yerli əhalinin ad və soyadları təhrif olunmasın
Bir dəfə o Yucinə dedi:
– Allah eləməsin ki, bu ad və soyadları yanlış yığasınız. Ad və ata adının baş hərflərinə diqqət etmək lazımdır. Bu məsələdə bizim oxucular çox tələbkardırlar. Əgər siz ehtiyatlı olmasanız, biz bütün abunəçilərimizi itirə bilərik. Sonra isə gəl aydınlaşdır ki, bu necə olmuşdur.
Yucin bunların hamısını yadda saxlamağa çalışırdı. Qəlbinin dərinliyində bütün bunları kiçik bir şey hesab etməsinə baxmayaraq, işin mexanikasını dərk etmək onu düşündürürdü. İnsanlar, hər halda onların əksəriyyəti, ona əhəmiyyətsiz görünürdülər.
Lakin mətbəə işində bəzi şeylər onu maraqlandırırdı. O, kağızın maşına necə qoyulduğuna və sonra maşının necə işlədiyinə, formaların düzəldilməsinə kömək etməyi və sonra çap olunan qəzet vərəqlərinin bir-biri üzərinə necə yığıldığına, hazır vərəqlərin necə ayrıldığına baxmağı sevirdi. O, maşınların səsini dinləməyi və başqaları ilə birlikdə hələ yaş olan qəzet dəstələrini ekspedisiya və çeşidləmə stoluna daşımağı xoşlayırdı. “Morninq Eppil” çox da böyük tirajla çıxmırdı, lakin buraxılış vaxtında mətbəə canlanır və bu, Yucinə xoş gəlirdi. Əl-üzünün mürəkkəbə və yağa bulanması və bununla görünüşünün pozulması onun xoşuna gəlirdi, pırtlaşmış saçlarını da aynada görməkdən ləzzət alırdı. O bacardığı yerdə faydalı olmağa can atırdı. Hərdən o öz kobudluğu və lovğalığı ilə qəzetin əməkdaşlarını əsəbiləşdirsə belə, onlar onu sevirdilər. O zamanlar onun səhhəti o qədər də möhkəm deyildi, mədəsi ona tez-tez əziyyət verirdi. Bəzən onda elə fikir əmələ gəlirdi ki, mətbəənin havası onun ciyərləri üçün zərərlidir, lakin buna ciddi əhəmiyyət vermirdi.
Yeni təəssürat Yucini nə qədər sevindirirdisə də, yenə bu kiçik aləm ona dar görünürdü… Redaksiyadan kənarda müqayisə edilməz dərəcədə böyük genişlik vardı. O bunu bilirdi və bir vaxt bu genişliyə çıxacağını düşünürdü. O, Çikaqoya getməyə ümid edirdi.
О проекте
О подписке
Другие проекты