– Yox, demərəm, ancaq mən bu fikirdəyəm ki, biz elə birdən-birə Krenstonların və Finclilərin dalınca düşüb On ikinci gölə gedə bilmərik, hər halda bu saat bunu edə bilmə-rik. Ancaq sən istəyirsənsə və atam icazə verərsə gedib on-larda qonaq qala bilərsən.
Bu zaman aşağıda yenidən açılıb örtülən qapının səsi eşidildi və Bella qardaşı ilə apardığı mübahisəni unudub atasını qarşılamağa yüyürdü.
II FƏSİL
Likurq şəhərində yaşayan Qrifitslər nəslinin başçısı Kanzas-Siti şəhərində yaşayan Qrifitslər ailəsinin başçısına nisbətən zahirən daha görkəmli bir adam idi. Otuz ildən bəri görmədiyi, “Mərhəmət qapıları” adlı ruhani təşkilatda işlə-yən, qısaboylu, yöndəmsiz qardaşının əksinə olaraq, Sem-yuel Qrifits ucaboylu, möhkəm bədənli, şax qamətli bir adam idi. Onun nüfuz edən iti baxışları var idi, hərəkətləri və danışıq tərzi sərt idi. O özünü artıq çoxdan qeyri-adi fəra-sət sahibi və olduqca görkəmli işgüzar keyfiyyətlərə malik bir adam hesab edirdi. Həyatda əldə etdiyi müvəffəqiyyətlər onun özü haqqındakı bu fikrini sanki təsdiq edirdi. O qeyri-adi və görkəmli adandırıla bilməyən adamlara qarşı çox vaxt amansız olurdu. Belə adamlarla rəftarında o kobudluq və nəzakətsizlik etmirdi, lakin həmişə özünü sakit və etinasız, soyuqqanlı saxlamağa çalışırdı.
O bu cür rəftarına bəraət qazandıraraq həmişə öz-özünə deyirdi ki, ətrafdakı adamlar onu və həyatda müvəffəqiyyət qazanan onun kimi adamları necə qiymətləndirirlərsə o da özünü elə qiymətləndirir.
Semyuel Qrifits iyirmi beş il bundan əvvəl kiçik bir sərmayə ilə bu sərmayəsini yeni bir müəssisəyə – yaxalıq fabrikinə sərf etmək qərarı ilə köçüb Likurq şəhərində məs-kən salmışdı; onun başladığı bu iş, ümid etdiyindən daha yaxşı nəticə vermişdi. Təbiidir ki, o bununla fəxr edirdi. İndi, iyirmi beş il keçdikdən sonra o, Likurqda ən yaxşı və zövq ilə tikilmiş malikanələrdən birinin sahibi idi. Qrifitslər yerli aristokratiya içərisində görkəmli yer tuturdular. Onlar Li-kurqda ən qədim ailələrdən hesab olunmasalar da, hər halda ən hörmətli, ən mühafizəkar və firavan dolanan ailələr sıra-sında idilər. Semyuel Qrifitsin böyük qızı məlum olduğu ki-mi, cəmiyyətdən kənarda yaşayırdı, lakin onun kiçik uşaqla-rı Likurqun zəngin ailələrinə mənsub olan gənclərin məc-lisində görkəmli rol oynayırdılar və bu vaxtadək onun nüfu-zunu sarsıdan və yaxud onun nüfuzuna xələl gətirən heç bir hərəkətə yol verməmişdilər.
Fabrikin azı bir il ərzində yaxşı işləməsini və inkişafını təmin edən bir neçə saziş bağladıqdan sonra Çikaqo şəhərin-dən qayıtmış, öz evinə gəlmiş Semyuel Qrifitsin kefi bu gün çox saz idi. O həm özündən, həm də demək olar ki, bütün dünyadan olduqca razı görünürdü. Heç bir şey onun bu sə-yahətinin sevincini korlamamışdır. Burada olmadığı müd-dətdə fabrikinin işi özü burada olduğu zamanlardakı kimi çox yaxşı getmişdi. Fabrik xeyli sifariş almışdı.
Evə daxil olaraq o, ağır sakvoyajı döşəmə üzərinə atdı, modalı paltosunu əynindən çıxarıb geri dönərkən, gözlədiyi kimi, ona doğru yüyürən kiçik qızı Bellanı gördü. Əlbəttə, Bella onun sevimlisi idi. O, kiçik qızını cazibədar, nadir bir məxluq və həyatın ona bəxş etdiyi ən gözəl bir incəsənət əsəri hesab edirdi: gənclik, sağlamlıq, sevinc və şadlıq, zəka və məhəbbət – bunlar hamısı sanki onun gözəl qızının sima-sında təcəssüm etmişdi.
– Sənsən, atacan? – deyə Bella sevinc içində, mehriban bir səslə qışqırdı.
– Bəli, deyəsən, mənəm, özgəsi deyil. Mənim balaca qızımın kefi necədir? – deyə o qollarını açdı və Bella ata-sının ağuşuna tullandı.
– Gör mənim nə gözəl, möhkəm, sağlam qızım var, – deyə o məhəbbətlə qızın üzündən öpdü. – Görəsən mən ev-də olmayanda bu dəcəl qız özünü nə cür aparmışdır? Ancaq bax doğrusunu de, ha!
– Ah, atacan, mən özümü lap quzu kimi aparmışam. Kimdən istəyirsən soruş! Mən özümü lap yaxşı aparmışam.
– Anan necədir?
– Lap yaxşıdır, atacan. Yuxarıda, öz otağındadır. Yə-qin sənin içəri girdiyini eşitməyib.
– Bəs Mayra? Olbenidən qayıtmamışdırmı?
– Bəli, qayıtmışdır. Öz otağındadır. İndicə pianino ça-lırdı. Mən özüm də elə bu saat gəlmişəm.
– Ay, ay! Demək yenə evləri qonaq gəzirsən. Mən səni yaxşı tanıyıram. – Atası gülümsəyərək barmağı ilə qızını hə-dələdi, Bella isə onun qolundan asılıb, atası ilə ayaqlaşmağa çalışaraq pilləkənlə yuxarı qalxmağa başladı.
– Mən heç də qonaq gedib evləri gəzmirəm, – deyə Bella hiyləgər və mehriban bir ifadə ilə civildəyirdi. – Sən sadəcə mənə sataşmaq üçün bəhanə axtarırsan, atacan. Mən ancaq bir dəqiqəliyə Sondragilə getmişdim. Bilirsənmi, Fincligil artıq yayda Qrinvud gölünə getməyəcəkdir. Onlar On ikinci gölün sahilində, böyük və qəşəng bir yay malika-nəsi tikdirməyə hazırlaşırlar. Bundan başqa mister Finclin oğlu Stüart üçün motorlu böyük bir qayıq alacaqdır. Onlar bütün yayı, lap bəlkə may ayından oktyabr ayınadək orada yaşayacaqlar. Krenstonlar da yəqin ki, ora gedəcəklər.
Kiçik qızının kələklərinə çoxdan alışmış mister Qrifits indi bu dəqiqə, Bellanın ona təlqin etmək istədiyi şeylərə, – yəni On ikinci gölün Qrinvud gölünə nisbətən daha modalı bir yer olması, həmçinin Fincli ailəsinin əyləncə xatirəsi üçün özlərini bu cür böyük bir xərcə salmaları ilə o qədər də ma-raqlanmırdı.
Bellaya heç bir cavab vermədən o pilləkənlə qalxıb arva-dının otağına girdi. Missis Qrifitsi öpdü, Mayranın otağına baş çəkdi, Mayra isə atasını öpmək üçün qapı ağzına çıxdı, bundan sonra o, müvəffəqiyyətlə keçən səfəri haqqında da-nışmağa başladı. Onun arvadı və qızı ilə bu cür salamlaş-ması ər ilə arvad arasında tam bir həmrəylik və qarşılıqlı anlayış hökm sürdüyünü göstərirdi, doğrudur, böyük qızın xarakteri və baxışları ataya o qədər də xoş gəlmirdi, lakin buna baxmayaraq, ata öz rəftarını və mehribanlığını böyük qızından da əsirgəmirdi.
Ər ilə arvad öz aralarında söhbət edərkən missis Trüs-del içəri girib naharın hazır olduğunu xəbər verdi. Bu zaman bəzənib qurtarmış Qilbert gəldi.
– Ata, – deyə Qilbert sözə başladı. Mən sabah səhər çox maraqlı bir məsələ haqqında səninlə danışmaq istəyi-rəm. Olarmı?
– Əlbəttə, olar. Mən fabrikdə olacağam. Saat on ikidə yanıma gələrsən.
– Aşağı düşək, yoxsa nahar soyuyar, – deyə missis Qrifits xəbərdarlıq etdi və Qilbert dərhal pilləkənə doğru yönəldi. Onun arxasınca mister Qrifits Bella ilə qol-qola və missis Qrifits, elə indicə otağından çıxmış Mayra ilə bərabər, aşağı mərtəbəyə düşdülər.
Hamı stol arxasında oturduqdan sonra dərhal Likurq şəhərinin həyatına aid gündəlik mövzular ətrafında canlı söhbət başlandı. Bütün dedi-qoduların əsas mənbəyi Bella idi: çünki cəmiyyətə aid bütün yeniliklər son dərəcə böyük bir sürətlə Bellanın oxuduğu Snedeker məktəbinə gəlib çıxır və qız bütün bu dedi-qoduları sinəsinə yığırdı. İndi o bir-dən-birə sözə başlayıb dedi:
– Qulaq as, ana, gör mən Rozetta Nikolson haqqında sənə nə danışacağam. Bu qız missis Diston Nikolsonun ba-cısı qızıdır, o, keçən ay Olbeni şəhərindən buraya gəlmişdi, yadındadırmı? O hələ bizim məktəbin bayramına da gəlmiş-di… Sarısaçlı və bir qədər çəp göy gözləri var. Atasının Olbe-ni şəhərində böyük mağazası var. Hə, indi həmin bu Rozetta Utiki şəhərində yaşayan Qerbert Tikxem ilə nikahlanmışdır. Bilirsən, həmin bu Qerbert keçən yay, missis Lambertgilə qo-naq gəlmişdi. Sən onu yadından çıxartmısan, amma mənim yaxşı yadımdadır. Uca-boylu, qarasaçlı ancaq bir az yön-dəmsiz bir gəncdir. Çox solğun rəngi var, amma çox gözəl oğlandır, lap kinolardakı qəhrəmanlara oxşayır.
– Budur, diqqət verin, missis Qrifits, – deyə Qilbert acı bir istehza ilə söhbətə qarışdı. – Snedeker bacılarının Nümu-nə məktəbinin qızları bəzən gizli-gizli qaçıb kinolara gedir-lər ki, qəhrəmanlar haqqında biliklərini artırsınlar.
Bu zaman Semyuel Qrifits sözə başladı.
– Çikaqoda mənimlə maraqlı bir əhvalat baş verdi, – deyə o danışmağa başladı. Məncə bu əhvalat sizin hamınızı maraqlandıracaqdır.
İki gün əvvəl o Çikaqo şəhərində birdən-birə kiçik qardaşı Eysanın böyük oğluna rast gəlmişdi, indi mister Qri-fits bu görüş və bununla əlaqədar olaraq qəbul etdiyi qərar haqqında danışmaq istəyirdi.
– Nə olmuşdur, ata? Tez ol danış! – deyə Bella dərhal atasını tələsdirməyə başladı.
– Gətirdiyin təzə xəbərləri tez ortalığa tök görək, – de-yə Qilbert əlavə etdi: o atasının ona ürəkdən bağlı olduğu-nu bildiyi üçün həmişə atası ilə sərbəst rəftar edirdi və özü-nü onunla tay-tuş kimi aparırdı.
– Əhvalat belə oldu, – deyə mister Qrifits davam etdi: – Çikaqoda mən “Yuniyon Liq” klubunda düşmüşdüm. Ora-da bizim qohumumuz olan cavan bir oğlana rast gəldim, o sizin əminiz oğludur, uşaqlar – indi bu saat Denver şəhə-rində yaşayan qardaşım Eysanın böyük oğludur. Mən artıq otuz il olar ki, qardaşımı görməmişəm və bu vaxta qədər onun haqqında heç bir söz eşitməmişdim… – O, sanki bir tə-rəddüd içərisində fikrə gedərək susdu.
– Harada isə vaizlik edən o deyilmi? – deyə Bella atasının üzünə baxıb soruşdu.
– Özüdür ki, var. Hər halda mənim bildiyim budur ki, o evdən çıxıb gedəndən sonra bir müddət vaizlik etmişdir. Ancaq indi oğlu mənə dedi ki, atası bu peşəni buraxmışdır. İndi o Denver şəhərində nə isə bir başqa işlə məşğul olur, deyəsən, otel saxlayır.
– Oğlu nə cür oğlandır? – deyə Bella soruşdu.
Bella yalnız zahirən təmkinli görünən şıq gənclər və ki-şilərlə tanış idi, onun cəmiyyətdəki mövqeyi və ata-anasının nəzarəti yalnız bu cür adamlarla görüşməsinə icazə verirdi, buna görə də indi o, haradasa Qərbdə, otel saxlayan əmisi-nin oğlu ilə çox maraqlanmışdı.
– Əmioğlu? Onun neçə yaşı var? – deyə, Qilbert də sö-zə qarışdı, onu da, bu qohumun nə cür adam olduğu, cəmiy-yətdəki mövqeyi və bacarığının nədən ibarət olduğu ma-raqlandırırdı.
– Məncə o çox maraqlı bir gəncdir, – deyə mister Qri-fits bir qədər tərəddüdlə sözünə davam etdi, çünki əslində o hələlik Klayd haqqında müəyyən bir rəyə gələ bilməmişdi. – O zahirən çox yaraşıqlı bir gəncdir, nəzakətli və təcrübəli görünür, demək olar ki, sən yaşdadır, Qil və sənə oxşayır, özü də çox oxşayır: gözləri, ağzı, çənəsi eynilə səninki kimi-dir. – Qrifits oğluna baxdı. – O səndən azacıq hündürdür və deyəsən, səndən bir az arıqdır, bəlkə də mən səhv edirəm.
Eynilə ona oxşayan, eyni familiyanı daşıyan və bəlkə də eyni məziyyətlərə malik olan bir əmisioğlu olduğu Qilbertə o qədər də xoş gəlmədi. Bu vaxta qədər o burada, Likurq şə-hərində gələcəkdə atasının varidatının ən az üçdə birinə sa-hib olacaq və firmanın başında duracaq yeganə bir oğul ki-mi tanınmışdı. İndi isə birdən-birə cəmiyyətdə məlum olacaqdı ki, onunla yaşıd və hətta ona oxşayan bir qohumu, bir əmisi oğlu vardır… Qilbert təkcə bunu fikrinə gətirdikdə sanki bütün tükləri ürpəşdi.
O dərhal belə bir qərara gəldi ki, (və bu elə bir psixoloji reaksiya idi ki, bunu o özü belə başa düşmür və qarşısını ala bilmirdi) bu əmisi oğlundan heç xoşu gəlmir və heç vaxt da xoşu gəlməyəcəkdir.
– Bəs onun peşəsi nədir? – deyə Qilbert öz narazılığını gizlətməyə çalışaraq boğuq bir səslə soruşdu.
– Hər halda onun indiki vəziyyəti o qədər də parlaq deyil, – deyə Semyuel Qrifits gülümsəyərək cavab verdi. – O indi Çikaqoda “Yuniyon Liq” klubunda kiçik bir qulluqda-dır, lakin son dərəcə iltifatlı və tərbiyəli bir gəncə oxşayır. O mənim çox xoşuma gəldi. Mənə dedi ki, işlədiyi yerdə irəli getmək üçün heç bir imkanı yoxdur, buna görə də bir şey öyrənmək və həyatda özünə bir mövqe qazanmaq üçün daha yaxşı bir yerdə işləmək arzusundadır. Mən ona bizim fabrikə gəlməsini təklif etdim. İndi ki, istəyir, qoy burada bəxtini sınasın. Biz ona bir az kömək edə bilərik. Hər halda fərasətini və bacarığını göstərməsi üçün imkan yarada bilə-rik.
Mister Qrifits qardaşı oğlunun taleyinə ürəkdən yan-dığını o saat açıb demək istəmirdi: o hələ bir müddət göz-ləmək, Klayda aid planını arvadı və oğlu ilə bərabər mü-zakirə etmək istəyirdi. Lakin indi bu barədə danışmaq üçün əlverişli fürsət düşdüyünü görüb, məsələnin bu cür başla-masına sevindi: Klaydın Qilbertə oxşaması onu çox heyrətə salmışdı və o öz qardaşı oğluna bir az kömək etmək istəyir-di.
Qilbert atasının sözlərini əsəbi bir halda dinlədi, missis Qrifits həmişə oğlunun tərəfini saxladığı üçün indi Qilbertlə yanaşı olaraq nə qan qohumlarından, nə də yadlardan heç bir rəqib görmək istəmirdi, lakin Mayra ilə Bella dərhal ata-larının planları ilə maraqlandılar. Demək onların Qrifits familiyalı, Qilbertlə həmyaşıd, gözəl həm də atalarının dedi-yinə görə olduqca tərbiyəli və nəzakətli əmiləri oğlu vardır! Bu həm Mayranın, həm də Bellanın xoşuna gəldi. Lakin mis-sis Qrifits Qilbertin tutulduğunu görərək, bu xəbərdən çox da şad olmadı. Bu əmioğlunun zahir olması, görünür Qilber-tin xoşuna gəlməyəcək, lakin ərinin nüfuzuna və zəkasına hörmət bəslədiyi üçün ana hələlik bu barədə heç bir söz de-məyib susdu. Bella isə susa bilmədi.
– Atacan, sən onu fabrikdə işə düzəldəcəksənmi? – de-yə qız səsləndi. – Oy, bu necə yaxşı olar. Yəqin bizim başqa əmioğluların hamısından qəşəngdir.
– Bella! – deyə missis Qrifits məzəmmətlə qızına baxdı, Mayra isə bir neçə il bundan əvvəl Vermonqdan onları ziya-rətə gələn yöndəmsiz böyük əmiləri və onun oğlunu xatırla-yaraq, çox mənalı bir halda gülümsədi. Qilbert son dərəcə acıqlanıb ürəyində bütün bu plan əleyhinə bir üsyan duydu. O, atasını başa düşə bilmirdi.
– Biz onsuzda bizim fabrikdə işləyib öyrənmək istə-yən adamları heç vax rədd etmirik, – deyə o sərt bir səslə qeyd etdi.
– Yox, rədd etmişik, – deyə atası etiraz etdi, – ancaq əlbəttə ki, əmi uşaqlarını və qohumlarımızı rədd etməmişik. Bundan başqa məncə o, ağıllı oğlandır, özünə görə hissiyyatı var. Qohumlarımızdan birinə buraya gəlib öz bacarığını gös-tərməsi üçün imkan versək, bunun bizə nə ziyanı ola bilər? Başa düşmürəm, nə üçün başqaları kimi biz onu da fabriki-mizdə işə götürə bilmərik?
– Mən isə başa düşürəm, Qil istəmir ki, Likurq şəhə-rində Qrifits familiyalı və üstəlik ona oxşayan ikinci bir gənc də meydana çıxsın! – deyə Bella hiyləgərcəsinə qeyd etdi, in-di o, daima bacısını tənqid edən qardaşından heyif almağa çalışırdı.
– Bu nə cəfəngiyyatdır! – deyə Qilbert əsəbi bir halda cavab verdi. – Heç olmasa ömründə bir dəfə ağıllı bir söz da-nışaydın. Onun familiyasının, yaxud mənə oxşayıb-oxşama-dığının mənim üçün nə əhəmiyyəti var? – Qilbert artıq ciddi olaraq acıqlanmışdı.
– Qilbert! – deyə missis Qrifits məzəmmətlə səsləndi. – Sən bacınla nə cür danışırsan!
– İndi ki, onun üstündə burada ehtiraslar bu cür qı-zışır, mən o gənc üçün heç bir şey etməyəcəyəm, – deyə mis-ter Qrifits sözə qarışdı. Ancaq onun atası heç vaxt işgüzarlıq cəhətdən bacarıqlı adam olmamışdır, buna görə mən Klay-dın bir vaxt imkan tapıb həyatda özünə bir mövqe qazanaca-ğına şübhə ilə baxıram (atasının bu adı belə sadə və dostanə çəkməsi Qilberti büsbütün sarsıtdı). Mən ona buraya gəl-məsini sadəcə ona görə təklif etdim ki, həyatda ilk addım atmasına bir az kömək etmək istədim. Ancaq ondan bir şey çıxacaq və ya çıxmayacaq, bu barədə heç bir söz deyə bilmə-rəm. Bəlkə o burada işləməyi bacaracaqdır, bəlkə də işin öh-dəsindən gələ bilməyəcəkdir. İşin öhdəsindən gələ bilməsə… – mister Qrifits sözünü əllərinin hərəkəti ilə tamamladı və sanki bu hərəkəti ilə: “bacarmasa, təbiidir ki, biz ondan ya-xamızı qurtararıq” demək istədi.
– Nə eybi var, məncə bu sənin tərəfindən çox alicənab bir hərəkətdir, – deyə missis Qrifits iltifatla və diplomatik bir incəliklə qeyd etdi. – Ümid edirəm ki, o, sınaqdan müvəffə-qiyyətlə çıxacaqdır. Amma bunu da deməliyəm ki, – deyə mister Qrifits mənalı bir surətdə əlavə etdi, – o, mənim fab-rikimdə işlədiyi müddətdə, yalnız mənim qardaşım oğlu ol-duğu üçün başqa xidmətçilərdən fərqli olaraq ona xüsusi bir münasibət göstərilməsini mən heç istəmirəm. O buraya əy-lənmək üçün yox, işləmək üçün gəlir. Nə qədər ki, o burada, fabrikdə imtahan verəcək, siz onunla heç bir yaxın əlaqəyə girməməlisiniz. Buna heç bir şəkildə yol vermək olmaz. Mə-nə elə gəlir ki, o sırtıq adamlardan deyil və heç vaxt xam xəyala düşüb onu burada özümüzə tay-tuş bir adam kimi qəbul edəcəyimizi ağlına gətirməz. Bu çox axmaq bir iş olardı. Sonralar o doğrudan da ləyaqətli olduğunu, öz başını saxlamağı bacardığını, qabağa dürtülməyib öz yerini bildiyi-ni sübut etsə və onda biriniz ona bir az diqqət göstərmək is-təsə, – nə eybi var, o zaman baxarıq… Ancaq o zaman!
Missis Trüsdeylin köməkçisi olan Amanda, süfrədən naharın qalıqlarını yığışdıraraq, stol üzərinə çərəz düzdü. Mister Qrifits nadir hallarda şirin yeyərdi və adətən, süfrə başında yad adam olmayanda, nahardan sonra kitabxanaya çəkilib balaca stolda mühafizə olunan bank və birja bülleten-lərini gözdən keçirərdi; bu gün də o belə etdi. Stolunu kəna-ra çəkib ayağa qalxdı. Arvadından və uşaqlarından üzr istə-yərək yemək otağı ilə bitişik olan kitabxanaya keçdi. Ai-lənin qalan üzvləri isə çərəz yeməyə başladılar.
– Mən, bizim bu əmioğlunun nə cür bir adam oldu-ğunu görmək istərdim, – deyə Mayra sözə başladı. – Sən ne-cə, ana?
– Mən də. Ümid edirəm ki, o atanızın ümidlərini doğ-rultmağa çalışacaqdır. O bunu etməsə, bu onun tərəfindən bir nankorluq olardı.
– Mən başa düşə bilmirəm, – deyə Qilbert söhbətə qa-rışdı. – Biz burada, öz yerli adamlarımıza güclə iş tapdığımız halda, nə üçün kənardan buraya işçi çağırmalıyıq. Bundan başqa onun bura gəlməmişdən əvvəl sadəcə bir otel işçisi olduğunu bilsələr görün burda nə cür söz-söhbət başlaya-caqdır.
– Hardan biləcəklər? – deyə Mayra soruşdu.
– Nə cür biləcəklər? Biz onun özü haqqında danış-mağına necə mane ola bilərik? Gərək onda biz onu xüsusi olaraq bu barədə xəbərdar edək! Ancaq onu orada görənlər-dən birisi buraya gəlib çıxa bilər. – Qilbertin gözlərində kinli bir od alışıb-yandı. – Amma mən ümid edirəm ki, o ağzını boş qoyub bu barədə danışmaz. Hər halda onun əvvəllər kim olduğu bilinsə, biz bundan heç bir yaxşı şey qazanma-yacağıq.
– Mən isə bu fikirdəyəm ki, o, Allen əminin oğlanları kimi cansıxıcı bir gənc deyildir. Məncə Allen əminin oğlan-ları dünyanın ən maraqsız gəncləridir.
– Bella, – deyə missis Qrifits yenə də qızını saxladı.
III FƏSİL
О проекте
О подписке
Другие проекты
