Adil sinifdə müəlliminə qulaq asdığı zaman anası Nərgizin surəti gəlib gözlərinin qabağında dayanar, xeyli vaxt dinməz-söyləməz ona baxar, sonra sakitcə çəkilib yox olardı. Belə hallarda Adil kirpik çalmadan, nəzərlərini naməlum bir nöqtəyə zillər, onun qarşısında hər şey dumanlı görünərdi. Sonra ixtiyarsız olaraq isti göz yaşları yanaqlarından diyirlənib qarşısındakı kitab-dəftərin üstünə düşərdi. Adil bu vəziyyəti müəllimindən və uşaqlardan gizlətməyə çalışardısa da bacarmazdı. Onun için-için ağladığını görən sinif yoldaşları “yenə anası yadına düşüb”, deyə pıçıldaşardılar. Bu sözlər Adilin ürəyinə yenidən od salar, onu təzədən yandırardı. Bəzən də Adil müəllimdən gizli, döş cibindən anasının şəklini çıxarıb baxar, baxar… sonra əlləri titrəyə-titrəyə onu dodaqlarına yapışdırıb öpər və həsrətlə dərindən köks ötürərdi. Lakin uşaq bununla da təskinlik tapmazdı. Onu az-çox sakit edən, saç-birçəyi pambıq kimi ağarmış nənəsi olardı. Anası öldükdən sonra Adil bütün məhəbbətini mehriban nənəsinə bağlamışdı. Qarlı qış gecələrində sobanın yanında, isti yay günlərində həyətdəki meynənin sərin kölgəsində əyləşən qarı, nəvəsinin başını qucağına alar, titrək barmaqlarını onun qıvrım, xurmayı saçları arasında gəzdirə-gəzdirə şirin nağıllar, maraqlı əfsanələr söylərdi. Adil nənəsinin nəfəsindən anasının ətrini duyar, onun danışığından anasının səsini eşidərdi.
Qarı cümə axşamları Adildən gizli Nərgizin qəbrini ziyarətə gedərdi. Qoca ananın taqətdən düşmüş üzgün ürəyi bu ağır dərdə dözə bilməzdi. O, gözləri şişincəyədək həzin-həzin ağlardı. Evə qayıdanda onun qəmgin sifətindən əhvalatı duyan Adilin kiçik qəlbinin yarası təzədən sızıldamağa başlardı.
Rəhman oğlunun xahişilə Nərgizin şəklini böyütdürüb, evin yuxarı başında divardan asmışdı. Adilin çarpayısı bu şəklin altında idi. O, hər gecə yerinə uzanan kimi yarımqaranlıq otaqda gözlərini anasının əksinə dikib ürəyində saatlarla onunla danışardı. Adilin nəzərində bu şəkil hərəkətə gələr, onun dodaqları tərpənər, danışar və gülümsərdi…
Rəhmanı isə bu vaxt tamam başqa bir şey düşündürürdü. O, müharibədən öz canını salamat saxlamaq üçün gecə-gündüz yollar axtarırdı.
Bu qayda ilə bir müddət ötdü. Rəhman dəmir yolunda qulluğa girdi. Bundan sonra atası tez-tez səfərdə olduğundan Adil evdə nənəsilə qalardı.
Çox çəkmədi ki, qarı da xəstələnib yorğan-döşəyə düşdü və iki həftə sonra ömrünü nəvəsinə, nəvəsini isə Rəhmana tapşırıb gözlərini yumdu…
Dəmir yolunda Rəhmanın işi pis getmirdi. O, nə müharibənin gurultularını eşidir, nə dəhşətlərini duyur, nə də çörək, yavanlıq dərdi çəkirdi. Hələ üstəlik sevdaya da düşmüşdü; necə deyərlər, bir könüldən-min könülə bir qadına vurulmuşdu. O bu barədə iki-üç dəfə Adilə də eşitdirmişdi: “Oğlum, indi gərək bir elə arvad xeylağı tapaq ki, bu evin işini görsün. Sənin də, mənim də paltarımı yusun, çayımızı, çörəyimizi hazırlasın”.
Atasının bu sözləri Adilə qəribə gəlsə də, narazılıq etməmişdi. Doğrudan da, evin işini görməyə bir adam lazımdı. Lakin Adil həmin adamın kim olacağı, onunla necə rəftar edəcəyi barədə düşünməmişdi. Əgər Adil bununla maraqlansaydı, Rəhman evə gətirmək istədiyi qadının mülayim təbiətli, təmizkar və işgüzar olduğunu ona deməyə hazır idi.
Rəhmanın Diləfruzla tanış olmasının maraqlı bir tarixçəsi vardır.
Diləfruz, dəmir yol sərnişin vağzalında qoyulmuş yaşıl bir butkada su, şərbət, bəzən də papiros, spiçka satırdı. Əri cəbhəyə gedəndən sonra Diləfruz hər səhər özünə yngülcə bəzək verib işə gedər, ağ xalatını geyinib qollarını dirsəyə qədər çirməyər və budkaya yaxınlaşan müştəriləri cürbəcür söhbətlərlə əyləndirməklə gününü keçirərdi. Belə vaxtlarda Diləfruzun dili şərbətdən də şirin olurdu. Elə onun qazancı da cavan oğlanlarla işvəli danışmasından çıxardı.
− Nə qədər verəcəyəm bacı? – deyə müştəri içdiyi suyun, aldığı papirosun qiymətini soruşanda, Diləfruz əvvəlcə onun üzünə gülümsəyir, sonra adəti üzrə qaşlarını dartıb gözlərini süzə-süzə:
− Əşi, heç verməsən nə olar, qiyamət qopmaz ki, − deməklə öz yerini şirin salırdı. Sonrası isə müştərinin səxavətindən asılı idi.
Diləfruzun yüngültəbiətli qadın olduğunu hiss edən müştərilərin bəzisi tez-tez “su içməyə” gəlib-getdikdən sonra ona başqa şeylər də təklif edirdilər. Arvad belə bir arzunun ancaq ərə gedəndən sonr ayerinə yetə biləcəyini üstüörtülü ibarələrlə başa salırdı.
İsti yay günlərinin birində Rəhman da Diləfruzun budkasına yan alıb sərin su istədi.
− Bu saat, qardaş, bircə dəqiqə gözləyin! –deyə Diləfruz budkanın divarından asdığı kiçik ayna qabağında saçlarını nizama salıb, sifətinə xoş bir ifadə verərək üzünü Rəhmana tutdu: − Nə buyurdunuz, qardaş?
− Bir stəkan sərin su.
− Şərbətlə, yoxsa…
− Necə xətrin istəyir.
Diləfruz da söz üçün məəttəl qalmadı.
− Bəlkə, mənim xətrim istəyir stəkanı xalis şərbətlə doldurum…
− Qəbulumdur. Şərbət də versən içərəm, zəhər də.
Rəhman Nərgizin vəfatından sonra ilk dəfə idi ki, yad bir qadınla belə danışır və ona başqa nəzərlə baxırdı. O, əvvəllər də Diləfruzun əlindən su alıb içmişdi. Onda bu arvada heç fikir verməmişdi. Bəlkə, elə qabaqlar da Diləfruz ona bu xoş sifəti göstərmiş, şirin dillə “qardaş, qardaş” demişdi. Lakin Nərgizin sağlığında Rəhman nə bu qadının dediklərinə əhəmiyyət vermiş, nə əməlli-başlı üzünə baxmış, nə də onun çılpaq qollarına diqqət yetirmiş. O vaxt Rəhman buna ehtiyac hiss etməmişdi. Indi isə o, laqeydlik göstərmədi. Diləfruzun ağ barmaqları arasında ona uzatdığı şərbət dolu stəkanı aldı, suyu içə-içə bir daha diqqətlə bu dolubədənli, qabarıq sinəli, girdəsifətli, oynaq gözlü qadını süzdü. –Daha nə dərdin, Rəhman, − deyə fikirləşdi, − istədiyin yar idi, yetirdi pərvərdigar.
İçdiyi sərin sudan Rəhmanın ürəyinin hərarəti söndüsə də arvadın gözlərindən qəlbində nə isə alışıb yandı. Diləfruz da oğrun baxışlarla Rəhmana təpədən-dırnağa nəzər yetirdi. Kişinin qalın, enli qaşları altında bic-bic gülümsəyən gözləri arvada sanki gizli bir söz demək istəyirdi. Qartal dimdiyinə oxşayan burnunun ucu sarımtıl bığlarının üstünə əyilmişdi. O sanki bütün simasını arvada göstərmək üçün furajkasını da çıxarıb əlinə götürmüşdü. Daz başı tərdən par-par parıldayır, hər şeyi ayna kimi özündə əks etdirirdi. Gicgahlarındakı qara tüklərin arasında tək-tək ağları da nəzərə çarpırdı. Rəhman rəngi bozarmış dəmiryolçu köynəyinin üstündən bağladığı enli kəmərinin ucuna bir qarışa qədər başqa qayış tikmişdi. Bu onun sonradan kökəldiyini göstərirdi.
Kişi suyu içib, stəkanı yerə qoyanda Diləfruz dilləndi:
− Bir də süzümmü?
Rəhman əvvəlcə nə cavab verəcəyini bilmədi. Qadının eyni təbəssümlə həmin sözləri təkrar etdiyini eşitcək ürəyi çırpındı. Qəlbində sanki bir sim titrədi.
− Ver, bir stəkan da ver içək! –deyə bu dəfə Rəhman da ürəyindən keçənləri aydınca ifadə edən mənalı bir tərzdə qımışdı.
Bəli! Onların əsl məhəbbət macərası bu ikinci stəkandan sonra başladı.
O günü axşama qədər, pərvanə çırağın başına fırlanan kimi, Rəhman da pəncərəsindən zəif işıq gələn bu yaşıl budkanın ətrafına dolandı. Elə bil Diləfruzun əlindən alıb içdiyi o ikinci stəkanın sərin suyu ilə, qadının odlu eşqi də Rəhmanın canına süzülmüşdü.
Kişi o gecə ah-uf edib səhərə kimi yerində qurdalandı. Lakin arabir gözü Adilin çarpayısına və onun başı üstündən asılmış Nərgizin şəklinə sataşanda qəlbi sıxılır, nə edəcəyini bilmirdi. Rəhman gözlərini yuman kimi yenə yaşıl su budkası içərisində dayanmış ağ xalatlı Diləfruz şərbət dolu stəkanı ona uzadıb gülümsəyirdi: “Bir də süzümmü?” Ancaq burada da Nərgizin xəyalı onu təqib edirdi. Rəhman budkadan uzaqlaşmış Adillə, Nərgizlə qarşılaşdı. Hər ikisi acıqlı-acıqlı ona baxıb susurdu. Bu iti baxışlar iynəyə dönüb Rəhmanın qəlbinə sancılır, nə isə onu içindən yandırır, ağrıdır, incidirdi. “Bir də süzümmü?..” deyən Diləfruzun da səsi qulaqlarından getmirdi..
Diləfruzla birinci görüşdən iki ay ötdü. İlk vaxtlar odla su arasında qalan Rəhman, çox çəkmədi ki, bütün tərəddüdə son qoydu. Sanki Diləfruzun suyu odu söndürdü, Rəhman Nərgizin ruhunu xəyalından qovdu.
Artıq Diləfruz Rəhman üçün “Diləfruz xanım” olmuşdu. İndi hər dəfə yola çıxanda, səfərdən qayıdanda Rəhman əvvəlcə yaşıl su budkasına yaxınlaşıb saatlarla Diləfruzla uzun söhbət edər, arabir ona eyham vurardı. Diləfruz da danışıqlardan kişinin məqsədini duyub ona naz satar, yerini daha şirin salardı. Hərdən qəhqəhə çəkib elə ucadan gülərdi ki, səsi vağzalın o biri başında eşidilərdi. Rəhmanı Diləfruza sevdirən bir şey vardısa, o da kişinin qatarda bələdçi işləməsi idi. Arvad Rəhmanın Moskvadan gələndə çox vaxt özü ilə nə isə gətirdiyini duymuşdu. Üstəlik bu kişinin subay olduğunu da onun iş yoldaşlarından soruşub öyrənmişdi.
Diləfruzun əvvəlki ərindən uşağı olmamışdı. Özünün dediyinə görə həkimlər bunun səbəbini kişidə görmüşdülər.
Doqquz il başqasının kəbinli arvadı olduğunu Rəhmana danışmaq Diləfruza ar gəldiyindən o bunu da öz yaşı kimi xeyli ixtisar eləmişdi. Hələ üstəlik, ərini sevmədiyini, ancaq anasının təkidi ilə ona getdiyini də Rəhmana eşitdirmişdi. Guya buna görə də cəbhədən ərinin həlak olması xəbərini alan Diləfruz o qədər də kədərlənməmişdi.
İndi Diləfruz Rəhmana getmək xatirinə hər şeyi danmağa hazır idi.
Ləpədöyəndə keçən günlər
Məktəblilərin yay tətilində Rəhmanın bacısı Adilin anasının qırxını verməyə gəlmişdi. Qardaşı oğlunun evdə darıxdığını görüb, gedəndə onu da özü ilə kəndlərinə apardı.
Onlar qatarla getdilər. Gün batana yaxın bibisi Adilə stansiyaya çatdıqlarını bildirdi.
Qatardan düşüb xeyli getmişdilər ki:
− Ayaqqabılarını çıxart, oğlum, − deyə bibisi ona tapşırdı. Meyvə bağlarının arasilə uzanan qumsal yollarda çəkmə ilə addımlamaq çətinlik törədirdi.
Adil də, bibisi də ayaqqabılarını soyunub əllərinə aldılar. Hava yavaş-yavaş qaralır, sərinlik çökürdü.
Bir-birindən uzaq, alçaq kənd evlərinin çoxu yaşıl ağacların arasında gizləndiyindən güclə görünürdü. Ətrafda tam sakitlik idi: sanki bu evlərdə heç kəs yaşamırdı. Adil əvvəllər də anası ilə bu yollarla bir neçə dəfə getmişdi. Lakin o vaxtlar uşaq olduğundan, indi bibisigilin kəndlərini xatırlaya bilmirdi.
Qarşıdan əsən sərin yel Adilin qıvrım saçlarını oxşayır, bibisinin nazik örpəyini oynadıb onun üzünə sürtürdü. Adil bu örpəkdən nə isə xoş bir ətir duyur,anası yadına düşür; elə bil bibisinin örtdüyü bu qara örpək onun anası Nərgizdən qalmışdı.
Yol getdikcə uzanırdı.
Uşağın yorulduğunu hiss edən arvad:
− Az qalıb, oğlum, − deyə ona ürək-dirək verməyə başladı, − bax, o qaya üstündəki böyük çinarın altından evimiz görünəcək.
…Onlar böyük çinara yetişəndə qaranlıq bağların üzərinə qanad gərmişdi. Buradan ancaq zəif ay işığında parıldayan dənizin nəhayətsiz səthi sezilirdi. Adilə elə gəldi ki, dəniz yaxında, lap ayaqlarının altındadır; elə buradan tullansa birbaş suya düşər.
Qayanın dörd yanını torpaq basmışdı. Yaşıl otların arasilə uzanan cığır sahilə enirdi. Enişə çatanda Adil istər-istəməz dayandı. Evlərin kiçik pəncərələrindən işıq gəlirdi. Ara-sıra boğuq it hürüşməsi eşidilirdi. Buradan dəniz bayaqkından xeyli uzaqda görünürdü.
− Bax, o qıraqdakı ev bizimkidir, − deyə bibisi əlini qabağa uzadıb qaranlıqda ulduz kimi yanan bir işığı göstərdi.
…Alçaq daş hasarın kiçik qapısından həyətə girəndə onları balaca bir qız qarşıladı. Bu, Adilin bibisi qızı Mənsurə idi. Anasının yanınca gələn oğlanı görəndə o sevinclə içini çəkdi:
− Adil? –deyə qəfildən, cingiltili bir səslə qışqıraraq tullanıb onun boynuna sarıldı. Bu vaxt Adil ayaqlarına nə isə tüklü, yumşaq bir şeyin toxunduğunu hiss edib qorxan kimi oldu.
− Toplan! Yədd ol buydan, biybaş evə! –deyə qız təpiyilə iti qorxudaraq, yenə bayaqkı zil səslə çığırdı. –Özgə adam deyil, mənim dayım oğluduy…
Toplan ağ quyruğunu bulaya-bulaya qaranlıqda gözdən itdi.
Adil, Mənsurənin nazik qolları arasından birtəhər çıxıb soruşdu:
− Bibiqızı, necəsən?
Mənsurə tutuquşu kimi fasilə vermədən dil-dil ötdü:
− Mən yaxşıyam, sən necəsən? Dünən qızlayla giz-lənpac oynayanda ağacın dibində gizlənmişdim, buynumu ayı sancmışdı. Şişmişdi, lap çox şişmişdi ey, olmuşdu ay-mud kimi. Utanıydım, bayıya çıxa bilmiydim, elə indi də şişi qalıb ey, Adil, biy əlini vuy…
Adil, qaranlıqda Mənsurənin burnunu axtardı:
− Bərk sıxma, incidiy ey, − deyə Mənsurə Adilin əlini tutub ehtiyatla burnuna yaxınlaşdırdı.
− Nə yekəlib heç adamın ovcuna sığışmır.
Mənsurənin anası uşaqların həyətdə çox yubandığını görüb onları evə çağırdı.
Adil içəri girəndə işıqdan gözlərini qıydı. Doğrudan da Mənsurə çox eybəcər şəklə düşmüşdü: qızın şişmiş burnu par-par parıldayırdı.
Mənsurəgilin evlərinin Adilə xoş gələn sadə bir bəzəyi vardı. Döşəmə üç-dörd köhnə palazla örtülmüşdü. Divarlar əhənglə ağardılmışdı. Yuxarı başda küncə söykədilmiş kiçik stolun üstündə Mənsurənin kitab-dəftəri, mürəkkəbqabısı, qələmi, karandaşı dururdu. Stolun o başında divardan dövrəsinə əyri-üyrü əlvan nəqşlər vurulmuş dərs cədvəli və təqvim asılmışdı. Ortada üstünə göy müşəmbə salınmış dəyirmi mizin yanında iki təzə stul vardı. Qapı ilə üzbəüz bəzəkli dəmir sandığın üstünə, az qala tavana qədər çit yorğan-döşək qalanmışdı. Qabağında çarpayı qoyulmuş pəncərənin sağ tərəfində, divarda Mənsurəgilin ailə üzvlərinin və Adilə tanış olan qohum-ların şəkli vurulmuşdu. Sol tərəfdə köhnə asma saat çaq-çuqla işləyirdi.
Adilin hər şeyə diqqətlə fikir verdiyini görən Mənsurə ona yaxın gəlib soruşdu:
− Necədiy? Evimizi bəyəniysən, ya yox? –Mənsurə Adilin cavabını gözləmədən anasına tərəf döndü və dili ağzında yanırmış kimi tez-tez danışmağa başladı: − Ana, bəlkə Adil acdıy. Yumuyta bişiymişdim, yayısını yemişəm, yayısını saxlamışam. Vey Adil yesin, əgəy, az olay yenə bişiyəyəm. Sən də yeyəcəksən, ana?
− Az danış, ay qız… Bu saat özüm hər şeyi düzəldərəm, − deyə anası qıza acıqlanıb gözlərini ağartdı.
Mənsurə bir an susduqdan sonra yenə qramafon kimi ötdü:
− Ana, o sayı toyuğu kəs də Adil üçün. Nə olay, ay ana? Adil bizə həmişə gəlmiy ki. Ana, ay ana, gedim tutum, gətiyim sayı toyuğu, kəsiysən?..
Mənsurənin bir dəqiqə nə dili, nə də özü hərəkətsiz dururdu. O gecə yatana kimi qızın danışıqları yazılsaydı, beş günə oxuyub qurtarmaq olmazdı.
Səkkiz yaşına yenicə girmiş Mənsurənin çevikliyinə baxmayaraq, bədəncə çox cılız idi. Onun girdə sifəti, əsmər yanaqları, qələm kimi nazik qaşları və üzərinə şeh düşmüş qara şanı giləsi kimi parlaq, badamı gözləri ətrafında sıx, uzun kirpikləri vardı. Açıq xurmayı gödək hörükləri hər iki yandan siçan quyruğu tək çiyinləri üstə sallanmışdı. Onun civə kimi bir yerdə sakit duran vaxtı olmadığı üçün hörükləri də hey tərpənirdi. Yəqin ki, o çox dəcəllik etdiyindən, əynindəki rəngi bozarmış oğlan maykası nəyəsə ilişib iki yerdən cırılmışdı.
Şam elədikdən sonra Mənsurə dayısı oğluna qayğıkeşlik göstərib dedi:
− Mən çaypayımı Adilə veyiyəm, özüm yeydə yatacağam.
Adil bu təklifə etiraz etdisə də, qız heç cürə razı olmadı:
− Bax, biy kəyəm dedim, quytaydı! Oyda yatacaysan! Yoxsa küsəyəm səndən.
..Gecə Mənsurə elə bərk yatmışdı ki, onun günortaya kimi yerindən qalxacağına inanmaq olmazdı.
Səhər xoruz banından qabaq qızın səsi otağı başına götürdü:
− Adil, duy anam sayı toyuğu kəsəcək, göyək qaynından yumuyta çıxay, ya yox…
Adil yuxudan doymasa da qalxmağa məcbur oldu. Yerindəcə balışa dirsəklənib oturdu. O, çarpayının baş tərəfindəki kiçik pəncərədən bayıra baxanda qəlbi fərəhləndi. Sən demə bibisigilin evləri lap ləpədöyəndə imiş! Buradan bayır elə gözəl görünürdü ki!
О проекте
О подписке
Другие проекты