Salam Qədirzadə
QIŞ GECƏSİ
r o m a n
Bioqrafiya
Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub.
Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S.Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdir.
1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir.
Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.
Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqı-nın orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifə-sində işləyir.
1960-cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır.
1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir.
Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmiş-dir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu.
Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəb-bət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir.
Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi. Son kitabını “Hər gün ömürdən gedir” adlandırdı. Bu kitabı görmək qismət olmadı ona.
Tarçalan oğlan
Mən bu hekayətimə Ceyranın gözlərindən başlaya-cağam. Haqqında danışacağım o qızın, ilk baxışda bir cüt ala, dağ çeşməsi kimi qaynar iri gözləri nəzəri cəlb etdiyi üçün yerimdə siz də olsaydınız belə edərdiniz; əvvəlcə, Ceyranın gözlərindən söhbət açardınız. Bəli, o qızın baş-başa vermiş nazik qaşları altında parlayan oynaq gözlərini görəndə mənim də ürəyim yerindən oynamışdı; qeyri-ixtiyari olaraq çevrilib, bir də onun sıx, uzun kirpiklərlə dövrəyə alınmış cazibədar gözlərinə baxmışdım. Baxmış-dım və valeh olmuşdum! Elə bil Lermontov Qafqaza gələrkən Ceyranın gözlərini görmüş, ondan ilham almış, “İki göz gördüm o yerlərdə, ilahi gözlər…” misrasını yana-yana ona yazmışdı.
O vaxt Ceyranın yaşı on səkkizdən artıq olmazdı. Boyu da yaşına münasib idi. Onun bahar nəfəsindən təzəcə açılmış qırmızı qönçə kimi zərif dodaqlarında həmişə xəfif bir təbəssüm gəzərdi. Sanki qız, nə isə fikirləşir, hansı əhvalatısa xatırlayıb gülümsəyirdi. Zəif qızartı çökmüş yanaqları elə bil heç günəş üzü görməmiş, daima kölgədə saxlanılmışdı. Xurmayı, gödək, qıvrım saçları müdam çiyinlərində oynar, qızın boynunu oxşardı. Ceyranın incə ağ əlləri, biçimli, dolğun biləkləri və yaraşıqlı qıçları vardı. Qızın nə geyimində, nə də görkəmində gözəllik xatirinə heç bir bəzəyi yox idi. Ceyran qəşəng qızdı.
Mən Ceyranın gözəlliyindən çox yazardım. Ancaq qorxuram; onu sevən oğlana cavanların rəqib çıxacağından ehtiyat edirəm. Onsuz da universitetin tələbələri arasında “Tarçalan oğlan” ləqəbilə tanınan o azərbaycanlı balası bu qızın haqqında az düşünmür. Əslində ona bu ləqəbi də Ceyranı sevdiyinə görə vermişlər.
Tarçalan oğlan Ceyranla üç il əvvəl, bir çərşənbə axşamı tanış olmuşdu.
Onda bahardı. Güllü-çiçəkli, təravətli bir bahardı!
İş belə gətirmişdi ki, sonra onlar iki dəfə, yalnız ikicə dəfə görüşmüşdülər: Ceyranın boş olduğu çərşənbə axşamları. Üçüncü görüşə isə cəmisi bir neçə saat qalmış Tarçalan oğlan hər şeyi, hətta dəlicəsinə vurulduğu Ceyranı da atıb Moskvaya getmişdi. O, heç də əvvəlcədən, bu fikirdə olmamışdı. Lakin Bakıda qala bilməyəcəkdi. O, mütləq getməli idi! Moskvaya olmasa, Leninqrada, ya başqa bir şəhərə gedəcəkdi!
Üçüncü çərşənbə axşamı Ceyranın görüş yerinə gəlib nə qədər gözlədiyini, nələr düşündüyünü, o hələ indiyə kimi bilmir. Ancaq qızın qaynar gözləri heç vaxt xəyalından da çəkilmirdi. Doğrudur, bir neçə ay sonra Moskvadan Tarçalan oğlanın Ceyrana yazdığı məktubların hamısı geri qayıtmışdı. Amma o, qızı unuda bilmirdi.
Ceyranın onda heç olmasa kiçik bir yadigarı – ya üstünə iki kəlmə söz yazılmış bir parça kağızı, ya əlinə belə almadan iylədiyi solğun bir çiçəyin yarpağı qalsaydı, Tarçalan oğlan onu əzizlər, hər baxanda təsəlli tapardı. Lakin, arada məhəbbət xatirinə hicrandan başqa heç bir şey qalmamışdı! İki döyünən odlu qəlbin arasında hicran körpü olmuşdu..
Axşamlar dərsdən sonra universitetin yataqxanasına toplaşan tələbələr çarpayılarda uzanıb gecə yarıyadək söhbət edərdilər; öz arzularından, məhəbbətlərindən danışardılar. Bəzən gənclər sevdiyi qızların şəkillərini çıxarıb bir-birinə göstərər, harada, necə tanış olduqlarını nağıl edərdilər. Belə söhbətlər zamanı Tarçalan oğlanın daxilən necə iztirablar keçirdiyini heç kəs, hətta yaxın yoldaşları da bilməzdilər. Axı necə də biləydilər?! O ki Ceyran haqqında heç kimə bir kəlmə də danışmamışdı! Nə danışaydı ki?! “Biz cəmisi iki dəfə çərşənbə axşamları görüşdük. O, dəniz qırağında yaşayırdı. Mən görüşdən sonra onu aparıb evlərinə ötürərdim. Ceyran tuflilərinin dabanını mərmər pillələrə vura-vura tələsik yuxarı çıxıb qaranlıqda gözdən itincəyədək küçədə dayanar, arxadan ona baxardım. Sonra ondan tez ayrıldığıma heyfsilənib özümü danlardım.
Bəli, bizim bütün macəramız bununla da qurtarmış oldu. Mən Moskvaya gəldim, o, Bakıda qaldı… Ceyranı görmək üçün gələn həftənin günlərini, saatlarını saydığım halda, üçüncü görüşə getmədim! ”
Tarçalan oğlan dostlarına bunlarımı danışaydı?! O vaxt hamı ona vəfasız, sədaqətsiz deyib məzəmmət etməzdimi? Buna onların haqqı vardı.
Lakin dostları Tarçalan oğlanı danlasalar da, ona vəfasız da desələr bu işdə o günahkar deyildi.
…Bu gün universitetin üçüncü kurs tələbələri arasında böyük şənlik vardı. İmtahandan gülər üzlə çıxan hər kəs öz fərəhini gizlədə bilmirdi. Gözlər gülür, ürəklər sevinirdi.
Tarçalan oğlanın yaşadığı otaqda xudmani bir süfrə açılmışdı.
Tələbəlik həyatında bu cür ziyafətlər az da keçirilsə, onlar uzun zaman unudulmur!
Stolun dövrəsində Tarçalan oğlanın dostları hərə öz sevdiyi qızla əyləşmişdi. Qədəhlər doldurulur, sağlıqlar deyilir, imtahan vaxtlarında çəkilən əziyyətli günlərin, keçirilən yuxusuz gecələrin əvəzi çıxırdı.
Tarçalan oğlan hamı ilə zarafatlaşır, sədəfli tarını sinəsinə basıb oynaq bir mahnı çalır və oxuyurdu. Yoldaşları mahnının sözlərini başa düşməsələr də, diqqətlə qulaq asırdılar.
Tarçalan oğlan oxuyur, onun məlahətli səsi simlərdən qopan musiqinin ahənginə qarışaraq axır… ürəklərə süzülürdü:
Gəlməyir məktubu, fərağındayam,
Görəsən dərdimi bilərmi Ceyran?
Onu düşünürəm hər gün, hər axşam,
Heç məni arzular, dilərmi Ceyran?
Min dəfə keçmişdim qızlar içindən,
Mən onu seçmişdim qızlar içindən.
Ağrıyar ürəyim, sızlar içindən,
Dərdimə bir çarə elərmi Ceyran?
Gözəl bir şeirdir nigarın səsi,
Çəkildi qulaqdan o yarın səsi.
İndi hey inildər bu tarın səsi,
Eşidib nəğməni gələrmi Ceyran?
Çəkibdir qəlbimi dara gözlərin,
Vurubdur sinəmə yara gözlərin.
Deyirəm, rəhm etsə ala gözlərin
Bir də mənə baxıb gülərmi, Ceyran?…
Zarafat, gülüş və musiqi səsləri yataqxananın açıq pəncərələrindən Moskvanın küçələrinə yayılırdı.
– Sakit olun, yoldaşlar! – deyə Tarçalan oğlan tarını kənara qoyub tamadadan söz almadan ayağa qalxdı.
İyirmi iki-iyirmi üç yaşlarında olan bu oğlanın əynindəki qara şevyot kostyum sanki enli kürəklərinə və dolğun bədəninə darısqal gəlirdi. Oğlan, ağ ipək köynəyinin yaxalığını pencəyi üstə qatlamışdı, sinəsi yarıyadək açıqdı. Hələ qırışıq düşməmiş geniş alnına tökülən şabalıdı qıvrım saçlarına elə bil heç daraq toxunmamışdı. Qəşəng sifətində parlayan iri qara gözləri çox düşüncəli görünürdü. O da başqa azərbaycanlı cavanlar kimi gödək, qara bığ qoymuşdu. Çənəsindəki zənəxdan təzə qırxılmış üzünə xoş bir ifadə verirdi.
– Xahiş edirəm, yoldaşlar, bunu da içək bizim qoca professorumuzun sağlığına! – deyə Tarçalan oğlan qırmızı şərab dolu kiçik qədəhini qaldırdı.
– Sağ olsun! Gərək biz onun özünü də buraya dəvət edəydik! – deyə sarışın bir rus qızı ilə yanaşı oturmuş çeşməkli oğlan yerindən dilləndi. Bu, Tarçalan oğlanın yaxın dostu Boris idi. Başqa birisi də ona cavab verdi:
– Yaxşı ki, dəvət etməmişik, yoxsa sən öz Nataşanla bu qədər mehriban otura bilməzdin.
– Bizdə taqsır yoxdur, ikimizə bir stul çatıb.
Qədəhlər boşaldı.
– Bura bax, bəs sənin qədəhin niyə yarımçıq qaldı? – deyə Tarçalan oğlan, onunla üzbəüz əyləşmiş gürcü dostuna sataşdı, – deyəsən, professordan beş qiymət almadığına görə sağlığına da ürəklə içmirsən?
Məclis qızışdıqca səs-küy çoxalırdı.
Boris ayağa durub, əlini Nataşanın çiyninə qoydu. Sonra qədəhini götürüb, tələsmədən sözə başladı:
– Uşaqlar, təklif edirəm bunu da, özləri bizdən uzaqlarda, ürəkləri bizimlə olan analarımızın cansağlığına içək! Nataşanın, Vasilyevin, bizim bu bakılı balası Tarçalan oğlanın, hamımızın anasının sağlığına! Onlar bizim əzizlərimizdir…
Borisi axıra qədər danışmağa qoymadılar. Hamı ayağa qalxdı, qədəhlər cingildədi. Tarçalan oğlan gözlərini yerə dikdi, qaşlarını çatıb fikrə getdi: sifətinə kədər çökdü. Sonra qədəhini stolun üstünə qoyub qırağa çəkildi. Onun bu halını heç kəs sezmədi.
İndi kimisi radionun gur musiqisi altında rəqs edir, kimisi oxuyur, kimisi də pəncərədən aylı, ulduzlu Moskva axşamını seyr edirdi.
Boris də öz Nataşası ilə bir qırağa çəkilib pıçıldaşırdı.
Bir az sonra yenə hamı süfrə başına toplaşdı.
– Bəs Tarçalan oğlan hanı? – tələbələrdən biri yan-yörəsinə baxıb soruşdu. Onun qədəhinin dolu qaldığını görcək əlavə etdi:
– Heç qədəhini də boşaltmayıb ki!
– Elə belə olar, – deyə oğlan sözə qarışdı. – Bayaqdan mənə rişxənd eləyirdi.
Boris yoldaşlarını nigarançılıqdan qurtarmaq istədi:
– Görəsən hara gedib, indi gələr, – dedi və otağın qapısını aralayıb dəhlizə baxdı.
Dostları Tarçalan oğlanı çox gözlədilər. O gəlmədi.
Gecədən xeyli keçmiş onu yataqxananın həyətində tapdılar. Tarçalan oğlan qaranlıq küncdə, bir daşın üstündə oturmuşdu. Uşaq kimi tez-tez burnunu çəkir, için-için ağlayırdı.
Lakin gizlində tökülən bu göz yaşlarının səbəbi heç kəsə, hətta dostu Borisə də məlum deyildi.
Qırmızı kirəmidli evdə
Qapının zəngi elə bərkdən səsləndi ki, evdə fincana çay süzən Rəhman özünü bir boy atdı.
– Bu dəqiqə gəldim! – deyə o, əlindəki çaydanı tələsik stolun üstünə qoyub pilləkənləri iki-iki enərək həyət qapısına yüyürdü. Azacıq sonra dolu bədənli, girdəsifət, əynində yaşıl ipək paltar olan hündürboy bir qadın içəri girdi. Həyəti ətir bürüdü. Bu, Rəhmanın arvadı Diləfruz idi. O, ərinin üzünə baxmadan tövşüyə-tövşüyə pilləkəni qalxmağa başladı.
Diləfruzun başında əlvan tovuz lələklərilə bəzənmiş yaşıl rəngli bir şlyapa vardı. Şlyapanın üstündə dovşan qulaqlarına oxşar dörd-beş əyri-üyrü qırmızı mahud parçası dimdik durmuşdu. Sanki arvadın başındakı içi boşaldılmış yarım qarpızın qabığı idi, onun da üstündə iki xərçəng ayağa qalxıb əlbəyaxa olmuşdu.
Rəhman bundan əvvəl də arvadına Moskvadan bir neçə bəzəkli şlyapa alıb gətirmişdi. Lakin onlar gah paltarının rənginə düşmədiyindən, gah köhnə dəbdə olduğundan, gah da başına böyük gəldiyindən Diləfruzun könlünə yatmamışdı. Nəhayət, bu sonuncu şlyapanı axtarıb tapınca Rəhmanın Moskvada gəzmədiyi mağaza qalmamışdı. Kişinin anadan əmdiyi süd burnundan gəlmişdi. Hətta bu şlyapanı alanda da arvadının tapşırığı ilə əvvəlcədən aynanın qabağında öz başına ölçüb sonra götürmüşdü.
Diləfruz içəri gircək, qapının çərçivəsindəki düyməni burdu; tavanın ortasından üçqollu sarı zəncirlə asılmış iri çilçıraqda ona qədər elektrik lampası yandı, evi gözqamaşdırıcı bir işıq bürüdü.
Divarların yağlı boyalarla çiçəklər çəkilib, nəqşlər vurulmuş bu geniş otağa başdan-başa güllü türkmən xalçası sərilmişdi. Evin ortasındakı dəyirmi yemək stolunun üstünə salınmış bəzəkli məxmər süfrənin güləbətin saçaqları yerə qədər uzanırdı. Otağın tül pərdələr asılmış dörd pəncərəsi şüşəbəndə, iki pəncərəsi isə küçəyə açılırdı. Buradan şəhərin hündür evləri, yaşıl ağacları və Xəzərin mavi suları apaydın görünürdü. Şüşəbəndə açılan pəncərələrdə, içərisində iri yarpaqlı fikus gülləri olan taxta dibçəklər qoyulmuşdu. Güllər vaxtında sulanmadığından büzüşüb boyunlarını əymiş, bəzisinin yarpaqları solub saralmışdı. O biri pəncərədəki böyük akvariumda beş-altı xırda balıq üzürdü. Baş tərəfdəki divarda, enli haşiyəli zərli çərçivədə Diləfruzun cavanlıq şəkli vurulmuşdu.
Diləfruz nəfəsini dərdikdən sonra əlindəki şirmayı dəstəli ipək çətiri və yaşıl redikülü bir qırağa atıb, soyunmazdan əvvəl qapı ilə üzbəüz qoyulmuş bədənnüma aynaya yaxınlaşdı. Özünü o yan-bu yana əyib gah qabaqdan, gah da arxadan geyiminə diqqət yetirdi. Şlyapasının lələklərini əli ilə hamarlayıb qaydaya saldı. Qolundakı qızıl saatın, barmağındakı briliant üzüyün və qulaqlarından qəndil kimi sallanmış sırğaların ona nece yaraşdığına baxdıqdan sonra, yaxasından dəsmalını çıxarıb buxağının tərini sildi. O, aynada Rəhmanın içəri girdiyini girdiyini görcək, boynunu burub çiyninin üstündən ərinə baxaraq gözlərini süzə-süzə dedi:
− Sağ ol, ay kişi, budəfəki bazarlığından bildim ki, sənin də bir az zövqün varmış.
Rəhman özündən məmnun halda enli qara qaşlarını qaldırıb, sualedici nəzərlərlə arvadına baxdı:
− Həri? Necə bəyəm, Diləfruz?
Diləfruzun sifətindəki təbəssüm bir anda yox oldu. Gözlərini bərəldib, sərt bir hərəkətlə dabanlarının üstündə fırlanıb üzünü Rəhmana tutdu:
− Qara zəhrimar Diləfruz, dərd Diləfruz! Sənə milyon dəfə demişəm ki, məni adımla çağır! Gül kimi adım var, dilin qurumaz ki…
Rəhman arvadını yenə “xanımsız” dindirdiyinə görə onun hirsləndiyini görüb tez səhvini düzəltməyə çalışdı:
− Bağışla, Diləfruz xanım… Sən deyirsən yəni mənim də özümə görə zövqüm var… Əlbəttə, zövqüm pis olsaydı, daha bir belə arvadın içindən təkcə səni seçməzdim ki…
Diləfruzun kefi pozulmuşdu. Bu sözlərlə onu dilə tutub ürəyini almaq çətindi. O, hirsləndiyini bir daha ərinə bildirmək üçün ayağını yuxarı qaldırıb elə yellətdi ki, qara lak çəkməsi havada fırlanıb birbaş şappıltı ilə pəncərədəki akvariumun içinə düşdü. Balıqlar diksinmiş kimi bir sıçrayışla suyun dibinə cumdu. Arvad ağır gövdəsini aynanın yanındakı divana yıxıb arxasını ərinə çevirdi. – Bəli də… Heç dəxli mətləbə var? Ayran içdik, xataya düşdük!− deyə Rəhman öz- özünə deyinərək akvariumda qayıq kimi üzən tufliyə baxıb, asta-asta başını buladı. –Allah dəvəyə qanad versəydi, dam daşı dağıdardı! Axı mən buna nə dedim ki, cin atına minib göyə çıxdı? – Kişi heç bir söz demədən tuflini götürüb dəsmalı ilə sildi, evin bir küncünə qoydu. Bufetdən Diləfruzun üstü zərlə yazılı göy fincanını çıxarıb çay süzdü.
− Yaxın otur, təzə dəmləmişəm.
Diləfruz fısıldadı, ancaq danışmadı. Divardan asılmış saat altı dəfə səsləndi.
Rəhman, qızıl suyuna çəkilmiş çay qaşığı ilə kiçik büllur vazadakı gilas mürəbbəsindən götürüb onun fincanına tökdü.
− Al, iç bir fincan, yorğunluğun çıxsın canından, − deyə o, qənddanla fincanı da arvadının yanındakı dolabçanın üstünə qoydu, − Diləfruz xanım, iç hirsin soyusun.
Diləfruz hikkə ilə çiyinlərini əsdirib yerində fırlandı.
− O şoğərib termometri bəri ver! Yenə qızdırmamı qaldırdın! – deyə şikayətli bir səslə dilləndi.
На этой странице вы можете прочитать онлайн книгу «Qış gecəsi», автора Salam Qədirzadə. Данная книга относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «реализм», «общество». Книга «Qış gecəsi» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты