Müqavilə bağlanandan sonra sənədlərə imza atarkən cənab Loveri də laqeydlik göstərməyə çalışırdı. Lakin qoca Tom Kessidi qapıdan çıxan kimi cənab Loveri sanki cana gəldi. Pulları götürüb qəhvəyi rəngli böyük zərfə qoydu və möhürlədi. Bunu edərkən əllərinin əsməyi Merinin nəzərindən qaçmadı.
– Budur, xanım Kreyn, – zərfi ona verəndə dedi. – Bunu banka aparın. Saat, demək olar ki, dörddür, ancaq əminəm ki, Gilbert sizə pulları qoymağa imkan verəcək.
Danışığına ara verib diqqətlə qıza baxdı:
– Sizə nə olub, xanım Kreyn, – özünüzü pis hiss edirsiniz?
Deyəsən, zərfi əlinə alan kimi qızın əllərinin titrəməyə başladığına fikir vermişdi. Ancaq bunun əhəmiyyəti yoxdur. Qız nə deyəcəyini dəqiq bilsə də, sözləri dilinə gətirəndə özü-özünə mat qaldı.
– Deyəsən, məni başağrısı tutub, cənab Loveri. Bu gün tez çıxmaq üçün icazə almağa hazırlaşırdım. Poçt işi xeyli vaxtımızı alıb, onu da deyim ki, qalan sənədləri bazar ertəsinə kimi çatdıra bilməyəcəyik.
Cənab Loveri gülümsədi. Onun əhvalı yaxşı idi. Niyə də olmasın! Qırx minin beş faizi iki min eləyir. Yaxşıca səxavət göstərə bilərdi.
– Əlbəttə, xanım Kreyn. Banka dəyməyiniz kifayətdir, sonra isə evə gedin. Sizi aparmağımı istəyirsiniz?
– Yox, çox sağ olun. Özüm gedərəm. Həm də bir az istirahət…
– Bəli, əsas budur. Yaxşı, bazar ertəsinədək. Həmişə demişəm ki, sağlamlıq və dinclik hər şeydən vacibdir.
Lənət şeytana, Loveri bircə dollar artıq qazanmaq üçün özünü yarımcan etməyə də, əlli sent gəlirə görə hansısa işçisinin həyatını qurban verməyə də hazır idi.
Ancaq Meri Kreyn onun üzünə təntənə ilə gülümsəyib ofisi birdəfəlik tərk etdi. Qırx min dolları da özüylə apardı.
Həyatda belə imkan hər dəqiqə ələ düşməz. Açıq danışsaq, elə adamlar var ki, ümumiyyətlə, tale onların üzünə gülmür.
Meri Kreyn bu günü düz iyirmi yeddi il gözləmişdi.
On yeddi yaşında atasını maşın vuranda kollecə daxil olmaq imkanı əldən çıxdı. Meri bir il biznes məktəbinə getdi, sonra anasına və kiçik bacısı Lilaya baxmaq zərurəti yarandı.
Deyl Belterin hərbi xidmətə yollanması ilə, iyirmi iki yaşında ailə qurmaq arzusu da baş tutmadı. Havayda xidməti zamanı məktublarında tez-tez qızı yada salsa da, bir müddət sonra məktubların ardı-arası kəsildi. Oğlanın toyunu xəbər verən açıqcanı alanda isə o, artıq Meri üçün heç bir əhəmiyyət daşımırdı.
Hər şey bir yana, bu ərəfədə anası da ağır xəstəliyə tutuldu. Üç il beləcə davam etdi. Anaları vəfat edəndə Lila hələ məktəbdə oxuyurdu. Meri bacısının mütləq kollecə daxil olmasını istəyirdi – qoy sonra nə olur olsun; ancaq tezliklə onların hər ikisinin yükü Merinin üstünə düşdü. Bütün gününü Loverinin agentliyində, gecəyarısını isə anasının yatağı başında keçirmək başqa iş görməyə imkan vermirdi.
İllərin haradan gəlib getdiyini bilmək olmurdu. Anası növbəti dəfə xəstəliyə məğlub olanda o, artıq dəfn mərasimi ilə məşğul olmalı idi. Sonra Lila məktəbdən uzaqlaşıb iş tapmaq istədi. Bir dəfə güzgüyə baxanda elə bil yuxudan ayıldı: bir dəri, bir sümük qalmış Meri Kreyn aynadan özünə boylanırdı. Əlinə keçəni şüşəyə çırpdı, güzgü çilik-çilik oldu; ona elə gəldi ki, dağılıb minlərlə qırıntıya çevrilən öz həyatıdır.
Lila ilə hər şey qaydasında idi, hətta cənab Loveri evi dərhal satmaqda onlara kömək də etdi. Alqı-satqı rəsmiləşəndən sonra onların əlində təxminən, iki min dollar nağd pul var idi. Lila şəhərin aşağı hissəsində qrammofon valları satan mağazada özünə iş tapdı və onlar iki nəfərlik balaca otaq tutdular.
– İndi isə sən istirahətə getməlisən, – Lila deyirdi. – Əsl tətilə. Yox, söz güləşdirmə! Düz səkkiz ildir ki, ailəmizə baxırsan, daha qayğılardan yaxa qurtarıb dincəlmək vaxtıdır. Sən səfərə çıxmalısan. Məsələn, dəniz səyahətinə çıxa bilərsən.
Beləcə, Meri “S.S. Kaledoniya”nın göyərtəsinə gəlib çıxdı, bir həftə sonra isə artıq Karib dənizində üzürdü. Daha öz kayutunda güzgü qarşısına keçərkən əvvəlki üzülüb-süzülmüş siması gözünə görünmürdü. Yenidən gəncləşmişdi (“Hər halda, iyirmi iki yaşından artıq görünmürəm”, – öz-özünə deyirdi), ən əsası isə aşiq olmuşdu.
Yox, bu, nə vaxtsa Deyl Belterə qarşı hiss etdiyi şiddətli, qarşısıalınmaz ehtiras duyğusu deyildi. Heç tropik kruizlərinin xatırlatdığı ay işığı altındakı ənənəvi görüşlərlə də əlaqəsi yoxdu.
Deyl Belterə baxanda Sem Lumis ondan on yaş böyük idi, bir qədər sakit təbiətli olsa da, Meri onu sevirdi. Sem düşdüyü vəziyyəti ona izah edənə qədər bu, həyatını qurmaq üçün əsl imkan kimi görünmüşdü.
– Bilirsən, – o deyirdi, – başıma bir iş gəlib. O mağazanı görürsən…
Sonra öz əhvalatını danışmağa başladı.
Şimalda – Feyrvell adlı kiçik şəhərcikdə təsərrüfat mağazası vardı. Sem orada işləyərək, atasına kömək edirdi. Elə düşünürdü ki, hər şey ona miras qalacaq. Lakin bir ildən sonra atası öləndə, Sem pis xəbərlər eşitməyə başladı.
Mağaza onun adına keçən kimi, atasının iyirmi minlik borcu da onun boynuna düşdü. Ev, mallar, hətta sığorta belə, borcun ödənilməsi üçün girov qoyuldu. Atası totalizatorda mütəmadi oynamağı və ora pul yatırmağı barədə Semə heç vaxt bir kəlmə də deməmişdi. Ancaq istənilən halda, Semin indi iki variantı var idi: ya özünü müflis elan etməli, ya da borcları ödəməyə çalışmalı idi.
Sem ikincini seçdi.
– Bu əla biznesdir, – o deyirdi. – Bununla, əlbəttə, varlı olmayacağam, amma mağazanı necə lazımdır işlədə bilsəm, ildə səkkiz-on min gəlirim olar. Əgər kənd təsərrüfatı texnikası ilə bağlı düzgün iş qura bilsəm, bəlkə, daha artıq qazanaram. Borcun dörd minini artıqlaması ilə qaytarmışam, belə getsə, bir neçə ilə bütün borcları bağlaya bilərəm.
– Ancaq başa düşə bilmirəm ki, bu qədər borcun ola-ola necə səyahətə çıxmısan?
Sem dişlərini ağartdı.
– Yarışda qalib gəlmişəm. Deməli, uduş istehsalçı şirkət tərəfindən ayrılır və kənd təsərrüfatı texnikasının satışından hamıdan çox gəlir əldə edən şəxs üçün nəzərdə tutulurdu. Səyahəti udmaq üçün çox da gözüm atmırdı, sadəcə borcları tez ödəmək istəyirdim. Dedilər ki, öz ərazim üzrə birinci yeri tutmuşam. Mükafatı nağd pulla almağa cəhd elədim, ancaq buna getmədilər: ya səyahət, ya da heç nə. Eybi yoxdur, bu ay elə də gərgin keçməz, köməkçimə güvənirəm. Məncə, başqasının hesabına istirahət etmək elə də pis deyil. Beləliklə, gəlib bura çıxdım. Səninlə tanış oldum. – O, gülümsünüb dərindən ah çəkdi. – Əgər bu, bal ayımız olsaydı…
– Sem, axı bizə nə mane olur? Demək istəyirəm ki… Lakin o, yenə ağır-ağır içini çəkib başını yellədi:
– Çox güman, borcları bağlayana qədər bunu iki-üç illik təxirə salmalı olacağıq.
– Mən gözləmək istəmirəm! Pullar məni maraqlandırmır. Agentlikdən çıxıb mağazanda işləyə bilərdim…
– Mənim kimi elə orada da yatıb-durmaq istəyirsən? – O, qımışmağa çalışsa da, üz ifadəsi dəyişmədi. – Zarafat eləmirəm. Arxa otaqda özümə balaca yer düzəltmişəm. Yediyim də lobya konservidir. İş o yerə gəlib çatıb ki, hətta şəhər bankirindən də xəsis olduğumu deyirlər.
– Bunların nə dəxli var? – Meri soruşdu. – Demək istəyirəm ki, özünə bu qədər məhdudiyyət qoymasan, onsuz da uzağı bir-iki ilə borclarını qaytaracaqsan. Bir də ki…
– Bir də ki, mən Feyrvelldə qalmalıyam. Yaxşı şəhərdir. Həm də kiçikdir. Hamı bir-birini tanıyır. İşlədiyim müddətdə hamının hörmətini qazanmışam. Eləcə dəstək olmaq üçün tez-tez məndən alver edirlər – hamı problemlərimin olduğunu bilir və onları həll etmək üçün var gücümü sərf etməyim hər kəsin xoşuna gəlir. Sonradan başımıza gələnlərə baxmayaraq, camaatın atama münasibəti həmişə yaxşı olub. Əsas odur ki, bu ad-sanı qoruya biləsən. Bu həm özümə, həm biznesimə lazımdır. Üstəlik, gələcəyimiz üçün də. Əvvəlkinə baxanda indi bu, daha vacibdir. Məgər elə deyil?
– Gələcəyimiz, – Meri ah çəkdi. – Axı sən iki-üç il deyirdin.
– Bağışla, ancaq ailə quranda gərək normal evimiz, yaxşı şəraitimiz olsun. Bunun üçün pul lazımdır. Heç olmasa, kredit götürmək imkanı olmalıdır. Hər dəfə tədarükçülərin pulunu gecikdirəndə buna qazancımın hamısını borcları ödəməyə sərf etdiyimə əmin olduqları üçün dözürlər. Bu, elə də asan və xoşagələn deyil. Ancaq nəyə nail olmaq istədiyimi yaxşı bilirəm və qarşıma qoyduğum məqsəddən daha azı məni qane eləmir. Azacıq gözləməli olacaqsan, əzizim.
Qız nə şifahi, nə də maddi inandırmanın ona təsir etməyəcəyini başa düşənə qədər səbirlə gözlədi və oğlana bu barədə sual vermədi.
Səyahət başa çatanda vəziyyət belə idi. Üstündən bir ildən çox vaxt keçdi. Bu müddət ərzində heç nə dəyişmədi. Keçən yay Meri onun yanına gedib, şəhəri seyr elədi; mağazada olanda hesab kitabında Semin əlavə beş min dollar da ödədiyini göstərən təzə qeydlərə rast gəldi.
– Cəmi on bir min qalıb, – Sem təkəbbürlə dedi. – İkicə ilə bunun da öhdəsindən gələcəyəm, bəlkə də, daha tez.
“İki il”. İki ildən sonra onun iyirmi doqquz yaşı olacaqdı. Artıq o, iyirmi yaşındakı kimi ərköyünlük eləyə, özündən çıxa və arxasınca qapını çırpıb gedə bilməyəcəkdi. Meri çox gözəl başa düşürdü ki, başqa yolu yoxdur: çətin ki, bundan sonra daha bir Sem Lumisə rast gəlsin. Ona görə də gülümsəyir, anlayışla başını tərpədir, sonra da Loveri Agentliyində kağızlarla əlləşmək üçün geri qayıdırdı.
Gündəlik işə çıxıb hər dəfə qoca Loverinin satışdan öz beş faizini götürməyini müşahidə edir, girov qoyulan etibarsız şeyləri yığıb hər şeydən ümidini üzmüş sahibkarlara hiyləgər qaniçən kimi cüzi pul təklifinə, sonra da tez və asan yolla yaxşı pullar qazanmasına şahid olurdu. İnsanlar hər gün nəsə alıb-satırdılar. Loveri isə özünə ortalıqda münasib mövqe seçərək, təkcə alıcı ilə satıcını bir araya gətirdiyi üçün hər iki tərəfdən öz beş faizini alırdı. Həyatda özünü təsdiqləmək üçün bundan başqa heç bir iş görmürdü. Olduqca varlı idi. Üstəlik, on bir min dollarlıq borcu ödəmək üçün dağa-daşa çıxmağa heç ehtiyacı da yox idi. Bəzən ikicə aya elə böyük gəliri olurdu ki…
Varlı olduğu üçün Meri bir çox alıcı və satıcılar kimi ona nifrət edirdi. Hamısından betər böyük iş adamı Tom Kessidi idi, neft sahələrinin icarəsindən yaxşı gəlir əldə edirdi. Əlini ağdan-qaraya vurmayıb həmişə əmlak müqavilələri imzalayır, azacıq qorxuya düşən bədbəxt adamların qoxusunu tez alır, onlara cüzi məbləğ təklif edir, əvəzində qat-qat baha satırdı. Bir sözlə, əlavə dollar üçün hər şeyə gedirdi.
O, qızına asanlıqla qırx min dollarlıq toy hədiyyəsi edə bilirdi.
Eləcə də Meri Kreynin stolunun üstünə rahatca yüzdollarlıq banknot qoyub – bu, təxminən, yarım il əvvəl olmuşdu – birlikdə Dallasa kiçik səyahətə yollanıb həftəsonunu orada keçirməyi təklif etmişdi.
Hər şey o qədər sürətlə, ehmalca və ötəri təbəssümlə baş verdi ki, heç məyus olmağa da imkan tapmadı. Ardınca cənab Loveri içəri daxil oldu və bununla da məsələ bitdi. Qız heç vaxt – nə camaat arasında, nə də təklikdə, Kessidinin təklifi haqqında nə düşündüyünü ona demişdi, Kessidi də sözlərini təkrarlamamışdı. Ancaq qızın yadından heç nə çıxmamışdı. Meri qocanın kök sifətində, ağzının suyu axan dodaqlarında yaranan təbəssümü unuda bilmirdi.
Bir də ki, dünyanın elə bu Tom Kessidilərə məxsus olduğunu heç vaxt yaddan çıxarmırdı. Onlar hər şeyə hakim idilər, hətta qiymətləri də istədikləri kimi müəyyən edirdilər. Qızına qırx minlik toy hədiyyəsi; üç günlük onun bədəninə sahib olmaq üçün Merinin qarşısına başdansovdu atılmış yüz dollar…
“Mən də qırx min dolları götürdüm…”
Lap köhnə lətifədəki kimi; ancaq bu baş verənlər heç də zarafat deyildi. Həqiqətən pulları götürmüşdü – ürəyində bu fürsəti, çoxdan, lap çoxdan gözləyirdi. Artıq hər şeyi istədiyi kimi yoluna qoyandan sonra qərəzli planın birinci hissəsi həyata keçmiş sayılırdı.
О проекте
О подписке
Другие проекты
