Mehmanxana səhrada qurumuş sümüyü xatırladırdı. Günəş amansız yandırır və damı bərk qızdırırdı. Gündüz bürküsünün hənirtisi gecələr otaqları uzaq meşə yanğınının qoxusu təki bürüyürdü. Hətta qaranlıq düşəndən sonra da mehmanxanada uzun müddət işıqları yandırmırdılar, çünki o, bürkünü yada salırdı. Cidd-cəhdlə sərinlik axtarışına çıxan mehmanxana sakinləri zülmətdə divarları əlləməyə üstünlük verirdilər.
Bu axşam hotel sahibi mister Terl və onun yeganə kirayənişinləri olan mister Smitlə mister Fermli, – hər ikisi təbiətcə quru tütün yarpağından fərqlənmirdi; əslində, həm də tütün iyi verirdilər, – hoteli əhatələyən uzun şüşəbənddə oturmuşdular. Onlar cırıldayan yelləncək-kürsüdə yırğalanaraq od kimi havanı udur və donub-qalmış bürkünü hərəkətə gətirməyə çalışırdılar.
– Mister Terl, sərinləşdirici bir cihaz alsaydınız, əcəb yaxşı olardı…
Mister Terl heç gözlərini də açmadı. Nəhayət, uzun fasilədən sonra cavab verdi.
– Haradan pul tapım?
Hər iki kirayənişin utandığından azacıq qızardı; çünki iyirmi il idi ki, mehmanxanada yaşayır və bunun müqabilində mister Terlə bir qara qəpik də olsun vermirdilər. Araya yenidən sükut çökdü. Mister Fermli qüssə içində ah çəkdi.
– Bəlkə, hamımız bu lənətə gəlmiş istinin əlindən münasib bir şəhərə qaçaq?
– Bu ilan mələyən yerdə ölü mehmanxana əldə eləmək kimin nəyinə gərəkdir ki? – mister Terl cavab verdi. – Yox, burda qalıb yanvarın iyirmi doqquzunu gözləyəcəyik.
Yelləncək-kürsülərin cırıltısı kəsildi. İyirmi doqquz yanvar… Burda, həqiqətən, yağışın yağdığı gün…
– Onda lap az qalıb, – ovcunun arasında sarı ay təki parıldayan cib saatına baxan mister Smit söylədi.
Daha iki saat doqquz dəqiqə və beləcə, həsrətində olduqları iyirmi doqquz yanvar gəlib çıxacaq. Göydəsə bir dənə də olsun bulud yox idi.
– Ağlım kəsəndən yanvarın iyirmi doqquzu həmişə yağış yağıb. – Səsinin yoğun yerinə salmasına təəccüblənən mister Terl susdu. – Əgər bu il bircə gün geciksə belə, ondan ötrü Allahı lənətləyən deyiləm.
Mister Fermli qurumuş dodaqlarını yaladı və şərqdən qərbə doğru dəyişən baxışlarını uzaq dağlara sarı dikdi.
– Maraqlıdır, görəsən, qızıl qızdırması buralara qayıdacaq?..
– Burda daha qızıl-zad yoxdur, – mister Smit cavab verdi. – Ən pisi odur ki buralardan yağışın da ayağı kəsilib. O nə sabah yağacaq, nə biri gün, nə də o biri gün. Heç ilboyu da yağan deyil.
Üç qoca bomboş səmada deşik açan, günəştək parlaq aya baxırdı. Yelləncək-kürsülər yenidən cırıldamağa başladı.
Səhər mehi mehmanxananın suvağı qopmuş divarından asılmış təqvimin bürküdən burulmuş vərəqlərini xışıldatdı.
Çiyinbağılarını sümüklü çiyinlərindən aşıran üç qoca ayaqyalın aşağı düşüb günəşdən qıyılmış baxışlarını boş üfüqə zillədi.
– İyirmi doqquz yanvar… Lənətə gələsən, bir damcı yağış belə yoxdur… Amma nə bilmək olar, gün hələ təzə başlayıb.
– Kimin üçün təzə başlayıb, kimin üçünsə artıq arxada qalıb, – mister Fermli dodağının altında mızıldandı və geri çevrilib evə sarı getdi.
Dolanbac pilləkənləri və dəhlizi keçib otağına çatması və od kimi qaynar yatağına uzanması üçün ona cəmisi beş dəqiqə lazım oldu.
Günorta qapının arasında mister Terlin başı göründü.
– Mister Fermli?..
– Lənətə gəlmiş qoca kaktuslar! Özümüzə əcəb ad qoydum… – başını yastıqdan qaldırmayan mister Fermli söylədi; elə bil sifəti indicə toz kimi dağılıb döşəmənin kələ-kötür taxtalarına səpiləcəkdi. – Amma lənət şeytana, bu cəhənnəm odundan salamat çıxmaq üçün hətta kaktusa da, heç olmasa, bir damcı su lazımdır. Damda bu zibilə qalmış quşların deyil, yağışın tappıltısını eşitməyənə qədər yerimdən duran deyiləm.
– Mister Fermli, Allaha dua edin və çətir hazırlayın, – mister Terl bunu söyləyib pəncələrinin ucunda otağı tərk elədi.
Axşama yaxın dama bir-iki damcı çiləndi. Yatağından qalxmayan mister Fermli pəncərəyə müraciət edirmiş kimi zəif səslə dilləndi:
– Mister Terl, bu, yağış deyil. Bilirəm, bu sizin işinizdir, şlanqla damı sulayırsınız. Minnətdaram, amma zəhmət çəkməyin.
Damdakı küy kəsildi. Həyətdə dərindən ah çəkdilər…
Evi dolaşıb gəzən mister Terl təqvim vərəqinin qopub toz basmış döşəməyə düşdüyünü gördü.
– Lənətə gəlmiş iyirmi doqquz yanvar! – o, yuxarıdan səs eşitdi. – Daha on iki ay var hələ!
Mister Smit mehmanxana qapısının ağzında peyda olub dərhal da yoxa çıxdı. Sonra əlində iki əzik-üzük çamadanla yenidən gəldi. Onları nümayişkaranə şəkildə döşəməyə çırpdı.
– Mister Smit! – mister Terl vahimə içində qışqırdı. – İyirmi ildən sonra? Siz bunu etməzsiniz!
– Deyirlər, İrlandiyada ilboyu yağış yağır, – mister Smit söylədi. – Orda iş tapacam. Yağışın altında bütün günü ora-bura qaçacam.
– Mister Smit, siz gedə bilməzsiniz! – Terl həyəcanla hər cür bəhanə gətirməyə çalışdı və nəhayət, tapdı: – Sizin mənə iyirmi min dollar borcunuz var!
Mister Smiti sanki ildırım vurdu, yaşadığı bütün acı və inciklik baxışlarında əks olundu.
– Məni bağışlayın, – mister Terlin dili topuq çaldı və o, üzünü çevirdi. – Heç bilmirəm dilimdən necə çıxdı. Mister Smit, məsləhətli don gen olar, yaxşısı budur, Sietlə gedin. Orda hər həftə yağış yağır. Amma rica edirəm, gecəyarısını gözləyin. İsti azacıq səngisin. Gecə şəhərə çatmağa imkan taparsınız.
– Onsuz da bu müddət ərzində heç nə dəyişməyəcək.
– Ümidi itirmək olmaz! Axı sona həmişə ümid qalır. Həmişə nəyəsə inanmaq lazımdır. Mister Smit, mənimlə qalın. Heç oturmaya da bilərsiniz, bax beləcə ayaq üstə durub elə indicə yağışın yağacağını gözləyin. Bunu mənim xətrimə edin, sizdən başqa heç nə xahiş eləməyəcəm.
Səhrada xəfif tozanaq qalxdı, amma dərhal yoxa çıxdı. Mister Smit üfüqə göz gəzdirdi.
– Əgər yağışı düşünmək istəmirsinizsə, başqa şeyləri xəyal edin. Təki düşünün.
Mister Smit üzü üzlər görmüş çamadanının yanında eləcə mıxlanıb qaldı. Beş-altı dəqiqə ötdü. Ölü sükuta yalnız iki kişinin ucadan nəfəs alması rəng qatırdı.
Sonra mister Smit aşağı əyilib qətiyyətlə çamadanların dəstəyindən yapışdı.
Elə həmin an mister Terl gözlərini qəfil qıydı, irəli əyildi və əlini qulağına tutdu.
Əlini çamadandan buraxmayan mister Smit də donub-qaldı. Dağlardan zəif, boğuq, güclə eşidiləcək uğultu səsi gəldi.
– İldırım çaxır! – mister Terl pıçıldadı.
Uğultu get-gedə artırdı; dağın ətəyində balaca bir bulud göründü. Mister Smit yuxarı boylandı, hətta pəncələri üstə qalxdı.
Yuxarıda mister Fermli qəfil dirilmiş ölü kimi yatağında dik qalxmışdı.
Mister Terlin acgöz baxışları uzaqlara dikildi. Şüşəbəndin taxta məhəccərindən yapışan mehmanxana sahibi tropik mehinin haradansa sitrus və kokos özəyinin ətrini gətirdiyini zənn edən gəmi kapitanını xatırladırdı. Ruzigarın xəfif yeli istidən qurumuş burnunda uğuldadı.
– Bir baxın! – çığırdı. – Bir ora baxın!
Qara bulud tozlu qanadlarını çırpa-çırpa, guruldaya-guruldaya yaxınlıqdakı təpədən üzüaşağı yumalanırdı. Dağdan vadiyə bu ay ərzində ilk dəfə bir avtomobil səsini başına ata-ata gəlirdi!
Bunu görən mister Terl Smitə baxmaqdan ehtiyat edirdi. Mister Smitsə tavana baxıb biçarə mister Fermlini düşündü.
Mister Fermli isə köhnə, sınıq-salxaq maşın hay-küylə mehmanxananın qarşısında dayananda pəncərədən boylandı. Avtomobilin dayanmazdan öncə sonuncu dəfə bərk səs çıxarmasında da hansısa əcaib kədər vardı. Qızmar günəşin istisindən cadar-cadar olmuş sarımtıl-boz yolları, hələ on milyon illər bundan öncə okeanın çəkilməsi nəticəsində səhraya çevrilmiş şoranlığı tapdayaraq, deyəsən, uzaqdan gəlmişdi. Sökük-sökük olmuş, adda-budda hissələri ordan-burdan çıxan, pəhləvanın sifətindəki cod tükü xatırladan məftillə birtəhər bərkidilmiş, yuxarı qaldırılmış çadır üstlüyü olan (o, nanəli nabat kimi istidən ərimiş və arxa oturacağın söykənəcəyinə yapışmışdı) 1924-cü il buraxılışlı avtomobil sonuncu dəfə səs çıxarıb sanki canını tapşırdı.
Sükan arxasında oturub səbirlə gah kişilərə, gah da mehmanxanaya nəzər salan yaşlı qadın elə bil demək istəyirdi: “Siz Allah, bağışlayın, dostum ağır xəstəlikdən dünyasını dəyişmək üzrədir. Çoxdanın tanışıydıq və deyəsən, indi onunla sağollaşıb son mənzilə yola salmalıyam”. Qadın sakitcə oturub sanki maşının son çırpıntısının bitməsini gözləyirdi, sonra isə qarşısıalınmaz, zəruri aqibət gələcəkdi. Qadın artıq səsini tamamilə kəsmiş maşına qımıldanmadan yarım dəqiqə də qulaq kəsildi. Yad qadının təmkinliliyi mister Terl və mister Smiti bilaixtiyar özünə cəlb elədi. Nəhayət, kədərli baxışlarını kişilərə dikib mehribanlıqla əl yellədi.
Bu zaman pəncərədən boylanan mister Fermli də qeyri-ixtiyari qadına əl yellədi. Mister Smitsə düşündü: “Qəribədir, bu ki ildırım deyil, amma mən o qədər də məyus olmamışam. Görəsən, niyə?”
Mister Terl isə artıq maşına tələsirdi.
– Biz elə düşünürdük ki… biz düşünürdük ki… – O, karıxıb susdu. – Mənim adım Terldir, Co Terl.
Qadın kişinin ona sarı uzanmış əlini sıxdı. Onun açıq-mavi gözləri şəffaf dağ gölünü xatırladırdı.
– Miss Blanş Hilqud, – qadın sakit səslə dilləndi. – Qrinel kollecinin məzunu, ərdə deyiləm, musiqi tədris edirəm, otuz il musiqi tələbə klubuna rəhbərlik eləmişəm, Ayovada, Qrin Siti tələbə orkestrinin dirijoru olmuşam, iyirmi ildir ki fortepiano, arfa və nəğmə dərsləri verirəm, son bir ayda təqaüdə çıxmışam. İndisə vərdiş elədiyim yerləri tərk edib Kaliforniyaya gedirəm.
– Miss Hilquld, burdan çıxmaq müşkül işdir.
– Deyəsən, sizə inanası olacam. – Qadın təlaşlı baxışlarını avtomobilin ətrafında dövrə vuran kişilərə zillədi və həmin dəqiqə yeldən əziyyət çəkən nənəsinin dizlərində oturmaqdan sıxılan qızcığazı xatırlatdı.
– Məgər heç nə eləmək olmaz? – qadın soruşdu. – Millərdən əla çəpər alınar, əyləc disklərindənsə kirayənişinləri nahara çağırmaq üçün sinc. Qalanlarını bəlkə yapon bağında istifadə eləmək olar.
– Onun axırı çatıb. Yəni ondan daha maşın olan deyil. Mən elə burdan da rahat görürəm. Bəlkə, şam eləyək? – yuxarıdan mister Fermlinin səsi eşidildi.
Mister Terl təzim edərək dilləndi:
– Miss Hilqud, “Səhra” mehmanxanasına xoş gəldiniz. Sutkanın iyirmi dörd saatı üzünüzə açıqdır. Qaçqın məhbusların və qanun pozucularının öz adlarını daimi müştəri kitabçasında qeyd eləmələrini xahiş edirik. Bir gecə qonağımız olun, pul ödəməyə ehtiyac yoxdur, sübh tezdən anbardan köhnə “ford”umuzu çıxarıb sizi şəhərə apararıq.
Miss Hilqud kişilərin onun maşından düşməsinə yardımçı olmalarına nəzakətli şəkildə imkan yaratdı. Sanki tərk edilməsinin acısını yaşayan maşın son dəfə zarıdı. Qadın ehmalca qapını örtdü.
– Dostumun biri məni tərk elədi, amma ikincisi hələ də mənimlədir. Mister Terl, onu evə aparmazsınız ki?
– Madam, bunu deyirsiniz?
– Üzrlü sayın, əşyalarıma həmişə canlı insan kimi yanaşıram. Yəqin ki, avtomobil centlmen sayılmalıdır, çünki məni hər yerdə müşayiət edib, amma razılaşın ki, arfa qadındır.
Qadın başının hərəkətiylə arxa oturacağı göstərdi. Orda, səmanın fonunda gəminin burnu təki irəli əyilib havanı yaran ensiz, dəri yeşik vardı.
– Mister Smit, bir kömək edin görüm, – mister Terl dilləndi.
Onlar hündür yeşiyi açıb ehtiyatla maşından düşürdülər.
– Ey, orda nə işlərdən çıxırsınız? – mister Fermli yuxarıdan qışqırdı.
Mister Smit büdrədi və miss Hilqud qorxudan çığırdı. Yeşik bacarıqsız kişilərin əlində oyan-buyana yellənirdi. Simlərin ahəngdar səsi ətrafa yayıldı.
О проекте
О подписке
Другие проекты