Cavan Hyuz platformanın lap qurtaracağında dayandı, burda sərnişinləri qarşılamağa gələnlər öz maşınlarını saxlayırdılar. Şən sədalar, təmkinli salamlaşmalar, qısa fit səsləri, mühərrikin uğultusu və uzaqda gözdən itən işıqlar bir-birinə qarışmışdı. Qoca cavanın dirsəyindən tutdu.
– Aman Allah, arvadın, daha doğrusu, arvadımız bir dəqiqədən sonra burda olacaq! Mənsə sənə o qədər şey danışmalıyam ki, axı bildiklərimi necəsə çatdırmalıyam – bütöv bir naməlum iyirmi ilin hər saatını səninlə bölüşmək istərdim! Eşidirsən? İlahi, hələ də mənə inanmırsan?!.
Conatan Hyuz ətrafa boylandı, – elə həmin an ona yetərincə tanış olan maşın onlara tərəf yaxınlaşırdı, – və soruşdu:
– Əlli səkkizinci ilin yayında nənəmin evinin çardağında nə baş vermişdi? Bu barədə məndən savayı bir kimsə bilmir. De görüm!
Qoca dartındı, rəvan nəfəs aldı, sonra sanki suflyoru dinləyirmiş kimi söylədi:
– Orda iki gün sərasər gizlənmişik və heç kəs bizim harada olduğumuzu bilməyib. Hamı bizim, sadəcə, evdən qaçdığımızı, göldə, ya çayda boğulduğumuzu düşünüb. Bizsə yuxarıda gizlənib acı göz yaşları axıdır, özümüzə yazığımız gəlir, heç kəsə lazım olmadığımızı düşünür, küləyin uğultusuna qulaq kəsilir və ölməyi arzulayırdıq…
Cavan qəfil çevrilib gözlərini qırpmadan qocaya zilləndi və gözləri yaşardı.
– Deməli, məni sevirsən?
– Buna şübhən belə olmasın, – qoca söylədi. – Axı sənin də məndən savayı bir kimsən yoxdur…
Maşın stansiyaya yaxınlaşdı. Sükan arxasındakı qadın şüşənin arxasında gülümsəyərək əl yellədi.
– Vaxt azdır, tez qərara gəl, – qoca əmr elədi. – İcazə ver səninlə gəlim; müşahidə edə, öyrədə və lazım gələndə qulağına pıçıldaya, nəyin nə vaxt kəlləmayallaq getdiyini aydınlaşdıra, nə qədər ki gec deyil nəyisə düzəldə və bəlkə də, bəxtiyar həyatını uzada bilməyim üçün icazə ver…
Maşın uğultuyla dayandı, qadın başını pəncərədən çıxarıb səsləndi:
– Əzizim, axşamın xeyir!
Conatan Hyuz bir anlıq hər şeyi unudub maşına, səadətinə doğru qaçdı.
– Sevgilim, salam… Bağışla, bir saniyə…
Birdən ayılıb, platformanın bir küncündə büzüşüb durmuş qocaya nəzər saldı. Yol yoldaşı qaşlarını çatdı:
– Nəsə unutmusan?
Araya qısa bir sükut çökdü və nəhayət:
– Səni, – Conatan Hyuz cavab verdi. – Səni unutmuşdum!..
Maşın gecənin qaranlığında çevrə cızdı və hər üçü bərk silkələndi.
– Adınız nə oldu? – qarşısındakı mənzərədən, yoldan və maşının səsindən bir dəqiqəlik yayınan qadın soruşdu.
– O özünü sənə təqdim eləmədi? Bağışla, – Conatan Hyuz tələsik söylədi.
– Ueldon, – qoca gözlərini döyə-döyə söylədi.
– Doğrudan? – Alisa Hyuz təəccübləndi. – Bu ki mənim qızlıq soyadımdır!
Qoca buraxdığı səhvdən karıxdı, amma tezliklə özünü ələ aldı.
– Nə danışırsınız? – cavab verdi. – Necə də maraqlı təsadüfdür!
– Bəlkə, biz qohumuq? Siz harada…
– O, Kuinsidə müəllimim olub, – cavan Hyuz yenə söhbətə müdaxilə etməyə tələsdi.
– Elə müəllimi olaraq da qalıram, – qoca əlavə elədi. – Hə, eləcə də qalıram…
Onlar evə çatdılar. Qoca Hyuz ətrafda gördüklərindən heç cür gözünü çəkə bilmirdi. Şam süfrəsində, demək olar ki, heç nəyə əl uzatmadı, yalnız işi-gücü masanın o biri başında əyləşmiş gözəl xanımı izləmək oldu. Cavan Hyuz da rahatlıq tapa bilmir, həddən ziyadə hündürdən danışır və həmçinin, demək olar ki, yemirdi. Qocasa elə hey Alisaya zillənirdi. O, qadının ağzına elə baxırdı ki, elə bil ordan dürr tökülürdü. Gözlərinə elə nəzər yetirirdi ki, sanki orda dünyanın bütün müdriklikləri sığınacaq tapıb, o isə bunu ilk dəfə duyur. Üzünün ifadəsi sanki onun bura hansı şəraitdə və nə üçün gəldiyini belə xatırlamadığına işarə edirdi.
– Nədir, çənəmdə sızanaq çıxıb? – Alisa Hyuzun səbri tükəndi. – Niyə hər ikiniz mənə zillənmisiniz?
Qocanın qəfil hönkürtüsü qadını sarsıtdı. Sanki bu hönkürtünün sonu olmayacaqdı; Alisa, nəhayət, masanın ətrafında dövrə vurub onun çiyinlərindən tutdu.
– Bağışlayın, – qoca hıçqırdı. – Sadəcə, siz elə qəşəngsiniz ki! Narahat olmayan, oturun. Məni bağışlayın…
Desert yeyildikdən sonra Conatan Hyuz çəngəli nümayişkaranə şəkildə bir kənara qoyub, ağzını salfetlə silib ucadan səsləndi:
– Şam yeməyinə söz ola bilməz! Əzizim, səni sevirəm!
O, qadının yanağından öpüb bir anlıq fikrə daldı, sonra yenidən, bu dəfə dodaqlarından öpdü.
– Görürsünüz, – qocaya müraciətlə dilləndi, – arvadımı çox sevirəm…
Qoca başını yırğaladı və dalğın halda söylədi:
– Hə, hə, əlbəttə, xatırlayıram…
– Nəyi xatırlayırsınız? – Alisa təəccüblə soruşdu.
– Sağlıq demək istəyirəm! – arvadının diqqətini yayındırmağa çalışan Conatan Hyuz təntənəylə söylədi. – Füsunkar qadınımın, xoşbəxt gələcəyimizin şərəfinə!
Alisa qəhqəhəylə öz qədəhini qaldırdı. Sonra ətrafına göz gəzdirib soruşdu:
– Mister Ueldon, bəs siz niyə içmirsiniz?..
Qoca qonaq otağının kandarında əcaib şəkildə donub-qalmışdı. Bir az düşüncələrə dalıb cavana müraciət elədi:
– Ardımca gəl. – O, gözlərini yumub qətiyyətlə otaq boyu gəzişdi. – Burda tənbəki çubuqlarının kolleksiyası var, burdasa kitablar. Yuxarıdakı üçüncü rəfdə də – Herbert Uellsin “Zaman maşını”. Bu arada o kitabın məzmunu lap hazırkı vəziyyəti tamamlayır. Burdasa sevimli kürsüm, elə indicə orda oturacam…
O, həqiqətən də, oturub gözlərini açdı. Conatan Hyuz qapının ağzında soruşdu:
– Daha ağlamayacaqsan ki?
– Yox. Onsuz da göz yaşları bir şeyə yaramır.
Mətbəxdən yuyulan qab-qaşığın, bir də qadının zümzüməsinin səsi gəldi. Kişilər səs gələn tərəfə çevrildilər.
– İnana bilmirəm, – Conatan Hyuz həyəcanla pıçıldadı, – günlərin birində ona nifrət edəcəyimə inana bilmirəm! Nə vaxtsa onu öldürmək istəyəcəm?!
– Ağlına heç cür sığışdıra bilmirsən, hə? Düz bir saat onu müşahidə elədim və bir dənə də olsun qüsur tapa bilmədim. Bir dənə də! Heç olmasa, bir uğursuz kəlmə, ya da intonasiya. Bəlkə, yançaqlarını əsdirərdi, ya saçlarını qarışdırardı. Heç nə! Sonra səni müşahidə edə-edə içimi yedim: bəlkə, onun dəyişməsində günahkar elə bizik?!.
– Bəs sonra?
Cavan özünə və qonağa heres3 süzdü, qədəhlərdən birini qocaya uzatdı.
– Çox içirsən, – qoca cavab verdi, – sonrası elə budur.
Conatan Hyuz qədəhi dodaqlarına yaxınlaşdırmadan aşağı endirdi.
– Daha nə?
– Yəqin, gündəlik istifadə edə bilməyin üçün sənə yaddaş dəftərçəsi düzəltməli olacam. Qoca psixin cavan axmağa məsləhətləri…
– Məsləhətlərinin hamısını yaddaşıma həkk edəcəm.
– Yaddaşına həkk edəcəksən? Nə qədər müddətə? Bir ay, bir il? Sonda unudacaqsan, yer üzündə hər şeyin unudulduğu kimi. Həyat isə öz axarıyla gedəcək. Zaman keçdikcə… mənə çevrilməyə başlayacaqsan. Alisa da tədricən aqibətinə layiq varlığa… Heç olmasa, tez-tez onu sevdiyini de!
– Mütləq. Hər gün!
– Söz ver! Bunu hər gün etməyin çox mühümdür. Bəlkə, mənim səhvim elə buna əməl etməməyimdi. Bizim səhvimiz. İstisnasız hər gün! – Qoca qabağa əyildi, sifəti alışıb-yanırdı, o, dəli kimi elə hey təkrarladı: – Hər gün! Hər gün!..
Qapının ağzında azacıq təlaşlanmış Alisa peyda oldu.
– Burda nəsə baş verib?
– Yox, yox, – Conatan Hyuz gülümsündü. – Sadəcə, mübahisə edirik. Sənin hansımızın daha çox xoşuna gəldiyinə heç cür qərar verə bilmirik.
Qadın gülə-gülə mətbəxə qayıtdı.
– Zənnimcə… – cavan Hyuz dilləndi. Dili dolaşdı, göz qapaqlarını bir-birinə sıxdı, amma yenə də özünü məcbur elədi. – Zənnimcə, getmək zamanın gəldi.
– Hə, getmək vaxtıdır, – qoca cavab verdi, amma yerindən tərpənmədi. Səsində yorğunluq, zəiflik, kədər duyuldu. – Burda otura-otura uduzduğumu anladım. Münasibətlərinizdə nə bir yanlışlıq, nə də bir qüsur tapa bildim; anladım ki, heç bir şey məsləhət görə bilməyəcəm. Aman Allah, necə də axmaq vəziyyətdir… Səni axtarmaq, narahat eləmək, kefinə soğan doğramaq, həyatının məcrasını pozmaq nəyə lazım idi ki?! Axı sənə dolaşıq məsləhət və mənasız giley-güzardan savayı nə verə bilərəm ki?! Hələ bir dəqiqə əvvəl düşünürdüm: elə bu gün onu qətlə yetirəcəm, günahı öz üzərimə götürəcəm, sənsə öz cavan həyatına davam edəcəksən. Axmaq fikirdir, hə? Üstəlik, əlimdən nə gələrdi ki? Axı bu, çoxdan hamıya məlum olan ziddiyyətdir. Onu həyata keçirə bilsəydim belə, zamanın axarı, Yeri, bütünlükdə Kainatı hara gizlətmək olardı ki?.. Təlaşlanma, mənə də elə baxma. Qətl olmayacaq. Daha doğrusu, o artıq olub – gələcəkdə, iyirmi il sonra. Əlindən heç bir şey gəlməyən və sənə zərrə qədər də olsun fayda verə bilməyən qoca indi bu evi tərk edib küçəyə çıxacaq, öz taleyinin, öz divanəliyinin görüşünə gedəcək. – O, ayağa qalxdı və yenə gözlərini yumdu. – Görək qaranlıqda evimin çıxışını tapa biləcəyimmi?..
Cavan onun ardınca gedib paltar şkafını açdı, palto çıxarıb ehmalca qocanın çiyinlərinə atdı və söylədi:
– Lakin sən yenə də kömək elədin. Ona hər gün sevdiyimi söyləməyi beynimə yeritdin.
– Heç olmasa, bunu edə bildim… – Onlar qapıya yaxınlaşdılar və qoca qəfildən soruşdu: – Səncə, ümid eləməyinə dəyər?..
– Dəyər. Onun ölməməsinin qayğısına qalacam! – Conatan Hyuz cavab verdi.
– Yaxşı! Sənə inanmaq istərdim… – Qoca əlini uzadıb qeyri-ixtiyari çıxış qapısının dəstəyindən yapışdı. – Onunla vidalaşmaq istəmirəm. Onun gül çöhrəsinə tamaşa eləməyə gücüm yoxdur. Qoca eşşəyin evinizi tərk elədiyini söylə. Hara? Sən ki bilirsən – həyat yoluyla irəli, orda səni gözləyəcəm. Gec-tez peyda olacaqsan.
– Sənə çevrilmək üçün? Heç vaxt! – cavan Hyuz çığırdı.
– Bax elə indicə dediklərini dayanmadan ürəyində təkrarla. İlahi, sən özün günahımdan keç! Bunu götür… – Qoca ciblərini eşələyib əzilmiş qəzetə bükülmüş balaca bir əşya çıxardı. – Yaxşısı budur, səndə qalsın. Hətta səninlə görüşümüzdən sonra belə özümə etibar eləmirəm. Mən daha qorxunc şeylərə əl ata bilərəm. Al, götür… – Qoca az qala zorla əşyanı cavanın əlinə dürtdü. – Hələlik. Allah özü sənə yar olsun! Əlvida…
O, gecənin qaranlığında gözdən itdi. Xəfif yel ağacları əsdirirdi. Uzaqdan stansiyaya girdiyi və ya çıxdığı anlaşılmayan qatarın gurultusu eşidildi.
Conatan Hyuz uzun müddət artırmada dayanıb gözlərini qıydı, kiminsə gerçəkdən uzaqlaşdığına əmin olmaq istədi.
– Əzizim! – arvadı çağırdı.
O, qocanın qoyub getdiyi bağlamanı açmağa başladı. Arvadı lap yaxınlaşsa da, səsi qaranlıq küçədə uzaqlaşan addımlar təki boğuq çıxdı. Amma o, yenə də eşitdiklərini aydınlaşdıra bildi:
– Qapının ağzında heykəl kimi dayanma, içəri yel çəkir…
O, qəzeti açdı və donub-qaldı: əlində balaca bir tapança vardı. Qatarın lap uzaqdan gələn fit səsi küləyin uğultusunda əridi.
– Qapını örtəcəksən, ya yox? – Alisa deyindi.
Conatanın içindən qəribə bir ürpəşmə keçdi və o, qorxudan büzüşdü. Qadının səsində… azca ərköyünlük, bir damcı da olsa səbirsizlik duyulmurdu ki?!
Hyuz səs gələn tərəfə çevrildi. Tələsmədi, amma hər halda, tarazlığını itirdi. Qapını çiyniylə itələdi və elə həmin an külək də sanki ona yardımçı olurmuş kimi qapını şappıltıyla çırpdı.
О проекте
О подписке
Другие проекты