Fortünato sol əlini qaldırdı və baş barmağı ilə çiyninin üstündən ot tayasını göstərdi. Zabit onu dərhal başa düşdü. Elə həmin dəqiqə də saatın zəncirini əlindən buraxdı. Fortünato saatın yalnız indi onun olduğunu anladı. O, çəpiş cəldliyi ilə yerindən sıçradı və ot tayasından on-on beş addım aralandı. Voltijerlərin hamısı ot tayasını eşələməyə başladı.
Çox keçmədi ki, onlar küləşin tərpəndiyini gördülər. Oradan, əlində xəncər, qanına qəltan olmuş bir adam çıxdı. O ha çalışırdı qəddini düzəldib ayağa qalxsın, ancaq soyumuş yarası buna imkan vermirdi. O yıxıldı. Zabit özünü onun üstünə atdı və xəncərini əlindən aldı. Müqavimət göstərməsinə baxmayaraq, onun əl-ayağını bağladılar.
Kəndirlə sarınmış və yerdə uzanıb qalmış Jianetto başını ona yaxınlaşan Fortünatoya tərəf çevirdi, qəzəbdən çox nifrət ifadə edən səslə dedi:
– Satqın oğlu satqın!
Uşaq bir az bundan əvvəl Jianettodan aldığı gümüş pulu onun üstünə tulladı. O, bu pula layiq olmadığını başa düşmüşdü. Qaçaq uşağın bu hərəkətinə məhəl qoymadı. O, çox soyuqqanlıqla zabitə dedi:
– Qamba, əzizim, yeriyə bilmirəm, məni şəhərə siz aparmalı olacaqsınız.
– Elə indicə, bir az bundan əvvəl çəpişdən bərk qaçırdın ki… – Döyüşdən qalib çıxmış qəddar zabit dilləndi. – Ancaq arxayın ol, səni tuta bildiyim üçün elə şadam ki, dalıma alıb birnəfəsə, dincəlmədən dörd-beş kilometr də apara bilərəm. Qaldı ki, vətəndaş Jianetto, biz sənin üçün xərək düzəldərik, ağacın budaqlarından və sənin şinelindən… Krespoli fermasında isə at taparıq.
Məhbus:
– Yaxşı! – dedi. – Şinelimin üstünə bir az da küləş qoyun ki, yerim lap rahat olsun.
Voltijerlərin başı işə qarışdıqları anda (onlardan bir neçəsi şabalıd ağacının budaqlarını kəsib xərək düzəldir, bir neçəsi isə Jianettonun yarasını bağlayırdı) Mateo Falkone və onun arvadı qəfildən evin aşağısında, makiyə gedib çıxan cığırın döngəsində göründülər. Arvad şabalıdla dolu böyük çuvalın altında əyilib ikiqat olmuşdu və çətinliklə yeriyirdi. Əri isə tüfəngin biri əlində, o birisi isə çiynindən asılmış vəziyyətdə cəld irəliləyirdi. Bu yerlərdə silahdan başqa ayrı şey götürmək kişi üçün qəbahət sayılar.
Əsgərləri görən kimi Mateonun ağlına gələn fikir bu oldu ki, yəqin onu tutmağa gəliblər. Nəyə görə? Mateonun ki məhkəmə ilə ədavəti, məhkəməlik bir işi yox idi! Xeyr. O, ad-san sahibi idi, necə deyərlər, etibar qazanmış şəxsiyyət idi; ancaq o, korsikalı idi, özü də dağlı… Korsikalı dağlılar arasında da az adam tapılar ki, xəncərlə, tüfənglə törətdiyi cinayətlərini və başqa əməllərini yadına salmasın. Mateonun vicdanı başqalarınınkı ilə müqayisədə daha təmiz idi, çünki, açığını desək, on il olardı ki, tüfəngini heç bir adama tuşlamamışdı. Bununla belə o, ehtiyatlı idi, lazım gəlsəydi, özünü çox gözəl müdafiə edə bilərdi.
Cüzeppaya dedi:
– Arvad, kisəni qoy yerə, özün də hazır dayan!
Arvadı deyilənə həmin dəqiqə əməl etdi. Mateo çiynindən asdığı tüfəngi ona verdi ki, işdir, birdən atışma olsa, əl-ayağına dolaşmasın. Özü isə əlindəki tüfəngə patron qoyub hazır oldu və sıra ilə əkilmiş ağacların yanınca yavaş-yavaş öz evinə tərəf irəlilədi. Cüzi düşmənçilik hərəkətinə qarşı böyük ağaclardan birinin arxasına girib gizlənməyə və oradan atəş açmağa hazır vəziyyət aldı. Arvadı da patron dolu çantanı və həmişə yanlarınca gəzdirdikləri ehtiyat tüfəngi sürüyə-sürüyə aparırdı. Xeyirxah evdar qadının vəzifəsi döyüş vaxtı ərinin tüfəngini doldurmaqdır.
Bu biri tərəfdən, Mateonun belə ehtiyatla, yavaş-yavaş tüfəngi qabağında tutub, barmağını tətiyə qoyaraq irəlilədiyini görərkən zabit özü də həyəcanlandı. Onu fikir götürdü. Əgər, işdir, birdən Mateo Jianettonun qohumu, yaxın dostu olsa və onu müdafiə etmək istəsə, onda hər iki tüfəngdən atılacaq güllələr onların üstünə yağacaq, özü də elə yağacaq ki… “Birdən qohumluğa baxmadı, məni nişan aldı?” O, fikrində belə götür-qoy edə-edə özünə toxtaqlıq verib tək-tənha Mateonun qabağına getmək, köhnə dost kimi ona yaxınlaşmaq və əhvalatı ona danışmaq qərarına gəldi. Mateo ilə onun arasındakı bu qısa məsafə zabitə çox uzun göründü.
– Ey dost! – o, gendən-genə harayladı. – Necəsən? Mənəm ey, Qamba, sənin qohumun!
Mateo ayaq saxladı. Heç bir cavab vermədi və zabit danışa-danışa ona tərəf gələndə Mateo tüfənginin lüləsini yuxarı qaldırmağa başladı. Zabit onun yanına çatanda tüfəngin lüləsi artıq havaya tuşlanmış vəziyyətdə idi.
Qamba ona əl verərək:
– Salam, qardaş! – dedi. – Çoxdandır, səni görmürəm.
– Salam, qardaş.
– Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqızı Pepaya baş çəkim. Bu gün hey ayaq döymüşük, ancaq yorğunluqdan şikayətlənməyə dəyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun əl-ayağını elə bir az bundan əvvəl bağladıq.
– Allaha çox şükür! – Cüzeppa sevindiyindən az qaldı bağırsın. – Keçən həftə o, bizim bir sağmal keçimizi oğurlamışdı.
Bu sözlər Qambanın ürəyindən oldu.
– Yazıq neyləsin? – Mateo söhbətə qarışdı, – görünür ac olub.
– Şir kimi vuruşurdu. – Zabit pərt halda sözünə davam etdi. – Mənim voltijerlərimdən birini vurub öldürdü. Hələ bununla da ürəyi soyumadı, üstəlik, kaporal Şardonun qolunu sındırdı. Ancaq bu elə böyük bədbəxtlik deyil, axı o, fransız idi. Sonra o, elə yerdə gizlənmişdi ki, inan, onu cin də tapa bilməzdi. Əgər əziz qardaşoğlu balaca Fortünato olmasaydı, biz onu tapa bilməyəcəkdik.
– Fortünato! – Mateo qışqırdı.
– For-tü-na-to… – Cüzeppa da səslədi.
– Hə, dediyim bu Jianetto bax, oradakı ot tayasının içində gizlənmişdi, ancaq hörmətli qardaşoğlum bicliklə onu mənə nişan verdi. Mən bunu onun kaporal dayısına da deyəcəyəm ki, xidmətinə görə ona hədiyyə göndərsin. Hə, bir də, sənin də, onun da, (arvada işarə etdi) hər ikinizin adı müsyö baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.
Mateo lap astadan:
– Bədbəxtlik! – dedi.
Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xərəyin üstündə uzanmışdı, dəstə də yola düşməyə hazır idi. Jianetto Mateonun Qambanın yanınca gəldiyini gördükdə çox qəribə bir tərzdə gülümsədi, sonra evin qapısına tərəf çevrildi, evin astanasına tüpürərək dedi:
– Satqının evi!
Yalnız ölümünü gözünün qabağına alan adam cürət edib Falkoneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi ən azı karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əllərilə başını tutdu, başqa heç bir hərəkət etmədi.
Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az sonra o, əlində süd dolu kasa, yenidən göründü. Gözlərini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.
– Rədd ol yanımdan! – məhbus dəhşətli səslə bağırdı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi:
– Mənə bir az su ver içim, dost.
Əsgər böyründən asdığı mehtərəsini əlinə aldı və quldur bir az bundan əvvəl ona güllə atan adamın verdiyi suyu içdi. Bundan sonra o xahiş etdi ki, əllərini arxasında yox, sinəsində çarpazlayıb bağlasınlar.
– Kefim istədiyi kimi yatmaq istəyirəm, – dedi.
Onun istəyini məmnuniyyətlə yerinə yetirdilər. Bundan sonra zabit yola düşmək üçün işarə verdi. Bayaqdan bəri sakitcə dayanıb ona cavab verməyən Mateo ilə vidalaşdı və cəld addımlarla düzənliyə tərəf uzanıb gedən cığıra düşdü.
Mateo kəlmə kəsənə qədər təxminən on dəqiqə keçdi. Onun matı-qutu qurumuşdu. Uşaq həyəcanla gah anasına, gah da tüfənginə söykənib qəzəbini içəridə boğa-boğa onu diqqətlə süzən atasına baxırdı.
Nəhayət, Mateo sakit, ancaq onu tanıyan hər kəsə bəlli vahiməli səslə dedi:
– Yaxşı başlayırsan!
Gözləri yaşla dolmuş uşaq özünü atasının ayaqlarına atmaq üçün irəliləyərək qışqırdı:
– Ata!
Mateo onun üstünə bağırdı:
– Mənə yaxın gəlmə!
Uşaq dayandı, atasına bir neçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı:
Cüzeppa uşağa yaxınlaşdı. O, Fortünatonun köynəyinin altından çıxan saatın zəncirini görmüşdü.
– Bu saatı sənə kim verib? – deyə ciddi tərzdə soruşdu.
– Serjant əmi.
Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xıncım-xıncım elədi.
– Arvad, – Mateo üzünü Cüzeppaya tərəf çevirib soruşdu: – Bu uşaq məndəndir?
Cüzeppanın mis rənginə çalan sifəti körüyə atılmış pul kimi qızardı.
– Mateo, sən nə danışırsan?! Kiminlə danışdığını başa düşürsənmi?
– Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınlıq eləyən ilk uşaqdır.
Fortünatonun hönkürtüsü və hıçqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindəki tüfəngin qundağını yerə vurdu, sonra onu çiyninə atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışqırdı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.
Cüzeppa Mateonun dalınca qaçdı və onun əlindən tutdu. Şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək, onun qəlbindən keçəni oxuyurmuş kimi titrək səslə:
– Bu sənin oğlundur! – dedi.
– Burax məni! – deyə Mateo cavab verdi. – Mən onun atasıyam.
Cüzeppa oğlunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdıb daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək bərkdən yalvarmağa başladı…
Bu zaman Falkone vadiyə uzanan cığırla irəliləyirdi. O, təxminən iki yüz addım aralandıqdan sonra kiçik bir yarğanın üstündə dayandı və tullanıb yarğana düşdü. Tüfəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu düşündü.
– Fortünato, get, o böyük daşın yanında dayan.
Atası ona nə dedisə, uşaq əməl etdi, sonra daşın dibində diz çökdü.
– Dua et!
– Ata, ata! Məni öldürmə!
– Dua et! – Mateo dəhşətli səslə bağırdı.
Uşaq dili topuq vura-vura və hönkürə-hönkürə müqəddəs kitabın “Ata” və “İnanc” fəsillərini əzbərdən söyləməyə başladı.
Mateo uşağın dediyi hər cümlənin axırında “amin!” deyirdi.
– Bildiyinin hamısı elə budur?
– Ata, “Məryəm ana”nı da bilirəm, həmin bu duanı mənə xalam öyrədib.
– Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!
Uşaq duanı axıra kimi oxudu. Onun səsi getdikcə öləziyirdi.
– Qurtardın?
– Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə eləmərəm! Kapral əmidən xahiş edərəm ki, Jianettonu bağışlasın!
O, yenə nəsə deyirdi. Mateo tüfəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:
– Qoy Allah özü sənin günahını bağışlasın!
Uşaq atasının dizlərini qucaqlamaqdan, günahının bağışlanması üçün yalvarmaqdan ötrü ayağa qalxmağa cəhd etdi, ancaq artıq gec idi. Mateo tətiyi çəkdi, Fortünato yerindəcə qaldı.
Uşağın cəsədinə gözünün ucu ilə baxmayan Mateo oğlunu basdırmaq üçün bel dalınca evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.
Arvad bağırdı:
– Sən nə iş tutdun?
– Ədalətli iş.
– Uşaq hanı?
– Yarğanda. İndi qayıdıb basdıracağam. O, xristian kimi öldü. Mən onun ruhuna dua oxutduracağam. Kürəkənim Tyodoro Byanşiyə xəbər göndərmək lazımdır ki, köçüb gəlsin və bundan sonra bizimlə yaşasın.
О проекте
О подписке
Другие проекты
