Читать книгу «Hekayələr» онлайн полностью📖 — Проспера Мериме — MyBook.
image

Qrafinya gülməkdən özünü saxlamaq üçün alt dodağını dişləyərək incə və şux nəzərlə sevgilisinə baxdı və saatı ona təqdim etdi. İlahi, onun dişləri necə də gözəl idi! Onlar şəhvətdən od tutub yanan çəhrayı dodaqlar arasında sədəf kimi görünürdü. (Gözəl qadının nəvazişini soyuq qarşılayan kişinin çox səfeh görkəmi olur.)

Sən-Kler təşəkkür etdi, saatı götürüb cibinə qoymaq istədi.

– Yox, dayanın, – qrafinya onun qolundan tutdu. – Hələ bir açın. Baxın görün, yaxşımı təmir ediblər? Siz alim adamsınız, Politexnik İnstitutunun33 məzunusunuz. Bunu bilməlisiniz axı!

Sən-Kler:

– Eh, belə şeylərdən mənim başım çıxmaz, – dedi.

O, saatın qapağını laqeydliklə açdı və təəccübdən donub qaldı! Qapağın içəri tərəfində, düz ortada madam de Kursinin miniatür portreti həkk olunmuşdu. Məgər bundan sonra qaşqabağını sallamaq olardımı? Onun sifəti işıqlandı və Masini haqda fikirlər bir anda yox oldu. İndi Sən-Kler yalnız ona qəlbən vurğun, füsunkar bir qadının yanında olduğu barədə düşünürdü.

***

“Xoş sabahın müjdəçisi, gözəl torağay!”34 mahnısı səsləndi. Günəşin solğun, saralmış şüaları üfüqün şərq tərəfindəki qara, topa buludları yarıb keçirdi. Romeo məhz günün bu çağında Cülyettaya əlvida demişdi; bütün sevənlər belə bir klassik vaxtda bir-birindən ayrılmalıdırlar.

Sən-Kler bağın kiçik qapısının açarını əlində tutaraq buxarının qarşısında dayanmışdı. Gözləri həmin etrüsk vazasına zillənmişdi. O, bu vazaya qarşı qəlbinin dərinliyindəki qəzəbi gizli saxlamağa çalışırdı. Bununla belə, Sən-Klerin kefi kök idi. Onun ağlına sadə bir fikir gəldi: “Bəlkə, Temin onu aldadırdı?!”

Qrafinya onu yola salmaq üçün başına şal örtürdü. Elə bu vaxt Sən-Kler əlindəki açarla bu mənfur vazanı əvvəlcə yavaş, sonra isə getdikcə bərkdən döyəcləməyə başladı; elə bil, vazanı çilik-çilik etmək istəyirdi.

Matilda qışqırdı:

– Ah! İlahi! Ehtiyatlı olun! Mənim qəşəng etrüsk vazamı sındırarsınız!

Qrafinya açarı onun əlindən aldı.

Sən-Kler pərt idi, ancaq vəziyyətlə barışdı. O, şübhələrini büruzə verməmək üçün arxasını buxarıya çevirdi, saatı çıxarıb qapağını qaldırdı və qrafinyanın şəklinə diqqətlə tamaşa etməyə başladı.

– Bunun rəssamı kimdir? – deyə soruşdu.

– Müsyö R… Bilirsiniz, məni onunla Masini tanış edib. Romaya ilk səyahətindən sonra Masini incəsənəti zövqlə başa düşdüyünü sanki kəşf etmiş və bütün gənc rəssamların hamisinə çevrilmişdi. Doğrusu, bir az təmtəraqlı çəkilməsinə baxmayaraq, elə bilirəm ki, bu şəkil mənə oxşayır.

Sən-Kler əlindəki saatı divara çırpmaq istədi, ancaq özünü ələ aldı; sonra onu təmir etdirmək çətin olardı. O, saatı cibinə qoydu, havanın artıq işıqlandığını görüb evdən çıxdı və Matildadan xahiş etdi ki, onu yola salmasın. İri addımlarla parkı keçib gözdən itdi. Çox çəkmədi ki, çəmənlikdə tamamilə tək qaldı.

– Masini, Masini! – Sən-Kler hövsələdən çıxmış halda dəlicəsinə qışqırırdı: – Sən həmişə mənim yolumun üstündə duracaqsan, həmişə mənim yolumu kəsəcəksən? Lap yəqin ki, bu şəkli çəkən rəssam buna oxşar başqa birisini də Masini üçün çəkmişdir! Nə səfeh olmuşam! Bir az bundan əvvəl öz məhəbbətimə layiq məhəbbətlə sevildiyimə inanmışdım… Bunu qrafinyanın saçına çiçək taxması, daş-qaşlarını, qiymətli şeylərini açıb bir kənara qoyması ilə ölçürdüm… Bir mücrü daş-qaşı var. Masini qadınlarda yalnız bər-bəzəyə fikir verir, daş-qaşı çox sevirdi… Bəli, qrafinyanın yumşaq xasiyyəti var, bunu etiraf etmək lazımdır. O, aşiqlərinin şövqünə alışmağı bacarır.

Lənət şeytana! Qrafinya sadəcə, kurtizan35 qadın olsaydı və özünü pula satsaydı, yüz dəfə bundan yaxşı idi. Onda mən heç olmazsa fikirləşərdim ki, doğrudan da məni sevir, çünki məşuqəm olduğu üçün ona pul vermirəm.

Tezliklə başqa, özü də daha kədərli bir fikir onu daxilən narahat etməyə başladı. Bir müddətdən sonra qrafinyanın ərinə görə saxladığı matəm qurtaracaqdı. Sən-Kler qrafinyanın dul həyatının bir ili başa çatan kimi dərhal kəbin kəsdirməlidir. O, buna söz vermişdi! Söz vermişdi? Xeyr! Bu haqda Sən-Kler heç kəlmə də kəsməmişdi. Ancaq Sən-Klerin niyyəti belə idi və qrafinya bunu duymuşdu. Onun aləmində bu özü elə bir anda bərabər idi. Bir az əvvəl Sən-Kler hamının qarşısında məhəbbətini etiraf edəcəyi o anın tez yetişməsi üçün hər şeyi qurban verməyə hazır idi. İndi isə taleyini Masininin bu keçmiş məşuqəsi ilə bağlayacağı fikri onu sarsıdırdı.

Sən-Kler öz-özünə deyirdi:

“Bununla belə, bu mənim borcumdur və bu, olmalıdır, olacaqdır da. Yəqin, bu yazıq qadına elə gəlir ki, onun keçmiş əlaqələrindən mənim xəbərim vardır. Deyilənlərə görə, onlar münasibətlərini heç də gizlətməyiblər”. Daha sonra Sən-Kler başqa cür düşünürdü: “Qrafinya məni yaxşı tanımır, o, məni yaxşı başa düşə bilmir… Belə fikirləşir ki, mən onu Masini sevən kimi sevirəm. Neynək, – o, qürurla öz-özünə dedi. – Onun hesabına üç ay ən xoşbəxt adam oldum. Bu xoşbəxtlik üçün bütün ömrümü qurban verməyə dəyər”.

O yatmadı və bütün səhəri at belində, meşədə gəzdi. Veryer meşəsindəki36 xiyabanların birində uzaqdan bir nəfəri qəşəng ingilis atının üstündə gördü. Həmin adam onu adı ilə səslədi və dərhal ona tərəf yönəldi. Bu, Alfons de Temin idi. Sən-Kler bikef idi, o, tənhalıq axtarırdı. Teminə rast gəlməyi onsuz da pis əhvalını tamam pozdu. O isə bu pərtliyi hiss etmədi, ya bəlkə, Sən-Klerə əzab verməkdən həzz almaq üçün belə dona girmişdi. Temin Sən-Klerin ona cavab verib-vermədiyinə məhəl qoymadan danışır, dil-dil ötür, gülür, zarafat edirdi. Sən-Kler qarşıya ensiz bir xiyaban çıxdığını görən kimi bu dözülməz, sırtıq yol yoldaşından yaxa qurtarmaq niyyətilə atını tez ora sürdü. Ancaq o yanılırdı; həyasız adamlar öz ovlarını asanlıqla əldən vermirlər. Temin cilovu yana çəkdi, Sən-Klerlə söhbəti daha da rahat davam etdirmək və onunla yanaşı getmək üçün atı mahmızlayıb həmin xiyabana çıxartdı və Sən-Klerə çatdı.

Dediyim kimi, xiyaban ensiz idi. Burada iki at yan-yana çox çətinliklə gedə bilərdi. Temin yaxşı at minən olsa da, Sən-Klerin yanından ötərkən onun ayağına yüngülcə toxundu. Əlbəttə, bu təhqiramiz hərəkət sayıla bilməzdi. Lakin Sən-Klerin qəlbində qəzəb elə şiddətlənmişdi ki, artıq özünü saxlaya bilmirdi. O, üzəngidə ayaq üstə qalxaraq əlindəki qırmancla Teminin atının üzündən vurdu.

– Lənət sənə kor şeytan, sizə nə olub, Oqüst? – Temin qışqırdı. – Mənim atımı nə üçün vurursunuz?

– Niyə dalımca düşüb məni qarabaqara izləyirsiniz? – Sən-Kler hədələyici, ötkəm səslə cavab verdi.

– Sizin ağlınız çaşıb, Sən-Kler? Yoxsa kiminlə danışdığınızı unudursunuz?

– Yelbeyinin, azğının birisi ilə danışdığımı lap yaxşı bilirəm.

– Sən-Kler!.. Siz, deyəsən dəli olmusunuz… Bura baxın, eşidin! Sabah mənim qarşımda üzr istəməli olacaqsınız, ya da elədiyiniz bu kobudluğa görə cavab verməli olacaqsınız.

– Elə isə sabaha qədər, müsyö!

Temin atının başını çəkib saxladı, Sən-Kler öz atını qabağa buraxdı və tez də meşədə gözdən itdi.

Bu andan o, özünü çox sakit hiss etdi. Əvvəlcədən ürəyinə daman hadisələrə inanmaq onun zəif cəhəti idi. Sən-Klerə elə gəlirdi ki, sabah onu öldürəcəklər və bu da onun hal-hazırda vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu olacaq. Hələ qabaqda bir gün var; sabah daha heç nəyin qeydinə qalmayacaq. O, evə qayıtdı, xidmətçisi ilə polkovnik Bojeyə məktub göndərdi. Daha bir neçə məktub yazdı, sonra iştahla nahar etdi və saat doqquzun yarısında gəlib bağ-bağatlı həyətin kiçik qapısının qarşısına çatdı.

***

– Sizə bu gün nə olub, Oqüst? – qrafinya soruşdu. – Siz çox şənsiniz və bununla belə, heç bir zarafatınızla məni güldürə bilmirsiniz. Dünən sizin ovqatınız nə qədər təlx idisə, mən bir o qədər şən idim. Bu gün isə elə bil, rollarımızı dəyişmişik. Başım bərk ağrıyır.

– Əziz dost, boynuma alıram, doğrudur, dünən çox bikef idim. Ancaq bu gün axı mən gəzmişəm, çox hərəkət etmişəm, buna görə də özümü çox yaxşı hiss edirəm.

– Mən isə əksinə, çox gec durmuşam, bu gün səhər yatıb yuxuya qalmışam, ağır, qarmaqarışıq yuxular görmüşəm…

– Ah, yuxu? Yuxuya inanırsınız?

– Boş şeydir!

– Mən isə inanıram. İnandırıram ki, gördüyünüz yuxular nəsə faciəli bir hadisənin olacağını xəbər verir.

– İlahi, gördüyüm yuxular heç vaxt yadımda qalmır. Buna baxmayaraq, bugünkü yuxum yadımdadır. Yuxuda Masinini görmüşəm. Elə bundan belə bir nəticəyə gəlmək olar ki, yuxum o qədər də maraqlı olmayıb.

– Masini! Əksinə, mən isə belə düşünürəm ki, siz onu yenidən görsəydiniz, məmnun olardınız, elə deyilmi?

– Yazıq Masini!

– Yazıq Masini?

– Oqüst, xahiş edirəm, mənə deyin görüm, bu gün bir hadisə-filan baş verməyib ki? Sizin təbəssümünüzdə nəsə iblisanə bir şey gizlənmişdir. Elə bil ki, siz özünüzü ələ salırsınız…

– Ah! Siz mənimlə ahıl, qoca arvadlar kimi danışırsınız, rəfiqələriniz kimi!

– Doğru deyirəm, bu gün sizin sifətinizdə elə bir ifadə var ki, bu cür ifadə adətən xoşlamadığınız, zəhləniz gedən adamlarla danışanda olur.

– Elə deməyin. Əlinizi mənə verin.

Sən-Kler qrafinyanın əlini əda ilə öpdü və onlar bir müddət gözlərini bir-birinə zillədilər. Sən-Kler baxışlarını aşağı dikib dedi:

– Bu dünyada qəddar olmamaq necə də çətindir! Qəddar olmadan yaşamaq istəyirsənsə, gərək ovdan, havanın yaxşı olmasından, keçmiş qadın dostlarından, onların büdcələrinin gətirdiyi mənfəətdən başqa ayrı bir şeydən danışmayasan…

Sən-Kler stolun üstündən bir kağız götürdü:

– Bax, sizin paltaryuyanın haqq-hesabıdır, mənim mələyim. Gəlin, indi də bu haqda söhbət edək. Belə olsa, məni qəddar adlandırmazsınız axı!

– Düzü, Oqüst, siz məni təəccübləndirirsiniz…

– Bu yazı, məni bu gün səhər tapdığım bir məktub haqda düşünməyə sövq edir. Sizə bildirməliyəm ki, sənədlərimi sahmana salırdım. Mən hərdənbir onları gözdən keçirirəm. Kağızların içərisində bir dərzi qadının vaxtilə mənə yazdığı məktub əlimə keçdi. Mən on altı yaşında olarkən həmin qadına vurulmuşdum. Onda hər sözü xüsusi əda ilə yazmaq qabiliyyəti vardı. Özü də hər kəlməni çox mürəkkəb şəkildə, ikimənalı yazardı. Onun yazı üslubu da xətti kimi gözəl idi. Mən o vaxtlar bir az yüngülxasiyyət olmuşam. Həmin qadını madam Sevinye37 kimi əhli-qələm olmadığına görə özümə layiq görməmişəm. Tez bir zamanda onu atmışam. Məktubu bu gün yenidən oxuyanda belə qərara gəldim ki, o, məni əsl məhəbbətlə sevirmiş.

– Yaxşı, bəs saxladığınız qadın?..

– Əla idi. Hər ay ona əlli frank verirdim. Mənim qəyyumum çox xəsis idi, varlanmağımı istəmirdi, mənə deyirdi ki, cavan adamın pulu çox olduqca təkcə özünü yox başqalarını da məhvə doğru aparır.

– Bəs bu qadının axırı nə oldu?

– Nə bilim?.. Yəqin ki, xəstəxanada öldü…

– Oqüst… əgər bu dedikləriniz, doğrudan da belədirsə, siz bunu ürək yanğısı ilə deyərdiniz.

– Əgər həqiqəti bilmək istəyirsinizsə, o, “alicənab bir adama” ərə getdi. Məndən əl çəkəndən sonra mən ona bir az da cehiz verdim…

– Siz necə də xeyirxahsınız!.. Bəs nə üçün belə qəddar görünmək istəyirsiniz, hə?

– Bəli, mən çox xeyirxaham!.. Bu haqda nə qədər çox düşünürəmsə, həmin qadının məni sevdiyinə indi daha çox inanıram. Ancaq o vaxtlar mən əsl məhəbbət hissinin nə demək olduğunu ayırd edə bilmirdim.

– Heyif ki, siz o məktubu mənə gətirməmisiniz. Qısqanclıq hissi keçirməzdim… Biz qadınlar siz kişilərdən daha həssasıq. Biz məktubun yazılma tərzindən məktub sahibinin səmimi olduğunu, yaxud elə-belə yalandan hisslərlə oynadığını dərhal ayırd edə bilirik.

– Bununla belə, siz özünüz də dəfələrlə sarsaq və yelbeyin adamların toruna düşmüsünüz!

Bu sözləri deyəndə Sən-Kler gözlərini etrüsk vazasına zilləmişdi. Onun səsində və gözlərində Matildanın qətiyyən hiss etmədiyi qəzəb hissi vardı.

– Daha bəsdir! Siz kişilər hamınız Don Juan olmaq istəyirsiniz. Sizə elə gəlir ki, başqalarını oynadırsınız, halbuki siz özünüzdən də əxlaqsız, pozğun olanların cənginə keçirsiniz.

– Siz xanımlar bu həssaslıqla, yəqin ki, səfeh adamı uzaq məsafədən hiss edirsiniz. Eyni zamanda deyə bilərəm ki, səfeh və yelbeyin dostunuz Masininin qadın dadını bilmədən bakir və əzabkeş kimi öldüyünə şübhə etmirəm…

– Masini? Ancaq o elə də səfeh deyildi. Burası da var ki, qadınlar da səfeh olurlar axı… Yeri gəlmişkən, Masininin başına gəlmiş bir hadisəni danışım. Ancaq bilmirəm, bəlkə də bunu sizə danışmışam?

– Heç vaxt danışmamısınız, – Sən-Kler titrək səslə cavab verdi.

– Masini İtaliyadan qayıdanda mənə aşiq olmuşdu. O, mənim ərimlə tanış idi. Ərim onu mənə ağıllı və zövqlü bir adam kimi təqdim etmişdi. Onlar sanki bu dünyada bir-biri üçün yaranmışdılar. Əvvəllər Masini mənə qarşı çox diqqətli idi; o, mənə sulu boya ilə çəkilmiş bir neçə şəkil verdi və dedi ki, özününküdir. Sən demə, onların hamısını Şrotdan38 alırmış… Musiqi və rəssamlıq haqqında mənimlə elə həvəslə danışırdı ki, sanki bu sahənin bilicisidir. Halbuki çox gülünc görünürdü. Günlərin bir günü o, mənə ağlagəlməz məzmunda bir məktub göndərdi. Məktubda kəlməbaşı yazırdı ki, nə bilim, mən Parisin ən nəcib, namuslu qadınıyam… daha nəyəm və məhz buna görə də o, mənim aşiqim olmaq istəyir. Mən məktubu əmiqızım Jüliyə göstərdim. İkimizin də dəlisov vaxtlarımız idi və biz onunla bir zarafat etməyi qərara aldıq. Bir gün bizə çoxlu qonaq gəlmişdi. Masini də onların arasında idi. Əmiqızım hamıya dedi: “İndi mən sizə bu gün səhər aldığım eşqnaməni oxuyacağam!” O, məktubu götürdü və qonaqların qəhqəhəsi altında ucadan oxudu… Yazıq Masini!..

Sən-Kler sevincindən qışqırdı və şaqqanaq çəkərək dizlərini qatlayıb yerə çökdü. O, qrafinyanın əlindən yapışdı, onu öpüşlərə və göz yaşlarına qərq etdi. Matildanı təəccüb bürüdü və əvvəlcə belə başa düşdü ki, Sən-Klerə nəsə oldu. Sən-Kler yalnız bu sözləri deyə bildi: “Məni bağışlayın, bağışlayın məni!” Nəhayət, ayağa qalxdı. O, sevinc içərisində idi. Sən-Kler bu an Matildanın vaxtilə ona ilk dəfə “Mən sizi sevirəm!” – dediyi andakından da xoşbəxt idi.

O dedi:

– Mən dünyanın ən səfeh və ən günahkar adamıyam, – dedi. – İki gün idi ki, sizdən şübhələnirdim. Şübhələrimi aydınlaşdırmaq üçün sizdən heç bir şey soruşa bilmirdim.

– Məndən şübhələnirdiniz? Axı nədə?

– Ah! Mən bədbəxtəm!.. Mənə demişdilər ki, siz Masinini nə vaxtsa əvvəllər sevmisiniz… həm də…

– Masini! – qrafinya qəhqəhə ilə gülməyə başladı və sonra ciddi görkəm aldı. – Oqüst, mənim haqqımda belə şübhədə olmaq və həmin şübhələri məndən gizlətmək üçün, doğrusu, nə qədər səfeh və ikiüzlü olmaq lazım imiş?!

Onun gözündən bir damla yaş diyirləndi.

– Yalvarıram, məni bağışlayın.

– Sizi necə bağışlamaya bilərəm, əziz dostum?.. Ancaq hər şeydən əvvəl qoy sizə and içim ki…

– Ah! Mən sizə inanıram, inanıram sizə… mənə heç nə deməyin.

– Ancaq, Allah xatirinə, deyin görək, siz bu boş, mənasız düşüncələrinizdə nəyə əsaslanırdınız?

– Heç nəyə… Bu axmaq başımdan savayı heç nəyə… Bir də bu etrüsk vazasına… Görürsünüz, mən elə bilirdim ki, bunu sizə Masini vermişdir…

Qrafinya təəccüb içində əlini əlinə vurdu və qəhqəhə ilə dedi:

– Mənim etrüsk vazam! Mənim etrüsk vazam!

Sən-Kler də özünü gülməkdən saxlaya bilmədi, amma bununla belə, onun yanaqlarından iri göz yaşları axıb süzülürdü. O, Matildanı qucaqladı və ona dedi:

– Məni bağışlamayınca sizi buraxmayacağam.

– Sizi bağışlayıram, səfehin biri səfeh! – deyərək Matilda onu nəvazişlə öpdü. – Bu gün mən xoşbəxtəm! Bax, birinci dəfədir ki, sizi ağlayan görürəm. Heç ağlıma gəlməzdi ki, siz ağlaya bilərsiniz.

Sonra Sən-Klerin qolları arasından çıxaraq etrüsk vazasını qapdı və döşəməyə çırpıb çilik-çilik elədi. (Bu misilsiz və nadir bir vaza idi. Üzərində üç rənglə Larit ilə Santorun döyüş səhnəsi39 təsvir edilmişdi.)

Sən-Kler bir neçə saat ən xoşbəxt və həm də pərt adam vəziyyətində qaldı.

***

– Hə, nə oldu? – deyə Rokantən Tortonilər40 ailəsinə məxsus qəhvəxanada rast gəldiyi polkovnik Bojedən soruşdu. – Mənə danışdığın əhvalat doğrudur?

– Bəli, bu, həqiqətən belədir, mənim əzizim, – polkovnik qəmgin halda cavab verdi.

– Danışın görüm, bu hadisənin axırı necə qurtardı?

– Ah, necə olacaq! Sən-Kler mənə dedi ki, o, əvvəlcə səhv edibmiş və yalnız Temin birinci atəş açandan sonra ondan üzr istəmək niyyətindəymiş. Mənim onunla razılaşmaqdan başqa çarəm qalmadı. Temin püşk atmaq istəyirdi. Sən-Kler təkid etmişdi ki, birinci Temin atəş açsın, o da atdı. Mən Sən-Klerin bircə dəfə öz yerində fırlandığını və həmin dəqiqə də palıd ağacı kimi yerə sərildiyini öz gözlərimlə gördüm. Onun yerə düşməyi ilə ölməyi bir oldu. Mən ölümcül yaralanan əsgərlər arasında ölməmişdən əvvəl öz yerlərində belə fırlanmalarını dəfələrlə görmüşəm.

Rokantən dedi:

– Bu, çox qeyri-adi ölümdür. Bəs sonra, Temin nə etdi?

– Belə hadisə vaxtı başqaları nə edir, o da elə… O, tapançasını məyus halda yerə tulladı, elə güclə tulladı ki, tətiyi sındı. Bu, Manton fabrikinin41

1
...