Читать книгу «Hekayələr» онлайн полностью📖 — Проспера Мериме — MyBook.
image
cover

Prosper Merime
Hekayələr

MATEO FALKONE

Porte-Veksyodan çıxıb şimal-qərbə, adanın içərilərinə doğru irəliləyəndə üzüyuxarı qalxdığını tezliklə hiss edirsən və dərələrin, bəzən isə iri qaya yığınlarının kəsdiyi dolanbac, əyri-üyrü cığırlarla üç saat yol gedəndən sonra gəlib göz işlədikcə uzanan maki sahəsinə çıxırsan. Maki korsikalı çobanların, qanuna tabe olmayanların, bir sözlə, qaçaq-quldurların məskənidir. Onu da deyək ki, korsikalı əkinçi torpağı gübrələməyin çətinliyindən yaxasını qurtamaq üçün meşənin bir hissəsinə od vurub yandırır. Bunu elə etmək lazımdır ki, od lazım olan yerdən uzaqlara yayılmasın. Yanmış ağacların külünün töküldüyü bu xam torpaq sahəsini əkib-becərərkən korsikalı əkinçi yaxşı məhsul götürəcəyinə ümid bəsləyir. Sünbüllər yığılıb qurtarandan sonra artıq zəhmət olmasın deyə, küləşi yığışdırmırlar, elə tökülüb yerdə qalır. Makidə kol-kosla bərabər, yanmış ağacların yerdə qalmış kökü gələn baharda kötükdən pöhrə verir və bir neçə ilin içərisində sıx halda iki-üç metr ucalığında qalxır. Bax, belə sıx qalın pöhrəliklərə maki deyirlər. Burada cürbəcür ağac növünə və kolluğa rast gəlmək olar. Bunlar bir-birinə elə dolaşıb qarışır ki, yalnız əli baltalı adam özünə yol aça bilir. Maki elə qalın cəngəllikdir ki, heç vəhşi qoçlar da onu yarıb keçə bilmirlər.

Əgər siz bir adamı öldürmüsünüzsə, Porte-Veksyo makisinə gedin. Əgər yaxşı tüfənginiz, barıtınız və gülləniz varsa, orada asudə, təhlükəsiz yaşaya bilərsiniz. Unutmayın ki, belə yerdə qəhvəyi başlıqlı paltonuzu həm yorğan kimi üstünüzə örtər, həm də döşək kimi altınıza sala bilərsiniz. Çobanlar sizə süd, pendir, şabalıd verər və azuqə üçün şəhərə enmək lazım gələnə qədər arxayın ola bilərsiniz ki, belə bir yerdə sizə məhkəmədən, yaxud öldürdüyünüz adamın qohum-əqrəbasından, valideynlərindən heç bir xətər toxunmaz.

Mən 18…-cu ildə Korsikada olanda Mateo Falkonenin evi həmin bu makinin iki kilometrliyində idi. O, bu yerin adamları ilə müqayisədə varlı idi, ləyaqətlə yaşayırdı, yəni əlini ağdan-qaraya vurmur, öz sürülərindən əldə etdiyi gəlirin hesabına dolanardı. İndi sizə danışacağım bu hadisədən iki il keçəndən sonra onu yenidən görəndə mənə elə gəldi ki, onun yaşı əllini ötmüşdür. Alçaqboy, enlikürəkli, saçları cod, şəvə kimi qara, qartalburun, dodaqları nazik, iri gözləri oyur-oyur oynayan, sifəti aşılanmış dəri rəngində olan bir kişini təsəvvürünüzə gətirin! Yaşadığı ölkədə çoxlu mahir atıcıların olmasına baxmayaraq, onun sərrast güllə atmağı dillərdə dastan idi. Mateo yüz iyirmi addımlıqdan dağ keçisinin başından, kürəyindən, bir sözlə, istədiyi yerindən vura bilərdi, ancaq yanında balası olan heyvana ömründə güllə atmazdı. O, gecə vaxtı da gülləni elə günün günorta çağında olduğu kimi sərrast atırdı. Onun məharəti barədə mənə danışanlar, hətta dedilər ki, Korsikaya gedib deyilənləri öz gözlərilə görməyənlər yəqin ki, qulaqlarına inanmazlar. Gecə vaxtı səksən addım aralıda yanan şamı boşqab böyüklüyündə şəffaf kağız parçasının arxasına qoyardılar. Mateo nişan alar, sonra isə şamı söndürərdilər, bir dəqiqə keçəndən sonra o, zil qaranlıqda atəş açardı və atdığı dörd güllədən üçü ilə kağızı vurub deşərdi.

Bu nadir məharətinə görə Mateo Falkone böyük şöhrət qazanmışdı. Onu nə qədər sədaqətli və xeyirxah dost sayırdılarsa, bir o qədər də təhlükəli rəqib hesab edirdilər. Yeri gələndə böyüyün-kiçiyin qulluğunda hazır, sədəqə verməkdə əliaçıq olan Mateo Porte-Veksyo mahalında hamı ilə səmimi, mehriban dolanardı. Hələ belə nağıl edirlər ki, günlərin bir günündə Mateo cavan vaxtlarında Kortedə qız üstündə qorxulu, güclü bir rəqiblə üz-üzə gəlməli olur. Deyilənlərə görə rəqib öz evində, pəncərənin yanında kiçik bir güzgü asıb üzünü qırxdığı zaman Mateo onu güllə ilə vurmuşdu. Bu hadisə tamam unudulduqdan sonra Mateo evlənir. Arvadı Cüzeppa ona əvvəlcə bir-birinin ardınca üç qız bəxş edir (bu hal az qalır ki, Mateonu dəli eləsin) və nəhayət, axırda bir oğlan doğur. Oğlana Fortünato adı verirlər. Bütün ailə gözünü ona dikir. Mateo qızları boya-başa çatdırıb ərə verir. Bəd ayaqda kürəkənlərinin xəncərinə, qılıncına arxalanır, onları özünə arxa sayırdı. Oğulun isə vur-tut on yaşı olsa da, hərəkətlərindən çox şeyə qabil olduğu sezilirdi.

Payız günlərinin birində sübh tezdən Mateo arvadı ilə makinin içərilərində otlayan sürülərindən birinə baş çəkmək üçün evdən çıxır. Balaca Fortünato da atası ilə getmək istəyir, ancaq sürünün otladığı yer çox uzaq idi, həm də evdə bir qaraltı lazım idi, buna görə də atası onu özü ilə aparmır. Bunun üçün onun necə peşman olacağını görəcəksiniz.

Bir neçə saat keçmişdi. Ancaq Mateo gəlib çıxmaq bilmirdi. Balaca Fortünato günün altında uzanır, xoşhallanır, yaşıl örpəyə bürünmüş dağlara tamaşa edir və gələn bazar günü ata-anası ilə kaporal1 dayısıgilə qonaq gedəcəyi barədə fikirləşirdi. Birdən haradasa uzaqda atılan güllənin səsi onu bu şirin xəyaldan ayırdı. O, yerindən qalxdı və çevrilib düzənliyə, güllə səsi gələn tərəfə baxdı. Dalbadal yenə bir neçə güllə açıldı. Güllələr müxtəlif fasilələrlə atılırdı və indi atışma daha yaxından eşidilirdi. Nəhayət, düzənlikdən Mateonun evinə gələn cığırda üzünü tük basmış, başında dağlılara xas şiş papaq, üst-başı cır-cındır içində tüfənginə söykənə-söykənə gələn bir adam göründü. Deyəsən, bir az bundan əvvəl atılan güllələrdən biri onun budundan dəymişdi.

Bu adam məhkəmədən qaçıb gizlənən bir quldur idi. Gecə vaxtı şəhərə barıt almağa gedərkən yolda Korsika voltijerlərinin2 pusqusuna düşmüşdü. Atışa-atışa, qayaların dalında gizlənə-gizlənə onu addımbaaddım izləyənlərdən qaçıb qurtara bilmişdi. Ancaq onu izləyən voltijerlərdən o qədər də çox aralana bilməmişdi. Budundan aldığı yara ona əziyyət verdiyindən voltijerlər gəlib çatmamış makiyə girmişdi. O, Fortünatoya yaxınlaşıb dedi:

– Sən Mateo Falkonenin oğlusan?

– Bəli.

– Mən Jianetto Sanpyeroyam. Sarıyaxalılar3 məni izləyirlər. Məni gizlət, daha gedə bilmirəm.

– Atamın icazəsi olmadan səni gizlətsəm, gələndə mənə nə deyər?

– Deyəcək ki, sən yaxşı eləmisən.

– Kim bilir?

– Məni tez gizlət, gəlirlər.

– Gözlə, atam gəlsin.

– Nəyi gözləyim? Qanmaz! Onlar beş dəqiqədən sonra burada olacaqlar. Cəld ol! Məni gizlət, yoxsa səni öldürərəm.

Fortünato soyuqqanlılıqla ona cavab verdi:

– Öldürə bilməzsən, tüfəngin boşdur, sənin heç patrondaşında patronun da yoxdur.

– Mənim xəncərim var!

– Sən məni tuta bilərsən?

O, geri sıçradı və gözlənilən təhlükədən sovuşdu.

– Sən Mateo Falkonenin oğlu deyilsən! Deməli, məni evinizin qabağında qoyacaqsan ki, tutub aparsınlar!

Görünür, bu söz uşağa təsir elədi.

– Səni gizlətsəm, mənə nə verərsən? – deyərək ona yaxınlaşdı.

Quldur kəmərindən asdığı dəri çantanın ciblərindən birini eşələdi və oradan beş franklıq pul çıxardı, yəqin ki, onu barıt almaq üçün saxlamışdı. Gümüş pulu görən kimi uşağın dodağı qaçdı. O, pulu qapdı və Jianettoya dedi:

– Daha heç nədən qorxma.

Dərhal evin yanındakı quru ot tayasında bir yarıq açdı. Jianetto ora girdi və uşaq yarığı yenidən elə örtdü ki, həm nəfəs almaq üçün hava keçsin, həm də tayada adam gizləndiyindən heç kim şübhələnməsin. Bundan əlavə, o, ağlagəlməz bir hiylə də işlətdi: pişiyi balaları ilə birlikdə gətirib ot tayasının üstünə qoydu ki, baxıb görən heç nədən şübhələnməsin. Daha sonra evin yaxınlığında, cığırda qan ləkələrini səliqə ilə torpaqlayıb örtdü və hər işi görüb arxayın olandan sonra qayıdıb əvvəlki yerində, günün altında sakitcə uzandı.

Bir neçə dəqiqə keçdikdən sonra qəhvəyi rəngli hərbi paltarda, sarı yaxalıqlı altı nəfər silahlı əsgər bir kiçik zabitin komandanlığı ilə Mateonun evinin qarşısında peyda oldu. Bu kiçik zabit Falkonenin uzaq qohumlarından idi (bildiyimiz kimi, Korsikada başqa yerlərə nisbətən qohumluq əlaqələrinə daha çox xətir-hörmət qoyurlar). Onun adı Tyodoro Qamba idi və özü də çox qoçaq adam idi. Onun əlindən dünya qaçaq-quldurun başına dar olmuşdu.

– Salam, qardaşoğlu!

O, Fortünatoya yaxınlaşdı:

– Maşallah, nə yaman böyümüsən! İndicə buradan bir nəfər adamın keçdiyini görmədin ki?

– Eh! Hələ sizin kimi böyük deyiləm, – Fortünato ağıldankəm uşaqlar kimi cavab verdi.

– Tezliklə boyda da mənə çatarsan, inşallah! Ancaq mənə de görüm, buradan adam keçdiyini görmədin ki?

– Mən adam keçdiyini görmüşəm?

– Bəli, başında qara məxmərdən ucu şış papağı, əynində də sarı-qırmızı naxışla işlənmiş gödəkçə vardı.

– Başında qara məxmərdən ucu şiş papağı, əynində də sarı-qırmızı naxışlı gödəkçə vardı?

– Hə, özüdür ki var! Tez ol, cavab ver görək, özün də mənim suallarımı təkrarlama.

– Bu gün səhər müsyö keşiş qapımızın ağzından keçib getdi, atının üstündə idi. Hə, Pyeronu minmişdi. O, məndən atamın kefini xəbər aldı və mən də cavab verdim…

– Ay cüvəllağı! Tülkülük edirsən ha! Tez ol, de görüm, Jianetto hansı tərəfə getdi? Axı biz onu axtarırıq. Mən bilirəm ki, o, bu cığırla gəlirdi.

– Mən nə bilim.

– Necə yəni nə bilim? Bilirəm ki, sən onu görmüsən.

– Əgər mən yatmışamsa, gəlib-gedənləri necə görə bilərəm?

– Sən yatmamışdın, qırışmal! Güllə səsi səni oyatmışdı.

– Əmican, bununla demək istəyirsiniz ki, sizin tüfənginizin səsi yəni o qədər bərk çıxır? Mənim atamın tüfənginin səsi sizinkindən də bərk guruldayır!

– Səni görüm lənətə gələsən! Yaramaz uşaq! Əlimin içi kimi bilirəm ki, sən Jianettonu görmüsən. Bəlkə, elə onu sən özün gizlətmisən?! Hə, uşaqlar, – o, adamlarına işarə etdi, – girin, bu evə baxın, görün bizim axtardığımız adam burada deyil ki? O, bir ayağının gücünə, sürünə-sürünə zorla gedirdi və bu hiyləgər axsaya-axsaya, şübhəsiz, makiyə gedib çıxa bilməz. Həm də qan izləri axı burada itir?!

– Bəs atam nə deyər? – Fortünato qarşısındakı adamı ələ salırmış kimi rişxəndlə soruşdu. – Əgər bilsə ki, o özü evdə olmaya-olmaya onun evinə giriblər, nə deyər, hə?

– Yaramaz! – Kiçik zabit Qamba onun qulağından yapışdı. – Başa düşürsənmi, mən istəsəm, sən başqa avaz çalarsan. Bəlkə, elə qılıncın yastısı ilə sənə iyirmi dəfə vurum, axırda danışasan, hə?!

Ancaq Fortünato rişxəndlə gülməyində idi.

– Mənim atam Mateo Falkonedir! – uşaq təşəxxüslə dedi.

– Bilirsənmi, haramzada, istəsəm səni bu saat Korteyə, ya da Bastilyaya apara bilərəm! Səni təkadamlıq kamerada küləşin üstündə yatızdıraram. Əgər Jianettonun harada olduğunu deməsən, ayaqlarına buxov vurduraram, başını bədənindən ayıraram!

Bu gülünc hədədən uşaq qəhqəhə çəkib güldü və təkrar elədi:

– Mənim atam Mateo Falkonedir!

Voltijerlərdən biri astadan dedi:

– Serjant! Mateo ilə üz-göz olmağına dəyməz.

Qamba, görünür, doğrudan da çıxılmaz vəziyyətdə qalmışdı. O, evi artıq ələk-vələk eləyib gələn əsgərləri ilə pıçıldaşır, götür-qoy edirdi. Evə baxmaq, onun dəlmə-deşiyini yoxlamaq əməliyyatı uzun çəkmədi, çünki hər bir korsikalının daxması bir otaqdan, içərisinin əşyası isə bir stoldan, bir neçə stuldan, sandıqdan, ev avadanlıqlarından və ovçuluq ləvazimatından ibarət olur. Bu vaxt balaca Fortünato pişiyi tumarlayır, əli boşa çıxmış zabit əmisinə və voltijerlərə baxıb bic-bic gülür, həzz alırdı. Əsgərlərdən biri ot tayasına yaxınlaşdı. O, pişiyi gördü və elə-belə, özündən asılı olmayaraq, əlindəki süngünü tayaya soxdu. Bu ehtiyatsız hərəkətinin gülünc olduğunu özü də başa düşdüyündən çiyinlərini çəkdi. Heç nə tərpənmədi və hətta uşağın sifətində, azacıq da olsa, həyəcan, bir narahatlıq hiss olunmadı.

Zabitin və onun dəstəsinin səbri tükənirdi. Artıq əlacları yerdən-göydən kəsildiyindən gözlərini zilləyib gəldikləri düzənliyə tərəf baxır, sanki qayıdıb getməyə hazırlaşırdılar. Bu zaman onların başçısı Falkonenin oğluna hədələrin təsir etmədiyini görüb uşağın qılığına girməklə onu ələ almağa cəhd elədi.

– Mənim əzizim, qardaşoğlu, görürəm, çox fərasətli uşaqsan. Sən böyük adam olacaqsan. Ancaq mənimlə çox pis bir oyun oynayırsan. İnan, mən Mateoya, öz yaxın qohumuma əziyyət vermək istəmirəm. Lənət şeytana, yoxsa səni özümlə aparardım.

– Bah!

– Ancaq Mateo qayıdanda ona hər şeyi danışacağam və yalan danışdığın üçün o səni heydən düşənə kimi qamçı ilə döyəcək.

– Bəlkə, döyməyəcək?

– Görərsən… bax, yaxşı oğlan olsan, sənə bir şey verərəm.

– Mənim isə, əmican sizə bir məsləhətim var: əgər bir az da yubansanız, Jianetto yəqin ki, gedib makiyə çatacaq. Onda nə qədər qoçaq olsanız da, onu tuta bilməyəcəksiniz.

Zabit cibindən dəyəri on ekü4 olan zəncirli gümüş saat çıxardı. Saatı görərkən Fortünatonun gözlərinin hərisliklə alışıb-yandığını hiss edən zabit zəncirin ucundan tutub, onu uşağın gözlərinin qabağında divar saatının kəfgiri kimi bir neçə dəfə yellətdi:

– Ay səni, şeytan! Yəqin istərdin ki, sənin də belə bir saatın olsun. Boynundan asasan və Porte-Veksyonun küçələrindən lovğa-lovğa keçəsən. Hamı da səndən soruşsun: “Saat neçədir?” Sən isə deyəsən: “Özünüz gəlin, mənim saatıma baxın!”

– Mən böyüyəndə kaporal dayım mənə də saat verəcək.

– Doğrudur, ancaq indi, hal-hazırda sənin dayıoğlunun bu saatdan varıdır… Düzünə qalsa, bu onunkundan da qəşəngdir. Burası da var ki, dayın oğlu hələ səndən də kiçikdir.

Oğlan ah çəkdi.

– Hə, necədir, qardaşoğlu, bu saatı istəyirsən?

Fortünato saata elə hərisliklə baxırdı ki, elə bil, ayı armuda baxırdı. Uşağa elə gəlirdi ki, onu ələ salırlar. Buna görə də əlini saata uzatmağa cürət eləmirdi. Hərdənbir nəfsini boğmaq üçün gözünü saatdan çəkir, sallaq dodaqlarını dilinin ucu ilə yalayır və qarşısında dayanan bu adama sanki belə deyirdi: “Zarafatınız çox amansızdır!”

Bununla belə, zabit Qamba saatını uşağa vermək istəyən xeyirxah insana oxşayırdı. Fortünato əlini uzatmadı, ancaq acı, kinayəli bir təbəssümlə dedi:

– Niyə məni ələ salırsınız?

– Allah özü şahiddir! Mən səni ələ-zada salmıram. Jianettonun harada olduğunu mənə de, bax, bu saat sənin olsun.

Fortünato gülümsündü; onun təbəssümündə inamsızlıq aydın hiss olunurdu. Şəvə kimi qara gözlərini zabitin gözlərinə zilləyərək, sanki dediyi sözlərin doğru olub-olmadığını onun gözlərindən oxumaq istəyirdi.

– Əgər dediyim şərtlə bu saatı sənə verməsəm, heç kişi deyiləm! – Zabit səsini daha da qaldırdı. – Bax, bu əsgərlər şahiddirlər, mən sözümdən ömrümdə qaçmamışam.

Belə deyərək o, saatı uşağa lap yaxınlaşdırdı. Elə yaxınlaşdırdı ki, saat onun həyəcandan sapsarı saralmış yanağına toxunurdu. Fortünatonun qəlbinin dərinliyində saatı ələ keçirmək hərisliyi və qonaqpərvərlik borcu mübarizə aparırdı. Bunu uşağın sifətindən aydın oxumaq olurdu. Onun açıq sinəsi güclə enib-qalxırdı, sanki nəfəsi bu dəqiqə kəsiləcəkdi. Saat isə gözləri qabağında kəfgir kimi o tərəf-bu tərəfə gedib-gəlir, fırlanır və hərdənbir burnunun ucuna toxunurdu. Nəhayət, onun sağ əli saata tərəf qalxdı, barmaqlarının ucu ona toxundu və saat birdən onun ovcunun içinə düşdü, ancaq zabit zəncirin ucunu hələ buraxmamışdı. Siferblat mavi rəngdə idi… Qapağı təptəzə… elə bil, zavoddan indicə çıxmışdı… Günün altında par-par parıldayırdı… Yaman şirnikləndirici bir şey idi.

...
6

На этой странице вы можете прочитать онлайн книгу «Hekayələr», автора Проспера Мериме. Данная книга имеет возрастное ограничение 12+, относится к жанру «Литература 19 века». Произведение затрагивает такие темы, как «страсть», «драма». Книга «Hekayələr» была издана в 2022 году. Приятного чтения!