Məhəmməd Batumda iki gündən artıq qalmadı. Üçüncü gün bilet alıb Tiflisə getdi. Təbrizdən çıxalı ikinci dəfə idi ki, Məhəmməd səfər yoldaşlarından ayrılırdı…
İstanbul da hesaba alınsa, Tiflis onun gördüyü beşinci şəhər idi. Bu şəhərdə onun ən vacib işi Mirzə Fətəli Axundzadənin qalan əsərlərini tapıb oxumaq idi. Axı dostu Badamçıya söz vermişdi ki, imkan olan kimi əsərlərin üzünü köçürüb ona da göndərəcək.
Məhəmməd Tiflisdə qaldığı müddətdə əsərlərinə məftun olduğu o böyük şəxsiyyətin məzarını ziyarətə də getdi.
Tiflisdən Mahaçqalaya – əmisinin yanına gələn Məhəmməd burada bütün vaxtını Qərb ədəbiyyatını mütaliəyə sərf etdi. Daha sonra isə Təbrizə qayıdıb arzuladığı Talibiyyə mədrəsəsinə daxil oldu. Bu vaxtacan o, iki alimin yanında dərs almışdı: Hacı Mirzə Həsəndən fiqh-üsul elmini, Mirzə Əbdüləli Təbrizidən isə nücum elmini öyrənmişdi.
Günlər ötür, hər ötən gün isə ona bir yenilik gətirirdi. Təbriz gəncləri arasında özünə yeni dostlar, yeni həmməsləklər tapmışdı…
Üç atlı toz-torpaq yolla çapırdı. Qabaqdakı atlı iyirmi beş yaşlı gənc idi. Arxadan gələn iki atlı isə ondan xeyli yaşlı idilər.
Atlılar Paşa bəyin çadırlarına gəlib çatdılar. Paşa bəy onları görən kimi qarşılarına üç nəfər göndərdi ki, qonaqların atını tutsun.
Gələnlər çadırın qabağında atlarından düşdülər. Paşa bəy onlarla mehriban görüşüb çadırlardan birinə dəvət etdi. İçəri keçən atlılar təklif olunan yerdə oturdular. Gənc atlı Paşa bəylə üzbəüz döşəkçə üstündə əyləşdi. Ona yoldaşlıq eləyən digər iki atlı isə gəncin yanında bardaş qurdular.
Bu zaman qulluqçu qız Səlimə özünü tez Dürdanənin yanına verdi:
– Pis oğlan deyil, ay qız… Kaş elə qismətin bu olsun. Maşallah, üz-gözündən nəciblik yağır.
– Bunun nəyini tərifləyirsən? – Dürdanə dodaqlarını büzdü. – Sənin gözün pis görür… Keçən il bizdə qonaq qalan o tacir oğlan yadındadırmı? Həyalı ona deyərlər!
Bahar xanım qonaqlara xoşgəldin eləyib qayıdanda gözlərinin gülüşündən anlamaq olardı ki, oğlan onun xoşuna gəlib.
– Qızım, gələn Qaraeynili Mir Abdulla ağanın oğludur. Atasının var-dövləti həddən aşıb. Bu da səni istəyənlərdən biridir!
Bu sözlərlə ana qızının fikrini bilmək istədi.
Oğlanı Bahar xanım kimi Paşa bəy də xoşlamışdı. Bəs, görəsən, Dürdanənin cavabı necə olacaqdı? O hələlik susurdu…
Ata ilə ana həmin gecə qızı çağırıb bir daha fikrini soruşdular. Özünü təngə gəlmiş kimi göstərən qız dedi:
– Mən bilmərəm, ixtiyarım sizdədir, başımı hayana kəssəniz, qanım o yana axacaqdır.
Paşa bəylə Bahar xanım Dürdanənin gözlənilməz cavabından sevinib qızlarını öpdülər.
Oğlanın yanınca gələn ağsaqqallar da işin belə asanlıqla düzəlməyindən məmnun oldular. İki günə nişan gətirəcəklərini bildirib qayıtdılar.
Paşa bəy həmin günün səhəri nişan tədarükünə başladı. Yaxın qəsəbədən düyü, qənd almağa adam göndərdi. Qonşu obaların başçılarına, ağsaqqallarına, qəbilə rəisləri və tayfa böyüklərinə xəbərçi yollayıb onları nişan məclisinə dəvət etdi.
Ertəsi gün dəvət olunanlar dəstə-dəstə Paşa bəyin çadırları qurulan düzəngaha axışırdılar. Oğlan adamları hamıdan qabaqda idi. Əlli atlıdan ibarət bu dəstənin beş nəfəri qadın (biri oğlanın anası, ikisi bacıları, biri əmisi arvadı, biri də xalası) idi. Oğlanın atası Mir Abdullanın kefi çalır, damağı oynayırdı. O özünə böyük bir arxa tapmış, oğlunu daha böyük bir sərvətə çatdırmış, gələcəyini tamamilə təmin etmişdi. Yolda nişan məclisinə gedənlərlə salamlaşır, onların ehtiramına ehtiramla cavab verirdi.
Birdən hamı heyrət içində qaldı: Paşa bəyin çadırları yox idi, lələ köçüb, yurdu qalmışdı. O qədər çadırdan, atdan, dəvədən, qoyun-keçidən, tay kimi vurulan ticarət mallarından bir nişan qalmamışdı. Hamının ağlından bir fikir keçirdi: «Bu necə olan işdir?! Əgər Paşa bəy qızı vermək istəmirdisə, nə üçün bu qədər camaatı yığıb buraya tökmüşdü?»
Bu sualın cavabını bilmək üçün bir gün əvvəli təsvir etməliyik.
Paşa bəyin mənsub olduğu Təzəli tayfası üçün əziz gün gəlib çatmışdı. Obanın adamları şadlanacaq, tayfanın yeganə qızı, nadir gözəli üçün şirni içiləcəkdi. Birdən uzaqlarda qara buludlar günəşin qabağını kəsdi, hava qaraldı, qara yel əsdi. Şimşək dayanmadan çaxır, göy qızmış nər kimi nərə çəkirdi. Sonra güclü yağış başladı, lap axırda isə coşqun sel düzəngahı ağuşuna aldı. Paşa bəy arvadı ilə sevimli qızının əlindən yapışıb çadırdan çıxanda lap yaxında şimşək oynadı. Onun işığında biyaban açıq-aydın göründü. Obada özünü itirməyən bir adam vardısa, o da Paşa bəy idi. O bilirdi ki, ata minməklə də bu selin qabağından qurtarmaq olmaz. Yubanmadan arvadı ilə qızını ticarət yükləri yığılan yerə çatdırdı. Su onların dizinə çıxır və getdikcə artırdı. O, əvvəlcə qızını, sonra da arvadını yüklərin üstünə çıxartdı. Dönə-dönə tapşırdı ki, yüklərin dəmirindən bərk-bərk tutsunlar. Paşa bəydən başqa bir neçə adam da yüklərin üstünə çıxıb oturmuşdu. Dağ seli bir göz qırpımında çadırları uçurdub tayların toplandığı yerə çatdı. Paşa bəy qışqırdı:
– Özünüzü itirməyin, dəmirlərdən möhkəm yapışın!
Bir az sonra isə Paşa bəyin üstünə oturduğu tay selə qapılıb axırdı. Lakin bu halında da fikri ancaq arvadı ilə qızının yanında idi.
Paşa bəy bilirdi ki, əgər sel onu dağa-daşa çırpmasa, üstündə oturduğu tay onu Qaraquş çəmənində yerə oturdacaqdır. O, ümid edirdi ki, arvadı ilə qızını da burada tapacaqdır.
Paşa bəyin düşündüyü kimi də oldu: Qaraquş çəməninə çatanda sel gücdən düşdü.
Səhər açıldı. Günəş Qaraquş çəmənində yığılıb gölməçələnən sularda əks olunmağa başladı. Dünən bu vaxt hər şeyi – eli, obası, varı -dövləti, vəfalı arvadı, gözəl qızı olan Paşa bəy bu gün bir tuman-köynəkdə çöllərə düşüb öz əzizlərini axtarırdı…
İki yüz dəvədən ibarət bir karvan arandan yaylağa ağır-ağır hərəkət edirdi. Hər yeddi dəvənin ovsarı (noxtası) bir nəfərin əlində idi.
Gül-çiçəklə bəzənmiş dağ yolları Xoy şəhərinə gələn müsafirlərə ruh verirdi. Karvanın ehtişamı öndəki kəcavədə oturan uzunsaqqal qocanın varlı-karlı və nüfuzlu şəxs olduğunu bildirirdi. O, Təbriz müdərrisi5 Hacı Pişnamaz ağa idi. Kəcavədə qoca ilə yanaşı, onun arvadı Səriyyə xanım da var idi.
Qocalar bir övlad, lap elə bir kor qız üçün dəfələrlə ata, qatıra, dəvəyə minib müqəddəs yerləri ziyarətə getmişdilər. Ancaq nədənsə indiyədək Allah dərgahında onların iltiması qəbul olunmamışdı.
Nəhayət, dağlıq yol qurtardı, müsafirlər geniş bir düzənliyə yetişdilər. Ətrafdakı mənzərə karvan əhlini lərzəyə salan kimi oldu. Düzü dünyanı su tutub yolu bağlamışdı.
Onlar suyun kənarına yetişdilər. Karvandakılardan biri əli ilə irəliyə işarə edib dedi:
– Ora baxın, bir adam huşsuz düşüb qalıb! Özü də zənən xeylağıdır!
Qadının köməyinə yetişmək üçün karvandakılardan kimsə yerindən tərpənmədi. Hacı Pişnamaz ağa arvadına dedi:
– Deyəsən, qarı, Allah ərzimizi eşidib, duamız müstəcəb olur.
– Necə bəyəm, Hacı ağa!
– O qız xeylağı kim olur-olsun, onu övlad kimi özümüzlə Təbrizə aparmalıyıq.
– İndi ki Allah belə istəyib, nə deyirəm, ağa, mən razı… – bunu deyən qadının sevincindən gözləri doldu.
Hacı Pişnamaz sarbanı çağırıb dedi:
– Gedib baxın, əgər ölməyibsə, gətirin bizim kəcavəyə.
Sarbanın əmri ilə dörd adam oraya yüyürdü.
Bu, bir qız idi. Sanki kiminsə yaxınlaşdığını hiss eləyib gözlərini bir anlığa açdı, sonra təzədən yumdu. Qızı götürüb kəcavəyə uzandırdılar. Karvan yenidən yola düzəldi. Xeyli yol getdikdən sonra isə bir kəndə qayıtdı. Günorta vaxtı kəcavədəki qız gözlərini açdı. Tamam özünə gəldikdən sonra Səriyyə xanım ondan kim olduğunu soruşdu. Qız cavabında Paşa bəyin qızı Dürdanə olduğunu söylədi. Eyni zamanda başına gələnləri nəql elədi.
Karvan bir az da irəlilədikdən sonra Paşa bəyin çadırları olan düzəngaha yetişdi. Karvandakılar ətrafı axtarıb-arayıb çoxlu kişi, qadın və uşaq meyiti tapdılar, hamısını bir-bir dəfn elədilər. Meyiti tapılanlar arasında Bahar xanım da var idi. Paşa bəydən isə xəbər yox idi…
Bahar xanımın boynunda olan qızılları gətirib verəndə Dürdanənin təzədən ürəyi getdi. Sonra ayıldı, anasının nişanələrinə baxdıqda halı bir də xarablaşdı. Onu hər dəfə özünə gətirirdilər, lakin çox keçmədən qız yenə huşunu itirirdi. Son dəfə gözlərini açanda başını Səriyyə xanımın dizi üstündə gördü. O elə hey ağlayır, Allaha yalvarır, Dürdanəyə şəfa diləyirdi. Qız özünə gəldikdən sonra Pişnamaz ağa ilə Səriyyə xanım onu özlərinin yeganə övladı kimi sevəcəklərinə, atasını axtarıb tapacaqlarına söz verdilər. Qoca ər-arvadın vədinə inanan Dürdanənin ürəyi bir az sakitləşdi…
Pişnamaz ağanın Təbrizdəki bağlı-bağçalı həyəti, ikimərtəbəli evi, bəzəkli otaqları, böyük çil-çıraqları, kitab dolabları Dürdanəyə qəribə göründü. Ən qəribəsi isə bu idi ki, tanış-bilişlər düz üç ay Səriyyə xanımın görüşünə gəlib-getdilər. Dürdanə fikir eləməsin deyə Səriyyə xanım onu da özü ilə qonaqlıqlara aparırdı.
Pişnamaz ağa ilə arvadının Dürdanəyə məhəbbəti gündən-günə artdığı kimi, Dürdanə də tədricən onlara alışır, onları sevməyə başlayırdı. Bir müddət sonra isə o özünü bu qoca ər-arvadın qızı kimi aparırdı.
Günlər, aylar, illər gəlib keçdi. Dürdanə əməlli-başlı şəhər qızı olmuşdu.
Bir gün Səriyyə xanım ərinə dedi:
– Biz bu qızı nə vaxtacan subay saxlayacağıq? Axı dinimizə görə günah eləyirik.
Kişi diksinən kimi oldu:
– Düz deyirsən, bu işdə Allah özü bizi bağışlasın…
– Sənin tələbələrindən bir yaxşısına versək, necə olar? – deyə Səriyyə xanım ürəyindən keçənləri dilinə gətirdi.
– Başqa yerdən istəyən yoxsa, mən sabah gələcəyinə ümid bağladığım bir oğlanı bura göndərəcəm ki, kitablarımın içindən birini mənə gətirsin. Bu vaxt qız da onu görər.
Həmin günün səhəri Pişnamaz ağa mədrəsəyə gedəndən bir saat sonra qapı döyüldü.
– Ay qız, gör kimdir! – Səriyyə xanım səsləndi.
Dürdanə cəld qapıya getdi. Daha yadına düşmədi ki, çadranın uclarını açıb üzünü gələn adamdan gizlətsin.
– Qapı döyən, kimsən? – deyə qız ahəstə və məlahətli bir səslə soruşdu.
Qapının arxasından bir oğlanın titrək səsi eşidildi.
– Məni Pişnamaz ağa göndərib. Evdə bir kitab var, onu aparacağam.
Bu sözlərdən sonra Dürdanə qapını açıb kənara çəkildi. Gözündə qalın şüşəli eynək olan bu gənci haradasa gördüyünü dərhal xatırlaya bilmədi. Gənc içəri daxil oldu. «Adam da adama bu qədər oxşayar?!» – deyə o öz-özünə pıçıldadı. Oğlanın duruxduğunu qız görsə də, nə pıçıldadığını eşitmədi.
– Kitablar evdə, dolabdadır, buyurun içəri.
Bəli, gələn oğlan Məhəmməddən qeyrisi deyildi. O, həyətdən keçib evə tərəf addımladı. Pəncərə qabağında oturan Səriyyə xanım Məhəmmədə müştəri gözü ilə baxırdı. Oğlanın təzim edib ədəb-ərkanla salam verməsi, qızı görəndə utanması, bir sözlə, özünü həyalı aparması xanımın çox xoşuna gəldi.
Oğlan gedən kimi Səriyyə xanım Dürdanəni yanına çağırdı.
– Sənə bir söz demək istəyirəm, qızım.
Dürdanənin ürəyinə damdı ki, bu adi sözə oxşamır, hər nə isə, kitab almağa gələn oğlan barədə olacaq. Qızın xəyalı Əlvənd dağlarının ətəklərinə uçdu. Evləri, elatları yadına düşdü. Bir vaxt onlarda qonaq qalan qəşəng oğlanı xatırladı. O bu oğlana necə də oxşayırdı! Dürdanə onu yamanca xoşlamışdı. Sonra Dürdanə o dəhşətli gecəni xatırladı və sifətinin rəngi dəyişdi, avazıdı, ürəyi qübar elədi.
– Mənə de görüm, səni o oğlana versək, gedərsənmi?
Dürdanə neçə il qabaq doğma anası Bahar xanıma verdiyi cavabı bu dəfə Səriyyə xanıma verdi:
– Mən bilmirəm, ixtiyar sizindir. Başımı hayana kəssəniz, qanım da o yana axacaq…
Sözünü bitirdikdən sonra Dürdanə xanım otaqdan çıxdı və öz otağına getdi.
Beləcə, Pişnamaz ağa ilə Səriyyə xanım arzularına çatdılar. Onlar Dürdanənin toyunu, ilk və ikinci övladını görə bildilər. Vəsiyyətlərinə görə Dürdanə onların yeganə varisi oldu.
Qızı isə hər şeydən çox darıxdıran atasının taleyi idi. Onun meyidi tapılmamışdı, ölüb-qaldısı bəlli deyildi. Elə bil qəlbi ona deyirdi ki, qorxma, atan salamatdır. Qız bu fikirlər içində qovrulur, tez-tez ağlayırdı.
Bəs, görəsən, Paşa bəyin aqibəti necə olmuşdu? O, sudan çıxan kimi gözləri qaralmışdı, başı gicəllənmişdi. Ayaqları sözünə baxmadığından arxası üstə yerə yıxılmışdı… Bir azdan gecənin ayazı, soyuq külək onu ayıldanda başına gələn fəlakəti birdən-birə dərk edə bilmədi. Bədəninə üşütmə gəldi, bütün vücudu lərzəyə düşdü.
Paşa bəy hayandan-hayana özünü toparladı, birtəhər gəlib öz yurduna çatdı. Gördüyü mənzərədən onun nə hala düşdüyünü təsvir etmək çox çətindir. Kişinin başına sanki hava gəldi. Elə bil ayağı altından yer qaçdı. Bir müddət yerində quruyub qaldı. Sonra isə uşaq kimi hönkürməyə başladı.
О проекте
О подписке
Другие проекты