Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə dayısı gülə-gülə onu qarşıladı.
– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı2 ziyarət edib bura gələcək.
Məhəmmədə elə bil qanad verdilər. İldırım sürəti ilə qaçıb özünü təngnəfəs evə çatdırdı:
– Ana, ay ana, müjdəmi ver, – deyə elə həyət qapısından çağırdı.
– Nə olub, bala? Xeyirdirmi?
– Xeyirdir, xeyirdir! Atam bir-iki aya kimi gəlir.
Bunu eşidən nənəsi Fatı anası Zəhra xanımdan qabaq əlini göyə qaldırdı.
– Sənə çox şükür, Allah! Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:
– İnşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.
Məhəmməd növbəti bir ayda, demək olar ki, vaxtının çoxunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğlunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Məhəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.
Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdılar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəvvarların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Məhəmmədi isə dayısı tərkinə almışdı.
Piyada gedənlər gəlib bağların qurtaracağındakı kölgəlikdə dayandılar. Atlılar isə daha da qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:
– Gəlirlər!
Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərəfinə barmaq enində ağ parça tikmişdilər. Məhəmməd atasını dərhal tanıdı. «Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir» deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:
– Maşallah, böyük oğlan olmusan!
Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə oradaca qoyun kəsildi. Həftələrdir dalınca dolanan qoyuna yazığı gəlsə də, Məhəmməd heyifsilənmədi. Axı onu atasına qurban kəsirdilər…
Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Bərabər yola düzəldilər. Yalnız xanlıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı, yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:
– Niyə durdun, oğlum?
– Hara təşrif aparırsan, ata? – deyə oğlan dəqiqləşdirmək üçün soruşdu və gözlərini atasının üzünə zillədi.
– Xanın hüzuruna.
– O, pis adamdır, ata, oraya getmə.
– Nə üçün pis adamdır, oğlum?
Məhəmməd zurna əhvalatını atasına yerli-yataqlı danışdı. Bu eşitdiklərindən atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı.
– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də! – Ata bunu deyib xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:
– Qoy o məni heç sevməsin. Ancaq söyməsin də… Getmə, ata! Mən onu görmək istəmirəm.
Uşağın belə təkidindən sonra ata yenidən ayaq saxladı. Öz-özünə: «Çörəyim ondan gəlmir, çırağım ondan yanmır! Qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!» – deyərək oğlunun biləyindən tutub geri döndü.
Axşam Məhəmmədin dayısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona danışdı. Dayısı bu işdən narazı qaldı.
– Əlbəttə, yaxşı iş görməyib, – dedi. – Mən Əbdülhəmidi razı salaram ki, sabah getsin.
Sonra da bacısının əri ilə qabaq-qənşər oturub onu dilə tutmağa başladı. Hacı Əbdülhəmid qaynını diqqətlə dinlədikdən sonra qəti səslə dedi:
– Onları yavaş-yavaş adam olmağa alışdırmaq lazımdır. Mən xanın görüşünə getməsəm, o qanar ki, pis iş görüb. Bir də belə eləməz.
– Amma əvəzində sənə də ağır oturar ha!
– Ağır oturar deyəndə ki, mənə nə olacaq? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.
– Sən nə danışırsan, Hacı qardaş? – Məhəmmədin dayısı bunu eşitcək çiyinlərini təəccüblə çəkərək dedi.
Hacı təmkinini pozmadı:
– Söz odur ki mən xanın görüşünə getməyəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini yaxasına sancıb yola düşdü. Mənim üçün Təbriz, Petrovsk, İstanbul – hamısı birdir. İşləyən adam hər yerdə keçinəcək.
Bir axşam Məhəmmədgili dayısı evlərinə çağırmışdı. Axşam azanından yarım saat keçmiş yola düşəndə ata dedi:
– Məhəmməd, fanarı götür. Fatı xala, sən də qapını bağla, yat. Biz gələndə qapını döyərik.
Onlar getdilər. Fatı nənə bir qədər ev işləri ilə məşğul olandan sonra yerini salıb uzandı. Gözünə yuxu getmədi.
Bir müddət xəyallara daldı, keçmiş günlərini xatırladı. Ər evi, qayınatası, qayınanası yadına düşdü. Vəba xəstəliyi hamını çöl-biyabana salmışdı. Ailədən bircə qayınanası ilə o sağ qalmışdı. Çox keçmədi ki, qayınana da çayda boğulub öldü. Günlərin bir günü isə Fatı xala Əbdülhəmidin atasına rast gəldi. O vaxtdan bu ailəyə bağlandı…
Axşamdan xeyli keçdi. Birdən Fatı xala dəhlizdən hənirti eşitdi. O, çırağı yandırmaq üçün hər zaman yastığının altına qoyduğu kibrit qutusunu götürüb çəkdi. Qarşısında durmuş üzübağlı iki kişini görüb çığırdı:
– Siz kimsiniz?
Həmin kişilər heç nə deməyib Fatı xalanın ağzını dəsmalla bağladılar. Sonra adamlardan biri əlindəki bıçaqla onu hədələyib hərəkət etməməsini tapşırdı. Digəri isə çırağı yandırıb qonşu otağa keçdi. Yarım saatadək ondan xəbər çıxmadı. Qarının nəfəsi daralsa da, gözlərini o biri otağın qapısından çəkə bilmirdi. Yanında duran kişi yorğanı onun başına atdı. Haçandan-haçana kişi qayıdıb gəldi və yoldaşına dedi:
– Mən getdim, sən də bir azdan gəl.
Tezliklə digər kişi də evdən çıxdı. Lakin Fatı nənə onun otaqdan necə çıxdığını hiss etmədi. Xeyli gözlədi. Səs-səda yox idi. Oturduğu yerdə qurcalandı. Dinən-danışan olmadığını görüb ağzındakı dəsmalı açdı. Sonra da yorğanı başından atdı. Ətrafı gözdən keçirdi. Otaqda heç kəs yox idi. Çıraq astanada işıldayırdı. Sandıqxanadakı sandıqların üçünü də açmışdılar. İçindəkiləri töküb-dağıtsalar da, Zəhra xanımın paltarlarından başqa heç nəyə, hətta qızıllarına da dəyməmişdilər. Belə məlum olurdu ki, naməlum adamlar oğurluq məqsədi ilə gəlməyiblər. Fatı nənə məsələni anladı: gələnlər demək istəmişdilər ki, özündən güclülərlə hesablaşmayanın arvadının tumanını apararlar…
Xanın mirzəsinin oğlu Məcidlə Məhəmməd həmişə dalaşırdı. Səbəbkar da məktəbdar molla idi. Mirzənin oğlu Məhəmməddən iki il qabaq dərsə başlamışdı. Lakin Məhəmməd gəlib onu da keçmişdi. Molla bunu hər gün Məcidin üzünə vurur, başına çırpırdı. Buna görə də mirzənin oğlunun Məhəmmədi görməyə gözü yox idi. Məcid neçə dəfə müxtəlif bəhanə tapıb savaşmaq istəsə də, Məhəmməd ona baş qoşmamışdı.
Məhəmmədgilin evindən oğurluq olduğu barədə söhbəti bir gün Məcid də eşitdi. Onun fikrincə, həmişə başına qaxınc olan bu oğlandan intiqam almaq vaxtı gəlib çatmışdı. İndi o, anasının paltarlarının yad əllərdə olduğunu Məhəmmədin üzünə vurub onu utandıra, qisasını ala bilərdi.
Məhəmməd məktəbdən çıxarkən Məcidin bir az aralıda durub onu gözlədiyini gördü. Oğlanın fikrini başa düşdüyü üçün dərhal da yolunu dəyişdi. Məcid işi belə görüb onun dalınca addımladı. Bir tin keçməmişdilər ki, özünü Məhəmmədə çatdırdı.
– Necəsən? – deyə Məscid istehza ilə gülümsədi. – Adamın dədəsini yandırıb anasının tumanını belə apararlar ha!
Məcidin sözü ağzında qaldı. Məhəmməd heybəsini qaldırıb hirslə nə vaxt Məcidin başına vurduğunu özü də bilmədi. Oğlanın başı gicəlləndi, kitabları qoltuğundan yerə səpələndi. Məhəmməd vəziyyəti belə görüb götürüldü. Təngnəfəs evə çatanda atası qollarını çirməyib həyətdə dəstəmaz alırdı.
– Nə olubdur? – deyə o, Məhəmmədi pörtmüş halda görüb təəccüblə soruşdu.
Məhəmməd atasına cavab vermək əvəzinə divara söykənib başını qolları üstünə qoydu və hönkürtü ilə ağlamağa başladı.
Dəstəmazını yarımçıq qoyan ata oğlunun yanına gəlib:
– Nə olub axı, yoxsa axund vurub? – deyə nəvazişlə Məhəmmədin başını sığalladı.
– Xeyr.
– Savaşıbsan?
– Bəli.
– Kiminlə?
– Mirzə Qəhrəmanın oğlu ilə.
– O səni döydü?
– Yox, mən onu döydüm. Amma… – Məhəmməd bunu deyib içini çəkdi və sözünün dalını deyə bilmədi.
– Əcəb oğlansan!.. Özün döyüb özün də ağlayırsan?
– Axı o mənə başqa söz dedi.
– Nə dedi?
Məhəmməd ağzını açıb nəsə söyləmək istədi, ancaq hıçqırıb susdu. Bu zaman səsə Zəhra xanım da otaqdan çıxıb Məhəmmədin yanına gəldi. Ata təkrar, özü də bu dəfə daha qətiyyətlə soruşdu:
– Axı nə dedi? Danışsana!
– Mənə dedi ki, adamın atasını yandırıb anasının tumanını belə apararlar!
Zəhra xanım bu sözləri eşidincə başını aşağı dikib susdu. Hacının isə hirsindən əlləri əsməyə başladı. Ortaya ağır sükut çökmüşdü. Və bu ağır sükutu elə Hacının özü pozdu:
– Bu, bəlkə də, xeyirliyədir… – Sonra isə üzünü arvadına tutub sözünə davam etdi. –Bu saat gedib yır-yığışa başla, amma səssiz, heç kəs bilməsin! Bunlar o qədər alçaqdırlar ki, qabağımıza adam göndərib yolda soydura da bilərlər.
Zəhra xanım ərinin niyyətini anlayıb gözünün yaşını axıda-axıda otağa qayıtdı.
…Nəinki xan və xanın adamları, hətta bütün xamnəlilər Hacı Əbdülhəmidlə ailəsinin şəhəri tərk eləməsindən onlar Təbrizə yetişəndən sonra xəbər tutdular.
Hacı Əbdülhəmidin ailəsi Xiyaban məhəlləsinə, atasının dostugilə düşdülər. Həmin adam Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğlu Məhəmmədəli sarışın, arıq bir oğlan idi. Yaşda Məhəmməddən böyük olsa da, boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə ilk gündən tutdu. İkisi də məşhur məktəbdar Ədibinin yanında oxumağa başladı.
Bir həftədən sonra Məhəmmədin atası Xiyaban məhəlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının alver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının yanında keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə, əvvəl dediyimiz kimi, Rusiya ilə ticarət edirdi. O, İran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb müqabilində Təbrizə rus malı yollayırdı…
Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. O, on beş-on altı yaşlarına gəlib çatmışdı. Məhəmmədəli ilə dostluğu daha da möhkəmlənmişdi. İndi onlar yalnız görüb eşitdikləri ilə kifayətlənmir, biliklərini artırmaq üçün səylə çalışırdılar. Bir gün Məhəmmədəli (Atası badam taciri olduğuna görə ona «Badamçı»da deyirdilər) gəlib Məhəmmədi hücrədən çağırdı:
– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.
– Nə kitabıdır?
– Mirzə Fətəli Axundzadənin təmsilləridir.
– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Məhəmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nədənsə müctəhid3 ağanın xoşuna gəlməyib. Ona görə də dərslərdə oxumağa icazə vermir. Gərək özümüz oxuyaq.
Bir dəfə isə Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:
– Ağam məni İstanbula göndərir.
– İstanbula?! Doğrudan? Bəh-bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsilləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirərsən.
– Təəssüf olsun ki, Tiflis yolu ilə getməyəcəyik. İnşallah, qayıdanda həmin yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət eləməliyik. Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.
– Niyə, bu, pis xəbər deyil…
– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam burada qəribdir, heç kəslə get-gəli yoxdur, ürəyi çox sıxılır. Üstəlik, iki aydan çoxdur ki, azarlayıb.
– İndi ki belədir, getmə.
– Getməsəm də olmaz… Bu zəhrimar malları burada kim alar?
Nəhayət, səfər günü gəlib çatdı. Yola çıxanların hamısından kiçiyi on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. Ovaxtkı İran tüccarlarına xas qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.
Məhəmmədgil yola düzəldilər. Xoydan keçib Seydava kəndinə gəldilər. Bir saat sonra isə buradan çıxıb Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı.
Onlar gəlib çayxanada oturdular. Çayçı çay gətirəndə tacirlərdən biri Mir Hadı ağa ondan soruşdu:
– Səkmənabad mahalına çoxmu qalıb?
– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi isə Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.
– Bu gün Qaraeyniyə çata bilərikmi?
– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?
– Dəvələr yox, yükləri bizim idi, – bu dəfə Məhəmməd dilləndi.
Çayçı başı ilə onu təsdiqləyib əlavə etdi:
– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atlarınızı birbaş oraya, Paşa bəyin çadırlarına sürün. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır.
Onlar çayçının dediyi yerə çatanda günün batmasına iki saatdan da çox qalmışdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə irəli çıxaraq müsafirlərə xoşgəldin etdilər. Paşa bəyin qırx yaşlı, ancaq xeyli cavan görünən arvadı ilə gözəlliyinə və mərifətinə görə el içində ad çıxarmış on beş-on altı yaşlı qızı qonaqlara gülərüz göstərdilər. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıq idi. Məhəmməd Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq qadın görməmişdi. Üstəlik, Bahar xanımla Dürdanənin utanmadan, çəkinmədən söhbət edirdilər. Odur ki Məhəmməd indi bu qadınlara lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Arada qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb istər-istəməz qıza baxdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.
О проекте
О подписке
Другие проекты