Ənvər bəy hələ o günlərdə, 3-cü Ordu içində adı çəkilən, özünə güvənilən bir insan olaraq xatırlanmağa başlamışdır. Özü kimi dağa çıxan Resneli Niyazi Bəy ondan böyük güc aldığını söyləyir:
"Xüsusən, Ənvər bəy kimi əfkarı-cəmiyyətin ən qüvvətli naşiri sayılan və “hərb-ü darp”da fövqəladə ləyaqəti bilinən bir qərargah zabitin, üsyana qalmaq cəhdinin şərəf və xidməti ucaldacağı düşüncəsi hamımızı sevinc və fərəhlə doldurdu… Kədərli və pessimist zamanlarımızda, bizi coşduran sözlər, ciddi rəftarlarıyla coşdurub təsir edən bu nadir və hər anlamında mükəmməl olan Ənvər bəy idi". (Hatıratı Niyazi, s. 115)
Ənvər bəy qiyam bəyannaməsi yayımlayır:
"Möhtərəm vətəndaşlarım!
Mebusan Məclisinin dağılmış olması səbəbindən, otuz ildən bəridir məmləkətdə hökm sürərək bir çox namuslu vətən övladının məhvinə və bir çox ailələrin çırağının sönməsinə səbəb olan despotizm idarəsi, son zamanlarda yenə şiddətini göstərməyə başladı. Onsuz da başlı-başına idarə nəticəsi olaraq bir çox qiyamlar içində qana boyanan vətən və millətimizi tamamilə zəiflədərək yaxında məhv edəcək olan bu istibdada nəhayət vermək lazımdır.
Mən, bu istibdada qarşı millətimin haqlarını mühafizə üçün hər şeyimi fəda etdim. Lazım olsa, bu uğurda həyatımı da əsirgəməyəcəyəm.
Siz, ey vətənin namuslu və lakin hər şeydən xəbərsiz olan övladları! Sizin də mənimlə bu yolda getmənizi və ya bu işdə tərəfsiz qalmanızı diləyirəm.
Əleyhimə hərəkət edəcək olanların görəcəkləri zərərlərin maddi və mənəvi məsuliyyəti özlərinə aiddir! Yaşasın vətən, yaşasın millət!
“Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti”nin Rumeli Teşkilat-i Dahiliy-ye və Kuve-i İcraye Müfettiş-i Ümumisi və Osmanlı Erkan-i Herbiyye mayoru Ənvər"
Kəndlərdə təşkilatlar qurmaq üçün bir idarə heyəti hazırlayır. Timyanik kəndindən başlamaqla kəndliləri təşkilata and içdikdən sonra götürməyə başlayar. Adem Ağanın evində kənd imamı və Adem Ağa da yanında olduğu halda, mərasim keçirilir. Ənvər Bəy burada bir ovçu batalyonu qərargah mayoru formasındadır, kəndlilər qarşısındakı çıxışı və sonrasını belə danışır:
"Bilirsiniz ki, indiyə qədər bir çox yerlər əlimizdən getdi. Dunay vila-yəti, Bosniya nə oldu? Oradakı əhalinin canlarını qurtarmaq üçün mallarını buraxaraq qaçdıqlarını bilirsiniz. Bunlar nə oldu? Gəldilər, bu yerlərə sığındılar. Lakin əksəri aç və çılpaqdır. Baxın indi bizim də başımıza bu bəlalar gələcək. Hökumətin məsuliyyətsizliyindən, görürsünüz əcnəbi zabitlər gəldi. Sabah, o biri gün buraları, biz işimizi görə bilmirik deyə parçalamağa cəhd edəcəklər. O vaxt biz nə olacağıq?
Artıq bizim üçün gedəcək yer yoxdur. Dənizə töküləcəyik, yaxud düşmənlərin ayaqları altında tapdalanacağıq. Belə zamanda arvad kimi ölməkdənsə işlərimizi düzəltmək üçün kişi kimi indi ölməyi gözə almaq yaxşıdır, deyilmi? Əgər biz belə çalışsaq, həm müvəffəq ölərik, həm də qalanlarımız rahat olar; övladımız bizə rəhmət oxuyar.
Nəyi düzəldəcəyik bilərsinizmi? İstanbuldakı idarəetməni. Çox yaxşı bilərsiniz ki, İstanbulda bir çox məmurlar, heç bir iş görmədikləri halda, minlərlə lirələr alırlar. Xəfiyyələrə minlərlə lirələr boşuna verilir. Buna görə bir çox evlər yıxılır. Sizin ayaqyalın, başı açıq çalışaraq əkdiyiniz əkinlərdən alınan pullar hamısı belə gedir. İstanbula gedənləriniz bilərlər ki, orada on yaşında uşaqlara miralaylık verilir. Kimin vecinədir, sizin Tikveşli müəllim yüz əlli lirə maaş alır; qardaşı oxumaq-yazmaq bilməzkən Məclisi Maarifdə əlli lirə alır? Halbuki bu pullar nə olacaq? Hanı yollarınız? Hanı məktəbləriniz? Əsgərə göndərdiyiniz uşaqlarınız, qardaşlarınız çırıl-çılpaq dağ başlarına qaçır, ölür. İstanbudakılar isə zövqü səfalarındadır. Məhkəməyə getsəniz müşkülünüzə baxan olmaz. Baxın bolqarlara, bu qədər ölürlər, yenə çalışırlar. Hökumətdə məmurlar onların işlərini görür, lakin sizə baxan belə yoxdur. O halda onlara baxaraq biz də çalışaq. İstanbuldan bu əhlikef idarətməni devirək.
Padşah Həzrəti peyğəmbərdən ağıllı deyil! Elə isə, Peyğəmbərimiz əfəndimiz müşavirə etmədən bir şey etməzdi. Həmişə səhabəsi ilə məsləhətləşərdi. Biz bundan uzaqlaşdıq. Otuz il əvvəl toplanan Məclisi İstanbulda dağıtdılar. Biz işdə, yenə bu Millət Məclisinin toplanmasını istəyək. Beləcə, verdiyimiz pulların haralara getdiyini soruşacaq vəkillərimiz olsun. Bunlarla məsləhətləşmədən Padşah özbaşına elə hər istədiyini etməsin. Belə olsa ədalət olar. Ədalət olan yerdə də, din, vətən, millət salamatlıq olar. Bir də xristianlar torpaq qardaşlarımızdır. Dinimizcə onların haqqını qorumaq bor-cumuzdur. Bunu bilək. Onlarla əməkdaşlıq içində çalışaq. Hamımız xoşbəxt olaq. Münafiqlərin sözlərinə qapılmayaq. Anladınızmı?
Yoldaşlar!
Baxın, məni görürsünüz. Mayor idim. Anam, atam, qardaşlarım var. Hamısını tərk etdim. Mən bu iş üçün çalışacağam. Siz də mənimlə birlikdə ölənə qədər canınızla, malınızla çalışacağınıza söz verirsinizmi?
Kəndlilər bir ağızdan:
– Veririk…
– Əgər içinizdə sözünü tutmayan və yaxud xainlik edən olsa, bu gördüyünüz bıçaq və rovelverlə öldürülsəniz, qanınızı halal edərsinizmi?
– Edərik.
– And içirsinizmi?
– İçirik. undan sonra kəndlilər sağ əllərini “Quran-i Azimü'ş-şan”a və sol əllərini rovelver və bıçaq üzərinə qoyaraq “İsm-i Cəlalı” təkrar edərək keçirdilər”.
İyirmi yeddi yaşındakı qiyamçı Osmanlı zabiti Tikveşdə bu təhrik edici nitqi söyləyərkən tək deyil. Kolağası Niyazi bəy də Monastır dağlarında eyni sözləri təkrarlayaraq Təşkilati genişlətməkdədir. Ətraflarındakı insanların sayı getdikcə artmaqda, ətraf kəndlərin seçilmiş adamları da təşkilata qəbul edilməkdədir. Bir tərəfdən də “İttihad və Tərəqqi Cəmiyyəti” “Dersaadet”ə teleqraflar göndərərək hökumətin elanını istəməkdədir. Bu ərəfədə Selanikdəki bir qəzetdə, mayor Ənvər bəyin itkin düşdüyü və “Gənc türklər” tərəfindən öldürülmüş ola biləcəyi istiqamətində bir xəbər çıxır. Ənvər bəy dərhal Avropa qəzetlərinə bir məktub göndərərək öldürülmədiyini, Hökumətin elanı üçün dağa çıxdığını bildirir. Müfəttiş paşaya da vəziyyətini və niyyətini bildirən bir məktub göndərir.
Selanik mərkəz komandiri Nazim bəyi vuran Mustafa Nəcib, Ənvər bəyin əmisi Xəlil Bəy və leytenant Məlik bəy də postlarını tərk edərək dağa çıxır, Ənvərin yanına gəlirlər. Ənvər bəy bir silahlı qüvvələr idarə heyəti hazırlayır və buna görə qüvvələr yaradılmağa başlayır. Şövkət Süreyyanın söylədiyinə görə, Ənvər bəy qabaqcıl zabitləri yanına çəkərək, lakin əsgərləri qarışdırmadan xalq qiyamı etmək istəyir. Özü də xatirələrində Selanikdəki Mərkəzi-Ümumiyə, avqustun ortalarına qədər gözləmək mümkün olsa, ümumi bir xalq qiyamı etməyi təklif etmişdir. "Tikveş qəzasındakı iyirmi beş min müsəlman əhalinin kamilən hazır olduğunu bildirmişdim", – deyir. Keçən zaman ərzində zabitlərlə də əlaqəsi olmaqla birlikdə əsas etibarilə xalqı cəmiyyət ətrafında təşkilatlan-ırmağa çalışır.
Saray bu qiyamları önləmək üçün hazırladığı birlikləri gəmilərlə Makedo-niyaya göndərməyə qərar verir və General-leytenant Şemsi Paşanı Monastıra göndərir. Bir neçə gün ərzində Sultan Həmidin də çox güvəndiyi Şemsi Paşanın Monastırda vurulduğu xəbəri gəlir. Saray ilə danışmış, qiyamçıları yox etmək üçün tam səlahiyyətlə mükafatlandırılmış olaraq poçtun pilləkənlərindən enib avtomobilinə minən Paşanı, ətrafındakı alban gözətçi qüvvələrinin arasından keçərək yaxınlaşan gənc leytenant Atif bəy, üç əl atəş açaraq vurmuşdur. Meydan qarışmış, silahlar açılmış, bir qiyamət qopmuşdur, amma gənc leytenant çox soyuqqanlı bir şəkildə aradan çıxmş və ələ keçməmişdir. Gündüz işlənən və şübhəlisi tutula bilməyən bu cinayət hər yanı sarsıdar.
Resneli Niyazi də birlikləriylə Monastıra enərək Ordu Müşiri Tatar Osman Paşanın evini mühasirəyə alır və Paşanı dağa qaldırar. Monastır qubernatoru Hifzi Paşanın, "Monastırda məndən başqa hər kəs “İttihadçıdır”…" dediyi ətrafda yayılır. Gözü çox qorxmuş olan Hifzi Paşa, Saraya göndərdiyi teleqrafda, "Selanik və Kosova vilayətlərinin də Monastır kimi olduğunu və Anadoludan gətiriləcək əsgərlərin, “ittihadçılar”a qarşı silah istifadə etməyə-cəklərinin xəbər alındığını" bildirir. (Aydəmir, haqqında danışılan əsər, 1.c., s. 555)
Bu vaxt Ənvər bəyə Mərkəzi-Ümumidən kağız gəlir: "Ümumi üsyan baş verəcək və əgər Sultan razı olmazsa İstanbula hücum olunacaq. Tikveşdə top-lanan Mustafa Nəcib Əfəndinin əmrindəki Birinci Milli Batalyon ilə Körpülü, İştib Milli Batalyonlarıyla bir alay təşkili ilə hərəkətə hazır olmaqlı olduğum yazılırdı." (Çingiz, haqqında danışılan e. ,s.121)
Ənvər bəy, 22 iyul 1908-ci ildə yoldaşlarıyla birlikdə Körpülüyə gedir. Əmin Ağanın evinə düşür. Əsgər-vətəndaş şəhərin ağsaqqalları ilə görüşür. Cəmiyyətin Körpülü idarə heyətinə, sabahısı gün Hökumət evindən Hökuməti elan edəcəyini bildirir və hazırlıq görmələrini istəyir.
Sabahısı gün Hökumət evinin qarşısında toplanan xalq, “yaşasın millət, hökumət, azadlıq” deyə qışqırmaqdadır. Bir molla dua edir, bir bolqar keşişi bolqarca çıxış edir, Ənvər bəy də Türkcə bir çıxış edir və hökuməti elan edirlər. "Yaşasın vətən, azadlıq sözlərini hamı birlikdə təkrar etdik. Bu sırada üç top atıldı. Əsgər də salam vəziyyətində duaya qatıldı; sonra qışlalarına çəkildilər". Körpülüdə Hökumət elan edilmişdir!… Baş məmur və komandir baş verənləri ümumi müfəttişliyə bildirir. Ənvər bəy də bir teleqraf göndərir və "Xəstəni müalicə etdik", – deyir. Eyni gün ordu mərkəzi olan Monastırda, “İttihad və Tərəqqi” Mərkəz Heyəti azadlığın elanına qərar verir. Möhtəşəm bir mərasim təşkil edilir və Qərargah mayor Vehip Bəy (Paşa) bir top maşının üstündə Hökumət bəyannaməsini oxuyur. Musiqi səslənir, toplar atılır, böyük şənlik olur. Kolağası Niyazi bəy və yoldaşları da Resnedə azadlığı elan edirlər.
Sultan Həmid yorğundur və çox çətin vəziyyətdədir. Rumelidəki az qala bütün ordu birliklərində eyni havanın əsdiyini və artıq geri dönüşün mümkün olduğunu görməkdədir. Özünə sadiq görünən əsgərlərə nə qədər güvəndiyi də müəyyən deyil. Daha sonrakı 31 Mart Hərəktında də görəcəyik ki, o, Osmanlı əsgərini bir-biriylə döyüşdürməyə əsla razı deyil. Yaxşı nə edəcək? 23 Iyul 1908-ci ildə Osmanlı xaqanı ikinci hökuməti elan edir və tətil edilmiş olan Məclisi Mabusanı yığıncağa çağırır.
Zəfər Kazanılmışdır, yəni zəfər olduğu sanılmışdı. Bütün Osmanlı ölkəsində İttihad və Tərəqqinin öndərliyində şənliklər keçirilir, "Azadlıq!" şüarları eşidilir. Ənvər Bəy xəbəri Tikveşdə eşidir.
"Artıq hamımız məmnun idik. Qan tökülməyə ehtiyac qalmadan məqsədə nail olunmuşdu. Şirinlik paylandı. Jandarmaya yemək verildi. Sonra dərə kənarındakı məktəb meydanında əsgər və əhali toplanaraq hökumətin faydalarına və bundan sonra qardaş kimi yaşamaq barəsində müxtəlif dillərdə çıxışlar oldu, dua edildi".
Bu nitqlərin və Sultan Həmidin ifadəsiylə “xəyal-i şairanə”lərin nə qədər qısa ömürlü olduğunu, hətta ölü doğulduğunu “İttihadçılar” çox keçmədən anlayacaqlar. Ancaq, bədəli ağır olacaq.
Ənvər Bəy Selanikə çağırılır. Osmanlı “Tərəqqi və İttihad Mərkəzi” teleqrafında belə deyirdi: "Bu gün bütün Selanik xalqı axşam qatarı ilə təşrifinizə intizar edəcəyindən, daha əvvəl hərəkətinizin bildirilməsi xahiş olunur". Yola çıxır.
"Stansiyalar dolu idi. Gevgili stansiyasında bütün xalq çıxmışdı. Burada xalqın göstərdiyi təvəccöhə dözə bilməyərək ağladım. Qatarın hərəkətində toplar atılmağa başladı".
Qatar Selanikə yaxınlaşarkən artıq Ənvər Bəyin də havası dəyişmişdir və Selanikə enərkən azadlıq qəhrəmanı olaraq coşğun izdiham tərəfindən qarşılanacaq.
"Saat birə doğru Selanikə çatdıq. Az qala bütün Selanik əhalisi stansiyada idi: Coşğun qışqırıqlar, sevinc qışqırıqları içində qatar stansiyaya girdi.
Olduğum vaqonun içində və hələ kupemin qarşısında izdiham o qədər artmışdı ki, Qərargah zabiti Camal Bəy (Paşa), Faik bəy və yoldaşları bu kütləni önləyib məni çıxarmaq üçün çox çətinlik çəkdilər.
Nəhayət, yoldaşlarımla qarşılaşdıq, sarıldıq, öpüşdük. Faik Bəy mənə bir dəstə çiçək verdi. Lakin tam bu ərəfədə Tələt Bəy göründü. Qucaqlaşdıq və mənə ən qiymətli bir hədiyyə təqdim etdi".
Gördüyü ilk gündən sevgi duyduğunu söylədiyi Tələt Paşa ona "Qırmızı cildli bir Konstitusiya kitabı" vermişdir. Sonra onu vaqonun qapısına doğru çəkərək əlini tutub havaya qaldırır və "Yaşasın azadlıq qəhrəmanı Ənvər Bəy!…" – deyə qışqırır. Bütün izdiham Tələt Bəyin şüarını təkrar edir: "Yaşasın azadlıq qəhrəmanı Ənvər Bəy!…"
İnönü deyir ki, "Azadlıq qəhrəmanları içində ilk gündən etibarən ən çox etibar görmüş olan və sonuna qədər böyük bir sima olaraq meydana çıxan, Ənvər Paşadır". İnönü, Ənvər Bəyin bu yüksəlişində, onun hərbi xüsusiyyətlərinin yanında əxlaqi təmizliyinə də diqqət çəkir. "Ənvər Bəyin şöhrəti tək qəhrəmanlığından gəlmirdi; yaxşı bir qərargah zabiti olaraq qəbul edilir və xüsusilə, şəxsi əxlaq baxımından nümunə olan üstünlükləriylə hörmət görürdü." (İnönü, haqqında danışılan əsər, s. 48)
Mayor Ənvər Bəy burada qısa bir çıxış edir:
"Vətəndaşlar!
Mənə qarşı göstərilən bu sevgiyə təşəkkür edirəm. Mən buna layiq olmaq üçün bir şey etməmişəm. Hər Osmanlı övladının sevə-sevə yerinə yetirməyə çalışacağı bir vəzifəni taleh mənə verdi. Əgər bunu haqqıyla yerinə yetirə bildimsə, bu mükafat mənə kifayətdir. Həmd olsun, Hökumətə qovuşduq. Azadlığımızı aldıq. Lakin bununla vəzifəmizin bitmiş olduğunu sanmayaq. Əsl çətinlik bundan sonra başlayır. Yüksəlmə yolunda atdığımız bu ilk addımı müvəffəqiyyətlə davam etdirmək üçün çox çalışmaq, diqqət yetirmək lazımdır. Xüsusən, bundan belə müsəlman və qeyri-müsəlman bütün vətəndaşlar birlikdə çalışaraq azad millətimizi, vətənimizi daim yüksəklərə aparacağıq.
Yaşasın millət! Yaşasın vətən!"
İzdiham təkrar edir: "Yaşasın!"
Mayor Ənvər Bəy artıq siyasətin tammərkəzindədir.
Köhnə xəstəlik: əsgər və siyasət
Osmanlı Dövlətinin öz xüsusi quruluşunda, bəzi təşkilatlar arasında xüsusi əlaqələr meydana gəlmişdir. Bunlardan biri üləma ilə kapıkulu, xüsusilə, yeniçərilərin əlaqələridir.
Bilindiyi kimi, taxt-tac Padşahındır; bütün səlahiyyətlər onda toplanmışdır. Bu təməl qanunun tətbiq olunmasında zaman-zaman bəzi problemlərlə qarşılaşılmaqdadır.
İlk problem səltənət varisliyinin qəti şəkildə qanunla müəyyən olması səbəbiylə padşah övladları arasında çıxan səltənət savaşlarıdır. Bu cür mübarizələrdə, hər cür silahlı güc, bu döyüşün bir tərəfi ola bilməkdə və nəticə dəqiqləşənə qədər qarşıdurma davam etməkdədir. Fateh Sultan Məmməd Xanın məşhur qardaş qətlinə icazə verən qanunnaməsi və sonrakı yüz illərdə varisliyin “əkbər övlada” aid olması ilə bu mübarizələr sona çatmışdır. Ancaq on doqquzuncu əsrə gələnə qədər, padşahların dəyişməsində və zaman-zaman taxtdan endirilməsində mərkəzdəki güc olaraq Yeniçərilərin payı olmuşdur. İldırım Bəyazid Xan sonrası çəkişmələr bir tərəfə buraxılsa, əyalətdəki sipahilerin bu proseslərə çox da müdaxiləsi ola bilməmişdir.
İkinci problem hüququn üstünlüyü qanununa bağlı olaraq, padşahın səlahiyyətlərinin məhdudlaşdırılması ümumi çərçivəsindən doğulur. Osmanlıda üstün hüquq İslam şəriətidir; padşah bu çərçivənin xaricində qərarlar verə bilməz, hərəkət edə bilməz. Osmanlı protokolunda baş nazirlə eyni sırada və lakin mənən ondan da irəli olan, alimlərin rəisi Şeyxülislamın başında olduğu Təşkilatın bir funksiyası da, qərar və qanunnamələrin Şəriətə uyğunluğunu yoxlamasıdır. Bu mətnlər, Şeyxülislamlıq tərəfindən nəzarət edilib, üstün hüquq olaraq qəbul edilən qaydalara uyğunluğu təsdiqləndikdən sonra qüvvəyə minirdilər. Prof. Ömər Lütfü Barkan belə yazır:
"Padşahların iradələrinin qeydsiz-şərtsiz bir qanun halına keçməkdə olduğu zamanlarda Osmanlı İmperatorluğunda, bir yenilik, “Şər-i şərifə uyğundur” qeydiylə icra edilmişdir. Köhnə qanun hökmlərini ləğv edən yeni bir qanun, eynilə köhnələrində də vaxtilə olduğu kimi, “Şər-i şərifə uyğundur” qeydiylə qüvvəyə minmişdir". (N. Kösoğlu tərəfindən seçilmiş, “Hüquqa bağ-lılıq baxımından, köhnə türklərdə, İslamda və Osmanlıda dövlət”, İstanbul, 2004, s. 246) Şəriətlə əlaqədar olmayan xüsuslarda isə "Şəri məsləhət deyil, necə əmr edilmiş isə elə hərəkət edilmək lazım gəlir." qeydi qoyulmaqdadır. Ayrıca, İslam cəmiyyətindəki ümumi fətva ənənəsinin dövlət həyatındakı əks inikası, ediləcək hərəkətin Şəriətə yəni hüquqa uyğunluğunun fətvasının alınması lazımdır ki, bunu da din/hüquq alimləri və mərkəzdə Şeyxülislamlıq Təşkilati verir.
İslam hüququ, ümumiyyətlə, xüsusi hüquq problemlərini təşkil etdiyi, cəmiyyət sahəsini ənənə və məsləhətə buraxdığı üçün üstün hüquq olaraq “Şər-i şərif” yanında “qanunu qədim” və “münif” anlayışları inkişaf etdirilmişdir. Yəni Şeyxülislamlıq, qərar və proseslər haqqında hökm verərkən, yalnız Şəriəti deyil – ki bu şəxslərin haqq və azadlıqlarını qorumaqdadır – eyni zamanda, o mövzuda köhnə padşahların nümayiş etdikləri qurucu hüquq qanunlarını və dövlətin, xalqın mənfəətlərini də güdəcəklər. Dövlət həyatını təşkil edən və sultanı yaxud ənənəvi hüquq deyilən bütün qanunnamələr belə bir yoxlamadan keçdikdən sonra qüvvəyə minir. Xüsusi Osmanlı nizamında, yoxlama və məhdudlaşdırma yalnız iç hüquqla əlaqədar deyil; müasir zaman və konstitusiyaların “siyasi qərarlar” deyib, yoxlamadan kənarda qoyduğu sahələr də, məsələn ən ciddi qərar olan müharibə qərarları da bu yoxlamaya tabedir. Osmanlı Xaqanı hər hansı bir dövlətə müharibə elan edəcəyi zaman, bu qərarının uyğun olduğuna dair Şeyxülislamdan fətva almaq məcburiyyətindədir. Çağımız idrakının belə qavramaqda çətinlik çəkdiyi, bu, hüququn üstünlüyü inancının, Misir Səfəri, İkinçi Vyana Səfəri kimi fətva almaqda çox çətinliklərin çəkildiyi maraqlı nümunələri yaşanmışdır. Ayrıca, padşah dəyişmələri də mütləq fətvaya söykənmək məcburiyyətindədir, yəni hüquqa uyğunluğunun səlahiyyətli mərcilər tərəfindən sənədləşdirilməsi zəruridir.
Bax bu nöqtədə, yuxarıda işarə etdiyimiz üləma-yeniçəri xüsusi əlaqəsi doğulur: Yeniçəri mərkəzi nüfuzun hüquqa uyğunluğunu nəzarət edən Şeyxül-islamlığın tətbiq edici gücüdür. Bu mövzuda üləma-yeniçəri həmrəyliyi, halın zərurətiylə bir ənənə halına gəlsə də, Qanuni Sultan Süleyman Xan dövründə bir qanunnamədən də danışılmaqdadır.
"Dövlət idarəsi üləma ilə vükəlaya təqdim edilmişdir. Padşahın doğru yoldan sapması halında üləma və vükəla ordu rəislərini vəziyyətdən xəbərdar edərək padşahı taxtdan endirib, yerinə xanədan ərkanından digərini seçəcəklər." (Ord. Prof. Dr. Rəcai Qalib Okandana istinadla N. Kösoğlu, haq-qında danışılan əsər, s. 251)
Hər nə şəkildə olursa-olsun, padşahların dəyişdirilməsində "hal fətvası"nın alınması Osmanlının sonuna qədər davam etmişdir. Hökumət rəhbərliyinin qərarı ilə Sultan II Əbdülhəmid Xanı taxtdan endirərkən də, Şeyxülislamlıqdan fətva alınmışdır. Ancaq bu mövzuda bəzi şərhlər vermək lazımdır.
О проекте
О подписке
Другие проекты
