Atası Səmədi stolun böyründə oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik atılardı. Atası bu hərəkətdən təəccüblənib, “hoppanırsan elə”, – deyərdi. Sonra gözucu portretə baxıb dodaqucu gülümsünərdi, “Yaxşı böyüyürsən, oğlum. İşıqlı böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı”, – deyib hər dəfə nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi böyük adamlar üçün qorunub saxlanan “qonaq yerində” – kresloda oturduğunu da hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.
Qabağında, stolun küncündə üç şəkil vardı. Biri “Əmir məzarıstanı”nda bir cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda, atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:
– Bax! Bax! – dedi. – Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə düşmən sayırlar, -dedi. – Aclıq ili9 gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim yerimiz də o məzarıstan olardı indi, -dedi. – Cəllad şahın əli çatmadı, bu tayda səlamat qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlini çək-çevirə salırıq: “Sinfi düşmənlərimizin qardaşlarısınız!” – filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o məzarıstanda qədim nəslin-kökün Səttarxan, Bağırxan mücahidlərinə haqq-ədalət dərsi deyən şeyx əmilərin var. “Şeyx” kəlməsi qorxutmasın səni. Oxumusan, Lenin deyir: “Religiya opium dlya narodov” – “Din tiryəkdir xalqlar üçün”. Yəni beyinləri dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan görüşdülər. Dini məhz “tiryək” adlandırırdılar. “Mollaların nazıynan oynama, Doktor, – deyirdilər. – Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən elə özün də tiryək çəkirsən”, – gülüşürdülər. “Şeyx” rütbəsinin, din libasının altında gizlənib “Kainat elmi” – “SafAğ Elmi” adlanan böyük elm yayırdılar əmilərin.
Təbrizdə mədrəsəmiz vardı. “Quran”ın tədrisində surələrin oxunuşu, yəni kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan sonra mədrəsənin qapılarını bağlayıb “batin”, yəni gizlin “təfsir”ə, yəni şərhə– izaha başlayırdılar.
Həqiqət “Quran”ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu), OdƏr dili adlanan dildədi. Məsələn, “Quran”ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət yetirək: “Əlif Lam”.
“Əlif- “A” hərfinin əsli – OdƏrcəsi “ƏlEv”di. Mənası: “Evin Əli”.
Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.10 Məna isə izahat tələb eləyir. Necə yəni “ƏlEv”? – “Evin Əli"? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən – şərhdən sonra məlum olurdu ki, “Ev” (hələlik belə bil) Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.
Nə başa düşdün?
Əgər Əli – Oğlu varsa, demək, Allah tək deyil və demək, “Quran”dakı “Allah təkdir”, “Allah doğub törəmir” sözləri yalanmış?!
Bax belə təfsir – şərh!
“Lam” hərfinin əslinə – OdƏrcəsinə diqqət yetir: “Əlim!”
Birinci surənin əvvəlindəki “Əlif Lam” hərflərinin birlikdə mənası nə olur?
“ƏlEv Əlim!” Yəni “Evin Əli mənim əlimdir”. Hər bir Aləmdə, yəni “Qalaktikada” əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.
İndi görək bu “Allah” və ya Ərəbin dilindəki kimi “Əllah” deyilən bu kəlmənin özünün əsli – OdƏrcəsi nədi?
ƏlAğdı!
Yazıram, əyani gör: “ƏlAğ”.
Yəni “Ağ”ın “Əli”?
– Bəli.
Bəs “Ağ” nədi?
SafAğ İnsandı “Ağ”. Yəni, ən saf İnsan, rusca desək, “Preçistıy”.
ƏlAğın mənası oldu “SafAğ İnsanın əli.
Demək, “Oğul” – ƏlAğ- “Allah” özü kiminsə Əli – Oğludusa, o Oğulun özünün də Oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, “Allah doğub törəmir” demək olmaz. Yəni, “Quran”ın əsas müddəasına: “Lailahəilləllah” – “Allahdan başqa Allah yoxdur” müddəasına inanmaq mümkün deyil. Elə isə “İslam milləti” deyilən bu qədər əhalini necə inandırıblar? “İslam” dinini necə yaradıblar? Sadəcə olaraq, “Quran”ın əslini yazan kişiynən bütün qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: “Kəlmeyi şəhadətini de!” Elə ki, “Lailahəilləllah” demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın tarixini biləndə hər şey aydın olur və insan həqiqəti bərpa eləməkdən ötrü mübarizəyə başlayır.
Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.
Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.
Lenin kimdi? Stalin kimdi? Mircəfər Bağırov kimdi? Biz – Sultan, Mədəd adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən, oğul.
Mircəfər Bağırova hamı Mirqəzəb – cəllad deyir xəlvətdə. Niyə? Öyrənməlisən, bilməlisən!
Vəzifəlilər “Kişi” deyirlər ona, “Azərbaycan bolşeviklərinin atası”, “Xazeyin” deyirlər.
“Kişi” sayılanın “Pers” çağırdığı istəkli bir generalı var. O “Pers”, KQB11 Xudiyevi, NKVD12 Gülənovu, prokuror Sayılovu, RİK13 Ağamalını çəkib dövrəsinə, rayonun bütün aktivi əmrlərini nöqsan tutur bizə. “Tərcümeyi-halınızı düz yazmayıbsınız”. “Sinfi mənsubiyyətinizi gizlədibsiniz!” “Partiyanı aldadıbsınız!..! “Təhlükəli adamlarsınız!..” “Siz də “batin”, yəni gizlin işləyənlərdənsiniz, “Pünhan”, “AdıPünhan” deyirlər sizə…” və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən, xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə, torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.
Müharibədən qabaq başlanmışdı bu söhbət… Danışıram ki, başımıza bir iş gəlsə, fikirləşməyəsən ki, görəsən, niyə gizlədiblər məndən bu işləri. Körpəydin onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın həqiqətlərini açan “Pünhan” alimlər, el arasında gəzərgi şeyxlər, müridlər, dastanların rəmzlərində Kainatın sirlərini açan ustad aşıqlar – Alı, Ələsgər kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən filan deyilik, Vətənimizin o tayında olanda bu tayı “xaric” saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.
Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttarxan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrabalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.
Başa düşürsənmi nə deməkdi bu, oğul?
Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün “dopros” – istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar- məhv eləsinlər.
Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.
Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç kəsə!
İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə hökumət qurmuşuq. Əsas şeyləri deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik, göndərdilər yuxarıya – Bakıda o “Kişi” deyilən Mirqəzəbin özünə, çünki elə o vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa düşürdük ki, Marksın, Engelsin, Leninin “bütün dünya füqərayı-kasıbları, birləşin!” şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki, dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil, bizim hələ Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün, yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin, feodalın əlinin altında zillət çəkən “füqərayı-kasıb” ilə birgə istismarçının özü daha qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət daha da xarab eləmirmi insanı?!
Kimə deyə bilərdik bunu, ay oğul?!
Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq, kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri, ağsaqqalları yığdı başına, o “Kişi” deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox gizlin elədilər qırğınları, tutquları, sürgünləri.
Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, “Get kəndlərdə sat, arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər. “Qorxuram söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxıram kişmişi satıram. Pullarını özlərinə verəcəm”. Həqiqətən Sultan əmiyin stolunun üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, “Sizə çatacaq”, -deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları, dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.
Əslində, özləri, başda bu Bığlı14, dəridən çıxırdılar ki, o tay Azərbaycan farsın əlində qalsın, bu tay Azərbaycan rusun əlində, Borçalı, Başkeçid Gürcüstanın əlində, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsi erməninin adına yazılsın… Bil bunları da! Bil! Danışma ha! Lal-kar ol! Xüsusən, var-dövlətimiz, mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi həməşə varidatı başından aşan sinfi düşmən qələmə verirlər.
Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül üfürürlər, kor eləyirlər ki, sabahları əminnən mən “ifşa olunanda”, partiyadan çıxarılıb həbsə alınanda ədalətsizlik kimi görünməsin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əlaqədəydilər, xalq düşməniydilər!.. Dost da Şura hökumətinin adından danışır, düşmən də. Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki, hümmətçi, yəni Nərimanovçu kommunistlər deyirlər bizə. Millətçi deyirlər, əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə qalan “Dəlilərdənik”. “Dəli” pis söz deyil. Vaxtı çatanda biləcəksən.
Bir şeyi də açmalıyam sənə. Özlərini Leninçi bolşeviklər adlandıranlar Moskvada kök salıb bizim ara- bərələrimizi casus agentlərnən doldurublar, biz hümmətçiləri xəlvəti qırıblar həmişə. Stalin niyə yol verir belə şeyə? Dedim, Stalini də tanımırsan sən hələ. Sultan əmin danışacaq özü sənnən, başa salacaq hər şeyi.
Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?
Qılınc Qurbanın bacısı Qıymat hələ biz Bakıdan gələn vaxtdan vurğundu əminə. Qıymat da bir Qıymatdı. Nə gözəllikdə tayı-bərabəri var, nə də agılda-kamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü, ailə, oğul-uşaq istəmir. İyirmi ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi. Kitab paylayırdı. Sirr açırdı: “Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan AdıPünhanlarıq. Muğanna adlanan gizli nəsildənik. Kitabları oxuyun, görün “Leninçi kommunist” adlananlar kimlərdi, “Muğanna” adlananlar kimlərdi?.. Çox sirlər, həqiqət açırdı Sultan əmin fədailərə.
Milli hökumətimiz yıxılsa da fədailər sağdılar o tayda. Bu taya keçib başqa şəcərəynən – familiyaynan yaşayanlar da çoxdu.
Onlardan dərs alacaqsan sən. Əmma unutma ki, əsil fədailik silahlı mübarizədə yox, şüurlara həqiqət yetirməkdədi! Yəni Şeyx Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.
Çox çətin sözlər deyirəm bu gün sənə, oğul. Belə lazımdı. Çoxunu sonralar dərk eliyəcəksən… Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı yeyəcəklər. Özü də lap tez ola bilər bu iş. Tale özü gətirib səni bu gün bu kabinetə, oğul. Qulaq as. “Vəsiyyət yüngüllükdü”, -deyiblər. Cəmisi iki şey deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi otaq.
Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.
Rəhmətlik anayın bir az saxlancı var sandığında. Götürərsən onu, heç kəsə heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da “AdıPünhan” deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: “Koroğlunun çən qalası, ərşə dayanıb naləsi…” Familiyasını da deyim: Məhərrə-movdu. Bizim bu tərəflərdəndi. Qohumluğumuz da var… Ola bilər Məhərrəmovun özünün də başı əlində olmasın. Lap hamballıq elə, amma oxu, təhsil al! Bu bir.
Çörək dalınca qaçma, bilik dalınca get. Cibini yox, sinənin altını doldur ki, eşqin olsun sinədə, eşqnən yaşa bu dünyada, daha Xalıq-malıq kimi titrəyə-titrəyə, ölə-ölə yox!
Bilikdi eşq. Maarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.
Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.
İndi götür bu şəkilləri.
Sultan əmin partbiletinin arasından çıxartdı verdi mənə bu şəkilləri, mən də sənə verirəm. Özü də ümidnən verirəm ki, vaxtı çatanda sən də partbiletiyin arasında gəzdirəcəksən bu şəkilləri.
Eşit, unutma! Leninin köməyinə ehtiyacımız olmasaydı, biz girməzdik bu partiyaya. Bayaq dedim əsas nöqsanını bu partiyanın. Bəşəriyyəti parçalamaq olmaz! Qan tökmək, düşmənçilik, yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul. Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri fikrimizdən, ürəyi ürəyimizdən Nərimanov vardı bu partiyada. Lazım gələndə Bolşeviklərdən ən nüfuzlu adamları doğru yola çağırırdı. Əslinə, elə əmilərin də istəyirdilər ki, Bolşeviklərdən ayrılmayaq. Əmma güdürdülər, məsxərəyə qoyurdular ikimizi də: “Bizim şəkillərimizi yapışdırın firqə biletlərinizə, həqiqi kommunist olun”, – deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.
İyirmi səkkizinci ilin yazında, axırıncı dəfə o taya gedəndə Qəsri-Qacar zindanında görüşdüm o rəhmətliklərnən.
Yekə, qalın qapısı var o zindanın. O qapıdan sol tərəfdə lap dar dəhliz var. Dəhlizin o başında, deyilənə görə, divarın qalınlığı yarım metrədi. Bilirdim ki, o başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna görə özüm-özümə söz verdim ki, işıqlı sözlər, şad xəbərlər danışacam, heç olmasa beş-on dəqiqəliyə qəmləri dağılsın. Dedim, oğlum olub. O rəhmətliklər qoydular sənin adını. İki mənası var “Səməd”in. “Sin”nən, yəni incə “s” hərfiynən yazanda “ehtiyacı olmuyan” deməkdi, yəni “azad”. “Sat”nan – qalın “s”nən yazanda “əbədi” deməkdi. Ərəbcədi bu. Əsli – OdƏrcəsi SimOddu “Səməd”in. Sim həm Ağ – SafAğ deməkdi, həm də Uca. Od-həqiqətdi. SimOd – Uca həqiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: “Səməd”in əsli – OdƏrcəsi SimOddu. Elmimizə görə, “Səməd” – SimOd adı daşıyan adam Uca həqiqətə, SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi cəmaatnan olmalıdı, çünki “cəmaat” kəlməsinin əsli – OdƏrcəsi də SimOddu. Ərəblər Simə, Uca olana – Kainata “cəm” deyiblər, həm elə “cəm olan” mənası veriblər, həm ağ, yəni “gümüş”, yəni təmiz mənası veriblər, “at” kəlməsini isə qonşuları qreklərdən alıblar. Qrekcə həm “at”, həm də “ki” “od” mənasındadı, Yerdəki od-alov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu- həqiqət mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, “Səməd” – SimOd – Uca həqiqət mənasında olduğuna görə, SimOddan cəmaat əlbir işləməli, əlbir yaşamalıdı… Əmilərin dedilər böyüyəndə de kimlər qoyublar onun adını, mənanı anlat, bilsin…
Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı, “hoppanan” oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da, “ürəyinə damdığına” görə vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə paylanan, biri də gəlib buraya – Qonaqlıya düşən “Villis”ə minib, qəzəbini, kinini motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzüaşağı Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı, evlərin, töylələrin , ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə nə isə deyən “dəllal köpəyoğlunu” söyə-söyə yenə Ortayola çıxıb, rayon mərkəzinə tərəf getdi.
Və Səməd bir daha atasını görmədi.
* * *
О проекте
О подписке
Другие проекты
