Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?! Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin istəklisidir?! Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur eləmişdi ki, sussun?! Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu “bir dənə gözələ” “Bircə bala”nın münasibəti barədə söz çatdırsın, işarə vursun? Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək, kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?! Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!
Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını Səməd özü də bilmədi.
Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.
Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.
Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.
Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib, yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və evdən yenə ac gedən Sultan əminin qisməti ilə bircə Gülgəz də yanıb tüstüyə çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü “başqasının istəklisi” idi… Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli idi, “ömründə görmədiyi şeyləri” görməməli, “ömründə eşitmədiyi sözləri” eşitməməli idi, “bir dəfə sınandan sonra bir də sınmamalı” idi. O “sirlə dolu sinə” doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən adam bildiyinin bəlkə heç mində birini də deməyib; “ömründə görmədiyi şeyləri” Səməd hələ bundan sonra görəcək, “ömründə eşitmədiyi sözləri” hələ bundan sona eşidəcək.
Əli çıraqlı arvad da gəldi, “bıyy” eləyib heyrətlə içini çəkdi.
Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:
– Yeri, yeri! – dedi.
Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub durub ki, bədbəxt “novrəstə cavan” istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə, çıxıb getməli idi. Xeyrə arvadın o cür “bıyy” eləməyindəncə məlumdu ki, Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə baxmağı isə bəlkə, hətta qəbahətdi.
Əmma Səməd baxmaya bilmirdi.
Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qaratikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə yığılan sarı-qızılı tikanlardan elə bil gül bitmişdi ki, o gülün ətrini duyandan sonra “Dəli Səməd” kəndə sığışmayıb, sinəsi, başı açıq, özünü yelə verə-verə düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik, gözlərində qeyri-adi işıq hiss edərdi. Qəsdən soruşmuşdu, öyrənmişdi ki, bütün Qonaqlıda, bütün Tahirlidə və bütün Qurbanlıda, yəni sovetliyin üç para kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından xəbərsizdilər. “Sədr oğlunun” sualından təəccüblənərdilər: “Qaratikan hara, gül hara?!” Qıllı Qeybalı isə, şaqqanaq çəkib, sonra kinli-kinli fısıldayardı: “Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir”, – deyərdi və hətta “sədr oğlunun” cibindən çıxarıb ovcunda göstərdiyi xırda-xırda, sarı-qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: “ Güldümü ki bu?!” – deyərdi. Belə çıxırdı ki, çəpərə vurulmaqdan və təndirdə odunun altına yalonqu kimi qoyulmaqdan başqa heç nəyə yaramayan qaratikan kolunda Qəlyanlı qocaların “axça” dedikləri qədim qızıl pulsayağı sarı-qızılı ləçəklər bitdiyini təkcə “Dəli Səməd” görmüşdü. Başqa güllərin ləçəklərinə bənzəməyən o qalın ləçəklərin meyvə-bar kimi uzun müddət kolda qalıb getdikcə zərifləşdiyini, soğulub yüngülləşdiyini və payızla qış arasında güclü küləklər əsməyə başlayanda kollardan kəpənək kimi uçub çöllərə yayıldığını da təkcə “Dəli Səməd” görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarının o sap kimi nazik cücərtilərdən qalxdığını da təkcə “Dəli Səməd” görmüşdü və gördüklərini Qəlyanlı qocalara danışıb, “yerin altını-üstünü bilən” qəlyanlılardan “yaşı bilinməyən” “Xızr Abı” ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi, “zəmanə ilə düz gətirmədiyinə görə” “Çürük” adlanan Çürük Aşıqdan öyrənmişdi ki, “qaratikan heç yerdə tək-tək bitməz, gur bitər”, buna görə də Qaratikan – “Gurtikən” deməkdir… Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən, Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quru-qaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gündüzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qaratikan bitib, artıb çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da “bu gördüyün meşə, sel-su, əkin-tikin…” “Yel toxum gətirər, meşə bitirər”, – deyirdilər. “Meşə su götürər, su verər, çay axıdar”, -deyirdilər. Belə-belə şeylər danışmaqdan nə Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi ona – Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə “Dəli Səməd” görmüşdü ki, qarağac da “gurağacdır”, çünki bu da “axça – “qızıl” bitirir, yazın orta ayında isti yellər əsəndə qarağacın sarı-qızılı ləçəkləri də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma bu ləçəklər çox tabsızdır, quru yerlərdə tezcə ölüşgəyir, buna görə də lap yüngül yaranıb ki, çölə düşəndə az-maz mehdən də yenidən qanadlanıb gedib qaratikanı tapsın, vaxtı yetişəndə o gurtikənliklərdə də meşə əmələ gəlsin, sel-su, əkin-tikinti olsun.
“Dəli Səməd” belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər “həftə sonu” adlanan qısa dərs gününün axırında sinif yoldaşları Xızr Abı ilə Çürükdən saz, söz öyrənməyə gedəndə “Dəli Səməd” Ortayolda qalardı, gur, dalğalı saçlarını dalğalandıra-dalğalandıra, yolla o baş-bu başa addımlaya-addımlaya bütün kəndə səs salardı: “Ey Qıllı! Korsunuz hamınız!” – deyərdi. “Sizin aranızda bir mən bilirəm nə var – nə yox bu dünyada” – deyərdi. Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.
Əgər o vaxtlar o gülə qəsd eləmək, o sehrli ətri yanıq iyinə çevirmək niyyətinə düşən olsaydı, “Dəli Səməd” də, şübhəsiz, kiməsə xəbər yetirmədən, hardasa nəyisə uçurub dağıtmadan, yandırmadan sakitlik tapa bilməzdi. İndi, Gülgəzin yanıb tüstüyə çevrildiyini bütün aydınlığı ilə gördüyü, yanıq iyini bütün kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində dərd yükünün ağırlığından başqa heç nə hiss eləmirdi.
Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.
Dönüb getmək istəyirdi, gedə bilmirdi.
Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub, biləyindən yapışıb silkələyirdi ki, çamadanını alsın.
Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.
– Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü… Bir dəfə paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox… Yara təzədi hələ. Çıx get burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..
Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını qaldırmadan, ağır-ağır aralandı.
* * *
Hara gedirdi? Nə üçün gedirdi?
Baş verən hadisənin özü də ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik ayrılıb. Gülgəzlə birgə “Gürtikənli”, “Gurağaclı” dünyadan da, sevinclərdən, fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir, Başqalarına “kor” deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən “Batin-gizlin”, “AdıPünhan” Ağların, yəni Ağ Əmir kimi SafAğların, “Muğ”ların Sibirə, Qazaxıstana sürülüb, itib-batmağından, Cənubda şah zülmündən – savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki, Sultan Əmirli də “ölüb, stolun dalında qaraltısı qalıb”. O qaraltının isə “axırı çatıb”, tezliklə doğrudan da “yeşikdə qalacaq”, “hakimiyyəti qurtaracaq”. O vaxt Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə pıçıldaşa-pıçıldaşa “konfrans” – filan gözləməyə də ehtiyac duymadan, hər gün, hər saat Gülənovun, Sayılovun, RİK Atamalının səslərinə səs verəcəklər, beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı binalara, kolxoz və sovxozlara qədər, hər yerdə – ancaq “bezobraziye”nin KQB kadrları əyləşib, “bezobraziye”nin əmrlərinə “baş üstə”, “göz üstə” deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən boğula-boğula tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan, doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.
Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? “Bezobraziye” kadrları arasında perspektivsiz yaşamağa dəyərmi? Ümumiyyətlə, yaşamaq mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu şəhərdə az-çox hörmət elədiyi adamlar arasında, “Dəli Səməd”in köhnə dostlarından “pyanska Yusifi” “pyanskaların” daimi məktəbində – dəmiryol restoranında tapsın, iki il bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqcasından götürdüyü və birini də xərcləmədiyi qədim “axça” lardan birini ofisiant Qayım Qudalının üstünə atsın: “Bufeti köçürt bu stolun üstünə!” – deyib, Yusifin muğamlarına, təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var “vursun”, sonra da stansiyanın ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. “Pyanıska”nın o gözəl, köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən, Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!
Darvazaya qədər Səməd belə getdi. Sultansız, Gülgəzsiz, perspektivsiz dünyadan yaxa qurtarmaq ehtirası birdən-birə necə güclənmişdisə, darvazada dəmir şəbəkələrin işıltılarını seçər-seçməz dərhal özünü stansiyanın ucqar, qaranlıq yerində, relslərin arasında gördü. Bunlardan isə tamam başqa hislər törədi: ölüm niyyətli ümidsizliyin dərinliyindən etiraz kükrədi, “Dəli Səməd”in öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıb qalxdı: “Günahsız Gülgəz”lə “günahsız Sultan Əmirli”ni və “Bircə bala”nı yandırıb dünyanı yanıq qoxusuna bürüyən qüvvəni, qara həyulanın cəsarəti arxasındakı “bezobraziye” dəstəsini cismən məhv etmək! Qaçaq Nəbi, Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Ələs kimi qisasçıya çevrilmək! Öldürə-öldürə ölmək!.. Qaynar qan sifətinə, beyninə vurub gözlərini tutdu və Səməd kükrək üsyanını belə qəti qərarını necə həyata keçirəcəyini o qədər də düşünmədən, darvazadan geriyə, manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün altında qalmışdı. Həmin hiss indi tamam aydın, qəti fikrə, niyyətə çevrildi: “Hamısını tapmalısan bu gecə, hamısını məhv etməlisən, ey məhv olan bədbəxt!..” – Xançalı yerdən qapıb pencəyinin altında kəmərin altına soxdu… Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları arasında açıq mavi, dərin ziyalı – alim gözləri parıldayan heybətli bir pələng dayanmışdı.
4
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xırdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələ-kötür barmaqlara Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə fırlatmağı bir oldu.
– Məqsədin nədi, nadürüst?! Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik29 qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura höküməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil?.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan30 oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Qəzəblə, hiddətlə, bir az da ağsaqqal ərkilə Səmədi itələyə-itələyə aparıb həyətin yan qapısından o yana, qonaq evinin alçacıq dəmir dirəklər başında araxçınsayağı dəmir qalpaqlar altında solğun lampalarla işıqlanmış həyətinə saldı, eynilə ağ binanın yançağındakı tut ağacı kimi, budaqları yanlara süzmüş ağacın altına, dəyirmi stol dövrəsindəki qarğı kreslolardan birinə basdı, çamadanını da böyrünə atıb:
–Qulaq as!– dedi. – Bircə kəlməmi də buraxma, huş-guşnan dinlə!
Mədədin vəsiyyətini eşitdiyin vaxtdan nə qədər keçib? O qırx altıncı ilin dekabrı, bu əlli dördüncü ilin avqustu. Səkkiz ilə yaxındı hər dəfə səni görəndə içim qaynayır. “Elm və eşq deyib sənə Mədəd Sultanın tapşırığıynan, iki qardaşın vəsiyyətini deyib. Sultan özü sənə millətimizin, dünyamızın taleyi barədə çox şey danışammır. O ağ binanın dəlmə-deşiklərinin hamısını doldurub KQB. Ona görə burda danışıram sənnən. Babanız da alim olub sizin: Məhəmməd Əmir. Təbrizdə indinin özündə də çox şeyi gizlədirik Məhəmməd Əmirin barəsində. Çünki şahın siyasilərindən xeyli adam şəxsən Stalinin tapşırığıynan göndərilən casuslardı. Yəni o tayda da tutqu gedir, qırğın gedir! Bildinmi?! Beynin boşdu sənin! Elmin yoxdu! Lənət sənin partiya məktəbinə! Partiya tarixinə! Elmi kommunizminə!
Hoppanma! Sakit otur və dinlə!
Sultan bir kəlmə də danışammayıb sənə bu “elmi kommunizm” adlanan nəzəriyyənin təhrifliyindən. Niyə? KQB qorxusu öz yerində. “Dəli Səməd” sən sən! Hamanca “hoppanan”, ərköyün bircə balasan. Allahların Elmi barədə məlumatın olsaydı, “elmi kommunizm”in təhrifliyini bilib təhsil alammazdın o məktəbdə. Sultan ehtiyatlanıb ki, dilinə içki-zad dəyəndə ehtiyatını itirib dilindən söz qaçırdarsan, Mirqəzəbin agentlərinin qələminə keçərsən, evimiz yıxılar, varissiz qalarıq… Varis deyirəm. Çünki varissən sən! Bilmirsən!
“Allahların Elmi” deyirəm, bunu da qanmırsan! Şeyxlərin yox, məhz “Allahların!” Hoppanma! Qulaq as! Göbələk Məmiş Əlləzoğlunun, Hənifə, arvadın ocağından çıxan gözəl eşqilə yox, Elm eşqilə yaşamalısan! Qızarıb-bozarma!..
Arada Xeyrə arvaddan “bir tikə çörək, çay” istəyib, “Əlli tərpən, yoldan gəlib bu adam”, – deyəndən sonra Xızr Abı kreslosunu Səmədə lap yaxın çəkdi, iri, sallaq döş cibləri qələm, qəlyan, kibrit və sair xırda-para şeylərdə dolu olan tünd yaşıl qalın köynəyinin yaxasını açıb, uzun günlüklü boz kepkasını stolun küncünə atıb, nəfəsini dərib, birdən-birə sakitləşən, bəlağətli səslə heyrətli sözlər yağdırdı:
– Bağday, BağOdEy nədi? Bağ Ata kimdi? Ulu Bağ kimdi? EySar kimdi? Bilmirsən!.. O vaxt o rəhmətliyin yazdığı kimi, OdƏr sözlərini mən də yazım bu bloknota, bax. Mədədin yazdığını elə orda qoymusan, stolun üstündə, götürmüşəm, səkkiz ildi saxlayıram bu bloknotun arasında. Bunu da götürərsən söhbətimizin axırında… Təkcə bu yazdığım sözlərin mənalarını bilsən və bu mənalarla bağlı mənaları öyrənsən, “Yer” adlanan bu planetin bütün tarixini bilərsən… Ey! Fikrin hardadı?! O evdəki müsibəti unutmalısan sən! Çünki o deyil müsibət, Həqiqət Elmi, Kainat elmi, Ağların – SafAğların SafAğ Elmi adlanan Elmin Varisinin dünyadan xəbərsizliyidi! Bu millətin az-çox savadlı aşığının da bələdliyi var SafAğ Elmindən. Bakıya gedirəm, Sultan putyovka düzəltdirir, göndərir. Üzümə baxandaca bilirlər kiməm, sevinirlər, parolumuzu deyirlər: “Əmi Bağdan gələr, dayı dağdan gələr!” Nə deməkdi bu, millətiyin müstəmləkə olandan bəri dilindən düşməyən, milyonlarla adamın bildiyi parol nə deyir? “Bağ” – Bağdı. Yazıram oxu. “Dağ” – OdAğdı. Nə deməkdi OdAğ, ey dili dilim-dilim doğranan bədbəxt?! Qulaq as, cahil!.. – Kor-kobud barmaqlar düyünləndi, Xızrın yumruğu stolu titrətdi. – Qulaq as!
Səməd boğulurdu. Lap körpəlikdən, atasının dililə sadəcə “Abı” çağırdığı indi “AdıPünhan Əlifbeyə” çevrilən bu qocanın belə rəftarının səbəbsiz olmadığını görsə də, ağ binanın həyətindən gələn tüstü içində itkinin ağırlığından və “məhv etmək” qərarının icrası əvəzində bu sirli, sehrli nitq qarşısında əsirliyindən boğulurdu.
Çay gəldi. Bir-iki qurtum qaynar çay içib, hətta “qismət kəsdi” – bir az yuxa, pendir yedi, diqqətini toplamağa çalışdı. Əmirlilərin “iç adamı” sayılan, “Quranın əslini bilən”, “Böyük həriflə Alim” kimi tanınan bu adam ailəyə üz vermiş bədbəxtliyin səbəbi barədə danışmağı, heç olmasa, Xeyrə arvadın bayaq dediyinə uyğun əlavə bir şey deməyi lazım bilmirdimi?!
Bloknotdan cırdığı vərəqə biri-birindən qəribə sözlər yaza-yaza:
– Bax! Bax!..Fikrin yayınmasın bu müqəddasatdan! – dedi. – Sultan özü, şəxsən özü verəcək sənə Elmi. Sağ qalsa… Başımıza gələn müsibətlərin arasında, belə qanıqara vaxtımda dərs demək, Elm öyrətmək deyil mənim məqsədim. Ayıltmaqdı, cüzi də olsa ayıltmaq!.. Partiya işçisi olmuyacaqsan. İndidən nəzərə almalısan ki, başqa bir yolun yolçususan sən.
О проекте
О подписке
Другие проекты