Göy üzü tər-təmiz olduğuna görə, körpüdəki hərbi maşın və maşının qarşısında dayanmış əli silahlı iki əsgər aydınca görünürdülər. Ərimin qulağına hərbi maşının qarşısında gördüyüm əsgərləri deyəndə, o, barmağını dodaqlarının üstünə qoyub, mənə susmaq işarəsi verdi. Mən başımı onun kürəyinə dayayaraq, bu qorxulu anın ötüb keçməsini gözləyirdim. Ərim sakit və təmkinli görünməyə çalışırdı. Onun əsl hərbiçi olduğunu indi anlayırdım. Bir azdan o, başını mənə tərəf əyib yavaşca:
– Onlar üç nəfərdir, görürsən? – Biri də maşının içindəymiş.
Mən hərbi maşına tərəf boylandım. Maşının üstündə qoyulmuş pulamyotun arxasında dayanmış hərbiçi, bir azdan sağa, sola yaylım atəşi açmağa başladı. Aramızdakı yüz, yüz əlli metr məsafədən şaqqıldayan pulamyotun səsi, bizim hər üçümüzü diksindirdi. Oğlumuz da qorxaraq yuxudan ayıldı və ayılan kimi də ağlamağa başladı. Mən uşağı sinəmə sıxıb, onu əmizdirməyə başladım. O tezcə də kiridi. Bu vaxt ərim məni silkələyərək, sanki yuxudan ayıldırmış kimi pıçıldadı:
– Körpüyə yaxınlaşmaq lazımdır, yavaş-yavaş arxamca gəl!
O bunu deyib əyilə-əyilə kol-kosun arasıyla aşağı tərəfə endi. Mən də addımbaaddım onun arxasıncı yeriyirdim. Qorxudan uşağı sinəmdən ayırmamışdım. Körpə də, dünyadan xəbərsiz halda qarnını doyurmaqda davam edirdi. Körpüyə yaxınlaşmışdıq, onlarla bizim aramızda otuz-qırx metr məsafə ola, olmayaydı. Ərim avtomat silahını çiynindən aşırıb, düşmən əsgərlərinə tərəf tuşladı. Mən onun nə edəcəyini anlamadığımdan, əlimlə ehmalca çiyninə toxundum. O, başını mənə tərəf çevirib, güclə eşidiləcək səslə:
– Uşağın qulaqlarını möhkəmcə qapa! – dedi.
Ondan nə isə soruşmağın və ya göstəriş verməyin mənasız olduğunu anlayaraq, dediklərinə sözsüz əməl etməliydim. Odur ki, başımdakı yaylığı açıb, əlimdə dürgələdim və möhkəmcə uşağın sifətinə basdım. Özüm də gözlərimi yumaraq, başımı ərimin kürəyinə söykədim. Gözləyirdim ki, elə bu dəqiqə atəş açılacaqdır. Amma atəş açılmadı. Bir müddət beləcə səkdi-səkdidə gözlədim. Niyə görə onun atəş açmadığını anlaya bilmirdim. Eləcə, gözlərim yumulu halda bu dəqiqə atəş səslərindən diksinəcəyimi zənn edirdim. Nəhayət, atəş səsləri eşidildi. Atəş açan ərim yox, düşmənlər idi. Hərbi maşından yenə də sağa-sola güllələr vıyıldayırdı. Ərim, elə bil düşmənlərin atəş açmasını gözləyirmiş, üç dəfə sərrast atəş açdı. Bunu həm avtomatın səsindən, həm də başımın üç dəfə möhkəmcə silkələnməsindən hiss etdim. Ərimin atəş açmasıyla, qarşı tərəfin susması bir an oldu. Mən hələ də gözlərimi yumaraq, əlimdəki yaylığı uşağın üzünə basmaqda davam edirdim. Elə bu vaxt ərim dönərək məni qucaqladı və:
– Gördün, Səidə, sənə demədimmi onların analarını ağladacağam? Bax üçünü də gəbərtdim.
Onun dediklərinə inanmağım gəlmirdi. Gözlərimi açıb körpüyə tərəf boylandım. Nə maşının üstə, nə də ki, qarşısında heç kəs gözümə dəymədi. Sevincimdən ağlaya-ağlaya:
– Əli, doğurdanmı onları vurdun?! – soruşdum.
– Vurdun nədi, analarını lap mələr qoydum! – deyə o, uşaqla birlikdə qucaqlayıb məni bağrına basdı. Sonra nə fikirləşdisə, tez məni özündən aralayıb soruşdu:
– Səidə, uşağın səsi gəlmir, boğulub elər e…
Sanki yuxudaymış kimi diksindim. Yadıma düşdü ki, hələ də yaylığı tifil balamın üzündən götürməmişəm. Yaylığı götürən kimi uşaq qucağımda çırpındı və bir-iki ağız bərkdən qışqırdı. Sonra səsini udub kiridi. Ay işığında uşağın gözləri tələyə düşmüş siçanın gözləri kimi parıldayırdı.
– Az qalmışdı ha, səni öldürüm, – deyə, pıçıldadım və uşağın üz-gözündən öpməyə başladım. Körpə isə balaca, toppuş əllərini düyünləyərək, gözlərini ova-ova gərnəşirdi. Yazıq uşağın yuxusunun vaxtı keçirdi.
Ərimin qərarını gözləyirdim, hər şey ondan aslı idı. Əgər o desəydi, al bu silahla özünə və körpənə atəş aç, sözsüz onun əmrinə tabe olub, özümü və körpəmi qətlə yetirməyə hazır idim. Ərim isə susurdu. Susmağıyla yanaşı hiss edirdim ki, o, sakitcə ətrafı dinləyir. Arada, uzaqdan eşidilən avtomat səsləri gecənin sakitliyini pozurdu.
Əli bir azdan ayağa qalxdı. Sonra mənim də qolumdan tutub ayağa qaldırdı və uşağı qucağımdan alaraq, körpüyə tərəf irəlilədik. Körpüyə çatıb, hərbi maşının yanından keçdik. Düşmən əsgərlərindən ikisinin meyidi maşının qabağında, biri isə üstündə uzanıb qalmışdı. Ərim onların da avtomatlarını götürərək, çiynindən asdı və oradan uzaqlaşdıq. Gecə yarıydı. Yorğunluqdan qıçlarım bir-birinə dolaşırdı. Yuxusuzluq gözlərimi elə acılaşdırmışdı ki, yeriyə-yeriyə ayaqüstəcə mürgüləyirdim. Xoşbəxtlikdən oğlumuz susurdu. Amma aradabir ağız-burnunu əyib zarımasından ona soyuq olduğunu hiss edirdim. Körpüdən xeyli aralansaq da, hələ də yol gedirdik. Çökəklikdən yuxarı qalxdıqca, şəhərdən görünən od-alovun işığı, sanki böyük bir ərazinin oda qalandığından xəbər verirdi. Şəhərin bu vəziyyəti hər ikimizin ürəyini ağrıtdı. Diş-dırnaqla qurduğumuz ev-eşiyin bir anın içindəcə darmadağın edilməsiylə heç cür barışa bilmirdik. Bu heç mümkün də deyildi.
Əli keçib getdiyimiz yolu, kol-kəsəyi yaxşı tanıyırdı. Ona görə də, hara gedəcəyimizi ondan soruşmaq ağlıma belə gəlmirdi. Bircə onu fikirləşirdim ki, hara gediriksə gedək, ancaq sağ, salamat olaq. Havanın soyuqluğu isə iliyə işləyirdi. Səhərə yaxın olduğundan havada duman-çən vardı. Dumanqarışıq şeh damcıları adamın üzünü dalayırdı. Otların üstü də şehlə örtülmüşdü. Bir addım da olsun yeriməyə taqətim qalmamışdı. Tərslikdən, ayaqqabılarımın altı da qopub düşdüyündən, ayaqlarım suyun isindəydi. Dizlərimdən başlayan gizilti başıma vururudu. Ərimin çiyinlərindən asılı vəziyyətdə qalmışdım, o da yorulub, əldən düşmüşdü. Yorğunluğunu gizlətməyə çalışsa da, nəfəsini çiyinlərindən aldığını hiss edirdim. Bir qolunun üstə uşaq, digər əlində də üç avtomat silahı daşıyan adamın vəziyyəti necə olmalıydı bəs?! Hələ, bir yandan da mən ona yük olmuşdum. Arada mənə təskinlik verərək deyirdi:
– Bir az da özünü toxtaq tut, çatırıq, sonra döyunca yatıb dincələrik. Hara olursa olsun, bir azca oturub dincimi almaq istəyirdim. Lap suyun, palçığın içi də olsa belə. – Ərimin sözləri məni o qədər sakitləşdirirdi ki… Onun sözlərindən sonra qıçlarıma, elə bil qüvvət gəlirdi. Amma bir-iki addım atandan sonra yenə də yorulub əldən düşürdüm. Qarşıda uzanıb gedən üzüm bağları görünürdü. Sıralanan beton dirəklər, səf-səf düzülmüş əsgərlərə bənzəyirdi. Bir az aralıda balaca bir koma gözə dəyirdi. Yəqin ki, bu bağ gözətçinin koması idi. Ehtiyatla komaya yaxınlaşıb, içəri girdik. Komanın içi isti idi. Soyuq eşikdən içəri girən kimi beynimi yuxu elə çulğaladı ki, bir an da olsun ayaq üstə dayana bilməyib, quru küləşin üstünə çökdüm. Uzanan kimi yuxu məni apardı. Elə bil qulağımın dibindən daşla vurmuşdular, nə qədər yatdığımı bilmədim. Sanki min ilin yorğunluğunu canımdan çıxarırdım. Əgər körpəm ağlayıb, məni yuxudan oyatmasaydı, yəqin ki, hələ bu tezlikə oyanmayacaqdım. Gözlərimi açıb bir qədər duruxub qaldım. Harada olduğumu, əvvəlcə anlaya bilmədim, dəli adamlar kimi yan-yörəmə boylanırdım. Komanın bir küncündə, silahını sinəsinə basaraq yuxulamış ərimi, bir də böyürümdə ağlayan körpəni görəndə, olub-keçənləri xatırladım. Yuxudan ayılasan və birdən-birə düşdüyün bədbəxtliklə üz-üzə qalasan, adama gör necə gələr? Bir anın içində başıma gələnləri xatırladım. Olub-keçənlər o qədər dəhşətli, o qədər ağır idi ki, bunları xatırlayanda dünya adamın başına daralırdı. Bircə şeyə sevinirdim, sevinirdim ki, nə yaxşı ərim, oğlum sağ və salamatdırlar. Mənə təsəlli verən yalnız bir yerdə olmağımız idi.
Hava bir qədər işıqlaşmışdı, yan-yörəni seçmək olurdu. Oğlumu qucağıma götürüb sinəmə basdım. O, ağlamaqda davam edirdi. Bilirdim ki, uşağın yeri yaşdır, bələyini açdım. Gecədən bəri bir dəfə də olsun yeri dəyişdirilməyən oğlum, su içərisindəydi. Əski-üskünün kəsif qoxusu burnumu qıcıqlandırdı. Belə gecələrdə onun yerini, bəlkə üç-dörd dəfə dəyişdirərdim. Evdən çıxarkən uşağın pal-paltarını sahmanlayıb, götürmüşdüm. Onun yerini rahatladım, sonra sinəmə basıb yedizdirməyə başladım. Oğlum yaman acmışdı, ac qurd kimi canıma elə daraşmışdı ki… Bir azdan o, yenidən yuxuya getdi. Uşağı yanıma, küləşin üstünə qoyub üstünü örtdüm. Özüm də, deyəsən soyuqlamışdım, bədənim sızıldayırdı. Üstümə atıb, bürünməyə bir şey yox idi. Əllərimi qoynuma qoyub, öz-özümə sığındım və bundan sonrakı taleyimiz barədə düşünməyə başladım.
Nə edəcəyik, hara gedəcəyik?.. Başımıza bundan sonra nələr gələcək?.. Cavabsız suallar beynimi elə dumanlandırmışdı ki, ağlıma heç nə sığışmırdı. Hər şeyə heyfslənirdim. İtirdiklərimin hamısı mənə ağır gəlirdi. Evimdə qoyub gəldiyim kibrit çöpü də, bu anda mənim ürəyimi ağrıdırdı… Qoyub gəldiyim hər şey üçün burnuun ucu göynəyirdi. İnsan əlindəkilərinin qədrini çox heyif ki, onları itirdikdən sonra anlayırmış. Onda da, nə faydası… Bəlkə də, bu şeylər barədə çox fikirləşəcəkdim. Elə bu vaxt yolun altındakı dərədə beş-altı nəfər əsgər göründü. Mən onları lap aydınca görürdüm. Amma bizim və ya düşmən əsgərləri olduqlarını ayırd etməkdə çətinlik çəkirdim. Ərimi oyatdım və əsgərləri ona göstərib:
– Əli, ora bax, orda əsgərlər var! – dedim.
O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca:
– Ehtiyatlı ol, düşmənlərdir! – dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi: – Özünü tox tut, qorxub eləmə.
Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi. Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü. Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? – düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə o tək olsaydı çoxdan öz qərarını verərdi.
Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı.
– Əclafın bu işi hardan çıxdı? – deyə, Əli mızıldandı.
Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi:
– Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır.
O elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. – Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? – deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə danmışdı.
Düşmən əsgəri bizim on addımlığımızdaydı. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, ərimin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O, elə bircə dəfə “O-yyy!..” – deyib, ərimin ayaqları altına yıxıldı. Əsgər başı kəsilmiş toyuq kimi yerdə çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz hala salmışdı. Bir azdan onun nəfəsi tamam kəsildi. Əli avtomatın lüləsiylə onun taqətsiz bədənini dürtmələyərək:
– Canınız elə bu deyilmiş, ay əclaflar, nə xoruzlanırsınız?
Qan məni tutmuşdu, ürəyim bulanırdı. Özümü saxlaya bilməyib, komanın küncünə qusdum. Ərim çiynimə toxunub məni sakitləşdirməyə çalışdı:
– Keçib gedər, – dedi, – özünü bir az tox tut.
Bu hadisənin üstündən bir qədər vaxt ötdü. Aşağıdan səslər eşidirdik. Əsgərlərdən biri üzünü komaya tərəf tutaraq:
– Qurqen!.. Qurqen!.. – deyə, qışqırırdı.
Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. İndi onların hamısı komanın yan-yörəsinə atəş açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, – fikirləşdim. Çünki əsgərin əlində silah vardı. Düşüncəmdə yanılmamışdım, əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf pişik kimi pusa-pusa gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi:
– Deyəsən, onların hamısını ölüm girələyir, – dedi və dizə çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində onun qorxduğunu aydınca sezmək olurdu.
Düşmən əsgəri titrək səslə:
– Ey Qurqen! – deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də hiss olunurdu. Səs gəlmədiyi tərzdə, əvvəlcə komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə boşaltdı.
Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca:
– Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiyimə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağında oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular. Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi. Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü. Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.
Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.
Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi. Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi. Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.
Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı, onun səsini sanki eşitmirdim. Bu anda mənə hər şeydən əziz Əli idi. İstəyirdim elə bu dəqiqə o, ayağa qalxıb bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə gəlmişdilər, ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər.
Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq:
– Əli… Əli… dur də onlar gəlirlər axı, – deyə təlaş içərisində qışqırırdım.
Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi, silah onun əlindən sürüşüb yerə düşdü.
Düşmənlər lap yaxındaydılar. Aramızda, artıq çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz olmuşdu, uşaq isə birdüzümə qışqırırdı. Qalmışdım ikisinin arasında, bilmirdim ki, hansını ovudum. Mən uşağı qucağıma alıb sinəmə sıxdım, qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım, qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi.
On beş nəfərə yaxın düşmən əsgəri bizi mühasirəyə almışdı. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi. Ürəyimdən qəribə hisslər keçirdi, allaha yalvarırdım ki, nə olaydı indi Əli ayağa qalxıb onlara atəş açacaq, hamısını biçib, yerə sərəydi. Amma çox heyif ki, mənim düşündüklərim əlçatmaz bir xəyal idi, Əlinin bir də ayağa qalxması möcüzə olardı…
О проекте
О подписке
Другие проекты
