Читать книгу «Əsir qadın» онлайн полностью📖 — Meyxoş Abdullah — MyBook.
cover

Meyxoş Abdullah
Əsir qadın

…Ey, Soydaşım!.. Ey, Həmvətənim!.. Nə qədər çətin də olsa etiraf etməliyik ki, biz savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə qız-gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələrini çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir… Yalnız, bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib, təmizləyə bilər!..

Öldürsək, – namusumuzu, öləriksə – özümüzü gələcək nəsillərin qınağından, xəcalətindən xilas edə bilərik!..

Müəllif

* * *

…Üç il düşmən əsirliyində yaşamış bir qadınla görüşümüzün baş tutması üçün nə az, nə çox – düz bir il gözləməli oldum. Rusiyanın Stavropol vilayətinin Nadejda kəndində, Nuhəyyamındanqalma, köhnə və uçuq bir evdə yaşayan Səidəni mənə, düşmən əsirliyində olmuş və əsirlikdən xilas olandan bir ay sonra xəstəxanadaca keçinən hərbçi dostlarımdan biri nişan vermişdi. O vaxtdan neçə dəfələrlə bu qadınla əlaqə saxlayıb, görüşmək arzusunda olduğumu bildirsəm də, istəklərim onun tərəfindən qəti şəkildə rədd edilmişdi. Buna baxmayaraq, ümidliydim və inanırdım ki, bir gün gələcək onun tərəfindən qəbul olunacağam. Mən onu başa düşürdüm, bilirdim ki, üç il əsirlikdə yaşamış bir qadının hissləriylə oynamaq, onun korşalmış yaddaşını oyatmaq nə deməkdir? Amma içimdən gələn bir istək heç vəchlə məni rahat buraxmırdı. Neçə dəfələrlə bu uzaq yolu qət eləsəm də, istəyimə nail olub onunla görüşə bilməmişdim. İnadımdan da əl çəkmirdim. Nəhayət, bir gün onunla görüşmək razılığını alanda, gecəni səhərə qədər yatmayıb, bu görüşün baş tutması üçün allaha dua etdim. İçimdə özümə də aydın olmayan böyük bir təlaş vardı. Ömrümdə heç vaxt belə narahatçılıq keçirməmişdim.

…Kəndin dolanbac, çala-çuxurlu yollarını keçərək, o qadın yaşayan evə yaxınlaşdıqca, qəlbimdəki narahatlıq bir az da artmaqdaydı. Payızın çiskin yağışı, onsuz da duyğulu qəlbimi bir az da duyğulandıraraq, məni kövrək və küsəyən bir uşaq vəziyyətinə salmışdı. Havanın soyuqluğundan sümüklərim sızıldayırdı. Boynumu qısıb, əllərimi ciblərimə salaraq, sanki öz-özümə sığınmış vəziyyətdə irəliləyirdim. Qarşıdakı tini də burulsaydım mənzil başına çatırdım. Hər şeyi qabaqcadan ölçüb-biçmişdim. Nə deyəcəyimi, nə soruşacağımı ürəyimdə dəfələrlə təkrarlayaraq, sanki rol üzərində işləyən aktyor kimi səhnəyə çıxmağa tam hazır vəziyyətdəydim. Bilirdim ki, işin çətinliyi həmişə başlanğıcında olur, necə ki, işə girişdin hər şey öz yoluna düşür.

Budur, bu da nə vaxtdan bəri yuxularıma haram qatan, bir an da olsun məni rahat buraxmayan, gecəli-gündüzlü fikir və xəyallarımın maraq dünyasına çevrilmiş – o qadının yaşadığı ev. Əslində, məni ev yox, onun içində yaşayan sakini maraqlandırırdı. Amma etiraf etməliyəm ki, mən bircə dəfə də olsun, bu evin sakinini, – o qadının üzünü görmədiyim vaxtlarda dərd-sərimi, arzularımı və soruşacaqlarımı bu evin lal-kar daş divarlarından soruşmuşam. Bəzən də kövrələrək, içimdə qüssəyə çevrilən istəklərimi, pıçıltıyla bu evin künc-bucağında dolaşdığım vaxtlar açıb, danışmışam. Bu ev mənə daha mərhəm idi. Ona görə ki, bu neçə vaxtı o qadından bircə kəlmə qopara bilmədiyim halda, bu lal-kar daş divarlarla çox danışıb, dərdləşmişdim…

Qapıya yaxınlaşıb, astaca qapını döydüm. Handan-hana, qulağıma döşəmə üzərində sürünən ayaq səsləri gəldi. Ayaq səsləri qapının ağzındaca kəsildi. Bir müddət heç nə eşidilmədi. İçəridəki adamın qapının gözlüyündən mənə baxdığını hiss etdiyimdən özümü yığışdırdım. Qulağıma zəif və iniltili qadın səsi gəldi:

– Kimdir?! – deyə o, güclə eşidiləcək səslə soruşdu.

Sanki azacıq yubansaydım həmin səsin sahibini bir daha görə bilməyəcəyimi zənn etdiyimdən, tezcə dilləndim:

– Mənəm… sizi görmək istəyən adam. Dünən bu barədə sizinlə söhbət etmişdik, xatırlayırsınızmı?!

Mən dünən qapı arxasındakı ayaqüstü söhbətimizi onun yadına salmağa çalışdım.

Araya dərin süküt çökdü. Sükut o qədər uzun çəkdi ki, mən onu bu dəfə də görə bilməyəcəyimi zənn etdiyimdən, ürəyim aramsız olaraq döyünməyə başladı. Bir müddət də keçdi. Sakitliyi dəmir qapının, sanki çoxdan bəri açılmayan, pas bağlamış cırıltılı səsi pozdu. Diksindim. Yarıaçılmış qapının önündə otuz beş, qırx yaşlarında, ortaboylu, arıq bir qadın dayanmışdı. Saçları dümağ ağarmış bu qadının solğun bənizi və gözlərimin içinə dikilən qorxunc baxışları, məni bir qədər ehtiyatlı olmağa vadar etdi. Fikirləşdim ki, hər hansı yanlış hərəkətim və ya yerinə düşməyən sözlərim, bu qapının üzümə birdəfəlik çırpılmasına səbəb olacaqdır. Özümü zorla ələ alıb:

– Salam… Xoş gördük, sizi!.. – dedim.

Özümü tamam itirmişdim, bilmirdim necə edim ki, qadının bir anlıq da olsa rəğbətini qazana bilim. Əgər o, qapını üzümə çırpıb getsəydi, yəqin ki, onunla görüşmək mənə bir daha qismət olmayacaqdı. Bunu mən yəqin bilirdim. Çünki bu bir ildə onunla görüşmək imkanı əldə etmək mənim üçün necə də çətin olmuşdu.

Qadın nəzərlərini məndən ayırıb, döşəməyə dikdi və xırıltılı səslə:

– Keçin içəri!.. – dedi.

Otağa girən kimi burnumu kəsif qoxu iyi qıcıqlandırdı. Elə bil neçə illərdi bu mənzilin qapı-pəncərəsi bağlı qalmışdı. İçərinin havası dəhşətli dərəcədə ağır və boğucu idi. Az keçməmiş otağın ağır, üzücü havasına öyrəşdim. Mənzil birotaqlı idi. Divara vurulmuş kağız örtüklərin, his-pasdan saralıb, tökülməsindən bilmək olurdu ki, burada uzun illərdən bəri təmir işləri aparılmamışdır. Evin divarlarındakı enli çatlar və bu çatlardan sallanan hörümçək torları, mənzildə həyat deyilən bir aləmin sanki çoxdan dayandığından xəbər verirdi… Əslində, burada insanı yaşamağa sövq edən elə bir mənalı şey də yox idi. Nə vardısa, hər şey darıxdırıcı və zəhlətökən idi. Yalnız, otağın sağ tərəfindəki divara vurulmuş xalçadan savayı. Divardan asılmış xalça bu hisli-paslı otağı azacıq da olsa abıra salırdı. Bəlkə də, elə bu xalçaya görəydi, özümü zorla da olsa inandırmağa çalışırdım ki, burada insan deyilən bir məxluq yaşayır. Xalçanın haradan gəlib bura çıxması beynimdə bir sual doğururdu.

Oturmaq üçün mənə təklif olunan stul bir neçə yerdən məftillə sarınmışdı. Stolun üstündəki məxmər parçadan olan örtük isə süzülüb, nimdaş hala düşmüşdü. Döşəmənin üstünə salınmış yırtıq palaz köhnəldiyindən dürgələnərək adamın əl-ayağına dolaşırdı. Ayaq altındakı döşəmə çürüyüb, söküldüyünə görə, ağırlığa tab gətirməyərək cırıldayıb, əsəbləri qıcıqlandırırdı. Nəzərlərim evin küncündə, köhnə gödəkcə üstündə, başını pəncələri üzərinə qoyaraq uzanmış itə sataşanda, duruxub qaldım. İt qoca və pezəvəng idi. Bayaq evə girərkən burnumu qıcıqlandıran kəsif qoxu iyinin hardan gəldiyini, deyəsən, indi anlamağa başlayırdım. İtin könülsüz halda başını qaldırıb, yalnız bircə ağız hürməsindən, onun hələ sağ olmasını anladım. İt hürərkən onun cəhənglərindən süzülən selikqarışıq maye ürəyimi bulandırsa da, özümü zorla saxladım… Çoban itinə oxşar bu itin kiçik bir otaqda, qadınla birlikdə olması məni təəccübləndirdi. Görkəmindən ev şəraitində saxlanılan itlərə heç cür bənzəmirdi. O, çox kobud və yöndəmsizdi. Fikirləşdim ki, əgər bu it ev-eşiyi qorumaq üçün saxlanılırsa, bəs niyə görə ona həyətdə bir yer ayrılmamışdır? Həm də, həyatın bütün əzabını yaşamış, başı olmazın işgəncələrini çəkmiş bir qadının evində it saxlaması, – yəqin ki, bu iti o qulaqyoldaşı seçmişdi özünə, – mənə heç cür çatmırdı. İtə hədsiz dərəcədə maraq göstərməyim, fikirlərimi dağıdaraq, məni əsas məsələdən yayındırırdı. Amma əmin idim ki, itlə qadının arasında nə isə, xırda da olsa, bağlılıq vardır. Bu indilərdə məni maraqlandırmasa da, ürəyimdən keçirtdim ki, əgər söhbətimiz alınarsa, hökmən bu barədə ondan bir şey soruşacağam.

Qadın məndən bir qədər aralıda, divarın küncünə qoyulmuş kətilin üstündə oturdu və başını aşağı salaraq susdu. Söhbəti nədən başlayacağımı özüm də bilmirdim. Ondan nələr soruşacağımı bu bir ildə, bəlkə yüz dəfələrlə ürəyimdə götür-qoy etsəm də, indi onların heç biri yadıma düşmürdü. Beynimdə ilişib qalan, suallardan biri, bu zavallı qadının üç il əsirlikdə olduğu müddətdə nələr çəkməsi idi. Əslində, onun hansı əzablar çəkdiyini anlayırdım. Əgər bu barədə durub danışsaydım, onun özünü də təəccübləndirəcəkdim. Zarafat deyil, bu insan üç il əsirlikdə yaşamışdı. O, həyatın dözülməz ağrılarıyla baş-başa qalmışdı. Yəqin ki, çəkdikləri mənim duyduqlarımdan qat-qat ağır olardı. Əlbəttə, bu belə də olmalıydı, axı biz hər şey barədə nisbi fikirləşirik. Fikir və duyğular isə gerçəkliyi əks etdirmir.

Dönüb evi bir də gözucu nəzərdən keçirtdim. Gözlərim yenə də otağın küncündə mürgüləyən köpəyə sataşanda, istədim ki, söhbəti elə buradan başlayım və soruşum ki, itin bu evdə nə işi var? Amma tezcə də fikrimdən daşındım, düşündüm ki, söhbəti bu yöndən başlamağım qadının qəlbinə toxuna bilər. Odur ki, sözümü başqa səmtdən salaraq soruşdum:

– Səidə xanım, necəsiniz?

Mənim səsimdən, o, sanki yuxudan qəfil ayılan adamlar kimi dinksindi. Sonra başını asta-asta qaldıraraq, nəzərlərini üzümə dikdi, acıqlı, amma güclə eşidiləcək səslə:

– Əgər söhbətimizin alınmasını istəyirsinizsə, bir də mənə xanım deməyin! – dedi və bir qədər susdu. Sonra dişlərini bir-birinə sıxaraq, başını asta-asta qaldırıb gözlərimin içinə baxdı və:

– Mən xanımlığımı da, analığımı da orda, düşmən əsirliyində olarkən qoyub gəlmişəm. Məni adımla çağır… mənə belə xoşdur! – dedi.

Söhbətin ilk başlanğıcında belə sərt üzlə qarşılaşacağımı gözləmədiyimdən bir qədər tutuldum. Amma onun bu sözləri, elə bil bütün yaddaşımı oyatdı. Bayaqdan beynimin künc-bucağında ilişib, qalmış suallar, sanki bir-bir yaddaşıma axırdı. İndi-indi xatırlamağa başladım ki, mən hər dəfə onunla görüşə gələndə cibimə, qabaqcadan yazıb hazırladığım suallar qoyardım. Görüşümüz baş tutmayanda, geri dönərkən vərəqə yazdığım həmin sualları cırıb atar və axşam yenilərini yazmağa başlayardım. Bu minvalla hər gün, hər gecə yeni suallar axtarıb tapar və hər gün də tapdığım o sualları yenidən cırıb atardım. Bu hesabla mənim ona verəcəyim sualların sayı-hesabı ölçüyə gəlməz dərəcədə çox idi. Amma bayaqdan söhbətimizə nərdivan olası bir sual belə tapa bilmirdim. O, bu sözləriylə mənə köməklik etdi və əsirlikdə olmasını dilə gətirməklə, ondan nələr soruşacağımı, sanki öz əlləriylə ipə-sapa düzdü. Ancaq onun sərt və acıqlı sözləri məni bir anlıq da olsa çaşdırdı, dilim dolaşa-dolaşa:

– Əlbəttə… əlbəttə… Siz necə məsləhət bilirsiniz elə də olsun, – deyə özümü vəziyyətdən çıxarmağa çalışdım.

Qadın bir qədər susdu. Sonra nəzərlərini üzümdə cəmləyərək:

– Söz verin ki, bu danışdıqlarımızdan heç kəs xəbər tutmayacaq və bu barədə heç kəsə bir kəlmə də olsun deməyəcəksiniz. Çünki mən iki ildir ki, burada yaşayıram, – dedi, – hələ qonşular mənim kimliyimdən, hardan gəldiyimdən, düz ağıllı-başlı xəbərləri yoxdur. Onlar məni, sadəcə olaraq, ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar. Burada heç kəslə əlaqəm yoxdur. Amma qonşular hər gün səhərlər qapının ağzına itə və mənə ərzaq qoyurlar. Geyindiym pal-paltarlar da onlarınkıdır. Haradan gəldiyimi də, əsirlikdə yaşadığımı da hamıdan gizlin saxlayıram. Burada qeydiyyatım olmadığına görə, dövlətdən yardım da almıram. İstəyirəm ki, hər şey gizlin qalsın. Bu illər ərzində sağ qalan qohum-əqrabalarımın heç birini soraqlayıb, aramamışam. Bilirəm ki, onlar məni ölmüş bilirlər. Qoy, belə də olsun. Bu mənimçün daha yaxşıdır. İndi siz məni başa düşürsünüzmü? Söz verirsinizmi, danışdıqlarımızın hamısı ikimizin arasında qalacaqdır?!

Mən hər şeyə razı idim. Hansı təklif edilsəydi belə, sözsüz razı olacaqdım, təki o, mənimlə dərdlərini, fikirlərini bölməyə razılıq verəydi. Ona görə də, tezcə öz razılığımı bildirdim:

– Əlbəttə, hər şey sizin razılığınızla olacaq, başqa cür ola bilməz. Siz qətiyyən narahat olmayın, – dedim. – Amma mən də xahiş edirəm, heç nə gizlətməyin, nə varsa hamısını açıq danışın. Əgər bacarsanız, məni özünüzə doğma, əziz bir adam bilin. Hər şeyi başa düşürəm. Bilirəm ki, olub-keçmişləri xatırlamaq sizin üçün nə qədər ağırdır. Çalışın ki, özünüzü ələ ala biləsiniz.

Araya bir qədər sükut çökdü. Qadın danışmağa tərəddüd edirdi. Bəlkə də o, söhbətin haradan başlayıb, harada qurtaracağını fikirləşirdi. Onun nə fikirləşdiyini deyə bilmərəm, amma hiss edirdim ki, təlaş içərisindədir. Onun narahatçılığı açıq-aydın hiss olunurdu. Elə bu vaxt evin küncündə uzanmış it, ağzını geniş açaraq uzun dilini bayıra çıxarıb əsnədi. Sonra üzünü sahibinə tutaraq bir-iki ağız hürdü.

Qadın ayağa qalxıb, evin başqa bir küncündə, pərdə çəkilmiş xəlvət yerə girdi. Bir azdan əlində qab oradan çıxıb itə tərəf getdi. Əlindəki qabı itin qabağına qoyub, özü də dizüstə çökdü. İt yalmanaraq başını asta-asta qadının dizilərinə sürtdü, sonra acgözlülüklə qabdakı yeməyə girişdi. Qadın isə məsum və məzlum baxışlarıyla itin yemək yeməsinə tamaşa edə-edə, onun iri, tüklü başını sığallayırdı. Diqqətlə onlara baxdığımı görüb:

– Oğlum Ruslandır!.. – dedi. Sonra itin çənəsindən tutub ehmalca silkələyərək:

– Anasından qoca görünür, elə deyilmi? – deyə gülümsədi.

Həmin anda qadının bayaq dediyi sözlər yadıma düşdü: «Qonşuların mənim kimliyimdən, haradan gəldiyimdən xəbərləri yoxdur. Onlar məni ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar».

Doğurdanmı, bu qadın ruhi xəstədir? – deyə, düşündüm. Davranışından və danışığından ruhi xəstəliyə tutulması o qədər də hiss olunmayan bu insanın düşdüyü vəziyyət ürəyimi ağrıtdı.

İt qabdakı yeməyi yeyəndən sonra, uzun qırmızı dilini çıxararaq, ağız-burnunu yalmağa başladı. Qadın isə, sanki otaqda olduğumu unudaraq, itlə əylənməkdə davam edirdi. Bu dəmlərdə onun eyni açılmışdı, bayaqkı qaş-qabağlı adam deyildi, elə bil. İt də, qadının ona göstərdiyi nəvazişdən şellənərək, o yan-bu yana aşaraq, sahibinin əllərini yalayırdı.

– Oğlumun beş yaşı var, yaman qocalıb, – deyə o, xəfifcə gülümsədi. Onun gülümsəməsi acıqlı sifətini açmaq əvəzinə, bir az da qeyizləndirdi. Sanki o, heç ömründə gülməmişdi. Qadın bir azdan ayağa qalxıb əvvəlki yerinə qayıtdı və əllərini qoynunda çarpazlayaraq, gözlərini bir nöqtəyə dikib qaldı. Sakitcə oturub ona tamaşa edirdim. Gözləyirdim ki, hər şeyi özü danışsın. O isə tələsmirdi. Fikirlərini bir yerə toparlamaq üçün, sanki uzun-uzadı vaxt lazım gəlirdi ona. Nəhayət ki, dilləndi:

На этой странице вы можете прочитать онлайн книгу «Əsir qadın», автора Meyxoş Abdullah. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «реализм», «драма». Книга «Əsir qadın» была написана в 2008 и издана в 2022 году. Приятного чтения!