Читать книгу «Albert Eynşteyn» онлайн полностью📖 — Лорана Сексика — MyBook.

İşıq ili

1905-ci il. Eynşteyn «Fizika salnaməsi»ndə beş məqalə çap etdirir. Gənc alimin həmin məqalələri fizikada, ümumilikdə isə elm aləmində əməlli-başlı dönüş nöqtəsinə çevrilir. 1905-ci il mart ayının 17-də onun kvant nəzəriyyəsi haqqında birinci məqaləsi dərc olunur. Həmin məqalə işığın təbiəti haqqında təsəvvürləri büsbütün dəyişir. Sonrakı iki məqalə atomun mövcudluğunun sübutu və Avoqadro sabitinin hesablanması ilə nəticələnir ki, bu da atomla bağlı tədqiqatlarında irəliyə doğru atılmış nəhəng addım hesab olunur.

Həmin ilin iyun ayının 30-da jurnal hərəkət edən cisimlərin elektrodinamikasından bəhs edən yeni məqaləni çap edir. Sentyabrın 27-də isə gənc alim beşinci – sonuncu məqaləsində nüvə energetikasının əsasını təşkil edən düsturu açıqlayır. Kütlə və enerjinin qarşılıqlı əlaqəsini göstərən bu düstur indi hamıya məlumdur: E = mc2.

«Fizika salnaməsi»ndə çap olunan bu beş məqalə elmi yaradıcılıqda nadir hadisə sayılır. İyirmi beş yaşlı gənc vur-tut yarım il ərzində işığın yeni tərifini verir, atomun mövcudluğunu isbatlayır, molekulların hərəkətini açıqlayır, məkan və zaman konsepsiyasını kəşf edir.

Eynşteyn iyulun 20-də «Molekulun ölçüsünün yeni tərifi» adlı dissertasiyasını müdafiə edərək, nəhayət ki, Sürix Universitetinin professoru adını qazanır. Qəribədir ki, fakültə rəhbərliyi əvvəlki beş məqalədən heç birini namizədlik dissertasiyasına layiq görmür! Lakin həmin məqalələrin sonradan fizikada misli görünməmiş sarsıntılara yol açdığı birmənalıdır.

Bu yerdə Eynşteynə dünya şöhrəti gətirən nisbilik nəzəriyyəsinə bir qədər diqqət ayırmaq lazımdır.

Vaxtilə Nyuton işığın və zamanın sürətinin sabit olduğunu bildirmişdi. Eynşteyn isə zamanın sabit olmadığını göstərir. Onun fikrincə, işığın sürəti sabit qala bilər, ancaq zaman dəyişməz deyil. Nisbilik nəzəriyyəsinə görə, insan hərəkətdə olarkən zaman onun üçün yavaşıyır, sükunətdə olarkən isə daha sürətlə keçir.

Sonra gənc alim daha dəlisov bir fikir irəli sürür: zaman və məkan bir-birindən ayrı deyil, ən əsası isə keçmiş və gələcək bir illüziyadır, keçmişdə və gələcəkdə baş verən hadisələr, əslində, tamam fərqli bir zaman müstəvisində gerçəkləşir.

Eynşteyn köhnə fizika elminin təməlini sarsıdaraq müasir fizikanın əsasını qoyur. Beləcə, iyirmi beş yaşlı bu gənc dünya haqqında təsəvvürləri alt-üst edən yeni nəzəriyyəsini yaradır.

E = mc2. Bu ən məşhur düstur haqqında nə demək olar? Onun nisbilik nəzəriyyəsinə heç bir dəxli yoxdur. Həmin düsturla bağlı Albertin «Cismin ətaləti onun enerjisinin miqdarından asılıdırmı?» başlıqlı məqaləsi var. Eynşteyn belə bir fikrə gəlir ki, cismin kütləsi onun enerjisi ilə ölçülür. Alimlər sonralar bu qənaətə gələcəkdilər ki, əgər ən ağır nüvəli (uran) kütlə tapılsa, ondan çox böyük enerji əldə etmək olar. Bəli, ağır kütlə bölünmə zamanı son dərəcə böyük enerji yarada bilər. Lakin təqvim hələ 1905-ci ili göstərir və Eynşteyn dahi olsa da peyğəmbər deyil. Atom bombası yalnız qırx il sonra yaradılacaq. Kimlərsə Eynşteyni bu qorxunc, böyük fəlakətlərə yol açan icadın «xaç atası» hesab edəcək. Eyni zamanda bəşəriyyət elmi nailiyyətlərin heç də həmişə gələcək nəsillərə firavanlıq gətirmədiyi-ni anlayacaq.

Qısası, Albert bir-birinin ardınca heyrətamiz elmi yeniliklərə imza atır, məsələn, maddəni atomlara parçalayır. Onun etdikləri Heraklın qəhrəmanlıqlarına bərabərdir. Ancaq gənc alim özündən tam razı deyil: XX əsrin əvvəllərinə gəlib çatıblar, intəhası, insanlar hələ də işığın necə yarandığını izah edə bilməyiblər. Bu mənada fizika daş dövrünü yaşayır, alimlər isə qaranlıq aləmdə azıb qalıblar.

Eynşteyn əmindir ki, dünya işıqla bağlı sualların cavabından mütləq agah olmalıdır. Çünki işıq ilk mənbədir. Planetlərin yaşını, Qalaktikanın necə yarandığını yalnız onun sayəsində ortaya çıxarmaq mümkündür.

Nyuton işığın dalğalı təbiətə malik olduğunu deyirdi. Maks Plank XX əsrin əvvəllərində fizika elminin inkişaf istiqamətini müəyyənləşdirərək işığın kvantlardan ibarət olduğunu irəli sürür. Albert isə Plankın bu fikrinə söykənərək sübut edir ki, işıq davamlı yox, hissə-hissə, yəni fotonlarla paylanır və bununla da fotoelektrik effektini izah edir. Fotoelektrik effekti müəyyən materialların üzərinə işıq şüaları salmaqla həmin materiallardan elektronların sıxışdırılıb çıxarılması hadisəsidir.

Məhz bu elmi tədqiqat işinə görə Eynşteyn 1921-ci ildə Nobel mükafatına layiq görülür.

Berlindən Berlinə

1906-cı il. Elmdə edilən çevriliş, dünyanın aparıcı fizika jurnalında çap olunan beş məqalə… Eynşteyn göyün yeddinci qatındadır? Xoşbəxtlikdən məst olub? Qətiyyən! Albert hər səhər patent bürosuna piyada gedir və bu zaman onun üzündən nə yorğunluq, nə də sevinc oxunur.

Eynşteyn 1906-cı ilin yanvar ayının 15-də, nəhayət, Sürix Universitetində doktorluq dərəcəsi alır.

Əslində, onun həyatında çox şey dəyişməyib. Günləri əvvəlki qaydada ötüb-keçir. Gənc alimi hələ ki, tam başa düşə bilmirlər. Doğrudanmı həmişə belə olacaq? Bu sual onu narahat edir. Həmin narahatlıq içində Alberti sevindirən yeganə hadisə 1904-cü il mayın 14-də baş verir – oğlu Hans Albert dünyaya gəlir. Bu, cavan ər-arvadın yaddaşında ən xoşbəxt məqamlardan biri kimi qalacaq. Övladının doğum xəbərini eşidən Eynşteyn şəhərin küçələrilə qaçaraq özünü xəstəxanaya çatdırır, arvadının alnından öpür, körpəni sinəsinə sıxır. O harada olursa olsun, hansı çətinliklərlə üzləşirsə üzləşsin, övladlarından sevgisini heç vaxt əsirgəmir.

Həmin dövrdə Albertin həyatındakı xoşbəxt anların bir qismi də «Olimpiya» akademiyasının yığıncaqları ilə bağlı idi. Dostları Solovin, Qabixt və Besso ilə birgə Bern pivəxanasında keçirilən bu yığıncaqlarda elmi planlar qurulur, Eynşteynin məqalələrinin nə vaxt inqilab yaradacağı məsələsi müzakirə edilirdi. Sanki tezliklə fizikada böyük dönüşün baş verəcəyinə yalnız bu dörd nəfər inanırdı.

1908-ci ildə, nəhayət, ona Bern Universitetində dərs deməyə icazə verilir. Bir neçə ay mühazirələrini dinləməyə yalnız üç-dörd nəfər gəlir. Onlar da, əsasən, öz tanışlarıdır: Mikele Besso, bacısı Maya…

Eynşteyn şöhrətə çatmağı arzulayır və buna nail olacağına bütün varlığı ilə inanırdı. Odur ki tədqiqatlarını davam etdirirdi. Onun sevimli mühakimə metodu «Düşüncə eksperimenti» idi. Bir çox alimlərin sevmədiyi, ancaq Qalileylə Kopernikin çox bəyəndiyi bu metod dolaşıq nəzəri hesablamalara söykənmir. Onun əsasında xəyali eksperimentlər dayanır; bu cür eksperimentlər isə praqmatizmin, intuisiya və yaradıcı təxəyyülün məhsuludur.

Eynşteyn enerji ilə cazibə və enerji ilə hərəkət arasındakı əlaqəni araşdırır. Nəhayət, bir səhər yarıqaranlıq kabinetində onun beyninə «həyatının ən gözəl ideyası» gəlir.

Sərbəst düşmə vəziyyətində olan insan öz çəkisini hiss eləmir. Bu çox sadə həqiqətdir. Ancaq Aristotel ağırlıq qüvvəsi haqqında suala cavab verəndən sonra heç kim onun haqda düşünməyib. Bundan başqa, sərbəst düşmə vəziyyətində olan adam eyni vaxtda əlindəki daşı buraxarsa, o bu daşın düşməyini görməyəcək: onunla eyni sürətlə düşən daş insanın gözündə tərpənməz qalacaq. Ancaq kənar müşahidəçi bu daşın düşdüyünü görəcək. Deməli, cazibə qüvvəsi nisbidir! Zahirən bayağı görünən bu fikir onun daxilində təlatümlər yaradır. Eynşteyn hiss edir ki, kütlə ilə hərəkət arasındakı nisbəti tapıb. Evrika! Sürət və ağırlıq qüvvəsi bir-birinə mütənasibdir!

İdeyalar onun beynində sürətlə inkişaf edir. Üstəlik, onun bir neçə il öncə – 1905-ci ildə «Fizika salnaməsi»ndə çap etdirdiyi elmi məqalələr, tədricən də olsa, elm aləmini silkələməyə başlayıb…

Budur, Berndən çox-çox uzaqlarda, Prussiya paytaxtının mərkəzində, kitab şkafları ilə bəzənmiş kabinetdə bir adam jurnal oxuyur. O sanki ovsunlanıb. Jurnalı səhifələyir, bir an sonra əvvəl oxuduğuna qayıdır, başqa nömrəyə əl atır, onu da vərəqləyir. Hərdən gözünü səhifədən ayırmadan, mexaniki olaraq nəsə yazır. O həm bu jurnala, həm də Berlindəki Prussiya Akademiyasının fizika kafedrasına rəhbərlik eləyir. Həmin adam müasir fizikanın yaradıcısı, görkəmli alim, professor Plankdır. Artıq bir neçə həftədir adı hələ elm aləminə çox da məlum olmayan Eynşteynin məqalələrinin üstündə baş sındırır.

Albertin beş məqaləsi onun jurnalında çap olunandan sonra Plank qələmə əl atmaq qərarına gəlir. O, Prussiya Akademiyasının blankına qısa bir məqalə yazır və katibəyə verir ki, zərfə qoysun. Beləliklə, bu adam öz əli ilə başqa birini elm məbədinə daxil edir.

Plank nisbilik nəzəriyyəsinin kəşfini «böyük hadisə» adlandırır. Məqalədə Kopernik də xatırlanır, bununla belə, əlbəttə ki, ilk növbədə Eynşteynin adı ön plana çıxır.

Albert indi Bernin küçələrində vüqarla addımlayır. Çox keçmədən Plankla gənc alim məktublaşmağa başlayırlar. Bundan sonra Plank assistenti Layeni29 Eynşteynin yanına göndərir. Görüşdən qayıdan Laye öz təəccübünü Plankla bölüşür: sən demə, bu böyük zəka sahibi Bernin hansısa patent bürosunda işləyir və mənasız həyat sürürmüş. Dərhal onunla görüş təyin olunur.

Münhendə, Höttingendə, Parisdə Plankın yazdığı məqaləni maraqla oxuyur, «Fizika salnaməsi»nin gözdən qaçan nömrələrini axtarırlar. Eynşteynin yazdıqları saf-çürük edilir: kimlərsə yazılanlardan şövqə gəlir, bir başqaları fırıldaqçılıqdan dəm vurur, üçüncülər isə gözləmə mövqeyi tutur. Lakin bu yeni nəzəriyyə haqqında öz tələbələrinə danışmağa cəsarət edənlər də tapılır.

Nəhayət, 1909-cu ildə Sürix Universitetinin rəhbərliyi iki addım aralıda ideyaları elm aləmini silkələyən gənc alimin yaşadığının fərqinə varır. Universitet Eynşteynə professor yeri təklif etmək barədə düşünür. Ancaq həmin vəzifəyə Fridrix Adler də namizəddir. Yuxarıda qeyd olunduğu kimi o, «Politexnikum»da oxuduğu vaxtdan Eynşteyni tanıyırdı. Fridrix bu xəbəri eşidən kimi öz namizədliyini geri götürür.

1909-cu ilin payızı: Eynşteynlər ailəsi Berndən Sürixə köçür. Oktyabr ayında Albert universitetdə professor vəzifəsinə qəbul olunur. Mileva çox sevdiyi Sürixi bir daha özü üçün kəşf edir. O, xoşbəxtdir, həyatının çox hissəsini burada yaşayacaq. 1910-cu il iyulun 28-də onların ikinci oğlu Eduard dünyaya gəlir.

Eynşteyn artıq tanınmağa başlayıb. Şöhrətin qapıları onun üzünə açılıb. Plank Berlin Universiteti qədər nüfuzlu Praqa Universitetinə məktub yazır. Eynşteyni XX əsrin Koperniki hesab edən alim öz həmkarına gənc tədqiqatçını himayəsinə almağı məsləhət görür. Beləliklə, Eynşteyn Mariya Küri30 ilə eyni vaxtda Cenevrə Universitetinin fəxri doktoru titulunu alır.

Sentyabr. Albert elmi konqresdə Plankla qarşılaşır. Onlar ilk dəfə görüşürdülər.

Görüş çox yaxşı keçir, sanki köhnə dostlar uzun illərin ayrılığından sonra yenidən üz-üzə gəlmişdilər. Bu isti münasibət sonradan möhkəm dostluğa çevrilir, hətta keşməkeşli 30-cu illərin sınağından da çıxır.

Sürix Universitetində doktor Eynşteynin mühazirələri geniş auditoriya toplayır. Artıq Berndə üç-beş adamın yer aldığı mühazirələr geridə qalıb. Tələbələr «yeni Kopernik»i dinləməyə can atırlar. Bununla belə, onun mühazirələrinin xeyli mürəkkəb olduğunu hamı etiraf eləyir. Albert mühazirələrində özünü maraqlandırmayan mövzulara toxunmur. Müəllimin səsində hərdən yorğunluq, əsəbilik duyulur.

Ziyalı mühitində də Eynşteyni barmaqla göstərməyə başlayıblar. Sürixin kübar dairələrində onu həvəslə qəbul eləyirlər. Albert bir neçə dəfə Yunqla31 görüşüb. Eynşteynləri tez-tez ailəlikcə nahara dəvət edirlər. Onlar ömürboyu bu şəhərdə yaşaya bilərlər…

Lakin taleyin gedişatını dəyişmək olmaz. Eynşteyn şöhrət yolunda irəliləmək üçün rahat ailə həyatından ayrılmaq məcburiyyətindədir. Onun şöhrəti artıq İsveçrənin sərhədlərini aşıb.

1910-cu il: Avstriya imperatoru I Frans İosif maarif nazirinin vasitəsilə alimə Praqanın Karl-Ferdinand Universitetində Fizika kafedrasına rəhbərlik təklif edir. Ancaq burada da onun rəqibi var; intəhası, həmin rəqib – görkəmli alim Yuman32 o vaxt Eynşteyn qədər məşhur deyildi. İkisi arasında seçim universitetin nüfuzlu fiziki Lampa33 həvalə olunur və o, Albertə üstünlük verir. Lampın arxasında Plank dayansa da, onun seçimi həyata keçmir və son qərar Yumanın xeyrinə olur. Yuxarıdan belə tapşırıq verilib. Səbəbi isə Eynşteynin milli mənsubiyyətində axtarmaq lazımdır.

Belədə Yuman namizədliyini geri götürür.

1911-ci ilin mart ayı: Albert Avropa fizikasının məbədlərindən birinə daxil olur. Söhbət Mərkəzi Avropanın qədim Praqa Universitetindən gedir. Həmin vaxt bu ali məktəbin rektoru fizikanın atası sayılan Ernst Max idi.

Beləliklə, Eynşteyn Sürixdən gedir. Ulm, Münhen, Aarau, Bern və nəhayət, Praqa… Lakin bu dəfə Albert tək deyil. Mileva göz yaşlarını saxlaya bilmir. O, Sürixi tərk etmək istəmir. Alberti fikrindən daşındırmağa isə gücü çatmır. Eynşteyn tezliklə onları öz yanına aparacağına söz verir. Gənc alim bir əlində yol çantası, digər əlində skripka qatara minir.