Читать книгу «Albert Eynşteyn» онлайн полностью📖 — Лорана Сексика — MyBook.

Dahinin oyanışı

İsveçrənin ən böyük şəhəri Sürix – Eynşteynin arzuladığı cənnətdir. Dərslərin yenilikçi metodlarla tədris edildiyi Ali Federal Politexnik Məktəbi – məşhur «Politexnikum». Bu məktəbin şöhrəti ölkənin sərhədlərini aşıb. Müəllimlər və tələbələr diqqətlə seçilir. Ancaq birinci kursa qəbul olunması üçün Eynşteynin yaşı çatmır. Deməli, iki il gözləmək lazım gələcək. Lakin ana tərəfdən qohumunun sayəsində Albert qəbul imtahanlarına buraxılır.

Qeyd edək ki, Albert Sürix vağzalına 1895-ci ilin oktyabrında düşmüşdü. O, yad şəhərdə, tanımadığı ölkədə yenə tək idi. Ancaq sanki bu vəziyyət artıq onu qorxutmurdu. Beləliklə, Albert mehmanxanada otaq götürür. Səhər məktəbə yollanır. Bu gün taleyi həll olunacaq. İmtahan – ən başlıca sınaqdır.

Riyaziyyatdan suallar onun üçün uşaq oyuncağı kimi bir şeydir. Texnologiya da həmçinin. Lakin əfsuslar olsun ki, burada fransız dilini mükəmməl bilmək tələb olunur, Eynşteyn isə bu dildə yalnız bir-iki söz bilir. Alman ədəbiyyatı? Bu onu xilas etməyəcək. Maraq dairəsinə daxil olmayan təbiət elmlərindən isə heç danışmağa dəyməz.

Bir neçə gündən sonra qəbul olunanların siyahısına həyəcanla göz gəzdirir. Lakin orada öz adını görə bilmir.

Şəhərdən getməyə hazırlaşdığı vaxt onu direktorun yanına çağırırlar. Direktor deyir ki, Albertin imtahandan aldığı qiymətlər başqa abituriyentlərin göstərdikləri nəticəni bir xeyli üstələyib. Onun yaşına görə bu, son dərəcə qeyri-adi hal hesab oluna bilər. Odur ki direktor Eynşteynə daha bir şans vermək istəyir. Sürix yaxınlığındakı Aarau qəsəbəsində orta məktəbə daxil olmasını məsləhət görür. Bu, dağların arasında yerləşən bələdiyyə məktəbidir. Albert fikirləşmədən razılıq verir.

Əlində çamadan qəsəbənin baş küçəsiylə ayaqlarını sürüyə-sürüyə gedir. İlk dəfədir gələcəyi sarıdan nigarandır. Başında cürbəcür suallar dolaşır.

Evlərində qalacağı ailə Alberti çox gözəl qarşılayır. Ailənin başçısı Yost Vinteler onu yanına oturdub, özü haqqında danışmasını xahiş edir. Nə danışsın? Ona otaq hazırlayıblar. Artıq Alberti də bu ailənin bir üzvü hesab edirlər. Vintelerin oğlu Paul onu qısqanmır. Kiçik qızları Mariya isə Alberti maraqla süzür: indiyə kimi hələ heç bir qız ona belə baxmayıb. Onların tez qurulan münasibəti zamanın sınağından keçməyəcək, Paul isə Albertin bacısı Maya ilə evlənəcəkdi.

Yost Vinteler yemək süfrəsi arxasında dünyadakı vəziyyətdən, siyasətdən uzun-uzadı söhbətlər eləyir. Müasir mütəfəkkirlərdən misal çəkir, Rusiyada baş verənlərdən danışır. Rus çarının taxt-tacı başqa dünya qurmağın mümkünlüyünə inanan gənclərin hərəkətləri nəticəsində laxlayıb. Marksın13, Leninin14 adları çəkilir. Albert ağzını açıb maraqla qulaq asır. Onda siyasətə həvəs məhz bu evdə yaşadığı vaxt yaranır. Söhbət bəzən gecə yarısına qədər uzanır. Albert vaxtilə Talmuddan Rusiya barədə eşitdiklərini söyləyir. Yost ona demokratiyanın, sosializmin prinsiplərini başa salır, Marksın kitablarını verir. Ən başlıcası da ona müstəqillik ruhu, siyasi şüur aşılayır. Yost bu mənada Albert üçün bütün həyatı boyu mənəvi ata olaraq qalacaq.

Bir sözlə, bu böyük evdə Eynşteyn öz ikinci ailəsini tapır. Bələdiyyə məktəbində tədris metodları Münhen gimnaziyası müəllimlərinin amiranə göstərişlərindən çox fərqlidir. Burada həqiqi mənada uşaqları maarifləndirir, elm öyrədirlər. Tədris olunan nəzəriyyələrin təcrübədə təsdiqi üçün Albertin ixtiyarına müxtəlif cihazlar verilir. Bəlkə də, Albert məhz burada özünü fizik kimi kəşf edir. Riyaziyyatı həmişə başlıca məqsədi hesab etsə də, artıq yolunun başqa olduğunu anlayır. Həndəsə və cəbr bu yolda yalnız vasitədir, fikirlərini cilalamaq üçün alətdir. Albert sövq-təbii olaraq hiss edir ki, ağlını kainat sirlərinin izahına sərf etməlidir.

Məktəbin kitabxanası çox zəngindir. O hər şeyi birnəfəsə oxuyur. Böyük fiziklərin əsərlərini daha çox xoşlayır. Kainatın sirlərinin indiyə qədər necə izah edildiyini bilmək istəyir. Fizikanın yaradıcısı Aristoteli özü üçün kəşf edir. Bu yunan filosofunun onun sevimli fənni barədə yazdıqlarının hamısını oxuyur. Sonra Kopernik, Nyuton, Leybnits… Nəhayət, özünün müasirləri olan Max15, Plank16, Maksvell17, Hers18. O hər gün şər qarışana qədər bu kitabxanada elm dəryasına qərq olur.

Albertin on altı yaşı var. O, maqnit sahəsini öyrənir. Dağların arasında itib-batmış qəsəbədə yaşayan bu cavan oğlan artıq İsaak Nyutonun kəşflərinə, onun gəldiyi nəticələrə tənqidi yanaşır!

Bir il ötür. Albert bu bir ilini elmə, şəhərətrafı gəzintilərə, siyasi şüurunun yüksəlməsinə və Yost Vintelerin qızı Mariyaya həsr edir. Heç şübhəsiz bu zaman kəsiyini onun ömrünün ən gözəl dövrü hesab etmək olar.

1896-cı ilin sentyabr ayı. Sürix «Politexnikum»una qayıdış. Nəticələr onun gözləntilərini doğruldur. Albert «Politexnikum»a qəbul olunur. Bu məktəb riyaziyyat və fizika müəllimləri hazırlayır. On yeddi yaşlı Eynşteyn öz qrupunda ən gənc tələbədir. Təhsil müddəti dörd ildir. Sürixdə dolanışıq bahadır. Ana tərəfdən qohumlarının göndərdiyi pulla zorla dolanır. Valideynləri maddi cəhətdən ona kömək eləyə bilmirlər. Ailə çətin vəziyyətdədir. Germanın Milandakı müəssisəsi iflasa uğrayıb. O yalnız 1899-cu ildə özünə şəhər elektrik şəbəkəsində babat bir iş tapacaqdı. Lakin bundan cəmi üç il sonra vəfat edəcək və oğlunun hansı zirvələrə qalxdığını görməyəcəkdi…

Sürix onun Mariya Vintelerə olan sevgisinin üstündən xətt çəkir. Get-gedə məktubların arası kəsilir. Bu, Mariyanı depressiyaya salır. Ailələrin arzusu həyata keçmir. Paulina çox istəyirdi ki, Mariya onun gəlini olsun. Çünki qızın ailəsi yəhudi ənənələrinə sadiq idi. Bir də ki, yəhudilər yalnız yəhudi anadan doğula bilər. Övladlarından hansınınsa bu ənənəni pozacağı, başqa millətdən olan insanla ailə quracağı fikri Paulinanı əndişəyə salırdı. Necə yəni, Paulinanın nəvələri yəhudi olmayacaq?! O buna dözərmi? Nə etməli, həyatı proqnozlaşdırmaq mümkün deyil…

Albert təhsildən məmnundur: məktəbdəki müəllim heyəti ürəyincədir, tədrisin keyfiyyəti gələcəyin böyük aliminin tələblərinə cavab verir. Məktəbin direktoru Veber19, eyni zamanda fizika kafedrasına rəhbərlik edir. Veber şagirdinin qabiliyyətinə heyran qalıb. Albert isə onun timsalında, axır ki, arzuladığı müəllimi tapıb! Nəzəriyyələrini Veberin laboratoriyasında sınaqdan keçirəcəkdi. Təcrübə vaxtı baş verən partlayışda əlini zədələyəcək və bir müddət skripka çala bilməyəcəkdi.

Həmin dövrdə fizika bir elm sahəsi kimi artıq riyaziyyatdan ayrı tədris olunmağa başlamışdı. Albert inkişaf dövrünü yaşayan bu elmi öyrənməyə girişir. Təcrübələrə getdikcə artan marağı, həvəsi onu nəzəriyyədən uzaqlaşdırır. Riyaziyyata həvəsi sönür. O deyirdi: «Nəzəriyyəni təcrübə ilə yoxlamaq olar, ancaq təcrübədən nəzəriyyəyə aparan yol yoxdur». Albertin bu yanaşması müəllimi, riyaziyyat dahisi Minkovskini20 razı salmır. Eynşteyn sonralar «elmlərin şahı»na etinasızlıq göstərdiyinə görə peşman olacaqdı. Riyaziyyata həvəsinin qəfil sönməsi onun elmi axtarışlarını ləngidəcəkdi. Lakin nisbilik nəzəriyyəsi üzərində işləməyə başlayanda riyaziyyatla əlaqəni yenidən bərpa edəcəkdi.

«Politexnikum»da böyük dostluqların da əsası qoyulur. Avstriya sosial-demokratlarının lideri Viktor Adlerin oğlu, 1879–1960-cı illərdə yaşamış Avstriya siyasətçisi və inqilabçısı Fridrix Adler ona inqilab nəzəriyyələrini aşılamağa çalışsa da, buna nail ola bilmir. Fridrix 1916-cı ildə Avstriya baş nazirini qətlə yetirəcəkdi. Eynşteyn isə I Dünya müharibəsindən (1914–1918) sonra Adlerin vaxtından əvvəl azad edilməsi üçün düzənlənəcək kampaniyaya qoşulacaqdı.

Albert həmçinin gələcəkdə böyük tədqiqatçı kimi yetişəcək Marsel Qrossmanla (1878–1936-cı illərdə yaşamış İsveçrə riyaziyyatçısı) birlikdə Sürix institutunun yanındakı «Metropol» kafesinin ab-havasını dəyişəcək, Mikele Ancello Bessonun (1873–1955-ci illərdə yaşamış italiyalı mühəndis) şəxsində isə ən sadiq dostunu tapacaqdı.

O dövrdə Sürixdə kimlər yox idi: sürgün olunanlar, qaçqınlar, casuslar… Trotskinin21 yolu Sürixdən keçmişdi, Lenin bu şəhərdə yaşayırdı. Hər kəs burada özünü tamamilə sərbəst hiss eləyə, müxtəlif ideoloji baxışlar, dünyagörüşlər barədə azad şəkildə mübahisə apara, mühakimə yürüdə bilərdi. Bir sözlə, Eynşteyn gəlib dünyanın yolayrıcına çıxmışdı…

***

Mileva Mariç. Deyilənlərə görə, bu qadında gözəllik adına heç nə yox idi. Üstəlik, bir ayağını da çəkirdi. Ağırxasiyyətli Mileva həm də qısqanc və depressiyaya meyilli idi. Albertdən də üç yaş böyükdü. Milliyyətcə serb olan bu qadın fizika və riyaziyyata böyük maraq göstərirdi. Eynşteyn Milevayla 1898-ci ildə tanış olmuşdu. Heç kim onları bir-birinə yaraşdırmır: oğlan uşaqlıq illərinin əksinə olaraq indi hədsiz dərəcədə ünsiyyətcil, qız isə qapalı və utancaqdır.

Dini mənşəyinə görə xristianlığın pravoslav qoluna mənsub olan Mileva qatı yəhudi Paulinanın kabusuna çevrilmişdi. Qız gözəl, zərif olsa yenə dərd yarı idi. Üstəlik, tez-tələsik toy eləmək istəyir! Cibində siçanlar oynayan, vətəndaşlığı belə olmayan oğlan serb qaçqını ilə evlənə bilərdimi?

Paulina oğlunun Mariya Vintelerdən ayrılmasına təəssüf eləyirdi. Digər tərəfdən, Albert öz başını dolandıra bilmədiyi halda necə ailə qurmaq istəyir?

Paulina oğlunun Mileva ilə nikahının əleyhinə olduğunu gizlətmirdi. O, Alberti bu niyyətindən çəkindirməyə çalışırdı. Hətta oğlu ilə münasibətini kəsəcəyini bildirirdi. Ancaq bütün bu məzəmmətlər, təhdidlər işə yaramadı. Eynşteyn yalnız ikinci evliliyində anasının arzuladığı kimi mehriban, təmkinli, zərif və ən başlıcası, yəhudi ənənələri ilə böyümüş qadınla ailə quracaqdı. Həm də bu qadın onun qan qohumu, öz əmisi qızı olacaqdı!

Hələliksə Albertlə Mileva, nəyin bahasına olursa olsun, bir yerdə yaşamaq istəyirlər. Albert atasının köməyinə ümid bağlayır və yanılmır. German onun xoşbəxtliyinə qarşı çıxmır. Lakin 1902-ci ildə ata ürək tutmasından vəfat edir. 1903-cü il yanvar ayının 6-da isə Albertlə Mileva ailə qururlar.

Son aylar Albert məktəbdə sanki özünü idarə eləyə bilmir. Onu Münhen gimnaziyasını atmağa məcbur edən şeytan yenə içinə girib. Müəllimlərlə yola getmir, onlara rişxənd eləyir. Nəticədə müdiriyyətin qəzəbinə tuş gəlir. Professor Minkovski ilə əlaqəni müvəqqəti olaraq kəsir, Veberlə arası dəyir. Bununla belə, Eynşteyn 1900-cü ildə məzun olur və diplom alır. Ancaq Albert yeganə tələbə idi ki, ona məktəbdə qalıb müəllim işləmək təklif olunmur. Professorlardan heç kim Eynşteyni öz assistenti olaraq görmək istəmir. Veber aralarında olan xətir-hörmətə baxmayaraq ona kömək etmir. Beləliklə, Eynşteyni bu nüfuzlu məktəbin qapısından boşluğa itələyirlər.

1900-cü il: Eynşteyn – cibində qara qəpiyi belə olmayan işsizdir. Düz bir əsr sonra 1999-cu ildə isə «Taym» jurnalı onu «Əsrin adamı» elan edəcək.

Lakin hələ ki əsrin ilk günləri yaşanmaqdadır. Gələcəyin alimi çətinliklə də olsa, Şafhauzen adlı qəsəbədə repetitorluğa başlayır. Milevadan ayrılıb həmin qəsəbəyə yollanır. Orada gənc bir ingilisə riyaziyyatdan dərs deməlidir. Ancaq bir neçə aydan sonra qovulur: Alberti işə götürən şəxs onun davranışını «biabırçı», pedaqoji metodlarını isə «yarıtmaz» hesab edir.

Mileva hamilədir. O, pulları olmadığından yaşamaq üçün valideynlərinin yanına – Serbiyaya qayıdır. Eynşteynin həyatının ən müəmmalı dövrü də elə bu zamana təsadüf edir…

Çox keçmədən Mileva ilə Albertin qızları dünyaya gəlir. Adını Lizerl qoyurlar. Məktublardan hər iki valideynin sevinc hissi keçirdiyini duymaq mümkündür. Lakin Albert yeni doğulan övladını görmək, onu qucağına almaq üçün gənc ananın yanına getmir. Niyə? Eynşteyn maddi problemlərin ağırlığı altında əzildiyi bir vaxtda atalıq yükünü öz çiyninə götürməkdən qorxurdu, yoxsa başqa bir səbəb vardı? Bu sualın cavabı indiyə kimi tapılmayıb.

Albertin qızının sonrakı taleyi də naməlumdur. Körpənin uşaq evinə verildiyini deyənlər də var, iki yaşında ikən skarlatindən22 öldüyünü söyləyənlər də. Bəziləri isə onun atasından sonra həyatdan köçdüyünü iddia edirlər. Sonralar dünyaya gələn digər iki uşağını ürəkdən sevən Eynşteynin ilk övladına qarşı niyə belə laqeydlik göstərdiyini bilən yoxdur. İstənilən halda «Lizerl məsələsi» böyük alimin parlaq bioqrafiyasına kölgə salır.

Müasir dövrümüzdə az qala bütün arxivlər açılandan sonra da Albertin ilk övladı ilə bağlı müəmmalara aydınlıq gətirmək mümkün olmayıb. Lakin bir şey dəqiqdir: insan hətta dahi şəxsiyyət olsa belə, gənc yaşında ağlasığmaz işlərə yol verə bilər!

1901-ci il fevralın 21-də Eynşteynə İsveçrə vətəndaşlığı verilir. Həmin ilin dekabrında isə dostu Qrossmanın köməyi ilə işə girir. Ancaq bu iş heç də onun arzuladığı müəllimlik peşəsi deyildi. Eynşteyn Berndəki patent bürosunda texniki ekspert kimi çalışır. Onun vəzifəsi ixtiralara rəy vermək idi. «Əsrin adamı»nın karyerası bu cür başlayır. Beləliklə, Prussiya Elmlər Akademiyasında, yaxud London Kral Cəmiyyətində işləmək onun üçün xəyal olaraq qalır. Buna baxmayaraq Eynşteyn özünü xoşbəxt hiss eləyir. O, Milevanı Serbiyadan yanına çağırır. 1904-cü ilin mayında isə onların oğlu – Hans Albert dünyaya gəlir.

İyirmi dörd yaşlı Eynşteyn ailəsinin əhatəsindədir, babat maaş alır, elmi işlə məşğul olmağa da kifayət qədər vaxtı var. O, rumıniyalı tələbə-filosof Moris Solovin və Şafhauzendə tanış olduğu alim Konrad Qabixtlə birlikdə «Olimpiya» akademiyasını yaradır. İddialı adı olan bu müəssisədə ən müxtəlif ideyalar coşub-daşır. Onlar gecələr bir yerə yığışıb Platon23 və Puankareni24, Spinoza25 və Maxı oxuyurlar. Tezliklə bu dəstəyə Albertin sadiq dostu Mikele Besso da qoşulur.

Eynşteyn dostları ilə görüşür, qəribə ixtiralarını sınaqdan keçirir, ailəsilə gəzməyə çıxır, Alp dağlarına qalxır, ən başlıcası isə – fikirləşir. Kantın fəlsəfi baxışları, Spinozanın determinizmə26 dair fikirləri onun dünyagörüşünü genişləndirir. Ernst Maxın əsərləri onda dərin izlər buraxır. Max pozitivistlərin27 rəhbəridir. Nyutonun nəzəriyyəsinə ilk hücum çəkən də odur. Max zaman və məkan konsepsiyasına yeni tərif verir.

1903–1904-cü illər Albert üçün intellektual oyanış dövrüdür. Həmin dövrdə o son dərəcə böyük tədqiqat işləri aparır, yeni fizika nəzəriyyəçilərinin tədqiqatları ilə tanış olur. Bu tanışlıq sonradan onun öz işlərinin inkişafına güclü təkan verəcəkdi. Plankın ideyaları onu heyran edir. Bir il sonra birlikdə işləyəcəyi bu adam hələ 1900-cü ildə kvant fizikasının əsasını qoymuşdu. O, eyni zamanda alman elmi jurnalı olan «Fizika salnaməsi»nin rəhbəri idi. Eynşteyn Lorensin28 elmi işlərini təhlil edir, Boltsmanın tənliklərinin yeni həll yollarını tapır. Bütün bunlar kvant mexanikasına yenidən şərh verməsinə köməklik göstərir.

Eynşteyn 1903–1904-cü illərdə bütün diqqətini hərəkətdə olan cisimlərin statistik termodinamikasını və elektrodinamikasını dərk etməyə yönəldir, bir neçə məqalə və elmi əsər çap etdirir.