Читать книгу «Hekayələr» онлайн полностью📖 — Льва Толстого — MyBook.
image

Çalğıçını yanına gətirməklə yaxşı və ya pis hərəkət etdiyi barədə fikirləşməyə vaxtı yox idi. Geyinə-geyinə xəyalında öz gününü bölüşdürdü: kağız-kuğuzunu götürdü, ev işləri barədə lazımi göstərişlər verib tələsik şinel və qaloşlarını geydi. Yemək otağının yanından keçərkən qapıya baxdı. Albert üzünü balışa dirəyib üstüaçıq, çirkli cırıq köynəkdə tumac divanda ölü kimi yatırdı. Onu buraya dünən axşam hissiz halda uzatmışdılar. Bu, Delesova istər-istəməz xoşagəlməz bir hal kimi göründü.

O öz xidmətçisinə dedi:

– Boryuzovskinin yanına get, mənim adımdan onun üçün bir neçə günlüyə skripka al. Oyananda da ona qəhvə ver və alt tuman-köynəyimdən və köhnə paltarlarımdan bir şey ver geysin. Bir sözlə, ona yaxşı qulluq elə.

Delesov axşamdan keçmiş evə qayıtdıqda Alberti görməyib təəccübləndi.

– O haradadır? – deyə öz xidmətçisindən soruşdu.

Xidmətçi dedi:

– Yeməkdən sonra skripkanı da götürüb o saat getdi. Vəd elədi ki, bir saata gələcək, ancaq indiyədək gəlib çıxmayıb.

– Belə! Təəssüf! – Delesov söyləndi. – Zaxar, necə oldu ki, sən onu buraxdın?

Zaxar Peterburq lakeylərindən27 idi, artıq səkkiz il idi ki, Delesovun yanında xidmət edirdi. Delesov tək yaşayan subay kimi istər-istəməz öz fikir və niyyətlərini ona etibar edib danışır və öz tədbirlərinin hər biri barədə onun rəyini öyrənməyi sevərdi.

Zaxar saatının möhürcüyünü əlində hərləyərək dedi:

– Mən onu necə buraxmaya bilərdim? Dmitri İvanoviç, mənə desəydiniz ki, onu evdən buraxma, mən də onu saxlardım. Siz mənə ancaq paltar barədə dediniz.

– Belə! Çox heyif! Bəs o mənsiz burada nə eləyirdi?

Zaxar gülümsündü.

– Elə bil əsl artistdi, Dmitri İvanoviç. Oyanan kimi madera28 istədi. Sonra mətbəx xidmətçisi və qonşu ilə söhbət elədi. Çox məzəli idi. Ancaq yaxşı xasiyyəti var. Mən ona çay verdim, xörək gətirdim, tək yemək istəmədi, hamını dəvət elədi. Hələ skripkada elə çalırdı ki, yəqin, belə musiqiçi az tapılar. Belə adama əl tutmaq lazımdır. "Volqa ilə üzüaşağıya" mahnısını elə çaldı ki, elə bil adam ağlayırdı. Çox yaxşı çalırdı! Hətta bütün mərtəbələrdə adamlar bizə gəlib dəhlizdə qulaq asırdılar.

– Bəs onu geyindirdinmi? – deyə ağa onun sözünü kəsdi.

– Bəs necə! Mən sizin alt köynəyinizi verdim və öz paltomu ona geyindirdim. Belə adama kömək eləmək lazımdır, – Zaxar gülümsündü, – hamısını məndən yerbəyer soruşdu: mənsəbiniz nədir, yuxarı dairələrdə adamınız, tanışlığınız varmı, təhkimli kəndliləriniz nə qədərdir?

– Hə, yaxşı, ancaq onu tapmaq lazımdır və bundan sonra ona içməyə heç nə vermə, bununla ona daha da pislik edərsən.

– Orası elədir, – deyə Zaxar onun sözünü kəsdi, – görünür, bədəncə zəifdir. Bizim ağanın da belə bir xidmətçisi vardı…

Delesov içki düşkünü olan həmin xidmətçinin tarixini çoxdan bildiyindən Zaxara sözünü qurtarmağa imkan vermədi və tapşırdı ki, gecə üçün lazım olan bütün şeyləri hazırlasın və onu Alberti tapıb gətirmək üçün göndərdi.

O, yatağına girdi, şamı söndürdü, ancaq xeyli müddət yata bilmədi, elə hey Albert barədə fikirləşirdi. "Bütün bunlar tanışlarımdan çoxuna qəribə görünə bilər, – Delesov fikirləşirdi, – axı çox nadir hallarda başqaları üçün belə bir iş görürsən və Allaha şükür eləmək lazımdır ki, belə bir imkan düşüb və mən də onu əldən buraxmıram. Ona kömək etmək üçün hər şeyi edəcəm, bacardığım şeyi əsirgəməyəcəm. Bəlkə, o heç də dəli deyil, adicə içəndir? Bu mənə heç də baha başa gəlməyəcək: bir nəfər olan yerdə ikincinin də qarnı doyacaq. Əvvəlcə qoy yanımda yaşasın, sonra isə bir yerə, ya da konsertə düzəldərik, təki onu bu bataqlıqdan çəkib çıxardaq, sonrasına baxarıq".

Belə bir mülahizədən sonra onu xoş özündənrazılıq hissi bürüdü.

"Həqiqətən, mən pis adam deyiləm, hətta qətiyyən pis adam deyiləm, – o fikirləşirdi, – hətta çox yaxşı adamam, özümü başqaları ilə müqayisə edəndə…"

Dəhlizdə açılan qapının cırıltısı və addım səsləri eşidiləndə o artıq yuxuya gedirdi.

"Hə, mən onunla ciddi danışmalıyam, – fikirləşdi, – belə yaxşıdır və mən bunu etməliyəm".

O, zəngi çaldı.

– Hə, gətirdin? – deyə içəri girən Zaxardan soruşdu.

– Yazıq adamdır, Dmitri İvanoviç, – deyə Zaxar mənalı bir tərzdə başını bulayıb gözlərini yumdu.

– Nə olub, sərxoşdur?

– Çox zəifdir.

– Skripka yanındadır?

– Gətirmişəm. Ev sahibəsi verdi.

– Amma indi onu mənim yanıma buraxma, apar yatırt və sabah evdən qəti buraxma.

Lakin Zaxar çıxmağa macal tapmamışdı ki, Albert otağa daxil oldu.

V

– Siz yatmaq istəyirdiniz? – Albert gülümsəyərək dedi. – Mən orada Anna İvanovnanın yanındaydım. Axşamı xoş keçirdik: musiqi çalmışıq, gülmüşük, yaxşı cəmiyyət idi. – Sonra stolun üstündəki su qrafinini götürüb əlavə etdi: – Mənə icazə verin bir stəkan nə isə içim, ancaq su olmasın.

Albert elə dünənki kimi idi: gözlərinin və dodaqlarının həmin gözəl təbəssümü, həmin parlaq, ilhamlı alın və zəif bədən üzvləri. Zaxarın paltosu lap əyninə idi və köynəyinin təmiz, uzun, nişastalanmamış yaxası nazik, ağ boynunun dövrəsində gözəl bir şəkildə qatlanaraq ona məsumanə bir uşaq ifadəsi verirdi. O, Delesovun yatağında oturaraq dinməzcə, fərəh və minnətdarlıqla ona gülümsəyirdi. Delesov Albertin gözlərinə baxdı və birdən-birə özünü yenə onun təbəssümünün tabeliyində hiss etdi. O daha yatmaq istəmirdi, Albertə qarşı ciddi olmaq barədəki vəzifəsini də unutdu, indi əksinə, keflənmək, musiqi dinləmək və lap sübhədək oturub Albertlə dostcasına laqqırtı vurmaq istəyirdi. Delesov Zaxara tapşırdı ki, bir butulka şərab, papiros və skripka gətirsin.

Albert dedi:

– Bax bu əla oldu! Hələ ertədir, çalacağıq, nə qədər istəsəniz, sizin üçün musiqi səsləndirəcəm.

Zaxar nəzərəçarpan bir məmnuniyyətlə bir butulka şərab, iki stəkan, Albertin çəkdiyi zəif papiros və skripkanı gətirdi. Ağanın ona tapşırdığı kimi gedib yatmaq əvəzinə, qonşu otaqda oturub siqar çəkməyə başladı.

Delesov skripkanı əlinə almaq istəyən çalğıçıya dedi:

– Yaxşısı budur ki, söhbət eləyək.

Albert itaətkarlıqla yataqda oturub fərəhlə gülümsədi.

– Eh, yaxşı yadıma düşdü, – deyə birdən əlini alnına vuraraq qayğılı bir ifadə aldı. (Onun sifətinin ifadəsi həmişə nə demək istədiyini qabaqcadan bildirirdi.) – İcazə verin bir şey soruşum… – O, bir qədər dayandı. – Dünən axşam sizinlə orada olan cənab… siz onu N adlandırırdınız, məşhur N-in oğlu deyil?

– Doğma oğludur, – deyə Delesov bunun Alberti nə üçün maraqlandırmasının fərqinə varmadan cavab verdi.

– Odur da, – Albert razılıqla gülümsədi, – mən o saat onun ədalarında nə isə kübarcasına bir şey sezdim. Mən kübarları sevirəm: kübarlarda nə isə gözəl, incə bir şey nəzərə çarpır. Gözəl rəqs edən zabit vardı ha, – dedi, – o da xoşuma gəldi, yaman əhvallı və alicənab adamdır. Deyəsən, o, N-in adyutantıdır29?

– Hansını deyirsiniz? – Delesov soruşdu.

– Rəqs elədiyimiz zaman mənimlə toqquşanı. Görünürdü ki, yaxşı adamdır.

– Yox, o, boş adamdır. – Delesov cavab verdi.

– Yox, yox! – Albert hərarətlə havadar çıxdı, – onda nə isə xoş bir şey var. O həm də yaxşı çalğıçıdır, – deyə Albert əlavə etdi, – orada o, hansı operadansa bir hissə çaldı. Çoxdandır ki, heç kəs belə xoşuma gəlməyib.

– Bəli, o, yaxşı çalır, ancaq mən onun çalmasını xoşlamıram, – deyə Delesov müsahibini musiqi barədə söhbətə gətirib çıxarmaq istədi. – O, klassik musiqini başa düşmür. Axı Donizetti və Bellini musiqi deyil. Siz də, yəqin, bu fikirdəsiniz.

– Yox, yox, məni bağışlayın, – Albert xəfif bir havadarlıq ifadəsi ilə dilləndi, – köhnə musiqi də musiqidir. Təzə musiqidə isə qeyri-adi bir gözəllik var; məsələn: “Somnambul”?30 “Luçiya”nın31 finalı? Şopen? Robert? Mən tez-tez fikirləşirəm ki, – o, görünür, fikrini toplamaq üçün dayandı, – əgər Bethoven sağ olsaydı, o, “Somnambul”u dinləyərkən ağlayardı. Hər yerdə gözəllik var. Mən “Somnambul”u birinci dəfə Viardo32 və Rubini33 burada olduqları zaman eşitmişəm. Bu, bilirsiniz nə idi, elə bil, – onun gözləri parıldadı və iki əlinin işarəsi ilə göstərdi ki, guya sinəsindən nə isə çıxarır. – Bir az da davam etsəydi, ona daha dözmək olmazdı.

– Bəs indi, opera barədə nə fikirdəsiniz? – deyə Delesov soruşdu.

– Bozio34 yaxşıdır, çox yaxşıdır, – cavab verdi, – son dərəcə gözəldir, ancaq buraya təsir eləmir, – çuxura düşmüş sinəsini göstərərək dedi. – Müğənni üçün ehtiras lazımdır, ancaq onda yoxdur. O sevindirir, lakin əzab vermir.

– Bəs Lablaş?35

– Mən onu hələ Parisdə, "Sevilya bərbəri"ndə36 dinləmişəm. Onda o tək idi, misli-bərabəri yox idi, indi isə qocalıb. O daha artist ola bilməz, qocalıb.

– Nə olsun ki qocadır, ansamblda, hər halda, yaxşıdır, – Delesov Lablaş barədə həmişə dediyini təkrar etdi.

– Necə yəni nə olsun? – Albert ciddi etiraz elədi. – Sənətkar qoca olmamalıdır. Sənətə çox şey lazımdır. Başlıcası isə atəşdir! – gözləri işıldadı, hər iki əlini yuxarı qaldırdı.

Doğrudan da, onun bütün görkəmində qorxunc, daxili bir od şölələnirdi. Birdən o dedi:

– Oh, pərvərdigara! Siz Petrovu, rəssam Petrovu tanımırsınız ki?

– Xeyr, tanımıram, – deyə Delesov gülümsəyərək cavab verdi.

– Çox istərdim ki, onunla tanış olasınız. Onunla söhbətdən həzz alarsınız. O da sənəti çox yaxşı başa düşür. Biz onunla qabaqlar Anna İvanovnagildə tez-tez görüşürdük. Lakin indi Anna İvanovna nəyin üstündəsə ona hirslənib. Mənsə çox istərdim ki, siz onunla tanış olasınız. O, böyük, çox böyük istedaddır.

– O, şəkil çəkir? – Delesov soruşdu.

– Bilmirəm. Deyəsən, yox. O, akademiyanın rəssamı idi. Nə gözəl fikirləri var! Bəzən o danışanda heyrət edirsən. Oh, Petrov böyük istedaddır, ancaq çox kefcil bir həyat sürür. Heyif, – deyə Albert gülümsəyərək əlavə etdi. Bunun dalınca o, yataqdan qalxıb skripkanı götürdü və sazlamağa başladı.

– Siz çoxdan operada olmamısınız? – Delesov ondan soruşdu.

Albert ətrafına göz gəzdirib dərindən nəfəs aldı.

– Eh, daha bacarmıram, – deyib əlləri ilə başını tutdu. O, təzədən Delesovun yanında oturdu. – Sizə deyim ki, – o, demək olar, pıçıltı ilə söylədi, – mən oraya gedə bilmirəm, orada çala bilmirəm, heç nəyim yoxdur, heç nəyim. Paltarım yox, mənzilim yox, skripkam yox. Rəzil həyatdır! Rəzil həyatdır! – o, bir neçə dəfə təkrar etdi. – Nə üçün də oraya gedim? Nəyə lazımdır? Lazım deyil! – deyib gülümsədi. – Ah, "Don Juan!"37 – və başına vurdu.

Delesov dedi:

– Bir vaxt tapıb birlikdə gedərik.

Albert cavab vermədən yerindən sıçrayıb qalxdı, skripkanı götürdü və "Don Juan"ın birinci pərdəsinin finalını çalmağa başladı və öz sözləri ilə operanın məzmununu danışdı.

O, ölən komandorun səsini çalarkən Delesovun başında tükləri biz-biz durdu.

– Yox, bu gün çala bilmərəm, – deyib skripkanı yerə qoydu, – çox içmişəm.

Bunun dalınca o, stola yaxınlaşdı, stəkanı ağzınadək şərabla doldurub birnəfəsə içdi və yenə də çarpayıda Delesovun yanında əyləşdi.

Delesov gözlərini çəkmədən Albertə baxırdı. Albert ara-sıra gülümsəyirdi, Delesov da gülümsəyirdi. Hər ikisi susmuşdu. Lakin baxışları və təbəssümləri ilə onların arasında daha yaxın məhəbbət əlaqələri yaranırdı. Delesov hiss edirdi ki, bu adamı getdikcə daha çox sevir və bundan anlaşılmaz bir sevinc duyur.

– Siz heç sevmisiniz? – deyə birdən-birə soruşdu.

Albert bir neçə saniyə fikrə getdi, sonra sifəti kədərli bir təbəssümlə işıqlandı. O, Delesov tərəfə əyilib diqqətlə gözlərinin içinə baxdı.

– Bunu məndən niyə soruşdunuz? – pıçıltı ilə dedi. – Ancaq sizə hamısını danışacam, siz xoşuma gəlirsiniz. – Bir qədər ətrafına göz gəzdirib sözünə davam etdi: – Mən sizi aldatmayacam, hamısını, başdan-ayağa necə olubsa danışacam. – O dayandı və gözləri qəribə, vəhşi bir ifadə aldı. – Siz bilirsiniz ki, mən ağıldankəməm, – birdən-birə dedi. – Bəli, bəli, – o, sözünə davam etdi. – Anna İvanovna, yəqin ki, sizə danışıb. O, hamıya deyir ki, mən dəliyəm. Bu, düz deyil. Zarafatla belə deyir, o, xeyirxah bir qadındır. Ancaq mən bir müddət, doğrudan da, tam sağlam deyildim.

Albert yenə susdu və geniş açılmış gözləri ilə qaranlıq qapıya baxdı.

– Siz soruşdunuz ki, mən sevmişəm, ya yox? Bəli, mən sevmişəm, – deyə qaşlarını qaldıraraq pıçıldadı. – Bu çoxdan olub, onda hələ teatrda işləyirdim. Mən operada ikinci skripkanı çalmağa gedirdim, o qadın isə sol tərəfdə literli benuara38 gəlirdi.

Albert qalxıb Delesovun qulağına tərəf əyildi.

– Yox, adını niyə deyim, – dedi. – Siz, yəqin ki, onu tanıyırsınız, hamı onu tanıyır. Mən susaraq ancaq ona baxırdım. Bilirdim ki, mən yoxsul bir artist, o isə kübar xanımdır. Bunu çox yaxşı başa düşürdüm. Mən ona ancaq baxır və heç bir şey fikirləşmirdim.

Albert fikrə gedib nəyi isə xatırlamaq istədi.

– Bu necə olub, yadımda deyil: məni bir dəfə onun evinə skripka ilə müşayiət etməyə çağırdılar. Mən nə idim, yoxsul bir artist! – deyib başını buladı və gülümsədi. – Yox, mən danışmağı bacarmıram, bacarmıram… – başını tutaraq əlavə etdi. – Mən necə xoşbəxt idim!

– Bəs siz tez-tez onun yanında olurdunuz? – deyə Delesov soruşdu.

– Bir dəfə, ancaq bir dəfə… ancaq mən özüm günahkardım. Ağlım başımdan çıxdı. Mən yoxsul artist, o isə kübar xanım. Mən ona heç bir şey deməməli idim. Ancaq ağlım başımdan çıxdı və səfehlik elədim. O vaxtdan məndən ötrü hər şey bitib. Petrov mənə düz deyirdi: onu ancaq teatrda görmək yaxşı idi…

– Siz nə eləmişdiniz axı? – Delesov soruşdu.

– Ah, dayanın, dayanın, burasını danışa bilmirəm.

Əlləri ilə üzünü örtərək bir müddət susdu.

– Mən orkestrə gec gəldim. O axşam Petrovla birlikdə içmişdik və əhvalım pozulmuşdu. O öz lojasında oturub generalla söhbət edirdi. O generalın kim olduğunu bilmirəm. O lap kənarda əyləşib əlini rampanın39 üstünə qoymuşdu. Əynində ağ paltar, boynunda mirvari vardı. Saçları da gözəl formada idi. O, generalla danışır və mənə baxırdı. Hiss eləyirdim ki, o mənim barəmdə danışır. Mən çalmırdım, dayanıb eləcə ona baxırdım. Elə bu an mənimlə qəribə bir şey baş verdi. Bir də gördüm ki, orkestrdə deyil, lojadayam və onunla birlikdə durub onun qolundan, bax bu yerindən tutmuşam. Bu nədir? – Albert susub soruşdu.

– Bu, xəyalın canlanmasıdır, – Delesov dedi.

– Yox, yox… mən danışa bilmirəm, – deyə Albert üz-gözünü büzüşdürüb cavab verdi. – Mən elə o zaman da yoxsuldum, mənzilim yoxdu və teatra getdiyim zaman bəzən elə orada gecələyirdim.

– Necə? Teatrda? Boş, qaranlıq zalda?

– Ah! Mən bu boş şeylərdən qorxmuram. Ah, dayanın. Hamı gedəndən sonra mən onun oturduğu benuara qalxır, orada oturur və yatırdım. Bu mənim yeganə fərəhim idi. Bilsəniz orada necə gecələr keçirmişəm. Ancaq bir dəfə yenə tutmam tutdu. Gecə gözümə çox şey göründü, lakin sizə çox danışa bilmirəm. – Albert gözlərini aşağı dikib Delesova baxdı. – Bu nə deməkdir? – soruşdu.

– Qəribədir! – Delesov dedi.

– Yox, dayanın, dayanın! – O, Delesovun qulağına pıçıldayıb sözünə davam etdi. – Mən onun əlini öpürdüm, orada yanındaca ağlayırdım, onunla xeyli danışırdım. Mən onun ətrini duyurdum, səsini eşidirdim. Bir gecənin ərzində o mənə çox söz deyirdi. Sonra mən skripkanı götürüb yavaşdan çalmağa başladım. Özü də əla çalırdım. Ancaq məni qorxu bürüdü. Mən bu boş şeylərdən qorxmuram və onlara inanmıram. Lakin mən öz başım üçün qorxuya düşdüm, – deyib əlini alnına toxundurdu və mehribancasına gülümsədi, – yoxsul ağlım üçün qorxuya düşdüm: mənə elə gəldi ki, başıma nə isə olub. Bəlkə, bu da bir şey deyil? Necə bilirsiniz?

Hər ikisi bir neçə dəqiqə susdu.

 
Günəşi buludlar örtsə də ancaq,
O, yenə əbədi işıq saçacaq…
 

– Albert sakitcə gülümsəyib oxudu. – Doğru deyilmi? – deyə əlavə etdi:

 
Mən də ömür sürdüm, çox keflər çəkdim…
 

– Ah, qoca Petrov bütün bunları sizə elə izah edərdi ki!

Delesov susaraq dəhşət içərisində müsahibinin həyəcanlı və rəngi qaçmış sifətinə baxırdı.

– Siz “Yuristen-valtse”ri40 bilirsiniz? – deyə Albert birdən çığırdı və cavab gözləmədən yerindən sıçrayıb skripkanı götürdü və şən bir vals çalmağa başladı. Özünü tamamilə unudan və görünür, arxasında bütöv bir orkestrin çaldığını zənn edən Albert gülümsəyir, yırğalanır, ayaqlarını tərpədir və əla çalırdı.

– Eh, kef çəkəcəyik! – qurtarandan sonra skripkanı yellədib dedi.

Bir az sakit oturdu. Sonra dedi:

– Mən gedim. Bəs siz getmirsiniz?

– Hara? – deyə Delesov təəccüblə soruşdu.

– Yenə Anna İvanovnanın yanına gedək, ora şəndir, gurultu, camaat, musiqi…

Delesov əvvəl-əvvəl az qalmışdı ki razılaşsın. Lakin özünə gəlib Alberti dilə tutmağa başladı ki, bu gün getməsin.

– Mən bir dəqiqəliyə…

– Düzünu deyirəm, getməyin.

Albert dərindən nəfəs aldı və skripkanı yerə qoydu.

– Demək, qalırıq?

O, yenə də stola baxdı. Şərab qurtarmışdı. Xeyirli gecə arzulayıb çıxdı.

Delesov zəngi çaldı.

Zaxara dedi:

– Bax ha, cənab Alberti mənim icazəm olmadan heç yerə buraxma!

VI

Ertəsi gün bayram idi. Delesov oyanıb qonaq otağında qəhvə içir və kitab oxuyurdu. Qonşu otaqda Albert hələ heç qımıldanmırdı da.

Zaxar qapını ehtiyatla aralayıb yemək otağına baxdı.

– Dmitri İvanoviç, inanırsınız ki, divanda üstüaçıq yatıb, Allah haqqı, qoymadı ki, üstünə bir şey salım. Elə bil körpə uşaqdır. Doğrudan da, artist ki, artist!

Saat on ikidə qapının dalında nıqqıltı və öskürək səsi eşidildi.

Zaxar yenə yemək otağına getdi. Ağa qonaq otağından Zaxarın mehriban səsini və Albertin zəif, yalvarıcı səsini eşidirdi.

Zaxar yemək otağından çıxanda ondan soruşdu:

– Hə, nə olub?

– Darıxır, Dmitri İvanoviç, yuyunmaq istəmir. Çox dilxordur. Hey içki istəyir.

Delesov öz-özlüyündə dedi: "Yox, əgər başlamışamsa, xarakterimi göstərmək lazımdır". Ona şərab verməməyi tapşırıb yenə kitab oxumağında davam etdi, lakin bununla belə, qeyri-ixtiyari olaraq yemək otağında baş verənlərə qulaq asırdı. Orada heç bir şey tərpənmirdi, ara-sıra sinədən gələn ağır öskürək və tüpürmək səsi eşidilirdi. İki saat keçdi. Delesov geyinib eşiyə çıxmamışdan qabaq mənzil yoldaşına baş çəkməyi qərara aldı. Albert hərəkətsiz halda pəncərənin qabağında oturub başını əllərinin üstünə qoymuşdu. O qanrıldı. Sifəti sapsarı idi, nəinki kədər, bəlkə də, dərin dərdlə qırışmışdı. Salamlaşmaq üçün gülümsəməyə cəhd etdi, ancaq sifəti bundan daha dərdli bir ifadə aldı. Elə bil bu saat ağlamağa hazırdı. Çətinliklə qalxıb baş əydi.

1
...